ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ VƏ YUNANISTAN RESPUBLİKASININ MÖVQEYİ

09:00 / 04.02.2019

İLYAS HÜSEYNOV
Bakı Slavyan Universiteti

Ötən əsrin 90-cı illərinin sonlarından başlayaraq dağılmaqda olan SSRİ məkanında milli münaqişələr alovlanmağa başladı və çox keçmədən hərbi əməliyyatlara çevrildi. Ermənistan SSRİ rəhbərliyinin böyük yardımı ilə Azərbaycanın 20% ərazisini işğal etdi. Artıq 25 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar getsə də, bu danışıqlar öz məntiqi sonluğu ilə nəticələnməmişdir.
Müxtəlif dövrlərdə Azərbaycanda səfərdə olmuş Yunanıstan nazirləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində BMT qətnamələrinin yerinə yetirilməsini, istənilən ölkə ərazisinin işğal olunmasına qarşı çıxdıqlarını bildiriblər [17]. Bu məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Yunanıstanın oynadığı rola və onun mövqeyinə nəzər salmağa çalışacağıq.
Yunanıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 31 dekabr tarixində tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulmuşdur. Yunanıstan Respublikasının Azərbaycan Respublikasında səfirliyi 27 may 1993-cü ildən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyi 16 aprel 2004-cü ildə təsis edilmişdir [7].
Ümummilli lider Heydər Əliyev yunan diplomatları və rəsmi şəxsləri ilə görüşlərində əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə yönəltmiş, bu problemin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi mövqeyindən çıxış etmişdir. 1997-ci il 11 aprel tarixində Prezident Heydər Əliyev ölkəmizdə səfərdə olan Yunanıstanın xarici işlər naziri Teodoros Panqausu qəbul etmişdir. Cənab T.Panqaus Qafqazda yaranmış vəziyyətdən söz açaraq öz ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsiylə bağlı mövqeyini açıqladı. “Yunanıstanın fikrincə, münaqişə sərhədlərin toxunulmazlığı və milli azlıqların hüquqlarının qorunması əsasında tənzimlənməlidir. Bu mənada Yunanıstan ATƏT-in Lissabon sammitində qəbul edilmiş bəyanatın prinsipləri ilə razıdır və hesab edir ki, həmin prinsiplər həyata keçirilməli, münaqişənin hər iki tərəf üçün məqbul həlli yolu tapılmalıdır. Yunanıstan problemin ədalətli həlli üçün əlindən gələni edəcəkdir [6, səh.1].
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən bəhs edən Heydər Əliyev qonağa problemin mahiyyətini izah etmişdir. “Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulmuş, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və bu torpaqlardan zorla qovulmuş bir milyondan artıq dinc vətəndaşımız hazırda çadırlarda ağır şəraitdə yaşayırlar. 1994-cü ilin mayında, yəni təxminən 3 il əvvəl əldə edilmiş atəşkəs siyasi nizama salmaq üçün əlverişli şərait yaradır. Ancaq biz tam sülh istəyirik və bu barədə Yunanıstan bizimlə eyni mövqedədir. Lissabon sammitində Azərbaycanın haqq işini müdafiə edib ATƏT sədrinin bəyanatını dəstəklədiyinə görə Yunanıstan hökumətinə təşəkkürümü bildirirəm, bu bəyanat problemin həlli üçün ən optimal yoldur, beynəlxalq hüquq normalarına, BMT-nin, ATƏT-in prinsiplərinə uyğun sənəddir. Ona görə də biz bu bəyanatın müddəaları – Azərbaycanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi əsasında ciddi danışıqlar aparmaq və tezliklə əməli nəticələr əldə etmək istəyirik. Güman edirəm ki, ATƏT üzvləri, o cümlədən Yunanıstan bu prinsiplərin qəbul edilməsini dəstəklədikləri kimi onların həyata keçirilməsində də səylərini əsirgəməyəcəklər” [6, səh.1].
Prezident Heydər Əliyev Lissabon sammitindən sonra münaqişənin tənzimlənməsi ilə bağlı görülmüş tədbirlər haqqında məlumat vermiş, münaqişənin tezliklə həll olunmasının vacibliyini vurğulamışdır. “Məlum olduğu kimi, hazırda Minsk konfransının ABŞ, Rusiya və Fransanı təmsil edən üç həmsədri var. Son vaxtlar Fransanın prezidenti və xarici işlər naziri ilə görüşlərim olub. Həmçinin Rusiyanın prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşüb ətraflı danışıqlar aparmışam. ABŞ nümayəndələri ilə də sıx əlaqə saxlayıram. [6, səh.1].
Bakıda rəsmi səfərdə olan Yunanıstan Respublikasının xarici işlər naziri Teodoros Panqalos 1997-ci il 11 aprel tarixində Azərbaycanın xarici işlər naziri Həsən Həsənovla da görüşmüşdür. Ölkəmizin xarici siyasət idarəsinin rəhbəri yunanıstanlı həmkarına Ermənistan-Azərbaycan münaqişəsindəki vəziyyət barədə ətraflı məlumat vermiş, münaqişənin ATƏT-in Lissabon sammitində elan edilmiş və Ermənistan istisna olmaqla, qalan bütün üzv ölkələrin dəstəklədikləri prinsiplər əsasında siyasi yolla aradan qaldırılması üçün Azərbaycanın Ermənistanla dialoqu davam etdirməyə prinsipcə hazır olduğunu nəzərə çatdırmışdır [3, səh.3].
Görüş zamanı nazir T.Panqalos Yunanıstanın mövqeyini açıqlamışdır. “Yunanıstanın fundamental prinsipi var və bu prinsip onun xarici siyasətinin əsasını təşkil edir – bu, bütün dünyada xarici sərhədlərin dəyişməzliyi prinsipidir. Əlbəttə, milli azlıqlar var və onların hüquqları qorunmalıdır, amma mövcud sərhədlər çərçivəsində. Bu baxımdan Yunanıstan Azərbaycanın Dağlıq Qarabağa Azərbaycan dövləti tərkibində yüksək muxtariyyət statusu verməyə hazır olduğunu yüksək qiymətləndiririk. Yunanıstanla Ermənistan arasında çoxdan mövcud olan tarixi rəğbətə baxmayaraq, Yunanıstan öz xarici siyasətinin prinsiplərini dəyişmək fikrində deyildir. Milli azlıq ona verilmiş muxtariyyət çərçivəsində müstəqil orduya – mərkəzi hakimiyyət orqanlarına tabe olmayan orduya malik ola bilməz. İstənilən halda demokratiya əksəriyyət qaydasıdır. Odur ki, münaqişə başlanmazdan əvvəl mövcud olmuş vəziyyətə qayıtmaq lazımdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir” [3, səh.3].
2000-ci il dekabrın 6-da Yunanıstanın ölkəmizdəki yeni təyin olunan səfiri Merkurios Karafotias etimadnaməsini Prezident Heydər Əliyevə təqdim etdikdən sonra demişdir: “Dağlıq Qarabağ məsələsində biz həmişə Azərbaycanı dəstəkləmişik. Yunanıstanın rəsmi, prinsipial mövqeyi belə olubdur ki, Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişik və qaçqınların öz yurd-yuvalarına dönməsini istəmişik” [17].
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin xarici siyasətinin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi və öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtması olmuşdur.
2004-cü il iyunun 21-də ölkəmizdə rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidentinin nümayəndə heyətlərinin geniş tərkibdə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur. “Biz bu problemi tam dərk edirik. Məlum çətinliklərə baxmayaraq, tərəflərin səmimi istəyi, səyi və beynəlxalq təşkilatların köməyi ilə problemin tezliklə həll yolunu tapacağına inanmaq istərdik” [1, səh.2].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulosun şərəfinə təşkil olunan rəsmi qəbul zamanı Prezident İlham Əliyev Ermənistanın yürütdüyü təcavüzkar siyasəti nəticəsində regionda gedən bütün layihələrdən kənarda qaldığını bildirmişdir. “Azərbaycan regionun bütün dövlətləri ilə sıx əməkdaşlıq edir. Yalnız Ermənistan özünü bu əməkdaşlıqdan təcrid etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində tezliklə aradan qaldırılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir” [16, səh.1].
Yunanıstan Respublikasının Prezidenti Konstantinos Stefanopulos isə öz çıxışı zamanı Azərbaycanın milli maraqlarına uyğun olan heç bir ifadə işlətməmiş, yalnız ümumi ifadələr söyləməklə kifayətlənmişdir. “Yunanıstan Dağlıq Qarabağ probleminin həlli üçün Azərbaycan hökumətinin göstərdiyi səylərə böyük əhəmiyyət verir. Avropa İttifaqı kimi, mənim ölkəm də problemin Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqlar yolu və Minsk qrupunun vasitəçiliyi ilə ədalətli və həmişəlik həll əldə olunmasına dəstəyini bildirir. Məsələnin həllində beynəlxalq qanunlara əsaslanmaq və regionda sülhə təhlükə yarada biləcək addımlardan çəkinmək lazımdır” [16, səh.1].
2009-cu il fevralın 16-da Yunanıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatla çıxış edərək Yunanıstanlı həmkarı ilə görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas müzakirə mövzusu olduğunu nəzərə çatdırdı. “Görüş zamanı mən cənab Prezidentə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə Azərbaycanın mövqeyini təqdim etdim. Münaqişənin həlli üçün ərazi bütövlüyü prinsipi əsas tutulmalıdır və əminəm ki, belə olsa və Ermənistan beynəlxalq hüquq normalarına riayət etsə, tezliklə bu münaqişə öz həllini tapa bilər” [8, səh.2].
Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə təşkil olunan ziyafət zamanı Yunanıstanın Prezidenti nitqi zamanı ölkəsinin ATƏT-də sədrlik etdiyini və münaqişənin dinc yolla həll olunması üçün çalışacaqlarını bildirmişdir. “Bilirsiniz ki, Qafqaz regionu Yunanıstan üçün çox vacibdir. Biz tarixi dostluq və əməkdaşlıq telləri ilə bağlıyıq. Biz demokratiyanın möhkəmləndirilməsi, qanunun aliliyini təşviq olunmasına, insan hüquqlarına hörmət bəslənilməsində və bütöv regionun əziyyət çəkdiyi münaqişələrin sülh yolu ilə həllində maraqlıyıq. Bu il Yunanıstan ATƏT-də sədrlik edir və təşkilatın fundamental tələblərinə cavab vermək məqsədilə bütün səylər göstərir. Sədrlik edən tərəf kimi Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır, münaqişənin həllində münasib format sayılan Minsk qrupunun yardımı ilə məsələnin dinc yolla çözülməsinə yönəlmiş qərarların qəbul olunmasını məqbul hesab edir.” [2, səh.1].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri haqqında məlumat vermişdir. “Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin təmin edilməsində və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun normalarına uyğun olaraq ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assembleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Biz bu məsələdə hazırda ATƏT-də sədrlik edən Yunanıstanın da dəstəyinə ümid bəsləyirik” [2, səh.1].
2009-cu il fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuat nümayəndələri qarşısında bəyanatla çıxış edən Yunanıstan Respublikasının Baş naziri Kostas Karamanlis Azərbaycanın Qafqazdakı önəmini xüsusi vurğulamışdır. “Azərbaycan Qafqazın çox mühüm ölkəsidir və Yunanıstanın bu ölkə ilə siyasi, iqtisadi və mədəni əlaqələri vardır. Eyni zamanda, biz həmin regionda təhlükəsizlik və sabitlik sahəsində də birgə səylərimizi göstəririk. Xüsusən də ki, Yunanıstan hazırda ATƏT-də sədrlik edir” [13, səh.1].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyada tanıdılması və erməni yalanlarının ifşa olunması istiqamətində atdığı önəmli addımlar daim erməni tərəfinin qəzəbinə səbəb olur. Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzundan, Azərbaycan-Yunanıstan əməkdaşlığının inkişafından narahatlıqlarını gizlədə bilməyən Afinadakı bir qrup erməni 2009-cu il fevralın 17-də “İşgüzar əməkdaşlıq imkanları” mövzusunda Azərbaycan-Yunanıstan biznes forumunun keçirildiyi binanın qarşısında ucuz şou yaratdılar. Lakin 5-10 erməninin bu hərəkəti, təbii ki, küçədən keçən insanların diqqətini cəlb etmədi [5, səh.2].
Biznes forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev enerji layihələrinin həyata keçirilməsi ilə bağlı yaranmış vəziyyət, regional təhlükəsizliyə ən böyük təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in fəaliyyəti və problemin həlli üçün beynəlxalq hüquq normalarına riayət olunmasının labüdlüyünü vurğulamışdır. “Əfsuslar olsun ki, Azərbaycan mövcud və potensial təhlükələrin olduğu regionda yerləşir. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş torpaqlarında yoxlama aparmış, öz hesabatında aydın şəkildə bildirmişdir ki, hər şey – bütün binalar, məktəblər, səhiyyə ocaqları, zavodlar, məscidlər, qəbiristanlıqlar yerlə-yeksan edilibdir. Mürəkkəb regional vəziyyətə baxmayaraq, indiyə qədər biz enerji layihələrimizin hamısını həyata keçirə bildik. Lakin gələcəkdə Azərbaycandan və ya digər ölkələrdən başlayan və bizim ərazimizdən keçən uzunmüddətli sabit enerji dəhlizinə nail olmaq üçün bütün regional münaqişələr həll olunmalıdır.” [5, səh.3].
2009-cu ildə Prezident İlham Əliyevin Yunanıstana ilk rəsmi səfərinin əhəmiyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində vasitəçilik edən ATƏT-ə sədrlik edən Yunanıstanın Azərbaycanda səfiri İoannis Metaksas “Yunanıstan ATƏT sədri olaraq Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansı addımları atacaq” sualına cavabında demişdir: “Qafqaz ATƏT sədrliyi üçün xüsusi yeri olan bölgədir. Azərbaycanın da münaqişə ilə bağlı mövqeyini nəzərə alaraq bildirmək istərdim ki, ATƏT sədrliyini həyata keçirən Yunanıstan bütünlüklə Minsk Qrupuna öz dəstəyini ifadə edir. Məhz onların, eləcə də həmsədrlərin beynəlxalq vasitələrlə bu münaqişənin sülh yolu ilə həlli üçün atdığı addımları dəstəkləyirik” [9, səh.3]. Daha sonra jurnalistin Yunanıstanın xarici işlər nazirinin (həmin dövrdə XİN rəhbəri Dora Bakoyanni idi – müəllif İ.H.) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatının ardından Yunanıstandakı ermənilərin nazirə etirazlarına görə Afinanın Qarabağla əlaqədər mövqeyini dəyişə bilməsi ehtimalı ilə bağlı sualına cavabında səfir bildirmişdir: “Yunanıstan bu bölgə üzrə öz standart siyasətini həyata keçirir. Bu isə 10 illərlə yaranmış siyasi mövqedən ibarətdir. Həmin mövqe isə beynəlxalq hüququn prinsiplərinə, eləcə də BMT qərarlarına dəstək verilməkdən ibarətdir. Biz xarici siyasətimizi kiminsə maraqlarına uyğun nizamlaya bilmərik. Eyni zamanda Yunanıstan ATƏT-ə sədrlik edir. Bu müddətdə quruma üzv ölkələrə yanaşmada fərqin qoyulması da düzgün olmazdı. Biz ölkələri bir-birinə qarşı qoyaraq az və çox diqqət ayırmaq siyasəti yürüdə bilmərik. Xüsusilə də münaqişənin həlli kimi vacib bir məsələnin gündəmdə olduğu bir vaxtda. Biz ümidvarıq ki, ən qısa müddətdə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola biləcəyik” [9, səh.3].
2011-ci il aprelin 5-də Azərbaycanda rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas mətbuat nümayəndələri üçün bəyanatla çıxışı edərkən Prezident İlham Əliyevlə görüşü zamanı beynəlxalq və regional problemləri müzakirə etdiklərini qeyd edib. “Eyni zamanda, biz Şimali Afrikada baş verən hadisələrə toxunduq. Dağlıq Qarabağ problemini də qeyd etmək istərdim. Biz istəyirik bu məsələ ATƏT-in Minsk qrupunun səyləri ilə dinc yolla öz həllini tapsın və bu, tezliklə baş versin” [4, səh.2].
Prezident İlham Əliyev də öz çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yunanıstanlı həmkarına bu problemin hazırki vəziyyəti və son danışıqlar haqqında məlumat vermişdir. “BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, digər beynəlxalq təşkilatlar – ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti də qətnamələr qəbul etmişdir ki, Azərbaycan torpaqlarının işğalına son qoyulsun. Biz ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də beynəlxalq hüquq prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaqdır” [4, səh.2].
2011-ci il 18 iyun tarixində Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas müsahibəsi zamanı onun Dağlıq Qarabağ probleminə olan münasibəti ilə bağlı suala cavabında demişdir: “Heç kim uzun müddət davam edən və Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə zərbə vuran münaqişədən məmnun deyil. Biz ümid edirik ki, problem Azərbaycan və Ermənistan arasında əldə ediləcək razılaşma əsasında sülh yolu ilə həll olunacaq. Biz beynəlxalq təşkilatları, ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik” [11, səh.5].
2014-cü il iyunun 16-da Yunanıstanda dövlət səfərində olan Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxış edərək ölkəmizin ən ağrılı problemi haqqında məlumat vermiş və problemin həll olunmasına ümidvar olduğunu bildirmişdir. “Biz Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini də geniş şəkildə müzakirə etdik. 20 ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayır. Ümid edirəm ki, bu münaqişənin həlli yaxın zamanlarda mümkün olacaq və beləliklə, dediyim kimi, bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır” [10, səh.205].
Yunanıstana dövlət səfəri zamanı Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın adından Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə təşkil olunmuş dövlət naharı zamanı çıxış edən Yunanıstanın Prezidenti Karolos Papulyas Qafqazda regional əməkdaşlıq üçün təhlükəsizliyin və sabitliyin təmin olunmasını və münaqişələrin ərazi bütövülüyü prinsipi əsasında həll olunmasının vacibliyini diqqətə çatdırdı. “Bilirsiniz ki, Yunanıstanın Qafqaz regionu ilə çoxəsrlik tarixi əlaqələri vardır. Biz bölgədə təhlükəsizliyi və sabitliyi həmişə dəstəkləyir və inanırıq ki, bu, regional əməkdaşlığa və rifaha səbəb olacaqdır. Yunanıstan xarici siyasətində Dağlıq Qarabağ da daxil olmaqla, münaqişələrin sülh yolu ilə həllinə həmişə tərəfdar olub. Biz münaqişənin tezliklə milli suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan beynəlxalq hüquq çərçivəsində qaneedici həllinin tapılmasını arzu edirik” [10, səh.224].
Dövlət başçısı İlham Əliyev də Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin tərəfdarı olduğunu vurğuladı və bu sabitliyə əngəl olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə danışaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına ümidvar olduğunu bildirdi. “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi – tarixi torpağımız Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmışdır. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi vardır ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır” [10, səh.225].
2017-ci il 10 fevral tarixində Azərbaycan Gənc Diplomatlar Birliyinin “Auditoriyada səfirdir” layihəsi çərçivəsində Yunanıstanın Azərbaycanda səfiri Dimitrios Tsounqas çıxışı zamanı “Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçilərinin işini və Azərbaycanın mövqeyini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi olduqca qəlizdir. Bu mənada ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik və rəsmi Bakının tərəfindəyik. Yunanıstan Azərbaycana qarşı başqa cür hərəkət edə bilməz.” [14] fikirləri mətbuatda yer alsa da cənab Tsounqas digər müsahibəsi zamanı fikirlərinin təhrif olunduğunu və səhv tərcümə edildiyini bildirmişdir: “Ötən cümə günü Gənc Diplomatlar Birliyinin üzvləri qarşısında çıxışım zamanı Dağlıq Qarabağla bağlı suala verdiyim cavab düzgün tərcümə edilməmişdir. Mənim düşüncələrim tam əks olunmamışdır. Beləliklə, mən çıxışım zamanı dedim ki, Yunanıstan beynəlxalq hüquq çərçivəsində münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyir. Mən beynəlxalq hüquq normalarına hörmət olunmasının vacibliyini qeyd etmişəm və bu mövzunun səbr tələb etdiyini söyləmişəm” [12]. Yunanıstanın Azərbaycandakı səfirinin bu çıxışı erməni mətbuatının da marağını cəlb edərək diqqət mərkəzində olmuşdur.

ƏDƏBİYYAT
1. Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Konstantinos Stefanopulosun geniş tərkibdə görüşü // “Azərbaycan”. 22 iyun 2004-cü il. №143
2. Azərbaycan Prezidentinin və xanımının şərəfinə ziyafət // “Azərbaycan”. 18 fevral 2009-cu il. №38
3. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat mərkəzi xəbər verir // “Azərbaycan”. 15 aprel 1997-ci il. №72
4. Azərbaycan və Yunanıstan Prezidentləri mətbuat üçün bəyanatla çıxış etmişlər // “Azərbaycan”. 6 aprel 2011-ci il. №71
5. Azərbaycan-Yunanıstan biznes forumu // “Azərbaycan”. 20 fevral 2009-cu il. №40.
6. Azərbaycan-Yunanıstan əməkdaşlığı həyatın tələbidir // “Azərbaycan”. 12 aprel 1997-ci il. №70
7. Azərbaycan-Yunanıstan münasibətləri // http://www.mfa.gov.az/files/file/Azerbaycan_-_Yunanistan_munasibetleri_14.08.2014.pdf
8. Dövlət başçılarının mətbuat üçün bəyanatları // “Azərbaycan”. 17 fevral 2009-cu il. №37
9. Əliyev Azad. “Biz Bakıya minnətdarıq” // “Həftə içi”. 26 fevral 2009-cu il.
10. Əliyev. İ.H. İnkişaf – məqsədimizdir. Altmış üçüncü kitab, May 2014 – İyul 2014. B., Azərnəşr, 2018, 408 səh.
11. Qaraxancallı Anar. “Yunanıstan Azərbaycanla birbaşa əməkdaşlıqda maraqlıdır” // “Zaman”. 18-20 iyun 2011-ci il.
12. Посол Греции в Баку опроверг сообщение азербайджанского СМИ // http://www.golosarmenii.am/article/49994/posol-grecii-v-baku-oproverg-soobshhenie-azerbajdzhanskogo-smi
13. Prezident İlham Əliyevin və Baş nazir Kostas Karamanlisin mətbuat üçün bəyanatları // “Azərbaycan” 20 fevral 2009-cu il. №40
14. Səfir: “Afina Dağlıq Qarabağ məsələsində rəsmi Bakının tərəfindədir” // https://report.az/dagliq-qarabag-munaqishesi/sefir-afina-dagliq-qarabag-meselesinde-resmi-bakinin-terefindedir/
15. Yunanıstan-Azərbaycan əlaqələri: İqtisadi əməkdaşlıqdan siyasi tərəfdaşlığa // https://teleqraf.com/news/hadise/9561.html
16. Yunanıstan Prezidentinin şərəfinə // “Azərbaycan”. 23 iyun 2004-cü il. №144
17. Yunanıstan səfiri Merkurios Karafotiasın etimadnaməsini qəbul edərkən Azərbaycan Prezidenti Heydər Əliyevin söhbətindən (Bakı, 6 dekabr 2000-ci il) // http://lib.aliyev-heritage.org/az/1219501.html

Açar sözlər: Yunanıstan, Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ, siyasi münaqişə, Cənubi Qafqaz, beynəlxalq təhlükəsizlik
Keywords: Greece, Azerbaijan, Armenia, Nagorno-Karabakh, political conflict, the South Caucasus, international security
Ключевые слова: Греция, Азербайджан, Армения, Нагорный Карабах, политический конфликт, Южный Кавказ, международная безопасность.

Ilyas Huseynov
The Armenia-Azerbaijan Nagorno-Karabakh conflict
and the position of Greece
SUMMARY
This article discusses the role and position of Greece in the Armenian-Azerbaijani, Nagorno-Karabakh conflict. Particular attention is paid to the views expressed during the meetings of the presidents of Greece and Azerbaijan. In addition, the article widely covers the position of the Greek ambassadors in Azerbaijan on the issue of Nagorno-Karabakh.

Ильяс Гусейнов
Армяно-азербайджанский нагорно-карабахский
конфликт и позиция Греции
РЕЗЮМЕ
В данной статье рассматривается роль и позиция Греции в армяно-азербайджанском, нагорно-карабахском конфликте. Особое внимание уделяется мнениям, высказанным в ходе встреч президентов Греции и Азербайджана. Кроме того, в статье широко освещается позиция греческих послов в Азербайджане по проблеме Нагорного Карабаха.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018



Strategiya.az

Xəbərlər
21.04.2019

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

21.04.2019

Sabahın hava proqnozu

21.04.2019

Çaylarda sululuq səviyyəsi dəyişib

21.04.2019

Şri-Lankada törədilən partlayışlarda 25 nəfər ölüb

21.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

21.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

21.04.2019

Sabahdan Formula 1 ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq yolların SİYAHISI

21.04.2019

PSJ klubu "Monako" ilə oyuna 500 yanğınsöndürən dəvət edib

21.04.2019

Bu gün 29 şəhər və rayonda 22 min 748 şagird imtahan verəcək

21.04.2019

Türkiyədə son 117 ildə 210 güclü zəlzələ baş verib

21.04.2019

"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub

21.04.2019

Sumoçumuz Avropa çempionatında qızıl medal qazanıb

20.04.2019

Qar 60-dan çox kəndin yolunu bağladı

20.04.2019

İndi də İsfəndiyar Axundovun qardaşı oğlu... 

20.04.2019

Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI - VİDEO

20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq