Azərbaycan Səfəvi dövlətinin bayraqlarına dair

09:00 / 02.11.2017

Tofiq Nəcəfli

Tarix üzrə elmlər doktoru

XV əsrin sonlarında şimalda Qafqaz dağları, qərbdə Göycə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdə Xəzər dənizi, cənubda isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqlarının [21,5-6] birləşdirilməsi uğrunda mübarizə əsas özəyini Azərbaycan türk tayfaları təşkil edən Səfəvi dövlətinin yaradılması ilə başa çatdı.
XVI əsrin başlanğıcında Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətayi (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövləti meydana gəldi [21,30].
Digər Azərbaycan dövlətləri kimi, Səfəvi dövlətində də dövlət və hakimiyyət simvolları olan və dövlətin əsas atributlarından biri hesab olunan bayraqları mövcud olmuşdur.
Bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən yaranmışdır. Mahmud Kaşğari “Divan-i Lüğət-it Türk” əsərində “torpağa sancılan mizraq” (nizə) mənasını verən batraq (bayraq) kəliməsi işlənmişdir [9,205]. Görünür müxtəlif ipək parçalardan hazırlanmış bayraqlar nizələrin ucuna bərkidildiyinə görə dövlətçiliyin əsas atributlarından biri kimi “dalğalanan milli simvol”a çevrilmişdir.
Hələ İslama qədərki dövrdə yazılmış və XIV əsr əlyazması ilə dövrümüzə qədər gəlib çatmış olan möhtəşəm “Kitabi-Dədə Qorqud” eposunda “Qılıncla məhv edərək, düşmənin tuğ və bayrağını endirin” ifadəsinin qeyd edilməsi [13,50; 2,45] bir daha göstərir ki, o dövrdə hakimiyyət simvolu kimi bayraqlara xüsusi önəm verilmişdir.
Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli məfkurəyə, azərbaycançılığa, türkçülüyə və islami prinsiplərə söykənən dövlət kimi tarixə düşən Azərbaycan Səfəvi dövlətinin bayraqları ayrı-ayrı hökmdarlar dövründə fərqlənmişdir. Azərbaycan Səfəvi dövlətinə məxsus arxiv sənədləri dövrümüzə qədər saxlanmadığı kimi, Səfəvilər dövründən qalma əşyalar da müxtəlif ölkələrdəki şəxsi və ya dövlət muzeylərində saxlanılır. Azərbaycan Səfəvi dövlətinin rəmzləri ilə bağlı məlumatları dövrün salnamələrindəki qeydlərdən, Səfəvi şahlarının fərmanlarındakı möhürlərdən, Səfəvilər dövründə yazılmış səyahətnamələrdən və Qərbi Avropa səyyahlarının gündə-liklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata görə, Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanmışdır. Bu bayraq həm süvarilər, həm də piyadalar üçün eyni cürdür. Onun üzərində “Quran-ı Kərim”dən ayələr, kəlime-i şəhadət, Hz. Əlinin Zülfüqar qılıncı və “aslan və günəş” rəsmləri təsvir olunurdu. Orduda ən mühüm vəzifələrdən biri böyük bayrağın qorunmasıdır. Bu vəzifəni yerinə yetirən şəxs ələmdarbaşı adlanır [6,113; 4,53].
Aslan motivinin günəşlə birlikdə istifadə olunması qədim Mesopotamiya mədəniyyətinə qədər gedib çıxan astroloji mahiyyət kəsb edir. Mesopotamiya və Misirdən Yunanıstan və Romaya qədər yayılan və orta əsrlərdə bütün İslam dünyasında hakim olan astroloji ənənəyə görə, günəş, ay və günəş sisteminə daxil olan ulduzlar on iki bürcə daxil olan heyvanlardan biri ilə əlaqələndirilir. Günəşin aslan bürcü ilə əlaqəli olması bu iki motivin birlikdə istifadə olunmasına səbəb olmuşdur. Qədim Misirdə də aslan bürcü günəşin evi kimi tanınmışdır [16,606].
F.M.Köprülünün verdiyi məlumata görə, Anadolu Səlcuq sultanı Qiyasəddin Keyxosrovun (1236-1246) zərb etdirdiyi gümüş sikkələr üzərində aslan və günəş təsvirləri öz əksini tapmışdır. Hətta, Elxani hökmdarı Məhəmməd Olcaytu və Əbu Səidin zərb etdirdiyi mis pullar üzərində də aslan və günəş təsvirləri vardır [16,607].
Rui Qonsales de Klavixo Əmir Teymurun Keş şəhərindəki “Ağ saray”ını təsvir edərkən onun giriş qapısının üzərində günəşin fonunda aslan təsvirinin olduğunu qeyd edir. Onun fikrincə, aslan və günəş motivi Teymurun Səmərqənddə hakimiyyətdən uzaqlaşdırdığı şahzadənin gerbi olmuşdur [14,103]. 1627-ci ildə Səmərqənddə inşa olunan dövrümüzə qdər gəlib çatan Sərdar mədrəsəsinin giriş qapısının portalında da aslan və günəş təsviri vardır [30,19]. F.M.Küprülünün fikrincə, görünür İranı fəth edən Əmir Teymur, Elxanilərin varisi olduğunu göstərmək üçün aslan və günəş motivini qəbul etmişdir [16,607]. Hətta Teymurilərdən sonra Ərzincanı idarə edən Ağqoyunlu Qara Osmanın qardaşı Əhmədin oğlu Qılınç Arslanın zərb etdirdiyi sikkələr üzərində də aslan və günəş təsviri vardır [16,607].
Qeyd etmək lazımdır ki, Ağqoyunlu hökmdarları rəsmi məktublara, zərb etdirdikləri sikkələrə və bayraqlara Oğuzların Bayandur boyunun damğasını qoymuşlar. Görünür ki, aslan və günəş təsviri hüquqi bir əlamət deyil, yalnız astroloji motiv kimi istifadə edilmişdir [17,414]. Bu bir daha göstərir ki, hələ Səfəvilərin aslan və günəş astroloji motivindən istifadə etməsinə qədər bu təsvir Səlcuqlar, Elxanilər, Teymurilər və Ağqoyunlular tərəfindən istifadə edilmişdir.
Şah İsmayıl (1501-1524) dövründə Azərbaycan Səfəvi dövlətinin bayraqlarında aslan və günəş astroloji motivindən istifadə edilməmişdir. Qeyd etmək lazımdır ki, dövrün qaynaqlarında, eləcə də miniatürlərdə Şah İsmayıl və Şah Təhmasib dövründə mövcud olmuş bayraqlar arasında üzərində aslan və günəş təsviri olan bayraqlara rast gəlinmir. Hətta, 1514-cü ilin avqustun 23-də Çaldıran döyüşündə Səfəvi ordusu üzərində qələbədən sonra ələ keçirilən və hazırda Topqapı Sarayı Muzeyində saxlanılan Səfəvi bayraqları arasında da üzərində aslan və günəş təsvirləri olan bayraq-ların olmaması fikrimizi bir daha təsdiq edir.
İran tədqiqatçısı Nayyer Nuri Qasimi Günabadinin “Şahnamə”sində verdiyi məlumatlara əsaslanaraq yazır ki, Şah İsmayıl dövründə üzərində ay təsviri olan yaşıl bayraqlar mövcud olmuşdur [26,52]. Bu fikri Amerika tarixçisi A.Ş.Şahbazi də təsdiq edir. O, “İran bayraqları” adlı məqaləsində Şah İsmayıl dövründə üzərində ay təsviri olan yaşıl bayraqların mövcud olduğunu qeyd edir [30,20]. Həqiqətən də I Şah Təhmasibin saray şairi Mirzə Qasimi Günabadinin 1533-cü ildə başa çatdıraraq Şah Təhmasibə təqdim etdiyi “Şahnamə” adlı tarixi poemasının “Şah İsmayıl-namə” adlı birinci hissəsində Şah İsmayıl dövründə üzərində ay və günəş təsviri olan yaşıl bayraqların mövcud olduğu qeyd edilir [22,116,184]. F.Köprülünün fikrincə, Peyğəmbər nəslindən olduğunu iddia edən və şiəliyi rəsmi məzhəb kimi qəbul edən Səfəvi hökmdarının yaşıl rəngli bayraqlarının olması təbiidir. Çünki o dövrdə yaşıl rəng bütün Yaxın Şərqdə Peyğəmbər ailəsinin rəmzi kimi qəbul edildiyi üçün İslam dünyasındakı seyyidlər yaşıl sarıq və cübbələri ilə xalq arasında seçilirdilər [17,415].
Qazi Əhməd Quminin “Xülasət ət-təvarix” adlı əsərində də I Şah İsmayıl dövründə Səfəvi yaşıl bayraqlarının olduğu qeyd edilmişdir [18,199].
“Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində Səfəvi bayrağı ilə bağlı verilən məlumatdan aydın olur ki, Şah İsmayılın bayraqlarından biri də ağ qumaşdan hazırlanmış, üzərində “Quran-ı Kərim”in 61-ci (“Səf”) surəsinin 13-cü ayəsində qeyd olunmuş “nəsrun-minəllahi və fəthun qərib” (“Allahdan kömək və yaxın bir zəfər vardır”) və onun qısaca forması olan “nəsrum-minəllahi” (“Allahdan kömək”) ifadəsi öz əksini tapmışdır [22,482]. Müin Müsəvvirin “Tarix-i aləmaray-i Şah İsmayıl” əsərinə çəkdiyi miniatürlərdən görünür ki, Səfəvilərin döyüş bayraqları arasında da üzərində “ya Əli mədəd” yazılmış qəhvəyi haşiyəli üçbucaq formalı ağ bayraq da mövcud olmuşdur [23,322].
Qeyd etmək lazımdır ki, Müin Müsəvvirin “Tarix-i aləmaray-i Şah İsmayıl” əsərinə çəkdiyi miniatürlər arasında Səfəvi hökmdarı Şah İsmayılın Əbülxeyir xanla döyüşünü əks etdirən miniatürdə üzərində “ya Əli vəli Allah mədəd” ifadəsi yazılmış üç bucaq formalı ağ bayraqları da mövcud olmuşdur [3, şək.3].
Ağ rəngli Səfəvi bayraqları nəinki Şah İsmayıl dövründə, eləcə də XVII və XVIII əsrin əvvəllərində də mövcud olmuşdur. Maraqlıdır ki, II Şah Abbas tərəfindən 1647-1650-ci illərdə tanınmış rəssamlara çəkdirilən İsfahandakı Çehelsütun sarayının divar rəsmləri arasında, xüsusən də Çaldıran döyüşünü əks etdirən miniatürdə də beş bucaqlı formalı Səfəvi ağ bayrağı öz əksini tapmışdır.
1590-cı ilin mart ayında İstanbulda Səfəvi-Osmanlı sülhünün bağlanması ilə I Şah Abbas qardaşı oğlu Heydər Mirzəni İstanbula göndərmişdir. Nyu-York Metropoliten Muzeyində saxlanılan Osmanlı şairi Mahmud Əbdülbakinin (Baki) əsərinə çəkilmiş miniatürdə Heydər Mirzənin İstanbulda qarşılanma səhnəsi öz əksini tapmışdır. Həmin miniatürdə də Azərbaycan Səfəvi dövlətinin qırmızı haşiyəli ağ qumaşdan olan və üzərində Hz. Əlinin Zülfüqar qılıncının təsviri olan beş bucaqlı formalı bayrağı vardır [38, invertar: 45.174.5].
1677-ci ildə Azərbaycan Səfəvi hökmdarı Şah Süleymanın (1666-1694) sarayında olmuş ingilis Con Frayer Səfəvi bayrağını öz gözləri ilə görmüş və “Şərqi Hindistan və İran haqqında yeni hesabat” adlı əsərində onun təsvirini vermişdir. O, yazır: “Şah Süleyman düşmənlərinə qarşı səfərə çıxmaq əvəzinə, ağ qumaşın üzərində iki uclu qanlı bir qılınc təsviri olan bayraq altında yaşamağı üstün tutmuşdur” [10,356; 27,20; 4,54]. Heç şübhə yoxdur ki, səyyahın təsvir etdiyi qılınc Hz. Əlinin Zülfüqar qılıncı olmuşdur. O, əsərinin 358-ci səhifəsində həqiqətən də qılıncın Hz. Əliyə məxsus Zülfüqar qılıncı olduğunu qeyd etmişdir [10,358].
Bu, bir daha təsdiq edir ki, Azərbaycan Səfəvi dövlətinin bayraqları arasında ağ qumaş üzərində Quran ayələri ilə yanaşı, Hz. Əlinin Zülfüqar qılıncının təsvir edildiyi bayraqlar da mövcud olmuşdur.
Qeyd etmək lazımdır ki, Səfəvilər dövründə çəkilmiş miniatürlərdən və İsfahandakı Çehelsütün sarayının divar rəsmləri arasında da üzərində ay və ulduz təsvirləri olan qırmızı və bənövşəyi rəngli bayraq təsvirlərinin olması bir daha təsdiq edir ki, Azərbaycan Səfəvi dövlətinin bayraqları arasında üzərində aypara və səkkizguşəli böyük ulduz (Günəş) təsviri olan parlaq rəngli bayraqlar da mövcud olmuşdur [26,fiq. 566]. Mirzə Abbaslı “Cahanarayi-Şah İsmayıl Səfəvi” salnaməsinə istinad edərək yazır ki, 1508-ci ildə “Şah İsmayıl ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı... İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdılar” [1,26].
Qiyasəddin Xandəmirin “Həbibüs-siyər” adlı əsərindəki I Şah İsmayılın Ağqoyunlular üzə-rində əldə etdiyi qələbəni əks etdirən miniatürdə də Səfəvi ordusunda qırmızı rəngli döyüş bay-raqlarının olduğu öz əksini tapmışdır [7,16].
Səfəvi ordusunun Kür çayını keçməsini əks etdirən “Qoyunölümü keçidi” miniatüründə də üzərində Ay və səkkizguşəli ulduz (Günəş) təsviri olan qırmızı Səfəvi bayrağı öz əksini tapmışdır [31,21; 1,58; 39,114]. Müin Müsəvvirin “Tarix-i aləmaray-i Şah İsmayıl” əsərinə çəkdiyi minia-türlərdən də görünür ki, Səfəvilərin döyüş bayraqları arasında qızılbaşlıq rəmzi olan qırmızı rəngli üçbucaq formalı bayraqlar da mövcud olmuşdur [23,322].
Şah İsmayıl Xətayi şeirlərinin birində bayrağ üzərindəki Günəş və Ay rəmzinin daşıdığı mənanı belə açıqlayır:
Xətayi der: rəhm etməzəm yalana,
Özün təslim edər özü gələnə,
Ay Əlidir, Gün Mühəmməd bilənə,
Bax, nəzər eylə də, həmən arif ol [34,352].
Əslində, bu şeir parçasını Səfəvilərin dövlət bayrağındakı rəmzin «poetik obrazlarla kodlaşdırılmış təsviri» də adlandırmaq olar. Yəni Şah İsmayılın təbirincə desək, «Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri». Yuxarıdakı şeir parçası bir tərəfdən orta əsr Azərbaycanında «Ay-ulduz» təsvirindən istifadə olunmasını bir daha təsdiqləyir, digər tərəfdən isə psevdodini hərəkatlara yarınmaq istəyən bəzi üzdəniraq tarixçilərin və siyasətçilərin din amilini qabardaraq, guya Şah İsmayılın «İslam qaydalarına zidd məzhəb xanədanı», «teokratik dövlət» qurması barədə əsassız iddialarını heçə endirir [20,147]. A.Qurbanovun fikrincə, həmin artefaktın islam müstəvisində poetik yozumuna diqqət yetirsək, Səfəvi bayrağındakı Ay-Günəş təsviri və qızılbaşların ideologiyasının dini əsasları arasında bağlılıq haqqında da müəyyən qənaətə gələ bilərik. Belə ki, Şah İsmayılın şeirin sonunda onu «dini-islam yolunu azmaqda» ittiham edən opponentlərinə cavab olaraq ünvanladığı «Bax, nəzər eylə də, həmən arif ol» deməsi heç də təsadüf xarakteri daşımır. Xətayi bu ifadə ilə bay-raqdakı Ay-Günəş rəmzinə verdiyi dini yozumu önə çəkməklə antisəfəvi mövqeyində dayanan, Qızılbaş ideologiyasını məqsədli şəkildə təhrif edən, onların Həzrət Əlini (ə.s.) Məhəmməd peyğəmbərdən (s.ə.s.) üstün tutmaları barədə mənasız fikirlərini puça çıxarır. Şah İsmayıl Rəsuli-əkrəmi Günəş, İmam Əlini isə Ay obrazı ilə təcəssüm etdirməklə nəinki onları eyniləşdirmir, əksinə İslam peyğəmbərinin hər hansı bir müqayisədən kənar, daha uca məqamda olduğunu xüsusi vurğulayır. Belə nəticəyə gəlmək olar ki, Səfəvi dövlətinin qırmızı və yaşıl bayraqları üzərindəki Ay və Günəş obrazları islam dininin, sufi təsəvvürlərinin iyearxiyasına uyğun şəkildə – Peyğəmbər üstün, ali mövqedə təsvir edilmişdir [20,148].
Dövrün qaynaqlarının təsdiq etdiyinə görə, I Şah Təhmasib dövründə (1524-1576) də Səfəvi qırmızı bayraqları mövcud olmuşdur. 1539-cu ildə Təbrizdə Səfəvi sarayında olmuş Venesiya diplomatı Mikele Membre də bunu təsdiq edir. Səfəvi ordusunun Mərənddən Marağaya hərəkətini müşayiət etmiş M.Membre yazır: “Şah atla gedən zaman şatır adlanan 10 nəfər piyada onun önündə gedir. Onların hər biri dizlərinə qədər ağ mahud tuman geyinir və başlarına lələk, kəmərlərinin önünə zınqırov taxırlar. Belə adamlar həmişə onun vəziri Qazi Cahanı, Üskü seyidlərini, Qorçibaşını, bəzən də onun qardaşı Bəhram Mirzəni müşayiət edirlər. Öndə onların “ələm” adlandırdıqları, nizəyə iki ucdan bağlanmış qırmızı, enli parça və nizənin ucunda yerləşən, içərisində misdən kəsilmiş zərli hərflərlə “Əli vəli Allah, la ilah illa Allah; Əli vəli Allah və Allahu əkbər” sözləri yazılmış dairənin ol-duğu bayraqlar aparırlar” [40,44; 19,149]. M.Membrenin fikrincə, orduda nə qədər bayraqlar aparı-lırsa, orada o qədər krallıq iştirak edir, onların iki uclu qırmızı ipək parçadan bayraqları vardır [40,45].
İsgəndər bəy Münşi Səfəvilərin “günəş parıltılı bayraqlarını” xüsusi olaraq vəsf edir. Onun verdiyi məlumata görə, I Şah Təhmasibin müzəffər bayraqları arasında üzərində aypara təsviri olan “çapmaq, basqın etmək” mənasındakı “yüyürük” adlı şəxsi parlaq bayrağı da mövcud olmuşdu. 1535-ci ildə Osmanlı ordusunu təqib edən Şah Təhmasib Van qalasına yaxınlaşan zaman Üləma bəy Səfəvi şahının üzərində aypara olan parlaq bayrağını uzaqdan tanıdığı üçün Məhəmməd paşaya I Şah Təhmasibin öz ordusu ilə yaxınlaşdığını xəbər verərək döyüşə girməyin əlverişsiz olduğunu bildir-mişdir [25,164].
1695-ci ildə İsmayıl Kaşani tərəfindən hazırlanmış, üzərində Quran ayələrinin yazıldığı qırmızı-bənövşəyi rəngli ipək parçadan hazırlanmış, uzunluğu 179,1, eni 88,9 sm ölçüdə olan Səfəvi bayrağı hazırda Nyu-York Metrepoliten Muzeyində saxlanılır. Üçbucaq formasında olan bayrağın mərkəzindəki iri fiqurun içərisində Quranın 110-cu “Nasr” surəsinin, yuxarıda sağdakı fiqurun içərisində Quranın 37-ci “Saffat” surəsinin 172-173-cü ayələri, balaca sarı rəngli fiqurun içərisində ərəbcə “Ey qapıları açan”, iki rəngli fiqurun mərkəzində və kənar hissəsində ərəbcə “Zəfər bayrağı, işin başlanğıc tarixi” və “Allahın verdiyi zəfər bayrağı, işin bitmə tarixi 1107, farsca İsmayıl Kaşaninin şagirdinin işi” və aşağıdakı fiqurun içərisində isə ərəbcə “Ey əzəmətli” ifadələri yazılmışdır [38, invertar: 38.167]. Qırmızı rəngli Səfəvi bayrağı görünür ordu və mərasim bayrağı kimi istifadə olunmuşdur.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Səfəvi dövlətində ağ və yaşıl rəngli bayraqlarla yanaşı, qırmızı rəngli bayraqlar da mövcud olmuşdur.
Azərbaycan Səfəvi ordusunda qırmızı döyüş bayraqlarının olması faktını Şah İsmayıl Xətayi “Divanı”ndakı məlumatlar da təsdiq edir:
“Qızıl ələm, qızıl bayraq, qızıl tac,
Geyinsə qazilər, ol gün həzərdir” [33,81; 23,322].

Oruc bəy Bayat Səfəvi bayraqları barədə yazır: “İran (yəni Səfəvi – T.N.) şahı şəxsən yürüşə gedəndə, həmişə onun bayrağı qaldırılır və müşayiətçilər dəstəsi tərəfindən onun önündə aparılır. Bundan başqa, at belində olan şahın başı üzərində çətir tuturlar. Bu çətir qiymətli daşlarla bəzədilmişdir və günəş kimi parlayır. Ordudakı döyüşçülərin sayını qaldırılmış bayraqları diqqətlə saymaqla müəyyən etmək olar. Hər bayraq min nəfərə işarədir... şahın qoşunu o qədər çoxdur ki, asanlıqla 200 min nəfər səfərbər edə bilər. Mən özüm keçmişdə qatıldığım döyüşlərdə asanlıqla 200 bayraq saymışam. Burada qayda belədir ki, min nəfər atlı və piyada hazır olmamış bayraq qaldırılmaz” [15,34-35].
Qeyd etmək lazımdır ki, I Şah Təhmasib (1524-1576) dövründə zərb olunmuş sikkələr üzərində və bayraqlarda günəş və qızıl qoç təsvirləri də öz əksini tapmışdır. “Tarix-i cahan-ara”nın verdiyi məlumata görə bu, bilavasitə günəşin qoç bürcü ilə bağlı olmuşdur. Bu bir daha təsdiq edir ki, bu motiv astroloji mahiyyət daşımış, hökmdarın ulduzlar cədvəli ilə bilavasitə bağlı olmuşdur.
I Şah Abbas (1587-1629) dövründə Səfəvi bayraqlarında aslan və günəş astroloji motivi öz əksini tapmışdır. Hətta, I Şah Abbasın verdiyi fərmanlarından birinin üzərinə vurulan rəsmi möhürdə aslan və günəş təsviri öz əksini tapmışdır [24,154]. F.M.Köprülünün fikrincə, görünür I Şah Abbas aslan və günəş astroloji motivini qədim ənənənin davamı kimi qəbul etmişdir. Buna görə də, zərb olunmuş sikkələrə və bayrağa aslan və günəş təsviri qoyulmuşdur [16,608].
1599-cu ildə I Şah Abbas tərəfindən Avropa ölkələrinə göndərilmiş böyük elçi heyətinin rəhbəri Hüseynəli bəy Bayatın 1601-ci ildə flamand rəssamı tərəfindən çəkilmiş portretində də aslan və doğan günəş təsviri öz əksini tapmışdır [30,21].
İngiltərə kralı I Karlın Londonda Səfəvi elçiləri Robert Şerli və Nağdəli bəylə bağlı yaranmış gərginliyi aradan qaldırmaq məqsədilə 1627-ci ildə Səfəvi sarayına göndərdiyi elçisi Dörmer Kottonu müşayiət etmiş Tomas Herbet “1627-1629-cu illərdə İrana səyahət” adlı əsərində qeyd edir ki, “mənə verilən məlumata görə, Şah İsmayılın babası Şeyx Cüneyd üzərində ulduz və üstünə günəş şəfəqləri düşən uzanmış aslan təsviri olan yeni bayraq hazırlatmışdı” [9,239; 30,20]. A.Ş.Şahbazinin fikrincə, Tomas Herbetin bu iddiası, görünür üzərində aslan və günəş təsviri olan Səfəvi simvolunun tarixini qədimləşdirməkdən başqa bir şey deyildir. Çünki, Şah İsmayıl dövründə üzərində aslan və günəş təsviri olan bayraqların mövcud olduğunu təsdiq edən heç bir dəlil-sübut yoxdur [30,20].
1636-cı ildə Azərbaycan Səfəvi dövlətinə səyahət etmiş alman alimi və səyyahı Adam Oleari öz səyahətnaməsində Səfəvi ordusu haqda məlumat verərkən onların bayraqlarında aslan və günəş təsvirlərindən istifadə edildiyi barədə məlumat veririr. O, yazır: “Qədimdən hilal (ay) farsların və günəş yunanların idi. İndi isə türklər (Osmanlılar) hilalı aldılar, Səfəvilər isə önündə aslan olan günəşi” [4,53]. Fransız səyyahı J.B.Tavernye də öz səyahətnaməsində Səfəvi mis pullarını təsvir edərkən onların bir üzündə kürəyində günəşi daşıyan aslan, o biri üzündə isə onun zərb olunduğu şəhərin adının qeyd edildiyini bildirir [35,157; 4,53-54]. Digər Fransa səyyahı J.Şardenin verdiyi məlumata görə, Səfəvi dövlətində döyüş bayraqları ilə yanaşı dini bayramlar zamanı istifadə olunun mərasim bayraqları da mövcud olmuşdur. Üçbucaq formalı müxtəlif rəngli qiymətli parçalardan hazırlanan bu bayraqlar üzərində Hz. Əlinin Zülfüqar qılıncı, aslan və günəş təsvirləri əks olunurdu. Bayraqları ələmdarbaşı aparırdı. Şardenin fikrincə, Səfəvi mis sikkələrinin üzərində də aslan və doğan günəş təsviri öz əksini tapmışdır [29,287].
Fransa tarixçisi M.Herbet “İran səfiri XIV Lüdovikin qəbulunda” adlı əsərində 1714-ildə Səfəvi hökmdarı Şah Sultan Hüseyn tərəfindən danışıqlar aparmaq üçün Fransa kralı XIV Lüdovikin sarayına göndərilən Səfəvi elçisi, İrəvan şəhər kələntəri Məhəmməd Rza bəyin elçi heyəti ilə bağlı sənədləri və rəsmləri toplayaraq öz əsərində vermişdir. Bunlar arasında Məhəmməd Rza bəyin elçi heyətinin Versal sarayına yaxınlaşdığını əks etdirən bir neçə rəsmdə elçi heyətinin üzvlərindən birinin əlində tutduğu ağ bayraq üzərində aslan və doğan günəş təsviri öz əksini tap-mışdır [7,138/1,154/1; 17,415].
C.Aydoğmuşoğlunun qənaətinə görə, Səfəvilərin istifadə etdiyi və sonralar Qacarlarında faydalandığı aslan və günəş motivli bayraqlarda günəş motivi İranın əfsanəvi hökmdarlarından Cəmşidi təmsil etdiyi kimi, aslan motivi şiə dünyası üçün mühüm önəm daşıyan Hz. Əlini təmsil etmişdir. Bununla da, Səfəvi şahları özlərinin xarakterində iki önəmli kimliyi birləşdirməyə çalışmışdılar [4,54]. B.B.Tekinin fikrincə, aslan motivi Şah İsmayıl dövründə ədəbi həyata son dərəcə güclü nüfuz etmiş, I Şah İsmayıl tərəfindən yazılan miracla bağlı şeirlərə və dövrün miniatürlərinə daxil olmuşdur [36,102-103].
Şübhəsiz ki, aslan motivi güc və qüdrəti təmsil etmişdir. F.Sümerin fikrincə, Arslan kəlməsi türklərdə Ağ Arslan, Qara Arslan, Göy Arslan, Qızıl Arslan, Arslan Apa, Arslan Boğa, Arslan Şah şəxs adları kimi işlənmişdir [32,604,613-614].
Səfəvilər dövlətini əvəz edən Nadir şah Əfşar imperiyasında, eləcə də Səfəvi ənənələri üzərində qurulan Qacarlar dövlətində də aslan və günəş motivli bayraqlardan istifadə edilmişdir. Nadir Şahın fərmanlarında aslan və günəş motivi Səfəvilərdə olduğu kimi rəsmi möhür kimi istifadə edilmişdir [bax: 24,151-153]. Fətəli şah (1797-1834) dövründə Qacarların bayrağında Səfəvi şahlarının istifadə etdiyi aslan və günəş motivi rəsmən qəbul edilmişdir. Fətəli şah 1810-cu ildə Ost-Hind şirkətinin nümayəndəsi kimi İrana gələn general Cohn Malkolma yeni dövlət nişanını dizayn etməsini tapşırdı, bu nişanda arxa planda parlayan günəş və önündə oturan aslan fiquru öz əksini tapmışdır [bax: 41,135-141]. Yalnız XIX əsrin II yarısında Nəsrəddin şah (1848-1896) dövründə Qacarların bayrağı üzərində təsvir olunan aslanın əlinə qılınc verilmişdir. Qacarların əlində qılınc tutan aslan-günəş motivli bayrağı Osmanlılarla Qacarlar arasında 1867-ci ildə imzalanan sülh müqaviləsində qorunub saxlanmışdır [bax: 27,168-171].
Göründüyü kimi, Səfəvilərin siyasətini davam etdirən Qacarlar, Səfəvi dövrü ənənələrinə sadiq qalaraq bayraqlarında da Səfəvi bayraqlarında olan təsvirləri təkrar canlandırmaq istəmişdilər. Azərbaycan Səfəvi dövlətinin süqutundan sonra Nadir şahın yaratdığı Əfşarlar imperiyası onun öldürülməsindən sonra dağılmış və ölkə uzun müddət daxili mübarizə meydanına çevrilmişdir. Buna görə də Qacarlar xalqın hafizəsində dərin izlər buraxan Səfəvi dövrünün siyasi və dini simvollarından istifadə edərək İran xalqlarını vahid bayraq altında birləşdirməyə çalışmışdılar. Maraqlıdır ki, Azərbaycanın Qacarlar sülaləsi tərəfindən yaradılan İrəvan xanlığının rəsmi bay-rağında da əlində qılınc tutmuş aslan və günəş motivi öz əksini tapmışdır [11,8].
Qeyd etmək lazımdır ki, Böyük Moğol imperiyasında da aslan və günəş motivli bayraqlar mövcud olmuşdur. 1617-ci ildə Moğol hökmdarı Cahangirin sarayında olan ingilis səyyahı keşiş Edvard Terri (1590-1660) öz səyahətnaməsində Moğol hökmdarının bayrağını və möhürünü təsvir etmişdir. Onun məlumatına görə, Sultan Cahangirin bayrağında arxa planda böyük bir günəş, onun önündə diz çökmüş və sağ tərəfə baxan aslan motivi təsvir olunmuşdur [38,346-347; 4,57]. Qəndəhar uğrunda müxtəlif vaxtlarda aralarında mübarizə getməsinə baxmayaraq, Səfəvi və Moğol dövlətləri arasında sıx münasibətlər mövcud olmuşdur. Hətta, Babur şah dövləti yaradan zaman Səfəvilərdən lazımi köməklik almışdır. Səfəvi hökmdarı Şah Abbas Əkbər şaha “Şah babam”, Moğol hökmdarı Cahangir də Şah Abbasa “qardaşım” deyə müraciət etmişdir [5,150,188]. Buna görə də, Səfəvilərin yardımı ilə yaranmış Moğol dövlətində Səfəvilərin istifadə etdiyi bayrağın oxşarının istifadə olunması təbii qarşılanmalıdır. Çünki Moğol hökmdarları Səfəvi şahlarının fəaliyyətindən daima mütəəssir olmuşdular. İki dövlət arasında hər zaman siyasi, iqtisadi və sosial-mədəni əlaqələr mövcud olmuşdur.
Dövrün qaynaqlarından və səyyah gündəliklərindən gətirdiyimiz faktlar bir daha göstərir ki, Azərbaycan Səfəvi dövlətində öncə hökmdarı, sonra isə dövləti təmsil edən və qiymətli parçalardan hazırlanmış müxtəlif ölçülü bayraqlar mövcud olmuşdur. XVI əsrin sonlarından Azərbaycan Səfəvi dövlətinin süqutuna kimi mövcud olan bu bayraqlar arasında üzərində aslan və günəş təsviri olan bayraqlar üstünlük təşkil etmişdir.

 

Ədəbiyyat
1. Abbaslı M. Şah İsmayıl Xətayinin ömür yolu miniatürlərdə. Bakı, 1981.
2. Ahmedov S. Türk halklarında devlet ve hakimiyet sembolleri – “bayrak”, “sancak” ve “tug”. //İrs, 2 (14), Yaz, 2015, s. 42-48.
3. Атыгаев Н.А. Об одной интересной миниатюре в рукописи Сефевидского периода из музея Реза Аббаси (ИРИ, Тегеран). //Электронный научный журнал «edu.e-history.kz» №4 (8), 01 октября 2016.
4. Aydoğmuşoğlu C. Safevi, Kaçar ve Babür bayrakları üzerine bir degerlendirme. //Türk Dün-yası İncelemeleri Dergisi, XIII/2 (Kış 2013), s. 51-59.
5. Bayur H.Y. Hindistan tarihi. c. 2. Türk Tarih Kurumu Basımevi, Ankara, 1987.
6. Bəyani X. Tarix-i nizam-i İran (Dovre-i Səfəviyyə). İntişarat-ı Sitad-ı Bozorg-i Erteşaran, Tehran, 1335 hş.
7. Court Paintings from Persia and India 1500–1900. /Francesca Galloway 31 Dover Street, London w1s 4nd t 0207 499 6844. www.francescagalloway.com
8. Herbetta M. Une ambassade persane sous Louis XIV. Paris, 1907.
9. Herbert T. Travels in Persia 1627-1629, ed. and abridged, W.Foster, London, 1928.
10. John Fryer. A new account of East India and Persia. London, 1698.
11. İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, Çaşıoğlu, 2009.
12. Kaşğarlı M. Divan-ü Lügat-it Türk. c.2. Çev: Besim Atalay, Ankara, 2006.
13. Kitabi- Dədə Qorqud. Tərtibçilər: Zeynalov F., Əlizadə S., qeydler Əliyarov S. Bakı, 1988.
14. Клавихо Р.Г. Дневник путишествия в Самарканд ко двору Тимуру (1403-1406). Перевод, предисловие и комментарий И.С.Мироновой. М., 1990.
15. Книга Орудж – бека Байата Дон-Жуана Персидского. Перевод с английского, введение и комментарии д.и.н. Огтая Эфендиева, к.и.н. Акифа Фарзалиева. Баку, Язычы, 1988.
16. Köprülü F.M. Arslan. //İslam Ansiklopedisi, c. 1. MEB, İstanbul, 1978, s. 598-609.
17. Köprülü F.M. Bayrak. //İslam Ansiklopedisi, c. 2. MEB, İstanbul, 1978, s. 401-421.
18. Qazi Əhməd Qumi. Xülasət ət-təvarix. Cildi əvvəl. Tehran, daneşgahi Tehran, 1383 h.ş., s. 199.
19. Quliyev Ə.S. XVI əsrin ortalarında Azərbaycanda Səfəviləri dövlətinin ictima-siyasi vəziyyəti. Bakı, Şərq-Qərb, 2011.
20. Qurbanov A. Damğalar, rəmzlər, mənimsəmələr. Bakı, 2013.
21. Mahmudov Y.M. Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı, Təhsil, 2005.
22. Mirzə Qasimi Günabadi. Şah İsmayıl-name. Şeir və tarix. Naşiri dicitali: Mərkəzi təhqiqate rayani qayimeyi İsfahan. WWW. ghaemiyeh.com
23. Musalı N. I Şah İsmayılın hakimiyyəti (“Tarix-i aləmaray-i Şah İsmayıl” əsəri əsasında). Bakı, Elm və təhsil, 2011.
24. Musəvi T.M. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər). Bakı, Elm, 1977.
25. Münşi İsgəndər bəy. Tarix-i aləmaray-i Abbasi (Abbasın dünyanı bəzəyən tarixi). farscadan tərcümənin, ön sözün, şərhlərin və göztəricilərin müəllifi AMEA-nın müxbir üzvü, t.e.d., prof. Oqtay Əfəndiyev, t.e.n. Namiq Musalı. Bakı, Təhsil, 2009.
26. Nuri H.N. “Beyraq-e şir o xorşid”. // İranşehr, II. Tehran, 1343 h.ş., s. 946-955.
27. Osmanlı Arşivinde Bulunan Muahedenamelerden Örnekler. Devlet Arşivleri Genel Müdürlü-gü yayınları, Ankara, 2000.
28. Papadopoulo A. Islam and Muslim Art, tr. R.E. Wolf. New -York, 1979.
29. Sir John Chardin. Travels in Persia. University Press, Cambridge, 1927.
30. Shahbazi A.Sh. «Flags of Persia». //Encyclopedia Iranica, X/1, 1999, p. 12-27.
31. Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerini rolu. Tark Tarih Kurumu Basımevi, Ankara, 1999.
32. Sümer F. Türk devletlerinde şahıs adları, c. 2. Türk dünyası Araştırmaları Vakfı, İstanbul, 1999.
33. Şah İsmayıl Xətai. Əsərləri, I c. Bakı, 1975.
34. Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, Şərq-Qərb, 2005.
35. Tavarnier J.B. Tavernier Seyahatnamesi. Çeviren Teoman Tunçdoğan. Kitab Yayınevi, İstanbul, 2006.
36. Tekin B.B. Safevi Dönemi 16. Yüzyıl Aslan tasvirli Mirac minyatürleri: Şah İsmayıl Hatainin Yaklaşımı Açısından Degerlendirme. //Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi, sayı 64, 2012, s. 102-103.
37. Terry E. A Voyage to East India. London, 1677.
38. The Metropolitan Museum of Art, Accession Number: 38.167 – Metmuseum.org
39. Titley N.M. Persian Miniature Painting and Its Influence on the Art of Turkey and India, London, 1983.
40. Venesiyalılar Şah Təhmasibin sarayında. (Mikele Membre və Vinçenso Alessandri). İngilis dilindən tərcümə, ön söz, giriş və şərhlər AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevindir. Bakı, Təhsil, 2005.
41. Wright Denis. Sir John Malcolm and the Order of the Lion and Sun. //Iran, the British Institute of Persian Studies. Vol. 17. London, 1979, p. 135-141.

 

Açar sözlər: Azərbaycan Səfəvi dövləti, tuğ, bayraq, I Şah İsmayıl, I Şah Abbas.

Ключевые слова: Азербайджанское государство Сефевидов, хоругви, флаг, шах Исмаил I, шах Аббас I.

Key words: the Azerbaijan Safavi state, tug, flag, Shah Ismail I, Shah Abbas I.


Резюме
Тофиг Наджафли
О знаменах Азербайджанского государства Сефевидов
В начале XVI века азербайджанская государственность вступила на новый этап своего развития. Внук Узун Гасана шах Исмаил I, завершил дело, начатое его дедом - объединил под своей властью все земли Азербайджана, заложив основу Азербайджанского государства Сефевидов со столицей в городе Тебризе.
Как и у других государств Азербайджана, Сефевидское государство обладала всеми государственными символами и одним из его основных атрибутов –знаменами.
Вошедшая в историю как государство, основанная на принципах азербайджанизма, тюркизма и ислама, знамена Азербайджанского государства Сефевидов отличались в период правления различных его правителей. В статье автор, опираясь на источники того времени, дневники западноевропейских путешественников и миниатюры, вошедшие в различные произведения XVI-XVII веков, пытается привнести ясность в вопрос о знаменах Азербайджанского государства Сефевидов.


Summary
Tofig Najafli
On the flags of the Azerbaijani Safavi state
At the beginning of the 16th century, Azerbaijani statehood entered a new phase in its historical evolution. The grandson of Uzun Hassan, the prominent statesman Shah Ismail Khatai (1501-1524) completed the work begun by his grandfather, united the northern and southern lands of Azerbaijan under his rule and created a single, the centralized Azerbaijani Safavi state the capital city being Tabriz.
Like other Azerbaijani states, the Safavi state also had flags which considered as the symbols of the state and government and one of the main attributes of the state.
Flags of the Azerbaijani Safavi state which was created in Azerbaijan, on the historical traditions and pure national ideology, as a state based on Azerbaijanism, Turkism and Islamic principles, distinguished under reign of the separate Safavi rulers. In the article, through using the sources of the time, diaries of Western European travelers, miniatures painted for separate works in the XVI-XVII centuries the author tried to illuminate flags of the Azerbaijani Safavi state.

 

 

"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM