"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayon ərazisindəki "Relax" istirahət mərkəzinin yaxınlığında baş verib.

Belə ki, yanvarın 24-də 4 nəfər naməlum şəxs Lənkəran-Lerik magistralında hərəkət edən Lənkəran şəhər sakini Bahadur Əzimova məxsus "VAZ-2170" markalı avtomobili saxlatdıraraq sürücüdən onları həmin istirahət mərkəzinə aparmalarını xahiş ediblər. Ancaq onlar mərkəzə çatmağa az qalmış sürücünü ölümlə hədələyərək avtomobili saxlamağı tələb ediblər və daha sonra onun paltarlarını soyundurmağa başlayıblar. Naməlum şəxslər sürücünü qətlə yetirməyə nail ola bilməyiblər. Çünki sürücü cəld tərpənərək həmin şəxslərdən birinə xəsarət yetirib və meşə ərazisinə qaçmağa müvəffəq olub. Əslində naməlum şəxslərin məqsədlərinin avtomobili quldurluq yolu ilə almağa cəhd göstərdikləri məlum olub.

Bundan sonra hadisə barəsində Daxili İşlər Nazirliyinin (DİN) "102 xidməti"nə məlumat verilib. Həmin şəxslər Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyətləri müəyyənləşdirilərək saxlanılıblar. Bunlar Astara rayon sakinləri Şamo Əlizadə, Ramil Şabanov, Rəhim Hacıyev və Elvin Rzayevdir.

Lerik Rayon Polis Şöbəsindən də "Report"a faktı təsdiqləyiblər.

Strategiya.az