Nadir İbadlı və onun son xəstəsi - ELÇİN - hekayə

19:59 / 02.01.2019

Necə oldu ki, neyrocərrah Nadir İbadlı özünü xoşbəxt olmağa qoymadı


1

...Sonra Nadirə elə gəldi ki, sol tərəfdə, ondan iki parta qabaqda, pəncərənin yanındakı partada oturmuş Əminənin başının arxasında da gözləri var və o, yəni 7-ci sinif şagirdi Nadir İbadlı hər dəfə arxadan gözlərini Əminəyə zilləyəndə, Əminə də bunu aşkarca görür, hətta nəinki görür, Nadirin ürəyindən keçənləri də bilir. Ancaq Nadirin ürəyindən nələr keçirdi? - heç Nadir özü də bunu bilmirdi, sadəcə, Əminənin səliqə ilə hörülmüş xurmayı hörüklərinə, o hörükləri bir-birindən ayıran dümdüz tağa baxanda Nadirin içindən ilıq və mehriban bir duyğu keçirdi və həmin anlarda Nadir qorxurdu ki, birdən kimsə o ilıq və mehriban duyğudan xəbər tutar. Yəqin, elə buna görə də qışdan bəri Nadir özündən asılı olmayaraq, Əminənin üzünə baxmaqdan çəkinirdi, danışanda gözlərini qızın iri göy gözlərindən yayındırırdı və belə anlarda Nadirə elə gəlirdi ki, sifəti pörtüb, qızarıb.

O yaz səhəri birdən-birə, elə bil, Əminə həqiqətən Nadirin baxışlarını görürdü, əyilib yerə düşmüş karandaşını götürəndə, başını çevirib altdan yuxarı ona baxdı və Nadir də tez gözlərini Şükür müəllimin düsturlar yazdığı yazı lövhəsinə zillədi. Tənəffüs zamanı baxışları rastlaşanda Əminənin sifətindən ani bir təbəssüm ötdü, ancaq o ani təbəssümdən sonra Nadirə elə gəldi ki, bayaq karandaşı Əminə özü bilərəkdən yerə salmışdı və bunu fikirləşəndə yenə o ilıq və mehriban duyğu onun bütün içindən keçdi.

İki-üç gündən sonra - cümə günü birinci dərs idman dərsi idi, Nadir də məktəbin idman zalında kənara çəkilib çustları ayağına geyməyə çalışırdı - ayağı böyümüşdü, keçən ildən qalma çustlar da balacalaşmışdı və elə o vaxt ki, Nadir bir ayağı üstə hoppana-hoppana o biri ayağını çusta dürtmək istəyirdi, birdən Əminə zalın üzbəüz küncündə yığışmış qızlardan ayrılıb ona yaxınlaşdı, əlini uzadıb:

- Ala,- dedi. - Özüm dərmişəm.

Əminəgilin həyətindəki yazın sonlarında qıpqırmızı qızarıb yetişən "gülbahar alma" ağacı bütün qəsəbədə ən qollu-budaqlı məşhur ağac idi və Əminənin atası Sürücü Mərdan on beş-iyirmi il bundan əvvəl bu "gülbahar alma"nın çubuğunu hardansa gətirib əkmişdi. Qəsəbənin torpağı, suyu çubuğa düşmüşdü, gözgörəti böyüyüb, ildən-ilə qol-budaq atmışdı və Əminə də çəpiş kimi bir qız idi, idman zalında tavandan asılmış kəndirlə onun kimi yuxarı dırmaşan ikinci qız yox idi - o boyda ağaca da dırmaşıb kiçik, amma çox dadlı, dişləyəndə şirəsi adamın yaxasına tökülən gülbahar almalar dərirdi. Onun bacılarının, qardaşlarının - Sürücü Mərdangil çoxuşaqlı ailə idi - heç biri də Əminə kimi o "gülbahar alma" ağacına dırmaşa bilmirdi.

O anlarda ki, Əminə o qırmızı almanı Nadirə uzatmışdı, qızın əlinin, qolunun, gülümsəyən sifətinin ağappaq və sağlam rəngi, gülümsəyən iri göy gözləri elə bil, ovucundakı o balaca almanın qırmızısını daha da artırmışdı - almanın qırmızı qabığı elə bil gün işığının altında idi, işım-işım işıldayırdı və Əminə:

- Nübardı,- dedi. - Bilirsən də, gərək ürəyində bir istək tutasan, sonra yeyəsən... - və qızların yanına qayıtdı.

Və həmin gün gecə yatanacan Əminənin ovucundakı o qırmızı almanın işıltısı, elə bil, üfürülmüş şar kimi Nadirin bütün içinə dolmuşdu və Nadirin ürəyində o günə qədər heç vaxt hiss etmədiyi bir çəkisizlik var idi. Şənbə günü də, bazar günü də televizora baxanda da, əlinə kitab alıb oxumaq istəyəndə də Əminə ovucundakı o balaca qırmızı almanı ona uzadırdı və Nadir ürəyində nəsə bir istək tutmaq istəyirdi, ancaq düz-əməlli bir istək tapa bilmirdi.

Bazar ertəsi Əminə dərsə gəlmədi, sonra sinfə xəbər yayıldı ki, Əminə "gülbahar alma" ağacından yıxılıb, başı zədələnib, günlər keçdi, Əminə bir də dərsə gəlmədi və əvvəlcə qəsəbəyə xəbər yayıldı ki, Sürücü Mərdanın qızı tərpənə bilmir, iflic olub, rayon xəstəxanasında da çarə tapılmayıb, sonra da xəbər yayıldı ki, Sürücü Mərdanın qızı əlil yox, ağacdan başı üstə yıxıldığı üçün dəli olub.

Şükür müəllim boynundakı rəngi solmuş köhnə qəhvəyi qalstukunun halqasını boşalda-boşalda və sidq-ürəkdən gələn bir təəssüflə:

- Hayıf o uşaqdan! - dedi. - Yaxşı bir neyrocərrah olsaydı, qoymazdı ki, qızın taleyi belə qırıq olsun...

Həmin "neyroxirurq" sözü o vaxtdan həmişəlik olaraq Nadir İbadlının hafizəsinə hopdu.

2

Safçaylı qəsəbəsi dağın lap ayağında yerləşirdi - o dağdan axıb gələn Safçay isə məktəbin böyründən keçib aran boyu axaraq, Xəzərə tökülürdü və Safçay qəsəbə camaatının qürur mənbəyi idi - yayda da buz kimi suyu o qədər şəffaf idi ki, dibindəki daşları saymaq olardı və Əminənin oturduğu partanın yanındakı pəncərədən o çay elə görünürdü, elə bil sahilindəsən. Nadir arxa partadan gözlərini o pəncərəyə zilləyirdi və ona elə gəlirdi ki, Safçaya Əminənin iri göy gözləri ilə baxır - çayın suları axdıqca, Əminənin gözlərinin göyü də o sularla birgə axıb gedirdi, sonra da Əminə ovucunun içindəki qıpqırmızı balaca almanı ona uzadırdı.

Və günlər beləcə keçib getdi.

Qəsəbə evlərinin əksəriyyəti Safçayın sol tayında idi, üç-dörd ev, o cümlədən də Əminəgilin evi isə çayın sağ sahilində idi və küləkli bir payız günü, günorta 9-cu sinif şagirdi Nadir İbadlı məktəbdən qayıdanda yolunu dəyişib, taxta körpüdən çayın o biri tayına keçdi.

Əminəgilin çəpəri Sürücü Mərdanın səliqə ilə düzdüyü bir qat kubik daşların üstü ilə həyətlərini dövrəyə almışdı və həmin küləkli və kimsəsiz payız günü Nadir evə yaxın bir yerdə o kubik daşlardan birinin üstünə qalxıb, səhər pərdələri açılmış pəncərələrdən Əminəgilin evinin içinə baxdı.

Bu birmərtəbəli binanın üç pəncərəsi Nadirlə üzbəüz idi -  Əminənin anası mətbəxdə nəsə bişirirdi, o biri otaq boş idi, sonrakı otaqda isə Əminə divara söykənmiş kətilin üstündə oturub, gülümsəyə-gülümsəyə eləcə iri göy gözlərini tavanda hansısa bir nöqtəyə zilləmişdi və onun uzun xurmayı saçları çiyinlərinə səpələnmişdi, ağ çit köynəyinin aralanmış yaxasından ağappaq sinəsi, döşlərinin ortası görünürdü.

Əminənin açıq ağzından axan su çənəsindən döşlərinin arasına süzülüb, köynəyinin altınacan gedirdi və o anlarda Nadirin içindən bir koma qəhər qalxıb, xirtdəyinə pərçim olmuşdu. Birdən Əminə gözlərini tavandan çəkib, azacıq çönərək pəncərəyə tərəf baxdı və Nadir sövq-təbii gizlənmək istədi, ancaq Əminə pəncərədən iri göy gözlərini açıq-aşkar Nadirə yox, naməlum bir nöqtəyə zilləmişdi, yenə də eləcə gülümsəyirdi. Pəncərəyə tərəf çönəndə Əminənin köynəyinin bir yaxası yana çəkildi, döşünün biri tamam açıldı və onun ağzından tökülən su bu dəfə çənəsindən süzülüb, açıq döşünün üstü ilə axıb, giləsinin ucundan köynəyinə damcılayırdı.

Sonra Əminə yenə çönüb əvvəlkitək tavana baxdı və əvvəlcə ağzını yumub elə bil diqqətlə nəsə axtardı, axtardığını tapdı və yenə ağzını açıb gülümsədi, gülümsəyə-gülümsəyə də tavanda nə tapmışdısa, gözlərini ona zillədi. Onun ağzından axan su köynəyinin yaxasını tamam yaş eləyib, sinəsinə yapışdırmışdı və Əminənin döşlərinin giləsi az qalırdı yaş köynəyini deşsin. Həmin anlarda o bir koma qəhər Nadirin gözlərinə doldu və kubik daşın üstündən düşəndə titrəyən ayaqları onun sözünə güclə baxırdı.

Nadir gəlib taxta körpünün üstündə dayandı və bir müddət Safçaya baxdı - küləkdən çayın üzü adda-budda köpüklənmişdi, amma suyu bulanmamışdı, eləcə dupduru axıb gedirdi - sonra başını çevirib məktəbdəki sinif otağının həmin pəncərəsinə baxdı. O anlarda Əminənin ovucundakı o balaca almanın qırmızısı elə bil onun gözlərinin içinə doldu və məktəbin o pəncərəsi də o qırmızı yaşın içində əriyib yox odu. Nadir gözlərini qapayıb var gücü ilə sıxdı, sonra yenə başını Safçaya tərəf tutub gözlərini açdı, bütün içindən gələn qara bir ehtirasla çayın o dupduru axan suyuna tüpürdü və ancaq bundan sonra Nadir İbadlı elə bil bir az sakitləşdi.

3

Günlər keçirdi və hərdən səhər tezdən məktəbə gedəndə, ya gecə yatmazdan əvvəl Əminə ovucundakı o balaca qırmızı almanı Nadirə uzadırdı.

Və soyuq bir qış günü qəsəbəyə çox pis bir xəbər yayıldı ki, Sürücü Mərdanın qızı Əminə vəfat edib.

Elə həmin gün də Sürücü Mərdan o qollu-budaqlı "gülbahar alma" ağacını baltalayıb dibindən kəsdi.

Şükür müəllim əlini köhnə pencəyinin yaxasından içəri salıb ürəyinin üstünü ovxalaya-ovxalaya:

- Yazıq qızcığaz!.. - dedi. - Yaxşı ki, özünün öz taleyindən xəbəri olmadı. Axı, adam dəli olanda özü bilmir ki, dəlidi. Bizim ona yazığımız gəlirdi, o yazığın özü isə bəlkə, xoşbəxt idi, bəlkə, öz aləmində gözəl bir həyat yaşadı...

Şükür müəllim məktəbdə uşaqların ən sevimli müəllimi idi, ancaq dediyi bu sözlərdən sonra onuncu sinif şagirdi Nadir İbadlı Şükür müəllimə nifrət etdi və çiskinli-sazaqlı bir payız səhəri Bakı Tibb Universitetinin ikinci kurs tələbəsi Nadir İbadlı güzgünün qabağında dayanıb, hələ məktəbi bitirərək Bakıya ilk dəfə gəldiyi vaxt aldığı kostyumun əzik-üzük yaxasını tarımlamaq istəyəndə birdən-birə Şükür müəllim, Şükür müəllimin köhnə pencəyi, ütüləməkdən işıldayan qara şalvarı, illər boyu boynuna taxdığı o saralıb-solmuş qəhvəyi qalstuku, o qalstukun, elə bil əbədiyyət üçün möhürlənmiş düyünü  yadına düşdü, Şükür müəllimin sifəti gözlərinin qabağına gəldi. Elə onda da birdən-birə Nadirin beynindən keçən fikir, onun özü üçün də tamam gözlənilməz oldu: "Şükür müəllim dünyanın ən bədbəxt insanıdır" və bu fikir həmin çiskinli-sazaqlı payız günü xarab olmuş lent yazısı kimi gecə yuxuya gedənə qədər onun beynində fırlandı.

Bakı Tibb Universitetinin üçüncü kursunu əla qiymətlərlə bitirmiş Nadir İbadlının istedadını və neyrocərrahiyyəyə xüsusi həvəsini nəzərə alaraq, universitet Elmi Şurasının təşəbbüsü ilə onu təhsilini davam etdirmək üçün Ak.İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinə göndərdilər və orada beşinci kurs tələbəsi Nadir İbadlının beyin zədəsi zamanı neyrocərrahiyyənin aktual probemlərinə yeni baxış mövzusunda yazdığı məqalə Rusiya Elmlər Akademiyasının "Elmi əsərlər"ində, sonra isə Harvard Universitetinin və Tokio Dövlət Tibb Universitetinin "Elmi əsərlər"ində dərc edildi.

Universiteti bitirmiş Nadir İbadlı xarici ölkələrin bir sıra universitet və elmi təşkilatlarından dəvətlər alıb, N.V.Sklifosovski adına Elmi Tədqiqat İnstitutunu seçdi və Moskvaya köçüb, həmin institutun neyrocərrahiyyə şöbəsində fəaliyyətə başladı, dörd ilin içində namizədlik və doktorluq dissertasiyalarını müdafiə etdi. Onun həyat yoldaşı Natalya Natanovna Zilberman-İbadlı da tanınmış pediatr, tibb elmləri doktoru, professor idi və olduqca mülayim xasiyyətli, gülərüz bir xanım olan Natalya Natanovna tanışlıqlarının ilk günlərində Nadir İbadlını necə sevmişdisə, illər keçdikcə də həmin sevgi saralıb-solmamış, adiləşməmişdi. Nadir İbadlı da, elə bil pediatr kimi daima uşaqların sağlamlığı ilə məşğul olan Natalya Natanovnanın uşağı idi - eyni qayğı, eyni nəvaziş, eyni mehribanlıq - və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Nadir İbadlı ustad-dərslər keçmək, yaxud xüsusi dəvətlər ilə cərrahiyyə əməliyyatı aparmaq, yaxud da konqreslərdə iştirak və çıxış etmək üçün xarici ölkələrə dörd-beş günlük səfərə çıxanda Natalya Natanovnanın özü uşaq kimi dözümsüz olur, darıxır və narahatlıq keçirirdi.

Natalya Natanovna Nadir İbadlının xasiyyətinin bütün xüsusiyyətlərinə yaxşı bələd idi, ərinin gündəlik həyatının axarından da xəbərdar olurdu, ancaq Natalya Natanovnanın bir cəhətdən xəbəri yox idi və yəqin, heç vaxt da olmayacaqdı ki, bax, elə bu qış günü işə piyada getməyi xoşlayan Nadir İbadlı küçə ilə addımladıqca, ona sarı uzadılmış o balaca almanın qırmızısı hər tərəfi bürümüş qarın ağını qıpqırmızı qızardıb, donurmuşdu və damların, pəncərələrin sürahısından, elektrik dirəklərinin qollarından sallanan buz salxımlar da eləcə qırmızı içində idi. Macal taparaq bomboz buludların arasından sızıb gələn gün işığı o qanlı buz salxımlarının üstünə düşürdü və o buz salxımlardan süzülən damcılar, elə bil, iri göy gözlərini tavana zilləyib gülümsəyən Əminənin ağzından axıb, damcı-damcı ağ çit köynəyinin yaxasına düşən şirə idi, Nadir İbadlının gözlərini bulaşdırırdı.

Nadir İbadlı ayaq saxlayıb gözlərini yumdu və kirpiklərini bir-birinə sıxıb, bir müddət eləcə dayandı və ayaqlarının altında qalan qarı xışıldada-xışıldada o tərəf-bu tərəə gedib-gələn adamlar şübhə ilə ona baxıb yəqin, fikirləşirdilər ki, ürəyi tutub, ya nədisə, ağsaçlı, ağsaqqallı, kübar görkəmli bu adam özünü pis hiss edir, hətta yaşlı bir qadın, dayanıb:

- Vam pomoçğ? ("Sizə kömək lazımdır?") - deyə soruşdu.

Nadir İbadlı gözlərini açıb gülümsəyərək:

- Net, spasibo. - ("Yox, çox sağ olun.") dedi, yenə təkrar etdi: - spasibo.  ("Çox sağ olun.") - və o da ayağının altındakı qarı xışıldada-xışıldada yoluna davam etdi.

Əminə ovucundakı o balaca qırmızı almanı ona uzadanda qışa, yaza, yaya, payıza baxmırdı, bunun vaxtını Əminə özü təyin edirdi, hərdən də təkrarən:

- Nübardı, - deyirdi. - Bilirsən də, gərək ürəyində bir istək tutasan, sonra yeyəsən...

Hərən də Nadir İbadlının beynindən eyni bir fikir keçirdi: o zaman bir istək tutmağı bacarmadı, indi isə istək tutmağın mənası yoxdur.

4

Safçaylı qəsəbəsinin camaatı iki şeylə fəxr edirdi: bir Safçayla, bir də Moskvada yaşayan məşhur akademik Nadir İbadlıyla və Nadir İbadlı uzun ayrılıqdan sonra heç kimə xəbər vermədən Moskvadan Bakıya uçdu, elə həmin gün də qatarla Safçaylıya gəldi.

Qəsəbəyə Nadir İbadlı ilə bərabər, elə bil gözlənilməz bir bayram gəlmişdi və qəsəbə camaatının sidq-ürəkdən gələn ehtiramını və məhəbbətini görən Natalya Natanovna xoşbəxt bir təbəssümlə tez-tez:

- Nadir, kak oni iskrenno löbət i vosxihaötsə toboy!.. ("Nadir, onlar necə də səni ürəkdən sevir və səninlə fəxr edirlər!..") - deyirdi.

Safçayın üstündəki taxta körpünü söküb, yerində yaraşıqlı bir daş körpü salmışdılar, kənarlarını da qırmızı kərpiclə hörmüşdülər və Nadir İbadlı qəsəbəyə gəlişinin üçüncü günü səhərin gözü açılmamış o körpünün üstündə Safçayın axıb gedən o dupduru sularına baxırdı. Dan yeri söküldükcə o kərpiclərin qırmızısı suyun üzünə çökürdü və körpüyə qədər şəffaf gələn su körpüdən sonra zəif qızartı ilə axıb gedirdi - illər də beləcə axıb getmişdi. O məktəb də, o pəncərə də yox idi, yerində park salmışdılar, təzə məktəbi də, görünür, başqa yerdə tikmişdilər və Nadir İbadlı gözünü parkdakı o boşluqdan çəkib, yenə Safçayın get-gedə qızartısı daha da aydın görünən axar sularına baxdı - elə o anlarda da Əminə ovucundakı o balaca qırmızı almanı ona uzatdı və heç vaxt demədiyi sözləri Nadir İbadlının qulağına pıçıldadı: " - Mən istəyirəm sən də xoşbəxt olasan...".

O qollu-budaqlı böyük ağacı Nadir İbadlı uzaqdan görmüşdü və körpüdən keçib ağaca yaxınlaşdıqca onun ürəyi aradan otuz beş-qırx il ötdüyünə baxmayaraq, eynilə o vaxtkı döyüntü ilə döyünməyə başladı.

Nadir İbadlı ürəyinin bu döyüntüsünü də o ağac kimi tanıdı.

O ağac - böyük, gözəl bir "gülbahar alma" ağacı idi.

Çəpərin yerində indi həyəti kubik daşla hörülmüş hasar əhatə etmişdi və o birmərtəbəli binanın da yerində indi ikimərtəbəli, geniş eyvanlı bir bina dayanırdı.

Əminənin anası, görünür, nəvələri dərsə, böyükləri işə yola salmaq üçün tezdən dururdu və həmin səhər də birinci mərtəbədəki mətbəxin pəncərəsindən qəflətən hasarın arxasında dayanmış Nadir İbadlını görəndə, arvada elə bil gözlənilməz bir ruh gəldi, evdəkiləri səsləyə-səsləyə:

- A bala, ay uşaq, görün kim gəlib!.. Düşün aşağı!.. Düşün!.. - və cəld addımlarla həyətə çıxdı: - Xoş gördük sizi!.. Xoş gördük!.. Gəlin içəri!.. Gəlin!..

Dərsə getməyə hazırlaşan uşaqlar, işə gedən böyüklər, elə bil arvadın bu haray-həşirinə bənd idilər - ikimərtəbəli binanın bir dəstə sakini - kimi köynəyini geyinə-geyinə, kimi şalvarını düyünləyə-düyünləyə, kimi donunun ətəklərini hamarlaya-hamarlaya həyətə doluşdu, uşaqların səsi, qız-gəlinlərin pıçıltısı, böyüklərin dəvəti: "- İçəri buyurun, professor!.. Nadir müəllim, buyurun, buyurun içəri!.. Xahiş edirik!.. " - hamısı bir-birinə qarışmışdı və o saat hiss olunurdu ki, bu ikimərtəbəli binada yaşayan böyük və səsli-küylü ailənin yaxşı güzəranı var.

Əminənin bu illər ərzində qocalmış, ancaq diriliyini, üst-başının səliqə-sahmanını itirməmiş anası da, onun övladları da, nəvə-nəticələri də bu məşhur həmyerlilərini gördükləri üçün açıq-aşkar sevincək olmuşdular və Nadir İbadlının o qollu-budaqlı ağaca baxdığını görən arvad xoş və mehriban bir təbəssümlə:

- Gülbahar almadı da... - dedi. - Bilmirəm, yadınıza gəlir, ya yox, rəhmətlik Mərdan gətirib əkmişdi. Sonra dibindən kəsdi o ağacı. Ancaq nə yaxşı ki, kökündən bu çubuq qalxdı, təzədən beləcə boy atdı. - Sonra gözgörəti bir ruh yüksəkliyi ilə: - Əşşi, ağac heç e!.. Siz gəlin, sən Allah, içəri keçin! Heç olmasa, bir stəkan çayımızı için!..

... Və elə bil bu həyətdə, bu qəsəbədə, bu dünyada hamıdan tez "gülbahar alma" ağacına dırmaşıb, o şirin qırmızı almaları dərən Əminə adında bir qız yaşamamışdı.

Uşaqların, böyüklərin səsi bir-birinə qarışmışdı:

- İçəri gəlin!..

- Heç olmasa şəkil çəkdirək!..

- Biz sizinlə fəxr edirik!..

- Qonağımız olun!..

- Sizinçün nə edək?

Əminənin anası yəqin, Nadir İbadlının uzaqlarda yaşadığına görə ürəkdən gələn bir səmimiyyətlə:

- Şükür Allaha, hər şeyimiz var. - dedi.- Bizim yeməklərdən, ürəyiniz nə istəyir, deyin, mən özüm bişirim sizinçün!..

... Və Nadir İbadlı iti addımlarla bir-birinə qarışmış o səslərdən uzaqlaşdı.

5

Sinoptiklər deyirdi ki, həmin il Moskvada hava çox şaxtalı olacaq və Nadir İbadlı o şaxtalı qış səhəri üzü buz bağlamış qarı addımlarının altında xışıldada-xışıldada işə tələsirdi - bir saatdan sonra beyin əməliyyatına başlayacaqdı və belə vaxtlarda o, həmişə fikrini - yüngül olsun, çətin olsun, fərqi yox idi - növbəti əməliyyatda cəmləşdirirdi, ancaq bu dəfə heç cürə fikrini toplaya bilmirdi, çünki birdən-birə, elə bil qəflətən iynə ilə onun beyninə vurulan fikir Nadir İbadlını sarsıtmışdı: o, bu uzun illər boyu beyin zədəsinə görə psixikası pozulmuş yüzlərlə insanı sağaltmışdı, deməli... deməli belə çıxır ki, onları Əminə kimi gözlərini tavana zilləyib gülümsəyə-gülümsəyə xoşbəxt olmağa qoymamışdı?

Və nə olsun ki, Əminənin ağzından axan su sinəsinə tökülürdü - Əminənin özünün ki, bundan xəbəri yox idi. Sağaltdığı insanları isə Nadir İbadlı yenidən qayğılar, düşüncələr, hiss-həyəcanlar aləminə qaytarmışdı?

Və onların heç biri Əminə kimi tavanda axtardığını tapıb xoşbəxt bir təbəssümlə gülümsəməyəcəkdi?

Sonra Əminə o balaca qırmızı almanı ona uzatdı.

Nadir İbadlı gedə-gedə bu dəfə balaca qırmızı almaya yox, Əminənin iri göy gözlərinə baxırdı - əvvəllər belə bir şey olmamışdı və iri göy gözlərə baxa-baxa da nəyi isə xatırlamaq istəyirdi, ancaq heç vəchlə xatırlaya bilmirdi.

O, əməliyyata başladığı zaman da eləcə nəyi isə yadına salmaq istəyirdi, amma nəyi? - fikrinə gətirə bilmirdi və Nadir İbadlının əlləri bu dəfə elə bil uzun illərin təcrübəsi nəticəsində əməliyyatı onun müdaxiləsi olmadan öz-özünə müstəqil aparırdılar. Kəllə sümüyü açılmış xəstənin sifəti sterilizə olunmuş ağ ilə örtülmüşdü və dörd saatlıq əməliyyat bitdikdən sonra Nadir İbadlı həmişəki kimi assistentlərinə, anastezioloqa, tibb bacılarına baxıb gülümsəyərək, sağ əlinin baş barmağını qaldırdı, yəni ki, hamınızı təbrik edirəm, bu çətin əməliyyat da uğurlu keçdi.

Elə bu anlarda da o, səhərdən bəri xatırlamaq istədiyini, deyəsən, nəhayət ki, xatırladı: rəhmətlik Şükür müəllimin sifəti, yay-qış əynindəki köhnə pencəyi, ütüləməkdən dizləri işıldayan qara şalvarı, illər boyu boynuna taxdığı o saralıb-solmuş qəhvəyi qalstuku, o qalstukun elə bil əbədiyyət üçün möhürlənmiş düyünü Nadir İbadlının gözlərinin qabağına gəldi və o, hələ rezin əlcəklərini çıxarmadan, əvvəlcə öz ağzını, burnunu örtmüş tənzifi aşağı saldı, sonra da xəstənin sifətini örtmüş ağı ehmalla aşağı çəkdi.

Ətrafındakılar onun bu hərəkətinə bir az təəccüb etdilər, çünki adətən, əməliyyat qurtaranda indicə olduğu kimi, onlara baxıb gülümsəyib, baş barmağını qaldırıb, sonra əmliyyat otağından çıxaraq, öz kabinetinə gedirdi və xəstə ilə onlar məşğul olurdu.

Nadir İbadlı ayaq üstə dayanıb, xəstəyə baxırdı və çox soyuqqanlı idi, qətiyyən həyəcanlanmırdı, sadəcə, nəbzi beynində vururdu və bu da, əlbəttə, keçib gedəcəkdi.

O, xəstəyə baxa-baxa elə bil lap əvvəldən bilirdi ki, əməliyyat etdiyi xəstə kimdir, bilirdi ki, cərrahiyyə taxtında uzanmış budəfəki xəstə o özüdür və bu dörd saat ərzində özünün kəllə sümüyünü qaldırıb öz beynindəki şişi çıxartmışdı. 

Bu - nə idi?

Qarabasma idi?

Nadir İbadlının, - elə bil ilğım içində yayıla-yayıla, itə-itə - beynindən bir fikir keçdi: yox, bu dərəcədə qarabasma ola bilməz.

6

Əminənin iri göy gözləri tavanda axtardığını tapdığı o anlarda olduğu kimi, gözəl, mehriban və azad bir təbəssümlə gülümsəyirdi.

Yenə ovucunda balaca qırmızı alma uzatmışdı.

Kimə?

Cərrah Nadir İbadlıya, yoxsa əməliyyatdan sonra  reanimasiya otağında gözlərini yumub uzanmış xəstə Nadir İbadlıya?

13 may 2018

Bakı


Etiket:

Strategiya.az

Xəbərlər
05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST

02.06.2020

Azərbaycanda COVID-19-a yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı 300 mini ötüb

01.06.2020

Prezident İlham Əliyev: Biz sosial layihələrin heç birini ixtisara salmamışıq

01.06.2020

SALAM, SERGEY YESENİN! (II hissə)