DƏYƏR ANLAYIŞININ MAHİYYƏTİNƏ DAİR

09:00 / 05.02.2019

Vəfa Rəcəbli
Bakı Dövlət Universiteti

Dəyərlər insan, cəmiyyət və bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən, insan və cəmiyyətin fəaliyyətinin əsas hərəkətverici qüvvəsi olan, subyekt-obyekt münasibətlərində fərdi və sosial baxışları müəyyənləşdirən, maddi və ideal varlıqların sintezini təşkil edən (əşyalar, proseslər, bilik və modellər və s.) rasional və irrasional konstruksiyaların mürəkkəb vəhdət formasıdır.
Sosial və mənəvi dəyərlər fərdin digər insanlarla, cəmiyyətlə əlaqəsini təmin edir və bu əlaqə vasitəsilə fərd öz varlığını genişləndirir. Fərd öz varlığını həm cəmiyyətdə, həm də mənəvi sferada genişləndirmək üçün müxtəlif dəyərlərin yaradıcısına çevrilir. Çünki bu yaradıcılıq prosesi, ona öz varlığının fövqünə çıxmağa və əbədiyyət qazanmağa imkan verir. Deməli, insan dəyərləri dəyərləndirmək vasitəsilə individual səviyyədən sosial, sosial səviyyədən ümumbəşəri, ümumbəşəri səviyyədən metafizik səviyyəyə qədər özünü reallaşdıra və təsdiq edə bilir. Bu prosesdə həm də dəyərlərin özü inkişaf edir və şəxsiyyətin bütün mənəvi potensialının təzahürü kimi ortaya çıxır. Onun irrasional və rasional, prior və aprior potensialı sinergetik şəkildə fəaliyyətə keçir. Təbii ki, insan bütün aksioloji proseslərin yeganə generatoru rolunda iştirak etdiyi üçün, aksioloji tədqiqatların əsas obyekti də insan olmalıdır.
İnsan, sosial varlığın mütləq bir səbəbi kimi deyil, müxtəlif sistemlər arasında bir vasitəçi, ötürücü kimi dəyərləndirilməlidir. Əgər, K.Yunqun “kollektiv şüuraltı” nəzəriyyəsinə nəzər salsaq görərik ki, sosial varlığın subyekti olan insan tarixi yaddaşın müasir dövrə keçidində körpü rolunu oynayır. Onun şüurunda və sosial davranışlarında “kollektiv şüuraltı”nın və onun arxetiplərinin rolu böyükdür. İ.Kantın “aprior bilik” ideyası da təsdiq edir ki, sosial idrakın mahiyyətində dayanan və onu idarə edən dəyərlərin strukturunu təşkil edən informasiyalar ekzistensial və transsendentaldır. Onlar insanın şüurlu və şüuraltı refleksiyası ilə dəyərlərin yaranmasında və inkişafında iştirak edirlər. Lakin buna baxmayaraq, fərd aksioloji generator rolunda olmaqla yanaşı, həm də bu obyektiv proseslərdə öz subyektiv bioloji və intellektual-psixoloji başlanğıcını qoruyub saxlayır. Onun yaradıcılığı və özünüdərki vasitəsilə cəmiyyətə ötürülən dəyərlər obyektivləşsə də, öz xarakteri etibarilə subyektivlik kəsb edir. Çünki bu dəyərlər fərdin zəkası, iradəsi, hissiyyatı və davranışı ilə formalaşır.
Dəyərlər mahiyyətcə subyektiv xarakter daşısa da, həmçinin, ictimai fenomendir. Dəyərlər aksioloji baxımdan əsasən subyekt və obyekt kontekstində araşdırılır. Yəni, fərdin öz şəxsi dəyərləri olduğu kimi, hər bir cəmiyyətin də öz sosial dəyərləri vardır. Sosial idrakda sosial dəyərlər nə qədər mühüm rol oynasa, onların formalaşmasında fərdi dəyərlər də əhəmiyyətli yer tutur. Sözügedən iki tərəf ayrılmaz vəhdətdə çıxış edir. İnsanın fövqündə duran dəyər olmadığı kimi, dəyərin də fövqündə insan yoxdur. Sosial dəyərlər nə qədər universal olsa da, özündə həmişə fərdi səpki daşıyır. Daha dəqiq desək, insanın şüurunda ideal substansiya qismində mövcud olan dəyərlər sosiallaşana qədər fərdi xarakter daşıdığı kimi, sosial dəyərə çevriləndən sonra da bu xassəsini itirmir. Çünki mədəniyyət vasitəsilə ötürülən universal dəyərlər fərdlərin şüurunda və hissiyyat aləmində fərdiləşərək subyektiv xarakter alır, həm də bunun əksi olan proses baş verir. Subyektiv dəyərlər cəmiyyətin vahid ideologiyası və dini dünyagörüşü kontekstində universallaşır. Bu universallıqda hər bir fərdin öz hissi, zövqü və düşüncə payı azalmaqda davam edir.
Dəyərlərin ontologiyası, insanın şüur və mənəviyyatının araşdırılması ilə birbaşa bağlıdır. Çünki fərdin idealından qaynaqlanan dəyərlər İ.Kantın “aprior bilik” ideyasının inkişaf etdirilməsini tələb edir. Buna görə də, müasir tədqiqatçılar dəyərlərin subyekt və obyektinin axtarılmasına, onların subyektiv ontologiyasının dialektik metodlar kontekstində tədqiqinə mühüm əhəmiyyət verirlər.
Dəyərlər öz mahiyyətinə görə obyektiv, sosial və obyektiv-subyektiv xarakter daşıyır və o, funksional əhəmiyyət və fərdi məna vasitəsilə səciyyələnərək praktiki fəaliyyətin nəticəsi kimi ortaya çıxır.
Dəyərlərin mahiyyəti məsələsi mürəkkəb və çətin anlaşılan məsələdir. Ənənəvi olaraq dəyərlər bütün vahid bir substansiya hesab olunmuşdur. Əgər bütün dəyərlərin generatoru insandırsa, o zaman, dəyərlərin ayrıca bir substansiya hesab olunması nə qədər doğrudur?
Dəyərlərin strukturu intensionallıq, simvol və anlayış tərkibindən, onun mövcudluq və təzahür səviyyəsi isə əhəmiyyət, məna və təcrübədən ibarətdir.
1. İntensionallıq - deyəndə, subyektin daxili potensialından cəmiyyətə istiqamətlənən məqsədyönlü təsir prosesində (istək, iradə, tələbat, maraq, mənəvi enerji) sosial mühitin dəyişməsi nəzərdə tutulur. Bu, özünü həm də ənənəvi cəmiyyət normalarına etiraz şəklində və ya cəmiyyəti dəyişən innovativ ideyalarda biruzə verə bilir. L.Qumilyovun ifadəsi ilə desək, cəmiyyət içində meydana çıxan bu sonuncu tip şəxslər və sosial qruplar passionar elementlərdir. Onlar cəmiyyəti yeniləyən və onu ətalət durumundan çıxaran dəyər generatorlarıdır. Tarixdə böyük inqilabi hərəkatların təməlində intensional qruplar dayanırlar. Bəzən bu real güclərin potensialından öz məqsədləri üçün istifadə etməyə çalışan və edən siyasi liderlər də olur. İntensionallıq həm rasional, həm də irrasional xassəyə malikdir. Subyektdən obyektə cəhd prosesində bütün daxili potensiallar bir araya gələrək özünü reallaşdırmağa çalışır.
2. Simvol - dəyərlərin strukturunu təşkil edən irrasional, təhtəlşüur və mücərrəd tərkibə malikdir (K.Q.Yunq, Q.Vernon, E.Fromm). O, özünü bütün dəyərlər sistemində, xüsusilə mənəvi dəyərlərdə, çox vaxt da mifik təfəkkür formalarında biruzə verir. Simvollar müəyyən anlayış və işarələrdə təcəssüm olunsa da, məna yükü baxımından çox mücərrəd və dərin məzmuna malikdirlər. Burada mədəniyyət vasitəsilə ötürülən sosial-tarixi informasiyalar, təcrübə, mənəvi keyfiyyətlər və həyəcanlar sinkretik əlaqədə mövcuddurlar. Bunlar ümumiləşdirilmiş mücərrəd simvolların zahiri görüntüsündə ifadə olunurlar. Q.Vernon simvolu fərdin ətraf mühitlə hormoniyasını təmin edən işarə və mənanın vəhdəti, fərdin özünütəsdiq forması hesab edir [10; s. 123-124].
Simvolun formalaşmasında iştirak edən sosial qruplar ona həm şüurlu, həm də şüuraltı şəkildə dəyər verirlər. Çünki onu öz mənəvi varlıqlarının ayrılmaz bir hissəsi hesab edirlər. Simvollar həmin sosial qrupların şüuraltı aləmində, “kollektiv şüuraltı” konstruksiyasında sosial davranışları müəyyənləşdirən arxetiplərlə birbaşa və dolayısı ilə bağlıdırlar. Müəyyən sosial durumlarda arxetiplər simvollara olan refleksiya ilə ictimai şüur səviyyəsinə qədər yüksələ bilir. Gərgin tarixi durumlarda və tarixi keçid dövrlərində simvollar ictimai proseslərin idarə olunmasına güclü təsir göstərir. Çünki onlar mövcud cəmiyyətin şüurunu onun tarixi şüuru ilə bağlayan assosativ məzmuna malikdirlər. Məsələn, SSRİ-nin süqutu ərəfəsində postsovet məkanında milli, dini və etnik simvolların meydana çıxması və mövcud durumla tarixi yaddaşı bir araya gətirən assosasiyaların fəallaşması müşahidə olunmuşdur. Bu simvolların bir hissəsi öz əksini milli dövlətlərin bayraqlarında və dövlət atrubutlarında tapır. Azərbaycan bayrağında olan səkkizgüşəli ulduz, hilal, rənglər çox dərin məzmuna malik olan simvollardır.
3. Anlayış - bütün dəyərlərin strukturunu təşkil edən rasional və məntiqi tərəfdir. O, yalnız rasional təhlil obyektlərində (etik, siyasi və sosial dəyərlərdə) deyil, həm də irrasional obyektlərin (ezoterik, dini və mistik dəyərlərin) təhlilində istifadə olunur. Bu onunla izah olunur ki, rasional anlayışlarda irrasionallığın, irrasional anlayışlarda rasionallığın bu və ya digər şəkildə öz payı vardır. Məsələn, azadlıq və ədalət anlayışlarının konkret rasional tərkibi hüquq və siyasi nəzəriyyələrdə əks olunursa, onun irrasional tərkibi həmin anlayışların dini və mistik şərhində meydana çıxır.
Dəyərlərin mövcudluq və təzahür səviyyəsi isə əhəmiyyət, məna, təcrübə tərəflərindən ibarətdir. Q.Rikkert bu üç anlayış arasında məntiqi əlaqə quraraq, onların dəyərlərin ontologiyasında mühüm əhəmiyyətini vurğulamışdır.
1. Əhəmiyyət – fərdin daxili və ətraf aləmi ilə əlaqə zəncirini yaradan mühüm dəyər komponentidir. Bu əlaqənin təməlində fərdin həyatının mənasını təşkil edən maraqları dayanır. Maraqlar, onun ətrafdakı obyektləri dəyərləndirməsinə və beləliklə də, dəyərlərin yaranmasına səbəb olur. V.Vasilenkoya görə, dəyər məhz əhəmiyyət vasitəsilə birinin varlığını digəri üçün açıqlayır [1; s. 33]. Obyekt nə qədər dərin məzmuna malikdirsə, ona verilən əhəmiyyət səviyyəsi də bir o qədər yüksək olur. Əhəmiyyət səviyyəsi əksər hallarda məzmun səviyyəsi ilə ölçülür. R.Hartman bunu formal aksiologiya kontekstində “dəyərlərin ölçülməsi” (measurement of values) meyarı hesab etmişdir [9; s. 39].
Hər bir fərd əhəmiyyət verdiyi obyektlərlə həm dəyərləri yaradır, həm də onların vasitəsilə özünü reallaşdırır. Bu, obyekt və subyekt münasibətlərində sərhədlərin aradan qaldırılmasına şərait yaradır. Qeyd olunan dərketmə prosesində subyekt obyektləşir, obyekt isə subyektivləşir. Yəni, sosial idrak prosesində dualizm ortadan qalxır. Məsələn, insanda vətən sevgisi fenomeni buna misal ola bilər. Vətən uğrunda canından keçən və ölümə şüurlu şəkildə getməyə hazır olan insanların idrakında vətən subyektdən kənar bir obyekt kimi dəyərləndirilə bilməz. Çünki, onun vətən obyektinə verdiyi əhəmiyyət elə bir dəyərə çevrilir ki, bu onun subyektiv varlığının ayrılmaz hissəsi olur. Yaxud, ananın öz övladına verdiyi əhəmiyyət elə bir dəyərdir ki, onda subyekt-obyekt dualizmini müşahidə etmək çox çətindir. Dəyərlərdə əhəmiyyət komponenti vəhdət və harmoniyaya yönəldən yüksək mənəvi şüurun formalaşmasında mühüm rol oynayır.
Q.Rikkertə görə, fayda və dəyərləndirmənin özü dəyər olmasa da, onlar əhəmiyyət baxımından dəyərləri gerçəkliyə bağlayırlar. Onun fikrincə, dəyərlər subyekt və obyektin fövqündədirlər. O, yazır: “Dəyərlər fiziki və psixoloji gerçəkliklərlə bağlı deyildir. Onların mahiyyəti faktologiyada deyil, əhəmiyyətindədir. Dəyərlər ancaq gerçəkliklə əlaqədardır və bu əlaqənin iki mənası vardır. Birincisi, dəyər, obyektə elə birləşə bilər ki, o, faydalı olar. O, həmçinin, subyektin fəaliyyəti ilə də elə birləşə bilər ki, bu fəaliyyət dəyərləndirməyə çevrilər” [4; s. 55]. Q.Rikkert problemə subyekt-obyekt kontekstində deyil, gerçəklik-dəyərlər çərçivəsində baxmağın tərəfdarı idi. Ona görə, subyekt-obyektdən ibarət olan gerçəklik dəyərlərlə ziddiyyətdədir və dünyada problemlərin mahiyyəti buradan qaynaqlanır.
2. Məna – dəyərlərin formalaşmasında ilk səbəb funksiyasını və əhəmiyyət ilə təcrübə arasında əlaqə rolunu oynayır. Çünki fərdin daxilindəki fenomenlərin və onun ətrafındakı obyektlərin dəyərləndirilmə səviyyəsi, ona verilən məna ilə ölçülür. Məna dəyərlərin təzahür forması kimi meydana çıxır. Fərdin məqsəd və iradəsi arasında dinamik əlaqəni yaradan məna, həm səbəb, həm də nəticə kimi aşkar olunur. O, səbəb kimi fərdi ideala, nəticə kimi idealın reallaşdırılmasına təşviq edir. Subyekt bu səbəb və nəticə əlaqəsində özünü dərk edir. Lakin, nəticə mənanın ideal səviyyəsini əks etdirə bilmədiyi üçün, onun səbəbini təşkil edən ideallıq daima dəyərlərin transsendental xarakter daşımasına səbəb olur. Əslində bu, iradənin məqsədə doğru istiqamətlənməsinə təmin edən aksioloji mexanizmdir. Əks təqdirdə, dəyərlərin sosial ontologiya və epistomalogiyada aparıcı rolu ortadan qalxar və sosial idrak prosesi dialektik xarakterini itirər.
Dəyərlərin məna komponenti insanın mənəvi sferasının ən dərin, təhtəlşüur səviyyəsini təşkil etməklə yanaşı, həmçinin, Həqiqət, Xeyir, Gözəllik kimi yüksək mədəni-tarixi dəyərlərin ortaya çıxmasına şərait yaradır. Bu dəyərlərin substansiyasını insanın mahiyyətində, məna kontekstində araşdırmaq lazımdır. Bu baxımdan, aksioloji və sosial idrak istiqamətində aparılan araşdırmaların nəticəsi, insanın mənəvi varlığının dərkini zəruri edir.
Şərq təfəkküründə mənanın nəzəri aspektlərinin daha güclü olduğunu və onun praktikada təcəssüm olunmadığını müşahidə ediriksə, Qərb təfəkküründə onun praktiki tərəfinin üstün olduğunu və nəzəri substansiyadan ayrıldığını görürük. Əslində isə, dəyərlərin inkişafında və onların dərk olunması prosesində onun nəzəri və praktiki tərəfləri bir-birini tamamlamalıdır. Bu, sosial təkamül prosesinin keyfiyyət baxımından daha da təkmilləşməsinə şərait yaradar.
Dəyərlərin əsas komponentini təşkil edən mənada məqsəd amili subyektin iradəsini ideala yönləndirən bir vasitə kimi “Nəyə görə mən bu işi görürəm?” və “Bu işin sonunda məni nə gözləyir?” kimi fundamental suallara cavab tapmağa vadar edir. Bu özünüdərk prosesi sosial idrakın əsas komponentini təşkil edir [6; s. 38]. Marksist yanaşmaya görə isə, məqsəd, dərkolunan zərurətdir. Bu yanaşmaya görə, dərkolunmayan məqsəd, məqsədyönlü şəkildə sosial dəyər yarada bilmir və abstrakt subyektiv səviyyədən kənara çıxmaq imkanlarını itirir. İqtisadi tələbat sosial dərketmə prosesinin əsas təkanverici qüvvəsinə çevrilir. Lakin bir çox fenomenologiya, postmodernizm və digər fəlsəfə məktəblərinin nümayəndələri (A.Berqson, M.Merlo-Ponti və s.) buna qarşı çıxaraq, subyekt və obyekt münasibətlərinin bazasında yalnız iqtisadi tələbatların deyil, çoxşaxəli mədəni-mənəvi amillərin dayandığını qeyd edirlər. Onlara görə, cəmiyyətdə məqsəd yaradan və ona doğru yönləndirən tələbatların özü dəyərlərin mahiyyətini nəinki təşkil edirlər, hətta onların məna komponentinin nəticəsi kimi ortaya çıxırlar [3;s. 150].
Məna bir axtarış prosesi və ya fərdin özünüdərk cəhdidir. V.Frankl bunu, “nooloqiq ölçü” və ya özünün fövqünə çıxmaq kimi dəyərləndirir. Ona görə, insanın bioloji və sosial valığının fövqündə mövcud olan “ruhun noetik ölçüsü”ndə dəyərlərin mahiyyətində dayanan məna sferası vardır [7; s.130]. Məna özü məqsəd deyildir. Məqsəd, mənanın içindəki mənanı tapmaqdır. Dəyərlərin mahiyyətində gizlənən sirr budur. İ.Kanta görə bu sirli məna aprior bilikdir. Hər bir obyektin və ya fenomenin, yaxud dəyərlərin içində gizlənən məna içində mənanın irrasional axtarışı, bumeranq kimi subyektdən özünə qayıdır. Çünki insandan kənarda məna olmadığı kimi, mənadan kənarda da insan yoxdur. Bu baxımdan, aksioloji tədqiqatların mərkəzi insandır.
Q.Rikkertə görə, mənaya anlamaq vasitəsilə deyil, şərh vasitəsilə daxil olmaq mümkündür. Buna görə də, o, mənanın dəyərlərin tərkibinə daxil olmadığını və yalnız, “dəyərlərə işarə etdiyini” bildirir. Ona görə, dəyərlər obyektiv mənaya malikdir. Məna, varlıq və dəyərlər aləmi arasında vasitədir. Bu baxımdan, mədəniyyət, özündə daşıdığı məna ilə hər iki aləm arasında əlaqələndirici rolunu oynayır [5; s. 35].
M.Veber dəyərlərin mənasına şərh yolu ilə daxil olmağın mümkün olmadığını bildirir. Çünki hər bir şərh subyektiv xarakter daşıdığı üçün, hər hansı bir obyektə verilən şərhdə şərhçinin subyektiv baxışları üstünlük təşkil edir. Bu baxımdan, dəyərlər obyektiv olaraq şərhin fövqündə qalır. Şərhçinin dəyərlərə verdiyi qiymət, dəyərlərin yalnış istiqamətdə anlaşılmasına səbəb olur. Çünki dəyərlər tarixi proseslərin və səbəb-nəticə əlaqələrinin fövqündədir. Ona görə, empirik metodlar da dəyərlərin müəyyən mədəniyyət kontekstində dəyərləndirilməsinə şərait yaradır [2; s. 44].
Dəyərləndirmə prosesinin tərkib hissəsi olan məntiqi və intuitiv şərh subyekt üçün dəyərin əhəmiyyətini artırır. E.Levinas dəyərlərin formalaşmasında dilin rolunu və hermenevtik metodları önə çəkən M.Haydeqqerin ənənəsini davam etdirərək bildirir ki, mənanın ortaya çıxmasında iştirak edən təcrübə dil və onun simvolları ilə əlaqəlidir. Dəyərlərin mahiyyətində mənanın müstəqil substansiyası yoxdur. Məna subyektin əhəmiyyət verdiyi dəyərlərdə təcrübə yolu ilə meydana çıxır [3; s. 129].
Hər bir iradənin məqsədini təşkil edən məna müsbət və ya mənfi ola bilər. Məsələn, xoşbəxt olmaq məqsədi və ona doğru edilən cəhd müsbət tendensiya kimi qiymətləndirilir. Bu baxımdan, xoşbəxtlik dəyəri ümumbəşəri xarakter daşıyır. Lakin bu dəyərə verilən məna hər bir fərdə görə dəyişə bilər. Bir qrup insan üçün xoşbəxtliyin mənası maddi zənginlik, digəri üçün sağlamlıq, başqa birisi üçün mənəvi azadlıq və digər amillər ola bilər. Bunlar, fərdlərin xoşbəxtlik anlayışına verdikləri məna yükü və bu mənaya verdikləri əhəmiyyətdir. Bu məna və əhəmiyyət, onların həyat fəaliyyətinin əsasında dayanan dəyərlərə çevrilir. Əslində, bu dəyərlər bir-birini istisna etmir, əksinə bir-birini tamamlayırlar. Bu baxımdan onlar xoşbəxtlik anlayışının fərqli atributlarına əhəmiyyət verərək, vahid məna kontekstində fəaliyyət göstərirlər. Çünki xoşbəxt olmaq üçün zənginlik, sağlamlıq, mənəvi azadlıq və digər amillər vacibdir. Deməli, dəyərlər substansional baxımdan pozitiv fenomenlərdir. Neqativ olan amil, məqsədə çatmağın üsul və vasitələrində meydana çıxır. Məsələn, həm öz zəhmətinlə, həm də digərlərinin zəhmətini istismar etməklə də zənginləşmək mümkündür. Yaxud, digərlərinin sağlamlığına zərər verməklə öz sağlamlığını qorumaq mümkün olduğu kimi, öz sağlamlığını digərlərinin zülmü üzərində qurmamaq da olar. Lakin xoşbəxtlik dəyərinə ucalmaq istəyən şəxslərin üsul və vasitələrinin əxlaqi dəyərlər baxımdan təhlili, onların neqativ və pozitiv xarakterini ortaya qoyur.
3. Təcrübə - subyektin əhəmiyyət verdiyi dəyərləri emosional-psixi (həzz, həyəcan, qorxu, ağrı, vəcd) və əqli-mənəvi (sevinc, kədər, sevgi, nifrət) şəkildə hiss etməsi və onları həyat tərzinin ayrılmaz hissəsinə çevirməsi ilə bağlıdır. O, dəyərlərin dərk olunması prosesində mühüm amildir. Hisslərlə bağlı təcrübənin yaratdığı dəyərlər vital və gedonist xarakterlidir. Etik və ekzistensial dəyərlər hisslərlə bağlı yaranmır.
Təcrübə subyektivdir və o, fərdin hissləri, duyğuları ilə daha çox bağlıdır. Çünki onu rasional-məntiqi şəkildə sonadək izah etmək mümkün deyildir. Təcrübə vasitəsilə subyekt dəyərlərin mahiyyətinə daha dərindən varmaq imkanı əldə edir. Çünki o, təcrübə prosesində dəyərləri obyekt kimi deyil, özünün daxili substansiyası kimi hiss edərək mənimsəyir. Təcrübə sosial dəyərlərin subyekt üçün əhəmiyyət səviyyəsini müəyyənləşdirir. Onun fövqündə istənilən sosial dəyər formal xarakter daşıyır. Təcrübə olunan dəyər nə qədər gərgin emosional-psixi və əqli-mənəvi xarakter (əzab, əziyyət, fədakarlıq) daşıyırsa, onun subyekt üçün əhəmiyyəti bir o qədər yüksək olur. Təcrübə mərhələsindən keçməyən dəyər subyekt üçün dəyər əhəmiyyəti daşımır və dolayısı ilə sosial dəyərə çevrilmir. Deməli, sosial dəyərlərin mahiyyətində dərin subyektiv emosional-psixi və əqli-mənəvi faktorlar dayanır.

ƏDƏBİYYAT
1. Василенко В.А. Ценность и ценностное отношение / В.А. Василенко // Проблема ценности в философии. — М.-Л., 1966, - 244 с.
2. Вебер М. Критические исследования в области логики наук о культуре. В сб.: Культурология XX в. Онтология. М., 1995, - 703 с.
3. Левинас Э.Время и Другой.Гуманизм другого человека.СПб.1998,264 с.
4. Риккерт Г. Философия истории. В кн.: Науки о природе и науки о культуре. М., 1998, - 413 с.
5. Риккерт Г. О понятии философии. В кн.: Науки о природе и науки о культуре. Москва 1998, - 413 с.
6. Степин В.С. Теоретическое знание. Москва, 2000, - 744 с.
7. Франкл В. Воля к смыслу. Москва, 2000, - 236 с.
8. Шелер М. Философское мировоззрение. В кн.: Шелер М. Избранные произведения. М., 1994, - 490 с.
9. Hartman R.S. Formal axiology and the measurement of values. Values theory in philosophy and social science. Gordon and Breach, 1973.
10. Vernon G.M. Values, value definitions, and symbolic interaction. Value theory in philosophy and social science. Gordon and Breach, 1973.

Açar sözlər: dəyərlər, əhəmiyyət, məna, təcrübə.
Ключевые слова: ценности, важность, смысл, опыт.
Keywords: values, importance, meaning, an experience.

Резюме
О сущности понятия ценности
В наше время сущность ценностей, их классификация, их отношения с человеком и обществом, не были решены и стали предметом широких дискуссий.Интерес к проблеме обусловлен социальной необходимостью. Потому что в сущности социального познания стоит также, аксиоматическая онтология. Без понятия сущности ценностей, невозможно понять социальную деятельность и поведенческие нормы. Негативная оценка ценностей для одной группы, которые являются позитивными для другой социальной группы, а также ценности, которые дают прогрессивные результаты для одних, являются регрессивными для других, или тот факт, что для одних ценности которые не имеют никакого значения, а для других превращается в идеал - движущая сила социальной деятельности. Нет необходимости говорить о социальных закономерностях, не исследуя эту силу и ее механизм.

Summary
About the essence of the concept of value
Currently, the content of values, their classification, their interrelation with individuals and society is not completely clarified, and is a matter of discussion. The reason of interest in this problem is the actuality of such kind of problems for modern society. Another reason may be a social necessity, because the content of an epistemology includes an axiological ontology. It is impossible to understand social action and behavior patterns without understanding the content of values. The question of whether progressive or ideal values for one social group can be regressive or insignificant for another is the main force that causes all social actions in society. It is useless to study social regularity without studying this force and its mechanism.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018



Strategiya.az

Xəbərlər
21.04.2019

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

21.04.2019

Sabahın hava proqnozu

21.04.2019

Çaylarda sululuq səviyyəsi dəyişib

21.04.2019

Şri-Lankada törədilən partlayışlarda 25 nəfər ölüb

21.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

21.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

21.04.2019

Sabahdan Formula 1 ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq yolların SİYAHISI

21.04.2019

PSJ klubu "Monako" ilə oyuna 500 yanğınsöndürən dəvət edib

21.04.2019

Bu gün 29 şəhər və rayonda 22 min 748 şagird imtahan verəcək

21.04.2019

Türkiyədə son 117 ildə 210 güclü zəlzələ baş verib

21.04.2019

"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub

21.04.2019

Sumoçumuz Avropa çempionatında qızıl medal qazanıb

20.04.2019

Qar 60-dan çox kəndin yolunu bağladı

20.04.2019

İndi də İsfəndiyar Axundovun qardaşı oğlu... 

20.04.2019

Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI - VİDEO

20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq