ANS PRESS xəbər verir ki, Bakı Su İdmanı Sarayında keçirilən yarışın ikinci günündə 21 atlet sinxron üzgüçülüyün fərdi kombinasiya növü üzrə mübarizə aparırlar. Bu mübarizədə Azərbaycan, Yunanıstan, İsrail, Avstriya, Rusiya, Ukrayna, Türkiyə, Almaniya, Fransa, Polşa, Macarıstan, İtaliya, Çexiya, Bolqarıstan, Hollandiya, Böyük Britaniya, İsveçrə, Lixtenşteyn, Slovakiya, Belarus və İspaniya təmsilçiləri çıxış edəcəklər. Azərbaycan idmançısı 16 yaşlı Yekaterina Valiulina 6-cı nömrə altında gücünü sınayır.

Yarışlarda 150 idmançı dörd dəst medal uğrunda mübarizə aparır.

Azərbaycan təmsilçisi Yekaterina Valiulinanın çıxışı münsiflər heyəti tərəfindən 72.3000 balla qiymətləndirilib.

Y.Valiulina bu nəticə ilə səkkizinci pillədə qərarlaşıb. Hazırda ən yaxşı göstəricilər ukraynalı Yelizaveta Yaxnoya (86.1667), italiyalı Noemi Karrozzaya (84.9333) və avstriyalı Anna-Mariya Aleksandriyə (84.2000) məxsusdur.

Sinxron üzgüçülüyün fərdi kombinasiya növü üzrə çıxışlar davam edir.

Xatırladaq ki, “Bakı-2015”-də idmanın 12 növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.