Əbədiyaşarlıq nümunəsi

12:45 / 12.06.2020

            

“...İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur...”.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli lideri

 

 

“...Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır...”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

        

Azərbaycançılıq məfkurəsinin formalaşması

Tarixə nəzər saldıqda məlum olur ki, hər bir xalqın müqəddəratının həll olunduğu müxtəlif məqamlarda bütün varlığı ilə millətinə bağlı olan, müdrik və cəsarətli rəhbərə ehtiyac duyulur. Dünya xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixində belə şəxsiyyətlər olmuşdur. Ümummilli lider Heydər Əliyevin xalqların taleyində rolu olmuş digər liderlərdən əsas fərqi o olmuşdur ki, bu böyük şəxsiyyətin hərtərəfli fəaliyyəti tarixin bir deyil, iki müxtəlif mərhələsində millətimizin taleyində müstəsna əhəmiyyət kəsb etmişdir. Gənc yaşlarından hərtərəfli bilik, xüsusi istedad, müdriklik və cəsarət tələb edən son dərəcə məsuliyyətli vəzifələrdə çalışan ulu öndər, fəaliyyətinin ilkin mərhələsindən üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək işininin öhdəsindən yüksək məharətlə gəlməklə bərabər, Azərbaycançılıq məfkurəsinin formalşması üçün bütün zəruri addımları atırdı. 1944-cü ildə Dövlət Təhlükəsizliyi Orqanlarına qulluğa qəbul olunmaqla 1950-ci ildə bölmə rəisi, 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nin sədr müavini təyin edilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir və elə həmin ildə də ona general-mayor ali hərbi rütbəsi verilir. Bir-birinin ardınca yüksək vəzifələr tutan ümummilli lider Heydər Əliyev artan səlahiyyətlərindən millətinin səadəti naminə istifadə edərək ona göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, azərbaycanlılaşdırma siyasətinin aparılmasında, milli kadrların vəzifədə irəli çəkilməsində böyük cəsarət və qətiyyət  göstərirdi. Beləliklə, respublikanın təhlükəsizlik orqanlarından antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri uzaqlaşdırılır və tədricən azərbaycançılıq ideologiyasının rüşeymi cücərməyə, milli özünüdərk prosesi hərəkətə başlayırdı.

14 iyul 1969-cu il tarixdən Azərbaycana rəhbərlik etməyə başlayan böyük şəxsiyyət Heydər Əliyev bütün baryerləri məharətlə aşaraq, ciddi maneələri uğurla dəf edərək, hakimiyyətə gəldiyi ilk günlərdən ictimai şüurdakı tərəddüdün aradan qaldırılması, milli-mənəvi dəyərlərin bərpası və qorunması, vahid ideologiyanın yaranması, bununla da Azərbaycan xalqının sıx birləşməsi üçün müstəsna əhəmiyyətli işlər görməyə başladı. Ulu öndər “ideya, ideologiya və təbliğat” universal üçlük formulasından çox məharətlə istifadə etməyi bacarırdı. O,  müdrik ideyaları verir, onların vahid ideologiyaya çevrilməsini və həmin ideologiyanın xalq tərəfindən mənimsənilməsini təmin edirdi. Milli birliyimizi təmin edən universal formula olan azərbaycançılıq ideologiyasının müəllifi, təbliğatçısı və idarəedicisi də məhz, ümummilli lider Heydər Əliyev olmuşdur. Əslində, bir xalqın vahid ideologiya ətrafında səfərbər olunması üçün xeyli zaman tələb olunduğu hər kəsə bəllidir. Yəni, hər hansı bir ideologiyanın öyrənilməsi, mənimsənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, qərinələr, yüzillər ərzində mümkün olduğu halda ulu öndər özünəxas xüsusi çevik üsul və metodlarla bu prosesin elə sürətlə həyata keçirliməsinə nail oldu ki, qısa müddətdə azərbaycançılıq ideologiyası xalqın əsas milli-siyasi ideologiyasına çevrildi. Əlbəttə Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr daxilində məhdudlaşırdı. Buna baxmayaraq, totalitar rejimin sərt tələblərinin qüvvədə olduğu bir dövrdə Heydər Əliyev Azərbaycana ilk dəfə olaraq fikir plüralizmi, demokratik düşüncə tərzi, güclü sosial ədalət duyğusu gətirməklə, keçmiş ittifaq rəhbərliyində çalışdığı illərdə müdrik bir siyasətçi kimi Azərbaycanın bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələn hər şeyi edirdi.

Ulu öndər xalqın maraqlarına xidmət edən bir çox misli görünməmiş uğurlara imza atırdı ki, onlardan biri həyata keçirilən səmərəli fəaliyyət nəticəsində 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycanın Konstitusiyasında təsbit olunması idi.  Heydər Əliyev hər zaman deyirdi: “...öz ana dilini bilməyən adamlar şikəst adamlardır...”. Bundan başqa, o dövrdə SSRİ məkanında analoqu olmayan hadisə baş verdi. Məhz Heydər Əliyevin səyi nəticəsində böyük dramaturq Hüseyn Cavidin nəşi 1982-ci ildə öz vətəninə, Azərbaycana gətirildi. Müdrik strateq Heydər Əliyevin bütün fəlsəfi konstruksiyası məhz xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Qalan hər şey, o cümlədən də iqtisadi inkişafın sürətli həyata keçirilməsi taktikası da milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin əsas təməlinə çevrilməli idi. Dahi lider Heydər Əliyev kifayət qədər mürəkkəb bir dövrdə azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməməklə bərabər,  milli düşüncə sahibi olan ziyalıları da qorumuş, nəticədə, respublikada dissident yazarlar demək olar ki, olmamışdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, o cümlədən ədiblərinin və şairlərinin xatirəsini əbədiləşdirməklə, onların əsərlərinin nəşrini təmin etməklə milli ədəbi düşüncənin də inkişafına təkan vermiş, həmçinin azərbaycanlıların necə zəngin tarixə, qədim soykökünə malik olduğunu dünyaya bəyan etdirmişdir. Qətiyyətli rəhbər Nizami Gəncəvinin və İmadəddin Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması ilə bağlı partiya qərarlarının verilməsinə belə nail olmuşdur. Ümummilli lider Heydər Əliyev xalqda milli dövlətçilik təfəkkürünün formalaşması üçün hər bir vətəndaşın keyfiyyətli təhsil almasını, elmin yeni nailliyyətlərini mənimsəməsini son dərəcə vacib məsələ hesab etdiyi üçün, bu sahədə də bütün zəruri tədbirlərin görülməsini təmin edirdi. Buna görə də, onun rəhbərliyi ilə respublikada təhsilin inkişafı, eyni zamanda milliləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başladı. Ulu öndərin ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gəncin respublikamızın hüdudlarından kənarda ali, həmçinin ali hərbi təhsil almasına, onların ixtisaslı kadr kimi yetişməsinə hər cür dəstək göstərməsi onun vətənpərvərliyi, xeyirxahlığı ilə bərabər müdrikliyinin, uzaqgörənliyinin əyani təcəssümü idi.  Bütün sahələr üzrə peşəkar milli kadrlar hazırlamağın zəruriliyini nəzərə alaraq bu istiqaməti prioritet hesab edən aqil rəhbər Heydər Əliyev ilk növbədə hakimiyyət strukturlarına əsasən sadə insanların içərisindən seçdiyi azərbaycanlıları yerləşdirməklə xalqın daha sıx birləşməsi və respublikanın tərəqqi yoluna çıxarılması istiqamətində mümkün tədbirlərin görülməsini təmin etdi. Bütün bunların nəticəsi idi ki, müstəqilliyin ilk illərində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda əsas kadr bazasını o dövrdə hazırlanmış milli kadrlar təşkil edirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən illər öncə milli kadr hazırlığının, peşəkar kadrlar bazasının formalaşdırılmasının ən yüksək səviyyədə təşkilini təmin etmişdir ki, bu, müdrik şəxsiyyətin uzaqgörənliyinin növbəti əyani sübutu idi. Göründüyü kimi, zəngin və mənalı həyatını millətinə və vətəninə həsr edən böyük insan Heydər Əliyev ömür boyu, o cümlədən ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan naminə misilsiz xidmətlər göstərməklə xalqa məxsus milli-mənəvi dəyərlər sisteminin, adət-ənənələrin qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, milli şüurun düzgün məcrada inkişafını və azərbaycançılığın milli ideologiyaya çevrilməsini təmin etmiş, millətin həmrəyliyinə və mənəvi tamlığına müvəffəq olmuşdur. Bütün bunlar isə gələcək uğurların əldə edilməsində aparıcı amil olduğundan, millətin tərəqqisini, müstəqilliyin əldə edilməsi və möhkəmləndirilməsini, eləcə də dövətin qüdrətlənməsini şərtləndirmişdir.

 

Milli qurtuluş

 

Hər kəsə məlumdur ki, üzləşdiyi haqsızlıqlarla və ədalətsizliklərlə barışa bilməyən və onlara kəskin etiraz edən ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında vəzifədən istefa vermək qərarını qəbul edir və onun bir daha yenidən fəal siyasətlə məşğul olmaq fikri olmur. Bununla belə, vətənpərvər şəxsiyyət baş verənlərə biganə qala bilmir, “20 Yanvar” faciəsi isə onu siyasi fəaliyyətə qayıtmağa sövq edir. Xalqını canından  artıq sevən ulu öndər hətta həyatını belə təhlükəyə ataraq, heç nədən və heç kəsdən çəkinmədən 1990-cı ilin sərt qış günlərində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, ölkəmizdə “20 Yanvar” faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən son dərəcə cəsarətli və qətiyyətli bəyanatla çıxış etməklə, Azərbaycan xalqının yanında olduğunu bildirir. Bundan sonra, təbii olaraq ona qarşı təzyiqlər, təxribatlar kompaniyası vüsət alır və həmin kompaniya daxilində hətta onu həbs etmək belə istəsələr də, o, buna məhəl qoymadan doğma Azərbaycanına üz tutur. Doğulub boya-başa çatdığı Naxçıvanın təhlükədə olduğunu görən, həmçinin Bakıda yaşamağına imkan verilməyəcəyini dərk edən Heydər Əliyev ora gedir və Naxçıvanı, eləcə də onun əhalisini böyük bəlalardan qoruyur. O zaman məkirli niyyətləri, həmçinin Naxçıvanın işğalına yönələn ermənilərin bu çirkin istəklərini ürəklərində qoyan müdrik rəhbər təkcə Naxçıvanı müdafiə etməklə kifayətlənmir, eyni zamanda müstəqilliyin əldə olunması üçün həlledici addımlar atmağa başlayır. Belə ki, SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən 17 noyabr 1990-cı il tarixli sessiyasında cümhuriyyət ideyalarına sədaqət nümayiş etdirilərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində dövlət rəmzi elan olunur və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Ali Soveti 5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edir. Bununla bərabər, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1992-ci ilin noyabrında siyasi platforması Azərbaycanın firavan gələcəyindən və xalqın səadətindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradılır. Müxalifət partiyası kimi yaradılmış Yeni Azərbaycan Partiyası düzgün fəaliyyəti, bilavasitə milli maraqlara-xalqın mənafelərinə və dövlətçiliyə xidməti ilə qısa zamanda iqtidar partiyasına çevrilir. Yeri gəlmişkən vurğulanmalıdır ki, hazırda bu partiya nəinki Azərbaycanda, həmçinin Cənubi Qafqazda ən böyük partiyadır. Sirr deyil ki, 18 oktyabr 1991-ci ildə dövlətimiz müstəqillik əldə etsə də, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdanadək ölkə çətin durumda olmuş, 1993-cü ilin əvvəllərində isə hətta müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşmişdir. Tarixi ərazilərimizin işğal olunduğu, iqtisadi tənəzzülün sürətləndiyi, ciddi hakimiyyət böhranının yaşandığı, anarxiyanın tüğyan etdiyi, ölkənin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda, xalq Azərbaycanı bu vəziyyətdən çıxara biləcək yeganə insana, hərtərəfli potensiallı və cəsarətli müdrik şəxsiyyətə sığınaraq ona müraciət etdi. Xalqın təkidli tələbini cavabsız qoymayan böyük şəxsiyyət Heydər Əliyev ölkədə baş verənlərə rəğmən, həyatı bahasına başa gəlmək təhlükəsi də daxil olmaqla bütün təhlükələri gözaltına alaraq 15 iyun 1993-cü il tarixdə yenidən siyasi hakimiyyətə qayıtdı və xalqını böyük bəlalardan, dövlətiçiliyi iflasdan qurtardı. Müstəqilliyimizi hifz edərək dövlətçiliyi möhkəmləndirməklə ölkəmizi dirçəliş və inkişafa doğru yönəltdi, bununla da milli varlıq və idrakın, özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi. Tarix göstərdi ki, yalnız Heydər Əliyev kimi ali insani keyfiyyətlərə, sarsılmaz iradəyə, mükəmməl idarəçilik qabiliyyətinə, geniş siyasi dünyagörüşünə malik qətiyyətli lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək kimi ağır tarixi tapşırığın öhdəsindən gələ bilərdi.

Azərbaycana növbəti dəfə rəhbərlik edən ümummilli lider Heydər Əliyev yeni iqtisadi sistemə keçidin inkişaf üçün vacibliyi prinsipini irəli sürməklə yanaşı, eyni zamanda keçid prosesində əhalinin sosial maraqlarının təminatını, xüsusən aztəminatlı insanların sosial müdafiəsini, iqtisadi potensialın ilk növbədə xalqın rifahına yönəldilməsini dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən edirdi. Ulu öndər Heydər Əliyevin strategiyası bazar iqtisadiyyatına keçid şəraitində aparılan islahatların əhalinin rifahına mənfi təsirinin mümkün qədər azaldılmasını və köklü iqtisadi islahatlar şəraitində etibarlı sosial müdafiə sisteminin qurulmasını şərtləndirdi. Hər kəsə məlumdur ki, Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində Azərbaycan vətəndaş müharibəsindən təzəcə qurtulmuş, atəşkəs rejimini yenicə əldə etmiş ölkə olduğundan, həmin vaxtlarda Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq çox çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Azərbaycanın müstəqil dövlət kimi varlığı və inkişaf etməsi üçün respublikanın iqtisadi potensialı əsas şərt sayılsa da, bu potensialdan səmərəli istifadənin çox mühüm əhəmiyyət kəsb etdiyini hər zaman vurğulayan ulu öndər Heydər Əliyev ölkədəki vəziyyətə rəğmən, 1994-cü ilin sentyabr ayında Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsində mühüm əhəmiyyəti olan “Əsrin müqaviləsi” kimi bir tarixi müqavilənin bağlanılmasına müvəffəq oldu. O da məlumdur ki, Bakı-Tibilisi-Ceyhan neft kəmərinin təməlini də Azərbaycan neftinin dünya bazarlarına çıxmasında gərgin əməyi və yorulmaz fəaliyyəti olan Heydər Əliyev qoymuşdur. Bundan sonra, Azərbaycanın dünyada böyük qaz potensialına malik olan bir dövlət olduğunu sübut edən böyük “Şahdəniz” layihəsinin və digər əhəmiyyətli layihələrin reallaşması da bu dahi şəxsiyyətin müstəsna xidmətlərinin bəhrəsi olmuşdur. İslahatlar aparılarkən xarici ölkələrin təcrübəsindən bəhrələnməyi daim tövsiyə etməklə yanaşı, həmçinin kortəbii ehkamçılığa və tələskənliyə qarşı çıxan ulu öndər dəfələrlə qeyd etmişdir ki, “bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına uyğun olaraq təşkil olunmaqla yerli şərait, milli xüsusiyyətlər və ənənələr nəzərə alınmaqla həyata keçirilməlidir.”. Azərbaycan üçün xarakterik xüsusiyyətlər nəzərə alınmaqla iqtisadi islahatların yüksək peşəkarlıqla aparılması sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi. Ulu öndər demişdir: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”.

   Göründüyü kimi, ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir anında millətinin mənafeyinə şərəflə xidmət etmiş, həyatın sərt sınaqlarına məharətlə sinə gərərək, hər bir çətin şəraitdən ən düzgün çıxış yolu tapmaqla xalqını və dövlətini xilas etmiş, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin qüdrətlənməsi, iqtisadiyyatımızın dirçəlməsi, xalqın rifah halının yaxşılaşdırılması üçün mümkün olan hər şeyi edərək ölkəmizi sürətli inkişaf yoluna çıxarmışdır.

 

Hüquqi dövlət quruculuğu

 

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən ölkəmizdə paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı. Bu sahədə aparılan islahatlarda müdrik rəhbərin 9 avqust 1994-cü il tarixli «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərmanı xüsusi əhəmiyyət kəsb etmişdir. Bu istiqamətdə səmərəli fəaliyyət, o cümlədən qeyd olunan fərmanın uğurlu icrası hüquq-mühafizə orqanlarının cinayətkar təzahürlərə, xüsusən də, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı səfərbər olunması və “cəzanın labüdlüyü” prinsipinin reallaşması ilə nəticələndi.

Müstəqilliyin ilk illərində ictimai münasibətlərin əhəmiyyətli dəyişməsi  yeni qanunların qəbul edilməsini zəruri etsə də, bu prosesin qısa bir zamanda və ələlxüsus da əlverişsiz ictimai-siyasi bir şəraitdə baş tutması mümkün olmadığı üçün, müvəqqəti olaraq əvvəlki qanunlardan istifadə edilməsi labüd olduğundan, 18 oktyabr 1991-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının 4-cü maddəsində müvafiq qanunlar qəbul edilənədək keçmiş SSRİ qanunlarının respublikanın suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə Azərbaycan Respublikasında qüvvəsini saxlamasına dair müddəalar təsbit edildi. Ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlanıldı. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi və bu işə hərtərəfli dəstək verməsi olmuşdur. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında “Heydər Əliyev Konstitusiyası” adlandırılır. Müstəqil Azərbaycanın 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Müstəqil Azərbaycanın ali qanununda ilk dəfə olaraq ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi də Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin icrasının nəticəsi idi. Ulu öndərin təşəbbüsü və şəxsi nəzarəti ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm hüquqi aktlar qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə silsilə tədbirlər həyata keçirildi. Görülən böyük işlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Yeni ictimai münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Əmək və digər məcəllələrin qəbulu isə respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı.

Ölkəmizdə 1993–cü ilin iyun ayından ölüm cəzasının icrasına moratorium qoyulması, daha sonra onun tətbiqinin məhdudlaşdırılması, 10 fevral 1998–ci il tarixdən Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi-fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanan bu tarixi addım humanizm, insanpərvərlik, ədalət və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Dövlət başçısının 3 fevral 1998–ci il tarixli müraciətində deyilirdi: “Mən cinayət–hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi–demokratik dövlət quruculuğu yolunda olmasını bir daha təsdiqləyirdi.       

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası isə aparılan humanist siyasətin bariz nümunəsi idi. Yerigəlmişkən qeyd olunmalıdır ki, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, eyni zamanda onun təşəbbüsü ilə həmin dövrdə qəbul edilmiş “Amnistiya haqqında” Milli Məclisin yeddi qərarı 60 min nəfərdən artıq şəxsə şamil olunmuşdur.

 

Silahlı Qüvvələr və Prokurorluq hər zaman dövlət qayğısı ilə əhatə olunmuşdur

 

Ümummilli lider Heydər Əliyevin növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, Silahlı Qüvvələrin yenidən formalaşdırılması məqsədilə bu sahədə də köklü islahatlar həyata keçirilmişdir. Ulu öndərin hərtərəfli və səmərəli fəaliyyətinin prioritet istiqamətlərindən birini də Azərbaycanın suverenliyinə zəmanət verən ordu quruculuğu təşkil etmişdir. Qeyd edilməlidir ki, müstəqilliyin ilk illərində ordunun siyasiləşmiş ayrı-ayrı silahlı dəstələrdən ibarət olması, vahid komandanlıq tərəfindən deyil, konkret şəxslər tərəfindən idarə olunması, həmçinin Silahlı Qüvvələrdə baş verən xeyli cinayət hadisələrinin latent qalmasına şərait yaratmaqla, onların dəqiq uçotunu aparmağa imkan vermədiyindən, bununla əlaqədar qabaqlayıcı tədbirlərin görülməsində və cinayətkarlığa qarşı adekvat mübarizənin aparılmasında da ciddi çətinliklər yaradırdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə elmi-təcrübi əsaslar üzərində və vahid komandanlıq prinsipi əsasında yüksək peşəkarlıqla ordu quruculuğu həyata keçirilməyə başladı ki, bu qısa zamanda cəbhədə gedən döyüş əməliyyatlarına da öz müsbət təsirini göstərdi. Dövlət Müdafiə Şurasının ilk iclasında cinayətkarlığa, korrupsiyaya, vətən qarşısında öz müqəddəs borcunu yerinə yetirməkdən boyun qaçıran şəxslərə qarşı kəsərli mübarizə aparılacağının bəyan edilməsi və ardınca bu istiqamətdə atılan ciddi addımlar da ordumuzun döyüş hazırlığının yüksəlməsinə böyük təkan verdi. Əvvəlcə qanunsuz hərbi dəstələr buraxıldı və Silahlı Qüvvələr tam dövlət nəzarətinə keçirildi. Bundan sonra, digər ölkələrin qanunvericilik təcrübəsindən istifadə olunmaqla və Dağlıq Qarabağ müharibəsi təcrübəsinə əsaslanılmaqla mükəmməl hərbi qanunvericilik bazası yaradılması prosesi başladı. Beləliklə də, görülən işlər qısa müddətdən sonra öz səmərəsini verdi və güclü Azərbaycan ordusu formalaşmağa başladı. Azərbaycan Ordusunun gücləndiyini görən və onun tərəfindən aparılan uğurlu döyüş əməliyyatlarından təşviş içində olan düşmən 12 may 1994-cü il tarixdə atəşkəs haqqında müqaviləni imzalamaq məcburiyyətində qaldı. Bundan sonra, çağırış və səfərbərlik işi xeyli təkmilləşdirildi, ordumuzun daha da güclənməsi üçün bir çox mühüm tədbirlər həyata keçirildi, bunun nəticəsində hərbi hissələrdə intizam möhkəmləndi və qanunun aliliyi prinsipi bərqərar oldu. Azərbaycan Ordusunun beynəlxalq əlaqələrinin gücləndirilməsi də mühüm şərt olduğundan Ali Baş Komandan Heydər Əliyev milli ordunu modernləşdirmək məqsədilə Sovet hərb sistemini dəyişib, NATO standartlarını tətbiq etməyi zəruri hesab etdiyi üçün, Şimali Atlantika Alyansının beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alaraq ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması barədə qətiyyətli qərar qəbul etdi və 4 may 1994-cü ildə Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı.

Hər kəsə məlumdur ki, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bugün yeni inkişaf yoluna qədəm qoymaqla Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Sirr deyil ki, 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artmış, cənab Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavod yaradılmış, bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunaraq nəinki ordumuzun potensialı gücləndirilmiş, eyni zamanda hərbi məhsullarımızın ixrac olunmasına da başlanılmışdır. Bununla bərabər, xarici ölkələrdən ən müasir zirehli texnikalar, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, nəqliyyat vasitələri,  helikopterlər, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri, eləcə də digər texnika və silahlar alınmaqla Silahlı Qüvvələrimizin arsenalı daha da zənginləşdirilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilən möhtəşəm hərbi paradda 240-dan çox hərbi texnikanın, gəmilərin, 70-dən artıq uçuş vasitəsinin, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikaların, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayişi Silahlı Qüvvələrimizin qüdrətinin təzahürü idi. Xüsusi vurğulanmalıdır ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında ordumuz 52-ci yerdə olduğu halda, Gürcüstan 85-ci, Ermənistan isə 96-cı sırada qərarlaşmışdır. Bu isə Azərbaycanın Cənubi Qafqazda ən güclü orduya malik dövlət olduğunu bir daha təsdiq etmişdir.

Hərbi prokurorluq orqanlarının fəaliyyəti də səmərəli olmaqla, Silahlı Qüvvələrdə hərbi intizamın daha da möhkəmləndirilməsinə, cinayətkarlıqla və digər hüquq pozuntuları ilə mübarizəyə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, o cümlədən hərbi qulluqçuların və mülki vətəndaşların hüquqlarına və qanuni mənafelərinə zərər vuracaq əməllərin qarşısının alınmasına, həmçinin Silahlı Qüvvələrimizin qüdrətinə xələl gətirə biləcək digər halların aradan qaldırılmasına yönəldilmişdir.

Hakimiyyətdə olduğu bütün dövrlərdə prokurorluğa böyük dəstək, yüksək diqqət və xüsusi qayğı göstərmiş ümummilli lider Heydər Əliyev deyirdi: “...Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz-prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası  Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir. Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır...”. Böyük insanın söylədiyi bu dəyərli kəlamlar reallığa çevrilməklə davamlı xarakter aldı.

Qeyd olunmalıdır ki, müstəqil Azərbaycanın Prokurorluq, o cümlədən Hərbi Prokurorluq orqanlarının formalaşması prosesində, fəaliyyət istiqamətlərinin və səlahiyyətlərinin qanunvericiliklə müəyyən edilməsində də yeni mərhələ ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanmışdır. Bu məqsədlə, müxtəlif qanunlar qəbul edilmiş və Milli Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra digər müstəsna əhəmiyyətli işlər görülmüşdür. Dərin minnətdarlıq hissləri ilə qeyd etmək zəruridir ki, bu istiqamətdə aparılan islahatlar möhtərəm Prezident tərəfindən də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin müasir tələblərə uyğun aparılmasının təmin edilməsi məqsədilə imzaladığı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr ediməsi haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən və hazırlanan cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi və buna uyğun olaraq mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumların yaradılması Hərbi Prokurorluğun fəaliyyətinin səmərəliliyini şərtləndirdi. Möhtərəm Prezidentimizin dəyərli tövsiyələri və hərtərəfli dəstəyi ilə Azərbaycan Prokurorluğunda, o cümlədən Hərbi Prokurorluqda həyata keçirilən islahatlar bu orqanın milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun hərtərəfli müasirləşdirilməsi, səmərəli fəaliyyəti üçün bütün imkanların yaradılması ilə nəticələndi. Vurğulanmalıdır ki, ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən ardıcıl olaraq, Hərbi Prokurorluğun mərkəzi aparatının, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Qazax, Zaqatala və Gəncə hərbi prokurorluqlarının ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqla təchiz olunmuş inzibati binalarla təmin olunması, əksər hərbi prokurorluqların inzibati binalarının əsaslı təmir edilməsi, əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması prokurorluğa göstərilən yüksək diqqətin təcəssümü olmuşdur. Bütün bunlar hərbi prokurorluq işçilərinin xidməti vəzifələrinə daha ciddi məsuliyyətlə yanaşmalarına rəvac verdi. Hərbi Prokurorluğa və onun əməkdaşlarına dövlət səviyyəsində verilən yüksək dəyərin məntiqi nəticəsi olaraq, 2005-ci ildən başlayaraq, xüsusən də son dövrlərdə bu qurum fəaliyyətində ardıcıl nailiyyətlər əldə etmişdir.

 

Heydər Əliyev əmanəti əmin əllərdədir

 

Hər kəsə məlumdur ki, bugün ölkədə aparılan mükəmməl siyasət və çoxsahəli islahatlar sayəsində iqtisadiyyatımız güclənir, dövlətimiz daha da qüdrətlənir və xalqın rifahı hərtərəfli yaxşılaşır. Bununla bərabər, demokratik islahatlar getdikcə geniş vüsət almaqla insan hüquq və azadlıqlarının təminatı sistemini daha da mükəmməlləşdirir, tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, söz, mətbuat, sərbəst toplaşmaq, siyasi fəaliyyət azadlığından və digər hüquqlardan istifadə imkanlarının artırılması təmin edilir. Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan hərtərəfli inkişaf yolunda inamla irəliləyir və qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar gözləyir. Bu uğurları şərtləndirən ən mühüm amillər isə ulu öndər Heydər Əliyev siyasəti və bu siyasəti dövrün tələblərinə uyğun müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna fəaliyyətidir. Cənab Prezident İlham Əliyevin xalqa arxalanaraq ölkənin coğrafi mövqeyindən, təbii ehtiyatlarından, maddi, mənəvi və insan resurslarından səmərəli istifadə etməklə yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Məhz möhtərəm Prezident İlham Əliyevin zəngin idarəçilik təcrübəsinə əsaslanan  çoxşaxəli fəaliyyəti, gərgin əməyi, əzmi, sarsılmaz qətiyyəti və möhkəm siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanaraq, dünyada ən qüdrətli dövlətlər sırasında özünəməxsus yerini müəyyən etməklə mövqelərini bərkitmiş və söz sahibinə çevrilmişdir. Daxildə möhkəm ictimai-siyasi sabitlik, qanunçuluğun etibarlı qorunması, effektiv sosial-iqtisadi islahatların həyata keçirilməsi təmin olunmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü vurğulayan dövlət başçımızın yeritdiyi mahir diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan sülh, tərəqqi və əməkdaşlıq mərkəzinə çevrilmişdir. Ölkəmiz son illərdə də beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya, ikitərəfli və çoxtərəfli tərəfdaşlığa üstünlük vermişdir. Qeyd olunmalıdır ki, hər hansı bir dövlətin müstəqil, güvənli xarici siyasət yeritməsi, milli maraqlarını beynəlxalq miqyasda qoruya bilməsi üçün əvvəllər əsas götürülən ərazi və əhali amilləri bugünkü reallıqda o qədər də aktual deyil. Ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən, dünyanın zəngin karbohidrogen resurslarının cəmi bir faizinə malik olan Azərbaycanın praqmatik diplomatiya yeritməklə, bölgədə və beynəlxalq məkanda layiqli yerini təmin etməsi buna əyani sübutdur. Ötən ilin oktyabr ayında Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən iclasında iştirakı və müxtəlif dövlət xadimləri ilə keçirdiyi rəsmi görüşləri isə dövlət başçısının beynəlxalq səviyyədə qəbul olunan nüfuzlu siyasi lider olmasını bir daha təsdiqlədi. Dövlət başçısının ən mötəbər beynəlxalq tədbirlərə dəvət olunması və mühüm məsələlərin müzakirələrində fəal iştirak etməsi qlobal xarakterli diskussiyalarda Azərbaycanın mövqeyinin, rəyinin nəzərə alındığının göstəricisidir.

Cənab Prezident İlham Əliyev demişdir: «...Bizim istənilən sahəni inkişaf etdirmək üçün konkret nəticələri əvvəlcədən məlum olan planlarımız, proqramlarımız var, istənilən sahədə islahatlar aparmaq üçün fikirlərimiz, təkliflərimiz var və vaxtı çatdıqca bu layihələrimizin hamısı reallaşacaq. Özü də yüksək səviyyədə...».  Bu, belə də oldu. Belə ki, müasir Azərbaycanın müəllifi ulu öndər Heydər Əliyevin layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyevin zəngin elmi biliklərinin, mükəmməl siyasətinin, polad iradəsinin, gərgin və çoxşaxəli fəaliyyətinin sayəsində dövlətimiz sürətlə qüdrətlənmiş, o cümlədən təkcə ötən il ölkəmizdə ümumi daxili məhsul 2,2%, qeyri-neft sektorunda 3,5%; sənaye istehsalı 1,5 %, qeyri-neft sektorunda 14 % artmış, kənd təsərrüfatındakı artım təxminən 7% olmuş, minimum əməkhaqqı və bəzi müavinətlər 2 dəfə, minimum pensiya 70%, bir qism müavinətlər isə 50% artmış, həmçinin manatın məzənnəsinin sabitliyi təmin olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Davos Ümumdünya İqtisadi Forumuna əsasən islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşmış, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini ötmüşdür. Qürurvericidir ki, dayanmadan çiçəklənən Azərbaycan bu gün nəinki regionda ən güclü, hətta dünya miqyasında yüksək nüfuzu, qlobal məsələlərin həllində söz sahibi olan dövlətə çevrilmişdir.

Qeyd etmək zəruridir ki, dövlətimizin qüdrətlənməsinə, eləcə də ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlara və görülən böyük işlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti töhfələr verməkdədir. Mehriban xanımın millətimizin rifahına xidmət edən çoxsaylı təşəbbüsləri, misilsiz xeyirxah əməlləri ona hər kəsin sevgisini qazandırmışdır. Ötən il “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi də Onun tərəfindən görülən böyük işlərin nəticəsi idi. Mehriban xanımın 2019-cu ildə Rusiya Federasiyasına rəsmi səfəri isə Azərbaycan-Rusiya arasında olan sıx əlaqələrin daha da inkişafında və şaxələndirilməsində mühüm rol oynamışdır.

Ölkədə həyata keçirilən hərtərəfli uğurlu siyasətdən bəhs edərkən bütün bəşəriyyəti öz cənginə alan Koronavirus (COVİD-19) pandemiyasına qarşı qətiyyətli mübarizəni də qeyd etmək zəruridir. Milli həmrəylik və xalq iqtidar birliyi Azərbaycanın bu sınaqdan da məharətlə çıxmasını şərtləndirdi. Koronavirus pandemiyası dövründə Azərbaycan Prezidentinin bilavasitə nəzarəti ilə ölkəmizdə  həyata  keçirilən qabaqlayıcı tədbirlər və görülən böyük işlər həm xalq, həm də beynəlxalq birlik tərəfindən təqdir edilir. “Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı.” deyən cənab Prezidentin bu seçimi ölkədə insan amilinin hər şeydən üstün tutulduğunun növbəti bariz nümunəsidir.

Sadalananlar qəti əminliklə bu qənaətə gəlməyə əsas verir ki, Heydər Əliyevin müəllifi olduğu Azərbayacanda onun müdrik və uzaqgörən  siyasəti uğurla davam etdirilir.

Göründüyü kimi, müasir bəşər tarixinin iki müxtəlif ictimai-siyasi quruluşunda hakimiyyət zirvəsinə yüksəlməyə müvəffəq olmaqla ölkəmizə rəhbərlik etmiş Heydər Əliyev siyasi mübarizədə yenilməzliyini ömrünün sonuna kimi qoruyub saxlamış, xalqına və dövlətinə ləyaqətlə xidmət etməklə, dünya siyasətinə mühüm töhfələr verərək öz millətinin sonsuz məhəbbətini, digər millətlərin isə böyük rəğbətini qazanmışdır. Bununla da, iti zəkalı, dərin düşüncəli, uzaqgörən, sarsılmaz iradəli, müdrikliyə söykənən qeyri-adi cəsarətli və bənzərsiz qətiyyətli böyük dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyev dünyanın nəhəng tarixi şəxsiyyətləri sırasında özünəməxsus əbədi yer tutmuşdur. Ona görə də, dünyanın hər yerində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı daim böyük ehtiramla çəkiləcək, parlaq siması xatırlanacaq və ölməz xatirəsi hörmətlə yad ediləcəkdir. 

                                        

Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov

 

 

 

 

 

 

        

 


Etiket:

Strategiya.az

Xəbərlər
09.07.2020

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb

09.07.2020

DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı

09.07.2020

Xaçmazın giriş-çıxışlarında postlar quruldu, hərəkətə ciddi nəzarət başladı

09.07.2020

Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi

09.07.2020

General-leytenant Fuad Məmmədov  vəzifəsindən azad edilib

09.07.2020

Əkin sahələri və meyvə bağları ciddi zərər çəkib

09.07.2020

Sağalan COVİD xəstələrinə arayış necə verilir? - RƏSMİ AÇIQLAMA

08.07.2020

Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib

08.07.2020

Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 465 nəfər sağaldı, 9 nəfər öldü

08.07.2020

Bakıda polisə hücum etdiyi deyilən şəxslər aşkarlandı

08.07.2020

Dolu düşəcəyi gözlənilir

08.07.2020

Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri həbs edildi

08.07.2020

Karantin postlarından 500 avtomobil geri qaytarılıb

08.07.2020

Abşeron magistral kanalında yenidənqurma işlərinin başa çatdırılması üçün 8,5 milyon manat ayrıldı - SƏRƏNCAM

07.07.2020

Hüquq fakültəsində magistr dissertasiyalarının onlayn müdafiəsi keçirilib

07.07.2020

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 453 nəfər sağaldı, 7 nəfər öldü

07.07.2020

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

07.07.2020

Bir sıra icazələr yenidən aktivləşdirildi

07.07.2020

Prezident İlham Əliyevin müsahibəsi - TAM MƏTN

07.07.2020

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

07.07.2020

İyulun 7-də xarici valyutaların manata qarşı məzənnələri

06.07.2020

Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik

06.07.2020

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü

06.07.2020

Daha 4 rayona prokuror vəzifəsini icra edən şəxslər təyin edildi

06.07.2020

BDU-da virtual elmi seminar keçirilib

06.07.2020

DTX XİN-in vəzifəli şəxslərinə qarşı keçirilən əməliyyatla bağlı məlumat yaydı

06.07.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər

06.07.2020

Botanika İnstitutu: Qafqazdakı bitkilərin 64%-nə Azərbaycanda rast gəlinir

06.07.2020

Dünya şöhrətli bəstəkar Ennio Morrikone vəfat edib

06.07.2020

Karantin rejimini pozan 4 nəfər həbs edilib, 2 294 nəfər cərimələnib - DİN

06.07.2020

Ukraynada koronavirusa yoluxanların sayı 50 minə yaxınlaşır

06.07.2020

Əsgərlikdən qayıdan oğluna yığıncaq keçirən ata və qonaqları cərimələndi

06.07.2020

Elman Nəsirovun “Koronavirus pandemiyasından sonra Qarabağın gələcəyi” adlı məqaləsi ərəb mətbuatında nəşr olunub

06.07.2020

İyulun 6-da xarici valyutaların manata qarşı məzənnələri

05.07.2020

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

05.07.2020

icaze.e-gov.az portalında bir sıra icazələr ləğv edilib

05.07.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 951 nəfərə çatıb

05.07.2020

Xəstəlikdən bir neçə ay sonra idmanla məşğul ola bilmirlər

05.07.2020

Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb

05.07.2020

Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı

04.07.2020

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

04.07.2020

COVID-19 pandemiyası ilə əlaqədar İstanbulda daha bir xəstəxana istifadəyə verilib

04.07.2020

Azərbaycan neftinin bir barreli 43,85 dollara satılır

04.07.2020

Prezident tanınmış yazıçıya ev bağışladı

04.07.2020

Bu ölkə koronavirusun ikinci dalğasına başladı

04.07.2020

Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır

04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

03.07.2020

Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik

03.07.2020

“ASAN xidmət” mərkəzlərində bu günlərdə iş olmayacaq

03.07.2020

İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ