Prezident İlham Əliyevin çıxışı

18:55 / 10.11.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.

Bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.

Dövlətimizin başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir.

Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.

Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Bu gün Gəncənin həyatında çox gözəl və əlamətdar bir gündür. Biz Gəncə Dövlət Filarmoniyasının açılışını birlikdə qeyd edirik. Bu münasibətlə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox gözəl, əlamətdar hadisədir. Filarmoniya ən yüksək standartlara uyğun tikilib, həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından ən yüksək standartlara cavab verir. Gəncəyə əlavə yaraşıq verəcək bu filarmoniyanın şəhərin mədəniyyət və incəsənət sahələrinə çox böyük töhfəsi olacaq. 

Gəncə qədim mədəniyyət mərkəzidir. Gəncədə bütün dövrlərdə ədəbiyyat, incəsənət, memarlıq sənəti inkişaf etmişdir. Gəncənin bugünkü qədim siması onun zəngin tarixini əks etdirir. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaratmış görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Əlbəttə, Gəncə kimi gözəl, qədim şəhərə çox gözəl filarmoniya binası da lazım idi. Gəncəlilər bir neçə il bundan əvvəl bu təkliflə müraciət etdilər və göstəriş verildi ki, filarmoniya tikilsin. Gəncənin demək olar ki, ən gözəl yerlərindən biri seçildi və çox gözəl memarlıq üslubunda filarmoniya tikildi. Burada iki konsert zalı yaradılıbdır. Böyük konsert zalının oturacaqlarının sayı 1200-dür, yəni, çox böyük konsert zalıdır. Filarmoniyanın ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Onu da qeyd etməliyəm ki, Bakı Filarmoniyası ilə müqayisədə Gəncə Filarmoniyası həm böyükdür, həm daha da əzəmətlidir, möhtəşəmdir, gözəldir. Əlbəttə, belə gözəl binada keçiriləcək tədbirlər, konsertlər, tamaşalar əminəm ki, gəncəlilər üçün çox xoş olacaq.

Gəncə qədim mədəniyyət mərkəzidir və öz qədimliyini saxlamaqla bu gün yeniləşir, gözəlləşir. Mən son illər ərzində Gəncədə dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi Gəncəyə 15-ci səfərimdir. Gəncənin yeniləşməsi ilə bağlı bir çox addımlar atılıbdır. Bu gün həm qədim, həm müasir Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir. Burada infrastrukturla bağlı bir çox layihələr icra edilib. Qazlaşdırma 100 faiz səviyyəsindədir, elektrik enerjisi tam təmin edilir, içməli su layihəsi icra olunur. Bildiyiniz kimi, bu layihə çox böyük vəsait tələb edən layihədir, texniki cəhətdən də o qədər də asan layihə deyil. Bu layihənin icrası üçün əlavə addımlar atılacaq. Əminəm ki, 2019-cu ildə Gəncədə içməli su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər 24 saat təmiz içməli su ilə təmin olunacaqlar.

Yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq. Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq.

İstəyirəm gəncəlilər onu da bilsinlər ki, Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı məsələlərin araşdırılması üçün mənim tərəfimdən göstəriş verilmişdir. Bilirsiniz ki, indi Azərbaycan dünyanın ən müasir qatarlarını alır və bu proses davam etdiriləcək. Birinci sürət qatarları Bakı-Sumqayıt, Bakı-Gəncə qatarları olacaqdır. Dəmir yolunun yenidən qurulması prosesi uğurla gedir. Bakı-Böyük Kəsik dəmir yolu indi də təbii ki, tam istismardadır, ancaq o yolun keyfiyyətinin yaxşılaşdırılması nəticəsində qatarların sürəti təqribən 120 kilometrə bərabər olacaq. Beləliklə, Bakıdan Gəncəyə qatarla çox qısa müddət ərzində və çox komfortlu şəkildə gəlmək mümkün olacaqdır. Bütün bu layihələr ona görə icra edilir və ediləcək ki, biz insanlar üçün daha da yaxşı şərait yaradaq, insanlar daha yaxşı yaşasınlar. İnfrastruktur layihələrinin icrası məhz bu məqsədi güdür. Onların bir çoxu həll olunub, qalan məsələləri də həll edəcəyik.

Əvvəlki illərdə də Gəncədə sosial layihələrlə, sənaye layihələri ilə bağlı bir çox gözəl işlər görülübdür. Bu gün mən bir neçə obyektin açılışında və təqdimatında iştirak edəcəyəm. Onlardan biri Dövlət Aqrar Universitetinin yataqxana binasıdır. Bu, ikinci bina olacaq. Birinci binanı da mən açmışam, o, 520 yerlik binadır. Bu binada da 500-dən çox tələbə yaşayacaq. Şəhərdəki 1 saylı məktəb də əsaslı təmir olunub, mən oraya da baxacağam. Böyük ticarət mərkəzləri - “Gəncə Moll”, “Grand Qafqaz” kompleksi açılır. Bu iki böyük ticarət obyektində minlərlə insan işlə təmin olunacaqdır. Gəncədə yeni parklar salınıb. Onların da təqdimatı bu gün nəzərdə tutulubdur. Biz yeni muzeyin açılışını da edəcəyik. İndi Gəncə muzeylər şəhəridir. Gəncə Azərbaycan xalqına o qədər görkəmli şəxsiyyətlər bəxş edib ki, onların hamısının Gəncədə muzeyləri olmalıdır və bu məsələ də öz həllini tapır.

Yadımdadır, əvvəlki illərdə Gəncədə müalicə-diaqnostika mərkəzinin, şəhər xəstəxanasının, “ASAN xidmət” mərkəzinin, Olimpiya-İdman Kompleksinin, sənaye obyektlərinin açılışları olub. Görülən bütün bu işlər Gəncənin həm sənaye, həm iqtisadi, həm mədəni həyatında çox mühüm rol oynayan amillərdir.

Növbəti illərdə biz bu günə qədər həllini tapmayan, ancaq həllini gözləyən məsələləri də həll edəcəyik, ilk növbədə, əlbəttə, iqtisadi inkişafla bağlı məsələləri. Gəncədə yeni müəssisələrin yaradılması nəzərdə tutulur, iş yerlərinin açılması istiqamətində böyük işlər görülür və iki önəmli obyektin də tikintisi nəzərdə tutulur. Mən bu gün sizə onu da bildirmək istəyirəm və gəncəlilər də bilsinlər ki, Gəncə Dram Teatrının tikintisi ilə bağlı göstəriş verilib. Çox güman ki, gələn ildən başlayaraq teatrın tikintisi davam etdiriləcək, lazımi vəsait ayrılacaq və artıq bu teatrın tikintisinin nə vaxt başa çatacağı gəncəlilərdən asılı olacaq. Müasir böyük idman sarayının tikintisi də nəzərdə tutulur. Hələ 2000-ci illərin əvvəllərində Azərbaycanın ilk Olimpiya İdman mərkəzlərindən biri Gəncədə tikilmişdir. Artıq o vaxtdan təqribən 15 il keçir. Sonra bu Olimpiya İdman Mərkəzi əsaslı təmir olundu. Ancaq Gəncə əhalisinin və idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar idmana böyük maraq göstərirlər. Ona görə yeni müasir idman sarayının tikintisi də nəzərdə tutulur.

Bilirəm ki, gəncəliləri bir məsələ də narahat edir. O da çoxmənzilli binaların təmiri məsələsidir. Şəhərdə 72 belə bina var və bu binaların təmiri də nəzərdə tutulacaqdır.

Beləliklə, bugünkü görüşümüz hesab edirəm ona görə əlamətdardır ki, bu gözəl, möhtəşəm filarmoniyanı biz birlikdə açırıq. Eyni zamanda, Gəncənin gələcək inkişafı ilə, görüləcək işlərlə bağlı sizə və gəncəlilərə bu məlumatı verirəm biləsiniz ki, Gəncə daim diqqət altındadır və şəhərin inkişafı, abadlaşdırılması, gözəlləşdirilməsi məni çox-çox sevindirir. Çünki Gəncə hər bir Azərbaycan vətəndaşı üçün əziz, doğma şəhərdir, bizim qədim mədəniyyət, incəsənət mərkəzimizdir. Son illər Gəncənin abadlaşdırılması istiqamətində çox yaxşı işlər görülür. Mən onu da bildirmək istəyirəm, - 15 səfərimin təcrübəsi müqayisə aparmaq üçün əlbəttə, mənə kifayət qədər imkan verir, - görürəm ki, son illər ərzində Gəncə doğrudan da çox sürətli inkişaf dövrünü yaşayır. Tarixi binalar bərpa olunur, yeni binalar tikilir, xiyabanlar, parklar, yaşıllıqlar salınır. Gəncə şəhərinə giriş indi çox gözəl və möhtəşəmdir, dahi Nizaminin əsərləri göz oxşayır. İndi dünya miqyasında böyüklüyünə görə üçüncü park Gəncədədir. Bu, hamımızı sevindirir. Heydər Əliyev Parkı doğrudan da möhtəşəm bir ictimai istirahət zonasıdır.

Mən bütün bu uğurlar, nailiyyətlər münasibətilə gəncəliləri, şəhər rəhbərliyini təbrik etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Mən bundan sonra da Gəncənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm ki, şəhər daha da gözəlləşsin, daha da abadlaşsın. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm.

X X X

Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Samir CƏFƏROV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, icazə verin, Sizi Gəncə ictimaiyyəti, bütün musiqisevərlər adından salamlayım və Sizə şəhərimizə “Xoş gəlmisiniz” deyim.

Hər bir xalq özünün milli mənəvi xəzinəsi, mədəniyyəti, incəsənəti, musiqisi ilə dünya miqyasında tanınır və bəşər sivilizasiyasına öz töhfələrini verir. Azərbaycanımız öz adını dünya mədəniyyəti tarixində Şərqdə milli teatrın, operanın və baletin əsasını qoyan ilk ölkə kimi yazdırmışdır. Bu gün də Azərbaycanın bir müstəqil ölkə kimi yaşaması, inkişafı və dünya miqyasında şöhrəti dövlətimizin siyasi, iqtisadi qüdrəti ilə yanaşı, xalqımızın mədəniyyəti və incəsənəti ilə sıx bağlıdır. Ulu öndərimiz Heydər Əliyev mədəniyyət və incəsənətin inkişafına daim qayğı ilə yanaşmışdır. Bu gün də Siz Azərbaycan mədəniyyətinin, həmçinin çox zəngin musiqi ənənələrinin yaşadılmasına və inkişafına xüsusi diqqət göstərirsiniz. Son illərdə Azərbaycan Milli Konservatoriyasının yeni inzibati tədris kompleksinin, Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Azərbaycan Dövlət Filarmoniyasının, Yaşıl Teatrın, Dövlət Musiqili Teatrının əsaslı təmiri dediklərimizin bariz nümunəsidir.

Bu gün Sizin iştirakınızla doğma Azərbaycanımızın mədəniyyət və incəsənət tarixinin növbəti səhifəsi yazılır. Uzun illər yararsız vəziyyətdə olan, istifadəsiz qalmış Gəncə Dövlət Filarmoniyasının Sizin Sərəncamınızla yeni inşa edilmiş binası istifadəyə verilir. Bu, Sizin Azərbaycan musiqi mədəniyyətinə verdiyiniz növbəti töhfə və göstərdiyiniz qayğının təzahürüdür. Mən dəqiq bilirəm ki, bu gün gəncəlilərlə yanaşı, bütün Azərbaycan sevinir. Ona görə ki, bu gün Sizin sayənizdə dahi şairimiz Nizami Gəncəvinin yurdu - qədim Gəncə belə bir möhtəşəm mədəniyyət ocağına sahib olur.

Mən dünyanın bir çox səhnələrində çıxış etdiyimə görə deyə bilərəm ki, yeni inşa edilən filarmoniya binası heç də onlardan geri qalmır. Mübaliğəsiz belə deyərəm ki, Gəncə Dövlət Filarmoniyasının yeni binası Milanın La Skala Operası, Sidneyin Opera Teatrı, Nyu-Yorkun Metropoliten Opera Teatrı, Berlinin Konsert Zalı, Vyananın Opera Teatrı, Azərbaycan Dövlət Filarmoniyası kimi mədəniyyət ocağı, musiqi mərkəzi olmaqla yanaşı, möhtəşəm bir memarlıq abidəsidir.

Cənab Prezident, özünəməxsus orijinal üslubda inşa edilmiş belə bir möhtəşəm binanı bizə bəxş etdiyinizə görə Sizə bütün musiqi ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, möhtəşəm memarlıq abidəsi olan bu filarmoniya gələcəkdə dünyanın ən gözəl mədəniyyət ocaqları arasında öz layiqli yerini tutacaqdır. Şübhəsiz ki, bu bina təkcə Gəncənin yox, Azərbaycanın görməli yerlərindən və qürur mənbələrindən biri olacaqdır. Musiqi sənətinin inkişafına, təbliğinə xidmət edəcək bu filarmoniya dünya musiqi mədəniyyətində özünəməxsus yeri olan Azərbaycan musiqisinin daha böyük şöhrət qazanmasına xidmət edəcəkdir.

Ölkəmizin mədəniyyətinin inkişafı və bütün dünyada uğurla təbliği işindəki böyük xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya da dərin təşəkkürümüzü bildiririk. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən, müxtəlif ölkələrdən tanınmış ifaçıları, kollektivləri bir araya gətirən və dünya musiqi xəritəsində Azərbaycanın adını tanıdan “Muğam aləmi”, Qəbələ, Üzeyir Hacıbəyli və digər beynəlxalq musiqi festivalları bu müsabiqələri ənənəyə çevirərək müasir mədəniyyət tariximizə yeni səhifələr yazmışdır. Artıq bizim musiqi mədəniyyətimiz dünya musiqisinin ən nüfuzlu nümunələrindən birinə çevrilmişdir.

Möhtərəm cənab Prezident, mən öz həyatımda qazandığım bütün nailiyyətlərə görə birinci növbədə ulu öndərimiz Heydər Əliyevə minnətdaram. Mənim Ulu Öndərlə görüşüm həyatımın bir dönüş nöqtəsinə çevrildi. Məni Bakı Musiqi Akademiyasında oxutdurdu, sonra Moskvaya - Qalina Vişnevskaya adına Opera Mərkəzinə göndərdi. Təhsilimi aldıqdan sonra Azərbaycan Opera və Balet Teatrında çalışdım. Bu illərdə Azərbaycanı dünyanın hər yerində təmsil etməkdən qürur duymuşam. Fəaliyyətimdə hər an Sizin və hörmətli Mehriban xanımın dəstəyini görmüşəm. Bunlara görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Onu da demək istəyirəm ki, noyabrın 7-də Sizin Sərəncamınızla Heydər Əliyev Mərkəzində Tofiq Quliyevin 100 illik yubiley tədbiri oldu. Çox möhtəşəm bir konsert oldu. Mən nə demək istəyirəm, orada bizim simfonik orkestrin çalğıçıları öz aralarında Sizə dərin təşəkkürlərini bildirdilər. Sizin Sərəncamınızla onlar maaşından əlavə hərəsi 500 manat alacaqlar. Bu, çox böyük diqqətdir. Sizə minnətdarlığımızı bildiririk. Bizim filarmoniyaya yeni geyimlər, yeni alətlər verildi. Buna görə də Sizə minnətdarlığımızı bildiririk. Çalışacağıq ki, biz bu cür festivallarda da öz töhfəmizi verək. Biz həmişə Sizinləyik. Allah Sizi qorusun!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM