İlham Əliyevin TARİXİ QƏLƏBƏSİ

15:43 / 06.01.2021

"Respublika" qəzetinin "Vətən Müharibəsi - 44 Gün" adlı kitab şəkilində xüsusi buraxılışı çap olunub. Buraxılışın layihə rəhbəri Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru, Əməkdar Hüquqşünas Xanlar Vəliyevdir.

Qeyd edək ki, xüsusi buraxılışa ön sözü də Xanlar Vəliyev yazıb. Ön söz "Respublika" qəzetinin bugünkü buraxılışında "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin tarixi qələbəsi" sərlövhəsi ilə dərc edilib.

Strategiya.az həmin yazını olduğu kimi təqdim edir:

Ulu Öndər Heydər Əliyev: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Siyasi fəaliyyətin mükəmməl formasının ən son hədəfi xalqa arxalanan hakimiyyət qurmaqla, mütərəqqi ideya və prinsipləri millətin maraqlarına uyğun tərzdə, dövrün tələblərinə adekvat surətdə reallığa çevirməkdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxşaxəli və zəngin fəaliyyəti də, məhz bu məqsədə yönəlmişdir. Belə amal yalnız xalqına və dövlətinə bağlı şəxsiyyətlərin müəyyən etdiyi siyasətin qayəsini təşkil edir.

Tarixi proseslərin təhlili və müxtəlif dövrlərin təcrübəsi bu qənaətə gəlməyə əsas verir ki, varislik prinsipinə riayət edilmədən dinamik inkişaf, xalqın rifahına xidmət edən ideyalar məcmusunun reallaşmasının davamlı xarakter alması mümkün olmur və mövcud olan mütərəqqi fikirlər aşınmalara məruz qalaraq öz səmərəliliyini itirir. Buna görə də, xalqın maraqlarına hesablanmış ideyaların sivil qaydada, demokratik prinsiplər əsasında ötürülməsi cəmiyyətin inkişafı üçün çox vacib amildir. Bu baxımdan ulu öndər Heydər Əliyevin xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də, Azərbaycana cənab İlham Əliyev kimi millətini canından çox sevən vətənpərvər şəxsiyyət və müdrik bir rəhbər yetişdirməsi olmuşdur. Çünki ümummilli lideri Azərbaycanın müəyyən dövr üçün deyil, əbədi taleyi düşündürürdü. 2003-cü ildə səhhətində ciddi problemlər yaranan vaxtlarda belə öz sağlamlığını deyil, xalqını düşünən böyük insan Heydər Əliyev ictimai rəyə və ümumxalq münasibətinə əsaslanmaqla Azərbaycan xalqına müraciət edərkən cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirərək, demişdir: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ölkənin gələcək taleyi ilə bağlı həmişə olduğu kimi, yenə də Heydər Əliyevin məsləhətinin intizarında olan xalq məhz sonsuz inandığı ulu öndərin Azərbaycanın gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsindən bəhrələnərək düzgün seçim etməklə, bu gün Azərbaycan xalqının bitib-tükənməz sevgisini qazanmış möhtərəm Prezidentimiz cənab İlham Əliyevi özünə lider seçdi.

Siyasi sələfindən estafet kimi qəbul etdiyi strateji inkişaf kursunu zamanın tələblərinə uyğun şəkildə daha da zənginləşdirərək yüksək məharətlə reallaşdıran cənab İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədləri gördüyü böyük işlərlə doğrultdu və hər bir vətəndaşın Prezidenti olduğunu sübuta yetirərək, millətinə sadiqliyin mükəmməl nümunəsini yaratdı. Möhkəm siyasi iradəsi, sarsılmaz qətiyyəti, yüksək erudisiyası, praqmatizmi, təvazökarlığı, sadəliyi ilə seçilən dövlət başçımızın milli maraqları hər şeydən üstün tutması və özünü xalqın birinci xidmətçisi kimi bəyan etməsi Ona tükənməz xalq sevgisi qazandırmışdır. Ölkə rəhbərinin 11 aprel 2018-ci il tarixdə keçirilmiş prezident seçkilərindəki növbəti parlaq qələbəsi bunun bariz nümunəsi idi. Xalqına bağlılığı və xalq-hakimiyyət vəhdətini təcəssüm etdirən belə bir optimist mövqeyin 2003-cü ildən bəri daha da möhkəmlənməsinin nəticəsidir ki, bu gün dövlətimizin dinamik inkişafını təmin edən islahatlar və fundamental layihələr uğurla reallaşdırılır.

İlham Əliyev islahatçı lider kimi

Sevindirici və qürurverici haldır ki, ölkəmizə ulu öndərin dövlət idarəçiliyi təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirən İlham Əliyev kimi dünya masştablı böyük siyasətçi rəhbərlik edir. Ölkə başçısı dövlət idarəçiliyinin möhkəm təməl prinsipləri əsasında Azərbaycanın qüdrətlənməsini özünəməxsus peşəkarlıqla sürətləndirməklə yanaşı, onun davamlılığını təmin edir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir. Azərbaycan iqtisadiyyatı daha da güclənir, əldə edilən iqtisadi mənfəətlərin qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır, ölkəmizdə informasiyalı cəmiyyət formalaşması prosesi sürətlənir, elmi texnologiyaların son nailiyyətləri həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bütün bunlarla bərabər, aparılan demokratik islahatlar getdikcə daha geniş vüsət alır, insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, Azərbaycanda tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, respublikamızda vətəndaş cəmiyyəti formalaşdırılır və ölkəmiz hərtərəfli inkişaf edir.

Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, müxtəlif sahələrdə mütəmadi olaraq səmərəli islahatlar həyata keçirilir, regionların tarazlı tərəqqisinin davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, bütün bunların nəticəsində Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini hərtərəfli möhkəmləndirir. Planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, eləcə də bütün dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyasına rəğmən, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmiz hazırda da eyni templə inkişaf edir və doğma Azərbaycanımız durmadan çiçəklənir. Vurğulanmalıdır ki, ölkəmizdə gedən sürətli inkişaf beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirilir. Belə ki, BMT-nin “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatında Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşmış və bu göstərici ilə regionun lideri olmuşdur. Bundan başqa, Davos Ümumdünya İqtisadi Forumuna əsasən islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə Azərbaycan dünyada birinci onluqda qərarlaşmış, Dünya Bankı tərəfindən yayılan “Doing Business 2020” hesabatında isə 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoymuşdur.

Ordu quruculuğu

Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsinin davamlılığını hər zaman diqqət mərkəzində saxlayan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə də müstəsna əhəmiyyətli böyük işlər görülmüşdür. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesini yüksək məharətlə davam etdirən dövlət başçımızın bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində müxtəlif ölkələrin qanunvericiliyindən və təcrübəsindən bəhrələnməklə, eləcə də şanlı hərb tariximizə əsaslanmaqla müasir hərbi qanunvericilik bazası yaradılmış, hərbi xidmətə çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilmiş, həmçinin hərbi hissələrdə nizam-intizam və qanunçuluq daha da möhkəmləndirilmişdir. Ordu quruculuğu sahəsində həyata keçirilən köklü islahatlar və kompleks tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmuş, şəxsi heyəti peşəkar kadrlarla komplektləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmışdır. Nəticədə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Təsadüfi deyildir ki, “Global Firepoer” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında da Azərbaycan Ordusu ötən illərdə olduğu kimi, Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlamışdır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər edərək hərbi qulluqçularla görüşməsi, onların qayğı və problemləri ilə maraqlanması, hərbçilərimizin qələbə əzmini artıran qətiyyətli çıxışları və düşmənə ünvanlanmış tutarlı ismarıcları şəxsi heyətdə sarsılmaz ruh yüksəkliyi yaratmışdır.

Silahlı Qüvvələrimizin daha da qüdrətlənməsi istiqamətində həyata keçirilən tədbirlər, hərbçilərimizin xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli, eləcə də Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1500-dən artıq hərbçiyə mənzillərin verilməsi, bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr etmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Vurğulanmalıdır ki, əsgərlərin məişət işlərindən azad olunması, onların mülki vətəndaşlardan ibarət peşəkar personalın formalaşdırdığı yüksək məişət şəraiti ilə təmin olunmaları, göstərdikləri keyfiyyətli xidmətdən bəhrələnmələri ilə yanaşı, qulluq keçmələrinin səmərəliliyinin artması və nizam-intizamın daha da möhkəmləndirilməsi ilə nəticələnmişdir.

Bütün bunlar hərbi uğurlarımızı şərtləndirmiş və nəticədə 2016-cı ilin aprel, 2018-ci ilin may və bu ilin iyul ayında, eləcə də 27 sentyabrdan başlayaraq düşmənin törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və vətən savaşındakı tarixi qələbəmizi təmin etmişdir.

Qlobal miqyaslı diplomatik lider

Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, mahir diplomat cənab İlham Əliyevin prezidentliyi dövrü uğurlu xarici siyasətlə səciyyələnmiş, dünya dövlətləri sırasında özünəməxsus yeri və nüfuzu olan Azərbaycan söz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilmişdir. Respublikamızda hökm sürən ictimai-siyasi sabitlik, beynəlxalq arenadakı nüfuzumuz və etibarlı tərəfdaşlığımız xarici dövlətləri bizimlə əməkdaşlığa sövq etmişdir ki, bu da iqtisadiyyatımıza böyük məbləğlərdə sərmayələrin qoyulmasını şərtləndirmişdir. Uzaqgörən liderin rəhbərliyi ilə görülən böyük işlərin sayəsində 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Bundan başqa, 2018-ci ilin may ayının 29-da Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin, iyun ayının 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin Bakıda rəsmi açılış mərasimləri keçirilmişdir. Azərbaycandan Avropa bazarlarına təbii qazı ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmiş TAP layihəsinin reallaşdırılması istiqamətində zəruri işlərin görülməsi isə sürətlə davam etdirilmişdir. Bundan əlavə, 20 sentyabr 1994-cü il tarixdə Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci ilin sentyabr ayının 14-də yeni, ölkəmiz üçün daha əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılmış, bu isə Azərbaycanda bundan sonra da uzun illər neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına zəmin yaratmışdır.

Qeyd olunmalıdır ki, dövlət başçısının yürütdüyü son dərəcə təmkinli, səbirli, tarazlı siyasət 12 avqust 2018-ci il Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçılarının iştirakı ilə tarixi Aktau Konvensiyasının imzalanmışdır. Bununla da 1996-cı ildən davam edən Xəzərin hüquqi statusu ilə bağlı 22 illik danışıqlar milli maraqlarımızı qane edən sonluqla bitmiş və bu məsələ birdəfəlik öz həllini tapmışdır. 19 oktyabr 2018-ci il tarixdə Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü olan, hər iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun tərəqqisinə böyük töhfə verən “STAR” neft emalı zavodunun istifadəyə verilməsi də ulu öndərin müəyyən etdiyi neft strategiyasının uğurlarının davamı olmuşdur. Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də müstəsna əhəmiyyətli işlər görülmüşdür. Belə ki, təməli 2007-ci ildə qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olmuş, 2018-ci il sentyabrın 18-də yeni Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün işlər başa çatdırılmışdır. Sözsüz ki, bu uğurları müdrik xarici siyasətin iqtisadi islahatlarla paralel şəkildə və yüksək peşəkarlıqla aparılması şərtləndirmişdir.

Azərbaycanın yüksək nüfuzunu və qlobal taleyüklü məsələlərdə fəal rolunu ehtiva edən hadisələrdən biri kimi 2011-ci il oktyabrın 24-də respublikamızın BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini də qeyd etmək lazımdır.

Sadalananlarla yanaşı, tolerantlıq nümunəsi olan Azərbaycan multikultural dəyərləri və sivilizasiyalararası dialoq ideyasını beynəlxalq miqyasda təbliğ etməklə, qlobal sülh və inteqrasiya prosesinə mühüm töhfələr vermişdir. Ölkəmizdə mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlər, o cümlədən mötəbər yığıncaqlar keçirilmiş, Azərbaycanda regional və qlobal əhəmiyyətli məsələlər, qlobal proseslər müzakirə olunmuşdur. Təkcə ötən il vətənimiz 7-ci Bakı Qlobal Forumu, Cənub Qaz dəhlizinin məşvərət şurası, OPEC ölkələrinin görüşü, Türkdilli Dövlətlərin əməkdaşlıq şurasının VII Zirvə Görüşü, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü kimi mötəbər tədbirlərə ev sahibliyi etmişdir. Qürurverici haldır ki, BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata Azərbaycanın 3 il ərzində sədrlik edəcəyi barədə 120 ölkə yekdil qərar qəbul etmişdir.

Azərbaycan Prezidenti planetimizdə tüğyan edən koronavirus pandemiyası şəraitində də qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq beynəlxalq əhəmiyyətli çox mühüm ideyalar irəli sürmüşdür. Belə ki, COVİD-19-un müşahidə edildiyi ilk zamanlardan dövlət başçısı tərəfindən bəşəriyyət üçün böyük əhəmiyyətə malik təşəbbüslər ortaya qoyulmuş, ümumbəşəri bəlaya qarşı mübarizə çərçivəsində mühüm addımlar atılmışdır. Ölkəmiz pandemiyaya qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etmiş, 30-dan artıq dövlətə humanitar yardım göstərmişdir. Bundan əlavə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi cənab Prezidentin təşəbbüsü ilə aprel ayında koronovirusa qarşı mübarizə mövzusunda təşkilatın dövlət və hökumət başçıları səviyyəsində fövqəladə Zirvə görüşü keçirilmişdir. Qeyd edilməlidir ki, sözügedən təşkilat bu mövzuda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olmuşdur.

Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun pandemiyaya həsr edilmiş onlayn Zirvə görüşü təşkil olunmuş və bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etmişlər.

Görüşdə çıxış edən Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi koronavirusa qarşı mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüş və bu təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılmışdır. BMT-nin dünyanın bütün regionlarını əhatə edən üzv dövlətləri tərəfindən bu təşəbbüsün dəstəklənməsi və dekabr ayının 3 və 4-ündə Nyu-Yorkda BMT Baş Assambleyasının COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti təzahürü olmaqla bərabər, pandemiya ilə qlobal mübarizəyə töhfə verməklə tərəflərin ümumi hədəflər ətrafında daha da sıx birləşməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Göründüyü kimi, müdrik rəhbərimizin mövqeyi bütün dünyanı maraqlandıran və narahat edən taleyüklü məsələlərin həllində mühüm rol oynayır. Dövlət başçısının fəaliyyəti, irəli sürdüyü ideyalar, təşəbbüslər dünyanın hazırkı mənzərəsində bəşəriyyətin inkişafına töhfələr verir. Yəni Azərbaycan Prezidentinin fəaliyyəti qlobal əhəmiyyət daşıyır.

Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən enerji, nəqliyyat layihələri də təkcə bölgədə deyil, həm də qlobal miqyasda əməkdaşlığa böyük töhfədir. Azərbaycan-Gürcüstan-Türkiyə, Rusiya-Azərbaycan-İran enerji dəhlizlərinin həmçinin, Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizinin mövcudluğu bunun növbəti bariz nümunəsidir.

Qeyd etmək lazımdır ki, dövlətimizin həyata keçirdiyi mükəmməl diplomatiya sayəsində digər məsələlərlə bərabər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də əksər beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləmişlər. Xüsusilə qeyd edək ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasını özündə əks etdirən çox önəmli qətnamələr qəbul etmişlər. Belə ki, BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar məsələ ilə bağlı ədalətli olmaqla bizim haqlı mövqeyimizi dəstəkləmişlər. Onu da qeyd etmək zəruridir ki, əvvəlki illərdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT ölkəmizin lehinə ədalətli qətnamələr qəbul etmişdir ki, bu da münaqişənin həlli üçün hüquqi baza yaratmışdır. Təbii ki, bütün bunlar - ötən illərdə BMT Təhlükəsizlik Şurasının və ATƏT-in mənafelərimizə uyğun ədalətli qərarlar qəbul etməsi, Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Yekun Bəyannamələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq müddəaların öz əksini tapması, Qoşulmama Hərəkatında birləşən 120 ölkənin, Avropa İttifaqına üzv olan 28 ölkənin, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olmayan türkdilli ölkələrin, bir sözlə, beynəlxalq aləmin mütləq əksəriyyətinin dövlətimizi dəstəkləməsi, mənafelərimizə uyğun ədalətli qərarlar qəbul etməsi, bizə inanması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın haqlı mövqeyi - ərazi bütövlüyü çərçivəsində görməsi dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasətin sayəsində mümkün olmuşdur.

 
 
 
 
ƏTRAFLI
texnomart.az/yeni-il
Görülən böyük işlərin nəticəsində müxtəlif ciddi maneələrə, o cümlədən erməni lobbi təşkilatları tərəfindən əleyhimizə aparılan kampaniyalara baxmayaraq, ölkəmiz sözügedən münaqişənin həlli məsələsində beynəlxalq təşkilatların dəstəyini qazana, Ermənistanın işğalçı siyasətini ifşa edə bilmiş, Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması təsdiqini tapmış, qondarma “Dağlıq Qarabağ”ı heç bir dövlət tanımamış, orada qanunsuz keçirilən “referendum” qonşu ölkələr və bir neçə beynəlxalq təşkilatlar tərəfindən pislənmişdir.

Qeyd olunanlara baxmayaraq, Ermənistan 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlamaqda davam edirdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, əfsuslar olsun ki, həmin qətnamələr icra olunmamış, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar heç bir tədbir görməmiş, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr isə 1995-ci ildə keçirilmişdir. Yalnız işğalçıların 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarının ardınca, iyirmi beş illik fasilədən sonra 29 sentyabr və 19 oktyabr 2020-ci il tarixlərində BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirilmişdir. Yeri gəlmişkən, qeyd olunan tarixlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş yuxarıda adları çəkilən qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirməklə ölkəmizə dəstək olmuşlar. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürmək məcburiyyətində qalmışlar. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qeyd olunan qətnamələri yerinə yetirmir, hər vəchlə münaqişəni mümkün qədər çox və daha uzun müddətə dondurmağa çalışır və status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışlarına məhəl qoymayaraq onları cavabsız qoyurdu. Bütün bunlar xalqımızı daha da hiddətləndirirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə hər dəfə mötəbər kürsülərdən deyirdi ki, “...Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik...”. Buna görə də hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı tarixi torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir, buna hər an hazır idi.

Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbəmizdən sonra, hər kəsə aydın oldu ki, Azərbaycan uzun müddət işğal altında olan torpaqlarını bu vaxta qədər istənilən an hərbi yolla düşmənlərdən azad edə bilərdi. Bununla belə, ölkəmiz bu məsələnin beynəlxalq hüquqla və sülh yolu ilə öz həllini tapmasının tərəfdarı olduğundan bu qədər səbirlə davranmış, lakin düşmənin ikrah doğuran hərəkətləri, o cümlədən məlum son təxribatları Vətən müharibəsinin başlanmasına zəmin yaratmışdır.

Vətən müharibəsinin Müzəffər Sərkərdəsi

Qeyd olunan diplomatik uğurlara rəğmən, gedən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verirdi ki, beynəlxalq hüquq sözügedən məsələyə dair hissədə işləmir. Bütün bunları nəzərə alan müdrik rəhbərimiz cənab İlham Əliyev münaqişənin həlli ilə bağlı hər iki istiqamətdə işini etibarlı tutaraq, həm beynəlxalq dəstək və hüquqi baza, həm də qüdrətli Silahlı Qüvvələr formalaşdırmışdır.

27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da İkinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs vətən müharibəsinin qələbə ilə başa çatmasının qarşıya məqsəd qoydu.

Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Ermənistanın törətdiyi növbəti təxribatların qarşısını almaq məqsədi ilə başlanan hərbi əməliyyatlar və 44 günlük döyüşlərdə aqil və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, onun şəxsi heyəti isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut etməklə, ölkəmizə möhtəşəm qələbə qazandırdı. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran rəşadətli Silahlı Qüvvələrimizin qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və bu biçarə düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı. Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın işğaldan azad olundu. Təbii ki, bütün bunlar müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın şücaətinin və xalqımızın mübarizliyinin sıx vəhdəti sayəsində mümkün olmuşdur. Beləliklə, ölkə başçısı rəhbərinə güvənən və ona arxalanan xalqın ümidlərini həmişə olduğu kimi, növbəti dəfə də doğrultdu. Hər kəs bir daha əmin oldu ki, cənab Prezidentin liderlik nümunəsi digər dövlət başçılarına örnəkdir.

Qeyd olunmalıdır ki, Silahlı Qüvvələrimizin arsenalında Rusiya, İsrail, Türkiyə və digər qərb dövlətlərinin istehsalı olan yüksək döyüş qabiliyyətinə malik müxtəlif texnikaların olması şanlı qələbəmizin əldə edilməsində olduqca mühüm əhəmiyyət kəsb etmişdir. Vurğulanmalıdır ki, Azərbaycan ordusunun sahib olduğu ən müasir tələblərə cavab verən pilotsuz uçan aparatları düşmənin hava hücumundan müdafiə sistemlərini çarəsiz vəziyyətə salaraq hava məkanında mütləq hökmranlığımızı təmin etdi. Altı həftəlik zəfər yürüşündə cəsur Azərbaycan hərbçiləri qətiyyətli sərkərdə cənab İlham Əliyevin rəhbərliyilə, işğal altındakı ərazilərimizdə düşmənin otuz ilə yaxın müddətdə qurduğu istehkamları, Ermənistanın hərbi texnikasını və hərbi infrastrukturunu, çoxsaylı canlı qüvvəsini və nəhayət “yenilməz Ermənistan ordusu” mifini darmadağın edərək torpaqlarımızı qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər əsarətdən xilas etməklə, doğma torpaqlarımızda üçrəngli şanlı bayrağımızın dalğalanmasına müyəssər oldu.

Vətən savaşı dövründə Ali Baş Komandan kimi üzərinə düşən bütün vəzifələri yüksək məharətlə yerinə yetirən dövlət başçısı cənab İlham Əliyev, eyni zamanda informasiya müharibəsinə də uğurla rəhbərlik edirdi. Davamlı olaraq istər beynəlxalq kanallara verdiyi müsahibələrində, istərsə də Azərbaycan xalqına müraciətlərində beynəlxalq hüquqa və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışları ilə əsl həqiqətin nədən ibarət olmasına, torpaqlarımızın işğal edildiyinə və bu münaqişədə Azərbaycanın haqlı tərəf olduğuna dünya ictimaiyyətini inandırmağa müvəffəq olan, Ermənistana və antiislam mövqe sərgiləyən ermənipərəst dövlətlərə ünvanlanmış tutarlı ismarıcları ilə qətiyyətli mövqe nümayiş etdirən dövlət başçısı bu mübarizədə də qələbəmizi təmin etdi. Müzəffər Ali Baş Komandan demişdir: “...heç bir xarici qüvvə Azərbaycan xalqının və dövlətinin iradəsini sındıra və onun qazandığı Qələbəyə kölgə sala bilməz”.

Siyasətində quruculuq və abadlıq prioritet istiqamət olan möhtərəm Prezident, müharibənin davam etdiyi gərgin günlərdə belə bu sahəni diqqətdən kənarda qoymamışdır. “Bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaq və bir cənnət diyarına çevriləcəkdir”, - deyən güclü lider İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə başlanıldı.

Belə ki, elektrik enerjisi, su və təbii qaz təminatı kimi təxirəsalınmaz kommunal təchizatın, həmçinin yol-nəqliyyat və digər sosial infrastrukturun yenidən qurulması, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və ulu öndərin ideyalarını layiqincə yaşadan Heydər Əliyev Fondu tərəfindən dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələrin qısa zamanda həyata keçirilməsinə başlanıldı. Ölkə başçısı tərəfindən bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyət və templə görülməsi üçün dünyanın, o cümlədən Türkiyənin aparıcı şirkətləri ilə müqavilələr bağlanıldı və genişmiqyaslı quruculuq işlərinin təməli qoyuldu. Bu bir daha vətənpərvər liderimizin doğma Azərbaycanın hər qarışına, eləcə də hər bir vətəndaşının rifah halının yüksəldilməsinə verdiyi dəyərin və fəaliyyətinin əsas prinsipi olan “...mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm...” ifadəsinin real bariz nümunəsidir.

Etibarlı silahdaş

Sirr deyil ki, dövlətimizin qüdrətlənməsində və əldə olunan uğurlarda, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında zəngin biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik, hər bir məqamda möhtərəm Prezidentin yanında olan nəcib insanın - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Onun Respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir. Qeyd olunanlar, eləcə də Mehriban xanımın sadəliyi, təvazökarlığı, səmimiliyi, bütün məsələlərdə ədalətli mövqeyi, vətəninə və xalqına bağlılığı, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxah əməlləri ona sonsuz xalq məhəbbətini qazandırmışdır. Mehriban xanımın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə insanların məmnunluq hissləri ilə dolu təşəkkürlərini ifadə edən müraciətlərinin səngiməməsi bu sevginin bariz təzahürüdür. Mehriban xanımın bəşər mədəniyyətinin inkişafı istiqamətindəki səriştəli fəaliyyəti, sivilizasiyalararası dialoq prosesinə verdiyi töhfələr və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər isə ona Azərbaycan xalqının sevgisi ilə bərabər, bir sıra xarici ölkə vətəndaşlarının da rəğbətini qazandırmışdır. Təsadüfi deyildir ki, bu xeyirxah insanın gördüyü nəhəng işlərin sədası dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən gəlir.

Mehriban xanım Əliyeva şəhid ailələrini, müharibə əlillərini və veteranları da hər zaman diqqət mərkəzində saxlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birlikdə mütəmadi olaraq bu zümrədən olan vətəndaşlarla görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri vətən uğrunda, xalq yolunda öz qanını və canını əsirgəməyən, bu yolda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümüdür. Bu da hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradır. Aprel döyüşlərində yaralanan və yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbi qulluqçularla 03 aprel 2019-cu il tarixdə keçirilən görüşdə Mehriban xanım Əliyeva onlara “qardaşlarım” deyərək müraciət etməklə söyləmişdir: “...Belə xalqla, belə əsgərlərlə biz Qarabağı mütləq qaytaracağıq...”. Qeyd olunanlar qəti əminliklə onu deməyə əsas verirdi ki, işğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad olunacaq və doğma Azərbaycanımızın ərazi bütövlüyü bərpa ediləcəkdir. Çox keçmədi ki, bu belə də oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bir damlası düşmənin vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan hərbçilərimiz bu şərəfli missiyanı uğurla yerinə yetirdilər.

Cənab Prezidentin ən sadiq silahdaşı, Vətən müharibəsi zamanı da yorulmaz fəaliyyəti ilə seçilən Mehriban xanım Əliyeva ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün vətənpərvər çağırışları ilə hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən qəhrəman hərbçilərimizə duaları, yaralılarımıza hərtərəfli dəstəyi ilə yardımçı olan, şəhidlərimizin və həlak olan günahsız dinc insanlarımızın əzizlərinin ağrı-acısına şərik çıxaraq bir ana, bir bacı kimi doğma və qayğılı münasibətilə onları ovunduran Birinci vitse-prezident xalqımıza böyük təsəlli oldu.

Zəfər paradı möhtəşəm Qələbəmizin nidasıdır

Hələ 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda uzaqgörən lider İlham Əliyev demişdir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bəli, gözlənilən o möhtəşəm gün gəldi. Dekabrın 10-da paytaxtımızın ən böyük meydanı olan “Azadlıq meydanı”nda Vətən müharibəsindəki qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Paradın keçirildiyi gün təsadüfi seçilməmiş, düşmənin cəfəng “müstəqillik” tarixinin yaddaşlardan silinməsinə hesablanmışdır. Bu münasibətlə keçirilən möhtəşəm parad böyük zəhmətin, eləcə də uzun illər ərzində görülmüş nəhəng işlərin bəhrəsi idi. Azərbaycan xalqı tarixi ədalətin bərpa edilməsini bayram edərək müstəqillik illərində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi. 3000 nəfərdən artıq şəxsi heyətin qatıldığı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş olunduğu Zəfər paradında Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun məğlub etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin də göstərilməsi, hər birimizə sözlə ifadə oluna bilməyən fəxarət dolu anlar yaşatdı.

Hər kəsə məlumdur ki, bundan öncə də həmin meydanda bir neçə parad keçirilmişdir. Bu paradın əvvəlki paradlardan fərqi ondan ibarət idi ki, həmin gün, meydandan düşmən ordusunu darmadağın etməklə ərazi bütövlüyümüzü təmin etmiş Müzəffər Ordu keçirdi. Hər birimizi hədsiz qürurlandıran və hələ də təəssüratlarının təsiri altında olduğumuz bu parad müstəqil Azərbaycanın ilk Zəfər paradı idi.

Eyni zamanda, Türkiyə-Azərbaycan əbədi qardaşlığının növbəti təzahürü olan bu hərbi parad həm də Azərbaycanı sevməyən ermənipərəst dövlətlər üçün böyük əhəmiyyətli siyasi bir eyham oldu. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da geniş məzmunlu, qardaşlıq, birlik bağlarımıza əsaslanan nitqində vurğuladı ki, Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.

Qələbə paradı Azərbaycan dövlətinin qüdrətini, rəşadətli ordumuzun gücünü, son nəticədə dünya siyasətində uca yerlərdən birini tutan diplomat lider və yenilməz sərkərdə olan müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrikliyini və sarsılmaz qətiyyətini bir daha dünyaya göstərdi. Qazandığımız uğurlara və ölkədə görülən misilsiz işlərə, eləcə də möhtəşəm qələbəyə görə cənab Prezidentə ünvanlanan minnətdarlıq məktublarının ardı-arasının kəsilməməsi, bu gün dövlətimizin həyata keçirdiyi siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənilməsinin təcəssümüdür.

Xanlar Vəliyev,

Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru, Əməkdar Hüquqşünas


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM