13:50 14 Sentyabr 2017
294 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədr müavini Uonq Çu Lu ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş əsnasında iki ölkə arasında qurulmuş dostluq münasibətlərindən və qarşılıqlı səfərlərin intensivləşdirilməsindən məmnunluq ifadə edilib.

U.Ç.Lu müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın sürətli inkişafına, habelə Bakı şəhərinin gözəlliyinə heyran olduğunu, ölkələr arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan U.Ç.Lu təhsil sahəsində uğurlu əməkdaşlığı yada salaraq, özü də daxil olmaqla, minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil almasını xüsusi vurğulayıb.

E.Məmmədyarov ümidvar olduğunu ifadə edib ki, tezliklə Vyetnamın Azərbaycanda səfirliyinin açılması iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verə bilər.

Qeyd olunub ki, əməkdaşlığın bütün sahələrdə inkişafı üçün geniş potensial var və sovet dövründə əsası qoyulmuş münasibətlərin dərinləşdirilməsi hər iki tərəfin maraqlarına xidmət edir.

E.Məmmədyarov ikitərəfli münasibətlərin dərinləşdirilməsi və irəlilədilməsində 2014-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqı Azərbaycana səfərlərinin əhəmiyyətli rolu olduğunu vurğulayıb.

Görüşdə 2019-cu ildə Bakıda keçiriləcək Qoşulmamaq hərəkatının sammiti ilə əlaqədar yüksək səviyyəli Vyetnam nümayəndə heyətinin ölkəmizə səfər etməsi üçün əlavə imkan olduğu qeyd olunub.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğulayıb.

Nazir həmçinin, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional nəqliyyat layihələri barədə danışıb və Vyetnam şirkətlərini bu layihələrin imkanlarından faydalanmağa çağırıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017
24.11.2017 Neft ucuzlaşıb
24.11.2017 Paytaxtda yanğın
23-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0936 san