Azərbaycanın sənətkar təşkilatlarının tarixindən

09:44 / 23.07.2019

Camal Mustafayev
Tarix elmləri doktoru, professor

Ön Asiyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da sənətkar təşkilatları uzun və mürəkkəb inkişaf yolu keçmiş, müxtəlif dövrlərin sosial-iqtisadi və ideoloji təsirlərinə məruz qalmışdır. Son orta əsrlərdə və hətta yeni dövrdə də mövcud olmuş bu təşkilatların fəaliyyətində özünü göstərən bir sıra xüsusiyyətləri onların keçdikləri inkişaf yolunu bilmədən düzgün dərk etmək mümkün deyildir. Müxtəlif dövrlərin sənətkar təşkilatlarının fəaliyyətinə təsirləri isə o dərəcədə güclü olmuşdur ki, onlar hətta XX əsrin əvvəllərində belə bu təsirlərdən xilas ola bilməmişdilər.
Azərbaycanda sənətkar təşkilatlarının meydana gəldiyi dövrün müəyyənləşdirilməsi məsələsində müəyyən mübahisələr olsa da, tədqiqatçıların əksəriyyəti onların yaranmasını islamdan əvvəlki dövrə-Sasanilər imperiyasının hökmranlıq etdiyi III-VII əsrlərə aid edirlər[18,s.228-229;19,s.157-160]. Bununla belə, göstərmək lazımdır ki, mənbələrdə məlumatların qıtlığı islamaqədərki sənətkar təşkilatlarının daxili quruluşu və cəmiyyətin sosial-iqtisadi həyatında oynadıqları rol haqqında konkret fikir söyləməyə imkan vermir.
İslam dininin meydana gəlməsi və geniş ərazilərə yayılması müsəlman ölkələrində sosial-iqtisadi həyatın digər sahələri kimi sənət istehsalına və sənətkarları öz sıralarında birləşdirən təşkilatların fəaliyyətinə ciddi təsir göstərdi. Bu təsir İslam dininin dərin kök saldığı XI-XVI əsrlərdə daha aydın şəkildə göstərmişdi. Bəhs edilən dövrdə sənətkar təşkilatlarının daxili həyatında iİslam dini o dərəcədə dərin iz buraxmışdı ki, bəzən daha çox dini-fəlsəfi mahiyyət daşıyan və şiəliklə sıx bağlı olan müxtəli sufi-dərviş və cəngavər ordenləri ilə bu təşkilatların əlaqələrinin səviyyəsini müəyyənləşdirmək xeyli çətinlik törədir. Bu mürəkkəblik ona gətirib çıxarmışdı ki, hətta bəzi tədqiqatçılar sənətkar təşkilatlarının meydana gəlməsini, əsasən, Səlcuq imperiyası dövründə təşəkkül tapmış və daha çox dini- cəngavər ordenləri kimi tanınmış əxi təşkilatları ilə eyniləşdirmişlər[11,s.1191].
Əxiliyin sosial mahiyyəti və onun sənətkar təşkilatları ilə əlaqələri haqqında elmi ədəbiyyatda müxtəlif fikirlər mövcuddur. XIV əsr ərəb səyyahı İbn Bətutənin məlumatlarına əsaslanan V.V.Bartold əxiləri feodal zülmünə qarşı mübarizə aparan bir təşkilat kimi təqdim edir[6,s.63]. Onun fikrincə, hələ ailə qurmamış gənclərdən təşkil edilən əxi təşkilatlarının mübarizəsində sənətkarların mənafelərinin qorunması mühüm yer tuturdu.
Yazılı mənbələrdə məlumatın azlığına baxmayaraq, tədqiqatçıların bir çoxu əxiliyi Azərbaycanın ictimai-siyasi həyatı üçün də xarakterik hesab edirlər. Anadoluda və Krımda əxi təşkilatlarının banisi hesab edilən Əxi Evranın mənşəcə Azərbaycanın Xoy şəhərindən olması artıq sübut edilmiş faktdır[8,s.14-15]. Orta əsrlərin müxtəlif dövrlərində Azərbaycanda fəaliyyət göstərmiş əxi zaviyələrindən aşkar edilmiş kitabələrdə də bu hərəkatın yayılma arealı və ictimai-siyasi mahiyyəti haqqında müəyyən məlumatlara rast gəlmək mümkündür[17,s.17].
Tədqiqatçıların bir qismi əxilərin təşkilatlarını sənətkar təşkilatları ilə eyniləşdirməyə meyl edirlər. Bu baxımdan V.A.Qordlevskinin tədqiqatları xüsusilə xarakterikdir[9,s.106;10,s.276]. Onu da qeyd etmək lazımdır ki, külli miqdarda orta əsr yazılı mənbələrini və etnoqrafik materialları tədqiqata cəlb etmiş V.A.Qordlevski Kiçik Asiyada əxilik hərəkatının öyrənilməsində böyük xidmət göstərmişdir.
Əxilik hərəkatının mənşəyi və mahiyyəti, habelə bu hərəkatın sənətkar təşkilatları ilə əlaqələrinin öyrənilməsində XIII-XVII əsrlərdə Azərbaycan sənətkarlığının tarixinin görkəmli tədqiqatçısı M.X.Heydərovun böyük xidmətləri olmuşdur. O, özünün “XIII-XVII əsrlərdə Azərbaycan şəhərlərində sosial-iqtisadi münasibətlər və sənətkar təşkilatları” adlı əsərində Şərq və Qərbi Avropa mənbələrindən əldə etdiyi faktiki materiallara əsaslanaraq müsəlman Şərqinin, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatında əxi təşkilatlarının yeri və rolu haqqında maraqlı fikirlər irəli sürmüşdür. O, əxilik hərəkatının inkişafında üç mərhələnin aydın seçildiyini xüsusi qeyd edərək bütövlükdə bu hərəkatın XI-XV əsrləri əhatə etdiyini faktiki materiallar əsasında sübut etmişdir. Onun fikrincə, Yaxın Şərqin məhz göstərilən dövründə əxilik və sənətkar təşkilatları paralel şəkildə mövcud olmuşlar[8,s.6]. Lakin bu təşkilatlar bir-birindən təcrid olunmuş şəkildə deyil, əksinə, qarşılıqlı təsir şəraitində fəaliyyət göstərmişlər. Bu təsir hər iki təşkilat üçün, demək olar ki, eyni olan mərasimlərdə özünü daha aydın göstərirdi.
Lakin sənətkar təşkilatlarını sırf əxi təşkilatlarından fərqləndirən mühüm xüsusiyyətlər də mövcud idi. Əvvəla, sənətkar təşkilatları əxiliyə nisbətən xeyli əvvəl meydana gəlmiş və daha sabit xarakter daşımışlar. XVI əsrdən başlayaraq əhəmiyyətini itirməyə başlayan əxilikdən fərqli olaraq sənətkar təşkilatları daha uzun müddət fəaliyyət göstərmişdilər[8,s.45]. İkincisi, öz fəaliyyətlərini dini-fəlsəfi təbliğat üzərində quran əxilərdən fərqli olaraq, sənətkar təşkilatlarının fəaliyyətində istehsal və satış funksiyaları da mühüm rol oynayırdı[8,s.45].
Müxtəlif xarakterli mənbələrdə sex, həmkar və əsnaf kimi təqdim edilən sənətkar təşkilatları XI-XVI əsrlərdə şifahi şəkildə yayılan fütuvvatnamələr əsasında idarə olunurdular. Onu da göstərmək lazımdır ki, əxiliyin sənətkar təşkilatlarına təsiri özünü fütuvvatnamələrdə daha aydın göstərirdi. Əslində fütuvvatnamələr həm əxilər, həm də sənətkarlar üçün davranış normasını və mənəvi-əxlaqi kamilliyə çatmağın yollarını müəyyənləşdirən meyar idi. Heç də təsadüfi deyildir ki, müxtəlif təşkilatlarda birləşən istər əxilər, istərsə də tacir və sənətkarlar özlərini, ilk növbədə, dini icmanın üzvləri hesab edirdilər[22,s.13]. Bu təşkilatlarda isə o şəxslər yüksək qiymətləndirilirdi ki, onlar hər hansı sənətin sirlərinə dərindən bələd olmaqla yanaşı, həqiqətpərəst, həmişə köməyə gəlməyə hazır olan, əlaçıq və xoşrəftar olsun. Bu təşkilatlara daxil olan şəxslər qarşısında öz sənətinin kamil bilicisi olmaqla yanaşı, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib olmaq kimi tələblər irəli sürülürdü. Əslində orta əsrlər dövründə, xüsusilə XI-XVI əsrlərdə sənətkar təşkilatları sufi-dərviş ordenləri ilə sıx bağlı olan sosial-fəlsəfi sistemin bir hissəsi idilər[22,s.13].
Orta əsrlərin əvvəlki dövrləri ilə müqayisədə son orta əsrlərdə sənətkar təşkilatlarının istər adlarında, istərsə də təşkilati strukturunda müəyyən aydınlıq nəzərə çarpır. Uzun müddət “muxtarifə”, “uzan” və “əsnaf” kimi müxtəlif adlarla adlandırılan sənətkar təşkilatları son orta əsrlərdə daha çox “əsnaf” kimi təqdim edilirlər[8,s.51-53]. XVIII əsrin əvvələrində rəsmi sənədlər əsasında tərtib edilmiş “Təzkirət əl-muluk” adlı mənbədə tacir və sənətkarların birlikləri ancaq “əsnaf” adı ilə verilir[5,s.31]. XVIII əsrin sonuna qədər İranda və Cənubi Qafqazda sənətkar təşkilatları üçün “əsnaf” ən tipik ad hesab edilirdi. Bəzi mənbələrdə təsadüf edilən “həmkar” termininə gəldikdə isə, Cənubi Qafqazda sənətkar təşkilatları yalnız XIX əsrdə bu adla tanınmağa başlamışdılar[7,s.165;16,s.323;20,s.14]. Beləliklə, ərəb dilində “sinif” mənasını verən “əsnaf” terminini son orta əsrlər dövründə Azərbaycanın sənətkar təşkilatları üçün daha xarakterik ad hesab etmək olar.
Əvvəlki dövrlərdə olduğu kimi, son orta əsrlərdə də sənətkar təşkilatları yalnız sənətkarları deyil, ticarət və istənilən peşə ilə məşğul olanları öz sıralarında birləşdirirdilər. Müasirlərdən birinin yazdığı kimi, “əllaflardan tutmuş tuluqçulara kimi bütün peşə adamları İranda da, Türkiyədə də, Zaqafqaziyada da həmkarlar təşkil edirlər”[20,s.14]. Bununla belə, orta əsr Avropa şəhərləri üçün xarakterik olan sex inhisarının Azərbaycanda olmaması ona gətirib çıxarmışdı ki, burada sənətkarların böyük bir hissəsini sənətkar təşkilatlarına daxil olmayan azad sənətkarlar təşkil edirdi.
Sənətkar təşkilatlarının-əsnafların təşkilində peşə prinsipi əsas rol oynayırdı. Məlum olduğu kimi, digər şərq şəhərlərində olduğu kimi, Azərbaycan şəhərlərində də sənətkarların əsas hissəsi bazarlarda, bazarlara bitişik məhəllələrdə məhz peşə prinsipi əsasında cəmləşirdilər. Bütün orta əsrlər dövründə bazarlar istehsal və satış əməliyyatlarının həyata keçirilməsi üçün ən əlverişli yer hesab edilirdi. İstehsal edilən məhsulu daha yaxşı satmaq və eyni zamanda yerli hakimlərin özbaşınalıqlarına qarşı birgə mübarizə aparmaq zərurəti sənətkarları eyni məhəllədə yığcam şəkildə məskunlaşmağa və əsnaflarda birləşməyə məcbur edirdi. Bütün orta əsrlər dövründə, digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycan şəhərlərində də bu prinsip əsasında təşkil edilmiş çoxlu sənətkar təşkilatları mövcud idi[3;14;15]. XIX əsrdə Cənubi Qafqazda sənətkar təşkilatlarının fəaliyyətinin tədqiq etmiş S.A.Yegiazarovun verdiyi məlumata görə Rusiya-İran müharibələrinə qədər, onun İran adlandırdığı Cənubi Azərbaycan şəhərlərində, eləcə də Şimali Azərbaycanda da tacir və sənətkarları birləşdirən təşkilatlar fəaliyyət göstərirdi. Arxiv sənədlərinə istinad edən müəllif Şamaxıda toxucuların, dəmirçilərin, papaqçıların, aşbazların və hətta çörəkçilərin ayrıca təşkilatlarının olması haqqında məlumat verir[7,s.XXII].
Sənətkatların sayının çox olduğu əsas ticarət və sənətkarlıq mərkəzlərində hər bir sənət sahəsi üzrə bir və yaxud bir neçə əsnaf fəaliyyət göstərirdi.XVIII əsrin sonuncu rübündə Şuşada qalayçıları, çəkməçiləri, papaqçıları, dabbaqları öz sıralarında birləşdirən əsnaf təşkilatları haqqında mənbələrdə məlumatlar var. Bu əsnafların hər birində on nəfərdən iyirmi beş nəfərə qədər özv olurdu[21,s.66]. Böyük şəhərlərdən fərqli olaraq sənət və peşə sahiblərinin sayının az olduğu kiçik şəhərlərdə bir neçə sənət sahəsinin nümayəndələri birləşərək mürəkkəb əsnaflar yaradırdılar. Milli-dini mənsubiyyət də müstəqil əsnafların təşkil edilməsinin səbəblərindən biri ola bilərdi. XIX əsrdə İrəvan şəhərində eyni peşədən olan müsəlmanlarla ermənilərin ayrı-ayrı təşkiatlarda birləşmələrini buna misal göstərmək olar[12,s.30].
Şəhər özünüidarəçiliyində mühüm rol oynayan Qərbi Avropa sexlərindən fərqli olaraq, əsnafların fəaliyyəti şəhər haakimiyyət orqanlarının ciddi nəzarəti altında idi. Tədqiqatçı V.N.Leviatovun haqlı olaraq qeyd etdiyi kimi, əsnaflar “şəhərlərin həyatına azacıq da olsa təsir göstərməyən zəif təşkiatlar idi”[15,s.60]. XIX əsrdə Cənubi Qafqazda sənətkar birliklərinin fəaliyyətini tədqiq etmiş bir çox tədqiqatçılar əsnafların şəhər həyatındakı rolunu bir qədər şişirdərək onların xeyli səlahiyyətlərə malik olduqlarını iddia edirlər. Əslində isə, əsnafların daxili müstəqiillikləri belə, hüquqi baxımdan tamamilə nisbi xarakter daşıyırdı.
Şəhər idarə orqanlarının əlavəsinə çevrilən əsnafların fəaliyyəti onların sərəncamlarının yerinə yetirilməsi, daha doğrusu, vergilərin emalatxanalar arasında bölüşdürülməsi və çox nadir hallarda həm də toplanması ilə məhdudlaşırdı. Əsnaflar arasında və onlardan hər birinin daxilində yaranan mübahisələr və münaqişələr şəhər rəhbərləri tərəfindən inzibati yolla həll edilirdi[8,s.59]. Bu dövrdə əsnaf üzvləri arasında münasibətləri tənzimləyən hüquqi sənədin tərtib edilməməsi də, görünür elə bunun nəticəsi idi.
Səlahiyyətlərinin kifayət qədər məhdud olmasına baxmayaraq, əsnafar bir çox daxili məsələləri özləri həll edirdilər. Belə məsələlər əsnafların ali orqanı olan ümumi yığıncaqda müzakirə edilirdi. Ümumi yığıncağın həll etdiyi məsələlərin sırasına əsnaf üzvlüyünə və ustalığa qəbul, günahkar əsnaf üzvlərinin cəzalandırılması, ehtiyacı olan əsnaf üzvlərinə yardım göstərilməsi və nəhayət, vergi və mükəlləfiyyətlərin bölüşdürülməsi daxil idi. Əgər nəzər alsaq ki, xanlıqlar dövründə Azərbaycanda vergilər ildə 4 dəfəyə toplanılırdı[1,v.34-35;13,s.110] və şəraitə uyğun olaraq vaxtaşırı onlara dəyişiklik etmək zərurəti yaranırdı, onda belə ehtimal etmək olar ki, əsnafların ümumi yığıncağı il ərzində ən azı 4 dəfə toplanırdı.
XVIII əsrdə və XIX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş əsnaflarda əsas vəzifələr ustabaşı, ağsaqqal, xəzinədar və igidbaşı idi. Əsnafların daxili strukturu və funksiyaları haqqında ən mötəbər mənbələrdən hesab edilən “Təzkirət əl-muluk”a görə hər bir əsnaf hörmətli və yüksək ixtisaslı ustalardan özünə ustabaşı seçirdi. Lakin ustabaşı öz vəzifəsinin icrasına yalnız şəhər hakimi tərəfindən təsdiq edildikdən sonrs başlaya bilərdi: “...hər bir (peşəkar) sinfi və hər bir kənd kimi etibarlı və əmin bilirlərsə, öz aralarında təyin edib və onun adına rizanamə (razılıq vərəqəsi) yazıb onun üçün bir məvacib təyin edir, nəqibin möhürü ilə etibarlandırıb, kələntərin hüzuruna gətirib ondan xələt və təliqə alarlar”[5,s.81]. Şübhəsiz ki, şəhər hakimi tərəfindən təsdiq edilən ustabaşının əsas funksiyası onun əmr və sərəncamlarını yerinə yetirməkdən ibarət olurdu. Bu fikri İrəvan şəhərindəki əsnafların fəaliyyətindən bəhs edən mənbədə verilən məlumat da təsdiq edir: “Sexlərin quruluşuna gəlincə qeyd etmək lazımdır ki, müsəlmanların hər il sənət və ticarət sahəsi üçün ayrıca uctabaşı seçsələr də, onun vəzifəsi ancaq şəhər xəzinəsi üçün toplanacaq vergilərin bölüşdürülməsi və toplanması ilə məhdudlaşır”[12,s.31]. Ustaların istehsalın təşkilndə rolu haqqında mənbələrdə heç bir məlumat yoxdur.
Hakimiyyət orqanları ilə sənətkarlar arasında vasitəçi rolunda çıxış edən əsnaflar öz üzvlərinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması qayğısına da qalırdılar. Əsrlər boyu təşəkkül tapmış adətlərə görə əsnaf başçıları zəruri hallarda hakimiyyət orqanlarına sənətkarlardan toplanan vergiləri azaltmaq xahişi ilə müraciət edə bilərdilər. Bu adət xalqın şüurunda o dərəcədə dərin kök salmışdı ki, hətta rus işğalının ilk illərində əsnaf başçıları belə xahişlə rus hakimiyyət orqanlarına müraciət etmişdilər[7,s.253]. 1820-ci ildə Şamaxıda bir neçə toxucu, çox güman ki, ustabaşı və ağsaqqallar “ustaların birliy” (“общество мастеровых”) adından rus məmurlarına icarədarın özbaşınalığından şikayət edərək növbəti il üçün vergilərin toplanmasını təşkilatın özünə həvalə edilməsini xahiş etmişdilər[2,v.9 ar.].
Hər bir əsnafın özünə məxsus bayrağı və xüsusi nişanları var idi. Bayraqlar, adətən qırmızı parçadan tikilərək naxışlarla bəzədilir və onların üzərndə hər bir əsnafın işlətdiyi əmək alətləri təsvir edilidi. Müxtəlif bayramlarda və digər şəhərlərdən gələn hörmətli qonaqların qarşılanması zamanı təşkil edilən mərasimlərdə hər əsnaf öz bayrağı ilə iştirak edirdi[9,s.107]. Hələ Səlcuqların hökmranlığı dövründə bərqərar olmuş bu qayda xanlıqlar dövrünə qədər gəlib çatmışdı. XIX əsrin əvvəllərinə aid materialdan göründüyü kimi, Şəki şəhərinə yüksək rütbəli qonaq gələn zaman bütün şəhər əhalisi kimi, ustabaşılar da “əlində xüsusi bayraq, arxalarında cəmi həmkarları olmaq şərtilə pişvaza çıxırdılar”[4,s.27].
Göründüyü kimi, son orta əsrlər dövründə Azərbaycanda fəaliyyət göstərən sənətkar təşkilatları sex təşkilatlarının daha primitiv və patriarxal forması idi. Bu təşkilatlarda sənət istehsalının bütün tərəflərini əhatə edən ümumi qaydaların işlənib hazırlanması hələ başa çatmamışdı. Nizamnamə əsasında işləyən orta əsr Qərbi Avropa sexlərindən fərali olaraq əsnaflarda idarəçilk daha çox adətlərə və şəriət qaydalarına əsaslanırdı. Müsəlman Şərqinin digər ölkələrində olduğu kimi, Azərbaycanda da sənətkar təşkilatlarının daxili həyatında, ilk növbədə isə təşkilat üzvlərinin əxlaq və davranış qaydalarının tənzimlənməsində İslam dini böyük rol oynayırdı.

Ədəbİyyat
1.Azərbaycan Dövlət Tarix Arxivi, f. 24, siy.1, iş 81
2.Azərbaycan Dövlət Tarix Arxivi, f. 24, siy.1, iş 84
3.Əliyev F.M. Şimali Azərbaycan şəhərləri. Bakı, 1960
4.Nəbiyev Ə. XIX əsrin sonu-XX əsrin əvvəllərində Nuxa qəzası haqqında tarixi-etnoqrafik materiallar. //Azərbaycan MEA Tİ EA, f.1, siy.13, iş 5822
5.Tadhkirat al-muluk a manual of Safavid administration (cicra 1137 / 1725). Persian text in facsimile and explained by V.Minorsky. London, 1943
6.Бартольд В.В. Ислам. Пг.1918
7.Егиазаров С.А. Исследования по истории учреждений в Закавказье. ч. II, Городские цехи. Казань,1891
8.Гейдаров М.Х. Социально-экономические отношения и ремесленные организации в городах Азербайджана в XIII-XVII вв. Баку,1987
9.Гордлевский В.А. Государство селдьжуков в Малой Азии. //Избранные сочинения. Исторические работы. т. I, М., 1960
10.Гордлевский В.А. Из жизни цехов в Турции. К истории ахи. //Избранные сочинения. Исторические работы. т. I, М., 1960
11.Гордлевский В.А. Дервиши Ахи Эврана и цехи в Турции. //Известия АН СССР, 1927, №1
12.Городское поселение Эриванской губернии. //Сборник статистических сведений о Кавказе. т. I, отд. 1, Тифлис, 1869
13.Григорьев В.Н. Статистическое описание Нахичеванской провинции. СПб., 1833
14.Кузнецова Н.А. Из истории социально-экономических отношений в Иране в первой трети XIX в. //Иранский город и городское ремесло. М., 1952
15.Левиатов В.Н. Очерк из истории Азербайджана в XVIII в. Баку, 1948
16.Месхиа Ш.А. Города и городской строй феодальной Грузии XVII-XVIII вв. Тбилиси, 1959
17.Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Баку, 1961
18.Пигулевская Н.Б. Византия и Иран на рубеже VI и VII веков. М.-Л., 1946
19.Тревер К.В. К вопросу о ремесленных корпорациях в Сасанидском Иране. //Эллинистический Ближний Восток. Византия и Иран: история и филология. М.,1967
20.Шаншиев П. Два слова об амкаре. Тбилиси, 1857
21.Шахов С. К вопросу об изучении феодальной экономики Карабахского ханства. //Известия АН Арм.ССР, 1947, №4
22.Юсуф Ибиш. Содружество мастеров. Система гильдий в мусульманском городе. //Курьер ЮНЕСКО, январь1978 г.

Açar sözlər:

Açar sözlər: sənətkar təşkilatı, fütuvvatnamə, əxilik, əsnaf, istehsal, idarəçilk
Ключевые слова: средневековье, ремесленные организации, ахи, аснаф
Key words: middle ages, сraftsman organizations, akhy, asnaf.

РЕЗЮМЕ
Дж. М. Мустафаев
Из истории ремесленных организаций в Азербайджане
Образованные еще в раннем средневековье, ремесленные организации в XI-XVI вв. находились под сильным влиянием ислама. Поэтому в этот период они в основном действовали совместно с религиозно- рыцарским орденом, известным как ахи.
К концу позднего средневековья профессионально сословные объединения ремесленников стали именоваться аснафами. К этому периоду аснафы, занимающиеся производством, теперь в основном решают задачи сбора налогов, поддержания порядка среди членов организации.

SUMMARY
Jamal Mustafayev
From the history of craftsman organizations in Azerbaijan.
Craftsman organizations of early middle ages in XI-XVI centuries were seriously influenced by Islam religion. Craftsman organizations of this time were in close relation with akhy (brotherhood) organizations that were known as religious-knight ordens. Craftsman organizations had different names for a long time but in the late middle ages they were called as asnaf. Asnafs, who organized according to the principles of profession, were engaged with fulfillment of orders given by ruler of city, distribution and collection of taxes, than production issues.

"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019

Strategiya.az

Xəbərlər
21.08.2019

AFFA məşqçilər üçün seminar təşkil edib

21.08.2019

Rusiya, İran və Türkiyə liderlərinin Sammitinin vaxtı açıqlanıb

21.08.2019

Şəhid pilotun anım mərasimi keçirilib

21.08.2019

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun tətbiqi barədə fərman imzalayıb

21.08.2019

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb

21.08.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Təltif edildilər

21.08.2019

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb

21.08.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - General-mayor ali hərbi rütbəsi verilsin

21.08.2019

Ağcabədidə bədbəxt hadisə: Su borusu qırılıb iki nəfərin üzərinə düşdü

21.08.2019

DİQQƏT! Sabahdan bu avtomobil keçidində hərəkət dayandırılır - Tunel tikiləcək

21.08.2019

Azərbaycan-İtaliya arxeoloqları Gəncə və Goranboyda kurqanları tədqiq edir

21.08.2019

"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi

21.08.2019

NASA Yer kürəsi ölçüsündə və atmosferi olmayan yeni planet kəşf edib

21.08.2019

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

21.08.2019

Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb

21.08.2019

Nazirlik rəsmisi: Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur

21.08.2019

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb

21.08.2019

Pilotun həyat yoldaşı: Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq

21.08.2019

Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib

21.08.2019

Millimizin rəqibi heyətini açıqlayıb

21.08.2019

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

21.08.2019

Siyəzəndə AĞIR QƏZA: 8 nəfər...

21.08.2019

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün elan olunacaq

21.08.2019

Riberi İtaliya klubunda

21.08.2019

Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır

21.08.2019

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

21.08.2019

Dünya birjalarında neftin qiyməti bahalaşıb

21.08.2019

“Azeri Light”ın bir barreli 62,62 dollara satılır

21.08.2019

Hirkan Milli Parkında dağlıq zonada yanğının söndürülməsinə FHN-in “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub

21.08.2019

MiQ-29 təyyarəsinin pilotu ilə vida mərasimi keçirilir

21.08.2019

Avqustun 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.08.2019

Cəbhədən son xəbər

21.08.2019

Qabil Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin

21.08.2019

ABŞ bu ölkəyə 8 milyard dollarlıq “F-16” qırıcı təyyarələri göndərəcək

21.08.2019

UEFA Çempionlar Liqasının play-off mərhələsinin oyunları keçirilib

21.08.2019

Ata oğlunun attestatını gizlədib oxumasını istəmədi - Övladı oxumaq üçün evi tərk etdi - VİDEO

21.08.2019

Qubada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

20.08.2019

"Gənc yazarlar nə istəyir?”

20.08.2019

Abşeronda evdən 5 min manatlıq əşyalar oğurlayan şəxs saxlanılıb

20.08.2019

Nazir MiQ-29 təyyarəsinin axtarışlarında iştirakına görə Türkiyə tərəfinə təşəkkür edib

20.08.2019

Azərbaycanlı müğənnilərin “Həci” sevgisi: Mən onun ... deyiləm

20.08.2019

Beş milyon dollar dələduzluqda ittiham olunan şəxslərin məhkəməsi başalyır

20.08.2019

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

20.08.2019

Bakıda 27 yaşlı qız itkin düşdü

20.08.2019

Qobu qəsəbəsində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb

20.08.2019

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın başlayıb

20.08.2019

Şabrandakı yanğınla bağlı 7 nəfər xəstəxanaya yerləşdirildi

20.08.2019

MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılaraq dənizdən çıxarılıb

20.08.2019

Bakıda metroda gərginlik düşdü, "Sahil" stansiyasında işıqlar söndü

20.08.2019

Sabahın hava proqnozu açıqlanıb