AZƏRBAYCAN DİPLOMATİYASININ PARİS SÜLH KONFRANSINDA FƏALİYYƏTİ

09:36 / 16.05.2019

İRADƏ NURİYEVA
Siyasi elmlər üzrə elmlər doktoru, professor

Rusiya imperiyasının dağılması nəticəsində başqa respublikalarla yanaşı Gürcüstan və Azərbaycan adlı respublikaların da yaranması gözlənilməz bir hadisə idi. Cənubi Qafqazda “qəflətən” meydana çıxan bu respublikalar haqqında, nəinki Avropa dövlətlərinin, ABŞ prezidentinin və siyasi dairələrinin, eləcə də Amerika ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Ə.M.Topçubaşov Azərbaycan və Gürcüstan dövlətlərini Birləşmiş Ştatlarda təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı öz öhdəsinə götürən, Nyu-York şəhərindən ABŞ Konqresinin nümayəndələr palatasının üzvü olan vəkil Valter Çandler vasitəsi ilə sentyabrın 26-da prezident V.Vilsona məktub və bir sıra materiallar göndərdi. Ə.M.Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyəti haqqında memorandumu, dövlətin sərhədləri göstərilən iqtisadi xəritəni, Azərbaycan dövlətinin iqtisadi və maliyyə vəziyyəti haqqında diaqramları, etnoqrafik xəritə ilə birlikdə Azərbaycan əhalisinin milli-etnik tərkibi haqqında memorandumu prezident V.Vilsona göndərdi [1, v.56].
Erməni nümayəndələri təkcə Ermənistanın müstəqilliyini tanıtmaq deyil, həm də Azərbaycan və Gürcüstan dövlətlərini Birləşmiş Ştatların siyasi dairələrinin, ictimaiyyətinin gözündə nüfuzdan salmaq istiqamətində güclü iş aparırdılar. Buna görə də, ABŞ-da Azərbaycan dövləti haqqında həqiqətin yayılmasına, Amerika siyasi dairələrində Azərbaycan Xalq Cümhuriyyəti haqqında düzgün təsəvvür formalaşmasına böyük zərurət duyulurdu. Bu məqsədlə Baltik ölkələri, Azərbaycan və Gürcüstan nümayəndələri vəkil V.Çandlerlə müqavilə bağladılar [17, p.39]. Amerikalı Valter M.Çandler Azərbaycan nümayəndə heyətinin tərkibinə təbliğati məsələlərlə əlaqədar hüquq məsləhətçisi kimi qəbul edilirdi və 3 ay müddətinə Azərbaycan Xalq Cümhuriyyətinin mənafeyini və dövlət müstəqilliyini müdafiə etməyi öhdəsinə götürürdü [12, v.131-132]. ABŞ ilə iqtisadi əlaqələr yaratmaq üçün Azərbaycan nümayəndəliyinin maliyyə işləri üzrə məsləhətçi vəzifəsinə təyin olunmuş Amerika vətəndaşı Maks Rabinov Azərbaycan Respublikasından dünya qiymətlərinə uyğun neftin alınmasını, ABŞ maliyyə orqanlarının Azərbaycan dövlətinə kredit verilməsini və Azərbaycan üçün Amerika manufakturalarında istehsal olunan malların alınmasını təşkil etməli idi [11, v.116-117]. 1920-ci il yanvarın 31-ə qədər “Standard oyl” kompaniyasına hər tonu 34 dollardan 6 milyon pud kerosin verilməli idi [5]. Bu kompaniyanın vasitəsi ilə Azərbaycan dövləti ABŞ-dan hər pudu 2,5 dollara 40 min ton taxıl aldı [6]. M.Rabinov az bir vaxtda Birləşmiş Ştatlarda Amerika-Qafqaz kommersiya palatasını təşkil etdi. Bu palata Azərbaycan dövləti ilə ticarət-iqtisadi əlaqələrinin yaradılmasında həlledici rol oynaya bilərdi. Oktyabrın ortalarında Fransa hərbi missiyası ilə birlikdə Fransa Respublikasının Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi də Bakıya gəldi [18, folio 95.]. Bir az sonra İ.Enriko başçılığı ilə İtaliya missiyası Azərbaycan Respublikasına gəldi. İngiltərənin “Kosmos” kompaniyası ilə Azərbaycan nümayəndə heyəti arasında imzalanmış sazişə əsasən, kompaniya Qara dəniz limanlarından Azərbaycan dövlətinin ərazisində olan artıq xammalın daşınıb Avropa ölkələrində satışını təşkil etməyi öz öhdəsinə götürürdü [21, v.128-130]. Fransa dövlətinin teleqraf və telefon kompaniyası Azərbaycan dövlətinin poçt-teleqraf sistemini ümumdünya standartlarına uyğunlaşdırmaq və Gəncə radiostansiyasını Eyfel qülləsindəki Avropa radiostansiyasına qoşmaq üçün Parisdəki Azərbaycan nümayəndə heyəti ilə ikitərəfli razılaşmaya görə, Fransa dövləti Azərbaycan Respublikasına xeyli avadanlıq göndərdi və öz mühəndislərini ezam etdi [2, v.109]. Fransa dövləti ilə poçt-teleqraf işləri üzrə imzalanmış sazişdən az sonra Ə.M.Topçubaşov İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya poçt ittifaqına üzv olmaq üçün Beynəlxalq Büroya ərizə ilə müraciət etdi. Gürcüstan və Azərbaycan nümayəndə heyətləri 1919-cu ilin payızında Sülh konfransında Qafqaz məsələsinin həll edilməsi məqsədi ilə Qafqaz işləri üzrə xüsusi komissiyanın yaradılması üçün sentyabr ayının 17-də konfransın sədrinə, sentyabr ayının 20-də isə Antanta dövlətlərinin konfransında olan nümayəndə heyətlərinə ərizə ilə müraciət etdilər [15, folio 107-108].
Belorusiya və Ermənistan nümayəndələrindən başqa Azərbaycan, Estoniya, Latviya, Litva, Ukrayna, Kuban, Şimali Qafqaz və Gürcüstan nümayəndələrinin imzaladıqları nota oktyabrın 8-də Sülh konfransına təqdim edildi. Notada Rusiya imperiyasının dağılması nəticəsində yaranmış respublikaların istiqlaliyyətinin tanınması, onların beynəlxalq maliyyə sisteminə və iqtisadi münasibətlərə cəlb edilməsinin zəruriliyi Sülh konfransının, Antanta ölkələrinin Xarici İşlər Nazirlərinin daxil olduğu və Fransa dövlətinin Xarici İşlər Naziri Stefan Jan Mari Pişonun sədrlik etdiyi Ali Şuranın nəzərinə çatdırılırdı [14]. Oktyabrın 29-da, Fransa müstəmləkə liqasının xarici siyasət bölməsində Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin müraciətinə əsaslanaraq Cənubi Qafqaz məsələsi müzakirə edildi. Liqanın direktoru Pol Burdari Azərbaycan diplomatiya heyətinin sədrinə göndərdiyi məktubda qeyd edirdi: “Azərbaycan və Gürcüstan respublikalarının mövcud hökumətlərinin de-fakto və de yure tanınması haqqında xahişləri Fransa müstəmləkə liqasının iclasında müdafiə edilmişdir” [19, p.3]. Fransa müstəmləkə liqası Azərbaycan və Gürcüstan respublikalarına təcili diplomatik nümayəndəlik göndərilməsini Klemanso hökumətindən xahiş etdi. Parisdə olan Azərbaycan nümayəndə heyəti 1919-cu ilin oktyabrında daha 2 mühüm məsələni həll etdilər: 1) Hindistan müsəlmanlarının və ismayililərin başçısı, 1886-cı ildə yaradılan Mərkəzi Müsəlman Cəmiyyətinin liderlərindən biri Ağa Xanla [13, p.3]; 2) İran şahının Londona səfərini müşayiət edərkən yolüstü sentyabr ayının 30-da Parisə gəlmiş İranın Xarici İşlər Naziri Firuz Mirzə ilə keçirilən görüşlər olmuşdu. Oktyabrın 25-də İran nümayəndə heyətinin iştirakı ilə Hind-Azərbaycan nümayəndə heyətlərinin birgə müşavirəsi oldu [3, v.21]. Onlar Cənubi Qafqazda müstəqil Azərbaycan dövlətinin mövcudluğunun və ona kömək göstərilməsinin zəruriliyini qeyd etdilər. Parisdə yaradılan Azərbaycan-İran birgə komissiyasının noyabrın 1-də 4 maddədən ibarət İran-Azərbaycan İttifaqı haqqında hazırladıqları sazişdə qeyd edilirdi: 1. Rusiyada hansı dövlət forması və quruluşu yaranırsa yaransın, Qafqaz Azərbaycanı, Azərbaycan nümayəndələrinin Sülh konfransına təqdim etdiyi tələblərdə və xəritələrdə göstərilən sərhədlərdə qəti olaraq birdəfəlik Rusiyadan ayrılır; 2. Qafqazın göstərilən dairəsində mövcud olan Azərbaycan Respublikası 1918-ci il mayın 29-dan etibarən Azərbaycan hökuməti tərəfindən ümumi seçki yolu ilə yaradılmış, Azərbaycan Müəssislər Məclisində təsdiq edilmiş qanun əsasında seçilən prezidenti və parlamenti ilə, paytaxtı Bakı şəhəri olmaqla, müstəqil, asılı olmayan, demokratik respublika kimi tanınır; 3. Xarici işlər sahəsində Azərbaycan Demokratik Respublikası Azərbaycan və İran hökumətlərinin qarşılıqlı razılıq əsasında işləyib müəyyən etdiyi əlaqələr formasında qonşu İran dövləti ilə siyasi-iqtisadi münasibətlər yaradır. Yuxarıda bir və ikinci maddələrdə göstərilən məqsədə nail olmaq üçün Azərbaycan Respublikası özünün müstəqilliyinin tanınmasında, hər cür qəsddən qorunmasında, təhlükəsizliyinin təmin olunmasında, siyasi, iqtisadi və mədəni inkişafında, hərbi gücündə İranın etdiyi kömək şəklində, İngiltərənin də həqiqi köməyinə ehtiyac duyur; 4. Bütün bu dörd maddə bir-birilə bağlıdır və Azərbaycan nümayəndəliyinin özü tərəfindən elan edilməlidir [7, с. 94-95].
Azərbaycan nümayəndə heyəti 1919-cu il avqust ayının 9-da İngiltərə ilə İran dövlətləri arasında imzalanmış sazişə “dolayısı yolla Britaniya qalxanının altında müdafiə imkanı kimi baxırdılar” [16, p.157]. İranla ittifaq bağlamaqla Azərbaycan nümayəndə heyəti nəzərdə tuturdu ki, “Azərbaycan da İran kimi Britaniyadan eyni dərəcədə kömək alacaqdır” [16, p.158]. Bu ittifaq Azərbaycanın istiqlaliyyətini Denikin və Sovet Rusiyası təhlükəsindən qoruya biləcək ən real vasitə idi. 1920-ci ilin mart-aprel aylarında Azərbaycanla İran arasında siyasi, iqtisadi, ticarət, poçt-teleqraf, gömrük, konsulluq mübadiləsi və digər məsələlərlə bağlı ikitərəfli müqavilələr imzalandı. İran dövləti Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini de yure tanıyan ilk dövlətlərdən biri oldu [9].
Azərbaycan nümayəndə heyəti Parisdə həm siyasi və iqtisadi məsələlərlə, həm də geniş təbliğat işləri ilə məşğul olurdu. İstiqlaliyyətin tanınması ərəfəsində atılan ilk addımlardan biri Versalda olan Azərbaycan nümayəndələrinin əzmkarlığı sayəsində Azərbaycan dövlətinin tarixi, əhalisi, iqtisadiyyatı, təbii sərvətləri və siyasi vəziyyəti haqqında ingilis və fransız dillərində kitabçaların çap edirilməsi oldu. “İctimai fikri öz tərəfimizə çəkmək üçün Qərbi Avropanın böyük mərkəzlərində intensiv təbliğat işlərini təşkil etmək zəruri idi”. Erməni “təbliğatçıları” hər vasitə ilə Azərbaycanın müstəqil dövlət kimi tanınmasının əleyhinə çalışırdılar. Ona görə Azərbaycan Xarici İşlər Nazirliyi Qərbi Avropada iki mühüm vəzifəni - Azərbaycan dövləti haqqında yayılan saxta materialları təkzib etmək və Azərbaycanı populyarlaşdırmaq vəzifəsini yerinə yetirmək üçün təbliğat mərkəzi yaratmağı vacib bilirdi [20, v.7]. Bunun üçün nəzərdə tutulurdu ki, Avropa ölkələrinin mərkəzlərindən birində, neytral ölkə olan İsveçrədə illüstrasiyalı əlavə ilə birlikdə bir qəzet buraxılsın, bu dövlətlərdə Azərbaycan Respublikasının tarixi, ədəbiyyatı, incəsənəti, sosial-siyasi vəziyyəti haqqında broşurlar çap edilib yayılsın, təbliğat məqsədi ilə Qərbi Avropa dövlətlərində bir çox siyasi partiyaların mətbuat orqanlarından istifadə edilsin, açıq mühazirələr keçirilsin və mitinqlərdə çıxışlar edilsin [20, v.8-10].
Millətlər Cəmiyyəti Cenevrədə fəaliyyət göstərdiyinə görə, Azərbaycan nümayəndə heyəti ilk addım olaraq orada ingilis və fransız dillərində nəşr olunan “L”Eyrope Orientale” jurnalının rəhbərliyi ilə əməkdaşlıq edərək, 20 min nüsxə jurnala abunə yazılmaq qarşılığında “L”Eyrope Orientale”də Azərbaycan Xalq Cümhuriyyəti haqqında tez-tez yazılar çap olunmasına nail oldular. Bütün çətinliklərə baxmayaraq, 1919-cu ilin yayında və payızında Avropa ölkələrində müxtəlif dillərdə nəşr olunan “L”Eyrope Orientale”, “Limaçe”, “Les Paubles Libres” jurnallarında, “Le Temps”, “Revus du Monde musulman”, “Revus Kon Temporaine”, “Humanite”, “Le Dieçe Kolonial”, “Le Derniçes Nouvelles”, “Le Kroix” və digər qəzetlərdə Azərbaycan dövləti haqqında bir sıra məqalələr çap olundu. Fransız professoru Q.Borşe Azərbaycanı tanıtmaq üçün “Journal de Geneve” jurnalında çap etdirdiyi “Öz müqəddəratını təyinetmə hüququ və Azərbaycan Respublikası” adlı məqaləsində yazırdı: “ Mən indiyə qədər təyini müqəddərat hüququnun tanınmasına etiraz edilən bir millətin müdafiəsi üçün səsimi qaldırıram və onların tələbinin ədalətli olduğuna dərindən inanıram” [10, v.137]. Q.Borşe qeyd edirdi ki, “öz müstəqilliyini arzulayan hər bir xalq azad olmaq hüququna malikdir. Azərbaycan artıq sübut etmişdir ki, о müstəqil olmaq istəyir və öz müstəqilliyini qorumaq və ondan istifadə etmək bacarığına malikdir. Ona görə də Azərbaycan müstəqil Demokratik Respublika kimi Sülh konfransı tərəfindən tanınmalıdır” [10, v.138].
1919-cu il oktyabrın 23-də Azərbaycan və Gürcüstan respubikalarında olan italiyalı kommersant Korsinin “Korrena della sera” qəzetində müsahibəsində də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik uğrunda əzmlə apardığı mübarizəsi, hər iki dövlətin istiqlaliyyətinin ən qısa vaxtda Sülh konfransı tərəfindən tanınmasının zəruriliyi və hər iki dövlətin bu tanınmaya layiq olması qeyd edilirdi [4]. Avropa mətbuatında aparılan təbliğat işlərindən başqa, Versalda da olan Azərbaycan nümayəndə heyəti Paris Sülh konfransında iştirak edən digər nümayəndələri, Fransa, Böyük Britaniya, ABŞ və digər dövlətlərin ictimaiyyətini məlumatlandırmaq üçün sentyabrdan etibarən “Azərbaycan haqqında İnformasiya bülleteni” nəşr etməyə başladı [8, s. 47-62]. İngilis və fransız dillərində çap olunmuş “Qafqaz Azərbaycan Respublikasının Paris Sülh konfransına memorandumu” kitabçaları, 1919-cu ildə Parisdə C.Hacıbəylinin hazırladığı “İlk müsəlman respublikası Azərbaycan” adlı kitabı, onun “Revue du Monde musulman” qəzetində çap olunan məqalələri, nümayəndə heyətinin üzvü olan Ə.Şeyxülislamovun Azərbaycan əhalisinin etnik tərkibi (Azərbaycan əhalisinin 75,41 %-nin türklər təşkil etdiyi bildirilirdi) haqqında fransız dilində nəşr olunan kitabçası, M.Hacınskinin hazırladığı “Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti” adlı kitabçası, Azərbaycan nümayəndələrinin respublikanın dövlət büdcəsi, onun mədaxili və məxarici, ölkənin iqtisadi zənginliyi haqqında hazırlayıb Parisdə çap etdirdikləri “Azərbaycan rəqəmlərdə” kitabçası və s. nəşrlər Qərbin siyasi dairələrinə, ictimai xadimlərinə, geniş oxucu kütləsinə Azərbaycan haqqında geniş məlumat verirdi. Nəşrlərin materiallarının hazırlanmasında və onun faktlarla əsaslandırılmasında Azərbaycan Xarici İşlər Nazirliyinin Parisə göndərdiyi sənədlər, arayışlar, statistik məlumatlar və fotogörüntülər böyük əhəmiyyət kəsb edirdi. Bu nəşrlərin sayəsində Avropanın geniş dairələrinə Azərbaycan əhalisinin milli tərkibi, qədim keçmişi və tarixi, müstəqil dövlətin yaranması və gələcək arzuları haqqında müfəssəl məlumatlar çatdırılırdı.
Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi tərəfindən dekabr ayının 28-də Paris sülh konfransına parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə göndəriləcək nümayəndə heyətinin gərgin və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti 1920 il yanvarın 11-də Paris sülh konfransının (1919-20) iştirakçı dövlətləri tərəfındən de-fakto tanındı. Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya ölkələri Azərbaycan Respublikası ilə iqtisadi əlaqələr yaratmağa başladılar.
Azərbaycan nümayəndə heyətinin şücaəti sayəsində müstəqilliyi böyük dünya dövlətləri tərəfindən tanınan Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq münasibətlər sistemində iştirakı 28 Aprel işğalı ilə sona çatdı. Azərbaycan Xalq Cümhuriyyəti sovet qoşunları tərəfindən işğal edildi və Rusiyaya birləşdirildi. SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı 1991-ci il 18 oktyabr tarixində Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.


ƏDƏBİYYAT:
1. Azərbaycanın Paris Sülh konfransındakı nümayəndə heyətinin sədri Ə.M.Topçubaşovun ABŞ prezidenti V.Vilsona məktubu. 26.09.1919.//ARDA, f.970, s.l, i.146, v.56
2. Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin başçısı Ə.M.Topçubaşovun Eyfel qülləsindəki radiostansiya vasitəsi ilə Nazirlər Şurasının sədrinə teleqramı. Noyabr, 1919.//ARDA, f.970, s.l, i.145, v.109.
3. Azərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin başçısı Ə.M.Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06-10.11.1919.//ARDA, f.894, s.10, i.94, v.21
4. Азербайджан, 1919, 5 ноября
5. Азербайджан, 1919, 6 июля
6. Азербайджан, 1919, 9 декабря
7. А.М.Топчибашeв. Письма из Парижа. Баку, 1998, с.40.
8. Xarici ölkələrdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında nəşr işləri ilə bağlı məlumat üçün bax: V.Quliyev. Azərbaycan Demokratik Respublikası xarici mənbələrdə. //Azərbaycan Demokratik Respublikası. Bakı, 1992, s.47-62
9. Qafqaz fövqəladə heyəti: Seyyid Ziya-əddin Təbatəbainin rəhbərliyi altında Qafqaza ezam olunmuş heyətin müzakirə və müqavilələrinə dair sənədlər (1919-1920). Tehran, Siyasi və beynəlxalq tədqiqatlar mərkəzi, 1379 (2000).
10. Q.Borşe. Öz müqəddəratını təyinetmə hüququ və Azərbaycan Respublikası. //ARDA, f.970, s.1. i.142, v.137.
11. Maks Rabinovun Paris Sülh konfransındakı Azərbaycan nümayəndəliyinin sədri Ə.M.Topçubaşova məktubu. 22.09.1919.//ARDA, f.970, s.l, i.142, v.116-117
12. Contract № 1. September 1919. // ARDA, f.970, s.l, i.142, v.131-132
13. L'Azerbaidjan et l'Aga Khan.//Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1920, 17 Janvier, №7, p.3
14. Le Temps, 1919, 12 octobre
15. Président de la Délégation de Paix de la République d'Azerbaïdjan Аli Mardan Toptchibacheff - Son Excellence, Monsieur le Président de la Conférence de la Paix. Lle 17 septembre 1919.// Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol.832, folio 107-108.
16. T.Swietochowski. Russian Azerbaijan, p. 137
17. The Armenian Question Before the Peace Conference, p.5.
18. Télégramme Le Ministre des Affaires EtrangèresA Mission Militaire Française Tiflis. // Ministère des Affaires Etrangère de France, Archives Diplomatique,vol.638, folio 95.
19. Une letter De M.Bourdarie.// Bulletin d'Information de L'Azerbaidjan. Paris, 1919, 15 Decembre, №5, p.3
20. ARDA, f.2905, s.l, i.21, v.7.
21. ARDA, f.970, s.l, i.142, v.128-130

Açar sözlər: istiqlaliyyət, xarici siyasət, Paris Sülh Konfransı, Azərbaycan diplomatiyası, təbliğat.

Ключевые слова: независимость, внешняя политика, Парижская мирная конференция, Азербайджанская дипломатия, пропаганда.

Key words: independence, foreign policy, Paris peace conference, Azerbaijani diplomacy, propaganda.

РЕЗЮМЕ
ДЕЯТЕЛЬНОСТЬ АЗЕРБАЙДЖАНСКОЙ ДИПЛОМАТИИ НА ПАРИЖСКОЙ МИРНОЙ КОНФЕРЕНЦИИ
Азербайджанская Республика, провозглашенная в 28 мае 1918 года, изъявила стремление вступить в международное сообщество мировых государств и установить добрососедские отношения со всеми сопредельными государствами и народами. Выдающимся успехом внешней политики Азербайджанского государства было признание ее независимости «де-факто» Союзным Советом великих держав в 11 январе 1920 года, а также – «де-юре» Ираном во 2 марте 1920 года. Признание независимости Азербайджанской Республики со стороны великих держав – это благотворный труд азербайджанской делегации во главе А.А. Топчибашева на Парижской мирной конференции.

SUMMARY
THE ACTIVITY OF THE AZERBAIJANI DIPLOMACY AT THE PARIS PEACE CONFERENCE
The Republic of Azerbaijan, proclaimed on may 28, 1918, expressed its desire to join the international community of world States and establish good-neighborly relations with all neighboring States and nations. The outstanding success of the foreign policy of the Azerbaijani state was the recognition of its independence "de facto" by the Union Council of the great powers in January 11, 1920, and – de jure" by Iran in March 2, 1920. Recognition of the independence of the Republic of Azerbaijan by the great powers is a beneficial work of the Azerbaijani delegation headed by A. A. Topchibashev at the Paris peace conference.

 

"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019



Strategiya.az

Xəbərlər
18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər

16.02.2020

 Prezident İlham Əliyev: Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub

14.02.2020

Türkiyə Suriyanın qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb

14.02.2020

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

13.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib

13.02.2020

NATO Türkiyəyə dəstək verəcəyini açıqladı

13.02.2020

Qazaxıstan “Sibirin gücü-2” qaz kəmərinin ölkə ərazisindən keçməsini Rusiyaya təklif edib

13.02.2020

Azərbaycan Prezidenti: Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir

12.02.2020

Prezident İlham Əliyev: Azərbaycan artıq enerji təminatçısına çevrilib

12.02.2020

Koronavirus şübhəli daha bir nəfər evə buraxıldı

12.02.2020

Ermənistan XİN-in son bəyanatı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir

12.02.2020

Koronavirusa qarşı peyvənd 2021-ci ildə hazır ola bilər

11.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11.02.2020

Azərbaycana təhlükəli xəstəliklər üçün xüsusi dərmanlar gətirildi - RƏSMİ

11.02.2020

XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzünün genişlənməsi - Malıbəyli və Quşçular faciəsi

11.02.2020

"Kaspi" TŞ-nin direktoru: “Məktəb də, valideyn də texnologiyadan asılı vəziyyətə düşüb”

11.02.2020

Cənubi Qafqaz: geosiyasi proseslərin yeni trendləri

11.02.2020

Aİ-nin sənədində ərazi bütövlüyü məsələsi: müsbət addımla yarımçıq obyektivlik arasında

11.02.2020

Milli kimlik konsepsiyası: nəzəriyyə və təcrübə

10.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

10.02.2020

Azərbaycanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı - SİYAHI

09.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 6 saylı seçki məntəqəsində səs veriblər

09.02.2020

Azərbaycanda parlament seçkilərinə start verildi

08.02.2020

Sabah qar yağacaq, şaxta olacaq

08.02.2020

BŞİH kəskin hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi

08.02.2020

Mövlud Çavuşoğlu: "Dostluq" ordenini almaqdan şərəf və qürur duydum

08.02.2020

Umayra Tağıyeva: Bu dəfə hava daha soyuq olacaq

06.02.2020

Prezident İlham Əliyev: Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz

05.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Əlibaba Məmmədovu 90 illik yubileyi və "Şərəf" ordeni alması münasibətilə təbrik edib

04.02.2020

"Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın?"

04.02.2020

Prezident İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib

04.02.2020

“KİV DF-nin “Kaspi”ni dövlət yardımı alan qəzetlərin siyahısından çıxarması ədalətsiz qərardır” - Sona Vəliyeva

04.02.2020

Prezident İlham Əliyev: Bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək

03.02.2020

Prezident İlham Əliyev: Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib

03.02.2020

Prezident İlham Əliyev Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib

03.02.2020

“Heydər Əliyevin portretinin yanında Gülənin şəkli asılmamalıdır” – Əli Həsənovdan etiraz

03.02.2020

Prezident İlham Əliyev regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib (YENİLƏNİB)

02.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib (FOTO)

01.02.2020

Fələstin üçün Tramp planı: "Əsrin razılaşması"nın başlıca məqamları

31.01.2020

İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyasında bir sıra mühüm qərarlar qəbul edilib