Müharibə jurnalistikasının yaranması

12:38 / 02.06.2017

 

 

Son 30 il ərzində dünyada baş vermiş silahlı münaqişələr, qlobal terrorizm, bu proseslərə jurnalistikanın yanaşması müstəqillik yoluna təzə qədəm qoymuş digər dövlətlər kimi, Azərbaycan mətbuatı üçün də yeni, eyni zamanda jurnalist peşəkarlığı və sənətkarlığı baxımından ciddi problem kimi ortaya çıxmışdır. Əvvəllər qəzetlərdə, ardından televiziyalarda ortaya çıxan fərqli ixtisas sahələri arasına artıq müharibə jurnalistikası nümayəndələrinin də daxil olduğunu deyə bilərik. Hətta müharibə jurnalistikasının ayrı bir ixtisas sahəsinə çevrildiyi müşahidə edilir. Bu baxımdan qarşıdurma, böhran və döyüş bölgələrində çalışan jurnalistlərə beynəlxalq təcrübədə “müharibə jurnalisti” (“münaqişə jurnalisti”) deyilir.

Qeyd etmək yerinə düşər ki, XX əsr müharibələr əsri kimi yaddaşlarda qalmışdır: Birinci və İkinci Dünya müharibələri, Vyetnam, Koreya, Əfqanıstan, İran–İraq, Körfəz savaşları və hamısından daha qorxulusu, dünyanın tamamilə yoxolma təhlükəsi ilə qarşı-qarşıya qaldığı dövrün “soyuq müharibəsi”. “Soyuq müharibə” başa çatdıqdan sonra keçmiş sosialist dövlətləri başda olmaqla digər bir çox bölgədə etnik münaqişə və müharibələr baş verdi. Bosniya, Kosovo, keçmiş Sovetlər İttifaqından ayrılaraq milli dövlətini quran yeni respublikalardakı qarşıdurmalar gündəmə gəlmişdir. XXI əsrin sülhə avanqardlıq edəbilən əsr potensialında olub-olmadığının müzakirə edildiyi vaxtda 11 sentyabr 2001-ci il hadisəsi baş verdi. Bu dəfə də “Şərq-Qərb mədəniyyətlər qarşıdurması, dini münaqişələr, terrorizm, bioterrorizm, KQS əldə edilməsi” kimi anlayışlar yenidən müzakirə edilməyə başlandı. Dövlətlərin tarixindən bildiyimiz kimi, xarici dövlətlərin xeyrinə işləyən müxtəlif agentlər, terrorçular və separatçılar əsasən şüurlu şəkildə dövlətçiliyin zəiflədilməsinə çalışır, konstitusiyaya zidd hərəkətlər törədirlər [1, s.64].

İndiki vaxtda millətçilik, irqçilik, etnik mənşə və din məsələləri, bu məsələlərdən qaynaqlanan münaqişə və qarşıdurmalarla bağlı xəbərlərə hər gün qəzet və televiziyalarda rast gəlmək mümkündür. Jurnalistlər isə bu cür xəbərlərin göstərilməsində hər vaxt problem yaşayırlar. Bu problemlər iki şəkildə ortaya çıxır: birincisi, jurnalistika praktikası əsasında, peşə və etika qaydalarını pozaraq qızışdırıcı bir ifadənin şüursuzca yayılması, yalan və səhv məlumatlarla ictimaiyyətin təhlil edilən bir problemlə bağlı mövzuda səhv istiqamətləndirilməsi, ikincisi isə, müharibə və ya münaqişə vəziyyətində jurnalistin özünü avtomatik olaraq ölkəsinin, mənsub olduğu birliyin, irqin, dinin və ya etnik qrupun bir fərdi kimi gördüyü balanslı, şərəfli, ədalətli jurnalistlik etmək əvəzinə tərəfli, təbliğatlı fəaliyyəti.

“Hərbi jurnalist” müharibə zamanı ordunu müşayiət edərək baş verən hadisələri mətbuatda və digər media qurumlarında əks etdirməyə çalışan şəxsə deyilir. Bu baxımdan hərbi jurnalistika

ənənəsi uzaq keçmişə malikdir və Sezarın “Qalliya müharibəsi haqqında qeydlər”ini bu sahədəki ilk nümunələr adlandırmaq olar. Müəyyən dövrlərdə bu vəzifəni tarixçilər, yazıçılar və digərləri (Heredotun “Tarix” kitabı, Homerin “İlliada”sını misal çəkmək olar) öhdələrinə götürsələr də, bütün hallarda birtərəfli yanaşmalardan qaçmaq mümkün olmamışdır.

Sözün əsl mənasında müharibə jurnalistikası (hərbi jurnalistika deyil) isə Krım müharibəsi (1853–1856) zamanı yaranmışdır. Sevastopolun mühasirəsi zamanı Rusiya imperiyası tərəfdən hadisələri “Moskvityanin” jurnalının tərcüməçi və müxbiri Nikolas Berq, Böyük Britaniyadan isə “The Times” (bəzi mənbələrdə “Times of London”) qəzetində çalışan dünyanın ilk müstəqil müharibə müxbirlərindən hesab edilən Uilyam Hovard Rassel, fotoreportyor Rocer Fenton və Uilyam Simpson işıqlandırmışdır.

Britaniya ekspedisiyası əsgərlərinin zəif təchizatı və tibbi təminatının acınacaqlı vəziyyətini təsvir edən U.Rasselin məqaləsi böyük əks-əda doğurmuş və bundan sonra parlament təhqiqatı başlanmış və Lord Aberdin kabinetinin istefası baş vermişdir. Rocer Fentonun fotoşəkilləri isə müharibə dəhşətlərini əks etdirdiyi, əsl məğzini açdığı üçün insanların şüurunda müharibəyə qarşı xeyli dəyişiklik yaratmışdır [8].

Krım müharibəsinin müstəqil müharibə jurnalistikasının yaranma tarixi kimi qəbul edilməsi təsadüfi deyil. Çünki Krım müharibəsi o dövr üçün beynəlxalq aləmdə ciddi hadisə olduğu üçün bütün dünyanın marağı da bu savaşa istiqamətlənmişdi. Türkiyə jurnalistikasının tarixində də belə bir fakt var ki, o dövrdə “Cərideyi-havadis” qəzetinin sahibi Uilyam Çörçil 1854-cü ildə bir sıra ingilis qəzetlərinin hərbi müxbiri kimi Krıma ezam edilmiş və buradan göndərdiyi xəbərlər həm də “Cərideyi-havadis” qəzetində dərc edilmişdir [3, s.403].

Krım müharibəsi təkcə mətbuatın bu müharibəyə ciddi marağı ilə yadda qalmamışdır. 16 oktyabr 1853-cü il tarixində ingilis səfiri Stratford və fransız səfiri Lakurun təhriki ilə Türkiyə Rusiyaya müharibə elan etmişdi. Müharibə başladıqdan az sonra noyabrın 18-də rus admiralı Naximovun başçılığı altında 8 gəmidən ibarət rus donanması Sinop buxtasında dayanmış 16 gəmi və çoxlu sursata malik türk donanmasını məğlub etmiş, komandan Osman Paşanı isə əsir götürmüşdü. Sinop məğlubiyyəti Avropada sensasiya yaratmışdı. O dövrün müasirləri yazmışlar ki, türk donanmasının məğlub edilməsindən sonra Avropada Rusiyaya qarşı müharibədən daha populyar heç nə tapmaq olmazdı.

Sinop epizodundan sonra ingilis va fransız donanması Qara dəniz boğazlarına daxil olmuş və 1854-cü ilin yanvarında admirallar bildirmişdilər ki, Qara dənizə daxil olmaqda əsas məqsədləri Türkiyənin sahil məntəqələrini rusların qəfil hücumundan qorumaqdır.

29 yanvar 1854-cü ildə Fransanın hökumət orqanı olan “Monitor” (“Le Moniteur”) qəzetində III Napoleonun I Nikolaya açıq məktubu dərc olundu. İlk dəfə idi ki, bir monarx digər monarxa mətbuat vasitəsi ilə açıq müraciət edirdi. Müraciətdə Sinop döyüşünün təkcə

Türkiyənin yox, İngiltərə va Fransanın da ləyaqətini təhqir etdiyi göstərilirdi... III Napoleon tələb edirdi ki, Rusiya Avropa ilə üz-üzə gəlmək istəmirsə, rus donanmasını Qara dənizdən çıxarmalı, Türkiyəyə heç bir qeyd-şərt irəli sürmədən danışıqlara başlamalıdır. III Napoleonun bəyanatına I Nikolayın Rusiya XİN-in mətbuat orqanı olan “Jurnal De Sen-Peterburq”da cavab məktubu dərc olundu. I Nikolay cavab məktubunu rəsmi sənəd kimi Fransanın Rusiyadakı səfirinə də təqdim etdi [2, s.114].

Bu nümunə o dövrdəki mətbuat üçün yenilik idi və müharibə vəziyyətində dövlət rəhbərlərinin bir-birinə müraciət etməsi, Rusiya çarının cavabını həm də mətbuat vasitəsi ilə açıqlaması sensasion hadisə hesab edilirdi.

İlk müharibə fotoreportyorunun bu müharibədə ortaya çıxması da sensasiya idi. Əslində Rocer Fenton ilk müharibə fotomüxbiri olmaya bilərdi. Belə ki,1853-cü ildə başlayan Osmanlı – Rusiya müharibəsi davam edərkən Osmanlı İmperiyasını dəstəkləyən Birləşmiş Krallıq fotoqraf Riçard Niklini 1854-cü ilin əvvəlində Krıma ezam etmişdi. Krımın Balaklava bölgəsinə (indi Sevastopol şəhərinin ərazisinə daxildir) çatdığı zaman onun olduğu hərbi gəmi qasırğa nəticəsində dənizdə batdı. Krıma çıxıb fotoşəkil çəkmədən R.Niklin 14 noyabr 1854-cü ildə itkin düşdü (bəlkə də onu peşə fəaliyyəti nəticəsində həlak olan ilk hərbi fotomüxbir hesab etmək olar). Bundan sonra fotoqraf təlimi alan iki əsgər Krıma göndərildi. Krımda fotoşəkil çəkdilər, ancaq çəkdikləri şəkillər şüşə neqativ lövhələrə köçürülmədən itdi.

Baş verən problemlərdən bezən Birləşmiş Krallıq adından Şahzadə Albert son bir cəhd kimi Krallıq Foto Cəmiyyətinin qurucusu Rocer Fentona Krıma getməyi təklif etdi. 1855-ci iln əvvəllərində “HMS HECLA” hərbi gəmisi ilə yola çıxan R. Fenton fotoşəkil studiyası kimi istifadə etmək məqsədi ilə şərab satıcısına aid köhnə arabanı da özü ilə götürdü. Bu ağır nəqliyyat vasitəsini qaranlıq otaq və laboratoriyaya çevirən R.Fenton gəmi Cəbəllütarik boğazından Aralıq dənizinə girərkən limanların birində 4 at satın aldı. O özü ilə 5 fotoaparat, 700 şüşə neqativ, kimyəvi maddələr və digər müxtəlif vasitələr aparmışdı. Fotoşəkillərin yuyulması və çəkilməsinə yardım üçün onu 3 köməkçi müşayiət edirdi. Bir ay davam edən səfərdən sonra 8 mart 1855-ci idə Balaklavadan quruya çıxan R.Fenton döyüş fotoşəkillərini çəkməyə başladı. 3 aya yaxın qaldığı cəbhədə R.Fenton 360-dan çox fotoşəkil çəkdi. Təbii ki, bu, o dövr üçün olduqca yüksək bir rəqəm idi.

R.Fenton İngiltərəyə qayıtdıqda vəbaya tutulsa da, xəstəlikdən xilas oldu. Savaş fotoşəkilləri Paris və Londonda sərgiləndi və “Illustrated London News”da çap olundu [7]. Dünyanın ilk döyüş fotoşəkilləri arasında türk generallarının (İsmayıl Paşa və Ömər Paşa) da şəkilləri vardı [6]. R. Fenton fotoşəkilləri sərgilənib çap edildikdən sonra fotomüxbirlikdən əl çəkdi.

R.Fentonun fəaliyyətinə mənfi münasibət çəkdiyi 360 fotoşəkildə Krımda ruslara qarşı osmanlılarla birlikdə döyüşən ingilis əsgərlərinin ölü ya da yaralı tək bir təsvirinin belə olmamasına görə idi. Buna görə də fotoşəkillərin müharibənin gerçək tərəfini əks etdirmədiyi məsələsi müzakirəyə səbəb oldu. Əslində məsələnin səbəbi ilə əlaqədar dəqiq məlumat yoxdur. R.Fentonun xərclərini İngilis Krallığı qarşıladığı üçün belə tapşırıldığı deyilirdi. Qəti səbəb bilinməsə də, onun fəaliyyətində senzura və ya daxili senzura olduğunu söyləmək mümkündür [7].

Hərbçilərin xəbərləri məhdudlaşdırması təcrübəsinin də Krım müharibəsi ilə başladığını söyləmək olar. Qəzetlərin getdikcə vüsət alması cəmiyyətin xəbər əldə etmək imkanları baxımından üstünlük olmuş, amma ordu və hərbçilər bundan razı qalmamış, xəbərin düşmənin xeyrinə olduğunu düşünmüşdülər.

XIX əsrin sonu XX əsrin əvvəllərində silahlı münaqişə zonalarındakı hadisələri işıqlandıran jurnalistlər, ümumiyyətlə, döyüşən orduların hərbi hesabatlarını, gündəlik məlumatlarını xəbərə çevirərək qəzetlərə göndərən şəxslər idi. Xəbərlər bir qədər dramatikləşdirilərək, hekayələşdirilərək və müxtəlif çalarlar verilərək oxuculara çatdırılırdı. Hətta jurnalistlərin peşəkarlıq baxımından müharibələrdə iştirak etmədiyi dövrlərdə orduların mətbuat üçün bülletenləri birbaşa qəzetlərin səhifələrində “xəbər” kimi yer alırdı.

O dövrlərdə müharibələr cəbhə döyüşləri formasında aparıldığı üçün müharibə meydanlarında fəaliyyət göstərən jurnalistlərin iş şəraitləri də fərqli idi. Xəbər mənbələri ordudakı hərbi vəzifəlilər olurdu və jurnalistlər ordu ilə birlikdə hərəkət etmək məcburiyyətindəydilər. Həm müharibələrin tərzi, həm də jurnalistlərin imkanları fərqli üsullara şərait yaratmırdı. Qəzetlərin maddi-texniki durumları məhdud olduğu üçün münaqişə zonalarına müxbir göndərmək, oradan qəzetə material çatdırmaq əməlli-başlı problem idi. Üstəlik, müharibə zonalarında jurnalistlərin fəaliyyəti oxucuların yeni tanış olduğu bir sahə idi. Digər tərəfdən, qəzet oxumaq vərdişi geniş yayılmamışdı və tirajlar çox aşağı idi. O dövrün başqa bir xüsusiyyəti də jurnalistlərin daha çox mənsub olduqları dövlətlərin qoşunlarına aid məlumatları və xüsusilə “zəfər” xəbərlərini çatdırmaları idi.

XIX əsrdə hərbi poçtla göndərilən yazışmalar teleqrafın geniş yayılması ilə sürətlənmiş, ardından teletekstlər işləməyə başlamışdı. Lakin bunlar üçün də günlərlə gözləmək lazım gəlirdi. Xəbər oxucuya çatana qədər köhnəlmiş olurdu. Məsələn, xəbər oxucuya çatdığı zaman ələ keçirilən mövqe itirilmiş ola bilərdi. Fotoqrafiya texnologiyasının inkişaf etmədiyi dövrlərdə müharibə xəbərləri qəzet səhifələrində rəssamların təsəvvürlərinin məhsulu olan rəsmlərlə bəzədilirdi. Fotoşəkillər vasitəsi ilə insanlar müharibənin əsl üzünü görməyə başladı. İlk dövrlərdə şəkillərin qəzetlərə çatdırılması da çox vaxt aparırdı. Daha sonra şəkillər müharibə zonalarından gəmilərlə, sonra isə təyyarələrlə daşındı [4, s.78- 79].

Bir çox mütəxəssislər hərbi jurnalistikanın (müharibə jurnalistikasının deyil) yaranması tarixi kimi informasiyanın dünyanın ən əhəmiyyətli qaynağı halına gəldiyi dövrü qəbul edirlər. Amma əslində hələ XVIII əsrin sonu – XIX əsrin əvvələrində hərbi müxbir peşəsi jurnalistikaya daxil olmuşdur. Məsələn, o vaxtkı İngiltərənin Fransa ilə müharibə apardığı dövrdə (1793–1815) ordunu müşayiət edən və döyüşlər haqqında reportajlar yazan hərbi müxbirlər meydana çıxmışdılar [3, s.110]. Hətta Rusiyada belə hərbi jurnalistikanın tarixi ən azı iki əsrə qədər hesablanır və bu müddət ərzində mövcud sahə populyarlıq dövrü keçmişdir. Tədqiqatçılara görə, Rusiyada jurnalistikanın bu sahəsinin yaranması tarixi 1808-ci il hesab edilməlidir. Həmin ildə hərbi məsələlərə həsr olunmuş ilk jurnal nəşr olunmağa başlanmışdır. Əlbəttə ki, hərbi jurnalistika bir qədər əvvəl inkişaf etməyə başlasa da, sözün əsl mənasında o yalnız “Artilleriya jurnalı”nın nəşri ilə özünü göstərmişdir.

Rusiyada hərbi jurnalistlərin fəaliyyətini tənzimləyən qanun yalnız senzura ilə bağlı idi. Onların fəaliyyətinə nəzarət edən hərbi senzura hələ 1810-cu ildə I Aleksandrın dövründə formalaşmışdır . Rusiyada qəbul olunan digər bir sənəd – “Əməliyyatda olan ordunun yanına rus və xarici jurnalistlərin buraxılması üçün qaydalar” Ali Baş Qərargahın rəhbəri tərəfindən 26 sentyabr 1914-cü ildə təsdiq edilmişdir. Bu qaydalar vəziyyəti yalnız hərbi müxbirlərin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində dəyişdirdi [5, 53].

Təkcə Rusiyada deyil, o vaxt Avropanın aparıcı dövlətlərində də müharibə şəraitində mətbuatın fəaliyyəti çətin idi. Məsələn, 1914-cü ildə Almaniyada 4221 qəzet və jurnal çıxırdı. Dörd il davam edən müharibə dövründə 500 qəzet və 400 qəzet əlavəsi öz fəaliyyətini dayandırmışdı. I Dünya müharibəsi ərəfəsində və müharibənin gedişi illərində hərbi hazırlıq və hərbi əməliyyatlara görə mətbuat üzərində ciddi nəzarət qoyulmuşdu. Qəzet və jurnallara hərbi sirləri yaymaq qadağan edilmişdi. 1916-cı ilin axırlarında 2000-dən çox senzura məhdudiyyəti tətbiq edilmişdi.

Almaniyanın müharibədə uduzması açıq-aydın görünürdü. Məğlubiyyət barəsində qəzetlər çox az məlumat dərc edirdi. Belə bir addıma cəsarət göstərən qəzetlər isə dərhal bağlanırdı. 1919-cu il yanvarın 25-də kommunistlərin 50.000 tirajlı “Rote Fane” qəzetinin nəşri baş verən qiyam zamanı həlak olanların sayı haqqında məlumat dərc etmək istədiyinə görə dayandırılmışdı. Digər mətbuat orqanları isə susurdu [3, s. 80-81].

25 oktyabr 1917-ci ildə baş vermiş bolşevik inqilabından sonra inqilab zamanı aktiv fəaliyyət göstərən köhnə rus nəşrləri qısa müddətdə bağlanmışdır. Ölkədə bolşeviklərin hakimiyyətdə olmalarının yalnız üçüncü ilində ilk Sovet nəşri meydana çıxmışdır. Bolşeviklərin ordu quruculuğu prosesində hərbi sovet hərbi qəzetləri də meydana gəlmişdir. II Dünya müharibəsi dövründə isə bu sahədəki mətbuat daha da inkişaf etmişdir.

XX əsrin ikinci yarısından mətbuat sahəsində baş verən yeniliklər əsrin sonuna yaxın böyük sürətə çatmışdır. Televiziyanın vüsət alması həm jurnalistlərin münaqişə bölgələrinə gedib çıxmalarını, həm də öz mərkəzlərinə xəbər göndərmələrini xeyli asanlaşdırmışdır. İnternet və digər müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı yalnız hakimiyyətin sərəncamında olan müxtəlifçalarlı rəsmi məlumatların toplanması, saxlanması və təşkilatdaxili istifadəsi metodlarına deyil, həm də ümumi qaydalar üzrə əlçatan olan bu informasiya resurslarının vətəndaşlar tərəfindən istifadə üsullarına ciddi düzəlişlər etdi. Burada ən əhəmiyyətlisi bu tip rəsmi informasiyaların vətəndaşların əldə etmək hüququnun reallaşdırılması imkanlarının genişləndirilməsi və dərinləşdirilməsidir.

Müasir dövrdə isə xəbər göndərmək üçün günlərlə işləməyə ehtiyac yoxdur, peyk telefonları ilə xəbərlər həmin anda bildirilir, rəqəmsal fotoaparatlar və noutbuklar vasitəsi ilə bir neçə dəqiqə ərzində qəzet səhifələrinə yerləşdirilir və ya canlı yayım maşınları, videogörüntülərlə tamaşaçılara çatdırılır. Bununla paralel olaraq xəbər almaq üçün mənbələrin sayı artdıqca jurnalistlər daha sərbəst, daha çevik fəaliyyət göstərməyə, xüsusilə müharibələrdə qoşunları müşayiət etmədən, müstəqil hərəkətə üstünlük verməyə başlamışlar.

 

 

1. Mehdiyev R.Ə. İkili standartların dünya nizamı və müasir Azərbaycan. Bakı: Şərq-Qərb, 2015, 224 s.

2. Abbasbəyli A.N., Yusifzadə S.Z. Beynəlxalq münasibətlər tarixi: dərslik. Bakı: BDU nəşriyyatı, 2009, 309 s.

3. Vəliyev H. A. Xarici ölkələrin jurnalistikası tarixi. Bakı: Tuna, 2012, 640 s.

4. Ramazanov Q. Z. Silahlı münaqişə zonalarında hərbi jurnalistlərin fəaliyyət praktikası // Hərbi bilik, 2013, № 3 (123), s.77-89

5. Справочник для журналистов, работающих в районах военных действий. М.: Права человека, 2002, 112 с. 6. http://www.sozcu.com.tr/2016/yasam/tarihin-ilk-savas-fotograflari-2-1075364/5/ 7. http://www.fotomuhabiri.com/?p=5202 8. http://www.voynavfoto.jimdo.com.

Qaşqay ZİYƏDDİNOĞLU


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM