Avropa Birliyinin, NATO-nun mənzil qərargahlarının yerləşdiyi Brüsseldə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı beynəlxalq forum bu gündən öz işinə başlayır. Rəsmi Bakının təşkil etdiyi beynəlxalq foruma dünyaca tanınan simalar qatılıb. Tədbirin keçiriləcəyi Martiott hoteli belçikalı jandarmlar tərəfindən qorunur.

Strategiya.az xəbər verir ki, bu mötəbər tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Avropada fəaliyyət göstərən diaspor qurumlarımızın və Belçikadakı səfirliyimizin təmsilçilərinin, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun, onun müavini Ramin Məmmədovun, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovun, həmçinin bir çox nüfuzlu beynəlxalq ekspertlərin və siyasi xadimlərin, keçmiş ölkə prezidentləri, baş nazirlər və parlament sədrlərinin iştirakı gözlənilir.

Bundan başqa, forumda Ukraynanın sabiq prezidenti Viktor Yuşenko, İsrailin keçmiş prezidenti və parlamentin spikeri Dalia Itzik, Moldovanın eks-baş naziri Dumitru Bragiş, Bosniya və Herseqovinanın sabiq baş naziri Hasan Muratoviç, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının üzvü Hannu Takkula, İspaniyanın dövlət vəkili, sabiq deputat, Hüquq və Qanunvericilik Royal Akademiyasının üzvü Jesus Lopez-Medel Bascones, İsrail parlamentinin üzvü, İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Robert İlatov, “Beynəlxalq Vasitəçilik və dialoq üzrə Avropa Forumu”nun (MediatEUr) təsisçisi və baş icraçı direktoru Antje Herrberg, İsrail Dövlətinin fövqəladə və səlahiyyətli səfiri, İsrail Knessetinin 17-ci çağırış deputatı, İsrailin 9-cu kanalında veriliş aparıcısı, siyasi şərhçi, “Aziz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və ilk prezidenti İosif Şaqal, Ukraynanın siyasi xadimi, deputat, Ukrayna-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy, Böyük Lüksemburq Hersoqluğu Parlamentinin sabiq deputatı, Lüksemburqun Hüquqşünaslar mərkəzinin rəhbəri Jacques-Yves Henckes, Azərbaycanın Fəxri Konsulu Otto Hauser, Yunanıstan Parlamentinin üzvü, Yunanıstanın sabiq daxili işlər naziri, sabiq turizm naziri İoannis Kefalogianis, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, Monteneqronun fəxri baş konsulu, Avrasiya İqtisadi Sammitinin təsisçisi, professor Akkan Suver forumda iştirak və çıxış edəcəklər.

O cümlədən, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, habelə dünyanın bir sıra ölkələrində, o cümlədən Rusiya və Gürcüstandakı diaspor təşkilatlarımızın rəhbərləri də Foruma qatılacaqlar.

Forumun açılışında Əli Həsənov giriş nitqi ilə çıxış edəcək. Daha sonra mövzu ətrafında müzakirə və diskussiyalar aparılacaq. Tədbirin ikinci – sonuncu günü isə Avropa Parlamentində Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsi üzvlərinin Avropa Parlamentinin üzvləri, Avropa ölkələrinin parlamentlərinin deputatları, nüfuzlu siyasətçilər və ekspertlərlə görüşləri planlaşdırılır.

Qeyd edək ki, forumu Azərbaycandan 4 media qurumunun rəhbəri – “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət izləyəcək.

Xatırladaq ki, forum çərçivəsində artıq dünən gecədən mərasimə qatılan qonaqların qeyri-rəsmi görüşlərinə start verilib.

AzNews.az bu görüşlərlə bağlı fotoları təqdim edir