Prezident İlham Əliyev: İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılıb

14:07 / 16.11.2016

Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir.

Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

“Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq”, - deyən Azərbaycan Prezidenti bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər. Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik.

Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub. İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. O vaxt qadınlara seçib-seçilmək hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. 2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, “Bakı Prosesi” adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir.

Prezident İlham Əliyev dedi ki, bu il oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfər etdi, dini icmaların rəhbərləri ilə görüşdü. Roma Papası Bakıda dinlərarası dialoqun mövcudluğundan danışdı. Bu, bizim əldə etdiyimiz nəticədir. Çünki bu gün dünyada dini, etnik toqquşmaları görürük və bu, bizi çox narahat edir. Ona görə də biz öz multikulturalizm siyasətimizi ortaya qoymuşuq. Biz əməkdaşlığın tərəfdarıyıq.

Dövlətimizin başçısı qeyd etdi ki, müxtəlif etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və anlaşma şəraitində yaşayırlar. Biz istərdik ki, regionda və dünyada da bu sahədə müsbət inkişaf getsin.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu vurğulayaraq dedi ki, SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələblərə məhəl qoymur. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul ediblər. Lakin Ermənistan o sənədlərə də məhəl qoymur. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılıb. ATƏT-in göndərdiyi iki faktaraşdırıcı missiyanın hesabatları da bunu təsdiqləyib. Bakıda isə erməni kilsəsi mühafizə olunur.

Prezident İlham Əliyev bir daha vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir.

Ölkəmizin iqtisadi uğurlarından danışan dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan iqtisadiyyatı bir mənbədən asılı deyil, şaxələndirilib.

İqtisadiyyatımızın şaxələndirilməsi davam edəcək. Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizi, Aralıq dənizi, Asiya ilə Avropa birləşdirilir. “Cənub Qaz Dəhlizi” layihəsinə 45 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın böyük qaz ixracatçısına çevrilməsinə imkan verəcək. Bizim enerji əməkdaşlığımız milli maraqlara əsaslanır. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, ancaq müvafiq infrastruktur yaradılmalıdır. Şimal-Cənub, Şərq-Qərb dəhlizi Azərbaycanın ixrac və tranzit potensialını genişləndirəcək. Həmin dəhlizlərin qurulması üçün sərmayə qoyuruq, eyni zamanda, qonşularımıza kömək edirik. Təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz. Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi siyasət bütün region üçün vacibdir. Prezident İlham Əliyev Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirildiyini söyləyərək dedi ki, 250 min qaçqın və məcburi köçkün yeni qəsəbələrdə yerləşdirilib. Azərbaycanda əhalinin təhsilinə xüsusi diqqət yetirilir, bu sahədə 100 faiz göstəriciyə nail olunub.

Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Medianın dəstəyi olmadan bu, mümkün deyil.

Sonra UNESCO-nun baş direktoru xanım İrina BOKOVANIN videomüraciəti nümayiş etdirildi. Müraciətdə deyilir:

“Möhtərəm Azərbaycan Respublikasının Prezidenti.

Xanımlar və cənablar.

Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının iştirakçılarına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Dünyanın 100-dək ölkəsindən nüfuzlu media xadimləri rəqəmsal inqilab və jurnalistlərin qarşılaşdığı təhdidlər də daxil olmaqla, jurnalistikanın aktual problemlərini müzakirə etmək üçün bu tədbirlərə toplaşıblar.

Hesab edirəm ki, bu, gələcək fəaliyyətimizin uğurunun başlanğıc nöqtəsidir. Biz insan hüquqları və ləyaqəti, qanunun aliliyi və yaxşı idarəetmə, demokratiya və davamlı inkişaf naminə müstəqil, etik və plüralist medianın vacibliyinə inanırıq. Keyfiyyətli jurnalistika cəmiyyətlər üçün heç vaxt olmadığı qədər vacibdir və onun başlıca vəzifəsi əsasən böhran və münaqişələr zamanı cəmiyyətin etibarlı informasiyaya tələbatını ödəməkdən, onun maraqlarını təmin etməkdən, söz azadlığı üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

Bu kontekstdə mən Azərbaycan Prezidentinə bu təşəbbüsü irəli sürdüyünə görə minnətdarlığımı bildirirəm.

Konqresin bütün iştirakçılarına, xüsusən də UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının nümayəndələrinə təşəkkürümü bildirirəm. Tədbirin işinə uğurlar arzulayıram və ümid edirəm ki, biz ifadə azadlığının möhkəmləndirilməsi, azad informasiya axınının təmin edilməsi və keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi yolunda birgə işləyəcəyik. Çox sağ olun”.

UNESCO-nun baş direktorunun müavini Qetaçyu ENQİDA çıxış edərək dedi:

-Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti.

Xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Siz burada UNESCO-nun baş direktorunun müraciətini dinlədiniz. Təbii ki, mən videomüraciətdə söylənilənləri təkrarlamayacağam.

Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası yüzədək xəbər agentliyinin rəhbərlərini, media peşəkarlarını bir araya gətirərək dünyada milyardlarla insanın xidmətində duran agentlik rəhbərlərini, baş redaktorları, reportyorları və guşə yazarlarını buradan salamlayır. UNESCO Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə təsis edilən Dünya Xəbər Agentlikləri Konqresinin, o cümlədən UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə qurulmuş Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının yaradıcılarından biridir.

Üç gün ərzində siz Bakıda dünya mediasının durumunu, xəbər agentliklərinin rolunu müzakirə edəcəksiniz və ifadə azadlığını təmin edən şəraitlər barədə diskussiyalar aparacaqsınız.

Xəbər agentlikləri informasiya mübadiləsinin və media plüralizminin aparıcı qüvvəsi olaraq qalır və bu, öz növbəsində, mədəni və intellektual müxtəlifliyi təmin edir. Media müxtəlifliyi və plüralizm fərdi idealları zənginləşdirmək, ümumi mədəni təcrübəni müxtəlif rəylər, hekayətlər və informasiya ilə dərinləşdirmək imkanı yaradır. Bu cür vasitələrlə sərhədlər aşılaraq ölkələr arasında mədəniyyətlərarası dialoq təşviq edilir, azad mətbuat və fərqli rəylərin təmin olunmasını mümkün edən ifadə azadlığı möhkəmlənir. Biz, həmçinin bilməliyik ki, xəbər agentlikləri məlumatın əldə edilməsi və mübadiləsində əsas iştirakçı olaraq qalır. Faktiki surətdə, xəbər agentliyi olmadan məlumatı əldə etmə hüququnu təmin edən qanunvericilik informasiya azadlığı prinsipinin təmin edilməsi və həyata keçirilməsində güclü vasitə ola bilməz.

İnternet inqilabı baş verdikdən sonra keyfiyyətli jurnalistika heç vaxt görünmədiyi kimi mühüm məsələ olaraq qalır. Medianın rolu etibarlı məlumat verərək azad düşüncəni ifadə etməklə ictimai maraqlara xidmət göstərməkdən və xüsusən də böhran, münaqişə zamanı cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarətdir. Reportajların verilməsi zamanı etikanın gözlənilməsi xəbərlərin toxunduğu sosial dinamikaya bələd olaraq münaqişəli məqamların nəzərə alınmasını, eləcə də bəsit və qızışdırıcı hekayətlərin arxasınca qaçmaq istəyinin kənara qoyulmasını tələb edir. Bu, faktların və rəqəmlərin araşdırılmasını, səbəblərin bildirilməsini, antaqonizmi qızışdırmağa çalışan şəxslərin motivasiyasını, eləcə də ahəngdarlıq və birgəyaşama naminə çalışan şəxslərin işini nəzərdə tutur.

Xanımlar və cənablar, bu cür çoxşaxəli və plüralist medianın təhlükəsiz mühitə ehtiyac duyması ilə əlaqədar hətta UNESCO-nun üzv dövlətləri bizə güclü dəstək versə də, media azadlığı və ifadə azadlığı təzyiqlər altında qalmaqdadır. Son on illik ərzində ümumən 827 jurnalist məlumatı ictimaiyyətə çatdırdığına görə həyatından məhrum olub. Orta hesabla desək bu, hər 5 gündə bir ölüm halı deməkdir. Ümumiyyətlə, media peşəkarları və xəbər agentliklərinin reportyorları nəinki verdikləri reportaja görə hədəfə, o cümlədən ekstremistlərin təbliğatına qarşı fəaliyyətinə görə qurbanlara çevrilirlər.

Media icması üzv dövlətlərlə yanaşı, hamı üçün keçmiş və yeni media, reportyorlar və azad yazarlar, jurnalist və sosial media yaradıcıları üçün daha təhlükəsiz mühit yaratmaq məqsədilə birləşməlidirlər. Bu, jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq təhlükəsizliyi ilə bağlı baş direktorun noyabrın 17-də üzv dövlətlərə rəsmən təqdim edəcəyi hesabatın əsas mesajıdır.

Mən müzakirələrinizdə sizə uğurlar arzulayıram. Qoy, media plüralizmin və redaktor müstəqilliyinin dəstəklənməsi və gücləndirilməsi, eləcə də xəbərlərin azad axınının möhkəmləndirilməsi, jurnalistika üçün təhlükəsiz mühitin qurulması sahəsində aparılan iş müzakirələrinizin və qərarınızın mərkəzində olsun. Diqqətinizə görə çox sağ olun.

Daha sonra xatirə şəkli çəkdirildi.

Qısa fasilədən sonra açılış mərasimi çıxışlarla davam edib.

Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-HÜSEYN açılış mərasimində iştirakına və dərin məzmunlu nitqinə, tədbirlərin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

Ötən Konqresdən keçən müddətdə görülən işlərdən danışan və dünyada baş verən proseslərə qısa nəzər salan Abdullah bin Fəhd Əl-Hüseyn bu dövrdə mühüm irəliləyişlərin olduğunu vurğuladı. SPA-nın prezidenti növbəti üç ildə Dünya Xəbər Agentliklərinin Konqresinə və OANA-ya sədrlik edəcək AZƏRTAC-ın baş direktoru Aslan Aslanova uğurlar arzulayıb, AZƏRTAC-ın bu mühüm vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əminliyini bildirdi.

Səudiyyə Ərəbistanı Krallığının dünyada sülhün və sabitliyin inkişafına fəal dəstək verdiyini vurğulayan Abdullah bin Fəhd Əl-Hüseyn bildirdi ki, biz Səudiyyə Xəbər Agentliyində bu sahədə sürətli tərəqqiyə, informasiya texnologiyalarında baş verən inqilabi dəyişikliklər fonunda media sahəsində yeniliklərə uyğunlaşmağa çalışırıq. Bu tədbirlərdə olduqca əhəmiyyətli mövzular müzakirə ediləcək. Əminəm ki, tədbirlərin sonunda müsbət nəticələr əldə olunacaq və Konqres öz məqsədlərinə çatacaq.

OANA-nın prezidenti və Rusiyanın TASS agentliyinin baş direktoru Sergey MİXAYLOV yüksək qonaqpərvərliyə və təşkilatçılığa görə Azərbaycana, Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. OANA-nın fəaliyyətindən danışan S.Mixaylov təşkilatın qlobal informasiya məkanında yüksək fəallıq nümayiş etdirdiyini dedi. O qeyd etdi ki, OANA yeni texnologiyalar, qlobal böhranlar, media nümayəndələrinin müasir texnologiyalarla iş prosesində üzləşdikləri problemlər sahəsində təcrübə mübadiləsi aparmaq üçün əlverişli platformadır. Bu platformada məlumatların, foto və videomaterialların toplanması, mübadiləsi və yayımlanması tərəfdaşlıq səviyyəsində təşkil olunub. OANA-nın prezidenti təşkilatın qlobal problemlərin qarşısının alınması, o cümlədən terrorizmlə mübarizə sahəsində də fəal mövqe nümayiş etdirdiyini, bu istiqamətdə müxtəlif materiallar və nəşrlər hazırlandığını diqqətə çatdırdı. O, OANA-nın gələcəkdə öz sıralarını və əhatə dairəsini daha da genişləndirmək əzmində olduğunu vurğuladı.

İnformasiya sahəsində mühüm məsələlərin müzakirə olunduğu mötəbər tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirən Avropa Xəbər Agentlikləri Alyansının (EANA) və İsveçin TT agentliyinin prezidenti Yonas ERİKSON çıxış edərək dedi ki, müasir dövrdə informasiyaların oxucuya çatdırılması məqsədilə çoxsaylı etibarlı platformalar yaradılır. Bunun əsas səbəbi isə informasiya texnologiyalarının sürətli inkişafıdır. Hazırda texnologiyaların inkişafı ilə bərabər, keyfiyyətli informasiya mənbələrinə tələbatın artmasının da şahidiyik. Biz son dövrlər dünyada iqtisadi dəyişiklikləri, böhranları, müharibələri, terrorizmi görürük. Buna görə də etibarlı xəbər mənbələrinə ehtiyac böyükdür.

Hazırkı dövrdə insanların məlumatları əsasən yeni rəqəmsal texnologiyalar vasitəsilə əldə etdiklərini deyən Y.Erikson bildirdi: “Bu, o deməkdir ki, jurnalistikanın maliyyələşdirilməsi üçün yeni biznes mexanizmləri işlənib hazırlanmalıdır. Bununla da jurnalistikanın maliyyələşməsinin yeni formalarını tapmaq lazımdır”.

Gənc müstəqil ölkə olan Azərbaycanın gələcək inkişafının daha da uğurlu olacağına əminliyini ifadə edən EANA-nın prezidenti Konqresdə səmərəli müzakirələrin aparacağına ümidvar olduğunu bildirdi.

Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim ƏL-SABAH Heydər Əliyev Fondunun və AZƏRTAC-ın bu tədbirin ən yüksək səviyyədə təşkili üçün ciddi əmək sərf etdiklərini vurğuladı. O dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu Konqresdə iştirakı və maraqlı nitqi tədbirin önəmini daha da artırıb.

FANA-nın prezidenti vurğuladı ki, dünyada informasiyaların maneəsiz axını baxımından xəbər agentliklərinin rolu daha da artıb. Ona görə də düzgün, dürüst və qərəzsiz informasiyalar yayan agentliklərə ehtiyac daha çoxdur. Əsas məqsəd insanlara dünyada baş verən hadisələrin mahiyyətini düzgün şəkildə çatdırmaqdır.

Şeyx Mübarək İbrahim Əl-Sabah dedi ki, ərəb xəbər agentlikləri digər informasiya agentlikləri ilə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələr qurmağa çalışır. Mədəniyyətin təbliği, radikal düşüncələrə qarşı mübarizə, sülh şəraitində yaşamaqla bağlı müxtəlif xalqlar arasında əlaqələrin güclənməsində xəbər agentliklərinin rolunun artırılması bəşəriyyətin xeyrinə olacaq.

Konqresin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a minnətdarlığını bildirən KUNA-nın baş direktoru dost və qardaş Azərbaycana daha böyük uğurlar və sülh arzuladı.

Dünya Xəbər Agentliklərinin V Konqresinin, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclasının Azərbaycanın ev sahibliyi ilə eyni vaxtda Bakıda keçirilməsinin qürurverici olduğunu vurğulayan AZƏRTAC-ın baş direktoru Aslan ASLANOV dedi:

-Göstərilən bu yüksək etimada görə üzv ölkələrin informasiya agentliklərinə bir daha təşəkkür edirəm.

Bizim üçün xüsusilə əlamətdardır ki, dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən insanlar qonaqpərvər ölkəmizə müasir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinin bayram edildiyi günlərdə təşrif buyurublar.

Ötən 25 il tarix baxımından qısa dövr olsa da, Azərbaycan çox möhtəşəm uğurlara imza atıb, iqtisadi, siyasi, sosial və humanitar sahələrdə öz paradiqmalarını yaradaraq bölgənin lider dövlətinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevrilib.

Bu çox mühüm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsini şərtləndirən amillərdən danışan baş direktor dedi: “Artıq siyasi və politoloji leksikonda tez-tez işlədilən “İnkişafın Azərbaycan modeli”, “Multikulturalizmin və tolerantlığın Azərbaycan nümunəsi”, “Humanitariyanın Azərbaycan platforması”, “Bakı prosesindən başlanan Şərq-Qərb dialoqu”, “Dünyanın humanitar Davosu” ifadələri, uğurla reallaşdırılan transmilli enerji və nəqliyyat layihələri, obrazlı şəkildə desək, müasir Azərbaycanın heç də tam olmayan portret cizgiləridir. Bütün bunlar çox mühüm beynəlxalq tədbirlərin, o cümlədən bu gün bu möhtəşəm Mərkəzdə işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresinin, OANA-nın XVI Baş Assambleyasının və İnformşuranın XXII iclasının Azərbaycanda keçirilməsini şərtləndirən əsas amillərdir”.

Bu mötəbər tədbirlərin keçirilməsinə və təşkilinə verdikləri dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən Aslan Aslanov dedi ki, hər bir informasiya agentliyinin həyatında ən mühüm hadisə Dünya Xəbər Agentliklərinin Konqresinə ev sahibliyi etməsidir. Bundan əvvəlki Konqresin kuluarlarında bu hadisəni “dünya informasiya sammiti” adlandırıblar. Beşinci konqresdə müzakirəsi nəzərdə tutulan məsələlərin aktuallıq dərəcəsini qiymətləndirmək heç də asan deyil. Biz yeni minilliyin ötən illərini yola salmaqla sadəcə təqvimin səhifələrini çevirməmişik. XXI əsr bəşər sivilizasiyası üçün tamamilə yeni və keyfiyyətcə fərqli bir dövrdür. Daim yenilənən texnologiyalar gündəlik həyatımıza elə sürətlə daxil olur ki, bəzən onunla ayaqlaşmağa çətinlik çəkirik. Hi-tech sadəcə iş yerimizin simasını dəyişmir, həyatımızın ayrılmaz bir hissəsinə çevrilir. Bu heyrətamiz dəyişikliyin nəticəsidir ki, uzun müddət öz ənənəviliyini qoruyub saxlamış jurnalistika son dövrlərdə birdən-birə sürətli transformasiyaya məruz qalıb. Əvvəllər leksikonumuzda olmayan sosial media, multimedia, xəbər sənayesində süni intellekt kimi yeni anlayışlar yaranıb. Texnoloji tərəqqi cəmiyyətin simasını, dünya nizamının axarını dəyişir və təbii ki, medianı da öz arxasınca çəkib aparır.

“Biz - xəbər istehsalçıları, bu sektorun təmsilçiləri olaraq ən dəqiq, qərəzsiz və peşəkarlıq baxımından qüsursuz informasiya yaratmaq və onu məhsullarımızın istehlakçılarına dərhal çatdırmaq vəzifəsinə sadiqliyimizi qoruyub saxlamalıyıq”, - deyən baş direktor bildirdi ki, V Konqresdə müzakirəyə çıxarılan məsələlərin mövzu dairəsini müəyyənləşdirərkən çalışmışıq ki, gündəlik yeni reallıqları əks etdirsin. Əlbəttə, bu gün dünya jurnalistikasının qarşısında duran bütün problemləri beş sessiyada əhatə etmək çətin və mümkünsüzdür. Hesab edirəm ki, bugünkü Konqresdə çox yüksək səviyyəli nümayəndələrin təmsil olunmasını nəzərə alaraq, xəbər agentlikləri arasında əməkdaşlıq formalarını, həmçinin ənənəvi agentliklərdə qarşılıqlı təsir göstərə biləcək istiqamətləri və aspektləri müzakirə etmək, sosial medianın müxtəlif platformaları ilə əməkdaşlıq qurmaq üçün bu fürsətdən mümkün qədər çox yararlanmağa çalışmalıyıq. Multimedia və texnoloji innovasiyalar da xüsusi diqqət tələb edən məsələdir və buna görə də onlara ayrıca sessiyalar həsr olunub. Nəhayət, qaynar nöqtələrdə jurnalistlərin təhlükəsizliyi, münaqişə zonalarında baş verən hadisələrin reportyorlar tərəfindən maneəsiz işıqlandırılması imkanı bizim peşənin gündəliyində qalmaqdadır. Bu məsələ münaqişə və qarşıdurmaların şiddətləndiyi müasir dövrümüzdə özünə xüsusi diqqət tələb edir.

Çıxışının sonunda V Konqresin, XVI Baş Assambleyanın və İnformşuranın XXII iclasının işinə uğurlar arzulayan Aslan Aslanov əmin olduğunu bildirdi ki, üç gün ərzində media kapitanlarının, tanınmış ekspertlərin aktual problemlərlə bağlı məruzələri dinləniləcək, müzakirələrin gedişində maraqlı və faydalı diskussiyalar aparılacaq.

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv MARŞAL tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirdi. O, V Konqresin müasir informasiya məkanında baş verən mühüm məsələlərin müzakirəsi baxımından səmərəli platforma olduğunu qeyd etdi.

2004-cü ildən etibarən mobil texnologiyaların və sosial şəbəkələrin sürətli inkişafı nəticəsində informasiya məkanında mühüm irəliləyişlərin olduğunu deyən K.Marşal bu baxımdan müasir dövrdə xəbər bazarlarında mobil vasitələrlə informasiyaların yayılmasını, məlumat və xəbərlərdən istifadə qaynaqlarının daha geniş şəkildə təqdim olunmasını və s. məsələləri xüsusi vurğuladı. Bildirdi ki, mobil vasitələrin və sosial şəbəkələrin sürətli inkişafı nəticəsində bloqlar, birbaşa xəbərlər, müxtəlif platformalar kütləvi auditoriyaların genişlənməsinə, oxucuların, dinləyicilərin və tamaşaçıların bu imkanlardan daha çevik istifadə etmələrinə səbəb olub. Bütün bunlar ənənəvi media üçün ciddi maneədir. Məsələn, “Guardian” qəzeti sosial medianın inkişafı nəticəsində öz oxucularının 40 faizini itirib. Bu proses nəinki xəbər agentlikləri, o cümlədən jurnalistlər üçün də ciddi çətinliklər yaradır. Bu gün dünyanın müxtəlif bölgələrində müstəqil jurnalistlərə qarşı zorakılıqlar tətbiq olunur. Bu gün rəqəmsal medianın genişlənməsi və daha böyük coğrafiyanı əhatə etməsi nəticəsində hazırda xəbərlərə olan ehtiyac bir qədər fərqli formalar alıb. Məhz bu baxımdan bu Konqresdə müzakirə ediləcək məsələlər böyük maraq doğurur.

Avstraliyanın “PwC” əyləncə və media şirkətinin redaktoru Meqan BROUNLOU xəbər agentliklərinin müasir cəmiyyətlərin həyatında oynadığı rol, sosial şəbəkələrin və mobil platformaların yaratdığı yeni trendlər barədə geniş təqdimatla çıxış etdi.

Xəbər agentliklərinin informasiyaları olduqca qısa müddətdə çatdırmasının müasir dövrdə medianın əsas tələblərindən biri olduğunu bildirən M.Brounlou qeyd etdi ki, gündəlik həyatımızda baş verən hadisələr artıq ənənəvi KİV-lərdən daha çox sosial media vasitəsilə çatdırılır. Müasir cəmiyyətlərdə insanlar xəbər oxumaqdan daha çox kontentlə birbaşa tanış olmağa üstünlük verirlər. Buna görə də onlar əsasən şərhsiz videoxəbərlərə baxaraq özləri təhlil aparmaq istəyirlər. Çünki insanların beynində vizual təsəvvür hər hansı mətndən daha yaxşı qalır. Ona görə də biz oxuculara daha çox vizual xəbərlər təqdim etməyə çalışmalıyıq. Xəbərləri oxuculara onların tələb etdiyi şəkildə çatdırmaq üçün bu informasiyalar videoxəbərlər şəklində çatdırılmalıdır.

M.Brounlou bildirdi ki, 2020-ci ilədək dünyada insanlar smartfornlardan daha geniş istifadə edəcəklər. Bu, o deməkdir ki, 2020-ci ildə insanların mütləq əksəriyyəti xəbərləri smartfonlar vasitəsilə izləyəcək. Buna görə də biz xəbərlərin, xüsusən də videoxəbərlərin məhz smartfonlar vasitəsilə auditoriyaya çatdırılmasını təmin etməliyik. Burada əsas məqamlardan biri də istehsalçıların videoxəbərləri smartfonların texniki imkan və ölçülərini nəzərə alaraq hazırlamasıdır.

Ekspert informasiya agentliklərinin istehlakçıların xəbərlərdən necə istifadə etmələrini müəyyənləşdirmək üçün auditoriya barədə dataların öyrənilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, bu yolla istehlakçının sayta daxil olaraq xəbəri oxuması, ona şərh yazması, informasiyanı paylaşması və s. əməliyyatlar xəbər agentliyi tərəfindən nəzarətdə saxlanılır.

2010-ci ildən sonra dünyada məlumatların həcminin 50 faizdən çox olduğunu deyən M.Brounlou bildirdi ki, bu, bizdən həmin sürətlə ayaqlaşmağı tələb edir. İnformasiyaların həcminin artması ilə yanaşı, məlumatların istehsalına sərf olunan xərclər də azalır. Sosial media çox güclüdür və əksər insanlar bu şəbəkəyə daha böyük üstünlük verirlər. Lakin sosial mediada xəbərlərin mənfi yöndə qavranılması onun əsas zəif cəhətidir. Buna görə də xəbər agentlikləri ən müasir texnologiyalardan istifadə edərək informasiya məkanında fəal rolunu davam etdirməlidir.

Dünya Xəbər Agentliklərinin Bakı Konqresi işini sessiyalarla davam etdirir.

Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan Konqresin sessiyalarında “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

Sessiyalarda beynəlxalq media qurumlarının - Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, “Los-Angeles Times” qəzetinin, “Al Arabiya” televiziyasının rəhbərləri, “Tripod Advisors”, “News Corp”, “PwC”, “Axel Springer”, “Stibo Accelerator” aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

Konqresdə iştirakçı agentliklərin “Xəbər”, “Bayramlar” və “İdman” mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib.

Tədbir çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

Bununla da Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. Sonrakı konqreslərə müvafiq olaraq, İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Associated Press, Reuters, Press Association, SPA, TASS, EFE, Kuna, AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər. Bakı Konqresində Şuranın yeni üzvləri seçiləcək.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. Təşkilata 35 ölkədən 44 agentlik daxildir. AZƏRTAC 2004-cü ildən bu beynəlxalq qurumda fəal təmsil olunur, üç dəfə büro üzvü seçilib. 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

İnformşuranın noyabrın 16-da keçiriləcək XXII Bakı iclasının gündəliyinə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM