08:35 07 Sentyabr 2017
1305 dəfə oxunub
Çap versiyası

 

 

I yazıdan fərqlı olaraq bu dəfə “ruhu oxşayan” mənzərələr haqqında təəssrütalarımı deyil, Sabir demişkən “düzü düz, əyrini əyri” müşahidələrimi paylaşmaq istərdim.

Batuma getmək üçün birbaşa Bakı-Batumi avtobusuna deyil, Bakı-Tbilisi avtobusuna “onlayn” qaydada internetdən bilet sifariş verdim. Kiminsə əlavə pul qazanmağına şərait yaratmaq istəmirdim. Çünki bu günlərdə kassalardan bilet almamaqla bizim də dəstək olduğumuz daha aktual olan problemlərdən (məsələn, 5.50 manat olan biletin 8 manata satılması kimi) mənim də xəbərim vardı. Ən azından Gəncəyə gedib-gələrkən bu bilet oyunbazlığının çox şahidi olmuşam. Biz və qayda-qanun sevən bir çox dürüst insan bu mənfi halları aradan qaldırmaq üçün kassadan bilet almağı vətəndaşa təklif edirik. Orada da başqa oyunlar işə düşür. Guya kassada bilet yoxdur. Halbuki həmin vaxt üçün yola düşən avtobusa yaxınlaşsan, 7 və ya 8 manata, özü də qabaq yerlərə bilet tapılacaq.

Uzun sözün qısası, paytaxt və rayonlar daxil olmaqla avtovağzalda çalışanlar – avtobus sürücüsü, rəsmi və ya qeyri-rəsmi olmaqla çoxsaylı dispetçerlər əlbir olub vətəndaşların cibinə girirlər. Kiminsə halal pulunu fırıldaqla əlindən alıb öz ailəsi və uşaqlarının çörəyinə haram qatırlar.

Bütün bu mənfi hallara baxmayaraq, avtobusla beynəlxalq səfərə çıxdığım üçün Bakı Beynəlxalq Avtovağzalına gedənə qədər beynəlxalq marşrut üçün doğrudan da normal avtobusların buraxıldığına və burada narazılıq yaradan halların olmayacağına inanırdım. Amma mühüm xidmət sahələrimizin Avropanın inkişaf etmiş ölkələrinə çatması barədə mənim arzumu qarşısına “beynəlxalq” sözü artırılmış sahələrdən biri, yenə də gözümdə qoydu. Əvvəla, bilet adlığım və yerləri xüsusi seçdiyimin əksinə olaraq bu avtobusda yerlər internetdə qeyd ediləndən daha çox idi, ikincisi bu ölkədaxili marşrutlardan (Məsələn, Bakı-Gəncə marşrutundan zəif olan) heç də fərqlənməyən, giriş qapısının yanında “Dağlaroğlu”

yazılmış avtobusun “Geotrans” şirkətinin Bakı-Tbilisi marşrutuna məxsus olduğuna şübhə yaratdı.

Digər bir məyusluq isə sərnişinlərdən birinin bizi Sahil qəsəbəsindəki binaların yanında düz 20 dəqiqə kimisə gözləməyə məcbur etməsi zamanı yaşandı. Avtobusda olan rus tursit məndən nə baş verdiyi və belə halların tez-tez olub-olmayacağı ilə maraqlanırdı. Məsələnin məğzini tam bilməsəm də, bir də belə bir şey olmayacağına söz verdim. Ona görə ki, bu beynəlxalq marşrutda özümüzü biabır eləmək istəmirdim.

Şübhələrimin yersiz olmadığını Qırmızı Körpü sərhəd-keçid məntəqəsini (Sınıq körpü, gürcü varianti - Tsiteli Khidi) keçdikdən sonra qarşılaşdığımız mənzərə doğrultdu. Qətiyyən, nə gömrük, nə də sərhədçilərimizdən narazılığım var. Gecənin bir vaxtı rahat şəkildə yoxlamadan keçib “Dağlaroğlu” emblemli avtobusa özümüzü yetirib yerimizi tutmuşduq ki, burada peyda olan “dispetçerlər”in hücum çəkib Bakıdan birbaşa gələn sərnişinləri az qala avtobusdan endirib 13 nəfəri yerləşdirmək cəhdləri ilə qarşılaşdıq. Ayaq üstə də olsa, onlardan 6-7 nəfəri bizim avtobusa yerləşdirildi.

Bu insanların haradan çıxdığı Gürcüstan sərhədindən içəriyə doğru irəlilədikdən sonra məlum oldu. Bu da yenə bizim Bakı Beynəlxalq Avtovağzalındakı fırıldaqlardan qaynaqlanırmış. Sən demə, bizim saat 21:00-da yola düşən Bakı-Tbilisi avtobusundan yarım saat əvvəl bir dənə də Bakı-Tbilisi avtobusu (???) yola çıxıb. Halbuki Bakı-Tbilisi avtobusları 21:00 və 23:00-da (cəmi 2 avtobus) yola düşür. Amma bizimlə Tbilisiyə ayaq üstə gedən sərnişinlər məhz onların Bakı-Tbilisi marşrutu ilə yola çıxdıqlarını iddia edirdilər. Onda bəs bizim mindiyimiz “Dağlaroğlu” emblemli avtobus hansı marşrutun avtobusuydu?

Burada məsələnin Azərbaycansayağı qısa izahi var: sərnişinlərin çoxluğunu görən Bakı Beynəlxalq Avtovağzalının müvafiq işçiləri mənim bilet aldiğim normal şəraitli və komfortlu avtobusumuzu biz avtovağzala çatmamış yola salıblar. Əsl biletli sərnişinlərə isə “Dağlaroğlu”nu sırıyıblar ki, buyurun gedin dincəlməyə. Neyləyək, bu da Allahın bir qismətiymiş... Bizdən qabaq gedən avtobus da Qırmızı

Körpü sərhəd-keçid məntəqəsinə çatanda sərhədi keçmək istəyən cəmi 13 nəfər sərnişinlə qalıb. Onları da digər avtobuslara yerləşdirib, geri qayıtmaq istəmişdir.

Sahil qəsəbəsindəki biabırçılığı, sərhədi keçdikdən sonrakı olayı, “gözəlim Azərbaycanın özəllikləri” kimi qəbul edib, Avropanın sistemini mənimsəmiş Gürcüstanda tamamilə fərqli mənzərə ilə qarşılaşacağımızı güman edərək üz tutduq Tiflisə. Avtobusumuz Tiflisin Ortaçala Beynəlxalq Avtovağzalına çatdı. “Ver əlini, Avropa” demək istəyirdim ki, avtovağzalın vəziyyətinin Gəncə avtovağzalından da bərbad durumda olduğunu gördüm.

Düzdür, səhər tezdəndən gəlmişdik. Ancaq Batuma getmək üçün normal avtobus tapmaq istəyimiz baş tutmadı, çünki kassalar ya açıq deyildi, ya da açıq olanlarda adam yox idi. Bu qədər böyük avtovağzalı bir saqqallı azərbaycanlı, bir gürcü olmaqla iki nəfər “makler” idarə edirdi. Hara gedirdin qabağına çıxırdıalr. Hətta azərbaycanlı mənə dedi ki, “kassa mənəm”. Çox gözəl. Əlacsızlıqdan düşdük bu “makler”lərin toruna mindik mikroavtobusa, amma gürcü sürücünü sükanın arxasına oturtmaq üçün maşından düşməklə hədələməkdən başqa çarəm qalmadı.

Tiflisin avtovağzalında gördüyüm bərbad vəziyyətdən sonra Gürüstanın paytaxtını gəzmək fikrimi bir neçə illiyinə ertələdim. Eks-prezident M.Saakaşvilinin Avropaya yönəltdiyi qonşu ölkədə gördüklərim Avropa İttifaqının bayrağını harada gəldi asmaqla Avropa düzəninə malik olmağın, avropalı olmağın mümkünsüzlüyünü anladım. Yəni Gürcüstanin dövlət bayrağı ilə birgə dalğalanan Avropa İttifaqı bayraqları da artıq məni Avropaya üz tutan ölkədə olduğuma inandıra bilməzdi. Yollarda dayandığımız, Batumda olduğumuz zaman girdiyimiz mağaza və kafelərdə də mən nə Avropa standartlarına uyğun xidmət gördüm, nə gülərüz personal, nə də hamının tərfildəiyi ucuzluq. Heyif deyil bizim Kürdəmirin ərazisində yolboyu fəaliyyət göstərən kafe və dükanlarımız. “Avropa, Avropa” deməklə Qafqazın ən qayda-qanun sevməyən millətlərindən olan gürcülərin avropalaşmağını güman etməklə səhv etmişək...

Gürcülər inciməsin, bir qədər antireklamla məşğul oldum və hələ bu yöndə işi davam etdirmək istəyirəm. İddia edildiyinin əksinə olaraq Gürcüstanda çox şey

ucuz deyil. Benzin təbii ki, bizdən çox bahadır. Yəqin buna görə burada şəhərlərarası mikroavtobusların da əksəriyyəti qazla işləyir.

Turistlərin daha çox olduğu Batumda isə tamamilə bahaçılıqdır. Marşrut avtobuslarından tutmuş dəniz gəzintisinə qədər bəzi xidmətlər bizdən ikiqat bahadır. Ümumi götürəndə və bizim gəzməli rayonlarımızla müqayisə edəndə gecələmək üçün ev kirayəsi Batum və ətrafında bir qədər ucuzdur. Tələb təklifi üstələdiyi üçün Batumdakı kiçik bizneslə məşğul olanlar da bir qiymət deyib dururlar. Batumla və Acarıstanla bağlı suvenirlər çox bahadır. Halbuki biz Çindən sifariş verdiyimiz suvenirlərimizi o qədər baha satmırıq.

Batumun məşhur “Arqo” kanatı və Batum Bulvarındakı attraksionların bəzilərinin qiyməti çox bahadır. Bu şəhərdəki marketlərdə də vəziyyət ürəkaçan deyil. Əvvəla malların çeşidi bizimkilərdən çox azdır. Digər tərəfdən, gürcü çaxırından və qəhvədən başqa mən burada ucuz heç nə görmədim. Xırdaçılıq olsa da, deyim ki, hətta Batuma gələndə yolda dayandığımız sovet dövründən qalmış bərbad kafedə bir fincan çayı bizdəkindən 3 dəfə baha qiymətə vermələri gürcülərin bizdəki bəzi işbazlardan insafsız olduqlarına dəlalət edirdi. Batumdakı restoran və kafelərdə (türklərin işlətdikləri istisna olmaqla) nə qonaqpərvərlik, nə operativlik, nə təmizlik, nə də ucuzluq gördük...

Bahaçılıq bir tərəfə, Tiflisə baxanda Batum təmiz şəhərdir. Bu da yəqin ki, bura hər il əhalisinin sayından 3 qat çox turistin gəlməsindən qaynaqlanır. Belə ki, 126 min əhalisi olan Batum şəhərinin əhalisi yay aylarında 400 min nəfərdən çox olur. Əldə edilən gəlirin bir hissəsi şəhərin təmizlənməsinə xərclənir. Təəssüf ki, şəhərin ortasında bir vaxtlar Bakı Dəmiryol Vağzalının ətrafinda mövcud olan və Hacıbala müəllimin ləğv etdiyi bazara oxşar “bazar yeri”nin mövcudluğu da mənfi hallardan biri idi.

Burada avtobuslarda sovet dövründə olduğu kimi, konduktorlar mövcuddur, sərnişinlərə bir-bir yaxınlaşb bilet satan bu şəxslərin hamısı da qadındır. Batumda, ümumiyyətlə, Gürcüstanda müşahidələrimdən belə bir qənaət hasil oldu ki, qaraçılarda olduğu kimi, burada kişilərin işləməklə arası yoxdur, əksər sahələrdə qadınlar daha çox çalışır. Yeri gəlmişkən, Batum şəhərinin gəzməli yerlərində

Azərbaycanca dualar edən çox sayda qaraçıya rast gəldik. Onu da vurğulamalıyam ki, kapitalizm və qonşumuzun üz tutduğu Avropa tənbəl insanları sevmir. Yəni cəmiyyətin ən məhsuldar fərdləri sayılan kişilərin yeyib-içməklə gün keçirməsi o qədər qəbuledilən deyil. Lakin acar qadınlarının da qoçaqlığına söz ola bilməz.

Həmin qoçaq acar qızlarından olan Leyla xanım Abaşidzenin dəstəyi ilə Batumdan Tiflisə geri qayıdanda həm mikroavtobusumuz normal idi, həm də sürücümüz. Amma Batum-Tiflis yolundakı xidmət, Tiflisin dəmiryol vağzalındakı vəziyyət yenə də bizim, yəni qafqazlıların Avropaya çatmağımıza xeyli vaxt lazım gələcəyini göstərdi. Ərazi cəhətdən Gürcüstan tamamilə, biz isə qismən Avropya aid olsaq da, avropalı ola bilmirik. İndiki dövrlərdə məşhur olan bir mahnıda deyildiyi kimi: “Eto Kavkaz”. Son nəticədə biz qafqazlıyıq. Avropa hara, biz hara...


Müəllifin digər yazıları

  1. KƏNGƏRLİ NƏSLİNİN SONUNCU GENERALI
  2. PROFESSORU CASUS KİMİ İTTİHAM ETDİLƏR - Foto
  3. VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
  4. BOYNU BÜKÜK ACARA (III yazı – Siyasi təhlil)
  5. 15 SENTYABR ZƏFƏRİNİN 99-CU İLDÖNÜMÜ
  6. Bir səfərdən üç yazı - AVROPA HARA, BİZ HARA (II yazı-müşahidə)
  7. Bir səfərdən üç yazı - MƏN GEDİRƏM BATUMA (I yazı–təəssürat)
  8. Repressiyanın 80-ci ili - SAĞLIĞINDA BƏRAƏT ALAN YEGANƏ ALİM - (VI yazı)
  9. Repressiyanın 80-ci ili (V yazı) - ÖLÜMÜ SÜRGÜNDƏN ÜSTÜN TUTAN ALİM
  10. SARKİSYAN VƏ DİGƏR MÜHARİBƏ CİNAYƏTKARLARINI HƏRBİ TRİBUNAL GÖZLƏYİR
  11. Müharibə zamanı KİV-də obyektivlik problemləri
  12. Repressiyanın 80-ci ili (IV yazı) - UNUDULMUŞ ŞƏRQŞÜNAS: Zifeld-Sumumyaqi
  13. Reklam mədəniyyətsizliyi - Prezidentin yaratdığı yeni qurumun fəaliyyəti bu problemin qarşısını ala bilər
  14. Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU
  15. SİLAHLI QÜVVƏLƏRİMİZİN 99 YAŞI
  16. AVROPASAYAĞI ƏDALƏT: İraqı və Suriyanı bölənlər Kipri birləşdirmək istəyir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3794 san