APA-nın məlumatına görə, görüşdə Gürcüstanın müdafiə naziri Mindia Canelidze, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz iştirak edirlər. Görüşü ev sahibi olan Gürcüstanın müdafiə naziri Mindia Canelidze açıb və nazirləri salamlayıb.
Görüş jurnalistlər üçün qapalı keçirilir.
Xatırladaq ki, tərəflər arasında üçtərəfli və ikitərəfli danışıqlardan sonra mətbuat konfransı keçiriləcək.
* * *10:00
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin aprelin 2-də keçiriləcək üçtərəfli görüşündə iştirak üçün dünən Tiflisə gəlib.
Virtualaz.org-un AZƏRTAC-a istinadən məlumatına görə, Z.Həsənov jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələr müxtəlif strukturlar arasında üçtərəfli formatda inkişaf etdirilir: “Gürcüstana səfərimin əsas məqsədi müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Artıq hər üç ölkənin müdafiə nazirləri arasında Naxçıvanda ilk görüş keçirilib. Bu, sayca ikinci görüşümüzdür. Bu görüşdə üçtərəfli formatda münasibətlərin inkişafı, eləcə də əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində danışıqlar aparılacaq. Müzakirələr tam başa çatdıqdan sonra əməkdaşlığa dair üçtərəfli sazişin imzalanması da nəzərdə tutulub”.
Zakir Həsənov vurğulayıb ki, görüşdə regiondakı vəziyyət də diqqət mərkəzində olacaq, Ermənistanın təcavüzkar siyasəti barədə iştirakçılara məlumat veriləcək.