Prezident İlham Əliyev: Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır

15:10 / 29.05.2019

Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.

Bunu Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Hörmətli xanımlar və cənablar. Əziz dostlar. Bu gün Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayır. Bu münasibətlə sizi təbrik edirəm. Bu, çox əlamətdar hadisədir. Bu sərgi dünya miqyasında çox önəmli beynəlxalq tədbirlərdən biridir.

Bu sərgi 26-cı dəfədir keçirilir və sərgiyə maraq azalmır. Çünki bu il sərgidə 30-dan çox ölkədən 300-ə yaxın şirkət iştirak edir və bu, çox gözəl göstəricidir. İyirmi altı il ərzində sərgi dünyanın neft şirkətlərinin diqqətini cəlb edir. Bu, onu göstərir ki, Azərbaycanın neft-qaz resursları bu gün və gələcəkdə xarici şirkətlər üçün böyük maraq kəsb edəcək.

Mən birinci sərgini xüsusilə qeyd etmək istərdim. 1994-cü ildə keçirilmiş birinci sərgi Azərbaycanı dünyaya təqdim etdi, Azərbaycanın zəngin neft-qaz resursları haqqında dünyaya məlumat verdi. Çünki o vaxt Azərbaycan haqqında məlumat çox məhdud idi, bizim ölkəmiz gənc müstəqil dövlət idi, müstəqilliyinin ilk illərini yaşayırdı. Əlbəttə, dünyada, xüsusilə neft-qaz aləmində Azərbaycanın potensialı haqqında məlumat demək olar ki, yox idi. Sərginin keçirilməsi, Azərbaycana diqqətin cəlb edilməsi gələcəkdə Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox önəmli rol oynadı. Mən bunu nəzərə alaraq sərginin iştirakçılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çünki onların bu qərarı, Bakıda bu sərginin keçirilməsi və ondan sonra uzun illər ərzində bizimlə əməkdaşlıq etmələri əlbəttə ki, təqdirəlayiq bir haldır.

1994-cü ildə ilk sərgi keçiriləndə ölkəmizdə vəziyyət tam fərqli idi. Azərbaycan çox ağır iqtisadi vəziyyətdə idi, siyasi müstəvidə sabitlik təzə-təzə bərpa edilmişdi. Çünki müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, siyasi böhran demək olar ki, ölkəmizin inkişafına böyük zərbə vurmuşdu, ölkəmizin inkişafı ilə bağlı aydın təsəvvür yox idi. Əlbəttə, zəngin neft-qaz resurslarına malik olan ölkə üçün yeganə çıxış yolu sabitliyin bərpası və neft resurslarından səmərəli istifadə edilməsi idi ki, sərmayə qoyuluşu gəlsin və ölkəmizin iqtisadi potensialı artsın. 1994-cü ildə sərgidən yaranan mənfəət, o cümlədən siyasi mənfəət bu gün də bizə imkan verir ki, həm neft-qaz sektorumuzu, eyni zamanda, ümumiyyətlə ölkəmizi inkişaf etdirək.

Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz o, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı. Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdir. 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona “Ərsin kontraktı” adı verilmişdir. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək.

Onu da bildirməliyəm ki, sərginin “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış Sazişə də çox böyük dəstəyi olmuşdur. Çünki o Saziş məhz 1996-cı ildə keçirilmiş sərgi zamanı imzalanmışdır. O vaxt “Şahdəniz” yatağına xarici investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Çünki xarici şirkətlərin əsas hissəsi neft yataqlarına daha böyük maraq göstərirdi. Çünki mənfəət baxımından əlbəttə ki, bu, daha cəlbedicidir. Qaz yataqlarına isə maraq o qədər də böyük deyildi. O vaxt bütövlükdə qaz amili enerji təhlükəsizliyi baxımından o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Buna görə “Şahdəniz” yatağı üzrə imzalanmış kontraktın da ölkəmiz üçün çox böyük faydası oldu və bu gün biz bunun xeyrini görürük. Çünki bu gün “Şahdəniz”dən çıxarılan qaz həm daxili bazara göndərilir, eyni zamanda, bizim ixrac potensialımızı artırır. “Şahdəniz” bu gün Cənub Qaz Dəhlizinin resurs bazasıdır. Məhz “Şahdəniz” yatağının mövcudluğuna, yatağın işlənilməsinə görə bu gün nəhəng Cənub Qaz Dəhlizi layihəsi icra edilir.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə imzalanmış kontraktlar tarixi əhəmiyyət daşıyır. Ondan sonra da kontraktlar imzalanmışdır. Onların bəzilərinə xitam verildi. Çünki biz beynəlxalq təcrübədə də kifayət qədər tez-tez bu vəziyyətlə rastlaşırıq ki, qazma işləri aparılır, amma kifayət qədər mənbə aşkar olunmur. Amma yenə də deyirəm, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” bizim neft-qaz sektorumuzun əsas hissəsini təşkil edir.

Əlbəttə ki, növbəti mərhələdə neft-qaz kəmərlərinin tikintisi məsələsi gündəliyə çıxmışdır və bu məsələ də uğurla həll olundu. Hesab edirəm ki, bu da tarixi layihədir. 2006-2007-ci illərdə nəhəng neft-qaz kəmərlərinin istifadəyə verilməsindən sonra Azərbaycanın böyük ixrac imkanları olmuşdur və Xəzər dənizindən çıxarılan neft-qaz həm daxili bazara, həm də ki, xarici bazarlara göndərilməyə başlanılmışdır.

“Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar. İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanmışdır. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik.

Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir. Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlamışdır. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşması üçün çox önəmli şərait yaradılmış və addımlar atılmışdır.

Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir, ancaq mən xüsusilə BP şirkətini qeyd etmək istərdim. Çünki BP şirkəti bizim strateji tərəfdaşımızdır, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var. Çünki qeyd etdiyim kimi, təkcə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə işlər ən azı 2050-ci ilə qədər aparılacaqdır. “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi də bundan sonra onilliklər ərzində aparılacaqdır. Beləliklə, bizim strateji tərəfdaşlığımızın çox gözəl perspektivləri vardır.

Biz bu layihələri əlbəttə ki, o cümlədən xarici maliyyə resurslarının hesabına icra etdik. Həm öz vəsaitimizi qoyduq, eyni zamanda, beynəlxalq maliyyə qurumlarından kredit şəklində vəsait aldıq. Bu münasibətlə bu qurumların Azərbaycana dəstəyi haqqında danışmaq istərdim. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı – dünyanın bu aparıcı maliyyə qurumları Cənub Qaz Dəhlizinin reallaşmasına öz maliyyə vəsaitini ayırıb və beləliklə, layihənin icrası üçün çox önəmli dəstək vermiş olublar. Eyni zamanda, bu kreditlərin ayrılması Azərbaycanın uğurlu gələcəyinə inamın təzahürüdür.

Biz bu layihənin həyata keçirilməsi üçün Avropa İttifaqı ilə əməkdaşlıq aparırıq. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə əlaqədar Birgə Bəyannamə qəbul edilmişdir. Bizim təşəbbüsümüzlə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilir. Bu ilin fevral ayında 5-ci toplantı keçirilmişdir. Bu toplantılarda həm görülmüş işlərə yekun vurulur, eyni zamanda, ən önəmlisi odur ki, görüləcək işlər haqqında danışılır. Əlbəttə, biz əminik ki, bu nəhəng layihənin uğurla icra edilməsinə nail olacağıq. Çünki bu gün həm beynəlxalq əməkdaşlıq baxımından, həm də maliyyə resursları baxımından bu layihənin reallaşması üçün heç bir problem qalmır.

Mən bir qədər əvvəl beynəlxalq əməkdaşlıq haqqında fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, çünki belə nəhəng layihələri biz ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində həll edə bilərik. Çünki əgər o olmasa, o layihələri icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının iştirakı və əlbəttə ki, birgə səylərimiz nəticəsində biz buna nail ola bilmişik. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı istədiyinə tam nail ola bildi.

Sirr deyil ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır.

Ölkə iqtisadiyyatı üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Çünki təsəvvür edin, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı və Azərbaycan öz zəngin neft-qaz resurslarını dünya bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz tam fərqli ola bilərdi. Ona görə bu layihələr ölkə iqtisadiyyatına çox böyük təkan vermişdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılmışdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq – bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur və ölkəmizə böyük fayda vermişdir.

Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma 95 faizə çatıb. Əgər kifayət qədər qaz resurslarımız olmasaydı, bu, mümkün olmazdı. Yəni, bu layihələrin icrası və ümumiyyətlə, Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının icrası tamamilə yeni bir vəziyyət yaratmış və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli – bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq. Eyni zamanda, bilməliyik ki, neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaqdır.

Mən bu gün Azərbaycan neftçilərinin əməyini qeyd etmək istərdim. Azərbaycanda neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu, belədir. Azərbaycan neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq göstərirlər, ağır şəraitdə, dənizdə ölkəmizin qüdrətini artırırlar.

Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir. Bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Biz regional inkişaf proqramını uğurla icra edirik. Əlbəttə, bundan sonra da çalışmalıyıq ki, büdcəmizi daha çox qeyri-neft sektorunun hesabına təmin edək və buna yaxınlaşırıq. Ancaq onu da bilməliyik ki, neft-qaz sektoru bizim üçün prioritet sektor olaraq qalacaqdır.

Mən sərginin keçirilməsi münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Sərginin təşkilatçılarına təşəkkürümü bildirmək istəyirəm. Sərgiyə uğurlar arzulayıram. Sağ olun".


Etiket:

Strategiya.az

Xəbərlər
05.04.2020

Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat

05.04.2020

Azərbaycanda koronavirusdan iki nəfər vəfat edib - Operativ Qərargah

05.04.2020

İndiyədək 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib

05.04.2020

Azərbaycanda koronavirusa daha 63 yoluxma faktı qeydə alınıb

05.04.2020

Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır

05.04.2020

DSX: Qazaxda hərbi və mülki maşınlar ermənilər tərəfindən atəşə tutulub

05.04.2020

Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib

05.04.2020

Bu gün geoloqların peşə bayramıdır

05.04.2020

Fransada 70 minə yaxın insan COVİD-19 virusuna yoluxub

05.04.2020

Azərbaycanda 300 min muzdlu işçiyə 215 milyon manat kompensasiya ayrılıb

05.04.2020

Nyu-York ştatında koronavirusa yoluxmuş 630 insan ölüb

04.04.2020

Azərbaycana giriş-çıxış dayandırıldı - Operativ Qərargah

04.04.2020

TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir

04.04.2020

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib

04.04.2020

Azərbaycanda 78 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

04.04.2020

DSX Rusiyadan gələn azərbaycanlıların ölkəyə keçidini təmin edib

04.04.2020

DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib

04.04.2020

DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04.04.2020

Koronavirusla bağlı SON STATİSTİKA

04.04.2020

Dünya birliyi Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i heç bir halda tanımadığını bəyan etdi

04.04.2020

Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir - Baş epidemioloq

04.04.2020

FIFA yığma komandaların iyun oyunlarını təxirə salmağı tövsiyə etdi

04.04.2020

Neftin qiyməti bahalaşır

04.04.2020

Ötən gün karantin rejimi ilə bağlı 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb

03.04.2020

Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı

03.04.2020

Cənnətə – Fazıl Hüsnü Dağlarcaya məktub – Sona Vəliyevanın şeiri

03.04.2020

Səbəbsiz yerə evdən çıxan sürücü və sərnişinlər cərimələnir

03.04.2020

Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub - YENİLƏNİB

03.04.2020

Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

03.04.2020

DSX: Qazax istiqamətində təxribatın qarşısı alınıb

03.04.2020

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah

03.04.2020

“Brent”in bir barrelinin qiyməti 30 dolları ötüb

03.04.2020

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşü bazar ertəsi keçiriləcək

03.04.2020

Gürcü nazir: Gürcüstanda COVID-19 virusuna yoluxma halları may ayında ən yüksək həddə çatacaq

03.04.2020

Karantin rejimini pozan 3 nəfər həbs edilib

03.04.2020

Koronavirusun qarşısının alınması məqsədilə humanitar yardımlar göndərilir

03.04.2020

Dünyada koronavirusa yoluxanların sayı bir milyonu ötüb

03.04.2020

İranda virusa yoluxanların sayı 50 mini keçib

02.04.2020

Azərbaycanda hərəkət məhdudiyyətləri tətbiq edilir - Operativ Qərargah

02.04.2020

Məleykə Abbaszadə: İnkişaf etmiş bir sıra ölkələrdə ortaya çıxan kütləvi ölümlərin səbəbi nədir?

02.04.2020

Koronavirusun kimlər üçün daha təhlükəli olduğu açıqlandı

02.04.2020

Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı

02.04.2020

Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

02.04.2020

Koronavirus təhlükəsinə görə Həcc ziyarəti təxirə salınmayıb

02.04.2020

XİN: Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır

02.04.2020

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

02.04.2020

Vüsal Kərimli: Metro stansiyaları bağlandığına görə...

02.04.2020

Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi

02.04.2020

DİN: Jurnalistlərin Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkəti sərbəstdir

02.04.2020

Azərbaycanda daha 41 koronavirusa yoluxma faktı qeydə alındı - Operativ Qərargah