"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə

10:40 / 19.09.2019

Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilat pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi.

"Əsrin müqaviləsi"nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçmiş, Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri ölkənin gələcək inkişafı üçün hava və su kimi tələb olunan maliyyə vəsaiti - ilkin kapital əldə etməkdən ibarət idi. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün bəlkə də yeganə çıxış yolu hesab olunurdu. Lakin 1991-1993-cü illərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsində hökm sürən regional qarşıdurma, qeyri-sabit mühit, o cümlədən respublikanın daxilində yaşanan xaos və anarxiya, hakimiyyətdə olan siyasi qüvvələrin yarıtmaz və səriştəsiz siyasəti və s. səbəblərdən dünyanın aparıcı neft şirkətlərini Azərbaycanın zəngin enerji resurslarının hasilatı və ixracına cəlb etmək, bu sahədə qarşıya çıxan maneələri dəf etmək o qədər də asan məsələ deyildi. Hətta, bəzi analitiklər o dövrdə Xəzər dənizinin Azərbaycana məxsus sektorundakı neft və qaz layihələrinin beynəlxalq konsorsiumun iştirakı ilə həyata keçirilməsini əfsanə sayır və qeyri-mümkün hesab edirdilər.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə milli-vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi və s. Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Prezident Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxartdı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarını pozmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır.

Ulu Öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdıra bildi. Həmin dövrdə cənab İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi onun müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi.

2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin yenə də bəzilərinin əfsanə və ya “kağız üzərində kəmər” hesab etdiyi əsas ixrac kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Müasir dövrdə xüsusi qlobal əhəmiyyət kəsb edən bu kəmər Azərbaycanın dünya bazarlarına alternativ enerji ixracı siyasətində mühüm amil olmuşdur.

2005-ci il mayın 25-də Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilmiş, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılmışdır. 2007-ci ildə isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur.

Beləliklə, Azərbaycan nəinki zəngin neft və qaz yataqlarının işlənilməsinə və enerji resurslarının hasilatına, həmçinin onların dünya bazarına çıxarılması üçün yeni ixrac marşrutlarının işə salınmasına və enerji nəqlinin şaxələndirilməsinə nail olmuşdur.

Müqavilənin əsas beynəlxalq geosiyasi və geoiqtisadi əhəmiyyəti ondan ibarət idi ki, bu tarixi razılaşma əsasında Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlığın, region dövlətlərinə məxsus karbohidrogen ehtiyatlarının alternativ istehsalı və ixracının, yeni transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinin təməli qoyuldu.

“Əsrin müqaviləsi” Azərbaycan dövlətinə, ölkənin ictimai-siyasi və iqtisadi institutlarına xarici ölkələrin maliyyə və texnoloji resurslarından geniş istifadə etmək imkanı qazandırdı. Bu müqavilə çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı, xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə mühüm təsir göstərdi.

“Əsrin müqaviləsi” nəticəsində Azərbaycan öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti və qabaqcıl texnologiya əldə etdi ki, bunun sayəsində də ölkəmiz qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildi.

İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən bu göstərici 1.072 milyard ton həcmində müəyyən edilmişdir. 2017-ci ilə qədər bu yataqlardakı neft və qaz ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulmuş və bu günə qədər 3,2 milyard barrel neft hasil edilmişdir. Həmçinin AÇG yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə təhvil verilmişdir.

2001-ci ildən ötən dövr ərzində neft və qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxilolmalar bütövlükdə 148.3 milyard ABŞ dolları təşkil etmişdir. Bu vəsaitin 95.61 milyard dolları dövlət büdcəsinə transfert olunmuş, 9.3 milyard dolları strateji, infrastruktur və sosial layihələrə yönəldilmişdir. Hazırda ARDNF-in aktivləri 42.5 milyard dollar təşkil edir.

2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilmişdir. Bunun nəticəsində, son 25 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 216 dəfə, adam başına düşən məhsul 162 dəfə artmışdır.

Son 15 ildə isə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, o cümlədən qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın çoxalmışdır. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları isə 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötmüşdür. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılmışdır ki, bunun da təxminən yarısı xarici sərmayədir. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.

İndiyədək regionların inkişafına dair 4 dövlət proqramı qəbul olunmuş və onlardan üçü artıq uğurla icra edilmişdir. Dövlət proqramları çərçivəsində regionlarda bütün köklü problemlər həll olunmuş, müasir infrastruktur formalaşdırılmış, əhalinin məşğulluq səviyyəsi yüksəldilmişdir. Ümumilikdə, bu illər ərzində regionların inkişafına 67 milyard manatdan çox vəsait yönəldilmiş, yaradılmış 2 milyondan çox yeni iş yerinin 75 faizi regionların payına düşmüşdür.

Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər, o cümlədən son iki ildə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəltmiş, ixrac potensialını genişləndirmişdir.

Bu illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturu formalaşdırılmış, bu məqsədlə 7 hava limanı inşa olunmuş, 14 min kilometrdən çox müasir yollar çəkilmiş, ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilmişdir. Azərbaycan "Şərq-Qərb” və "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilmiş, həmçinin tranzit daşımaları sahəsində ölkəmizin potensialının yüksəlməsində önəmli rol oynaya biləcək Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuşdur.

Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsi, inqilabi qərarların qəbulu və icrasını təmin etmişdir. Ümumilikdə son 15 ildə Azərbaycanda əməkhaqları 7,5 dəfə, pensiyalar isə 10 dəfədən çox artırılmışdır. 2003-2018-ci illərdə ölkədə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enmişdir. Ölkə üzrə bütün sosial infrastruktur yenilənmiş və müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.

Azərbaycan Prezidentinin 2019-cu ilin əvvəlindən başlayaraq təsdiq etdiyi sosial paketlər əsl inqilabi xarakter daşımışdır. Əhalinin bütün kateqoriyalarını əhatə edən və maaşların, pensiyaların, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan bu paketlərin ümumi dəyəri 2019-2020-ci illər üçün 5,3 milyard manat əlavə vəsait cəlb etməklə 4,2 milyon insanı əhatə edəcəkdir. Nəticədə Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, minimum əməkhaqqı üzrə isə ikinci olmuşdur.

Müasir Azərbaycanın nümunəsi əyani şəkildə bir daha təsdiq etdi ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 25 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyası başlanmış və keçən müddətdə uğurla həyata keçirilmişdir. Bu strategiya ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin etmiş və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan vermişdir.

“Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Qeyd edilməlidir ki, 2010-cu ildə “Ümid” və “Babək“, 2011-ci ildə isə “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkar edildikdən sonra, nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artmışdır. Bu isə o demək idi ki, Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə əsas qaz ixrac edən ölkələrindən birinə çevrilmək potensialına malikdir.

Bir faktı xatırlamaq yerinə düşər ki, Cənub Qaz dəhlizi istiqamətində 2000-ci ilin ortalarından Avropanın müxtəlif strukturları tərəfindən irəli sürülən bir neçə layihə, o cümlədən NABUCCO layihəsi ətrafında aparılan müzakirələr heç bir nəticə verməmiş və nəticədə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü və bütün tərəfdaşlar tərəfindən dəstəklənən “Cənub qaz dəhlizi” layihəsi həyata vəsiqə almışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti və Avropa Komissiyasının sədri tərəfindən “Cənub qaz dəhlizi” layihəsi ilə bağlı birgə bəyannamə, 2012-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında TANAP layihəsinə dair Saziş, 2013-cü ilin fevralında TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş, 2013-cü ilin dekabrında isə Bakıda “XXI əsrin müqaviləsi” kimi tarixə düşən “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalanmışdır. Ötən dövr ərzində Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub qaz dəhlizi” layihəsinin üç seqmenti - “Şahdəniz - 2”, Cənubi Qafqaz Qaz Boru Kəməri və TANAP üzrə bütün işlər tamamlanmış, dördüncü seqment olan TAP isə artıq yekunlaşmaq mərhələsindədir.

Əminliklə demək olar ki, yaxın gələcəkdə “Cənub Qaz Dəhlizi” Azərbaycan iqtisadiyyatının inkişafında mühüm amilə çevrilərək, ölkəmizin regionda və Avropada geoiqtisadi əhəmiyyətini bir qədər də artıracaq, Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktora çevriləcək. Prezidenti İlham Əliyevin söylədiyi kimi, Azərbaycan fəal və məqsədyönlü enerji diplomatiyası yürüdərək, öz tərəfdaşları ilə birlikdə nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etməyə nail olmuşdur.

2017-ci il dekabrın 23-də SOCAR-la BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağındakı işlərin davam etdirilməsi üçün niyyət protokolu imzalandı və bununla da “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni müqaviləyə əsasən SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Həmçinin, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəmək barədə öhdəlik götürdülər.

Müasir dövrdə dövlətlərin gələcək inkişaf perspektivlərini yalnız onların malik olduğu zəngin təbii sərvətlər deyil, həm də ölkənin elmi-mədəni, intellektual potensialı və həm də bütün bunlardan yüksəkdə dayanan insan kapitalı müəyyənləşdirir. Ona görə də Azərbaycan özünün inkişafında yalnız təbii sərvətlərin gətirdiyi gəlirlərə deyil, həm də neft kapitalının insan kapitalına çevrilməsinə böyük əhəmiyyət verir, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır.


Etiket:

Strategiya.az

Xəbərlər
22.11.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib

22.11.2019

Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb

22.11.2019

"Mən heç vaxt PSJ-də oynamayacağam" - Hazard

22.11.2019

Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

22.11.2019

Hansı səbəblərdən itkin düşürlər? – Ekspertdən açıqlama

22.11.2019

“İranlı etirazçılardan xahiş etdim ki…” – Pompeodan şok etiraf

22.11.2019

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

22.11.2019

Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə

22.11.2019

Cənubi Koreya Yaponiya ilə kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin şərtlə uzadılmasına razılıq verib

22.11.2019

   Səfirlik kitabxanaya kitablar hədiyyə etdi

22.11.2019

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb

22.11.2019

Bu gün X Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır

22.11.2019

Putinin böyük mətbuat konfransının tarixi açıqlandı

22.11.2019

SOCAR yeraltı anbarlardan qazın götürülməsinə başlayıb

22.11.2019

Tramp Əfqanıstan prezidentini Amerikaya dəvət etdi

22.11.2019

Yağıntılı hava şəraiti sabah gündüzədək davam edəcək

22.11.2019

Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbi AÇIQLANDI

22.11.2019

DİN: Borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılıb

22.11.2019

Ev alarkən bunlara diqqət yetirmək lazımdır - ALDANMAMAQ ÜÇÜN - VİDEO

22.11.2019

Qaxın İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 10-15 santimetrə çatır

22.11.2019

ABŞ Senatı müvəqqəti büdcəni qəbul etdi

22.11.2019

Komitə sədri rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib - SƏBƏBİ açıqladı

22.11.2019

ABŞ Türkiyəni “S-400”lərə görə şantaj edir

22.11.2019

Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI

22.11.2019

Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA

22.11.2019

Sentyabr ayında Azərbaycanda ÜDM təxminən 3 faiz artıb

22.11.2019

Pley-off mərhələsinin püşkü atılır - Avro-2020

22.11.2019

"Azeri Light" markalı neftin bahalaşması davam edir

22.11.2019

Yağış səbəbindən elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb - "Azərişıq" ASC

22.11.2019

Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

22.11.2019

Fransalı sədəqə verdiyinə görə 100 avro cərimələndi

22.11.2019

Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı

22.11.2019

Məktəb bufetlərində övladlarımızın qidaları təhlükəsizdirmi? – VİDEO

22.11.2019

Zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabildir - Səhiyyə Nazirliyi

22.11.2019

Noyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.11.2019

Neft ucuzlaşmaqda davam edir

22.11.2019

Erməni vandalizmini tarixi faktlarla faş edən nəşr - Fotolar

22.11.2019

"Kaspi" Təhsil Şirkəti gənclərə iş imkanı yaradır - VİDEO

22.11.2019

Almaniya klubu "Barış pınarı"na dəstək olan futbolçu ilə yolları ayırdı

22.11.2019

Cəbhədən son xəbər

22.11.2019

Bakıda 19 yaşlı qız itkin düşdü

22.11.2019

Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22.11.2019

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

22.11.2019

İran XİN: Yaxşı olar ki, Avropa İttifaqı ölkələri öz problemlərinin həli ilə məşğul olsun

22.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir

21.11.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

21.11.2019

Azərbaycan Prezidenti: Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir

21.11.2019

Azərbaycan Prezidenti: Bizi bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər

21.11.2019

Ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.11.2019

Zakir  Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - Sərəncam