Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında hərbi təhlükəsizlik sisteminin yeri və rolu. Hərbi təhlükəsizliyin əsas elementlərinin təyinatı, onların mövcud vəziyyəti

08:00 / 27.10.2018

Vüqar HüseynoV
Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi

Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması – Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi xarakterli real və potensial təhdidlərdən müdafiə sahəsində tədbirlər kompleksinin həyata keçirilməsi və milli maraqların hərbi vasitələrlə qorunması qabiliyyətinin təmin edilməsidir. [1, maddə 19, bənd 19.1.]. Məhz Azərbaycan Respublikası öz hərbi təhlükəsizliyinin təmin edilməsini necə həyata keçirir?
Dövlətlərin hərbi təhlükəsizlik problemlərinin həlli üçün dünya təcrübəsində daha çox aşağıda göstərilmiş yanaşma tətbiq edilir:
- birinci yanaşmanın əsasını döyüş qabiliyyətli, etibarlı müdafiə potensialının (silahlı qüvvələrin) mövcudluğu təşkil edir. Bu yanaşmanın tərəfdarları olan dövlətlərin müdafiə siyasəti öz milli maraqlarına mövcud olan və proqnozlaşdırılan təhdidlərin qarşılanması və aradan qaldırılması üçün yetərli olan hərbi potensialın yaradılmasına və saxlanılmasına yönləndirilir;
- ikinci yanaşmanın tərəfdarları, silahlı mübarizə vasitələrinin bilavasitə tətbiqini ikinci plana çəkərək, müvafiq beynəlxalq hüquqi normaların tələblərinə sözsüz əməl etməklə və başqa dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirməklə öz hərbi təhlükəsizlik problemlərini həll edir. Bu yanaşmaya əsasən, məhz beynəlxalq hüquq və dövlətlərarası qarşılıqlı faydalı əməkdaşlıq sülh və təhlükəsizliyin təminatının qarantıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası bu yanaşmanın tərəfdarıdır. Belə ki, öz müdafiə siyasətinin formalaşmasında və həyata keçirilməsində Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə riayət edir, bütün dövlətlərlə dinc yanaşı yaşamağa səy göstərir, beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq prinsiplərinin bərqərar olunmasına çalışır, təcavüzə məruz qaldığı, habelə beynəlxalq-hüquqi öhdəliklərindən irəli gələn hallar istisna olmaqla, heç bir dövlətə qarşı hərbi əməliyyatlara başlamır, başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir [2, maddə 28].
Hərbi təhlükəsizliyin təmin edilməsinə ikinci yanaşmanın tərəfdarı olaraq, Azərbaycan Respublikasının hərbi-siyasi rəhbərliyi dövlətin müdafiə siyasətini planlaşdırılması və həyata keçirilməsi zamanı müasir hərbi-siyasi vəziyyətin gerçəkliyini diqqət mərkəzində tutur. Belə ki, irimiqyaslı (həm nüvə, həm də adi) hərbi toqquşmaların təhlükəsi tam aradan qalxmasa da, sabitlik və sülh üçün əsas təhlükəni lokal müharibələr və silahlı münaqişələr təşkil edir [2, maddə 42]. Bu, güc təzyiqi və silahlı mübarizə vasitələrinin tətbiqi (və ya tətbiqi ilə hədələnməsi) metodlarının dövlətlərin öz siyasi məqsədlərinə nail olunmasında alət vasitəsi qismində öz aktuallığının saxlanılması deməkdir.
Məhz bu səbəbdən, dövlət rəhbərliyi ölkənin hərbi təhlükəsizliyinin təmin olunmasına hazırki ana uyğun olan vahid münasib yanaşmanı seçmişdir. Bu üçüncü yanaşmanın mahiyyəti qeyri-hərbi xarakterli tədbirlərin (qonşu və digər dövlətlərlə dostluq, tərəfdaşlıq və ya müttəfiqlik münasibətlərinin qurulması, inkişafı və möhkəmləndirilməsi) döyüşə hazır müdafiə potensialının qorunub-saxlanması və inkişaf etdirilməsi ilə uzlaşdırılmasından [2, maddə 26], həmçinin dövlətin milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan hərbi təhlükəsizlik sisteminin inkişafından və təkmilləşdirilməsindən ibarətdir.
Hərbi təhlükəsizlik sistemi – dövlət idarəetmə orqanlarının, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, müdafiə sənayesinin, eləcə də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin olunmasına səlahiyyət verilmiş və müdafiə siyasətinin təşkilində və həyata keçirilməsində iştirak edən digər müəssisə və təşkilatların bir-biri ilə əlaqələndirilmiş fəaliyyəti və məcmusudur.
Təhlükəsizlik sisteminin əsasını Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) təşkil edir [3, maddə 1., müddəa 1.0.1.].
Dövlətin döyüş potensialı lokal miqyasda təcavüzün dəf edilməsini təmin edəcək səviyyədə saxlanılmalı [2, maddə 50.1], silahlı münaqişənin başlandığı (bərpa olunduğu) təqdirdə isə, münaqişənin qısa zamanda və Azərbaycan Respublikası üçün minimal itkilərlə həlli məqsədi ilə hərbi gücün tətbiqini təmin etməlidir [2, maddə 50.3]. Silahlı Qüvvələr, öz növbəsində, etibarlı mühafizəni, müdafiəni və Azərbaycan Respublikasına qarşı hər hansı dövlət tərəfindən hərbi təcavüzün qarşısının alınmasını, habelə qoşunların tam strateji açılmasını və ölkə ərazisinin həm dinc, həm də müharibə dövründə silahlı müdafiəsini təmin etməlidir. Hərbi doktrinanın əsasını təşkil edən zəruri və səmərəli müdafiə yetərliyi prinsipi [2, maddə 7] Azərbaycan Respublikasının həyatı vacib milli maraqlarının müdafiəsinin təmin olunması etibarlılığının səviyyəsi ilə, bu məqsədlər üçün ayrılan maliyyə və maddi resurslarının həcmi arasında tarazlığın saxlanılmasını nəzərdə tutur. Başqa sözlə, hərbi təhlükəsizlik sisteminin saxlanılması ölkə iqtisadiyyatı üçün həddən artıq ağır olmamalıdır.
Bu sahədə öz fəaliyyətini formalaşdıran və həyata keçirən Azərbaycan Respublikasının hərbi-siyasi rəhbərliyi:
- beynəlxalq hüququn norma və prinsiplərinə riayət edir, başqa dövlətlərlə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq prinsiplərini rəhbərlik tutaraq qurur;
- hərbi sahədə etibarlılıq etimadının yayılması üçün kömək göstərir, tərəfdaş dövlətlərlə ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığı davam etdirir;
- silahların məhdudlaşdırılması, ixtisarı və ləğv edilməsi üzrə qüvvədə olan müqavilələrə əməl edir, kütləvi qırğın silahlarının yayılmasının, işlənib hazırlanmasının, istehsalının, toplanmasının, əldə edilməsinin, saxlanılması və ötürülməsinin qarşısının alınmasında iştirak edir;
- beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır, başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir, təcavüzə məruz qaldığı, habelə beynəlxalq-hüquqi öhdəliklərindən irəli gələn hallar istisna olmaqla, heç bir dövlətə qarşı hərbi əməliyyatlara başlamır;
- terrorçuluğun bütün növləri ilə mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.
Hərbi təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyət aşağıda göstərilmiş başlıca prinsiplərə əsaslanır:
- Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etmək şərti ilə, hərbi təhlükəsizlik sisteminin elementlərinə mərkəzləşdirilmiş rəhbərliklə yanaşı onların fəaliyyətinə demokratik nəzarət;
- Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə potensial təhdidlərin qabaqcadan proqnozlaşdırılması, vaxtında aşkarlanması və qiymətləndirilməsi ilə yanaşı tabelikdə olan qüvvə və vasitələrin fasiləsiz, effektiv, uzlaşdırılmış operativ idarə olunması məqsədilə hərbi təhlükəsizlik sisteminin elementləri arasında səlahiyyətlərin dəqiq bölüşdürülməsi;
- Azərbaycan Respublikasının hərbi təhlükəsizliyi sahəsində görüləcək fəaliyyətin vahid dövlət hərbi-iqtisadi siyasəti çərçivəsində planlaşdırılması və həyata keçirilməsi sayəsində, müvafiq dövlət plan və proqramlarının qabaqcadan planlaşdırılması, hərtərəfli təminatı və vaxtında həyata keçirilməsi;
- hərbi təhlükə və təhdidlərə adekvat reaksiyanın göstərilməsi üçün zəruri tədbirlərin vaxtında görülməsi, müdafiə yetərliyi prinsipindən irəli gələrək, müdafiə planlaşdırılması çərçivəsində hərbi təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan qüvvə, vasitə və ehtiyatların ayrılması və səmərəli istifadəsi;
- vaxt, resurs və vasitələr baxımından yerinə yetirilə biləcək tapşırıqların qoyulması, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin döyüşə hazırolma səviyyəsinin real şəraitə uyğun saxlanılması, müasir standartlar əsasında peşəkar kadrların hazırlanması;
- hərbi təhlükəsizliyin təmin olunmasında siyasi, iqtisadi və informasiya vasitələrinə prioritetin verilməsi, silahlı güc vasitələrinin yalnız beynəlxalq hüquq normaları əsasında və qanunlara uyğun olaraq tətbiq edilməsi.
Hərbi təhlükəsizliyin təmin olunması sahəsindəki fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
- müdafiə siyasətinin və hərbi doktrinanın müəyyənləşdirilməsi, hərbi təhlükəsizlik sahəsində prioritet istiqamətlərin təyin edilməsi, hərbi münaqişələrin qarşısının alınması sahəsində siyasi, diplomatik, informasiya və digər qeyri-hərbi tədbirlər kompleksinin həyata keçirilməsi;
- silahlı təcavüzün qarşısının alınması üçün beynəlxalq əməkdaşlığın aparılması;
- dövlətin hərbi təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsi, qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması;
- müdafiə və hərbi quruculuq məsələlərinin hüquqi tənzimlənməsi;
- Silahlı Qüvvələrin strukturunun formalaşdırılması və təkmilləşdirilməsi, zəruri sayda şəxsi heyətlə komplektləşdirilməsi, onların döyüş və səfərbərlik hazırlığının yüksək səviyyədə saxlanılması;
- dövlət sərhədlərinin mühafizəsi və onların qanunsuz dəyişdirilməsinin qarşısının alınması;
- hərbi elmin və hərb məharətinin inkişafı;
- dövlət hərbi-iqtisadi siyasətinin müəyyən edilməsi və həyata keçirilməsi, zəruri iqtisadi və elmi-texniki bazanın yaradılması, normayaratma fəaliyyətinin həyata keçirilməsi, Silahlı Qüvvələrin silah, hərbi texnika və bütün təminat normaları ilə təmin edilməsi;
- ölkə iqtisadiyyatının səfərbər edilməsi üzrə fəaliyyətin təşkili, həmçinin dövlət orqanlarının, iqtisadiyyatın, əhalinin və ölkə ərazisinin müharibə dövrü üçün səfərbərlik hazırlığı;
- müdafiə planlaşdırılmasının təşkil edilməsi, ölkə ərazisinin və əhalinin ərazi və mülki müdafiəyə hazırlanması.
Hərbi təhlükəsizlik sisteminin mövcudluğu hərbi təhlükəsizlik sahəsində mövcud və meydana gələn problemlərin həllinə (problemin yaranması anından, onun yaranmasına səbəb olan amillərin aradan qaldırılmasınadək) sistematik və mərkəzləşdirilmiş yanaşmanı təmin edir.
Hərbi təhlükəsizlik sisteminə aşağıdakı vəzifələr həvalə edilir:
- mümkün təhdidlərin aşkarlanması, proqnozlaşdırılması və analizi, əhəmiyyətli vacib hərbi təhlükəsizlik obyektlərinə olan təhdidlərin aradan qaldırılması üçün meyarların, üsulların, vasitələrin hazırlanması, təhdidlərin aradan qaldırılması;
- hərbi təhlükəsizliyə yönəlmiş təhdidlərin qarşısının alınması və neytrallaşması üzrə operativ və uzunmüddətli tədbirlər kompleksinin həyata keçirilməsi;
- dinc və müharibə dövründə (fövqəladə hallarda) hərbi təhlükəsizliyi təmin edən qüvvə və vasitələrinin yaradılması, təyin edilmiş vəziyyətdə saxlanılması və idarə edilməsi;
- hərbi təhlükəsizlik obyektlərinin dayanıqlı fəaliyyətinin bərpa edilməsi və saxlanılması üzrə tədbirlər kompleksinin həyata keçirilməsi;
- Azərbaycan Respublikasının qanunvericiliyə uyğun sülhün dəstəklənməsi üzrə ölkə xaricində tədbirlərdə iştirak.
Hərbi təhlükəsizlik sisteminə daha dərindən nəzər salaq.
Dövlətin suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi üçün yaradılan qüvvə, vasitə və orqanlar (hərbi təhlükəsizlik sisteminin elementləri) ümumi məqsəd, vəzifə, tapşırıq və onların realizə üsullarına malik olur. Hərbi təhlükəsizlik sistemin elementlərinin fəaliyyəti milli təhlükəsizliyin təmin olunması üzrə ümumi prinsiplər əsasında həyata keçirilir və vahid hüquqi-normativ baza ilə nizamlanır. Dövlət qanunverici və icra orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə ictimaiyyətin və vətəndaşların iştirakı ilə, hərbi təhlükəsizlik sisteminin mexanizmi çərçivəsində dövlətdə hərbi təhlükəsizlik sahəsində konseptual baxışlar və doktrinalı göstərişlər realizə olunur.
İcra funksiyaları ilə yanaşı, hərbi təhlükəsizlik sistemi çərçivəsində milli maraq və məqsədlər dövlətin siyasi kursu ilə uyğunlaşdırılır, hərbi xarakterli təhdidlərin həm siyasi-hərbi, həm də yalnız hərbi metodlarla qabaqlanması və aradan qaldırılması üzrə yeni forma və üsulları hazırlanır və tətbiq olunur. Hərbi təhlükəsizlik sisteminin xarici aspekti Silahlı Qüvvələrin Azərbaycan Respublikasına qarşı yönəlmiş xarici hərbi təcavüzün qarşısını almaq (saxlamaq), daxili aspekti isə ölkənin real iqtisadi imkanlarını nəzərə almaqla hərbi quruculuğu həyata keçirmək qabiliyyətində göstərilir.
Milli təhlükəsizliyin tərkib hissəsi olaraq, hərbi təhlükəsizlik sistemi dövlət və ictimai həyat fəaliyyətinin demək olar ki bütün sahələrini əhatə edir:
- hərbi-siyasi sahə (iki və çoxtərəfli hərbi, hərbi-siyasi və hərbi-iqtisadi əməkdaşlığın genişləndirilməsi və inkişafı, sülhün möhkəmləndirilməsi və saxlanılması üzrə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi üzrə əməliyyatlarda iştirak və s.);
- hərbi-iqtisadi sahə (zəruri müdafiə potensialının yaradılması, vahid dövlət hərbi-iqtisadi siyasətinin aparılması, hərbi quruculuğun iqtisadi cəhətdən və resurslarla təmin olunması məsələləri, hərbi quruculuq tədbirlərinin hərbi təhlükəsizlik tələblər ilə uyğunlaşdırılması, qüvvə və vasitələrin həcminin dövlətin müdafiə qabiliyyətini təmin edən səviyyədə saxlanılması, səfərbərlik resurs və ehtiyatlarının toplanılması, iqtisadiyyatın, ərazinin və əhalinin müdafiəyə hazırlanması və s.);
- hərbi-sosial sahə (dövlətin müdafiəsi məsələləri üzrə dövlət və yerli icra hakimiyyəti orqanlarının, ictimai institutlarının və vətəndaş cəmiyyətinin fəaliyyətinin uzlaşdırılması, gənclərin vətənpərvər və hərbi-vətənpərvər tərbiyəsi, hərbi xidmətin nüfuzunun artırılması, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsi və s.);
- hərbi sahə (hərbi təhlükəsizlik sisteminin inkişafı və təkmilləşdirilməsi, hərbi təhlükə və təhdidlərin qabaqcadan aşkarlanması, qiymətləndirilməsi, qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin planlaşdırılması, hərbi quruculuq tədbirlərinin vaxtında yerinə yetirilməsi, müdafiə planlaşdırılmasının, habelə qoşunların əməliyyat və döyüş hazırlığının planlaşdırılması və həyata keçirilməsi və s.);
- hərbi-texniki sahə (yerli və xarici ixtisaslaşdırılmış tədris müəssisələrində peşəkar və elmi-texniki kadrların hazırlanması, təhsil sisteminin təkmilləşdirilməsi, silahlı mübarizənin assimetrik üsul, metod və vasitələrini tətbiq edən düşmənlə konseptual və effektiv mübarizə metodlarının inkişafı, ölkənin müdafiəsinin təmin olunması sahəsində əsaslı elmi tədqiqatların aparılması, müasir tətbiqi və baza hərbi texnologiyalarının inkişafı, silah və hərbi texnika nümunələrinin yaradılması, modernləşdirilməsi və utilizasiyası, effektiv informasiya qarşıdurma sisteminin yaradılması, Silahlı Qüvvələrin informasiya təhlükəsizliyi səviyyəsinin artırılması, onların fəaliyyətinin informasiya təminatı vasitələrinin təkmilləşdirilməsi və s.);
- hərbi-texnoloji sahə (baza hərbi texnologiyalarının inkişafı üçün elmi-texniki və istehsal-texnoloji bazasının modernləşdirilməsi, müasir telekommunikasiya vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi sayəsində qoşunların idarə olunması sisteminin təkmilləşdirilməsi, hərbi idarəetmə orqanlarının idarəetmə məntəqələri şəbəkəsinin optimallaşdırılması, müasir nəzarət, idarə və rabitə vasitələrinin tətbiqi və geniş yayılması, müdafiə təyinatlı məmulatların istismarının tam həyat dövrünün yaradılması və s.);
- hərbi quruculuğun normativ-hüquqi təminatı (inkişaf planlarının qabaqcadan hazırlanması, Silahlı Qüvvələrin qarşısında duran vəzifələrin planlaşdırılması və dəqiqləşdirilməsi, hərbi quruculuğun normativ-hüquqi bazasının təkmilləşdirilməsi və inkişafı və s.).
Hərbi təhlükəsizliyin təmin edilməsinə sistemli yanaşma dövlət ərazisinin inzibati-ərazi bölünməsi prinsipinə uyğun olaraq yerləşdirilmiş qüvvə və vasitələrinin mərkəzləşdirilmiş qaydada idarə olunması, qüvvədə olan qanunvericiliyin müvafiq normativ-hüquqi müddəaların tələblərinə ciddi şəkildə riayət edilməsi, həmçinin dövlət hakimiyyəti və yerli icra hakimiyyəti orqanları arasında müdafiə məsələləri üzrə vəzifələrinin bölünməsi ilə əldə edilir. Hərbi təhlükəsizlik sisteminin əsasını Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin qüvvə və vasitələri, habelə siyasi, iqtisadi, sosial, hüquqi, idarə və başqa xarakterli səlahiyyətləri verilmiş, fəaliyyəti hərbi sahədə təhdidlərin neytrallaşdırılmasına və dövlətin hərbi təhlükəsizliyinin təminatına yönləndirilmiş digər nazirlik və müəssisələr təşkil edir.
Qeyd edildiyi kimi, hərbi təhlükəsizlik tədbirlər kompleksinin həyata keçirilməsi ilə əldə edilir. Bugünkü gündə, inkişaf etmiş dövlətlərin əksəriyyətində yalnız hərbi xarakterli vasitələrin tətbiqi ilə əlaqəli olan fəaliyyətə (hərbi təhlükəsizliyin hərbi komponenti) heç də prioritet verilmir. Dövlətlərin hərbi təhlükəsizliyinin səviyyəsi və etibarlılığı dövlətdə aparılan xarici və daxili siyasət, dövlətin demokratik inkişaf dərəcəsi, iqtisadi, informasiya, hərbi və texnoloji bazanın inkişaf səviyyəsi, beynəlxalq əməkdaşlıq sistemi ilə və s. şərtlənir və onlardan bilavasitə asılıdır.
Hərbi təhlükəsizlik sisteminin idarə komponenti sistemin başlıca struktur elementi olaraq, Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarından, yerli özünüidarəetmə orqanlarından (Naxçıvan Muxtar Respublikası) və hərbi idarəetmə orqanlarından ibarətdir [4].
İdarə komponenti ilə yanaşı, güc komponenti hərbi təhlükəsizlik sisteminin əhəmiyyətçə ikinci elementidir və özündə Azərbaycan Ordusunu və dövlətin hərb i təhlükəsizliyinin təmin edilməsi üzrə səlahiyyətlər verilmiş digər silahlı birləşmələri birləşdirir.
Hərbi təhlükəsizliyin hərtərəfli təminatı komponenti (iqtisadi, maddi-texniki, maliyyə, hüquqi və s.) özündə dövlətin sənaye və elmi komplekslərinin bir hissəsini, müdafiə infrastrukturunu, normativ-hüquqi, maliyyə-iqtisadi və xarici siyasi təminat sistemlərini əhatə edir.
Hərbi təhlükəsizliyin təminatında əsas xarici siyasi istiqamətlər aşağıdakılardır:
- ərazi bütövlüyünün bərpa olunması, Azərbaycan Respublikasına qarşı təcavüzün və ərazisinin işğalının nəticələrinin aradan qaldırılması;
- Avropa və Avro-Atlantik siyasi, iqtisadi, təhlükəsizlik və digər strukturlarla əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi;
- beynəlxalq təhlükəsizliyə töhfə, beynəlxalq sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş birgə tədbirlərdə iştirak, hərbi-siyasi vəziyyətini pisləşdirə və hərbi təhlükə səviyyəsini artıra bilən dövlətlərarası ziddiyyətlərin aradan qaldırılması məqsədilə digər dövlətlərlə dostluq münasibətlərinin qurulması və möhkəmləndirilməsi;
- dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi.
Hərbi təhlükəsizliyin təminatında əsas daxili siyasi istiqamətlərə aşağıda göstərilmiş fəaliyyətlər aiddir:
- demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, dövlətin iqtisadi və sosial inkişafı, daxili və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunması, effektiv informasiya təhlükəsizliyi siyasətinin aparılması;
- dövlətin müdafiəsi məsələləri üzrə hökumətin qəbul etdiyi qanunverici aktların və qərarların vaxtında yerinə yetirilməsi və hərtərəfli təminatı, habelə ölkə iqtisadiyyatının müharibə dövründə fəaliyyətə hazırlanması, ərazi müdafiəsinə hazırlıq tədbirlərinin həyata keçirilməsi;
- sülhün möhkəmləndirilməsi və sabitləşdirilməsinə kömək edən, təşkil edilmiş formada əhalinin etiraz aksiyalarının keçirilməsini istisna edən sosial və milli siyasətinin praktiki olaraq aparılması.
Hərbi təhlükəsizliyin etibarlı təmin olunmasının vacib şərtlərindən biri də, milli müdafiə sənayesinin inkişafı ilə yanaşı, ölkə iqtisadiyyatı ilə müdafiə arasında optimal nisbətin əldə edilməsidir. Dövlətin sabit iqtisadi inkişafı hərbi quruculuğun planlaşdırılmasını və həyata keçirilməsini, müdafiə qabiliyyətinin səviyyəsini, silahlı qüvvələrin bütün təminat normaları və hərbi texnika ilə hərtərəfli təchiz edilməsi üzrə dövlətin imkanlarını şərtləndirir.
Yuxarıda qeyd olunmuş komponentlərlə yanaşı, əhalinin və silahlı qüvvələrin müharibənin ağırlıqlarına dözmək, qələbənin əldə edilməsi üçün bütün mövcud imkanlarını səfərbər etmək və onlardan maksimum dərəcədə istifadə etmək bacarığına və hazır olmasına xalqın mənəvi və əxlaqi keyfiyyətləri, mülki əhalinin psixoloji hazırlığı və hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti bilavasitə təsir göstərir. Beləliklə, dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi zamanı hərbi təhlükəsizliyin mənəvi-psixoloji komponentinə lazımi diqqət yetirilməlidir.
Dövlətdə hərbi təhlükəsizlik sisteminin olması Azərbaycan Respublikasının milli maraqlarına potensial hərbi təhlükəni (təhdidi) törədən təhlükəsizlik amillərini fasiləsiz proqnozlaşdırmaq və təhlil etmək ehtiyacı ilə şərtlənir. Təbii ki, ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi üzrə bütün fəaliyyət dövlətin hərbi təhlükəsizlik sisteminin fəaliyyətinin hərtərəfli təmin edilməsi imkanından, dövlətdə qanunverici, icraedici və məhkəmə səlahiyyətləri verilmiş dövlət orqanlarının, habelə bütün sistemin fasiləsiz və arası kəsilmədən fəaliyyətini təmin etmək məqsədilə koordinasiya funksiyalarını həyata keçirən vahid mərkəzi orqanın mövcudluğundan asılıdır. Məhz bu funksiyalar, Azərbaycan Respublikasının Prezidentinin 10 aprel 1997-ci il tarixli Fərmanı ilə yaradılmış Təhlükəsizlik Şurasına həvalə edilib. Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqanı olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır.
İstənilən digər sistemlər kimi, hərbi təhlükəsizlik sistemi ayrı-ayrı tərkib hissələrdən ibarətdir. Ayrılıqda götürülmüş hər bir hissə sistemin ayrıca elementini təmsil edir. Nəticə etibarilə, hərbi təhlükəsizlik sisteminin effektiv və arası kəsilməz fəaliyyəti onun elementlərinin qarşılıqlı əlaqəsinin düzgün təşkil edilməsindən asılıdır. Beləliklə, hərbi təhlükəsizlik problemlərinin vaxtında həll edilməsi yalnız hərbi təhlükəsizliyi təmin edən strukturların özlərinin (dövlət hakimiyyəti orqanlarının) mövcudluğundan yox, vahid sistemin çərçivəsində birləşdirilmiş bu strukturlarının arası kəsilməz fəaliyyəti ilə təmin olunur. Milli, o cümlədən hərbi təhlükəsizlik sahəsində dövlət hakimiyyəti orqanlarının fəaliyyəti və səlahiyyətlərin bölüşdürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq müddəaları ilə nizamlanır.
Hərbi təhlükəsizlik sisteminin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyası [5], “Milli təhlükəsizlik haqqında” [1], “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” [6], “Dövlət sirri haqqında” [7], “Fövqəladə vəziyyət haqqında” [8], “Hərbi vəziyyət haqqında” [9], “Müdafiə haqqında” [10], “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” [11], “Mülki müdafiə haqqında” [12] və s. Azərbaycan Respublikası qanunları, digər normativ-hüquqi aktları, habelə respublikanın tərəfdar çıxdığı dünyada sülhün və beynəlxalq təhlükəsizliyin qorunması sahəsində dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq müqavilələr təşkil edir. Mövcud qanunvericiliyə əsasən, dövlətin hərbi təhlükəsizliyinin təminatı sahəsində tapşırıqların yerinə yetirilməsi üzrə bütün fəaliyyətin təşkilinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Müdafiə və hərbi quruculuq məsələlərini qanunvericiliklə nizama salınması Azərbaycan Respublikası Milli Məclisinin müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları təsdiq edir:
- hərbi doktrinanı və hərbi quruculuğun konsepsiyasını;
- büdcədən müdafiə üçün ayrılan məbləği, Silahlı Qüvvələrin ümumi strukturunu və sayını;
- Azərbaycan Respublikasının hərbi sahədə digər dövlətlərlə əməkdaşlığının əsas istiqamətlərini, hərbi məsələlərə dair beynəlxalq və dövlətlərarası müqavilələri;
- Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyətin tətbiq edilməsi və ləğv olunması barədə Azərbaycan Respublikası Prezidentinin fərmanlarını;
- hərbi andın mətnini və ümumqoşun nizamnamələrini;
- silahların və hərbi texnikanın dövlət inkişaf proqramını.
Azərbaycan Respublikasının Milli Məclisi:
- Azərbaycan Respublikası prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verir;
- Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən istifadə haqqında qərar qəbul edir;
- Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin onun təyinatı ilə bağlı olmayan vəzifələrə cəlb edilməsi barədə qərar qəbul edir;
- müdafiə məsələləri üzrə Azərbaycan Respublikası qanunvericiliyinin həyata keçirilməsinə nəzarət edir [10, maddə 4].
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi:
- Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə hərbi doktrinanın layihəsini, silahların və hərbi texnikanın dövlət inkişaf proqramını Silahlı Qüvvələrin ümumi strukturu və sayı haqqında təkliflərini təqdim edir;
- Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
- hərbi quruculuğun konsepsiyasını, Silahlı Qüvvələrin ümumi strukturunu və sayını təsdiq edir;
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını və elmi tədqiqat təşkilatlarını yaradır və ləğv edir;
- Azərbaycan Respublikasının Konstitusiyası və qanunları hüdudlarında müvafiq orqanların müdafiə sahəsində səlahiyyətlərini, təşkilini və fəaliyyət qaydasını müəyyənləşdirir və onların fəaliyyətinə rəhbərlik edir;
- birgə müdafiə və hərbi əməkdaşlıq, kollektiv təhlükəsizlik və tərksilah məsələləri barəsində danışıqlar aparır və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalayır;
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişaf, səfərbərlik, yerləşdirilmə və tətbiq planlarını, iqtisadiyyatın və idarəetmənin səfərbərlik planlarını, Azərbaycan Respublikasının mülki müdafiə planını və ərazi müdafiəsi haqqında Əsasnaməni təsdiq edir;
- Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir; ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
- hərbi vəziyyət haqqında Qanuna müvafiq olaraq hərbi dövrün dövlət idarəçilik orqanlarını yaradır və ləğv edir;
- hərbi əməliyyatlar aparılması barədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə əmr verir;
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin onun təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;
- Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə fərmanlar verir [10, maddə 5].
Təhlükəsizlik Şurası müdafiə sahəsində dövlət siyasətinin formalaşdırılması üçün Prezidentin yanında yaradılan məşvərətçi orqandır. Təhlükəsizlik Şurasına hərbi təhlükəsizlik sistemində koordinasiya funksiyalarının həyata keçirilməsi həvalə edilir və onun səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir. Təhlükəsizlik Şurasının səlahiyyətlərinə həmçinin hərbi-siyasi şəraitin analizi və qiymətləndirilməsi, onun sonrakı inkişafı, meydana gələn hərbi təhlükələrin (təhdidlərin) qarşısının alınması üzrə dövlət rəhbərliyinə məsləhətlərin hazırlanması, hərbi təhlükəsizlik sisteminin elementlərinin saxlanılması və təkmilləşdirilməsi üzrə hərbi təhlükəsizlik sisteminin strukturlarının fəaliyyətinin təşkili daxildir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Silahlı Qüvvələrin vəziyyətinə görə məsuliyyət daşıyır;
- Silahlı Qüvvələrin silah, hərbi texnika, döyüş sursatı və başqa vasitələrlə təchiz olunmasını təşkil edir;
- müdafiə və Silahlı Qüvvələrin ehtiyacları üçün maddi-texniki, ərzaq, geyim və digər ehtiyatların həcmini, həqiqi hərbi xidmətə çağırılmalı olan Azərbaycan Respublikası vətəndaşlarının sayını, hərbi vəzifəlilərin və çağırışçıların uçotunun aparılması və səfərbərlik elan edilərkən hərbi vəzifələrin ölkə iqtisadiyyatının ehtiyacları üçün səfərbərlik üzrə hərbi çağırışına və müharibə dövründən sonrakı çağırışlarına möhlət verilməsi qaydalarını müəyyənləşdirir;
- səfərbərlik ehtiyatlarına maddi sərvətlərin toplanması planını təsdiq edir;
- ölkə iqtisadiyyatının səfərbərlik hazırlığına və səfərbərlik üzrə işə başlamasına, onun hərbi vəziyyət şəraiti rejiminə keçirilməsinə rəhbərlik edir, bu məsələlərə aid müvafiq qərarlar qəbul edir;
- mülki və ərazi müdafiəsinin ümumi planlaşdırılmasını təşkil edir və onun yerinə yetirilməsinə nəzarət edir;
- hərbi komissarlıqların fəaliyyət və maddi-texniki təchizat qaydasını müəyyən edir;
- silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir;
- hərbi qulluqçuların, hərbi qulluqdan ehtiyata və ya istefaya buraxılmış şəxslərin, onların ailələrinin sosial və hüquqi təminatlarına dair qanunvericiliyin icrasını təmin edir [10, maddə 6].
Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan vəzifələr yalnız hərbi təhlükəsizliyə bilavasitə təsir göstərən vəzifələrdir və qeyd olunan qurumların və dövlət orqanlarının müdafiə sahəsində səlahiyyətlərini tam açıqlamır.
Hərbi təhlükəsizlik sisteminin hərbi komponentini təmsil edən Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yaradılan başqa silahlı birləşmələrinə dövlətin hərbi təhlükəsizliyinin təmin olunmasında əsas rol ayrılır. Müharibənin qarşısının alınması üçün təyin olunan digər qeyri-güc metodlarının effektiv olmadığı halda, məhz güc strukturları dövlətin suverenliyinin və ərazi bütövlüyünün silahlı müdafiəsinin əsas qarantıdır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir, Azərbaycan Respublikasının Azərbaycan Ordusuna və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlığına görə tam məsuliyyət daşıyır [10, maddə 7].
Azərbaycan Respublikasının Azərbaycan Ordusu hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. Müharibə şəraitində Azərbaycan Ordusu öz vəzifələrini sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunlarla sıx əlaqədə yerinə yetirirlər [10, maddə 12].
İstehsalat bazasında hərbi sifarişlər yerləşdirilmiş digər nazirliklər və mərkəzi dövlət icra orqanları silahların və hərbi texnikanın yaradılmasının və hazırlanmasının keyfiyyətinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələri və müdafiə ehtiyacları üçün zəruri malların tədarükünə görə və müharibə dövründə müdafiənin təmin olunması üçün tədbirlərin həyata keçirilməsinə görə məsuliyyət daşıyırlar [10, maddə 8].
Nəticə
Dünyada baş verən müasir hərbi-siyasi proseslərinin təhlili hal-hazırda mövcud olan və mənfi təsiri “dondurulmuş” münaqişələrin yenidən bərpa olunmasına və ya yeni münaqişələrin meydana gəlməsinə səbəb ola bilən bir çox amillərin mövcudluğunu göstərir. Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikası ərazisinin bir hissəsinin işğalını, iqtisadi və sosial infrastrukturun dağıdılması ilə nəticələnmiş təcavüz aktının davam etdirilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Hökuməti tərəfindən dövlətin hərbi təhlükəsizlik məsələlərinin həllinə prioritetli əhəmiyyət verilir.
Ölkənin hərbi təhlükəsizliyinə mənfi təsir göstərən amillərin hərtərəfli analiz edilməsi, Azərbaycan Respublikasına hərbi təhdidlərin qarşısının alınması, lokallaşdırılması və neytrallaşdırılması, habelə yaranmış vəziyyətə uyğun olaraq adekvat qərarların hazırlanması üçün milli təhlükəsizlik sistemi çərçivəsində hərbi təhlükəsizlik sistemi fəaliyyət göstərir.
Hərbi təhlükəsizlik sistemi, dövlətin müdafiə siyasətini konkret qurum, müəssisə, təşkilat, ictimai birlik və vətəndaşların müdafiə sahəsində məsələlərin həlli üzrə uzlaşdırılmış fəaliyyətə çevirən mexanizmi rolunda çıxış edir. Hərbi təhlükəsizliyə proqnozlaşdırılan təhdidlər və ölkənin sosial-iqtisadi inkişafı dövlətin hərbi təhlükəsizlik sisteminin qurulmasını şərtləndirən əsas parametrlərdəndir.
Hərbi təhlükəsizlik sisteminin elementlərinin uzlaşdırılması üzrə vəzifələrin həyata keçirilməsi Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasına həvalə olunur. Bu orqan hərbi təhlükəsizlik problemlərinə dövlət miqyasında vahid yanaşmanı, müdafiə sahəsində müvafiq qanunvericiliyin yaradılmasını və təkmilləşdirilməsini, həmçinin hərbi təhlükəsizlik sisteminin elementlərinin vahid sistem çərçivəsində uzlaşdırılmış fəaliyyətini təmin edir.


Ədəbİyyat
1. Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 iyun tarixli, 712-IIQ nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
2. Azərbaycan Respublikasının Hərbi doktrinası, Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 8 iyun tarixli, 1029-IIIQR nömrəli Qərarı ilə təsdiq edilmişdir
3. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli, 955-VQ nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
4. Система национальной безопасности, Независимый Азербайджан http://republic.preslib.az/ru_a5.htm
5. Azərbaycan Respublikasının Konstitusiyası, 1995-ci il 12 noyabr tarixli, 00 nömrəli
6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 iyun tarixli, 711-IIQ nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
7. Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 7 sentyabr tarixli, 733-IIQ nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
8. Fövqəladə vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 8 iyun tarixli, 681-IIQ nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
9. Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 6 yanvar tarixli 779 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
10. Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 26 noyabr tarixli 744 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
11. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 9 dekabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
12. Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 dekabr tarixli 420-IQ nömrəli Sərəncamı ilə təsdiq edilmişdir

Açar sözlər: milli təhlükəsizlik, hərbi təhlükəsizlik sistemi, hərbi təhdid, hərbi təhlükə, hərbi quruculuq, müdafiə siyasəti.
Ключевые слова: национальная безопасность, система военной безопасности, военная угроза, военная опасность, военное строительство, оборонная политика.
Key words: national security, system of military security, military threat, military danger, development of the armed forces, defense policy.

Резюме
Место и роль системы военной безопасности в обеспечении национальной безопасности Азербайджанской Республики. Назначение основных элементов военной безопасности, их сегодняшнее состояние
В.М. Гусейнов
Обеспечение военной безопасности Азербайджанской Республики подразумевает осуществление комплекса мероприятий по предотвращению, локализации и нейтрализации военных угроз, направленных против Азербайджанской Республики и является одним из наиболее важных направлений государственной деятельности. Азербайджанская Республика обеспечивает свою военную безопасность в контексте построения демократического правового государства, проведения социально-экономических реформ, осуществления взаимовыгодного сотрудничества и добрососедства, поэтапного формирования единой системы международной безопасности, сохранения и укрепления мира.
В статье рассматриваются вопросы, связанные с системой военной безопасности, являющейся одним из важных элементов военной безопасности государства и представляющей собой совокупность взаимосвязанной деятельности органов государственного управления, Азербайджанской Армии и других вооружённых формирований, оборонной промышленности, а также других учреждений и организаций, наделённых полномочиями по обеспечению военной безопасности и участвующих в организации и осуществлении оборонной политики Азербайджанской Республики.

Summary
The role and place of the system of military security in the provision of the national security of the Republic of Azerbaijan. The purpose and current condition of the main elements of military security
V.M. Huseynov

Provision of military security of the Republic of Azerbaijan implies the realization of a complex of actions for prevention, localization and neutralization of the military threats directed against the Republic of Azerbaijan and is one of the most important directions of the government’s activity. The Republic of Azerbaijan provides the military security in a context of construction of a democratic lawful state, carrying out of social and economic reforms, realization of mutually advantageous cooperation and good neighborhood, stage-by-stage formation of unified system of the international security, and preservation and strengthening of the peace in the world.
In article the matters related with the system of military security, which is one of the important elements of military security of the state are considered. The system of military security is the set of interconnected activities of the public authorities, the Azerbaijani Army and other armed formations, the defense industry, and other establishments and the organizations empowered with responsibilities for maintenance of military security and participating in the organization and realization of the defense policy of the Republic of Azerbaijan.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM