Cənubi Qafqaz: yeni geosiyasi konfiqurasiya və Azərbaycanın liderliyi

07:19 / 12.03.2021

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionu və ona bitişik ərazilər uğrunda təxminən 44 gün davam etmiş müharibə Cənubi Qafqazda hərbi və siyasi sahələrdə qüvvələr nisbətinə tektonik dəyişikliklər gətirdi. Azərbaycan 44 gün ərzində yalnız hərb meydanında deyil, siyasətdə, diplomatiyada və informasiya savaşında da xariqələr yaratdı. Prezident İlham Əliyev çoxşaxəli intensiv fəaliyyəti ilə böyük tarixi dəyişikliyə imza atdı. Azərbaycana məğlub olan işğalçı ölkə kapitulyasiya aktı imzalamağa məcbur edildi. Ermənistanın 30 illik işğal siyasətinə son qoyuldu. Regionda yeni layihələrin, o cümlədən Naxçıvan üzərindən Aralıq dənizi və Xəzər dənizi hövzələrini birləşdirən "həyat yolu"nun reallaşdırılması yeni inkişaf perspektivləri vəd edir. Bu bağlılıqda məsələyə geniş geosiyasi aspektdə təhlili yanaşdıqda çox maraqlı və aktual məqamlar üzə çıxır. Xüsusən Azərbaycan Prezidentinin liderlik modeli və Ali Baş Komandan kimi fəaliyyəti ön plana çıxır. Həmin kontekstdə regional miqyasda formalaşan yeni geosiyasi reallığı analiz etmək ciddi aktuallıq kəsb edir. Azərbaycan faktiki olaraq konfrontasiya geosiyasi xəttini sındırıb, regionu əməkdaşlıq və təhlükəsizlik geosiyasi müstəvisinə çıxardı. Bunun tarixi, siyasi, sosial, mədəni, iqtisadi və hərbi-strateji nəticələri özünü göstərməkdədir.

Regional dinamikanı dəyişən səbəblər: balans yeniləşir

Hazırkı mərhələdə qlobal geosiyasi dinamikanın sürətlə dəyişdiyini ekspertlər daim vurğulayırlar. O cümlədən qlobal və regional geosiyasətin daha sıx əlaqədə olduğu inkar edilmir. Belə bir şəraitdə aktual məsələlərdən biri də regional geosiyasətə ciddi təsir edə bilən dövlətlərin müəyyən olunmasıdır. Dünyanın bütün regionlarında bu istiqamətdə proseslər gedir. Cənubi Qafqaz bu baxımdan diqqəti daha çox çəkir. Mütəxəssislər bunun səbəbləri haqqında da fikir bildirirlər.

Vurğulanan səbəblər sırasında Cənubi Qafqazın son 300 ildə dünya siyasəti üçün daha əhəmiyyətli region kimi özünü təsdiqləməsini göstərirlər. Region öncə Rusiya imperiyasının, sonra Sovet İttifaqının, XX ərin 90-cı illərindən isə Rusiya Federasiyasının nüfuzu daxilində olub. Bu üç mərhələdə Rusiya faktoru aparıcı və həlledici rol oynayıb. Lakin sovetlərin çökməsindən sonra regionda xeyli xaotik mənzərə meydana gəldi. Xüsusilə burada qlobal geosiyasi güclərin mübarizəsi daha amansız və güzəştsiz olmağa başladı. Bu məqam artıq məsələnin ikinci səbəbini təşkil edir.

Belə ki, Cənubi Qafqazda geosiyasi güclərin savaşı bütövlükdə prosesləri xaosa sürükləməkdədir. Arıq onilliklərdir ki, bu cür, obrazlı desək, riskli mənzərə regional təhlükəsizliyə ciddi təhdid olaraq qalır. Bunun fonunda üçüncü səbəb daha təhlükəli görünür.

Üçüncü səbəb böyük geosiyasi güclərin – konkret olaraq ABŞ, Avropa İttifaqı və Rusiyanın, region dövlətlərinə qarşı heç də birmənalı qiymətləndirilməyən mövqe sərgiləməsi ilə bağlıdır. Belə ki, daha çox Qərb dövlətləri xristian Ermənistanı daim haqlı, müsəlman Azərbaycanı isə daim haqsız təqdim etməyə çalışır. Rusiya bu məsələdə daha tarazlı mövqe sərgiləyib və son illər bu tendensiya daha da güclənib.

ABŞ və Avropa İttifaqının aparıcı ölkələri ikili yanaşma siyasətini Cənubi Qafqazda əsas fəaliyyət prinsipi kimi nümayiş etdirməkdədirlər. Məsələn, onlar Ermənistanın təcavüzkarlığına müxtəlif bəhanələrlə haqq qazandırmaq işindən hələ də əl çəkməyiblər. Bundan başqa, insan haqları, söz azadlığı, demokratiya kimi təmtəraqlı ibarələri yalnız təcavüzkar Ermənistana aid etməyə çalışırlar. Rəsmi İrəvana Qərbdən böyük həcmdə yardımlar da faktdır. Deməli, əslində, Cənubi Qafqazda geosiyasi gərginliyi və qeyri-müəyyənliyi Qərb və Rusiyanın müəyyən dairələrinin ədalətsiz siyasəti yaradırdı. Əlbəttə, bu vəziyyət uzun müddət davam edə bilməzdi və bu da dördüncü səbəbi ortaya atır.

Dördüncü səbəb Cənubi Qafqazda münaqişələrin həll edilməməsi ilə əlaqəli idi. Daha çox Dağlıq Qarabağ məsələsi əməkdaşlıq və təhlükəsizlik qarşısında əngələ çevrilmişdi. ATƏT-in Minsk qrupu problemi həll etmək əvəzinə erməni işğalının ömrünün uzadılmasına çalışırdı. Bununla da problemin həlli üçün BMT tərəfindən qəbul edilmiş məlum qətnamələrin tələbləri yerinə yetirilmirdi. Bu isə ciddi səviyyədə hüquqi presedent yaradırdı. Belə şəraitdə Cənubi Qafqazda risklər çoxalır, əməkdaşlıq və sabitlik üçün müxtəlif maneələr yaradılırdı.

Kompleks halda vurğulanan məqamlar Cənubi Qafqazı qlobal geosiyasətin ən həssas məkanlarından birinə çevirmişdi. Burada hər an sabitliyin pozulması, terrorun tüğyan etməsi və bölgə xalqlarının fəlakətlərə düçar olması baş verə bilərdi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək regionda baş verən geosiyasi-hərbi proseslər vəziyyəti kökündən dəyişdi. Bu proseslərin mənbəyində Azərbaycanın siyasi rəhbərliyinin başladığı qətiyyətli hərbi, siyasi, diplomatik və informasiya hərəkatı dayanırdı. Hazırda Cənubi Qafqazın geosiyasi mənzərəsinin formalaşmasında 44 günlük həmin hərəkat – Vətən müharibəsi həlledici rol oynadı. Ekspertlər hesab edirlər ki, Azərbaycan bununla faktiki olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Doğrudan da məsələnin bu tərəfinin dərin və geniş mənası vardır. Onun müxtəlif incəlikləri üzərində geniş dayanmaq lazım gəlir.

Konflikt mərhələsinin ziddiyyətləri: geosiyasi risklər və qeyri-müəyyənliklərin burulğanında

Yuxarıda qısa olaraq vurğuladıq ki, böyük geosiyasi güclərin regiona olan münasibəti risk və qeyri-müəyyənliklə xarakterizə olunan xaos yaradırdı. Bir geosiyasi xətt formalaşmışdı ki, inkişaf etdikcə region daha çox təhlükəyə düçar olurdu. Aydındır ki, yaxşı mənada bu xəttin "sındırılması" lazım idi. Ancaq kim tərəfindən və necə?

Məsələ ondan ibarətdir ki, coğrafi baxımdan regiona daha yaxın olan iki böyük dövlət – İran və Türkiyə sərbəst hərəkət etmək imkanına malik deyildilər. Daha doğrusu, İranda bəzi dairələr konstruktiv rol oynamaq əvəzinə müxtəlif bəhanələrlə işğalçı Ermənistana yardımlar edirdi. Hətta keçən əsrin 90-cı illərində İranı Ermənistan üçün "həyat yolu" adlandıranlar vardı.

Türkiyə də keçən əsrin 90-illərində və XXI əsrin əvvəllərində daxili siyasi qeyri-müəyyənlik səbəbindən qardaş Azərbaycanı tam müdafiə edə bilmirdi. Hətta bir sıra hallarda adi addımları belə atmağa çəkinirdi. İndi FETÖ adlanan şəbəkə bütün səviyyələrdə rəsmi Ankaranın müstəqil addımlar atmaq imkanını məhdudlaşdırır, kənar qüvvələrin maraqlarına cavab verən işlər görməyə sürükləyirdi.

Bununla da kənarda olan supergüclərlə yanaşı (təkcə Rusiya regiona qonşu dövlətdir və hətta ərazisinin bir hissəsi Qafqazdadır) regional güclü dövlətlər – İran və Türkiyə də geosiyasi qeyri-müəyyənliyi azalda bilmirdilər. "Konflikt və konfrontasiya geosiyasi xətti" bu məntiqlə davam edirdi. Onun nə zaman sınacağını və ya ümumiyyətlə, sınacağını bilən yox idi.

Həmin dövrün bu cür geosiyasi vəziyyəti (əslində, 1990-2020-ci illəri əhatə edən müddət) Cənubi Qafqazda geosiyasi baxımdan mürəkkəb bir mənzərə yaratmışdı. Supergüclər ikili standartlar əsasında fəaliyyət göstərərək regionda gərginliyi hərbi toqquşmalar səviyyəsinə qədər yüksəldirdilər, lakin "qırmızı xətti" keçməməklə müharibə ehtimalını əngəlləyirdilər. Bu, onlara həm vəziyyəti nəzarətdə saxlamağa, həm də bölgə dövlətlərinin təhlükəsizlik məsələsində özlərindən asılı durumda qalmasına şərait yaradırdı. Paralel olaraq həmin yolla Azərbaycana diplomatik təzyiq göstərilməsinə imkan yaradılırdı. Hər kəs xatırlaya bilər: istər Qərbin, istərsə də Rusiyanın bəzi yüksək vəzifəli rəsmi şəxsləri deyirdilər – "münaqişənin hərbi yolla həlli yoxdur"! Reallıq isə göstərdi ki, bu müddət ərzində onların hamısı Ermənistanı silahlandırıblar ki, müharibə başlasa, Azərbaycan qalib gələ bilməsin. Bu fikir öz təsdiqini 44 günlük Vətən müharibəsində tam olaraq tapdı.

Beləliklə, böyük güclər Cənubi Qafqazda geosiyasi tarazlığı konfrontasiyanı müəyyən həddə qədər yüksəldib, lakin hərbi toqquşmalara imkan verməmək taktikası ilə saxlayırdılar. Bu cür təhlükəli və riskli gedişat kifayət qədər təhlükəli geosiyasi dinamika formalaşdırmışdı. Belə təəssürat yaranırdı ki, Ermənistan bölgədə istədiyi təxribatı törədib, "süddən ağ qaşıq" kimi çıxa bilərdi. Gürcüstan isə Qərbin dediklərinə tam əməl etməklə səbirlə gözləməli idi. Azərbaycana gəldikdə, sanki hamısı bir mövqeyə gəlirdilər – regionun bu müsəlman ölkəsi müstəqil siyasətlə ərazi bütövlüyünü təmin etməməli idi. Onun cəhdinin qarşısı müxtəlif üsullarla alınmalı idi.

Regional təhlükəsizlik baxımından burada çox təhdidedici geosiyasi məqam meydana gəlmişdi. Ermənistan faktiki olaraq regionun yeni terror qaynağına çevrilmişdi. İrəvan nüvə tullantıları ilə də bölgəyə fəlakət gətirirdi. Ekoloji mühitin çirkləndirilməsi üçün əlindən gələni edirdi. İşğal etdiyi Azərbaycan ərazilərində mədəni və dini abidələri dağıdırdı, müsəlman qəbirlərini təhqir etməkdən çəkinmirdi. Xüsusilə məscidlərə qarşı heç bir ölçüyə sığmayan vəhşiliklər edirdi. Aydın görünürdü ki, rəsmi İrəvan öz havadarlarından dağıdıcılıq üçün icazə alıb. Onun danışıqlarda qeyri-konstruktiv mövqe tutması və əsassız olaraq yeni şərtlər irəli sürməyə çalışması bunu təsdiq edir.

Beləliklə, Cənubi Qafqazda maraqları olan xarici qüvvələr regionda konfliktləri sona çatdırmaq əvəzinə öz maraqlarına uyğun fəaliyyət göstərirdilər. Bu oyunun son məqsədi Azərbaycana ədaləti bərpa etməyə imkan verməməklə Ermənistanın işğalının nəticələrini əbədiləşdirməkdən ibarət idi. Həmin xətti regionun köhnə geosiyasi xəttinin əsas qayəsi hesab edə bilərik. Təbii ki, vəziyyətin köklü dəyişməsi üçün geosiyasi xətt qırılmalı idi. Bunun baş verməməsi üçün həmin supergüclər demək olar ki, əllərindən gələn hər şeyi edirdilər. Lakin bir məqamı nəzərə ala bilməyiblər. Azərbaycan siyasi rəhbərliyinin qətiyyəti, iradəsi və çox uğurlu dövlət quruculuğu siyasətini davamlı olaraq həyata keçirməsini!

Yeni hədəflərə doğru

Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ciddi siyasi, sosial, iqtisadi və hərbi böhrana düçar olmuşdu. O dövrdəki ölkə rəhbərliyinin yarıtmaz siyasəti Azərbaycan dövlətini olduqca çətin vəziyyətə salmışdı. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas etməyə başladı. "Əsrin müqaviləsi" imzalanandan sonra qarşıda yeni imkanlar açıldı. Nəticədə sabitləşmə və struktur islahatları proqramının həyata keçirilməsinə start verildi. Proqramda ümumi daxili məhsulun (ÜDM) artımı, inflyasiyanın nəzarətdə saxlanılması və maliyyə çatışmazlıqlarının aradan qaldırılması nəzərdə tutulmuşdu ki, bu da makroiqtisadi və maliyyə sabitliyi ilə nəticələnməli idi. Bu baş verdi. Üstəlik, neft investisiyalarının kəskin artması sayəsində 1996-cı ildə iqtisadiyyat öz inkişafını bərpa etdi. 1996-2005-ci illər arasında iqtisadi inkişaf orta hesabla 10 faiz oldu. Bu isə yoxsulluq həddini 1995-ci ildə olan 68 faizdən 2005-ci ildə 29 faizədək azaltmağa imkan verdi.

Bütövlükdə 2003-cü ildən başlayaraq islahatlar, yeniləşmələr, sosial-iqtisadi inkişaf, daxili və xarici siyasətin daha inamla həyata keçirilməsi prosesi sürətləndi. 2006 və 2007-ci illərdə ÜDM-in artımı 29,8 faiz oldu. Hətta neft hasilatının ən zəif olduğu 2012-ci ildə ÜDM-in artımı 2,2 faiz təşkil edib. 2000-ci ilin ortalarından etibarən ÜDM-də qeyri-neft sektorunun payı artıb. Nəticədə 2010-2013-cü illər ərzində ÜDM-də qeyri-neft sektorunun payına düşən artım neftin payına düşən artımdan yüksək olub.

Ümumiyyətlə, son 15 il ərzində ölkədə ümumi daxili məhsul istehsalı 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM istehsalı 2,8 dəfə artıb. Həmin dövrdə sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 2,4 dəfə çoxalıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 3 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlər 4,6 dəfə artıb. Yük daşınması 2,1 dəfə, sərnişin daşınması isə 2,2 dəfə çoxalıb. Eyni zamanda, informasiya və rabitə xidmətlərinin həcmi 12,3 dəfə, pərakəndə ticarət dövriyyəsinin həcmi 12,2 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 6,6 dəfə artıb. Dövlət büdcəsinin gəlirlər və xərcləri 18,4 dəfə, əhalinin nominal gəlirləri 9,4 dəfə, vətəndaşların banklardakı əmanətləri 33,2 dəfə, iqtisadiyyatın kreditləşdirilməsi 19,4 dəfə, orta aylıq nominal əməkhaqqı 7 dəfə, pensiyaların orta aylıq məbləği 9,3 dəfə artıb. İqtisadiyyata qoyulan sərmayə 2004-2019-cu illər arasında 259,6 milyard ABŞ dolları həcmində olub. Bu müddətdə strateji valyuta ehtiyatları 1,8 milyard dollardan 51,1 milyard dollara qədər yüksəlib.

Dünya Bankının "Doing Business" hesabatında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir və Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilib. Eyni zamanda, inkişaf etməkdə olan 74 ölkə arasında aparılmış araşdırmaya əsasən, Azərbaycan dünya miqyasında inklüziv inkişaf indeksi üzrə üçüncü, əhalinin elektrik təchizatı səviyyəsinə görə ikinci, islahatçı obrazı əmsalına görə beşinci, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu, siyasi sabitliyi təmin etməsinə və dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdədir.

COVID-19 pandemiyası ötən bir il ərzində dünya iqtisadiyyatına zərbələr vurub və 2020-ci il bütün ölkələr üçün iqtisadi sahədə ağır il olub. Əlbəttə ki, dünyanın ayrılmaz hissəsi olan Azərbaycanın iqtisadiyyatı da zərər görüb. Lakin dövlətimiz digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Amma bunun əvəzində qeyri-neft sənayesi 11 faizdən çox artıb. Bu isə real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı deməkdir.

Biz sosial-iqtisadi sahənin digər sferaları üçün də rəqəmləri nümunə kimi gətirə bilərik. Onların hər biri yalnız müsbət dinamikanı göstərir. Həm də bu proses davamlı və dayanıqlı olub. Bu cür dinamika birbaşa ölkə rəhbərliyinin davamlı və sistemli olaraq həyata keçirdiyi islahatlar sayəsində özünü göstərib.

Dövlət başçısı İlham Əliyev son 15 ildə səmərəli, sistemli, düşünülmüş və milli dövlətçiliyin möhkəmlənməsinə xidmət edən proqramları cəmiyyətin bütün sferalarında inamla həyata keçirib. İqtisadi proqramlar siyasi, sosial, mədəni, hərbi proqramları tamamlayıb. Nəticədə bütövlükdə sistemli və davamlı inkişaf dinamikası meydana gəlib. Neft siyasəti büdcə gəlirlərini artırmaqla yanaşı, qeyri-neft sektorunda inkişafı stimullaşdırıb, əhalinin həyat səviyyəsini yüksəltmək şansını artırıb, ordu quruculuğuna daha çox vəsait ayırmağa imkan yaradıb, əhəmiyyətli enerji layihələrini həyata keçirməyə əsas verib və valyuta ehtiyalarının artım dinamikasını saxlamağa şərait yaradıb. Bunun fonunda Azərbaycanın dövlət başçısı əhalinin sosial təminatı, əmək haqqı və pensiya təminatında əhəmiyyətli proqramlar reallaşdırıb. Azərbaycan vətəndaşı daha yüksək gəlirlər əldə etməyə nail olub.

Bu cür proseslərin fonunda Prezidentin daxili və xarici siyasəti uyğunlaşdırması və həmin kontekstdə ordu quruculuğu, təhlükəsizliyin təmini və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində atdığı addımlar çox səmərəli olub. Daxili siyasətdə dövlət başçısı güclü dövlətlə yanaşı güclü cəmiyyət yaratmağın da çox əhəmiyyətli olduğunu sübut edib. Bunun üçün cəmiyyəti açmaq, ona özünü inkişaf etdirmək imkanı vermək lazım idi. İlham Əliyev həmin məqsədə çatmaq üçün multikulturalizmi dövlət siyasəti səviyyəsinə yüksəldən yeganə liderdir. Multikulturalizm həm də Ermənistanın apardığı antiazərbaycan təbliğatını heçə endirdi. Belə ki, dünya Azərbaycan cəmiyyətinin demokratik, tolerant və humanist olduğunu gördü. Bu istiqamətdə dövlət başçısının multikultural dəyərlər əsasında dinlər, sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun təmininə həsr edilmiş xüsusi tədbirlər həyata keçirməsi ayrıca rol oynadı.

Bu bağlılıqda Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, "Bakı prosesi", İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və Qoşulmama Hərəkatı çərçivəsində aparılan siyasət öz müsbət bəhrəsini verdi və indi də verməkdədir. Dünyanın böyük əksəriyyəti Azərbaycanın haqlı mövqedə olduğuna, daim inkişaf etməyə qətiyyətli olduğuna və əməkdaşlıq paradiqmasına üstünlük verdiyinə bir daha əmin oldu.

Bunlar Azərbaycanın xarici siyasətdə çox dinamik fəaliyyəti fonunda baş verirdi. Azərbaycan postsovet məkanında yeganə dövlət oldu ki, səsvermə yolu ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçildi. Özü də bu prosesdə Ermənistan üzərində qələbə çaldı. Rəsmi Bakı bütün beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkarlığını sübut etdi və uyğun sənədlər qəbul edilməsinə nail oldu.

Azərbaycan Avropa, Rusiya, İran, Çin, Türkiyə, ABŞ kimi böyük güclərlə münasibətlərini tam olaraq əməkdaşlıq müstəvisinə çıxara bildi. Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaranan yeni əməkdaşlıq formatları öz müsbət rolunu oynadı. Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə işgüzar münasibətlər qurmaqla həm də regionun lideri kimi özünü təsdiq etdi. Nəticədə regiona ciddi təsirləri olan Rusiya, Türkiyə və İran Azərbaycan məsələsində ortaq mövqeyə gəldilər.

Rusiya Azərbaycanın xarici siyasətində həmişə xüsusi yer tutub. Rəsmi Bakı bu istiqamətdə çox uğurlu və davamlı siyasət apararaq Moskva ilə əlaqələri daha da gücləndirdi. Təcrübə göstərdi ki, bu məqamın Azərbaycan dövlətçiliyi üçün böyük əhəmiyyəti vardır. Belə ki, Rusiya Cənubi Qafqazda yalnız Azərbaycanla bərabərhüquqlu tərəfdaş kimi davranır və onun maraqlarına qarşı çıxmır.

Bakının Amerika və Avropa siyasəti də son dərəcə uğurlu oldu. Bu istiqamətdə enerji sferası ilə yanaşı, strateji əməkdaşlıq, təhlükəsizik və digər istiqamətlərdə ciddi irəliləyişlər əldə edildi. Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzaladı. "Şərq Tərəfdaşlığı" proqramına daxil olan başqa heç bir dövlət buna nail ola bilməyib.

İran istiqamətində çox səmərəli addımlar ataraq Azərbaycan faktiki olaraq Tehranla dostluq əlaqələrini möhkəmləndirdi. Hazırda iki ölkə arasında əməkdaşlıq özünün yeni səviyyəsinə yüksəlir.

Türkiyə ilə münasibətlər isə "Bir millət, iki dövlət" formulu üzrə yüksələn xətlə bütün sahələri əhatə etməklə daha da inkişaf etdirildi. Ankara Azərbaycanla qardaşlıq münasibətlərinə real məzmun verdi. Xüsusilə ordu quruculuğunda yaxın əməkdaşlıq öz bəhrəsini verdi.

ABŞ-la münasibətlər də müsbət istiqamətdə inkişaf etdi. Amerikanın dövlət başçıları dəfələrlə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər.

Bütün bunlar Azərbaycanı bir dövlət olaraq həm regionun lideri statusuna yüksəltdi, həm də qarşıda duran əsas problemi həll etmək imkanı yaratdı. Ermənistanın havadarlarının gözləmədiyi bir sürətlə Azərbaycan BMT-nin dörd qətnaməsini təkbaşına reallaşdırdı. Bu, faktiki olaraq Cənubi Qafqazda yeni geosiyasin reallığın yaranmasına gətirib çıxardı.

Postkonflikt geosiyasi reallığının memarı: İlham Əliyev dünyanı heyrətləndirdi

Yuxarıda qısa vurğulanan inkişaf dinamikası və sistemli, ardıcıl siyasət nəticəsində Azərbaycan Avropada tək dövlət olaraq hərbi yolla və qısa müddətdə ərazi bütövlüyünü bərpa edə bildi. "Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli variantı yoxdur" deyən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri və supergüclər prosesləri heyranlıq içində izləməli oldular. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi-diplomatik, informasiya və hərbi sferalardakı qətiyyətli addımları təcavüzkarı çıxılmaz vəziyyətə saldığı kimi, dünyanın böyük güclərini də geri çəkilməyə məcbur etdi. Azərbaycan yeni geosiyasi reallığı siyasət, informasiya, hərbi-təhlükəsizlik istiqamətlərində yaratdı.

Bu bağlılıqda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında ifadə etdiyi aşağıdakı fikirlər həmin məqamı dolğun əks etdirir. Prezident deyib: "Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib".

Fikirlərinə davam edərək dövlət başçısı konkret tezis irəli sürür: "...bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir".

Bu fikirlərdə regiondakı yeni geosiyasi reallığın mahiyyəti və konkret məzmunu ifadə edilib. Görünür ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün sistemli və ardıcıl olaraq regionda geosiyasi mühiti ona hazırlayıb. Burada başlıca yeri iki məqam tutub: birincisi, regionun böyük dövlətləri ilə dostluq əlaqələrini möhkəmlədərək onların ədalətli və tərəfsiz mövqe tutmalarını təmin etmək; ikincisi, Azərbaycanda "güclü dövlət üstəgəl güclü cəmiyyət" formulunda güclü ordu faktorunu geniş olaraq bərqərar etmək.

Hər iki istiqamətdə uğur qazanmaq üçün isə yuxarıda vurğuladığımnız nailiyyətləri qazanmaq lazım idi. Azərbaycan ərazi bütövlüyünün təmini hərəkatına başlayanda buna tam hazır olduğunu nümayiş etdirdi. Həmin kontekstdə geosiyasi reallığı dəyişən başqa vacib məqamı mütləq vurğulamaq gərəkdir. Biz Prezident İlham Əliyevin Vətən müharibəsi dönəmində siyasi-diplomatik, hərbi və informasiya fəaliyyətini yüksək səviyyədə uyğunlaşdıra bilməsini nəzərdə tuturuq. Çox intensiv olaraq İlham Əliyev dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərə verdiyi müsahibələrdə Azərbaycan dövlətinin mövqeyini ustalıqla ifadə etdi. Hətta onların bəzilərinin həqiqəti qəbul etməsi üçün böyük səbir göstərdi və çoxlu arqumentləri soyuqqanlılıqla jurnalistlərə çatdırdı. Paralel olaraq ölkənin rəsmi və informasiya dairələrinin Ermənistanın həyata keçirdiyi vəhşilikləri geniş surətdə dünyaya çatdırması təmin edildi.

Şübhə yoxdur ki, Prezidentin məhz bu istiqamətdəki fəaliyyəti köhnə, konfrontasiyaya köklənmiş geosiyasi xəttin sınmasında ciddi rol oynadı. Təbii ki, burada Azərbaycan Ordusunun hərbi uğurlarını qətiyyən unutmaq olmaz. Ali Baş Komandan kimi İlham Əliyev Ordu qarşısında real vəzifələr qoydu və inamla prosesi irəliyə doğru apardı.

Vurğulanan aspektdə Prezident haqlı olaraq ifadə edib: "...bizim siyasətimizlə bağlı son vaxtlar dünyada aparılan düzgün təhlillər və fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir və İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb. Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər, eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb".

Həqiqətən, Azərbaycan faktiki olaraq geosiyasi aspektdə konfrontasiya xəttini sındıraraq, yeni əməkdaşlıq yolu açıb. Bununla yeni geosiyasi reallığın mərkəzi punktunu əməkdaşlıq və təhlükəsizlik təşkil edir. Bu iki faktoru birləşdirən mexanizm isə dialoqdur. Dialoq İlham Əliyevin mövqeyinə görə yeni regional əməkdaşlıq formatını reallaşdırmağa imkan yaradacaq. Azərbaycan Prezidenti həmin formulu artıq təklif edib, o, ekspert dairələrində "3+3" və ya "5+1" əməkdaşlıq formulu kimi məşhurdur.

Deməli, yeni geosiyasi reallığın siyasi-diplomatik rəmzi "3+3" ("5+1") formuludur ki, bunun da təşəbbüskarı İlham Əliyevdir. Bu formulun reallaşması üçün konkret təkliflər də artıq hazırdır. Onların bir qismi haqqında İlham Əliyev fikir bildirib. Dövlət başçısı deyib: "İndi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin. Çünki hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin".

Buradan görünür ki, Prezident üçün kommunikasiya xətlərinin açılması ilə yanaşı, Azərbaycanın liderliyini saxlaması da ciddi əhəmiyyət kəsb edir. Və ya tərsinə: kommunikasiyaların açılması Azərbaycanın regional liderliyini təmin etməkdə böyük rol oynaya bilər. Görünür, məhz bu səbəbdəndir ki, İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinin işə düşməsinə əngəl törətdiyini, lakin bunun aradan qaldırılacağını ayrıca vurğulayıb. Ekspertlər də Zəngəzur dəhlizinin yalnız regional deyil, beynəlxalq əməkdaşlıq üçün prinsipial rol oynadığını vurğulayırlar. Məsələn, Çin üçün bu dəhlizin "Bir qurşaq, bir yol" layihəsi çərçivəsində əhəmiyyəti böyükdür.

Beləliklə, yuxarıda vurğulanan məqamlar bir daha təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Bu yeni mənzərənin iki özəlliyi vardır: birincisi, regional əməkdaşlıqla beynəlxalq miqyasda əməkdaşlıq arasında daha uyğun şərait meydana gəlib; ikincisi, Azərbaycan bundan sonra da regionun lideri olaraq qalacaq!

Kamal Adıgözəlov


Etiket:

Strategiya.az

Xəbərlər
28.07.2021

Azərbaycan MN: Ermənistan atəşkəs rejiminin tələblərinə əməl etmir

28.07.2021

Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib

28.07.2021

Tələbə təhsil kreditini 10 ilə qaytara bilər

28.07.2021

Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir

28.07.2021

Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq - XİN

28.07.2021

Kəlbəcər istiqamətində gərginlik davam edir - MN

24.07.2021

“Qənərçay” qum-çınqıl yatağı hərrac qaydasında istifadəyə verilib

24.07.2021

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir - MN

24.07.2021

Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

24.07.2021

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb 

23.07.2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23.07.2021

“Ltv 7” kanalının direktoru və bir neçə əməkdaşı barəsində cinayət işi başlanılıb

23.07.2021

Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur

23.07.2021

Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir

23.07.2021

Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər

22.07.2021

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır

22.07.2021

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22.07.2021

Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi

20.07.2021

Toya dəvət edilən qonaqlar içərisində koronavirus xəstəsi aşkarlandı 

20.07.2021

Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb

20.07.2021

“Azeri Light” neftinin bir bareli 69,33 dollara satılır

20.07.2021

Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

20.07.2021

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

20.07.2021

Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır

20.07.2021

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, hərbi qulluqçumuz yaralanıb

16.07.2021

Ermənistan Naxçıvanda Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

16.07.2021

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilib - SƏRƏNCAM

16.07.2021

Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb

16.07.2021

Vətən Müharibəsi Qəhrəmanları üçün nəzərdə tutulan güzəştlər məlum olub - SİYAHI

16.07.2021

Ağdamda növbəti yeni hərbi hissənin açılışı olub

15.07.2021

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb

15.07.2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

15.07.2021

Səfirlik Azərbaycan vətəndaşlarını qısa zamanda Rusiya ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb

15.07.2021

Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq: Sonra gec ola bilər

15.07.2021

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

15.07.2021

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

13.07.2021

Leyla Abdullayeva: Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən şərh belə oluna bilməz

13.07.2021

İlin ikinci yarısında qlobal neft tələbatı sutkada 4,6 milyon barel artacaq

13.07.2021

Azərbaycana gələn 31 nəfərdə "Delta" ştammı aşkarlanıb

13.07.2021

Prezident İlham Əliyev-Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur

13.07.2021

COVID-19 sertifikatları artıq “myGov”da

13.07.2021

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

13.07.2021

Hərbi qulluqçunun özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

13.07.2021

HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER

11.07.2021

İtkin düşən daha bir hərbi qulluqçunun şəhid olduğu müəyyənləşdi - Hərbi Prokurorluq

10.07.2021

DİN narkotikə qarşı təbliğat üçün vətəndaşlara müraciət edib

10.07.2021

Ermənistan Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutub - MN

10.07.2021

Azərbaycan neftinin qiyməti 77 dollara çatır

09.07.2021

Qəbul imtahanlarında bu suallar salınmayacaq 

09.07.2021

Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib