Azərbaycan - Türkiyə Münasibətləri: İkitərəfli  Əlaqələrin  Əsas Dinamikası və  Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq 

22:56 / 09.12.2020

Murtəza Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Qulluğu  və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

 

         18 oktyabr 1991-ci il tarixində müstəqillik aktı qəbul edən Azərbaycan respublikasını Türkiyə bir ay keçmədən, yəni noyabrın 9-da tanıyan ilk dövlət oldu. Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı. Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur.Hər iki ölkədə prezident seçilən dövlət başçısının birinci olaraq qardaş respublikaya getməsi ənənəvi hal alıb və simvolik əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan ikitərəfli əlaqələri bölgədə sabitlik və sülhün qurulmasına xidmət edir, heç bir ölkəyə təhdid yaratmır. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Azərbaycan - Türkiyə qardaşlığı və onların birgə fəaliyyəti regional aləmdə çox önəmli amildir.   Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir. Ortaq kök, din və dil birliyi, bundan əlavə həmçinin oxşar mədəniyyət, adət və ənənələrin də olması bu amili şərtləndirən əsas cəhətlərdəndir. Hətta tarixə nəzər salsaq, görərik ki, Azərbaycan və Türkiyə özlərinin ən mürəkkəb və çətin dövrlərində hər zaman bir – birlərinə dəstək olmuş və bu dəstəyi daima nümayiş etdirmişlər. Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsində hər iki ölkənin həm yüksək vəzifəli şəxslərinin, həm də dövlət xadimlərinin böyük rolu olmuşdur. Ölkələr arasındakı münasibətlərin qarşılıqlı etimad və inam əsasında inkişaf etdirilməsi bugünki günümüzə qədər “Bir millət, iki dövlət” ifadəsinin əks etdirdiyi reallığı təsdiqləyir. Bu gün  Türkiyə-Azərbaycan  arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələr  uğurla inkişaf edir.  Tarix boyunca davam edən dostluq, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlığa söykənən Azərbaycan - Türkiyə əlaqələri daima inkişaf etməkdədir. Xalqların dil, din, mədəniyyət və s. kimi oxşar xüsusiyyətlərə malik olması onları doğmalaşdırmışdır. Digər ölkələrdən və xalqlardan fərqli olaraq Azərbaycan və Türkiyə sevincli, habelə kədərli günlərdə bir – birlərinə dəstək olaraq öz dostluqlarını göstərmişlər. Bu gün  hər iki dövlət başçısı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasətin nəticəsi olaraq dövlətlər arasındakı münasibətlər özünün yüksək səviyyəsinə çatmaqda və artıq bir sıra müəyyən sahələr üzrə yeni mərhələyə keçməkdədir. Azərbaycan və Türkiyə dövlətləri arasında əlaqələrin belə yüksək səviyyədə inkişafı həm dövlətlərin, həm də regionun inkişafına təkan vermiş, bununla yanaşı ümumi sabitliyin bərqərar olmasında da mühüm rol oynamışdır. Prezident İlham Əliyev Azərbaycan və Türkiyə əlaqələri barəsində bu fikirləri söyləmişdir : “İki ölkə arasındakı münasibətlər təkcə bizim üçün yox, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz bütün türk dünyasının birləşməsi və türkdilli xalqlar arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk.”

Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafının hər iki ölkə üçün önəmli tərəfləri vardır. Belə ki, beynəlxalq arenada Türkiyə ölkəmiz üçün müttəfiq və tərəfdaşdırsa, Azərbaycanın da güclü dövlət olması dünya siyasətində Türkiyə üçün önəmlidir .

Azərbaycan və Türkiyə neçə illərdir ki, öz əməkdaşlıqlarını təkcə siyasət ilə deyil, eyni zamanda təhsil, iqtisadiyyat, mədəniyyətkimi sahələr üzrə də davam etdirir. Belə ki, sadalanan sahələrin iki ölkə arasındakı inkişafı da qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayır.

İstər Azərbaycan, istərsə də Türkiyə ilə bağlı hər hansı bir problem yarandıqda hər iki ölkə bu problemlərin aradan qaldırılması üçün bir – birlərinə daima kömək edir. Bu məsələyə Ermənistan problemini misal göstərə bilərik. Bugün də Türkiyə dövləti Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistan ilə heç bir diplomatik əlaqəlar qurmamaqdadır. Bu birlik isə “bir millət, iki dövlət”in bütün sahələrdə əməkdaşlığını sübut edir .

Bir sözlə, Azərbaycan və Türkiyə dövlətlərinin dostluğu zaman keçdikcə daha da möhkəmlənir, ölkələr arasındakı qarşılıqlı münasibətlər uğurlu şəkildə inkişaf edir və hər iki ölkə regional sahədə təhlükəsizliyin təminatçısına çevrilir . Azərbaycan və Türkiyə münasibətlərinin tarixi qədimdir. Belə ki, hələ 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusu Bakını işğalçılardan azad etdi. Bu Bakı şəhərini azad etmək üçün atılan ikinci addım idi və uğurla nəticələnmişdi. O dövrdə Nuru Paşanın Bakını işğaldan xilas etməsi Azərbaycan üçün bir dönüş nöqtəsi oldu. Bütün xalq Nuru Paşanı xilaskar kimi qarşıladı, çünki onun sayəsində Azərbaycanın paytaxtı azad edilmişdi . Sonralar ümumilli lider Heydər Əliyev də qardaş ölkənin göstərdiyi köməkliyi bu sözlər ilə qiymətləndirmişdir : “ Türk ordusunun Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlı üçün çox önəmli bir addım idi və xalqımız bizə göstərilmiş bu köməkliyi heç zaman unutmayacaq.”

Artıq XX əsrin ikinci yarısından etibarən Azərbaycan və Türkiyə arasında rəsmi münasibətlər qurulmağa başlamışdı. Bu illər ərzində Azərbaycan Sovet İttifaqının tərkib hissəsi olmasına baxmayaraq, 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin , 1969-cu ildə isə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya etmiş olduğu səfərlər iki ölkə arasındakı münasibətlərin gedişatına mühüm təsir göstərdi .

Sovet İttifaqının süqutundan və 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsindən sonra Azərbaycan və Türkiyə münasibətləri daha sürətli şəkildə inkişaf etməyə başladı. 1991-ci il oktyabrın 18-də dövlətimiz müstəqilliyini elan etdikdən qısa bir müddət sonra, yəni, 9 noyabrda Türkiyə müstəqilliyimizi tanımış, artıq 1992-ci il yanvarın 14-də isə diplomatik münasibətlər qurulmuş və beləliklə də Azərbaycanın müstəqilliyini tanımış ilk dövlət olmuşdur. Bununla Türkiyə Azərbaycan xalqının yaddaşında yaxşı və etibarlı bir dost kimi qalmışdır.

Dostluq münasibətlərinin inkişafında hər iki ölkənin dövlət xadimlərinin misilsiz rolu vardır. Ulu öndər Heydər Əliyevin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dövrdə Türkiyə rəhbərliyi ilə birlikdə yenidən olaraq Qars müqaviləsini imzalamış və Türkiyə ilə qonşuluqda yerləşən Araz çayı üzərində “Ümid” körpüsü adlandırılan keçid məntəqəsinin istifadəyə verilməsində böyük əməyi olmuşdur . Həmçinin 1992-ci ilin mayın 1-də Türkiyə prezidenti Turqut Özalın Azərbaycana səfəri və bu səfər zamanı imzalanmış olan Birgə Bəyanat iki ölkə arasındakı münasibətlərin əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bu bəyanata əsaslanaraq Azərbaycan və Türkiyə birgə əməkdaşlıq yolunda ardıcıl addımlar atmağa başladı.

1994-cü il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə ilk rəsmi səfəri baş tutdu. Səfər müddətində Heydər Əliyev Türkiyənin Prezidenti, Baş naziri və parlament rəhbəri ilə görüşərək ikitərəfli münasibətlərin inkişafına yeni təkan vermiş oldu. Həmçinin o, bu müddət ərzində Türkiyə Böyük Millət Məclisində çıxış edərək Azərbaycan və Türkiyə arasındakı əlaqələr və bu əlaqələrin genişlənməsi üçün ölkəmizin fikirləri haqqında məlumat verib. Səfər çərçivəsində ölkələr arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi – mədəni və iqtisadi sahələr üzrə saziş, dostluğun inkişafı barəsində müqavilə və bir sıra başqa sənədlər haqqında sazişlər imzalanmışdır. Heydər Əliyevin Türkiyəyə ikinci rəsmi səfəri isə 1997-ci ildə olmuşdur. Bu səfər zamanı isə strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə ön plana çəkilmişdir.

Heydər Əliyevin 1997-ci ildə Türkiyənin “Dövlət nişanı”, 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatı ilə təltif olunması; bundan əlavə Türkiyənin bir çox media qurumları tərəfindən “İlin adamı”, habelə müxtəlif universitetlərin Fəxri doktoru seçilməsi onun Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı yolunda müstəsna rolunun nəticəsidir. Dostluq münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin davamçısı İlham Əliyev olmuşdur.

2004-cü ildə prezident İlham Əliyevin Türkiyəyə ilk rəsmi səfəri baş tutub. 3 gün davam edən səfər zamanı İlham Əliyevə Bilkənd universitetində “fəxri doktor” diplomu və İ.Doğramacı adına “Dünya Sülh Mükafatı” təqdim edilmişdir. Bu səfər zamanı mülki aviasiya və əməkdaşlıq haqqında bəzi protokollar və sənədlər imzalanmışdır.Bugün də Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinin məhz Azərbaycana etmələri bir daha iki ölkə arasındakı münasibətlərin möhkəmliyindən xəbər verir. Bu baxımdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın düşüncələri Azərbaycan – Türkiyə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinə çox gözəl nümunədir : “İki ölkə arasındakı əlaqələr hər bir sahə üzrə qardaşlığa söykənən münasibətlər əsasında inkişaf edir. Bu münasibətlərin yaradıcılarından biri olan lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə eyni millətdən olan, lakin ayrı dövlətlərdir. İstər sevincdə, istərsə də kədərdə hər zaman birlikdəyik və bizim bu birliyimizə bütün dünya ölkələri qibtə ilə baxır.”

Bütün bu siyasi əlaqələr ilə yanaşı iki ölkə arasındakı iqtisadi əlaqələr də sarsılmaz və möhkəmdir.         20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndə “Türk petrolları” şirkətinin xarici neft şirkətləri assosiasiyasında təmsil olunması Türkiyə və Azərbaycan arasında olan əməkdaşlığın inkişafının ilk və mühüm təzahürü idi .

Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrdə Türkiyənin iştirakına xüsusi diqqət yetirir. 1998-ci il sentyabrın 7-də Bakıda “Böyük İpək Yolu”nun bərpasına dair beynəlxalq konfrans keçirilmişdir. Bu konfrans Avropa və Şərq ölkələri arasında nəqliyyat – kommunikasiya əlaqələrinin yaradılması sahəsində önəmli hesab edilən “Avropa – Qafqaz – Asiya Transqafqaz” nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə baş tutmuşdur. Konfransda 32 dövlət və 13 beynəlxalq təşkilat iştirak etmişdir. Senyabrın 7-də belə bir konfransın həyata keçirilməsi Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın genişlənməsinə yeni təkan verdi. Nəinki təkcə bu layihə, hətta həyata keçirilən digər iqtisadi layihələr də iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə, regionda siyasi – iqtisadi və strateji maraqların təmin edilməsinə xidmət edir.

18 noyabr 1998-ci ildə ATƏT-in İstanbulda həyata keçirilmiş Zirvə toplantısında yeni əsrin mühüm layihəsi hesab olunan və bir sıra müzakirələrə səbəb olmuş “Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş”in imzalanması region ölkələrinin də birgə strateji əməkdaşlığı və Avropaya inteqrasiyası baxımından atılmış mühüm bir addım oldu. Eyni zamanda hər üç ölkənin prezidentləri tərəfindən “İstanbul Bəyannaməsi” qəbul edildi. Bu Bəyannamə imzalanmış olan qlobal layihəni müdafiə edirdi. Bu Azərbaycan dövlətinin, xüsusilə ulu öndər Heydər Əliyevin neft siyasətinin həyata keçirilməsində və Türkiyə dövləti ilə olan dostluq münasibətlərinin daimi olaraq davam etməsində çox böyük rol oynadı .

1999-cu ildə Azərbaycanda “Şahdəniz” qaz yatağının aşkar edilməsi Azərbaycan ilə Türkiyə arasında qaz sahəsi üzrə yeni bir əməkdaşlığın yaradılması üçün şərait yaratdı. Bu qaz yatağının aşkar edilməsindən 2 il sonra, yəni, 2001-ci ildə Prezident Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı “Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın alışı və satışı haqqında müqavilə” imzalandı.

2002-ci il aprelin 29-30-da Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Türkiyənin Trabzon şəhərində növbəti Zirvə görüşü həyata keçirildi. Bu görüşdə 3 dövlət arasında “Terrorizm, mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotik, psixotrop maddələrin qaçaqmalçılığı, silah, insan alveri və digər mühüm cinayətlərlə mübarizə haqqında müqavilə” imzalandı. Həmçinin bu görüşdə “Şahdəniz” qaz yatağından hasil olunan təbii qazın Bakı – Tbilisi – Ərzurum marşrutu üzrə Türkiyəyə nəql edilməsi məqsədilə qaz boru kəmərinin inşası üçün qərar alındı.

13 iyul 2006-cı ildə isə ulu öndər Heydər Əliyevin adını daşıyan və Türkiyənin Ceyhan limanında Şərq və Qərb enerji keçidinin mühüm hissəsini təşkil edən Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəmərinin açılışı baş tutdu. Bu Heydər Əliyevin qabaqcadan düşünülmüş və uğurlu neft siyasətinin nəticəsi kimi tarixə keçdi. Zamanla bəzi mütəxəssislərin inanmadığı vəhəyata keçəcəyinə şübhə ilə yanaşdığı bu hadisə üç dəniz əfsanəsinin reallaşdırdığı hadisə kimi yaddaşlara yazıldı.

Bu cür qlobal iqtisadi layihələrin həyata keçirilməsi həm regionda sülhün və təhlükəsizliyin təmin olunması, həm də xalqların rifah səviyyəsinin yüksəldilməsi baxımından böyük əhəmiyyətə malik idi. Bu baxımdan 2008-ci il iyulun 24-də Respublika Prezidenti İlham Əliyevin Türkiyəyə növbəti səfəri zamanı Qars şəhərində Bakı – Tbilisi – Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimində iştirak etdi. Artıq müasir dövrdə də Azərbaycan və Türkiyənin etibarlı strateji tərəfdaş olması ölkəmizin xarici siyasıtinin əsas tərkib hissəsinə çevrilmişdir .

2010–cu il sentyabrın 15-də İstanbul şəhərində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqınada” Birgə Bəyannamə qəbul edildi. Bu Bəyannamə qədimdən bəri mövcud olan dostluq - qardaşlıq münasibətlərinin və iki ölkə arasında davam edən əlaqələrin bütün sahələr üzrə daha da inkişaf etdirilməsi məqsədilə qərara alınmışdır[1]. “Çırağan” sarayında Birgə Bəyannamənin imzalanması ilə bağlı olaraq həyata keçirilmiş mərasimdə hər iki ölkənin rəhbəri öz bəyanatları ilə çıxış edərək bu qərarın önəmini bir daha vurğulamışlar.

Rəcəb Tayyib Ərdoğan :

“– Mərhum prezident Heydər Əliyevin bir millət, iki dövlət kimi tərif verdiyi Azərbaycan və Türkiyə əməkdaşlığında neçə ildir ki, gözlənilən hadisə bugün həyata keçir. Mən bu dostluğun gələcək nəsillərdə də davam edəcəyinə inanıram. Bekə ki, Azərbaycan və Türkiyə əməkdaşlığı təkcə dövlətlər arasındakı həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın köklü tarixinə söykənir.”

İlham Əliyev :

“ – Bu gün həqiqətən də tarixi böyük gündür. Hal – hazırda burada – Türkiyədə olmaqdan çox məmnunam və mən inanıram ki, imzalanmış bu sənəd gələcəkdə iki ölkə arasındakı əlaqələrin inkişafını təmin edəcək” .

2011-ci 25 oktyabr tarixində Azərbaycan və Türkiyə prezidentlərinin, həmçinin hər iki ölkənin müdafiə nazirlərinin iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçirildi. Bu iclasda da bir çox vacib qərarlar qəbul edildi. Bu qərarlardan biri də TANAP layihəsi ilə bağlı idi. Şuranın ikinci iclası 11 oktyabr 2012-ci il tarixində Qəbələdə, üçüncü iclası 13 noyabr 2013-cü il tarixində Ankarada, dördüncü iclası 15 yanvar 2015-ci il tarixində yenə də Ankarada həyata keçirildi .

Təxminən 40 il ərzində istifadə olunması gözlənilən Trans – Anadolu Təbii qaz Boru Kəməri layihəsi (TANAP) ilə bağlı saziş 2012-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və hələ o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan arasında imzalanıb. Kəmərin tikintisinin beş il ərzində həyata keçirilməsi planlaşdırılırdı. 2018-ci ildə layihənin ilk mərhələsi başa çatdı. Cənub Qaz Dəhlizinin ümumilikdə dəyəri 40 milyard dollar civarındadır .

2019-cu ilin son aylarında Azərbaycan – Türkiyə münasibətləri hər tərəfli şəkildə müxtəlif sahələr üzrə inkişaf etdirildi. Bu dövrdə xüsusilə də məhz elə iqtisadi əlaqələr baxımından iki ölkə arasında qarşılıqlı səfərlər və görüşlər həyata keçirildi. 16 sentyabr 2019-cu il tarixində Bakının Türk Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 101-ci yubileyi ərəfəsində Türkiyə prezidentinin köməkçisi Fuat Oktay 8-ci Azərbaycan – Türkiyə Birgə İqtisadi Komissiyasının yığıncağı üçün paytaxt Bakıya gəldi. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) Avropa əlaqələrinin açılışı üçün Türkiyəyə getdi və Rəcəb Tayyib Ərdoğan ilə 29 noyabr 2019 tarixində təşkil edilən mərasimə qatıldı .

Hərbi sahə üzrə də iki ölkə arasındakı münasibətlər olduqca güclüdür. Belə ki, öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan – Türkiyə hərbi əməkdaşlığı zaman keçdikcə sürətlə inkişaf etmişdir. 2018-ci ilin iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin və Bakı şəhərinin sentyabrın 15-də işğaldan azad olunmasının 100 illik yubileyi münasibəti ilə təşkil olunmuş hərbi paradlarda Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin parad zamanı uçuş nümayiş etdirməsi, habelə, hər iki ölkənin əsgərlərinin birgə yürüşü bir daha Azərbaycan və Türkiyə arasında olan hərbi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi idi. Həmin gün, yəni, sentyabrın 15-də Prezident İlham Əliyev Azadlıq meydanında çıxışı zamanı bu fikirləri səsləndirmişdir : “Artıq neçə illərdir ki, Azərbaycan və Türkiyə dövlətlərinin birliyi hər bir sahədə özünü göstərir. Hərbi sahə üzrə də iş birliyimiz günü – gündən dərinləşir. Budur ! Bu gün Azərbaycan və Türkiyə ordularının əsgərləri məhz bu meydanda yan – yana dayanıblar. Və birazdan onlar bizim önümüzdən qardaş kimi keçəcəklər”.

Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi ilk illərdən etibarən torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi və Rusiyanın da Ermənistanı silah – sursat ilə təmin etməsi hərbi təhlükəsizlik üçün böyük təhdid yaradan amillər idi. Belə bir dövrdə Azərbaycanın istər hərbi, istərsə də siyasi cəhətdən özünə müttəfiq tapması olduqca mühüm məsələ hesab olunurdu.

Bu zaman çərçivəsində Azərbaycanın Türkiyə kimi hərbi – siyasi müttəfiqinin olması çox əhəmiyyətli idi. 2001-ci ilin martında məhz bu məsələ ilə bağlı ölkə rəhbəri Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində çıxış edərək bu ifadələri söyləmişdir : “Türkiyə bizim üçün bir dost, qardaş, həm də arxa dayaqdır. Bildiyiniz kimi bizim Qafqaz bölgəsində vəziyyət bir o qədər ürəkaçan deyil. Çünki Azərbaycan qonşu dövlət olan Ermənistan ilə savaşdadır.             Hətta digər bəzi qonşularımız ilə də müəyyən problemlərimiz vardır. Ona görə də dünyada Azərbaycanın əsl dostu, müttəfiqi – Türkiyədir. Siyasi və strateji nöqteyi – nəzərdən Azərbaycanın Türkiyənin yardımına ehtiyacı var” .

Türkiyə dövləti Ermənistan – Azərbaycan, xüsusilə Dağlıq Qarabaq münaqişəsi baxımından ilk gündən bəri ölkəmizə daima tam dəstək olmuşdur və Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bildirmişdir. 1993-cü ildə Kəlbəcər rayonunun işğalından sonra Ermənistan ilə sərhədləri tamamilə bağlayan Türkiyə hətta bugünədək bu ölkə ilə heç bir diplomatik əlaqələr qurmamaqdadır.

Bütün bunlar Türkiyənin hərbi sahə üzrə Azərbaycan ilə əməkdaşlığına necə böyük önəm verdiyini göstərir. 2001-ci ilin mart ayında Prezident Heydər Əliyevin Türkiyəyə rəsmi səfərinin əsas məqsədlərindən biri də Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq haqqında müqavilənin imzalanması üçün müzakirələrin aparılması ilə bağlı idi. Şübhə yoxdur ki, səfər zamanı Heydər Əliyev Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hüseyn Kıvrıkoğlu ilə təkbətək görüşündə bu məsələ ilə bağlı müzakirə aparmışdır.

1992-ci ilin avqustunda Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim – təhsil haqqında müqavilə” imzalanmışdır. Bunun nəticəsində Azərbaycan – Türkiyə hərbi əməkdaşlığı 2010-cu ilin avqustunda “strateji əməkdaşlıq” və “qarşılıqlı yardım” haqqında müqavilənin və həmin ilin sentyabrında “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə yeni bir hərəkət almış oldu.

Bununla da iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələri genişlənməyə başladı. Hal – hazırda hərbi əməkdaşlıq əlaqələrinin hüquqi bazasını müxtəlif saziş və müqavilələr təşkil edir. Azərbaycan və Türkiyə arasında olan əməkdaşlıq əlaqələrinin hərbi əməkdaşlığın bütün sahələrini əhatə etdiyini deyə bilərik. Bura hərbi – siyasi, hərbi – texniki, hərbi təhsil və təlim və s. sahələr daxildir.

2007-ci ildən başlayaraq iki ölkə arasında Yüksək Səviyyəli Hərbi Dialoq (YSHD) iclasları həyata keçirilir. Bu iclaslarda hər iki ölkənin nümayəndə heyətləri əməkdaşlıq məsələlərini müzakirə edir, öhdəliklərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyət planını müəyyən edir və iclasların nəticələrinə uyğun olaraq yekun Protokol imzalayırlar.

İki ölkə arasında hərbi sahə üzrə əməkdaşlığın əsas istiqamətlərindən birini hərbi təhsil sahəsindəki əlaqələr təşkil edir. Bu əlaqələrin təməli 1992-ci ilin avqust ayında imzalanmış “Qarşılıqlı hərbi təlim – təhsil haqqında müqavilə”dən və 1996-cı ilin iyun ayında imzalanmış “Hərbi təlim, texnika və elmi sahədə əməkdaşlıq haqqında saziş”dən ibarətdir. Bu gün də bu əlaqalər sürətlə inkişaf edir. Türkiyə digər sahələrdə olduğu kimi təhsil sahəsində də Azərbaycana köməklik göstərən ölkələr sırasında birinci yerdədir.

Hərbi əlaqələrin digər əsas istiqamətlərindən birini hərbi – texniki əməkdaşlıq təşkil edir. 2000-ci ilin sentyabrında ilk dəfə olaraq bu sahədə əməkdaşlıq barəsində müqavilə imzalandı. 2010-cu ildə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım hqqında müqavilə”nin “Hərbi və hərbi – texniki əməkdaşlıq məsələləri”nə aid bir bölməsi vardır. Müqavilənin məhz bu bölməsinə əsasən müdafiə təyinatlı məhsulların yaradılması və onlardan istifadə, habelə müdafiə təyinatlı xidmətlərin təqdim edilməsi üçün əməkdaşlıq barədə razılıq əldə etmişdilər. Azərbaycan və Türkiyə arasında hərbi – texniki əməkdaşlığa silah istehsalı üçün birgə layihələrin həyata keçirilməsi, müəssisələrin yaradılması, bununla bərabər hərbi məhsulların idxalı – ixracı və s. kimi məsələlər daxildir.

İki ölkə arasında hərbi əməkdaşlığın bağlılığını göstərən əlamətlərdən biri də 2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsidir. Belə hərbi təlimlərin keçirilməsi Azərbaycan və Türkiyə ordularının döyüş qabiliyyətinin artırılması, qarşılıqlı təcrübə mübadiləsinin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkələr arasında keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı getdikcə artmaqdadır .

Məhz bütün bu qeyd olunanlara sübut olaraq, Türkiyənin 2020-ci il iyulun 12-dən etibarən Tovuzda baş verən son hadisələrə öz mövqeyini açıq şəkildə bildirməsi bu bağlılığın bariz göstəricisidir. Hətta ölkə rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü hər vasitə ilə qoruyacaqları barədə bir sıra bəyanatlar verməklə çıxış etmişlər.

Bununla bağlı olaraq, Türkiyə Xarici İşlər Nazirliyi də bütün imkanları ilə hər məqamda Azərbaycana dəstək olacaqlarını öz açıqlamalarında bildirmişlər. Digər tərəfdən isə Milli Müdafiə naziri Hulusi Akar deyib ki, Dağlıq Qarabağ məsələsində Ermənistana qarşı Azərbaycanı dəstəkləməkdə davam edəcəyik . Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq əlaqələrinin zaman keçdikcə daha da genişlənməsinə, həyata keçirilən hərbi təlimlərin sayının artmasına əsasən deyə bilərik ki, bu gün Türkiyə Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı, əməkdaşıdır.

Siyasi – iqtisadi, hərbi sahələr üzrə yanaşı Türkiyə və Azərbaycan arasında təhsil sahəsində də əməkdaşlıq möhkəmdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya dövlətləri arasında ilk dəfə olaraq Türkiyə ilə təhsil sahəsində müqavilələr bağlamışdır. Belə ki, 1992-ci il 28 fevral tarixində Türkiyə Cümhuriyyəti Egitim Bakanlığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında ilk müqavilə imzalanmışdır. Bu müqavilədə hər iki ölkənin təhsil sistemləri arasında tələbə mübadiləsinin gələcəkdə də davam etdirilməsi barədə danışılırdı. Bu isə özlüyündə yeni müstəqillik qazanmış Azərbaycanın dünyaya inteqrasiyası baxımından mühüm tədbir idi.

1993-cü il yanvarın 29-da Azərbaycan və Türkiyə arasında “Təhsil sahəsində əməkdaşlıq və  onun daha da inkişafına dair” saziş protokolu imzalanmışdır. Müqavilənin bağlanmasından sonra qardaş ölkələr arasında təhsil sahəsi üzrə münasibətlər xeyli yaxşılaşmışdır. Eyni zamanda bu görüşdə Bakıda türk – Anadolu litseyinin təşkili barəsində də digər müqavilə imzalanmışdır.

Ümumilli lider Heydər Əliyevin 1994-cü ilin fevralında Türkiyəyə rəsmi səfəri zamanı iki ölkə arasında bağlanmış müxtəlif müqavilələr içərisində elm və təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilərək beynəlxalq səviyyəyə çatdırılması məqsədilə protokol imzalanmışdır. 29 maddədən ibarət olan bu protokol həm siyasi, həm də hüquqi baxımdan mühüm sənəd hesab olunurdu. Sonrakı fəaliyyət dövrlərində də Azərbaycan və Türkiyə arasında təhsil sahəsi ilə bağlı olan bir sıra yeni müqavilə və sazişlər imzalanmış, tədbirlər həyata keçirilmişdir. Hələ 80-ci illərin sonları və 90-cı illərin əvvəllərindən etibarən başlayan bu əlaqələr bu gün də sürətlə və daha dinamik şəkildə inişaf etməkdədir .

Uzun illər boyu Azərbaycan Respublikasının beynəlxalq aləmdə mədəniyyət sahəsinə birbaşa olaraq qoşulması mümkün olmamışdır. Lakin adət - ənənə baxımından oxşar olan Azərbaycan və Türkiyə xalqlarının mədəni – kulturoloji əlaqələr yaratmağına ehtiyac duyulmuşdur. O dövrdə Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova və başqaları mədəniyyətimizi Türkiyə ictimaiyyətinə təqdim edə bilmişlər. Belə ki, görkəmli sənətkarımız Niyazi Ankara Dövlət Opera və Balet teatrında P.İ.Çaykovskinin operasını tamaşaya qoymuşdur. Digər görkəmli sənətkarlarımızdan biri olan Zeynəb Xanlarovanın Türkiyəyə qastroll səfərləri olmuşdur.O bu səfərlər zamanı Azərbaycan musiqisinin və mədəniyyətinin necə bir gücə malik olduğunu nümayiş etdirmişdir. Hələ o dövrdə Türkiyə tamaşaçılarının sevimli ifaçısına çevrilmiş Zeynəb Xanlarova 1970-ci ildə Türkiyə prezidenti Cövdət Sunayın xüsusi diplomu ilə təltif olunmuşdur. Onun 1977-ci ildə Leyla Vəkilovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs ansamblı ilə birlikdə İstanbul, Ankara və İzmir şəhərlərinə də səfərləri olmuşdur.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf etmişdir. 1994-cü il noyabrın 2-də Türkiyə Böyük Millət Məclisində Azərbaycan şairi Məhəmməd Füzulinin anma mərasimi keçirilmiş və bu mərasimdə Heydər Əliyev çıxış etmişdir. 2001-ci il martın 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Azərbaycan Atatürk Mərkəzinin” açılması barədə fərman imzaladı. Bu fərmanın imzalanması ilə Azərbaycan və Türkiyənin etibarlı dostluğu bir daha sübut olundu. Fərmanın imzalanmasından 3 gün sonra, yəni, 2001-ci ilin martın 12-də    Heydər Əliyev Ankara şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq protokolunun təsdiqi haqqında sərəncam verdi.

2007-ci ilin martın 9-da Bakıda Heydər Əliyev sarayında Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Formunun açılışı oldu. 48 ölkənin iştirakı ilə həyata keçirilən bu Forumda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir [3].

Türk dövlətləri arasında qarşılıqlı münasibətlərin qurulması və onların inkişaf etdirilməsi istiqamətində xüsusi rolu artıq neçə illərdir ki, baş tutan Zirvə toplantıları tutur. Zirvə toplantılarının keşirilməsi haqqında ilk təşəbbüs 1992-ci ildə Türkiyənin Baş Naziri Süleyman Dəmirəl tərəfindən irəli sürülmüşdü. İlk belə toplantı 1992-ci il oktyabrın 30-31-də Türkiyənin Ankara şəhərində baş tutmuşdur. Bu görüş nəticəsində Bəyannamə imzalanmışdır. Türk dövlət rəhbərlərinin II Zirvə toplantısı 1994-cü ilin oktyabrın ayında İstanbulda həyata keçirildi. Bu Zirvə toplantısında Azərbaycanı Heydər Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edirdi. Görüşün sonunda isə İstanbul bəyənnaməsi qəbul edildi. Bəyannamədə qeyd olunurdu ki, dövlətlər BMT və ATƏT tərəfindən qəbul olunmuş prinsip və normaları zəruri hesab edirlər.

III Zirvə toplantısı - 1995-ci ilin avqustunda Bişkekdə (Qırğızıstan), IV toplantı - 1996-cı ilin oktyabr ayında Daşkənddə, V toplantı - 1998-ci ilin iyununda Astanada, VI toplantı - 2000-ci ilin aprel ayında Bakıda, VII - toplantı 2001-ci ilin aprel ayında İstanbulda, VIII toplantı – 2006-cı ilin noyabr ayında Antalyada həyata keçirilmişdir .

2009-cu ildə türkdilli dövlətlər arasında qarşılıqlı əməkdaşlığa yardım məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) yaradıldı. Bu təşkilat 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda keçirilən növbəti Zirvə toplantısı zamanı imzalanmış Naxçıvan sazişinə əsasən yaradılmışdır. TDƏŞ–in yaradılmasından bu günümüzə qədər 7 Zirvə Görüşü baş tutmuşdur. Bunlardan birincisi – 2011-ci il oktyabrın 20-21-də “İqtisadi Əməkdaşlıq” mövzusunda Almatı şəhərində, ikincisi – 2012-ci il avqustun 22-23-də “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” mövzusunda Bişkek şəhərində, üçüncüsü – 2013-cü il avqustun 15-16-da “Nəqliyyat və bağlantı” mövzusunda Qəbələ şəhərində, dördüncüsü – 2014-cü il iyunun 4-5-də “Turizm sahəsində Əməkdaşlıq” mövzusunda Bodrum şəhərində, beşincisi – 2015-ci il sentyabrın 10-11-də “Media və informasiya sahəsində Əməkdaşlıq” mövzusunda Nur-Sultan (Astana) şəhərində, altıncısı – 2018-ci il senyabrın 3-də “Gənclər və İdman” mövzusunda Çolpan-Ata şəhərində və nəhayət yeddincisi isə - 2019-cu il oktyabrın 15-də “Kiçik və Orta Sahibkarlığın dəstəklənməsi” mövzusunda Bakı şəhərində keçirilmişdir.

2020-ci il 10 aprel tarixində isə videokonfrans vasitəsilə “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda TDƏŞ-in Fövqəladə Zirvə Görüşü keçirilmişdir. İlham Əliyevin sədrliyi ilə keçirilən bu görüşdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Türkiyə Respublikalarının dövlət başçıları iştirak etmişdir. Görüşdə  bu ölkələrin prezidentləri ilə yanaşı TDƏŞ-in Baş Katibi Bağdad Amreyev və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreisus də iştirak etmiş, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi” qəbul olunmuşdur .

Bundan əlavə 2020-ci ildə “Türkiyə - Azərbaycan : bir millət, iki dövlət” adında sənədli film hazırlanıb. Bu sənədli film Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə hazırlanmışdır. Sənədli filmdə iki ölkə arasındakı münasibətlərin qədim tarixə əsaslandığı vurğulanır və Türkiyə - Azərbaycan arasında inkişaf edən əlaqələrə də nəzər salınır.

Sənədli filmdə Azərbaycan – Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələrə də diqqət çəkilir. Niyə məhz Tovuzun hədəf kimi seçilməsi aydınlaşdırılır. Filmdə qeyd olunur ki, Türkiyənin hərbi və siyasi dəstəyi düşmənlə mübarizədə hər zaman Azərbaycanın yanındadır. Bununla da qardaş Türkiyə ölkəmizə dəstək olduğunu bəyan edir. Sənədli filmdə Prezidentin köməkçisi Hikmət Hacıyevin Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycan və Türkiyə hərbi – siyasi əməkdaşlığı ilə bağlı fikirlərinə də geniş yer verilmişdir .

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması barədə məlumat vermişdir. O həmçinin düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların da olduğunu qeyd etmişdir.

Düşmənə cavab olaraq isə ordumuz tərəfindən sarsıdıcı zərbələr endirilmişdir. Prezident İlham Əliyev müraciətinin sonunda bildirmişdir : “Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.” Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti bu çətin anda da yenə bizi tək qoymamışdır. Prezidentin mətbuat xidmətinin məlumatına görə elə həmin gün, yəni sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət diləyib. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb.

Başsağlığına görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidentinin daimi dəstəyini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedişi barədə məlumat verib.

Dövlət başçıları dost və qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Qardaş Türkiyənin dəstəyinə görə təkcə Prezident İlham Əliyev deyil, Azərbaycan Respublikasının birinci vitse – prezidenti Mehriban Əliyeva da təşəkkürünü bildirmişdir. Mehriban Əliyeva məhz bu sözlər ilə öz minnətdarlığını bildirmişdir :

“Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.”

Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Veriliş zamanı aparıcı İlham Əliyevə Türkiyənin dəstəyi, döyüş meydanındakı köməyi barədə sual ünvanlayıb və xahiş edib ki, bu müharibədə Türkiyənin rolunu izah etsin. Bundan sonra Prezident İlham Əliyev bildirib ki : 

“Türkiyə bizim üçün qardaş ölkədir. Bu ölkə həmçinin bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı və beynəlxalq hüququ dəstəkləyiblər. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik.

Oktyabrın 5-də Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib. Müsahibə zamanı jurnalist silahlı pilotsuz uçuş aparatlarının Azərbaycan Ordusuna verilməsinin bu hərəkatın gedişatına çox böyük təsir etdiyini vurğulayıb. İlham Əliyev bu məsələ barəsində öz fikirlərini bu sözlər ilə ifadə etmişdir:

“Bu silahlı uçuş aparatları dünyanın ən yüksək səviyyəsində olan aparatlardır və onların Azərbaycan Ordusunda olması bizim ordumuzu böyük dərəcədə gücləndirmişdir. Bu aparatlar bizə böyük imkanlar yaratdı və eyni zamanda, canlı qüvvə itkisinin çox da böyük olmamasına gətirib çıxardı.Bu mükəmməl texnoloji intellektual məhsul Türkiyə xalqının potensialını göstərir. Əlbəttə ki, Türkiyənin bizə göstərdiyi mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiə sənayesinin məhsullarının bizdə olması bizi gücləndirir və bunu bütün dünya görür” .

Qarabağdakı müharibə dövründə ən məşhur pilotsuz təyyarə Türkiyənin Bayraktar TB2 hücum dronu olmuşdur. Azərbaycan hərbçiləri tərəfindən Bəzi mütəxəssislər tərəfindən Qarabağdakı hədəflərin vurulması barədə paylaşılan videolarda dronların əksəriyyətini məhz Bayraktar TB2 dronuna aid olduğunu qeyd etmişlər.

Bu dron bir neçə il əvvəl Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanıb, operatorun nəzarəti altında və ya müstəqil olaraq fəaliyyət göstərə bilər, kəşfiyyat, müşahidə və ya zərbə üçün istifadə oluna bilər. Məhz elə “TRT Haber” televiziya kanalına müsahibəsi zamanı İlham Əliyev belə dronlara sahib olduğumuzu vurğulamışdır .

Azərbaycan üçün heç də asan olmayan bu dönəmdə bizə həm qardaş ölkə, həm də ən yaxın tərəfdaş olan Türkiyə bir daha öz dəstəyini nümayiş etdirdi. Belə ki, oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmişdir. Nümayəndə heyətini qəbul edən İlham Əliyev bu dəstəyə görə Azərbaycan xalqı adından qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlığını bildirmişdir.

Oktyabrın 10-da Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda Azərbaycana dəstək aksiyası keçirilmişdir. Belə ki, bu tədbir Gölcük bələdiyyəsinin və Kocaeli Derince Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Bu aksiyada qardaş Azərbaycana dəstək məqsədilə bəyanat oxunub. Tədbirdə Azərbaycan və Türkiyə sənətçilərinin ifasında vətənpərvər mahnılar ifa olunub .

Oktyabrın 19-da isə Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop ilkin olaraq Prezident Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Böyük Millət Məclisinin bütün deputatlarının salamlarını olduğunu, sonra isə öz çıxışında Azərbaycanın uğuru, müvəffəqiyyəti üçün hər zaman dua etdiklərini və Azərbaycandan sevindirici xəbərlər aldıqca Türkiyənin də bütün millət olaraq sevindiyini söyləmişdir. O, dünyada Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına bənzər ikinci ölkə olmadığını vurğulamışdır.Görüşün sonunda Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə öz dərin minnətdarlığını bildirmiş və onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etmişdir.

Üç gün sonra, yəni oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçonun Azərbaycana səfəri olmuşdur. Ombudsman bütün danışıqlara baxmayaraq 30 il ərzində heç bir irəliləyiş olmadığını, əksinə olaraq, Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu söyləmiş və sonra isə o, Azərbaycanın bu haqq mübarizəsində Türkiyənin onun yanında olduğunu və hər zaman da Azərbaycanı dəstəklədiyini vurğulamışdır .

Oktyabrın 22-də Prezident İlham Əliyevin Füzuli, Cəbrayıl və Zəngilanın bir neçə kəndinin işğaldan azad edilməsini bəyan etdikdən sonra Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Ankara tərəfindən belə bir istəyin ediləcəyi təqdirdə Ankaranın Azərbaycana əsgər göndərməkdən və hərbi dəstək verməkdən çəkinməyəcəyini söylədi və bu anda belə bir müraciət olmadığını bildirdi [25]. Azərbaycan müharibə şəraitində olduğu müddət ərzində Türkiyə təkcə siyasətdə deyil, humanitar mövqe baxımından da Azərbaycanı tək qoymadı. Belə ki, Türkiyə 27 sentyabr tarixindən etibarən başlayan və o vaxtdan bəri davam edən Ermənistanın mülki vətəndaşlara hücum etməsi, hətta oktyabrın 10-dan bu yana olan üç humanitar atəşkəsi pozması nəticəsində çox çətin günlər yaşayan Azərbaycan xalqına dəstək olmuşdur. İstanbuldan yola düşən 11 yük maşınından ibarət olan humanitar yardım oktyabrın 28-də Bakıya çatmışdır .

Azərbaycan da öz növbəsində qardaş Türkiyə dövlətini onun çətin dövründə tək qoymamışdır. Prezident İlham Əliyev Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək xalqımızın üzüntü hissi keçirdiyini və hər zaman olduğu kimi, bu gün də Azərbaycan xalqının dost və qardaş Türkiyənin yanında olduğunu, qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu söyləmişdir.  Noyabrın 1-8-i tarixləri arasında Prezident İlham Əliyevin Türkiyə Respublikasının Xarici işlər naziri Mövlud Çavuşoğlunun, keçmiş Baş naziri Binəli Yıldırımın və Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

10 noyabr tarixi isə ölkəmiz üçün tarixi bir gün hesab edilir. Çünki noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu bildirmişdir. Elə həmin gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edərək Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə təbrik etmişdir. Prezident İlham Əliyev də öz növbəsində müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirmişdir.Noyabrın 10-da Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü baş tutmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general – polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında keçirilən bu görüşdə Azərbaycan – Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur .

     Son olaraq deyə bilərik ki, baş tutan bütün səfərlər, həyata keçirilən görüşlər, Türkiyə rəsmilərinin çıxışları zamanı Azərbaycana daima dəstək olmaqları və iki qardaş ölkənin prezidentləri arasında olan səmimi telefon danışıqları bir daha “Bir millət, iki dövlət” ifadəsinin təkcə sözdə deyil, əməldə də gücünün olduğunu göstərir.

              Bu gün  Azərbaycan və Türkiyə həm iki qardaş, həm də dost dövlətlərdir. Hər iki ölkədə yaşayan xalqlar eyni etnik mənşəyə mənsubdurlar. İki ölkənin ortaq tarixi keçmişə sahib olması onları bir – birinə daha da yaxınlaşdırmışdır. Azərbaycan və Türkiyə qarşılıqlı iqtisadi əlaqələr qurmuş, zaman keçdikcə dostluq – qardaşlıq münasibətlərini uğurla inkişaf etdirmiş və bu birlikdən çox gözəl nəticələr əldə edilmişdir.

Bütün tarixi dövr ərzində Azərbaycan – Türkiyə münasibətləri davamlı və uzunmüddətli olmuşdur. Hər iki ölkənin istər iqtisadi, istər siyasi, istərsə də sosial həyatında qarşılıqlı münasibətlər nəticəsində tərəqqi baş vermişdir. Azərbaycan və Türkiyə bütün çətin sınaqlarda həmişə bir – birinə olan dəstəyi və köməyi əsirgəməmişlər. Bu ölkələr bir – birinin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşmışlar. Bu gün ən böyük neft və qaz kəmərləri dünyaya məhz Azərbaycan və Türkiyə tranzit məkanından uzanır. Digər dünya dövlətləri də iki ölkə arasındakı güclü siyasi əlaqələrin fərqindədirlər. Xüsusən də bu iki amil Azərbaycan və Türkiyənin dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayır.

Türkiyə bazarında ən iri sərmayəçilərdən biri Azərbaycandır. Son illər Azərbaycan Türkiyəyə etdiyi yatırımların həcminə görə bəzi ölkələrdən öndədir. İki ölkə arasında TANAP sazişinin imzalanması dünyanın siyasi və iqtisadi tarixində çox əhəmiyyətli hadisə oldu. Bu sazişin imzalanması ilə Azərbaycan və Türkiyə regionda əməkdaşlığı və təhlükəsizliyi möhkəmlətmiş oldu. Hər ötən gün Azərbaycan və Türkiyə münasibətləri bütün sahələr üzrə artaraq inkişaf etməkdədir. Çünki illər keçdikcə güclənən bir Azərbaycan və Türkiyə var. Dünya ölkələri arasında da bu iki ölkənin yeri önəmli olmuşdur və bundan sonra da olacaqdır.

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM