TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub

19:56 / 04.04.2016

 

Əzizim Anar!

Sənə hamıdan salamlar. Burda hər şey yaxşıdır. Sizlərdən də daim xəbərdarıq. Azərbaycanın göyə buraxdığı Space peykindən bir xətt də bura qoşublar. İnternetimiz yaxşı işləyir. Üstəlik fani dünyadan gələn əbədi elçilər də ədəbiyyatımızda baş verən son olaylarla bağlı müfəssəl məlumatlar çatdırırlar. Yəqin ki, Zəlimxan Yaqubla Maqsud İbrahimbəyovun  son rəylərinə şübhəylə yanaşmazsan. Mənim başçılıq etdiyim Axirət Dünyası Yazıçılar Birliyinin sıraları durmadan artır. Son 2 ildə  4 xalq yazıçısı və şairini Birlik üzvlüyünə qəbul etmişik: İsa, Vaqif, Zəlimxan və Maqsud.

Anar, düzünü deyim ki, burda hər şey yaxşıdır. Mən rəhbərlik etdiyim yazıçıların istedadından da, yaradıcılıqlarından da razıyam.   Bütün problemləri də yüksək səviyyədə həll olunub. Bunları bilirsənmi niyə yazıram? Bu yaxında bir xəbər oxuduq. Ki, şair Saday Şəkərli həbsə düşüb. Sən də  Baş prokurora məktub ünvanlayıb onun bağlı qapılarının açılmağını xahiş etmisən. Mən də, bütün Cənnətməkan yazıçılar da səninlə həmrəyik. İnanıram ki, Zakir müəllim bu məktubunu müsbət qiymətləndirəcək. 100 faiz əminəm. Çünki şairə məhbəs yaraşmır. Bax, bu olay məni çox təsirləndirdi. Düzü, paxıllıq etdim sənə. Niyə? Qoy niyəsini ətraflı izah edim.

Azərbaycanın idman uğurlarının sədası  bura da gəlib çatır. O cümlədən futbolda da qazandığımız uğurlar. O gün dostum, AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevlə oturub nərd atırıq. Soruşdum ki, ay Ramiz, niyə sənin vaxtında futbol indiki kimi irəli getməmişdi? Cavab verdi ki, “Qabil müəllim, onda pul az idi. Mənim vaxtımda neftin barreli  18 dollar idisə, sonradan 7-8 dəfə qalxdı. Bu da xarici klublardan  babat oynaya bilən futbolçuları Azərbaycana transfer etməyə zəmin yaratdı. Onlar oynadı, bizimkilər də baxıb öyrənməyə başladılar. Futbolumuzun şərəfini qoruya-qoruya beynəlxalq turnirlərə də gedib çıxdılar. Hətta bizim yerli futbolçular da inkişaf edib transfer olunmağa başladılar”.

Ay Anar, elə bunu eşitmişdim ki,  Cin vurdu beynimə. Nərdin qapaqlarını  hirslə çırpıb bağladım. Çox pisimə gəldi.  Səsim Cənnəti götürdü: “Bu nə haqsızlıqdır? Futbolçunu transfer edirlər, futbol inkişaf edir. Müəllimi transfer edirlər, elm, təhsil inkişaf edir. Həkimi transfer edirlər, əməliyyat etməyi, aparatdan istifadə etməyi başa salır. Sonra da bizim həkimləri, müəllimləri, hətta icra başçılarını da xaricə göndərirlər ki, get qabaqcıl təcrübəni öyrən. Hətta adi maşındüzəldən, kombi ustası da xaricə gedə bilir, ya da ordan gəlib buradakıları öyrədirlər. Bəs ədəbiyyat? Niyə ədəbiyyatda transfer yoxdur? Bu nə haqsızlıqdır?”

Səsimə bütün şairlər, yazıçılar yığışdılar. Mat-mat mənə baxdılar ki, “bəs deyəsən Qabil dəli olub. Başına hava gəlib yəqin. Ədəbiyyat hara, transfer hara?”

Təcili qurultay çağırdım. Giriş sözüylə çıxış edib dedim ki, bu haqsızlığı fani dünyada ediblərsə, buna çarə qıla bilmirlərsə, biz cənnətməkanlar buna hökmən əlac etməliyik. Yerbəyerdən səslər gəldi ki, “axı necə?” İzah etdim ki, bütün sahələrdə transfer ikitərəfli gedir. Həm xaricdən mütəxəssislər gəlir, həm də bizimkilər xarici ölkələrə gedib, mütəxəssis olub qayıdırlar. Ədəbiyyatda isə nə o yana gedən var, nə də bu yana gələn. Yenə  sovet dövründə gediş-gəliş vardı. İndi  getmək istəyən də aeroportdan o yana çıxa bilmir. Ətrafındakılara yumruq atır. Belə yazıçıları elə düz edirlər xaricə çıxmağa qoymurlar.

Yenə də yerbəyerdən “Qabil, çıxış yolunu söylə. Vaxtımızı alma., şam yeməyinin vaxtına  az qalıb” sədaları gəlməyə başladı. Mən isə tələsmədən, aramla “Ay Cənnətməkanlar, bu necə ola bilər ki, Anar Yazıçılar Birliyinin sədri kimi yuxarılara məktub yaza bilər, məhbus şair Saday Şəkərlinin  buraxılmasını  xahiş edə bilər, mən Axirət Dünyası Yazıçılar Birliyinin sədri Qabil yox? Özü də ki, bu sahədə transfer mövcuddur. Amma birtərəfli qaydada.  Anar bura öz Birliyinin sayseçmə üzvlərini göndərə bilirsə, biz niyə əks addımlar atmaqla onun bu alicənablığına cavab verməyək?”

Bax onda zala sakitlik çökdü. Hamı fikrə daldı. Hamı deyəndə ki, ancaq 20-21-ci əsrin yazıçıları. 20-ci əsrdən əvvəl dünyasını dəyişənlər  “transfer” sözü nə deməkdir, hələ lüğətdə onun mənasını axtarırdılar. Axı, internetə girə bilmirlər.

 Sözümə davam etdim: “Mən də İnkir-Minkirə məktub yazıb, bəzi istedadlı yazıçılarımız barədə  ölüm hökmünün ləğv olunmasıyla bağlı Allah qarşısında məsələ qaldırılmaqlarını xahiş edəcəyəm. Çünki Anara kömək lazımdır. Ədəbiyyatımız güclənməlidir”.

Anar, zalı alqış sədaları bürüdü. Bəzilərinin gözlərində sevinc yaşları gilələndi. Çoxlarının  gözlərindən   “görəsən kim olacaq o dünyaya qayıdan ilk xoşbəxt yazıçı” ifadələrini oxudum. Qurultayın gündəliyində olan 1-ci məsələ müzakirəsiz-filansız, yekdilliklə qəbul olundu. Növbə çatdı 2-ci məsələyə. Yəni ki, adları əfv siyahısına salınacaq yazıçıların seçilməsinə. Bax onda Cəlil Məmmədquluzadəyə Cənnətin ortasında heykəl qoyulmasıyla bağlı fikir gəldi ağlıma. Klassikdir də... lap elə təkcə “Ölülər” əsərinə görə.

Gözümü 1-ci sırada oturan Zəlimxan Yaquba dikdim. Nə desə yaxşıdır? “Yox, Qabil müəllim,  məni üzürlü say. Təzə canım qurtarıb əzablardan. Sənin böyrəklərin var idi, məni başa düşməzsən. Zülmdən təzə canım qurtarıb. Cəhənnəm əzablarından qurtulub Cənnətə düşmüşəm. Qayıtmaram, Ustad. Qayıtmaram.  Əsla”.

Üzümü Hüseyn Abbaszadəyə tutdum. “Yox, ay Qabil! Axı hara qayıdım? Uşaqlar mən öləndən sonra mənzili də satıb, köçüb gediblər xaricə. Hara qayıdım? Lap tutaq ki, qayıtdım. Gərək mənzil növbəsinə duram. Anar mənə mənzil verəndir?” 

Baxışlarımı Vaqif Səmədoğluya dikdim. Kədərli-kədərli başını buladı: “Ay Qabil, son şeirimi eşitməmisən?

İlahi, 
Dar quyu dibində, 
Qaranlıq nəm içində, 
İşıqlı qəm içində, 
Ağrısız 
Bir az yatmaq istəyirəm...

İndi Allah deməz ki, Vaqif, özün müraciət etdin, mən də sənin müraciətinə müsbət cavab verdim. İndi də  adını siyahıya saldırıb, Qabili üstümə göndərmisən?”

Gözüm zalda Əliağa Kürçaylını axtardı. Gözlərində yaş gilələndi: “Yox, Qabil, istəmirəm. Yadından çıxıb mənim  ağrıdan səhərəcən yatmadığım günlər? Yay vaxtları  gecələr balkona çıxırdın. Görürdün ki, mən də balkondayam. Səhərəcən Bulvardakı Saat Qülləsinə baxırdım ki, gün nə vaxt doğacaq. Ağrıdan qovrulurdum. Bir də ki, ata ölümünə öz gənc həyatıyla cavab verən Ülkərimi burda qoyub, necə gedim?”

Anar, kimin adını çəkdimsə istəmədi əfv olunmağını. Ailə dramlarını, gəlinlərinin, nəvələrinin “bu qoca kaftar axı nə vaxt öləcək  biz də oğul toyu görək? Bir otağı tək canıyla zanit edib” deməklərini, fani dünyaya  onlara bir yük olduqlarını deyirdilər. Övladlarından razı olanlar isə onlara baxıb qulaqlarını çəkir, “iraq bizdən” söyləyirdilər.

 Hamısı  onlar üçün çıxarılan ölüm hökmündən razı olduqlarını bildirirdilər. Elə bil ki, fani dünya, oğul-uşaqları  üçün zar-zar ağlayan onlar deyildi. Haqq dünyasının, Cənnətin qədrini indi başa düşmüşdülər. İstəmirdilər əvvəlki həyatlarına geri dönsünlər.

Amma mənə də Qabil deyərlər. Məcbur qalıb, amiranəlik nümayiş etdirdim. Sənə orada qulaq asmayanı nə edirsən? Yazıçılar Birliyinin üzvülüyündən çıxarırsan. Burda isə özünü pis aparan yazıçını Cəhənnəmə perevod edirlər. Əlbəttə ki, əgər dəlil-sübutu yetərincə olmadıqda:

-         Mikayıl Müşfiq, nakam şairimiz, qayıdırsan geri. Ürəyində qalan neçə-neçə şeiri kağıza köçürərsən. Başına gələnləri də qələmə alarsan. Gülhüseyn Hüseynoğluya oxşama bu sahədə. Qorxma, yaz. “Davam edir 37” şeirini yazan Xəlil Rzadan ibrət götür. Yaz-yarat. Poeziyamıza yeni bahar gətir. Türkiyənin bayrağına aya işarə edib, pantürkistdir deyilərək güllələnməyinə səbəb olan

Mən gəncəm, bilirəm, istiqbalım var,

Hələ bədr olmamış bir  hilalım var

          misralı yaradıcılığını  bədrlə. İstiqbalına çat.

-         Baş üstə, Qabil.

-         Cəfər Cabbarlı, nakam yazıçımız. Ölməsəydin hələ neçə-neçə dram əsəri yazacaqdın. İlhamını yenidən alovlandır. Özü də ki, o vaxt yaxşı ki, Allah səni aradan çıxartdı. Yoxsa 37-də səni də güllələyəcəkdilər.Ya da ki, donosçuya çevirəcəkdilər.  İndi rahat qayıdıb, öz dramaturgiyanı və Azərbaycan dramaturgiyasını  dirçəldə bilərsən.

-         Baş üstə, Qabil.

-         Fərman Kərimzadə, nasir üçün 52 yaş nədir ki?  Hələ çox romanlar yarada bilərdin, yaxşı da yazırdın.  Qayıt geri. Amma əsəbləşmə day. Vətən-yurd dərdindən beyninə yenə də qan sızar. Nəinki Qərbi Azərbaycan, Dağlıq Qarabağ, üstəlik 7 rayon da artıq ermənilərdədir. Bundan təsirlənib beyninə qan sızan yazıçı da yoxdur. Sən ədəbiyyatı düşün. Yanğını ədəbiyyatda söndür. Roman janrını dirçəlt.

-         Baş üstə, Qabil.

-         Əlibala Hacızadə...

-         Yox, Qabil, qayıtmaram. Üz vurma. Xətrini çox istəyirəm. Amma qayıtmaq yoxdur.

-         Başa düşmədim, Əlibala. Bəs o gün olanlar yadından çıxıb? Əsəd Cahangir ANS kanalında “Azərbaycanda  bestseller kitabları olan bir dənə yazıçı olub, o da Əlibala Hacızadədir” deyəndə sevincindən uçmaq üçün məleykələrdən icarəyə qanad  almışdın.  Demirdin ki, növbəti “Xalq yazıçısı” mən olacaqdım ömür vəfa versəydi? Qayıt. Həm buralardan bir dənə bestseller roman yaz, həm də  halalca adını al. Gülağa Tənha da cildlərini çıxarıb başa çatdırsın. Həm də bu dünyanı vəsf edib, müasir fantastika janrının əsasını qoy. Sonra nə vaxt istəsən qayıdarsan da... O vaxtacan  yerinə “zamen” taparam.

-         Baş üstə, Qabil müəllim.

-         Əli Kərim, hamı sənə “hayıf ondan. Cavan getdi” deyir. Şeirlərin dillərdə gəzir. Qayıt  gözəl poemalar yarat. Yoxsa bu janr ölüb gedir. Hamı roman yazır. Elə şairi də. Poema yazan yoxdur. Sənin ilhamının kükrəyən vaxtıdır. Fəxri ad almağa da şansın çoxdur. Axı Göyçaydansan.

-         Baş üstə, Qabil. Amma Göyçayda doğulmağının mətləbə nə dəxli?

-         Get, bala, get. Orda başa salarlar.

Hə, Anar, beləcə qurultayımız başa çatdı. İlk səfərə çıxmaq istəyən az tapıldı. Amma hər sahəyə aid olanı bir təhər seçə bildim. Sən Allah üzlərinə yaxşı baxın. Yoxsa qayıdanda pisləsələr fani dünyanı, çətin ki, transferə çıxarmağa adam tapam.  Amma Mikayıl Müşfiq və Cəfər Cabbarlı çox narahatdırlar. Ehtiyatlanırlar ki, fani dünyada dirildiklərini görüb, heykəllərini götürərlər. Yerində də göydələn tikərlər. Sən Allah, nəzarətdə saxla ki, vandalizm aktı baş verməsin. Haqları da var. Cəfər Cabbarlı deyir ki, “Qabil, iki kinoteatrım vardı. Öz adıma olanı “Space” adlı telviziyaya çevirdilər. Qəhrəmanım Sevilin adına olanı əvvəl restoran etdilər, indi də söküb bina tikirlər. Qorxuram ki, dirilməyimi görüb, Sovetskidəki ev-muzeyinin kvadrat metrinə 1500 manat ödəyib, oranı da dağıdarlar”. Gör də. Əgər elə olsa, Bakı şəhər İcra Hakimiyyətinin başçısı  Hacıbala Abutalıbova mənim adımdan  de ki, heç olmasa kvadratına 2000 manat ödəsin. Günəşlidə ev ala bilsinlər.

Anar, başa düşürəm ki, inciyirsən. Ürəyində gileylənirsən ki, bəs ay Qabil, heç nə lazım deyil. Hər şey yaxşıdır. Narahatçılığa səbəb yoxdur. Ədəbiyyatdır da öz axarında gedir. İntibah da olar, tənəzzül də. Qurumuş çay belə, bir də görürsən sel gətirir. Amma ki, Anar, yox. Devalvasiyadır. Kitab-zad alan da azalır. Pul da gəlməsə indikilər çətin yazalar. Hətta mənim də 90 illik yubileyim münasibətilə üçcildliyimin çıxarılmasına Mədəniyyət Nazirliyi pul tapmır. Kəsib bir cild saxlamaq istəyirlər. Ona görə vaxtında tədbir gördüm. Elə əsl transfer pəncərəsini açmaq dövrüdür. Bəstəkarlar, rəssamlar, heykəltaraşlar birlikləri də artıq transfer qurultaylarının vaxtını təyin ediblər.

Hə, Anar. Nə başını ağrıdım. Beləcə əfv məktubunu təqdim etdim İnkir-Minkirə. Bir xahiş də etdim. Buna qabaqlayıcı tədbir deyirlər. Çünki Mikayıl Müşfiq, Cəfər, Fərman, Əlibala, Əli Kərim  gəlib buraları sizə yaman tərifləyəcəklər. Siz də o saat həvəslənəcəksiniz. Buralara can atmağa başlayacaqsınız.   Ona görə də İnkir-Minkirə  ünvanladığım  məktubda  xüsusi qeyd etdim ki, sağ qalan 4 Xalq şairi və 5 Xalq yazıçısına povestka-zad göndərməsinlər. Ta ki, ədəbiyyatımızı əvvəlki şöhrətinə qaytarana qədər. Amma deyəsən məktubum yetənə qədər Söhrab Tahiri xilas etmək qərarına gəliblər. Araba axtarışındaydılar.  Ona görə də Bəxtiyar Vahabzadədən həmyerlisi və deputat davamçısı, “Avromed”in sahibi Cavanşir Feyziyevin telefonunu soruşurdular.   

Sizlərə salam və hörmətlərimizi çatdırırıq. İnanırıq ki, idman, elm, təhsil, texnologiya sahəsində mövcud olan Transfer qanunu ədəbiyyatımıza da öz müsbət töhfəsini verəcəkdir.

HÖRMƏTLƏ: Qabil, Axirət Dünyası, Cənnət şəhəri.

 4 Aprel 2016-cı il.

PS: Anar, lap yaddan çıxarmışdım. Bu gün aprelin 4-üdür. Haqq dünyasında   9 yaşım tamam oldu. Bunu elə-belə dedim. Qəbrimi ziyarət umacağım yoxdur.

 

 

 

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
18.06.2019

"Hər şeyə görə onu günahlandırırlar" - Falkao Messini müdafiə etdi

18.06.2019

Dövlət qulluğuna qəbul olmaq istəyənlər sınaq imtahanları verəcəklər

18.06.2019

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb

18.06.2019

Azərbaycanın və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək

18.06.2019

Paytaxtda narkotacir polis tərəfindən saxlanıldı

18.06.2019

Yeni sosial şəbəkə sürətlə populyarlaşır

18.06.2019

Zakir Həsənov: Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar

18.06.2019

“Azeri Light”ın bir barreli 63,35 dollara satılır

18.06.2019

DİQQƏT! Bu yolda təmir və rənglənmə var

18.06.2019

Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri

18.06.2019

Balakən sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb

18.06.2019

Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib

18.06.2019

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs yenə pozuldu

18.06.2019

Magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə!

18.06.2019

İyunun 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.06.2019

Neft yenidən ucuzlaşıb

18.06.2019

"Qarabağ"ın rəqibi müəyyənləşir

18.06.2019

Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb

18.06.2019

Türkiyədə sel 4 nəfərin ölümünə səbəb olub

18.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

18.06.2019

Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb

18.06.2019

YAÇ-2019: İki yunan-Roma güləşçimiz finalda

18.06.2019

Polşa ABŞ hərbçilərini Belarus sərhədinə yerləşdirəcək

18.06.2019

Azərbaycanda əhalinin əsas ölüm səbəbləri: İlk yerdə bu xəstəlik durur

17.06.2019

Məhəmməd Mursi vəfat edib

17.06.2019

Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb

17.06.2019

İyunun 17-si Dünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

17.06.2019

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib

17.06.2019

Yeni qiymətləndirmə modelləri tətbiq olunur

17.06.2019

Mayda qlobal neft tədarükü azalıb

17.06.2019

Azərbaycanın tanınmış mühəndisi vəfat edib

17.06.2019

15 yaşlı Anna Frankın gündəliyi Holokostun aynası kimi

17.06.2019

Yunanıstanın Baş naziri Türkiyəni hədələdi

17.06.2019

Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində saxlanılıb

17.06.2019

Baş Prokurorluq və DİN Ağstafada 4 nəfərin qətli ilə bağlı rəsmi məlumat yayıb

17.06.2019

“Şahdəniz” təbii qazı Avropa sərhədinə çatdırılıb

17.06.2019

Göygöldə mikroavtobus aşdı

17.06.2019

Uruqvay millisi darmadağınla başladı 

17.06.2019

Sabah hava necə olacaq?

17.06.2019

“Azeri Light”ın bir barreli 64,21 dollara satılır

17.06.2019

Ağstafada DƏHŞƏT: Həbsdən çıxıb üç nəfəri öldürdü, yaralılar var

17.06.2019

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

17.06.2019

"Xaş-xaş 2019" 

17.06.2019

İndoneziyada dəhşətli zəlzələ BAŞ VERDİ

17.06.2019

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 715 kollec məzununun ərizəsi təsdiqlənib

17.06.2019

Saakaşvili Ali Radanı Kiyevdən köçürməyi təklif etdi

17.06.2019

Azərbaycanlı alim beynəlxalq simpoziumda məruzə edib

17.06.2019

Lənkəran çayından meyit tapılıb

17.06.2019

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

17.06.2019

Göyçayda yanğın olub