Ötən gün səhər saatlarından Azərbaycanla-Gürcüstan sərhəddindəki - Sınıq Körpü Buraxılış məntəsəqində başlayan sıxlıq axşam saatlarına qədər davam etdi. Gürcüstan tərəfə getmək istəyən yük və minik avtomobilləri saatlarla Azərbaycan tərəfində gözləməli oldu. Günün müəyyən vaxtlarında hətta avtomobil növbəsinin uzunuluğu Qazağın Şıxlı kəndinədək çatırdı. Qonşu ölkəyə gedənlər arasında Gürcüstanın azərbaycanlı vətəndaşları ilə yanaşı, istirahət üçün ora gedənlər də çoxluq təşkil edir. 

Buraxılış məntəqəsində yaranan sıxlıqla bağlı Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin yerli qurumlarından bildirdilər ki, keçidlərdəki izdiham Ramazan Bayramı ərəfəsindəki istirahət günləri ilə əlaqəlidir və bu səbəbdən Gürcüstana üz tutanlar çoxdur. Lakin sərhəddin Gürcüstan tərəfində az sayda insan var.

Sınıq Körpü buraxılış məntəqəsində avtomobillər üçün nəzərdə tutulan keçidlə yanaşı piyada keçid xəttində də sıxlıq var. Bu günün də bayram günü olduğunu nəzərə alaraq, istirahət üçün Gürcüstana gedənlərin çox olacağı və bu səbəbdən də sıxlığın bu gün də davam edəcəyini demək olar. 

Yaranan problemlə əlaqdar Dövlət Gömrük Komitəsinin açıqlamasında deyilir ki, bu günlərdə komitənin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Və avtomobillər üçün nəzərdə tutulan keçidlərin 2-si yox, 4-ü də fəaliyyət göstərəcək.