Müstəqil Azərbaycanın Avropa məkanına inteqrasiyası və bu prosesin tarixi aspektləri

09:00 / 23.03.2019

Aygün Əliyeva
Xəzər Universiteti

XX əsrin sonunda dünyada sosialist ideologiyasına xidmət edən nəhəng ittifaqın dağılmasından sonra etnosiyasi münaqişələr arenasına çevrilən Cənubi Qafqaz, əvvəlki kimi Rusiyanın təsir sahəsində qalaraq, regionun digər dövlətlərinin və o cümlədən, Avropanın maraq dairəsinə daxil oldu. 90-cı illərin əvvəllərində dünyanın mötəbər qurumlarının və ayrı-ayrı dövlətlərin Cənubi Qafqazdakı milli münaqişələrə olan mövqeləri tam müəyyən deyildi və məlum oldu ki, onlar kifayət qədər “ehtiyat” xarakteri daşıyır. Cənubi Qafqaz regionunda üç əsas münaqişənin heç birinin tənzimlənməməsi Avropa Birliyini bu münaqişələri daima nəzarət altında saxlamağa məcbur edirdi. Unutmaq olmaz ki, Azərbaycan üçün Avropa ilə qarşılıqlı əlaqələrin qurulması və inkişafı strateji əhəmiyyətə malikdir. Bu əlaqələr tarixən mövcud olmuş və bu gün də eyni formada inkişaf etməkdədir. Azərbaycan zaman-zaman bu qarşılıqlı münasibətlərdə əhəmiyyətli tərəfdaş kimi çıxış etmiş, dostluq və əməkdaşlıq barəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir.

Avropa İttifaqı-Azərbaycan münasibətlərinin
formalaşması tarixi
Avropa İttifaqının Azərbaycana olan siyasi və strateji maraqları böyükdür. Azərbaycan Asiya və Avropanın qovşağında yerləşir və böyük enerji ehtiyatlarına, tranzit potensialına malikdir. Avropa İttifaqının həyata keçirdiyi tarazlaşdırılmış siyasi-iqtisadi inkişaf strategiyası baxımından Azərbaycan ilə əməkdaşlıq çərçivəsində enerji ehtiyatlarının alınması Avropa İttifaqının enerji asılılığına son qoya biləcəyi görüşü yüksək dəyərləndirilir. Avropa İttifaqı 1993-cü ildən başlayaraq TACIS, TRASECA kimi regional layihələrlə Cənubi Qafqaz bölgəsində əsas iştirakçılardan birinə çevrilməyə başlamışdır. Bundan başqa 1996-cı ildən başlayaraq TƏS, daha sonra 2004-cü ildən isə YQS çərçivəsində Azərbaycanla əməkdaşlıq genişləndirilmiş və inkişaf etdirilmişdir. Əldə edilən uğurlar hər iki tərəfin səyinin nəticəsidir.
Azərbaycan üçün də Avropa İttifaqı olduqca önəmli tərəfdaşdır. Azərbaycan tərəfi Avropa İttifaqı ilə əməkdaşlıqda iki əsas məqsəd güdür. Birincisi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dünya dövlətlərinə çatdırılması və bununla da münaqişənin məhz Azərbaycanın maraqlarına uyğun həllinin təmin edilməsi7; İkinci, Azərbaycan öz enerji və tranzit potensialının Avropa üçün əhəmiyyətini dərk edir və bundan maksimum yararlanmağa çalışır. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün yeni investisiyalar, yeni enerji layihələri deməkdir. 1991-2006-cı illərdə xarici siyasətdə qarşıya qoyulmuş bu iki məqsəd Azərbaycanın Avropa İttifaqı və ona üzv olan dövlətlərlə siyasi və iqtisadi əlaqələrinin mahiyyətini təşkil edir.6 Əgər nəzərə alsaq ki, Avropa İttifaqının Azərbaycana olan marağı ona üzv olan dövlətlərin marağıdır, onda əminliklə deyə bilərik ki, Avropa İttifaqının Azərbaycanla bağlı son illərdə nümayiş etdirdiyi müsbət mövqe ona üzv olan dövlətlərin mövqeyidir. Azərbaycanın son 25 illik diplomatiya tarixinə nəzər salsaq görərik ki, Avropa İttifaqı və ona üzv olan Avropanın aparıcı dövlətlərinin Azərbaycana bu gün müsbət münasibəti Azərbaycan tərəfindən asan əldə olunmamışdır. Bir çox yanaşmalara görə bu cür münasibət Azərbaycanın enerji və tranzit potensialı ilə bağlıdır. Əlbəttə, bu amil mütləq nəzərə alınmalıdır. Lakin təkcə bu amili əsas gətirmək olmaz. Əslində 1991-2006 cı illər Azərbaycanın Avropa dövlətləri ilə siyasi və digər sahədə münasibətlərinin qurulması ilə bərabər, ümumiyyətlə, Azərbaycanın müstəqil bir dövlət kimi xarici siyasət kursunun, diplomatik ənənələrinin formalaşması və inkişafı dövrüdür. Bu dövr həm də suveren siyasət yürüdən bir dövlətin tarixinin müasir mərhələsini təşkil edir.
Artıq qeyd etdiyimiz kimi, Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərlə siyasi münasibətləri müstəqilliyin ilk illərindən başlayaraq Avrointeqrasiya prosesi çərçivəsində formalaşmış və inkişaf etmişdir. Avrointeqrasiyanı xarici siyasətin prioritet istiqamətinə çevirən, Azərbaycanın konkret olaraq qarşısına qoyduğu məqsədlərin açıqlanması, aydınlaşdırılması olduqca zəruri bir problem olaraq durur. Əsas siyasi məqsədlərin müəyyən edilməsi aktualdır.8
Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərlə siyasi münasibətlərinin formalaşması və inkişafı, müasir dönəmə gəlib çıxması böyük bir zəhmətin, gərgin bir işin nəticəsidir. Faktiki olaraq burada Avropanın ən inkişaf etmiş 28 dövlətindən söhbət gedir. Müasir diplomatiya tariximizin öyrənilməsi zamanı problemin subyekt səviyyəsində nəzərdən keçirilməsi olduqca aktual xarakter daşıyır. Heç şübhəsiz, Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursunun bütün uğurları Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin, onun xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Artıq qeyd etdiyimiz kimi, Azərbaycanın Avropa dövlətləri ilə siyasi münasibətlərinin formalaşması və inkişafı ilə bağlı öyrənilməmiş çoxlu sayda məqamlar var ki, onların araşdırılması Azərbaycanın müasir diplomatiya tarixi üçün vacibdir. 1991-2006- cı illərdə Azərbaycanın Avropa dövlətləri ilə siyasi əlaqələrinin formalaşmasında Azərbaycan diasporunun da böyük rolu vardır. Onların diplomatik, vasitəçilik fəaliyyətinin öyrənilməsi də olduqca vacib bir məqamdır. Bu problemə də vətən tarixşünaslığında demək olar ki, toxunulmur. Eyni fikri Azərbaycan parlamentinin xarici əlaqələri haqqında da demək mümkündür. Ümumiyyətlə, 1991-2006-cı illərdə Azərbaycanın Avropa dövlətləri ilə siyasi əlaqələri tarixini öyrənmək Azərbaycanın Avropaya inteqrasiya prosesində gözləntilərini, siyasi və iqtisadi maraqlarını, mənafelərini aşkara çıxartmaqda kömək edir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda yaşanan çətin dövrün stabilləşməsi və yaxşılaşdırılmasında Avropa İttifaqının həyata keçirdiyi humanitar və texniki yardım proqramları öz effektini vermişdir. Bunun nəticəsində Azərbaycan getdikcə inkişaf edərək, regionda güclü ölkələrdən birinə çevrilmişdir. Hazırda dünyada bütün proseslər avtomatlaşdırılır və dövr elmi texniki tərəqqiyə xidmət edir. Azərbaycanın yürütdüyü siyasətin hədəfində təhsil, təlim, elmi-tədqiqat, informasiya texnologiyaları, ətraf mühit məsələləri, kənd təsərrüfatı və daşımalar sahəsində Avropa İttifaqı ölkələri ilə daha geniş əməkdaşlığa keçid dayanır. Əgər nəzərə alsaq ki, dünyada miqrasiya prosesi getdikcə sürətlənir o zaman insanların axınını daha da sürətləndirmək və bu prosesə dəstək vermək lazımdır. Bu prosesdə ən böyük yardım isə sərhəd keçidinin optimallaşdırılması və viza rejiminin sadələşdirilməsidir. Azərbaycan bu prosesdə Avropa İttifaqına daxil olmaqla və ya onunla daha sıx əlaqələr qurmaqla daha çox inkişaf edə və insanların yerdəyişməsini daha da rahatlaşdıra bilər.
Azərbaycanın xarici siyasətində avrointeqrasiya
proseslərinin yeri və rolu
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra ölkənin daxili və xarici siyasətini nizamlamaq ən ümdə məsələlərdən birinə çevrildi. Bu siyasətin əsas ünsürlərindən biri ölkəmizin Avropa ilə əlaqələrin qurulması və bu əlaqələrin müsbət yöndə inkişaf etdirilməsi idi. Əslində Avropa ilə əlaqələrin qurulması prosesinin tarixi olduqca qədimdir və bu proses hətta orta əsrlər dövrünə təsadüf edir. Suverenliyimizin 1991-ci ildə bərpası isə bu inteqrasiya münasibətlərində yeni bir mərhələnin formalaşmasına təkan verdi.
Dünya dövlətləri arasında koordinasiya və əməkdaşlığın ən effektiv forması olaraq Avropaya inteqrasiya prosesi özünü günü-gündən bu qoca qitənin aparıcı təşkilatlarına üzv olmaq istəyən dövlətlərin sayının artmasında göstərir ki, bu da öz növbəsində dünya təcrübəsində siyasi inteqrasiyanın Avropa modelinə marağı artırır və onun elmi şəkildə tədqiqatını aktual edir. Bu proseslərin tədqiqi müstəqillik yaşı hələ az olan Azərbaycan üçün dünya birliyində öz yerini tutmağa çalışması, həm qlobal, həm də regional konteksdə yeni dünya düzəninin konfiqurasiyasına uyğun qurulmuş ittifaqlarda özünə yer seçməsi XX əsr dövlətlərinin inkişaf qanunauyğunluqlarını şərh etməyə kömək edir və ölkəmiz üçün hazır təcrübədən yararlanmağa istiqamətləndirir. Siyasi inteqrasiya isə iki və daha çox siyasət subyektinin öz aralarında müttəfiqliyi, müəyyən birlik və təşkilatda birləşməsi və bu prosesin getdikcə intensivləşməsi anlamına gəlir.2
Siyasi inteqrasiya prosesində verilmiş qərarların qəbulu üçün istər dövlət, istərsə də vətəndaş cəmiyyəti institutlarının olması zəruridir. Çünki burada siyasi subyektlərin əməkdaşlığının sıxlaşması və ən əsası isə eyni maraq və dəyərlərə əsaslanan hərəkətin qeydə alınmasından söhbət gedir. İnteqrasiyanın özünü həm proses, həm də vəziyyət kimi də səciyyələndirirlər. Bunu daha yaxşı mübahisəli məsələlərin daim sülh yolu ilə həll olunması məqamlarında başa düşmək olar. Bəzən bu prosesi müddəalarla da ifadə edirlər:
- inteqrativ təsisat kimi Avropanın təməlində duran prinsiplər və dövlətlərarası münasibətin normaları; inteqrasiyanın strateji istiqamətləri;
- onun institusional və konstitusional əsasları, qərarların qəbul edilmə mexanizmi və reallaşdırılması üsulları;
- inteqrasiya siyasətinin başlıca istiqamətləri və sahələri;
- bazar iqtisadiyyatı subyektlərinin inteqrasiya prosesində davranışının ümumi mexanizmləri;
- inteqrasiyanın ictimai-siyasi, sosial mədəni bazası;
- ictimai rəyin və sosial təşəbbüsün səfərbər edilməsi üsulları.3
İnteqrasiya prosesi ən müxtəlif aspektlərdə tədqiqatçılar tərəfindən öyrənilir. Lakin bu özü də maddi faktlarla nəzəriyyə arasında müəyyən fikir ayrılıqlarına gətirib çıxara bilir.
İnteqrasiyanın qlobal, regional və lokal formalarının real surətdə olması hər üç səviyyənin nəzəri baxımdan da işlək konsepsiya və mexanizmlərinin işlənməsi məsələsini aktuallaşdırır. Çünki elə Avropanın öz daxilində inteqrasiya ilə Avroməkana inteqrasiya arasında ciddi fərqlərin olması hüquqi baxımdan da bu məsələnin konseptual əsaslarının formalaşdırılması məsələsini gündəmə gətirir. Sözsüz ki, son yarım əsr ərzində bu sahədə hüquqi baza formalaşdırılıb və dünyanın əksər dövlətləri buna ciddi riayət etməkdədir.
1993-cü ildən 2000-ci ilə qədər davam edən qısa dövrdə Azərbaycanda həyata keçirilən islahatlar Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Azərbaycanı bu təşkilata tamhüquqlu üzv seçməyə imkan verdi. Bu hadisə 2000-ci il iyunun 28-də baş verdi. Azərbaycan öz tarixinin yeni dövrünə daxil oldu. 2001-ci ilin yanvar ayında Azərbaycan bayrağı Avropa Şurasının binası önündə qaldırıldı. Fəaliyyətinin ilk günündən demokratik dəyərləri, insan hüquqlarını və qanunun aliliyini öz təməl prinsiplərindən biri etmiş Azərbaycan diplomatiyası bu ideallar uğrunda mübarizədə mühüm qələbə qazandı.
Bütövlükdə, Avropa İttifaqı Cənubi Qafqaza dair strategiyasını yenicə inkişaf etdirməyə başlamışdır. Bu strategiya və liderlik məharətinin uzunmüddətli və dinamik tədbirlərin görülməsinə yol açmaq, region ölkələrinə daha diqqətli və dəqiq yanaşmanı təmin etməsi faydalı olardı. Cənubi Qafqazda sabitlik, bölgədə vətəndaşların təhlükəsizliyinə sadiqlik həm qonşu ölkələr, həm də Avropa İttifaqı tərəfindən nümayiş etdirilməlidir. Məlum olduğu kimi, AQS öz-özlüyündə münaqişənin qarşısının alınması və ya həlli mexanizmi deyil. Bununla belə, regionun Avropa İttifaqının qonşuluğuna inteqrasiyası region ölkələrini çoxsaylı risklərə getməyi, ən vacibi isə öz suverenliyi və ərazi bütövlüyünü ümumi hədələrdən qorumaq məqsədilə müəyyən mərhələdə birgə və çox düşünülmüş səylərini tələb edəcək.4 Azərbaycanla siyasi və digər sahədə münasibətlərin qurulmasında maraqlı olan Avropa İttifaqı və bu təşkilata üzv olan dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyin münasibətlərin yaxınlaşmasında həlledici faktor olduğunu qəbul edir.5
Nəticə
Fikirlərimizi ümumiləşdirib onu deyə biərik ki, Azərbaycan Respublikasının Avropa və Avroatlantik strukturlarına inteqrasiyası, daha dəqiq ifadə etsək, Avropa və Avroatlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlarına inteqrasiyası dövlətimiz tərəfindən strateji məqsəd kimi müəyyənləşdirilmişdir. Azərbaycanın avroatlantik məkana inteqrasiyasını bir tarixi proses kimi izləyərək belə qənaətə gəlmək olar ki, Azərbaycan və Avropa İttifaqı, bu təşkilata üzv olan dövlətlər arasında münasibətlər formalaşma mərhələsini arxada qoymuşdur. Faktiki olaraq mövcud vəziyyət münasibətlərin düzgün konturlarını cızmağa imkan verir. Azərbaycan və Avropa İttifaqı, ona üzv olan dövlətlər arasında münasibətlər bir neçə kriteriya üzrə qurulmuşdur. Bu münasibətlərin istər siyasi, istər iqtisadi, istərsə də digər tərəfləri Azərbaycanın maraq və mənafelərinə uyğun gəlir.


Ədəbİyyat:
1. Həsənov Ə. “Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri, 1991-1996”. Bakı, “Elm”, 2000. 368 s.
2. Həsənov Ə.M. “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti”. Bakı, “Azərbaycan nəşriyyatı”, 2005. 752 s.
3. Azərbaycan – ATƏT. “Heydər Əliyev İrsi” elektron kitabxanasının məlumat bülleteni. Bakı, 2009. 103 s.
4. ““Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 645 nömrəli Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, M 1, maddə 20.
5. Mehdiyev R.Ə. “XXI əsrdə milli dövlətçilik”. Bakı, “Yeni Nəşrlər Evi”, 2003
6. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq uğurla inkişaf edir
http://customs.gov.az/az/xeberler/15_azerbaycan-ile-avropa-ittifaqi-arasinda-enerji-tehlukesizliyi-sahesinde-emekdasliq-ugurla-inkisaf-ed/ (26.08.2018)
7. Aİ-nın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə verdiyi bəyanatlar
http://www.mfa.gov.az/content/570 (26.08.2018)
8. EU-Azerbaijan relations
https://eeas.europa.eu/headquarters/headquarters-homepage_en/4013/EU-Azerbaijan%20relations (26.08.2018)

Açar sözlər: Azərbaycan, Avropa İttifaqı, Avropa, avrointeqrasiya, iqtisadi əlaqələr, beynəlxalq siyasət, Avropa Şurası.

Ключевые слова: Азербайджан, Европейский Союз, Европа, евроинтеграция, экономические отношения, международная политика, Совет Европы.

Key words: Azerbaijan, European Union, European, euro-integration, economic relations, international politics, Council of Europe.

Резюме:
В современном мире любая международная политико-экономическая организация заинтересована в расширении своих границ. Это эффективный шаг как для власти, так и для новых экономических возможностей. Каждая политическая организация заинтересована в ее членстве в выборе более сильной страны как союзника. Европейский союз также является одним из таких экономических и политических институтов. Он заинтересован в расширении своих границ за счет более мощных стран. Регион Южного Кавказа, включая Азербайджан, можно рассматривать как важный партнер для Европейского Союза. Богатство природных ресурсов и стабильность для экономического развития делают Азербайджан более привлекательным партнером. Хотя Азербайджан не является полноправным членом Европейского Союза, реализуются существенные экономические проекты, и отношения развиваются на основе растущего темпа.


Summary:
In the modern world, any international political and economic organization is interested in expanding its borders. This is an effective step both for the authorities and for new economic opportunities. Each political organization is interested in its membership in the choice of a stronger country as an ally. The European Union is also one of such economic and political institutions. He is interested in expanding his borders at the expense of more powerful countries. The South Caucasus region, including Azerbaijan, can be regarded as an important partner for the European Union. The wealth of natural resources and stability for economic development make Azerbaijan a more attractive partner. Although Azerbaijan is not a full member of the European Union, substantial economic projects are being implemented, and relations are developing on the basis of a growing pace.

 

"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM