Maksim Qorki – 150

09:31 / 16.03.2018

Reyhan Mirzəzadə

Publisist-politoloq

28 mart – dahi rus yazıçısı Aleksey Maksimoviç Qorkinin anadan olmasının 150 illiyi münasibəti ilə

  

“Ədəbiyyatın məqsədi – insanın özü-özünü anlamasına kömək etmək, onun özünə inamını yüksəltmək, həqiqətə doğru cidd-cəhdini inkişaf etdirmək, insandakı bayağılıqla mübarizə etmək, insanların yaxşı cəhətlərini tapmağı bacarmaq, ürəklərində həyata hiddət, mərdlik duyğuları oyatmaq, insanların nəcibcəsinə qüvvətli olmaları və öz həyatını gözəlliyin müqəddəs ruhu ilə ruhlandıra bilmələri üçün lazım olan hər şeyi etməkdir...Həyatı ruhlandıra biləcək bütün başqa şeyləri buna əlavə edin!”.

                                                                                    Maksim Qorki

  

“Əgər ərazidən, dövlət hakimiyyətindən, rəsmi kilsədən, təbəqələrdən və sairədən əlavə “Rusiya”, daha doğrusu Rus deyilən real bir məfhum varsa, yəni bizim Rusiya adı altında birləşdirməyə vərdiş etdiyimiz böyük, geniş, intəhasız, həm kədərli və həm də həsrətini çəkdiyimiz bir ölkə varsa, - onun ən yüksək ifadəçisi Qorki hesab edilməlidir”.

                                                                                   Aleksandr Blok

 

“Maksim Qorki yaradıcılığında rus xalqının ən gözəl xüsusiyyətləri – gücü, mərdliyi, səbatlığı, qələbəyə inamı, yüksək vətənpərvərliyi, insana hörməti və inamı kimi gözəl xüsusiyyətləri ifadə olunmuşdur”.

 

                                                                      Aleksandr  Serafimoviç

 

“Mən Qorkinin şəxsində hər şeydən qabaq məzlumların həyatını yaxından qavrayıb başa düşən yaradıcını, səmimi əsərlər müəllifini, nəhəng rəssamı salamlayıram. Çünki o, məzlumların həyatını dadmış, onların keçdiyi yolu keçmişdir.

 M.Qorki bütün dünyaya yeni yollar açmış məşəldir”.

 

                                                                                    Anri Barbüs

 

“Maksim  Qorkini böyük bir yazıçı, səmimi bir inqilabçı, təzyiq altında inləyən bəşəriyyətin vicdanlı bir dostu kimi tanıdım və sevməyə başladım”.

 

                                                                         Tağı Şahbazi Simurğ

 

“Gəncliyimdən yoxsullara, zəiflərə qarşı hüsn-rəğbət bəslədiyimdən məni Qorkinin hekayələrindəki surətlər daha çox məşğul edirdi. Mən o surətləri  Azərbaycan  xalqı içərisində axtarmağa və  onlarla daha yaxından tanış olmağa çalışdım”.

                                                                                    Abdulla  Şaiq

  

Bütün dünya ədəbiyyatında həyatını, insanı heyran qoyan istedadını bəşəriyyətin azadlığı yolunda Qorki dərəcədə sərf edən ikinci bir sənətkar düşünmək çətindir. İradə, qüdrət, mətanət, dözümlülük, Vətənə hədsiz məhəbbət, insan gücünə dərin inam, başqa xalqlara və onların ləyaqətinə hörmət  - bütün bu gözəl insani keyfiyyətlərin hamısı Qorkinin simasında təcəssüm etmişdir.

Qorki – böyük rus yazıçısıdır. Bütün dünya xalqları onun bu böyüklüyünü etiraf və qəbul edir. Dünya  xalqları onun böyüklüyünü yalnız dilində, əsərlərindəki  rus koloritində və təbiətində, yaratdığı insan surətlərində deyil, hər şeydən əvvəl onun təmiz rus təbiətində, bütün ehtirası ilə həqiqəti axtarmasında, dərin insanpərvərliyində, rus ədəbiyyatını dünya  ədəbiyyatından fərqləndirən, böyük rus yazıçılarını bəşəriyyətin müəllimləri dərəcəsinə çatdıran saf və  açıq vicdanında görürlər.

Qorkinin bütün əsərlərində rus xalqı təsəvvürə gəlməz ülvi bir məhəbbətlə təsvir edilir. O, doğma torpağının hər yerini gəzmiş və hər yerdə  valehedici gözəl xüsusiyyətlərə malik istedadlı, parlaq vicdanlı rus adamlarına rast  gəlmişdir.

Rus xalqının, Rusiyanın ümumdünya şöhrəti qazanmış qüdrətli yazıçısı Aleksey Maksimoviç  Peşkov  (Qorki) 1868-ci il martın 28-də Nijni Novqorod (indiki Qorki) şəhərində fəhlə ailəsində anadan olub. Hələ uşaq ikən atası ölüb, meşşan təbiətli anası ikinci dəfə ərə gedərək, Alekseyi öz atasının, yəni uşağın babasının himayəsinə verib.

Babası onu zəbur və dua kitabları ilə tərbiyə etməyə başlayıb. 7 yaşında məktəbə gedən Aleksey, burada 5 il oxuyub. Məktəb qaydalarını sevməyən, yoldaşlarından uzaq durmağa çalışan oğlan, həmişə tənhalığa üstünlük verib.

Məktəbdə çiçək xəstəliyinə yoluxan Aleksey, təhsilinə nöqtə qoyub və bundan sonra daha oxumayıb. Bu zaman anası da vərəmdən dünyasını dəyişib. Böyük ailəsi olan babasının isə bütün sərvəti əlindən çıxıb.

Alekseyin  gen-bol yaşamağa adət etmiş dayıları günlərini yalnız yemək-içməklə keçirərdilər. Əndazəni keçən içkidən sonra dayılar ya bir-biri ilə, ya da evlərində həmişə çox olan qonaqlarla dava-dalaş salardılar. Belə davalarda yazıq Aleksey də döyülərdü.

Alekseyin bütün qohum-əqrabaları kəmsavad adamlar idi. Doğmalarının   heç birindən heç bir mənəvi dəstək ala bilməyən gələcək dahi bu barədə yalnız nənəsinə sığınardı. Nənəsindən başqa onu heç kim sevməzdi. Sonralar Qorki olduqca mehriban, mərhəmətli, fədakar qadın olan ana nənəsi Akulina İvanovnanı dərin məhəbbət və hörmət hissi ilə xatırlayardı.

Sonralar ağır həyat tarixçəsini qələmə alan dahi, “Mən necə oxumuşam” adlı kitabında yazırdı:

         “...Məktəbdə işim təzəcə düzəlmişdi ki, evdə mərəkə qopdu: anamın bir manat pulunu oğurladım. Bir dəfə axşam anam harasa getmişdi. Məni evdə uşağın yanında qoymuşdu, darıxdığımdan atalığımın kitabxanasından Dyuma atanın əsərlərindən : “Həkimin qeydləri ” kitabını götürüb vərəqlədim, səhifələrin arasında bir onluq və bir təklik gördüm. Kitabı oxuya bilmədim, başa düşmürdüm, ona görə də örtdüm, birdən ağlıma gəldi ki, bir manata nəinki  “Müqəddəs tarix” kitabını, çox güman Robinzon haqqındakı kitabı da almaq olar. Belə bir kitabın olduğunu mən, bu əhvalatdan bir az əvvəl məktəbdə eşitmişdim : şaxtalı bir gündü, tənəffüs zamanı uşaqlara nağıl danışırdım, birdən onlardan biri ikrah hissi ilə dedi :

         -Nağıl boş söhbətdir, amma Robinzon, əsl həqiqətdir.

Robinzonu oxuyan  daha bir neçə uşaq tapıldı, - hamısı bu kitabı təriflədi, nənəmin nağılını bəyənməmələri mənim xətrimə dəydi, elə o vaxt qət elədim ki, “ Robinzon boş söhbətdir” – demək üçün mən də o kitabı oxuyacam.

         Ertəsi gün məktəbə “Müqəddəs tarix” və  Andersenin oxunmaqdan dağılmış iki cildlik nağıl kitabını, üç girvənkə  ağ çörək və bir girvənkə də kolbasa  gətirdim. Vladimir kilsəsinin hasarı yanındakı qaranlıq və balaca dükanda Robinzonun kitabı vardı, bu nazik, sarı cildli kitabın birinci səhifəsində xəz papaqlı, çiyninə vəhşi heyvan dərisi salmış saqqalı bir adam şəkili vardı, bu mənim xoşuma gəlmədi, amma nağıl kitabı köhnə olsa da, qəşəng idi.

         Böyük tənəffüsdə mən çörəyi və kolbasanı uşaqlara payladım, biz qəribə “ Bülbül ” nağılını oxumağa başladıq. Nağıl dərhal uşaqların xoşuna gəldi.

         “Çində yaşayanların hamısı çinlilərdir. Padşah özü də çinlidir”. Yadımdadır, bu ifadə sadəliyi, xoş musiqisi və nə isə qəribə bir gözəlliyi ilə məni heyran etmişdi.

         Mən “ Bülbül ” nağılını məktəbdə axıra qədər oxuyub qurtara bilmədim, vaxt çatmadı, evə gələndə isə əlində tava plitədə qayğanaq bişirən anam acıqlı – acıqlı soruşdu:

         -Manatı sən götürmüsən?

         -Mən götürmüşəm, kitab almışam...

Anam tavanın dəstəyi ilə məni əməlli – başlı döydü. Andersenin kitablarını isə əlimdən alıb, həmişəlik harada isə gizlətdi. Bu, döyülməkdən də betər oldu.

         Mən məktəbdə, demək olar ki, bütün qışı oxudum. Yayda anam vəfat etdi, babam əlüstü məni nökərçiliyə, çertyoj çəkənə şagird verdi. Bir neçə maraqlı kitab oxusam da, oxumağa çox elə həvəsim yox idi, bir də bunun üçün vaxt da çatmırdı. Lakin tezliklə məndə bu həvəs oyandı və dərhal bütün hissiyyatıma hakim oldu, bunu sonralar “ Nökərçilikdə” kitabımda müfəssəl yazmışam...”

         Alekseyin həyat yolu böyük çətinliklərdən keçib. Olduqca acınacaqlı, dözülməz mühit və şəraitlə qarşılaşır, ağır işgəncə və zəhmətlərə dözməli olub.

Hələ 8 yaşına çatanda ayaqqabı mağazasına şagird verirlər. Lakin iki  ay keçmir, qaynar kələm şorbasını dağıdıb əllərini yandırdığı üçün sahibkar onu mağazadan qovur.

Sağalandan sonra onu uzaq qohumları olan bir çertyojçuya  yenidən şagird verirlər. Bir il sonra  ağır həyat şəraitinə dözə bilməyən Aleksey, qaçıb gəmidə aşpaz şagirdi olur.

Həmin aşpaz istefaya çıxmış qvardiya unter-zabiti Mixail Akimoviç Smurı fiziki cəhətdən inkişaf etmiş, həm də geniş məlumatlı bir adam idi. Akimoviç söhbətləri ilə  Alekseydə kitaba qarşı daha böyük maraq oyadır. Oğlan möhkəm iradəli və zəhmli bir şəxsin təsiri altına düşür.

Müəllimi  Peşkovu kitabın güclü bir vasitə, böyük bir varlıq olduğuna inandıra bilir. Kitabı ona sevdirir. Kitaba qəlbən bağlanan Qorki sonralar bu barədə deyir: “Mənə misilsiz dərəcədə xoş gələn ilk kitab  “Bir saldatın Böyük Pyotru xilas etməsi haqqında rəvayət” oldu”. “Mən yaxşı kitabın  nə demək olduğunu hiss etdim və mənim üçün kitabın zəruri olduğunu başa düşdüm. Bu kitabların sayəsində qəlbimdə sakit və möhkəm bir inam yarandı: “Yer üzündə tək deyiləm - məhv olmaram!..”

“...Əməlli –başlı oxumağı mən on dörd yaşımda öyrəndim. Bu illərdə məni cəzb edən yalnız kitabın fabulası, təsvir olunan hadisələrin az və ya çox maraqlı inkişafı deyildi, mən təsvirin gözəlliyini anlamağa, əsərdəki şəxslərin xarakteri barədə düşünməyə başlamışdım, müəllifin məqsədini dumanlı şəkildə başa düşür, kitabda bəhs edilən hadisələrlə həyatdan aldığım təsir arasındakı fərqi həyəcanla hiss edirdim.

         O zaman mənim həyatım ağır keçirdi. Mənim ağalarım qatı meşşanlar idi, bu adamların ən çox həzz aldıqları şey bol yemək, yeganə əyləncələri işə kilsə idi ; kilsəyə gedərkən onlar teatra yaxud gəzintiyə gedən adamlar kimi bəzənib – düzənirdilər. Mən çox işləyirdim, lap taqətdən düşənə kimi işləyirdim, adi iş günü də, bayram günləri də xırda, mənasız, səmərəsiz işlərdən göz aça bilmirdim.

         Ağalarımın yaşadığı ev, “Yerqazma və daş döşəmə işləri podratçısı ” klyazmalı alçaqboy, enlikürək bir mujikin idi. Alagöz, keçisaqqal bu mujik, çox acıqlı, qaba, həm də son dərəcə soyuqqanlı zalım adam idi. Onun otuza qədər fəhləsi vardı, hamısı da Vladimir mujikləri idi. Onlar kiçik pəncərələri yerə yapışmış, sement döşəməli qaranlıq zirzəmidə yaşayırdılar. Axşam , ağır işdən çox yorğun qayıdan işçilər duza qoyulmuş, iylənmiş kələmdən, içalat və ya duzlu ətdən bişirilmiş, şoraba qoxusu verən borşu yedikdən sonra süpürülməmiş həyətə çıxar, orada uzanardılar. Rütubət zirzəmidə nəfəs almaq olmurdu, böyük sobanın dəmi adamı boğurdu. Podratçı öz otağının pəncərəsindən boylanıb bağırardı :

         - Ey, şeytanlar, yenə həyətə çıxmısınız? Donuzlar gör necə də yerə səriliblər! Mənim evimdə yaxşı adamlar yaşayır, yoxsa elə bilirsiniz ki, sizə tamaşa eləmək onların xoşuna gəlir?

         Fəhlələr dinməz – söyləməz yenə zirzəmiyə enərdilər. Bunların hamısı qaşqabaqlı adamlar idi, təkbir halda gülərdilər, demək olar ki, nəğmə oxumazdılar, həvəssiz, qısa danışardılar, üst – başları həmişə palçıqlı olardı, mənə elə gələrdi ki, bunlar bir daha ömürlük əzab çəkmək üçün özləri istəmədikləri halda yenidən dirilmiş ölülərdir.

           ... Demək olar ki, oxuduğum hər bir kitabda ürəyimi tərpədən, məni harasa səsləyən, nə isə xəfif cingiltili bir həyəcan vardı. Bütün insanlar bu və ya başqa cür iztirab çəkirdi, hamı həyatından narazı idi. Onlar nə isə daha yaxşı bir şey axtarırdılar, buna görə daha yaxın, daha aydın idilər. Kitablar xeyirxah işlərdən doğan bir kədərlə yer üzünü, bütün dünyanı çulğalayırdı; onlar sanki işarə və sözlərlə kağızda əks olunmuş bir qəlb idi, bu işarə və sözlər gözlərimə sataşan kimi, elə bil cana gəlirdi.

         Çox vaxt oxuduğum kitablardakı insanlar o qədər gözəl təsvir edilirdi ki, ağlayırdım, onlar mənə əziz, doğma olurdular. Hələ uşaq ikən axmaq işlərlə  incidilən, axmaq söyüşlərlə təhqir edilən mən, özüm – özümə söz verirdim ki, böyüyəndə insanlara əl tutacam, onlara namusla xidmət göstərəcəyəm.

         Kitablar nağıllarda təsvir edilən ecazkar quşlar kimi, həyatın nə qədər rəngarəng və zəngin olmasından, insanın nə qədər səylə xeyirxahlığa və gözəlliyə can atmasından söhbət açırdı. Getdikcə ürəyim daha sağlam və möhkəm ruhla dolurdu. Mən sakitləşmişdim, özümə inamım artmışdı, daha yaxşı işləyir və həyatın saysız – hesabsız təhqirlərinə getdikcə daha az fikir verirdim”.

Həyatının bu dövründə Qorkinin əhval-ruhiyyəsində, həyata baxışlarında böyük bir inqilab yaranır, ətraf mühitə münasibəti dəyişir.Lakin bundan sonra da həyatı son dərəcə keşməkeşli və mürəkkəb olur.

O, yenə aşbaz şagirliyindən çertyojçunun yanına qayıdır, sonra müqəddəs  surətlər  alveri ilə məşğul olur. Qryazi-Tsaritsın dəmir yolunda gözətçi işləyir. Krendel, bulka bişirir. Bir neçə dəfə Rusiyanı piyada səyahətə çıxır.

Aleksey Peşkov  1884-cü ildə Kazana gəlir və Kazan Universitetinə daxil olmağa cəhd göstərir, lakin bu cəhd uğursuzluqla nəticələnir.  Həmin il universitetin nizamnaməsi ilə mənşəcə yoxsul təbəqədən olanlar üçün yerlər kəskin şəkildə ixtisar olunmuşdu, üstəlik də Peşkovun orta təhsil haqqında attestatı yox idi.

1888-ci ildə Kazanda yaşadığı vaxt ilk dəfə tələbələrlə tanış olur.Təhsil dərnəklərində iştirak edir.

1890-cı ildə ziyalılar arasında xarakter baxımından həyata fərqli meyarlarla  yanaşdığına  görə  özünə mövqe tapa bilməyəcəyini hiss edən ədib, səyahətə yollanır. Nijnidən Tsaritsına  gedir, Don vilayətindən, Ukraynadan keçib Bessarabiyaya çatır.Oradan Krımın cənub sahili olan Kubana, Qara dəniz sahillərinə gedir.

1892-ci ildə artıq Tiflisdə  yaşayan Qorkinin burada, “Kavkaz” qəzetində  “Makar Çudra” adlı ilk hekayəsi çap edilir. İlk mətbu əsəri olan “Makar Çudra”nın qəhrəmanları Radda və Loyko dünyada insan üçün ən qiymətli sərvət olan azadlıqlarını qoruyaraq, bir-birini qızğın məhəbbətlə sevirlər. Məhəbbət azadlığa mane olanda isə hər ikisi məhv olur.

“Qız və ölüm” poemasında əsərin qəhrəmanı Qız gözəl bir oğlanı sevir. Xoşbəxt insanları görmək istəməyən qəddar Çar onu ölümə tapşırır. Lakin təmiz və ülvi bir məhəbbətlə sevən  Qız üçün nə ölüm, nə də dəhşətli Çar qorxuludur. Məhəbbət ölümdən güclü və qadirdir!

Həmin illər rus cəmiyyətinin həyatında ən ağır, böhranlı dövr idi. Dvoryan diktaturasını mühafizə etmək üçün hər cür cinayətə, zorakılığa əl atan mürtəce qüvvərin azğınlığı nəticəsində kəskinləşən siyasi böhran, qarşısı alına bilinməyən iqtisadi böhranı şiddətləndirmişdi. Kəndin yoxsullaşması, mülkədar təsərrüfatının dağılması getdikcə daha da güclənirdi. Aclıq taun azarı kimi bütün əyalətləri bürümüş, aclıq zəhmətkeş əhalinin, xüsusən kənd yoxsullarının böyük bir hissəsini yurdundan, yuvasından didərgin salmışdı. İş üçün, çörək üçün ucqarlara səpələnmiş ac adamların çoxu gənc Qorkinin əsərlərində göstərildiyi kimi, peşəkar dilənçilərə, səfillərə çevrilmişdi.

 “Makar Çudra”nın müvəffəqiyyətindən sonra Qorkidə ədəbi fəaliyyətini davam etdirmək həvəsi güclənir, lakin bununla belə, özünün gələcəkdə  yaxşı  bir yazıçı olacağına inamı olmur. “Mən o zaman yazıçı ola biləcəyimi xəyalıma gətirmirdim. Mənim təsəvvürümdə  yazıçı, qarşısında həyatın bütün sirlərinin , bütün qəlblərin açıq olduğu sehrbaz idi...”

Yaradıcılıq haqqında, ədəbiyyat haqqında belə romantik təsəvvürlərə dalan Aleksey Maksimoviç öz yazılarına çox ciddi yanaşır, buna baxmayaraq, özünə qarşı daxili aləmində yaranan şübhələrə qalib gələ bilmir. Elə buna görə də Qorki ilə dostluq edən tələbə Vasilyev ədibdən icazəsiz  onun “Yemelyan Pilyay” hekayəsini Moskvaya  apararaq, həmin vaxtlar  böyük liberal qəzet sayılan “Russkiye  vedomosti” nin redaksiyasına təqdim  edir. Hekayə qəbul olunur, 1893-cü ilin avqustunda çap edilir.

1893-cü ildə “Yalan danışan yalançı bülbül və həqiqətpərəst ağacdələn” simvolik hekayəsində Qorkinin özünün yazdığı kimi, tutqun havadan qorxuya düşmüş meşə quşlarını ölüm xırıltısını andıran bir səslə, qəmgin və ümidsiz ahənglərlə dolu nəğmələrilə pərişan edən qara qarğaların qarıltısına qarşı gənc bülbül cəsurların xalq səadəti uğrunda özünə heyfi gəlməyənlərin adından mübarizəyə çağırış nəğməsini oxuyub meşə quşları cəmiyyətinə yeni səs, yeni söz, yeni fikir gətirir.

Gənc  Qorki  “qara qarğaların nəğmələri ilə” beyinləri zəhərləyən bədbinlik, şübhəçilik  “fəlsəfəsinə”, ümumi ruh düşkünlüyünə, həyatdan şikayətçilik  əhval-ruhiyyəsinə;  “tutqun hava” sözlərilə qatı irticaya işarə edirdi.

Qara qarğanın nəğməsində təslimçilik əhval-ruhiyyəsi səciyyəvi idi:

 

Qarr!.. Tale amansız, bizlərsə aciz.

Yəqin məhv olarıq bu döyüşdə biz.

Dünyada hər şeyə yetirsən nəzər,

Ölümdür, əzabdır, qüssə, qəm, kədər...

Qarr!.. Qarr!.. Dəhşətlidir zərbəsi bəxtin

Aqillər baş əyir hökmünə yəqin...

 

Bu təslimçiliyə qarşı gənc bülbülün gur səslə və yalnız ümidlə deyil, həm də inamla dolu nikbin, mübariz nəğməsi eşidilir:

 

Soyuqdan, zülmətdən qorxmuş qarğalar

Görürəm, bağırır hər yanda qarr, qarr...

Zülməti görürəm mən də!-Qorxmuram,

Çünki fikrim açıq, ürəyim aram!..

Cəsurlar, ardımca!.. Məhv olsun zülmət!

Coşqun qəlb zülmətə yol verməz əlbət!

Qəlbləri əql ilə alovlandıraq,

Nur saçsın aləmə gün kimi parlaq!..

 

Cavan bülbülün simvolik nəğməsində: “İnsan məxluqatın əşrəfidir, o, təhqir edilmək, alçalmaq üçün yaranmamışdır”-fikri insan qüvvəsinə, insan kamalına, azadlığa inam hissini ifadə edirdi.

Qorki yazırdı: “Mən təbiətin yaradıcılıq fəaliyyətində quşların ən mürəkkəb və ən ağıllı məxluqlar kimi yüksək dərəcələrinə olan möhkəm inamına əsaslanıram. Biz yorulmaq bilməməliyik, biz həmişə mübarizə aparmalı və hər şeyə qalib gəlməylyik ki, özümüzü öz gözümüzdə doğruldaq və bu sözləri söyləməyə haqqımız olsun: bütün keçmiş, indiki hal və gələcək təbiətin kor qüvvələri deyil, biz özümüzük”.

Qorkinin avtobioqrafik xarakterli hekayələri sırasında  “Korolenkonun dövrü” adlı əsəri də daxildir.Bu hekayə Qorkinin həyatında mühüm rol oynamış Korolenkonun vəfatı münasibətilə yazılmışıdır.

Böyük rus yazıçısı, gözəl insan olan Korolenko ilə ünsiyyət saxladığı dostluq etdiyi illər ərzində Qorki onun şəxsiyyətində zəngin mənəviyyata malik olan, bütün qaynar yaradıclığını xalqın mənafeyinə yönəldən bir insanı görürdü.Yazıçı öz hekayəsində Korolenkonu xalqçılığın yenidən canlanmış liberallarından, “radikal ziyalılar”dan tamamilə fərqlənirdi.

Qorki Korolenkonu ideallaşdırmırdı. O, həmçinin onun zəif cəhətlərini də qeyd edirdi. Qorki başa düşürdü ki, Korolenkonun humanizmi mücərrəd humanizmdir, sinfi mübarizənin mahiyyəti, gələcəyə gedən azadlıq yolu onun üçün qaranlıqdır.

Bir dəfə, 1894-cü ildə Korolenko Qorkinin hekayələri haqqında onunla xeyli danışıb söhbət etmişdi:

-Bilirsinizmi, nə var? Siz gələn jurnal üçün iri bir şey yazın. Bu işi görməyin vaxtıdır. Əsərinizi jurnalda çap edəndən sonra mən ümidvaram ki, özünüzə qarşı daha ciddi və tələbkar olacaqsınız.

Bu söhbət əsasında “Çelkaş” əsəri yarandı. Həmin əsər Korolenkonun köməyi ilə “Russkoye boqatstvo” jurnalında çap edildi. “Çelkaş” Qorkiyə geniş şöhrət qazandırdı.

Çelkaş peşəkar oğru olsa da mərd adamdır. Pul onun nəzərində əl çirkidir. Oğurluqda əlinə keçənləri səfillərə  xərcləyir. Tamahkar, acgöz kəndli Qavrila pula görə daşla onun başını yarandan sonra belə, cibindəki pulları onun başına çırpıb  nifrətlə  ondan uzaqlaşır. Çelkaş özü də kəndli balasıdır. Kəndin yoxsullaşması nəticəsində yurdu-yuvası dağılandan sonra səfil  vəziyyətinə  düşmüşdür.

Korolenko “Çelkaş”ı oxuyub Qorkiyə demişdi: “Lap yaxşı yazılıb! Siz xarakterlər yarada bilirsiniz, sizin əsərinizdə adamlar öz tərəfindən, öz səciyyələrinə görə danışıb iş görürlər... Bu əsərdə ən yaxşı cəhət odur ki, siz insanı olduğu kimi qiymətləndirirsiniz...Siz realistsiniz!”.

Sonra bir az fikirləşir, gülümsəyərək, əlavə  edir: “Eyni zamanda romantiksiniz”.

Həssas yazıçı, qayğıkeş insan olan Korolenko özü də həm realist idi, həm də romantik.O, Qorkinin istedad və yaradıcılığına xas olan iki cəhəti çox gözəl dərk etmişdi. Qorki yaradıcılığında bu iki cəhət üzvi şəkildə birləşirdi.

Yazıçının gənclik və ilk yaradıclıq illərindəki əhval-ruhiyyəsini, onun qəlbində, düşüncə və fikirlərində təzahür edən cəhətləri, yazıçının mənəvi aləmini, varlığını həyəcanlandıran hiss və duyğuları dərk edə bilmək üçün yazıçının  “İlk məhəbbət haqqında” adlı gözəl bir hekayəsini də yada salmaq istəyirəm.

Rus ədəbiyyatından məlumdur ki, görkəmli yazıçı İ.S.Turgenevin də “İlk məhəbbət” adı hekayəsi vardır. Lakin bu iki əsəri qətiyən müqayisə etmək olmaz. Çünki hər iki əsər bir-birindən xeyli fərqlənir. Əgər Turgenevin  “İlk məhəbbət”i  oxucuda dərin lirik əhval-ruhiyyə yaradırsa, Qorkinin  “İlk məhəbbət haqqında”sı oxucuda çox mürəkkəb, ziddiyyətli fikirlər doğurur. Oxucu bəzən gülür, bəzən qəzəblənir, bəzən də heyrət edir. Həqiqət isə budur ki, Qorkinin  “İlk məhəbbət haqqında”kı  ilk məhəbbəti yazıçının həyatında müəyyən rol oynamış, onun yaradıcılığına güclü təsir göstərmişdir.

Görkəmli ədibin sevdiyi Olqa Yulyevna istedadlı, ağıllı bir qadın, gözəl rəssam və aktrisa idi.Çertyoj çəkən, dərzi, modelyer, həssas, qayğıkeş, cəsarətli və mərd bir xanım olan Olqa Yulyevna Qorkiyə səadət dolu illər bəxş etmişdi. Lakin... Qorki xatırlayırdı:

“O, səhərdən axşama kimi keşişlərin, onların ölmüş arvadlarının şəkillərini, qəzaların xəritələrini çəkirdi, bu xəritələr üçün zemstvo bir sərgidə qızıl medal almışdı. Şəkil üçün sifarişlər qurtarandan sonra, o, müxtəlif arşın malı tikə-parçalarından, həsirdən, məftildən bizim küçəmizin qızları və arvadları üçün ən modalı Paris şlyapaları hazırlayırdı...

Mən vəkil yanında işləyir, həm də yerli qəzet üçün sətri iki qəpikdən hekayə yazırdım...Mənim hekayələrimə arvadım olduqca laqeyd yanaşırdı,amma bu, müəyyən vaxta qədər mənə ağır gəlmirdi, mən özüm o vaxt hələ inanmırdım ki, ciddi bir ədəbiyyatçı ola bilərəm, çox vaxt qəribə, coşqun və həyəcanlı dəqiqələr  keçirirdimsə də, qəzetdəki işimə ancaq bir yaşayış, dolanacaq vasitəsi kimi baxırdım.

Lakin bir dəfə gecə yazmış olduğum “İzergil qarı” hekayəsini oxuyanda, o, bərk yatdı...

Mən qalxıb yavaşca bağçaya çıxdım, bu ağır təhqirdən sarsılmışdım, öz qüvvəmə qarşı şübhədən iztirab çəkirdim...Mən belə düşünürdüm ki, İzergilin həyatı qadınların xoşuna gəlməlidir, bu onlarda azadlıq arzusu, gözəllik həvəsi oyatmalıdır. Halbuki yazdığım hekayə mənə ən yaxın olan qadını mütəəssir etmədi, - o, yatdı!”.

Bu hekayədə yalnız özünü düşünən, xudpəsənd, lovğa, insanlara qarşı amansız, yırtıcı və talançı Larra ilə insanpərvər, canını xalqın azadlığı uğrunda qurban verən, elin qeyrətini çəkən igid Dankonun qarşılaşdırılması bədii qayəsi etbarı ilə simvolik bülbül ilə qara qarğanın qarşılaşdırılmasına bənzəyir.

Xudbin, fərdiyyəçi Larradan xalq nifrətlə uzaqlaşır. Xalqın dilini, əməlini anlamayan Larra boş səhralarda tənha qalır. O, yaşamır, lakin ölüm də ondan qaçır, varlığı bir heçə dönür.

İgid Danko isə mənsub olduğu tayfanın azadlığı uğrunda həlak olsa da, onun el üçün yanan ürəyindən qopan qığılcımlar əsrlərlə sönmək bilməyib, qaranlıqlara işıq saçır.Gənc bülbülün azadlığa, işıqlı günlərə çağıran fikirləri Dankonun fədakarlığı ilə işə, fəaliyyətə çevrilir: “Xoşbəxt günlərini yaşayan bir tayfa düşmən tərəfindən yurdundan-yuvasından didərgin salınıb qaranlıq bir meşəyə qovulur və qurtuluş yolu tapa bilməyib qəmə-qüssəyə batır. El içindən çıxan gənc, igid Danko- fikirlə müşkülü həll etmək olmaz -deyir, - ... nə üçün biz qüvvəmizi boş yerə fikir və qüssəyə sərf edirik! Qalxın, çalışıb bu qaranlıq meşədən çıxaq!Yəqin ki, bunun bir sonu var, sonsuz bir şey yoxdur!Gedək!..Haydı!..

Danko xalqı arxasınca işıqlı dünyaya doğru apardığı yolda çətinliklər üz verir, qaranlığın qatılığından qorxuya, vahiməyə düşənlər, acizlik, ümidsizlik göstərənlər olur. Bunu görən Danko öz köksünü parçalayıb ürəyini çıxarır və başının üzərinə qaldırır.Qəhrəmanın ürəyindən günəş kimi, günəşdən daha işıqlı bir alov parlayır.Bu alov insanlara olan böyük məhəbbət məşəli kimi qaranlıq meşəni işıqlandırır... “Danko alovlanan və camaatın yolunu işıqlandıran ürəyini yuxarı qaldıraraq qabağa düşüb:-Gedək, - dedi... Alovlanmaqda olan qəribə bir ürəyin dalınca hamı cəld və cürətlə yürüyürdü.Yenə ölənlər olurdu, lakin bu dəfə şikayətsiz və göz yaşı tökmədən ölürdülər.Danko isə qabaqda getməkdə idi, ürəyi əlində alovlanırdı...Meşə  onlardan aralandı, lal və qara bir kütlə halında geridə qaldı...”.

Yaşamaq əvəzinə sürünənləri, acizləri, mütiləri, inləyib sızıldayanları, zülmə hədsiz dözümlülük göstərənləri Qorki əsl insan saymırdı. İnsan adını daşımağa  layiq olanlar onun nəzərində Şahin vüqarlı cəsurlar, Danko ürəkli qəhrəmanlar idi. Bu keyfiyyətlərə malik olanlar Qorkinin əsərlərində romantik boyalar, təsirli bədii mübaliğələrlə şairanələşdirilirdi. Qorki qətiyyəti isə onun bütün əsərlərində sədalanırdı:

“Həyatı ağırlığından şikayət etməyin, aciz olanlar şikayət edirlər. Özünə hörmət bəsləyən adamlar isə azad çalışmaq və azad yaşamaq üçün insan hüququnun tanınmasını tələb etməlidirlər!

         Xahiş etmək deyil, şikayət etmək deyil, inildəmək deyil, bəlkə tələb etmək lazımdır, çünki şikayət və inilti dilənçilərin işidir, onlar özlərinə lazım olanı tələb etmir, sədəqə diləyirlər!”.

“Şahin nəğməsi”ndə öz ömrünü düşmənlə mübarizədə şərəflə başa vuran inqilabi çağırış rəmzi olan Şahin, yerlərdə sürünən koramala qarşı qoyulmuşdur. Gənc  Qorki  “Şahin nəğməsi”ndə Rusiyanın qurtuluşu, xalq azadlığı uğrunda həlak olan bütün bir inqilabçı nəsli şərəfləndirirdi:

         “Cəsurların çılğınlığına biz şərəf mahnısı oxuyuruq! Cəsurların çılğınlığı – budur həyatın hikməti! Ox, igid Şahin! Sən düşmənlə vuruşda qanını axıtdın. Amma bir gün gələr ki, sənin isti qanının damlaları qığılcım kimi həyatın qaranlıqlarında  alışar,  bir çox igid ürəkləri çılğın bir azadlıq və  işıq ehtirası ilə yandırar!”

         Qorki alleqorik Şahin və Fırtına quşu surətləri ilə (“Fırtına quşu” əsərində doğma vətənində artmaqda olan inqilabi hərəkatı təsvir edir. Qorxmaz Şahin xoşbəxtlyi vuruşmalarda görürsə də, o, ölür. Lakin Fırtına quşu heç bir təbii fəlakətə tabe olmur. O, hayqırır, qələbədən xəbər verir.

1895-ci ildə “Samarskaya qazeta”da Qorkinin “Çelkaş” əsəri çap olunur və ədib qəzetin daimi əməkdaşı olmaq təklifini qəbul edir. Əməkdaşlıq müddətində yazıçının “Şahin nəğməsi”, “Nəticə”, “Bir dəfə payızda” və s.hekayələri çap edilir.

Hekayələrinin bir qismində yazıçı, qadın hüquqsuzluğunu, qadınlara qarşı kobud, vəhşi münasibətləri nifrətli bir qəzəblə tənqid edir. Rusiyanı səyahət etdiyi zaman şahidi olduğu dəhşətli bir mənzərəni “Rüsvayçılıq” hekayəsində təsvir edir:

“Kənd küçəsi ilə, ağardılmış daxmaların arası ilə vəhşi nərələr qopara-qopara qəribə bir izdiham hərəkət etməkdə idi. Arabanın şahnişinə demək olar ki, qız kimi görünən xırdaca, tamamilə çılpaq bir qadın kəndirlə qollarından bağlanmışdı. Onun bütün bədəni gömgöy və qıpqırmızı,dəyirmi və uzunsov ləkələr içindəydi; sol döşü vurulub yarılmış və qanı axırdı.Bu qan onun qarnından üzü aşağı sol ayağından dizinə qədər al bir zolaq əmələ gətirib topuqlarından axaraq torpağa qarışırdı.Elə bil ki, bu qadının bədənindən ensiz və uzun dəri zolağı soyulmuşdu və görünür ki, qadının qarnına kötəklə çox döymüşdülər, qarnı yaman halda şişmiş və dəhşətli bir halda gömgöy göyərmişdi.

Arabanın içində isə əynində ağ köynək, başında qara quzu dərisindən bir papaq, onun altından bir çəngə açıq kürən saçları alnına tökülmüş uca boylu bir kəndli durmuşdu; o, bir əlində cilovu, o biri əlində də bir qamçı tutub, bu qamçı ilə bir ata, bir də onsuz da insan simasını itirmiş dərəcədə döyülmüş olan bu xırdaca qadının bədəninə vururdu…”.

Hekayənin sonunda Qorki yazır: “Burada mən…alleqorik bir şey yazmamışam, yox, təəssüf ki, bu, alleqoriya deyil. Buna rüsvayçılıq deyirlər. Kişilər xəyanət edən arvadlarını belə cəzalandırırlar. Bu bir məişət lövhəsidir, bir adətdir və bunu mən 1891-ci ildə, 15 iyulda Nikolayev qəzasının Xerson quberniyasının  Kandıbovka kəndində görmüşəm…”.

Qorkinin həyatından məlumdur ki, o, bu hadisəni görəndə qadını xilas etmək üçün özünü qabağa vermiş, lakin kəndlilər onu yarımcan olana qədər döyüb, kənddən çıxarıb  bir kolluğa  atmışlar.Yoldan keçən bir qarmonçu  döyülmüş  gənc Qorkini tapıb Nikolayev şəhərinə xəstəxanaya gətirmişdir.

Qadın hüquqsuzluğu məsələsinə Qorki başqa hekayələrində də geniş yer vermişdir. “Darıxmamaq üçün” hekayəsində dəmir yolu stansiyası rəisinin müavini ilə sadəcə əylənmək üçün kimsəsiz aşpaz qadın Arinanı ələ salıb, rüsvay edib elə bir hala gətirirlər ki, qadın xəcalətindən özünü asıb öldürür.

“Orlovlar” hekayəsində çəkməçi  Qrişa Orlov hər gün sərxoş olub arvadını şil-küt edir, elə bir gün olmur ki, bədbəxt qadın döyülməmiş olsun.

“Keçmiş adamlar” hekayəsində də müntəzəm surətdə arvadlarını döyüb, qol-qabırğalarını sındıran kişilər az deyildir.

“Boles” hekayəsində sevib-sevilmək həsrətində olan gənc qadın Tereza heç olmasa “uydurma bir səadətlə” təsəlli tapmaq üçün xəyalında Boles adlı nişanlı yaradır, guya çox uzaqlarda olan xəyali nişanlısına və nişanlısından da özünə tez-tez məktublar yazdırır. Bu və digər hekayələrində yazıçı həmçinin məişətdə kök salmış vəhşi adət-ənənələri, əyyaşlığı, qumarbazlıq kimi çirkin vərdişləri də ifşa edirdi.

Qürurla qeyd etmək isəyirəm ki, Azərbaycan və Bakı mövzusu qüdrətli yazıçının yaradıcılığında  xüsusi yer tutur. 1892, 1897 və 1928-ci illərdə  Qorki üç dəfə Bakıya gəlib.1897-ci ilə qədər – yəni Bakıya ikinci səfərinə qədər yazıçı Bakı və Azərbaycanla əlaqədar üç oçerk çap etdirmişdi. Bunlardan biri “Nobel qardaşlarının pavilyonu” adı ilə 1896-cı ildə  “Odesskiye novosti” qəzetində, ikincisi isə  “Ötəri qeydlər” adı ilə “Nijeqorodskiy listok” qəzetində  həmin ildə nəşr edilmişdir. Lakin bu iki oçerk nədənsə ədibin əsərləri sırasına daxil edilməmişdir. Hər iki oçerkdə  Qorki  Bakı haqqında öz köhnə xatirələrindən bəhs edir. Bakı fəhlələrinin iş və həyat şəraiti haqqında maraqlı mülahizələr söyləyir. Qorki Ümumdünya Sənaye Sərgisində  Qara şəhərin pavilyonunun rəsmini çəkmiş rəssam Şilderi tənqid edərək yazır: “Qara şəhərcik” Şilderin gözəl ponoramasında bütünlüklə təqdim edilmişdir...Yaxşı olar ki, onun əhalisinin ölüm faizi və bu ruhda olan başqa neft sahiblərinin küllü miqdarda gəlir rəqəmləri qarşı-qarşıya qoyulsun. Belə olduqda, bir tərəfdə yüz milyonlarla pudlar və on milyonlarla pullar möhkəm səsləndiyi kimi, digər tərəfdə çirkabın, kimsəsiz yerlərin və hər cür qəbahətin heyrətamiz mənzərəsi açılırdı”.

XIX əsrin sonlarında Bakı məşhur sənaye mərkəzlərindən birinə çevrilmişdi. Rusiyanın onlarca başqa sənaye şəhəri kimi, Qorki Bakıya da böyük həvəslə gəlmişdi. Şəhərdə gördükləri yazıçının hafizəsində silinməz izlər qoymuşdu.

Qorkinin  Azərbaycan xalqının qəhrəmanlığına, onun yüksək mənəvi dəyərlərinə həsr etdiyi  əsərləri içərisində  “Qafqazda qaçaqlar” adı altında çap olunan silsilə  oçerkləri xüsusi yer tutur. Burada kəndlilərin qayğısına qalan, başqa millətlərə, o cümlədən rus kəndlilərinə dost bir münasibət bəsləyən  cəsur və qorxmaz insan kimi təsvir olunmuş məşhur qaçaq Kərəmin həyatına, mübarizəsinə dair maraqlı epizodlar vardır.Qorki göstərir ki, Kərəm  nəinki Zaqafqaziyada, hətta Kuban kazakları içərisində də öz mərdliyi ilə məşhurdur.

Qorki Kərəmin bütün müsbət keyfiyyətlərini qoçaq, mərd bir adamın xüsusiyyətləri kimi təsvir edir. Kərəmə həsr olunmuş hekayələrin birində deyilir: “Bir dəfə köçəri Ukrayna kəndlilərindən biri Labinski bazarında öz öküzlərini satıb, Labı çayının sahili ilə evinə qayıdırdı, birdən kolların arasından əlində xəncər tutmuş bir çərkəs çıxıb, “Mən Kərəməm!”-deyib,onun qabağını kəsdi.

Kəndli Kərəm haqqında eşidibmiş.Odur ki, heç bir söz demədən kisəsini çıxarıb, titrəyə-titrəyə qaçağa  verdi.O, pulları aldı və dərhal kolların arasında yox oldu.Bədbəxtlik üz vermiş kəndli isə sahildə oturub ağlamağa başladı. Birdən:

-Nə üçün hönkürürsən? - deyən bir səs eşidildi.

Onun qarşısında çiynində yəhər olan balaca bir adam durmuşdu.Kəndli ona üz verən bədbəxtliyi danışdı; onda həmin adam Kərəmin hansı tərəfə getdiyini soruşub kəndliyə dedi:

-Otur, məni gözlə!

Sonra o, fit çaldı və dərhal haradansa qara bir at peyda oldu.Həmin adam çiynindəki yəhəri atın üstünə atıb, özü də yəhərə sıçradı. Nərə çəkərək, yox oldu. Kəndli bir an onun dalınca baxdı, sonra gedən pulların geri qayıtmayacağını düşünərək yoluna davam etdi.

O, xeyli getmişdi ki, birdən arxadan at ayaqlarının səsi eşidildi.Kəndli gördü ki, gələn Kərəmdir, özü də balaca adamın qara atını çapır.Balaca adam isə atın tərkində gəlirdi.Onlar kəndliyə çatanacan çapdılar, ikisi də tələsirdi.Balaca adam Kərəmi göstərərək soruşdu:

-Kərəm budurmu?

-Odur, -deyə, kəndli qorxa-qorxa cavab verdi.Balaca adam da Kərəm kimi papaq və çuxa geymişdi, gözləri yaşıl rəngdə idi.

-Demək, o, sənə yalan demişdir. Kərəm o deyil, mənəm. Mənə yaxşı bax və necə olduğumu yadında saxla. Onun səndən aldığı pulları qaytarıram, ancaq pulların hamısını verməyəcəyəm, onları mən tapmışam, ona görə də onun üçdən birini özümə götürürəm. Sizin rus adətinə görə belə olmalıdır: hər kəs tapdığının üçdə birini özünə götürməlidir. Bunu ona görə edirəm ki, bir də məni bu pis adamla qarışıq salmayasan; görünür, onun adı yoxdur ki, mənim adımı özünə götürüb”.

Yazıçının  Azərbaycanın digər xalq qəhrəmanlarından Qaçaq Nəbi və Qaçaq Salavat haqqında da oçerkləri vardır. Qaçaq Salavat haqqındakı məlumatı Qorki on yeddi il Şuşada ticarətlə məşğul olmuş Şamonin adlı Simbirsk kəndlisinin dilindən yazmışdır.

Görkəmli yazıçının böyük şöhrət tapmasında onun tamaşaya qoyulan pyesləri də az rol oynamamışdır. Belə ki, ədibin ilk pyesi 1900-cü ildə yazdığı “Meşşanlar” olmuşdur. 1901-ci ildə rejissor  Vl.İ.Nemiroviç-Dançenko Nijni-Novqoroda, Qorkinin yanına gəlir, yazıçı pyesini rejissora oxuyur. Nemiroviç-Dançenko əsəri yüksək qiymətləndirir və pyes Moskva Bədaye teatrında tamaşaya qoyularaq böyük müvəffəqiyyətlər qazanır.

1902-ci ildə həmin teatrın səhnəsində Qorkinin növbəti, “Həyatın dibində” pyesi göstərilir. Bu əsər daha böyük müvəffəqiyyət qazanır və tamaşaçılar tərəfindən misilsiz bir maraqla qarşılanır. Pyesin sədası Qərb ölkələrinə də yayılır.

Qorkinin ədəbiyyat aləminə gəlməsi məhdud, milli səciyyə daşımırdı, o, yaradıcılığa başlayandan az sonra bütün dünyada məşhur oldu, çox sürətlə  qabaqcıl dünya ədəbi, ictimai fikrini özünə cəlb etdi. Qorkinin ümumdünya şöhrəti qazanması barədə Bakıda dərc olunan qəzetlərin birində yazılmışdı: “Oxucuya məlum olduğu kimi... sadə Maksimıç artıq nəinki Rusiyada və Avropada, hətta Amerikada məşhur Maksim Qorki olmuşdur. Onun adı indi Rusiya və Avropanın böyük yazıçılarının adı ilə bir sırada durur. Onun ilahi bir qığılcım ilə ruhlanmış nəhəng, bədii istedadı həyatın dibinə atılmış bütöv bir sinfə mənsub insanların qaranlıq həyatını işıqlandırır”.

 Qorkinin Qərbdə şöhrəti hələ 1899-cu ildə yazıçının tərcümə olunmuş hekayələri çap edildikdən sonra geniş yayılmışdı. Onu Avropada bir sənətkar kimi əvvəlcə fransızlar öyrənməyə başlamışdılar. Yazıçının əsərləri bir çox xarici ölkələrdə və xüsusilə Avropada fransız tərcümələri ilə məşhurlaşmışdı. Ədibin şöhrəti o dərəcəyə yüksəlmişdi ki, 1901-ci ildə Almaniyada Aleksey Maksimoviçin əsərlərini çapdan buraxan altı nəşriyyat firması bir-biri ilə rəqabət aparırdı.

Əvvəlcə  Berlində, sonra isə qısa müddət ərzində bütün Avropa ölkələrinin səhnələrində nümayiş etdirilən “Həyatın dibində” pyesi o qədər uğur qazanıb sevilmişdi ki, Almaniyanın mərkəzi qəzetləri əsərin bu misilsiz  nailiyyətini  “əsl zəfər yürüşü” adlandırmışdı. Qorki Fransada, İngiltərədə, İtaliyada və Amerikada da tanınıb məhşurlaşmışdı.Yazıçının ilk hekayələri ingilis dilinə tərcümə edilib altı kitab şəklində Londonda çap edilmişdi.

“Həyatın dibində” pyesi 1903-cü ildə İngiltərədə  tamaşaya qoyulmuşdu. Qorkinin eyni zamanda həm nasir, həm də bir dramaturq kimi tanınmasının həmin dövr ingilis ədəbiyyatı və teatrı üçün böyük əhəmiyyəti var idi, çünki Con Qolsuorsi və Bernard Şou kimi yazıçıların əsərləri ilə birlikdə  Qorkinin də tanınması tənqidi realizm yolu ilə gedən ingilis yazıçılarının səviyyəsinə müsbət və səmərəli təsir göstərirdi. Mütərəqqi ingilis yazıçı və tənqidçiləri o zaman Qorkiyə  necə deyərlər, yeni dövrün başlandığını xəbər verən bir peyğəmbər kimi baxırdılar.

“Həyatın dibində” pyesindən aldığı təsiri xatırlayaraq görkəmli macar yazıçısı Mate Zalka demişdi: “Həyatın dibində” pyesinin məni necə sarsıtdığını çox yaxşı xatırlayıram.Mən bu balaca yaşıl kitabçanın təəssüratı ilə bir neçə gün dəli kimi dolaşdım. O, məni - təcrübəsiz gənci dərhal təsirinə aldı, uçurum kənarına gətirdi və həyatın dibinə baxmağa məcbur etdi”.

Qorkinin  imperatorluq Elmlər Akademiyasına bu dövrdə fəxri üzv seçilməsi əhvalatı da çox maraqlıdır. 1902 – ci ilin 21 fevralında Qorki həmin akademiyaya nəfis ədəbiyyat sahəsi üzrə fəxri üzv seçilmişdi. Bu hadisə qabaqcıl rus ziyalılarının Qorki ilə həmrəy olduğunu çox gözəl nümayiş etdirirdi.

Mürtəce mətbuat özündən çıxmışdı, Qorkinin əleyhinə böhtanlar yağdırılırdı. “Novoye  vremya ” qəzeti hökumət  ziddinə fəaliyyətdə təqsirləndirilən adamların sorğu – sualına cəlb edilən, fəhlələr arasında inqilabi  təbliğat işi aparan və polis tərəfindən xüsusi nəzarət altında saxlanılan bir adamın Elmlər Akademiyasına seçilməsindən qəzəblənirdi. Bəli, doğrudan da belə idi. Rus alimləri çarizmə görünməmiş bir şəkildə meydan oxuyurdular.

Elmlər Akademiyasının prezidenti böyük knyaz Konstantin Romanov, - öz xatirə dəftərində yazırdı: “Həyəcanlı günlərdir. Çar Elmlər Akademiyasının  bu cür cəsarətli hərəkəti ilə barışacaqdımı? Çar Qorkinin Elmlər  Akademiyasından xaric edilməsini tələb etmişdi. Bu tələbdən sonra Qorkini  Akademiyadan xaric etdilər. Onun Elmlər Akademiyası heyətindən çıxarılmasına  etiraz  əlaməti olaraq V. Korolenko ilə  A. Çexov da akademiyadan çıxdılar. Qorkinin  Elmlər  Akademiyasından kənar edilməsi nəinki onun şöhrətini azaltdı, ona ehtiramı zəiflətdi, əksinə, geniş demokratik təbəqələr arasında bu şöhrəti bir qədər də yüksəltdi və xalqların qəddar düşməni olan çarizmə qarşı mübarizədə barışmaz bir adam kimi onu hər tərəfdə geniş tanıtdırdı”.  

Qorki  isə yazdığı bir sıra müraciətnamələrində çar yırtıcılarının mürtəce  siyasətini kəskinliklə ifşa  edirdi. Kiyevdəki talançılıq hadisələrinə qarşı  Qorki bu qırğının ilhamçıları olan mürtəce mətbuatın rəhbərlərinə yazırdı: “Bu sərsəm başlara ayıb olsun, vicdan atəşi onların tünd qəlblərini yandırıb külə döndərsin! Nökər izzət - nəfsinə və qüvvət qarşısında  kölə kimi itaət edən qəlbə malik bu qəddarlara lənətlər olsun! ”.

1904 – cü ilin baharında Qorki Sormovo fəhlələrinə müraciətnamə çap etmək üçün gizli mətbəə təşkil etmək üstündə həbsə alınır. Tutulduğu vərəm xəstəliyi  ömrünün sonuna qədər ona əziyyət verir. Xəstəliyinə  görə görə  onu həbsdən buraxıb Krıma sürgün edirlər. Jandarmaların Qorkinin göndərildiyi yeri gizlin saxlamalarına baxmayaraq, yazıçının sürgün məsələsi əzəmətli bir nümayişə çevrilir, hər tərəfdə həyəcanlanmış izdihamlar Qorkini qarşılayır və bu inqilab  carçısını müşaiyət edir.

1905 - ci ildə  “Meşşanlıq haqqında qeydlər”  adlı məqaləsində M.Qorki yazırdı: “Həyat mübarizə deməkdir: ağalar hakimiyyət uğrunda, kölələr isə hakimiyyət zülmündən azad olmaq uğrunda mübarizə aparırlar”.

Bu tarixi mübarizədə qüdrətli yazıçı həmişə zəhmətkeşlərin tərəfində duran mübariz xadim olub bütün qabaqcıl ziyalıları da bu yola çağırmışdı.O, üzünü ağıllı və namuslu qüvvələrə tutaraq demişdi: “Xalq dilənçilik və cəhalət içərisində yaşayır-həyatımızın bütün bədbəxtlikləri buradan doğur. Bu elə bir faciədir ki, biz buna passiv tamaşaçılar kimi baxa bilmərik.Çünki gec-tez həyat bizi bu faciədə əzablı və məsuliyyətli rollar oynamağa məcbur edəcək... Ölkənin səadəti - xalqın azadlığındadır, ancaq onun qüvvəsi dövlətin qara qüvvəsini məğlub edə bilər... Azadlığın və ədalətin təntənəsi üçün mübarizə edin, gözəllik bu təntənədədir! Qoy sizin həyatınız qəhrəmanlıq dastanı olsun!”

1905-ci il inqilabı sözün əsl mənasında ölüm - dirim mübarizəsi, köhnə quldarlıq, təhkimçilik və mütləqiyyət  Rusiyası ilə yeni, gənc, xalq Rusiyası arasında gedən mübarizələrin nəticəsi idi.

1905 - ci ilin  9 yanvar - Qanlı bazar günündə hökumət qoşunları günahsız  və silahsız adamları gülləbaran edəndə Qorki də Peterburq küçələrində idi.Mindən artıq günahsız insanın öldüyünü, iki min adamın yaralandığını, əzab və işgəncələr çəkdiyini gözləri ilə görmüşdü. Qorki çar hökumətinin iç üzünü açır, cinayətə  əl atdığına görə onu lənətləyirdi. Qorki yazırdı: “Biz qəti olaraq bildiririk ki, belə quruluşa gələcəkdə dözmək olmaz! Ona görə də Rusiyanın bütün vətəndaşlarını mütləqiyyətə qarşı yekdilliklə, təxirəsalınmaz, qəti mübarizəyə çağırırıq!”.

Qorkinin  “Rusiyanın bütün vətəndaşlarına  və Avropa dövlətləri ictimaiyyətinə” adlı məşhur müraciətnaməsi bütün dünyaya səs salmışdı. Onun bu çağırışı ələ keçdikdə yazıçı dövlət cinayətkarı kimi həbs edilib Petropavlovsk həbsxanasına salındı. Rusiyanın bütün qorkisevərləri hamılıqla ayağa qalxdı. Onlar yazıçını azad etmək üçün gərginliklə çalışır, müxtəlif yollar axtarırdı.Kiyevdə, Kazanda və başqa şəhərlərdə inqilabi vərəqələr yayılır, teatr və digər tamaşa salonlarında Qorkiyə azadlıq tələb olunan şüarlar, plakatlar yazılırdı.

Qorkinin həbs olunması Avropanın bir çox ölkələrində, o cümlədən Fransada, İtaliyada, Almaniyada, Portuqaliyada, İspaniyada, Belçikada, Rumıniyada və Amerikada da etirazlara səbəb olmuşdu. Bu hadisə Qorkinin bir yazıçı kimi nə qədər böyük nüfuza malik olduğunu göstərməklə bərabər, onun yaradıcılığının dünya əhəmiyyətini də bir o qədər ifadə edirdi. Həmin vaxtlar alman qəzetlərinin birində Qorkinin həbsdən buraxılmasını tələb edən bu sözlər yazılmışdı: “Qorkini azad edin, onu yaradıcılığa, Rusiyaya, bütün dünyaya qaytarın, bunu bəşəriyyət tələb edir!”.

Təsadüfi deyildi ki, Anatol Frans o zaman Qorkiyə yazmışdı : “Sizi bir şair və əsl iş adamı kimi təbrik edir və qiymətləndirirəm”. Romen Rollan Fransadan, Mark Tven isə  Amerikadan Qorkiyə müraciətlə  onu təbrik etmiş və özlərini ona yaxın dost hesab etdiklərini bildirmişdilər.

Rusiya və Avropa ictimaiyyətinin təsiri altında 1905-ci ilin fevralında yazıçı həbsdən azad edilib, böyük məbləğdə girovla Riqaya göndərilmişdi.

1906 - cı ildə Maksim Qorki yenidən həbs olunmaq təhlükəsinin artdığını görüb  Rusiyadan çıxır. Amerikaya yola düşən Qorki 1906-cı il aprelin 10-da Nyu-Yorka çatır və 190 gün Amerikada qalır.

Dövrünün ictimai ziddiyyətlərini açmaq, inqilabi mübarizənin Rusiyada hansı spesifik yollarla irəlilədiyini və qalib gəldiyini təsvir etmək işində Qorki misilsiz bir sənətkar idi. Xalqla bir nəfəs almaq, onun qüvvəsinə inanmaq, xalqın ədalətli mübarizəsinin müğənnisi olmaq Qorkiyə xalqın müqəddəratını əvvəlcədən xəbər vermək bacarığını aşılamışdı. O, hələ      “Ana” romanını yazmamışdan çox qabaq öz hekayə və pyeslərində xalqın səsini və gücünü ifadə edən qəhrəmanların meydana çıxmasını göstərmişdi. “Ana ” romanında isə o, böyük bir inamla demişdi : “Rusiya yer üzünün ən parlaq demokratiyası olacaqdır ”. Qorki yaradıcılığının əsas qüvvət və gözəlliyi bu sarsılmaz inamda idi.

Qorki böyük ustalıqla  əsərdə 1905-ci il inqilabi ərəfəsini təsvir edir. İki hissədən ibarət olan romanın hər bir hissəsində fəhlə sinfinin inqilabi inkişafını göstərən ayrı-ayrı dövrlərdən bəhs edilir.

Romanın ikinci fəslində həmin dövrün fəhlələrinin tipik nümayəndəsi olan Mixail Vlasovun həyatı təsvir olunur. Mixail sahibkarlara nifrət edir, lakin azadlığın necə mümkün olduğunun yollarını da bilmir. Dərddən, kədərdən qurtarmaq üçün içki içir, sərxoşluq edir, adamlarla dalaşır, evdə tez-tez arvadını döyür.

Sonrakı fəsillərdə yazıçı Pavel Vlasov və onun anası Pelageya Nilovnanın taleyindən söhbət açır. Əsərin əvvəlində Pelageya sadə, dindar, ruhən, mənən əzilmiş bir qadın kimi təqdim olunur. Pavel isə əksinə, öz mənliyini uca tutan, mübariz, cəsarətli bir gəncdir.

Bununla belə, fəhlə həyatının ənənəsinə sadiq qalan Pavel, atasının ölümündən sonra özünü başqa fəhlələrə oxşatmağa çalışır,evə atası kimi sərxoş gəlir, hətta bir dəfə atasına oxşamağa çalışaraq anasını döymək də istəyir. Lakin  anasının mənalı baxışları onun əlini saxlayır.

Pavel sanki ayılır, bu yeknəsəq həyat onu bezdirir, şəhərə gedir, çoxlu kitablar oxuyur, müxtəlif adamlarla görüşüb tanış olur, həyata baxışı dəyişir. Sonrakı fəsildə Pavelin inqilabçı fəhləyə çevrildiyi təsvir olunur.

Aleksey Maksimoviç Vlasovlar ailəsi ilə birlikdə digər surətləri də böyük  sənətkarlıqla hadisələrə daxil edir. Daha sonra Naxodka, Rıbin, Vesovşikov və başqaları meydana çıxır, ümumxalq mübarizəsində fəal çalışırlar.

Pavel həbs edildikdən sonra savadsız, lakin ağıllı qadın olan Mariya Korsunova  Pelageya anaya təskinlik verib deyir ki, sənin oğlun oğurluq üstündə deyil, məhz həqiqəti söylədiyinə görə tutulmuşdur. Buna görə də hamı sənə kömək etməlidir.

Oğlunun başladığı işi davam etdirib fabrikə vərəqələr gətirərkən Qusev qardaşları və digər fəhlələr də anaya kömək edirlər.

Qorki ananı hər tərəfli inkişaf etdirir, mənəvi cəhətdən onu daha da yüksəldir. Vaxtilə inqilabi işə yenicə başlayan oğluna insanlardan ehtiyat etməyi, zorlu adamlardan qorxmağı nəsihət edən ana, indi özü dərdli insanların sönük baxışlarında yeni işartılar görürdü. Pelageya Nilovna jandarmlar tərəfindən tutulduqda da, ona işgəncələr verildikdə  də onu əhatə edən adamların gözlərində doğma qığılcımlar görür, daha da ürəklənirdi. Ana öz gücünü, qüdrətini xalqdan alırdı. Odur ki, biri-birindən cəsarətli çixışlar edirdi. Oğlunun nitqi çap olunmuş vərəqələri jandarmların gözü qarşısında vağzalda, insanların gur toplaşdığı yerdə havaya sovuranda da gücün birlikdə olduğunu, həqiqətin qan dənizində boğula bilməyəcəyini söyləyirdi.

Ana həyat həqiqətlərini getdikcə daha dərindən başa düşür. Roman Pelageya Nilovnanın vağzalda ələ keçməsi səhnəsilə bitir. Qayğıkeş, xoşsimalı, həqiqətsevər, güclü, mübariz, ağsaçlı ana döyülərək qanına qəltan edilsə də, son dəqiqələrdə yenə özünü itirmir, xalqı azadlığa, inqilabi mübarizəyə çağıran intibahnamələri insan selinin üzərinə atır.

Qorkinin yaratdığı Pelageya Nilovna və Pavel Vlasov surətləri həmin vaxtlar sosialist realizminin ən böyük müvəffəqiyyəti idi.

“Ana” romanı Qorkinin tam mənası ilə yeni tipli bir yazıçı kimi meydana çıxdığını təsdiq edirdi. Əsərdə qadının bəşər həyatını davam etdirmək, həyat arzularının anası olmaq, bəşəriyyətin həyatını yaxşılaşdırmaq və yenidən qurmaq uğrundakı mübarizədə kişinin dostu və yoldaşı olmaq, öz yaradıcı qüvvəsilə onunla birlikdə idrakın ən yüksək zirvələrinə qalxmaq və başqalarına da həmin yolu göstərmək kimi böyük vəzifəsi hamının qarşısında canl bir ideal kimi dururdu.

Deyənlər haqlıdırlar ki, əgər         Qorki yalnız  “Ana”  romanını yazmış olsaydı belə, yenə də xarüqələr yaradan böyük rus sənətkarları ilə bir sırada dayanmağa haqq vardı. Çünki  “Ana ” Qorki nəsrinin şah əsəri, Qorki realizminin yüksək bir ifadəsi idi. Elə Azərbaycanın adlı-sanlı şairi Əli Tudənin “Sülhün dostları” şeirində dediyi kimi:

 

Payız  mövsümüdür... Gecələr uzun...

Ana həyətdəki kiçik hovuzun  -

Daşları üstündə tənha oturmuş.

Köksünün içində çırpınır bir quş...

Gecə qaranlıqdır, gecə qorxulu,

Ana düşünür ki, bəlkə də oğlu

Hardasa yubanmış... yenə odur bax,

Həyətin qapısı döyülür taq – taq...

O, bir işarədir, ana tez qaçır,

Tələsik – tələsik qapını açır...

Odur... Müzəffərdir... Başqası olmaz,

Onun ağ sifəti qızarmış bir az –

Payız gecəsinin sərt soyuğundan.

O, girir daxmaya, öz qoltuğundan –

Bir kitab çıxarır, rəngi bozumtul.

Ana nəvazişlə deyir:

-  Ay oğul !

Kitab daşımaqdan yorulmursan heç,

Bilmirsən sən evə qayıdanda gec

Qəlbimi yeyirəm...

-      Axı nə var ki,

Anaların qəlbi dözən olar ki...

Bir də son günlərdə çoxdur işimiz,

İndi silahsız da döyüşürük biz...

Hələ gəl irəli, bu kitaba bax,

Bunu səndən ötrü gətirdim ancaq.

-      Bıy, başıma xeyir, mənim elmim var?

Elmsiz adam da kitab oxuyar?

Müzəffər bu sözdən şikayət duyur,

Əlini ananın çiyninə qoyur:

-      Ana, elmi olan, elmi olmayan

Azadlıq istəyən hər məhkum insan

O taya – Şimala üz döndərərək,

Böyük rus xalqından dərs alsın gərək!

Ana, bu doğrudan gözəl kitabdır,

Bil ki, hər varağı bir inqilabdır.

Burda bir ananın qəhrəmanlığı,

Ülfəti, hünəri, mehribanlığı,

Bir də inqilab var, mübarizə var.

Ah, belə olsaydı bizim analar!

Indidən deyim ki, sənə hər axşam

 Elə bu kitabı oxuyacğam...

Ana gülümsəyir bir məhəbbətlə,

Bir an o kitaba baxır diqqətlə...

O, bilmir kitabın ilk varağına

Bir  “Qorki” yazılmış, bir də ki, “Ana”.

 

1909 -1910-cu illərdə  Qorkinin  “Okurov şəhərciyi” və  “Matvey  Kojemyagin” povestləri ərsəyə gəlir. Meşşan həyatına dərindən bələd olan Qorki bu povestlərində insanın mənəviyyatını, şəxsiyyətini, mənliyini alçaldan meşşanlığın xalq və cəmiyyət üçün nə qədər zərərli olduğunu yüksək  sənətkarlıqla  əks etdirir. Elə  o vaxtdan bəri də “okurovçuluq” anlayışı köhnə Rusiyanı ağuşuna alan küt, bədnamlıq rəmzi kimi geniş yayılır.

Maksim  Qorki  sonrakı “Sahibkar”, “Uşaqlıq”, “Özgə  qapılarında” və s. avtobioqrafik  əsərlərində belə bir məntiqi məna ilə çıxış etmişdir ki, insan həyatında yaradıcı iradə ilə, yaradıcı əməklə okurovçuluq mütləq məğlub edilir.

“Rusiyanı gəzərkən” - yazıçının 1911-1917-ci illər ərzində yazdığı silsilə  hekayələrin  məcmusudur. 29 hekayədən ibarət olan silsilənin birincisi – “İnsanın doğulması” hekayəsini Qorki 1912-ci il aprelin 2-də Lena hadisələri münasibətilə Parisdə keçirilən böyük siyasi mitinqdə oxumuşdu. Ən kiçik insanın dünyaya gəlməsi epizodu ilə hekayəsinə dərin məna verən yazıçı, “Yer üzündə insan olmaq ən böyük vəzifədir”-deməklə, özünün ölməz bəşəri himnini təkrar edirdi.Proletariatın böyük yazıçısı xalqın mənəvi aləminə yol tapıb əmək adamlarının, xalq mütəfəkkirlərinin surətlərini yaradır. Müəllif özü bu hekayələrində xalis rus mənəvi aləmini əks etdirmək istədiyindən  onları “Rusiya” sözü altında birləşdirir.

Qorkinin xatirələri içərisində diqqətimi çəkən yazılardan biri də taleyi Azərbaycanla sıx bağlı olan böyük rus şairi Sergey Yeseninlə əlaqədar təəssürat oldu. Qorki yazırdı:

“İlk dəfə Yesenini 1914 – cü ildə gördüm, harada isə, ona Kluyevlə birlikdə rast gəldim. O, mənə 15 – 17 yaşlı bir oğlan kimi göründü.

         ... Nədən danışdığımızı xatırlamıram, yəqin ki, müharibə barəsində idi, müharibə artıq başlanmışdı. Yesenin məndə təvazökar və bir qədər özünü itirmiş, möhtəşəm Peterburq onun yeri olmadığını özü də hiss edən bir oğlan kimi solğun təsəvvür doğurdu.

         ... Altı – yeddi ildən sonra  mən Yesenini Berlində, A.N. Tolstoyun mənzilində gördüm. Qıvrım saçlı, oyuncağa bənzəyən uşaqdan yalnız çox aydın gözlər qalmışdı ki, onları da elə bil qızmar günəş yandırmışdı. Gözlərinin narahat baxışı qərarsız bir halda, gah cəsarətli və etinasız, gah da birdən, inamsız, karıxmış və etimadsız halda adamların üzündə gəzirdi. Mənə elə gəldi ki, onda ümumiyyətlə insanlara qarşı düşmən əhval – ruhiyyə  yaranmışdır. Həm də bilinirdi ki, o, içən adamdır. Göz qapaqları şişmiş, gözlərinin ağı qızarmışdı, üzünün və boynunun dərisi havada az olan və yuxusuz qalan bir adamın üzü və boynu kimi bozarmışdı. Əlləri isə narahat idi və təbilçi əli kimi biləyi boş idi. O, nəsə mühüm bir şeyi unutmuş və məhz nəyi unutduğunu tutqun surətdə xatırlayan bir adam kimi, başdan ayağa kimi həyəcanlı və dalğın idi. Onu Aysedro Dunkan və Kusikov müşaiyət edirdi.

         ... Yaşa dolmuş, ağırlaşmış, qırmızı, çirkin sifətli, kərpic rəngli paltara bürünmüş  bu qadın darısqal otaqda hərlənib, ölüşkəmiş, solmuş çiçək dəstəsini sinəsinə basırdı, ətli sifətində isə , heç bir şeyi  ifadə etməyən təbəssüm donub qalmışdı...

         ...Qadın oynayan zaman o, stol başında oturub, şərab içir və gözucu ona baxaraq, üz – gözünü turşudurdu. Bəlkə də, elə bu dəqiqələrdə onun mərhəmət ifadə edən bu sözləri şeir sətrinə düzülmüşdü:

         Səni çox sevmişlər, murdarlamışlar...

      ...O məni o qədər həyəcanlandırdı ki, boğazım qəhərləndi, hönkürtü ilə ağlamaq istədim. Yadımdadır, mən onu heç cürə tərifləyə bilmədim, bir də ki, zənnimcə, onun buna ehtiyacı da yox idi.

          Mən ondan xahiş elədim ki, yeddi balası götürülüb çaya atılan it haqqındakı şerini oxusun.

         -Əgər yorulmamışsınızsa...

         -Mən şeirdən yorulmuram, - dedi və inamsızlıqla soruşdu :

         -İt haqqındakı şerim xoşunuza gəlir?

         Mən ona dedim ki, zənnimcə, rus ədəbiyyatında heyvanlar haqqında ilk dəfə belə bacarıqla və səmimi məhəbbətlə yazan odur.

         Yesenin fikirli halda və yavaşca :

         -Bəli, mən heyvanatın hər cürünü sevirəm, - dedi. – Mənim, Klodelin “Heyvanların  behişti ” ni bilirsənmi, sualıma isə  o, cavab vermədi, iki əlilə başını tumarlayıb, “İt haqqında mahnı” nı oxumağa başladı.

         - Son:

         İt gözləri, gözlər, gözlər, o gözlər

         Ulduz kimi qar içinə gilləndi.

misralarını söyləyəndə,  onun da gözlərində yaş parıldadı.

         Bu şeirlərdən sonra qeyri – ixtiyari düşündüm ki, Sergey Yesenin insan olmaqdan daha çox təbiət  tərəfindən poeziya üçün, çöllərin tükənməz  kədərini , dünyada olan bütün canlılara sevgini və şəfqəti ifadə etmək üçün yaranmışdır ki, buna da insanın başqa şeylərin hamısından daha artıq haqqı vardır. Orijinal və kamil rus şairini əhatə edən Kusikovun öz gitarası ilə , Dunkanın öz rəqsi ilə, ən darıxdırıcı  Brandenburq qapıları olan Berlini – hər şeyin lüzumsuzluğu daha çox hiss olunmağa başladı.

         O isə bir növ həyəcan içərisində darıxırdı. Ehtimal ki, Ryazan qızlarını əzizlədiyi kimi, Dunkanı əzizləyərək, əlini onun çiyninə vurub, getməyi təklif etdi”.

         Rusiyanin ümidli, xoşbəxt sabahı olan yeniyetmələrin, gənclərin öz həyatlarını necə qurmaları, gələcəyə necə addımlamaları böyük ədibi olduqca düşündürən məsələlərdən bir idi.Yeni nəslin düzgün həyat yolu seçməsində  kitabların böyük qüdrətə malik olduğunu bir daha dərindən anlatmaq üçün Aleksey Maksimoviç 1918-ci ildə “Gənclər haqqında” kitabında yazırdı:

“... Kitablar mənə başqa bir həyat haqqında, mənim bildiyimdən daha bəşəri həyat haqqında pıçıldayırdı... Onlar mənə həyatda mövqeyimi göstərirdi. Kitablar mənim ağlımı və qəlbimi qanadlandıraraq, üfunətli bataqlıq üzərinə yüksəlməyə kömək etdi; kitablar olmasaydı, sarsaqlıq və bayağı mühit içərisində batıb boğulardım. Kitablar dünyanın hüdudlarını mənim qarşımda getdikcə daha artıq genişləndirərək, yaxşılığa doğru can atan insanın necə böyük və gözəl olduğunu, dünyada nə çox yaxşı iş gördüyünü və bunun ona necə misilsiz ağlasığmaz iztirablar hesabına başa gəldiyini göstərirdi.

 Beləliklə də mənim qəlbimdə insana – kim olur- olsun, hər bir adama qarşı – qayğıkeş münasibət duyğusu baş qaldırırdı, onun əməyinə hörmət, onun narahat ruhuna məhəbbət duyğusu toplanırdı. Yaşamaq asan, fərəhli olurdu. Həyat böyük məna kəsb edirdi.

...Kitablar məndə həyatın bütün şər əməllərinə şəxsi məsuliyyət hissi tərbiyə edərək, bəşər zəkasının yaradıcı qüvvəsi qarşısında müqəddəs pərəstişkarlıq duyğusu yaratdı.

Mənim etiqadımın doğruluğuna dərindən inanaraq hamıya deyirəm:   “ Kitabı sevin, o, sizin həyatınızı yüngülləşdirər, fikirlərin, duyğuların, hadisələrin əlvan və çoşqun dolaşıqlığını başa düşməyə, dərk etməyə dostcasına  kömək edər, o sizi insana və özünüzə hörmət etməyə öyrədər, kitab ağlı və qəlbi dünyaya, insana  sevgi duyğusu ilə qanadlandırır.

Qoy o sizin etiqadınıza müğayir olsun, lakin kitab vicdanla, insanlara məhəbbətlə, onlara xeyirxahlıq arzusu ilə yazılıbsa – onda bu, gözəl kitabdır !

Hər cür bilik – faydalıdır, zəkanın sapmasını, duyğunun səhvini bilmək də faydalıdır.

Bilik mənbəyi olan kitabı sevin, ancaq bilik xilaskardır, ancaq bilik bizi mənəviyyatca  qüvvətli, namuslu, zəkalı adamlar, insanı səmim surətdə sevməyi, onun əməyinə hörmət etməyi və onun fasiləsiz davam edən böyük əməyinin gözəl bəhrələrinə ürəkdən məftun olmağı bacaran adamlar edə bilər.

İnsanın əli ilə edilmiş və edilən hər şeydə , hər bir əşyada onun qəlbi var; bu təmiz və nəcib qəlb hər şeydən çox elmdə, incəsənətdədir, bu çür qəlbin duyğuları hər şeydən parlaq və aydın şəkildə kitablarda ifadə olunur”.

Bir il sonra, yəni 1919-cu ildə Qorki bir daha üzünü gənclərə tuturdu (“Oxumaq lazımdır” məqaləsində):

“...Savadsız adam, fərqi yoxdur, kor kimidir, o, əlilə yoxlaya – yoxlaya yaşayır, o, cisimlərin ancaq zahiri formalarını dərk edir, onların daxili mənasını isə belə adamın kor zəkası nə görə bilər, nə də anlaya.

O başa düşmür ki, yer üzündə hər şey – çar sarayı da, uşaq oyuncağı da, əcaib əmmalı maşın da, şən qarmon da – bütün bu şeylər savadlı adamların zəkası ilə yaradılmışdır, hər bir xırda şeydə, bu şeyi hazırlamış adamın bir parça canlı qüvvəsi mövcuddur.

Həyatı zinətləndirən və insanlara fayda verən hər şey, daşdan, taxtadan, dəmirdən hazırlanan hər şey, - bütün bunlar bir çox zəkalı insanların min illərlə davam edən əməklərinin bəhrəsidir – bu əməyin nə qədər əzəmətli və gözəl olmasını ancaq savadlı adam dərk edə bilər.

Savadsız adam şeylərlə necə rəftar edirsə, insanlarla rəftar və münasibətlərində də eləcə kor- koranə, laqeyd və amansızlıqla hərəkət edir, adamlar onun üçün oyun – oyuncaqdır, insan anadan oldu, yedi, içdi, öldü – vəssalam, şüd tamam. Savadsız adam başa düşmür ki, insanın zahirən sadə görünən, bəzən ağır işi yer üzündə bütün nemətlərin və bütün ecazkarlıqların  mənbəyidir. Hər bir insanda elə bir qüvvə mövcuddur ki, bu qüvvəni adamlar daşın, taxtanın, dəmirin, bizim həyatımızı yüngülləşdirib zinətləndirən nə varsa, hamısının canına hopdurur. Ona görə savadlı adam başa düşə bilər ki, insan – bütün başlanğıcların başlanğıcıdır, həm də daxilimizdə  və bizdən xaricdə, qəlbimizdə və yer üzündə nə varsa – bütün bunlar ancaq insan fəaliyyəti və insan rəyidir, ancaq insanların mənəvi və cismani qüvvəsinin müxtəlif təcəssümüdür.

Savad onu başa düşməyə imkan yaradır ki, bütün insanlar – doğrudan da ruhən qardaşdırlar, bütün insanların marağı eynidir-  onlar cansız maddənin müqavimətinə qalib gəlmək, təbiətin qeyri – mütəşəkkil qüvvələrini özünə tabe etmək, həm də bu qüvvələri insanın həyatı mənafelərinə xidmət göstərməyə vadar edərək, həyat üçün zəruri olan işin çox hissəsini öz qüvvələri ilə deyil, təbiətin qüvvəsi ilə etmək istəyirlər.

... Dünyada minlərlə, on minlərlə həkimlər, kimyaçılar, mühəndislər, aqronomlar azad surətdə işləməyə başlayanda, insan ağır əmək katorqasından  xilas olacaqdır, onu vaxtından qabaq öldürən xəstəliklərdən xilas olacaq, asan, fərəhli, ağıllı, insan kimi, gözəl yaşamaq imkanı əldə edəcəkdir.

Oxumaq lazımdır”.

Son dərəcə təəssüfləndirici haldır ki, yaradıcılığının ən məhsuldar vaxtında, 1921-ci ildə Qorkinin vərəm xəstəliyi daha da şiddətlənir. Həmin ilin sonunda o, xaricə yollanaraq, iki il yarım müddətində Almaniya və Çexoslavakiyanın (hazırda bu ölkə  iki müstəqil dövlətə ayrılıb)  sanatoriyalarında müalicə olunur.1924-cü ildə ədib həkimlərin məsləhəti ilə İtaliyaya köçür. Burada yenidən ədəbi fəaliyyətini davam etdirən yazıçı, “1922-1924-cü illərin hekayələri”, “Xatirələr”, “Gündəlikdən qeydlər” və “Mənim universitetlərim” adlı dörd kitab yazır. “Mənim universitetlərim” əslində  “Uşaqlıq”  və  “Özgə qapılarında” povestləri ilə başlanan avtobioqrafik trilogiyanın üçüncü hissəsi olur. Burada yazıçı öz uşaqlıq dövründən bəhs edir.

1925-ci ildə  Aleksey  Maksimoviçin  yeni bir kitabı – “Artamonovların işi” adlı əsəri işıq üzü görür. Bu kitab qıca bir müddətdə böyük tirajlarla altı dəfə nəşr edilir.Dünya oxucuları onun əsərlərini böyük həvəs və maraqla oxuyurlar. Qorki ən çox oxunan müəllif olur.

Bəs bu şöhrətin sirri nədə idi? Çox doğru deyilmişdir ki, ədəbiyyat, incəsənət və ümumiyyətlə, mədəniyyətin hər hansı bir sahəsində yüksəlib ümumdünya miqyasında mühüm yer tutmaq üçün sənətkar hər şeydən əvvəl öz dövrünün, mənsub olduğu xalqın və bütün bəşəriyyətin inkişafındakı ən qabaqcıl meyllərlə, ən mütərəqqi və inqilabi qüvvələrlə yaxından bağlanmalı, cəmiyyətin daxilində gedən mübarizə və toqquşmalara yeni və inqilabi dünyagörüşü ilə baxmağı bacarmalıdır.İncəsənətdə və ya mədəniyyətdə mühüm sima olmaq şərtdir, lakin mühüm simaların, böyük nümayəndələrin sanbalı o zaman artır ki, onlar qabaqcıl mövqelərdə dayanmağı bacarsınlar, yeniliyi görsünlər və ifadə etsinlər, gələcəyə düzgün və aydın nəzərlə baxsınlar.

Qorkinin öz dövrü ilə, yetişdiyi zəmanənin ən qabaqcıl ictimai qüvvələri ilə əlaqəsi ona həm rus ədəbiyyatı tarixində, həm də dünya ədəbiyyatında ön cərgəyə çıxmaq imkanı verdi. Qorki öz əsərlərində hansı həyat mövzularına müraciət edirdisə, əsas bir cəhəti unutmurdu; o, ictimai mühitdəki oyanmanı görür, cəmiyyətdəki nöqsan və qüsurları pərdələmir, bu əngəlləri daha qabarıq göstərir, meşşanlığı, təbəqələşməni ifşa edirdi.Bu mənada demək mümkündür ki, Qorki dünya ədəbiyyatında romantizm və realizm cərəyanlarının bədii çalarlarına yeni gözlə baxmış, onlardan ən dəyərli və mütərəqqi ənənələri götürmüşdü.

Görkəmli yazıçı belə hesab edirdi ki, qabaqcıl və mütərəqqi ədəbiyyatda romantizmlə realizmi qarşı-qarşya qoymaq yox, onların hər ikisinin üzvü birləşməsi və bir vəhdət halında təzahürü uğrunda  çalışmaq məsələsi diqqət mərkəzində olmalıdır.Ədib dünya ədəbiyyatı tarixindən nümunə göstərərək deyirdi: “Balzak, Turgenev, Tolstoy, Qoqol, Leskov, Çexov kimi klassik yazıçıların kim olduqlarını; romantik və realist olduqlarını tam bir dəqiqliklə söyləmək çətindir. Böyük sənətkarların simasında realizm və romantizm həmişə birləşmiş kimidir. Balzak realistdir, ancaq o, “Qulun dərisi” kimi realizmdən çox uzaq olan əsər də yazmışdır. Turgenev də, Qoqoldan tutmuş Çexova və Buninə qədər bizim bütün başqa böyük yazıçılarımız kimi, romantizm ruhunda əsərlər yazmışdır. Romantizm və realizmin bu birləşməsi bizim böyük ədəbiyyatımız üçün səciyyəvidir, bu birləşmə ona elə bir orijinallıq və qüvvət verir ki, bunun sayəsində ədəbiyyatımız  bütün dünya ədəbiyyatına getdikcə daha çox və daha dərindən təsir edir”.

Dekabrist şairlərdə, xüsusilə Rıleyevdə Qorkinin qiymətləndirdiyi cəhət romantik mübariz əhvali-ruhiyyə idi. Qorkiyə görə gənc Puşkinin romantizmində yüksək xəlqilik vardır. Bununla belə, Qorki, romantizmi Puşkin üçün keçilmiş  mərhələ adlandırır, rus kübar cəmiyyətinin şairə düşmən münasibətini onun sənətinin realizmi, həqiqətə uyğunluğu ilə izah edir: Puşkin bu cəmiyyətin  “sərt hakimidir”.

İ.Qruzdnev görək Qorki haqqında nə yazır: “...Puşkin yüksək yaradıcılıq formasında rus xalqının dühasını  təcəssüm etdirdiyi  kimi, Qorki də onun iradəsini təcəssüm etdirir. Biz Qorkinin ilk hekayələrində - öz məqsədinə nail olacağına şübhə  etməyən yeni insanlar görürük. Xalqın aktiv yaradıcılığı qüvvələrini oyatmaq zərurəti haqqındakı ehtiraslı ideya Qorkinin bütün yaradıcılığına nüfuz etmişdir. O, məktublarından birində yazmışdır: “ İrəliyə - və yüksəklərə ! Siz bilirsiniz, - bu, məndə olan köhnə və ola bilsin ki, yeganə bir sifətdir ”.

         Qorkinin həyatı, sanki rus xalqının tükənməz qüdrətinin simvolu olmuşdur. İntellektual və fiziki qüvvələrin gərginliyi və iradə  tərbiyəsi ilə o, özünün çətin, gözəl və böyük həyatını gör necə əldə etdi!

         ...Bu sözlərdə həm rus xalqının milli iradəsi, həm də rus torpağının böyük gücü vardır. Bu torpaq da dəfələrlə ağır imtahanlar verməli və qara bulud kimi üstünə gələn düşmən ordularının qarşısına çıxmalı olmuşdur. Rus xalqının dühası faşist– köpək rıtsarlarının pəncəsini sındıran Aleksandr Nevskini, Dmitri Donskoyu meydana gətirmiş və Napaleon ordularını tarımar edən rus torpağının xilaskarı, gözəl təşkilatçı və sərkərdə, müdrik Kutuzovu yaratmışdır. Rus torpağı özünün ən ağır, ən faciəli illərində belə, axıra qədər möhkəm dayanmışdır . Şərait nə qədər ağırlaşmışsa, rus torpağı o qədər ağıllı və möhkəm olmağa başlamışdır.

         İndi keçmişdə heç vəchlə müqayisə edilməyəcək imtahan günlərində də biz fəxr ilə deyirik : ağıllı rus torpağı daha da möhkəmlənəcək!

          Biz, Qorkini böyük rus yazıçısı adlandırırıq. Bu yalnız ona görə deyildir ki, xalq obrazları onun yaradıcılığında kök salmışdır, onun əsərlərində xalq müdrikliyinin qüvvətli nəbzi vurur. Yaxud bu əsərlər gözəl xalq əfsanələri, nağılları, nəğmələri, atalar sözü, zərb məsəlləri ilə zəngindir. Bu ona görədir ki, öz ehtiraslı axtarışlarında və meyllərində Qorki geniş xalq kütlələrinin iradəsinin ifadəçisi olmuşdur. Onun iradəsi isə göydən düşməmiş – Qorkinin iradəsi olmuşdur. Nə üçün biz Böyük Vətən müharibəsinin ən ağır imtahan mərhələlərində belə həmişə qalib gələciyimizə  inanırıq? Ona görə ki, bizim xalqın iradəsi  əsrlərdən bəri polad kimi bərkimişdir.

         Bütün xalqların dastan və nağıllarında mərdlik, igidlik, zirəklik və gözəlliyin yaxşı nümunələri vardır. Lakin heç bir xalqda İlya Muromets və Mikula Selininoviç kimi təmkinli və güclü bahadır obrazları yoxdur...”

         H.Vəkilin qeyd etdiyi kimi, Qorki klassik rus ədəbiyyatının gücünü onun ictimai mündirəcəsində, ifşaedici realiist mahiyyətində görürdü. “Xatirələr”ində  Qorki iftixar hissi ilə qeyd edirdi ki, rus torpağı orijinal istedadlarla zəngindir və bu torpağın mədəniyyəti çox güclüdür. Bu istedadlar və onların yaratdığı mədəniyyət Qorkini həmişə düşündürmüş və məftun etmişdir. Elə buna görə də Qorki böyük həvəs və qayğıkeşliklə, son dərəcə dəqiqlik və soyuqqanlılıqla rus ədəbiyyatı klassiklərindən  Çexov, Tolstoy, Korolenko, Yesenin və başqları haqqında yüksək fikir söyləmiş, onların canlı ədəbi portretlərini yaratmışdır.

Böyük ədib haqlı olaraq hər hansı bir sənətkara qiymət verərkən onun xalqa nə dərəcədə yaxın olduğunu, öz əsərləri ilə xalqa nə kimi mənəvi keyfiyyətlər aşıladığını, xalqın həyatına və mübarizəsinə necə kömək göstərdiyini, azadlığa, həqiqətə və insanlığa sədaqətini əsas meyar kimi qəbul edirdi. Qorki  L.Tolstoy haqqında yazırdı ki, onun əsərləri insana hörmət etməyi, həyatı anlamağı, bütün məsələlər haqqında qorxusuz -hürküsüz düşünməyi öyrədir. Tolstoy həqiqi və amansız bir nəfəslə “hamını və hər şeyi” ifşa etdi...

Bunula belə, Qorki, yaradıcılığının mübariz  ruhunu sönükləşdirdiyi  üçün  L.Tolstoyun  mütilik fəlsəfəsini kəskin tənqid edirdi.

M. Qorki antik dünyanın, İntibahın, yeni dövrün sənətkarlarında həmişə xalqa yaxınlığı,zülmün və əsarətin tənqidini, bəşəri nikbinliyi üstün tuturdu. Onun fikrincə, insanların amansız istismarına əsaslanan cəmiyyətdə  yazıçı çirkaba batmış, bayağı, iyrənc həyat tərzini cəsarətlə ifşa  etməlidir. “Svift, Rable, Volter, Lesaj, Bayron, Tekkerey, Hayne, Verxari, Anatol Frans və bir çoxları hökmran sinfin  eyiblərinin həqiqi və amansız  ifşaçları idilər” – deyən ədib təlqin  edirdi ki, yazıçı həyatı müşahidə etməsə, onun qanunlarına bələd olmasa, xalqı ilə yaşayıb onun dərdini, sevincini bölüşməsə, həqiqəti  əks etdirə bilməz, əsərləri ictimai cəhətdən kəsərsiz  olar.

Qorki Şekspiri, Balzak və Tolstoyu  bəşəriyyətin  özü - özü üçün ucaltdığı möhtəşəm abidə adlandırırdı. Balzakın planlarının əhatəliyi, fikirlərindəki cəsarət, sözündəki həqiqilik  M.Qorkiyə  onu dünyanın ən nəhəng müəllimi adlandırmağa  imkan verirdi.

Çətinliyə müqavimət göstərə bilməyən, həyat iradəsindən məhrum olan yazıçılar və onların ölgün qəhrəmanları Qorkidə nifrət oyadırdı.Ədibin  fikrincə, ölməzlik qazanan - həyat, mübarizə, ictimai fikirlə bağlı olan ideya  və  qəhrəmanlardır. O, sənətkardan qəlbinin hərarəti ilə insanlığı isindirməyi tələb edirdi. A. Fransa yazdığı məktubda deyirdi: “Mənim üçün Yer kainatın məğrur qəlbidir, incəsənət Yerin yanar qəlbidir,sənət adamları o qəlbin damarlarıdır”.

Qeyd etdiyim kimi, Maksim Qorki hələ inqilabdan əvvəl iki dəfə Bakıya gəlmiş, neft fəhlələrinin ağır həyatını müşahidə etmişdir. O, 1928 – ci ildə son dəfə Bakıya gəlib xalqımızın az bir zamanda əldə etdiyi nailiyyətlərini gördükdən sonra  “İki Azərbaycan” adlı məqaləsini yazıb 1929 – cu ildə  “İnqilab və mədəniyyət” jurnalında dərc etdirmişdir.

         Həmin məqalədən bəzi hissələri böyük ehtiramla qeyd edirəm: “Mən Bakıda iki dəfə olmuşam 1892 – ci ildə və 1897 – ci ildə. O zaman neft mədənləri mənim xəyalımda dahiyanə çəkilmiş bir cəhənnəm  şəkli kimi yaşayırdı. Bu şəkil, cəhənnəm haqqındakı bütün qorxunc fikirləri, cin və şeytanları, qaynayan qatran qazanlarını və sönməz atəşləri başımdan çıxardı. Mən zarafat etmirəm, doğrudan da Bakı mənə çox təsir etmişdi.

         Birinci dəfə Bakıda düşdüyüm zaman, neft mədənlərində yanğın olmuşdu. Mavi göyün altında, neft buruqlarının üstündə elə qalın və ağır tüstü təbəqəsi durmuşdu ki, havaya bir neçə desyatin qara torpaq qalxdığını zənn etmək olardı. Yoldaş Fyodr Afanasyev ilə neftli qumlar üzərində addımlayaraq, Qara Şəhərə çatdıqda mən buruqların başını gördüm. Buruqların başı qalın bir tüstü işərisində gizlənmişdi. Mənə elə gəlirdi ki, yerin üzərində başqa bir dünya var, orada dünyanın ikinci bir qatı var, orada da insanlar yaşayır və bu ikinci qat bir gün genişlənəcək və göyü əbədi bir qara pərdə ilə örtəcəkdir.

         ... İkinci dəfə, beş il sonra  “Kaspi ” qəzetəsinin əməkaşlarından birisi ilə mədənlərə gəlmişdim. Bu adam mənə söz verdi ki, bütün gördüyümüz şeylər ilə məni tanış edəcək , amma Suraxanıya çatan kimi məni bir uzun boy kişi ilə tanış edib, özü yox oldu.

         Uzun boylu kişi çox qəmgin  və bədbin bir tərzdə dedi:

-Görmürsən, heç bir maraqlı şey yoxdur.

         Bütün günü, səhərdən axşama kimi mədənlərdə dəli kimi gəzdim. Hava adamı boğurdu, öskürməyə başlayırdım, mənə elə gəlirdi ki, zəhərlənmişəm. Neft ilə islanmış qara buruqlar arasında yaşıl, qara yağ gölləri görünürdü, bu göllərin sankı, heç dibi yoxdu. Hər tərəf yağ ilə bulanmışdı. Qum ayaqlarımın altında xışıldamır, yalnız fısıldayırdı. Buruq maşını cırıldayır, çəkic altında dəmirlər səslənirdilər. İşçilər qarışqa kimi hərəkətdə idilər – azərbaycanlı, rus, iranlı... qum arasında eşələnir, kanal qazır, uzun dəmir boruları bu tərəfdən o tərəfə, o tərəfdən bu tərəfə daşıyırdılar. Hər tərəfdə əzik, qırıq dəmirlər, əyilmiş, bükülmüş məftillər ayağa dolaşırdı. Torpaqdan sınıq borular başlarını çıxararaq baxırdılar... Bu dəmir yığınlarını sanki tufan çevirərək bu hala salmışdı...

Evlərin pəncərələrində bir dənə də olsun qırılmamış şüşə yoxdu. Bir pəncərədə bir çiçəyə  təsadüf etmədim. Evlərin qabağında bir qarış göy yer yoxdu. Kölgələnəcək bir ağac nəzərə çarpmırdı...

...İndi Bakı çox dəyişmişdir. Zəlzələdən sonrakı xarabaya bənzəyən Azərbaycan məhəllələri indi daha yoxdur. İndi küçələr enliləşmiş, ağaclar əkilmiş, bağlar salınmış, dəniz kənarındakı bulvarın ağacları tez boy atıb artmışdır. Tramvaylar səslənərək hərəkət edirlər ; bunların bəzisi Şərq zövqünə uyğun bir səliqə ilə işlənmişdir. Qara rübənd taxmış qadınlara indi təsadüf etmək olmaz ; ac, yoxsul və xəstə uşaqlar küçələrdə görünməz olmuşdur. İndi Bakının küçələrində bir çox sağlam və nəşəli uşaqlar qaynaşır, bunlardan hansının azərbaycanlı və hansının rus olduğunu mən öyrənə bilmədim. Hətta qədim “ Qız qalası ” belə əvvəlki kimi şəhəri sıxmır, indi bu qala da bir qədər cavanlaşmışdır. Bu qala indi şəhəri, külək ilə yuyulmuş və mədənlərin hisi boyanmış qəribə görkəmi ilə zinətləndirir.

Gecə mən Bakıya dağ üzərindən baxırdım. Burada Nəbatət bağı salmaq ehtimalı vardır. Buradan şəhərə baxarkən, heyrət etdim, şəhərdə və Bibiheybət mədənlərində işıqlardan əmələ gələn gözəlliyə heyrət etdim.

         Gecələr Bompero dağından baxdıqda, Neapol şəhəri çox gözəl bir  mənzərə təşkil edir. Şəhərdə və limanda yanan işıqlar körfəzin sularına əks edərək zəngin bir rəng oynağı əmələ gətirirlər. Bakı isə Neapol körfəzindən daha çox və daha sıx işıqlıdır. Xəzər dənizinin qara güzgüsündə minlərcə sahil işıqları əks edir”.

         1928-ci ildə sonuncu dəfə Bakıda olan M. Qorkinin bu unudulmaz nitqi yaddaşlardan heç zaman silinməyəcəkdir: “Yoldaşlar, indi tarixi kənardan az və ya çox bir laqeydliklə müşahidə edən adam yazmayacaqdır. Tarixi zəhmətkeş adamın namuslu və qüdrətli  əli yazacaqdır, o adam ki, tarixi də özü yaradır və  onu mən öz qarşımda görürəm. Şübhəsiz, həmin bu adam deyəcəkdir ki,  Azərbaycan xalqı bütün Şərq xalqlarının önündə qəti addım atmış və bununla da bir müəllim rolunu, bizim hamımızın getməli olduğumuz yolu göstərmək rolunu öz öhdəsinə götürmüşdür.

Bu gün həm sizin, həm də mənim bayramımdır, ürəyimdən xəbər verən bayramdır. Mən gözləmirdim, əlbəttə, bilmirdim ki, siz bu gün bayram edirsiniz...

Yoldaşlar, həm sizin, həm də mənim gözəl yoldaşlarımızdan biri, indi aramızdan getmiş Leonid Krasin İtaliyada, Kapridə bir dəfə lirik dəqiqələrdən birində dedi: “Adamlar ya gərək bütün dillərdə danışsınlar, ya da gərək hamısı bir dildə danışsın”. Bu, çox yaxşı deyilmişdir. Mən şovinist deyiləm, millətçi də deyiləm və siz yəqin bilirsiniz ki,  mən milli mədəniyyətin əhəmiyyətini, ana dilinin əhəmiyyətini başa düşməyən adamlardan da deyiləm... Mən öz qarşımda gördüyüm bu adamı, parlaq surətdə yeni mədəniyyət yaratmağa başlamış bu böyük kollektiv insanı sevirəm və bütün qəlbimlə onunlayam. Lakin əlbəttə, yoldaşlar, mən də eyni zamanda o adamlardanam ki, onlar hamı kimi, sizin əksəriyyətiniz kimi inanırlar ki, insanın mənəvi vasitələri, səyləri onu səadətə, yer üzərində ədalətli həyata aparıb çıxaracaqdır, həm də insanı dünyanın həqiqi ağası, sahibi, təbiətin bütün sövq-təbii qüvvələrinin həqiqi hakimi edəcəkdir. Belədir, yoldaşlar, belədir! Və mən bu gələcək mədəniyyətə, bütün dünyanın ən yaxşı adamlarının arzu etdiyi bu gözəl mədəniyyətə doğru, sizin etdiyiniz kimi, yeni böyük bir addımın atıldığını görəndə, bu, sizi həyəcanlandırdığı kimi, məni də həyəcanlandırmaya bilməz! Biz möhtəşəm bir zəmanədə yaşayırıq, möhtəşəm zəmanədə!

Adamlara nə qədər çox baxırsansa, nə qədər çox görürsənsə, əməkçi insanın mühitindən doğan, mahiyyət etibarı ilə köhnə mövhumatı bu qədər asanlıqla qırıb dağıdan, insanı köhnə dünyanın onun qanına və sümüklərinə keçirtdiyi hər şeydən azad edən qüvvənin nə dərəcədə qüdrətli olduğuna heyran qalırsan. Mən azad olmuş qadını görürəm. 15-20 il bundan əvvəl bunu təsəvvür etmək olardımı? Yox! Bu, yeni dünyanın ən böyük qəhrəmanlıqlarından biridir və bunu siz edirsiniz. Mənə elə gəlir ki, siz  öz işinizi az qiymətləndirirsiniz. Siz öz gündəlik işinizlə  o qədər məşğulsunuz ki, hər gün çəkdiyiniz  böyük, hər şeyi sarsıdan və hər şeyi yaradan zəhmətinizə kifayət qədər geniş bir nəzərlə baxmırsınız. Bu, sizin özünüz üçün çəkilən böyük zəhmətdir, bütün dünyanın həqiqi sahibi üçün, əməkçi insan üçün, dünyada ikinci təbiəti yaradan, insanı mənasız zəhmətdən azad edən, insanı qanadlandıran və bütün xalqları bərabərliyə və qardaşlığa, həqiqi dostluğa aparan qüvvə  üçün çəkilən zəhmətdir.

Buradakı bütün həyəcanı,bütün qəribə təəssüratı, adamın heç ağlına da gətirə bilmədiyi, görünməmiş səadəti, burada baş verənləri ifadə etmək üçün söz tapılmır, laqeyd danışmaq olmur. Muzdur kəndli bu estradaya çıxanda  mən sarsıldım; mən estradada natiqlik edən rus kəndlilərini görmüşəm, lakin məhz bu saatda, bu dəqiqədə sizdə nə isə məni sevindirən və dərindən həyəcanlandıran bir şey vardır. Bundan qətiyyən belə nəticə çıxmasın ki, mən nə isə sizi, haqqında danışdığım rus kəndlilərindən bir növ aşağı pilləyə qoyuram.Yox! Mən burada gördüklərimi də, eşitdiklərimi də bilmirdim, mən buradakı pafosu, heyranedici səmimiyyəti hiss edirəm, sizin qarşınızda duran vəzifələri, onların həllinə olan meylinizi, sizin bu Bakı şəhərindəki əməyinizi, sizin əllərinizin, xəyalınızın, qəlbinizin və əqlinizin əməyini burada mənə bir az tərcümə edirlər. Bu əmək o qədər əzəmətlidir ki, bütün bu işlərin necə yeni və sarsıdıcı  olduğunu sizə demək, ifadə etmək üçün həqiqətən söz və boyalar tapmaq olmur. Axı o işi ki, siz görürsünüz, onu sabah və birisi gün Şərqin bütün xalqları görəcəklər. Axı doğrudan da yeni dünya mədəniyyəti başlanır və  siz də bu işdə sanki birinci dalğa olursunuz, yeni bir hərəkat başlayırsınız  ki, bu da bütün xalqları sarsıdacaqdır. Onlar da əməkçi xalqın səyləri ilə  açılmış o geniş yolla bütün dünya zəhmətkeşlərinin qarşısında duran böyük məqsədə doğru gedəcəklər. Axı burada, sizin 2,5 milyonluq xalqın içərisində görülən və zahirən bir o qədər də böyük görünməyən iş bir dövrün, yeni mədəniyyət yaradan yeni bir dövrün başlanğıcıdır. Elə ki, bu barədə düşünürsən və təsəvvür edirsən ki, bu, belədir, burada heç bir mübaliğə yoxdur, bütün bunlar həqiqətdir, doğrudan da sözlər, boyalar, ifadələr çatışmır, adamın nitqi gəlmir. Bu, o qədər böyük bir işdir ki, üzərində qələbə çalmağa başladığımız bu təbiətdə o, heç nə ilə müqayisəyə  gəlməz. Lakin bu, əməkçi xalqın qüvvəsinin yüksəlişi qədər, yeni mədəniyyət yaratmağa olan bu meylin özü qədər, burada hər bir sözdə, hər bir adamda hiss olunan bu bayram əhval-ruhiyyəsinin özü qədər geniş və əzəmətli bir hadisədir. Böyük və əzəmətli hadisədir.

Mən deyirəm ki, gələcək tarixçi bu günün haqqında, sizin xalqın qətiyyətlə  və  cəsarətlə irəli atıldığı... haqqında parlaq sözlər yazacaqdır.

Yoldaşlar, icazə verin, sizi ürəkdən təbrik edim və icazə verin deyim ki, mən bu son iki ayda sevinc və şadlıq dəqiqələrini çox görmüşəm və indiki dəqiqə  ən fərəhləndiricilərdən biridir, özü də mən bunu mübaliğə ilə demirəm, mən bunu hiss edirəm. Sizi salamlayıram, yoldaşlar!”.

Qorkinin Bakıya gəlişinin neft sənayesində öz fədakar zəhməti ilə ad-san qazanmış Sosialist Əməyi Qəhrəmanı Gülbala Əliyev “Neftçilərin dostu” məqaləsində böyük Qorkidən belə bəhs edirdi:

“...Bir dəfə yoldaşlarımdan biri mənə danışdı ki, keçən il Rusiyadan Bakıya Maksim Qorki adında böyük yazıçı gəlib. Neft mədənlərini gəzib, üst-başı neft içində olan fəhlələrlə görüşüb. Bakı fəhləsinin min əziyyətlə neft çıxardığını görüb. Neftçilərin yaşadıqları sınıq-sökük daxmalara gedib. Bakıdan çox bikef, narazı ayrılıb. Fəhlələr üçün ürəyi yanan adam imiş. Düzü, bu söhbətdən xoşlandım. Üzünü görmədiyim adama məhəbbət bəslədim.

Atalar deyiblər ki, dağ dağa rast gəlməz, insan insana rast gələr. Çox düz deyilmiş sözlərdir. İllər keçdi. Dövran dəyişdi. Neftçilərin əzab - əziyyətli iş i şan-şöhrətə çevrildi. Neft mədənlərinə texnika  gəldi, iş yeri sahmana düşdü, neftçilər üçün gözəl - gözəl binalar tikildi.

1928 - ci il yay aylarının birində Bibiheybətə xoş bir xəbər yayıldı.Dedilər ki, Maksim Qorki Bakıya gəlib, neft mədənlərini gəzir.

Bu xəbərdən bir neçə gün sonra böyük yazıçı Bibiheybət neft mədənlərinə gəldi.Hamımız onu görməyə can atırdıq.Üç-dörd nəfər idilər. Aralarında ən ucaboylusu o idi.Gözlərimiz ona dikilmişdi. Yazıçı gülür, zarafat edir, fəhlələrə sual verir, hər şeylə maraqlanırdı.Bir şey aydın idi ki, mədənlərimiz, neftçilər xoşuna gəlir, onu sevindirirdi.

Buruq ustası idim, işim yaxşı gedirdi.Hörmətimi saxlayırdılar.Cəsarətimi toplayıb, irəli getdim.

-Bakı mədənlərimiz xoşunuza gəlirmi?-deyə, yazıçıdan soruşdum.

Maksim Qorki güldü və yanındakı ortaboylu kişiyə dedi:

-Mən ətrafıma göz gəzdirirəm və əlbəttə, heç bir şeyi tanımıram. Mədənlər çox artmış, adamı heyrətə salacaq dərəcədə genişlənmişdir. Amma məni daha artıq heyran edən şey ətrafdakı sakitlikdir.Mən elə güman edirdim neftə bulaşmış, yazıq görkəmli fəhlələrlə rastlaşacam. Amma tamamilə əksini görürəm.Texnika insanları cəhənnəm əzabından qurtarıb. İnanıram ki, yaxın gələcəkdə bütün işlərininz mexanikləşəcəkdir.

Xeyli gəzintidən və bizimlə söhbətdən sonra dahi yazıçı, sevimli qonağımız  hamımızla bir-bir görüşüb ayrıldı. O, getdi. Lakin özü haqqında qoyub getdiyi unudulmaz xatirə həmişəlik ürəklərimizə həkk oldu. Mən hər dəfə başdan-başa avtomatlaşan, Xəzərin coşqun sularına hücum çəkən buruqlarımıza baxanda, üzügülər, ürəyi sevinc dolu neftçilərimizə baxanda Maksim Qorkini xatırlayıram”.

1931-ci ildə “Gerçəklik haqqında” yazdığı məqaləsində Qorki yazırdı ki, ədib xalqın  gözləri, qulaqları və səsidir. O, öz sinfinin əhval-ruhiyyəsini, arzularını, həyəcanlarını, ümidlərini, ehtiraslarını, nöqsanlarını və ləyaqətini qavrayır, müəyyən qəlibə salır və əks etdirir.

Qorki xalqlar arasında irqi - milli nifrət hissi yayan faşist nəzəriyyəçilərininin irəli sürdüyü fikirləri kəskin ifşa edirdi. Böyük humanist və bütün insanların dostu olan ədib, yorulmadan faşist cəlladlarının –özlərini ali irq elan edib dünyaya ağalıq etmək kimi çürük ideologiyasını şərh edərək göstəriridi ki, bütün bunların mahiyəti Yer üzündəki başqa xalqları və onların mədəniyyətini məhv etmək, hamını alman faşist ağalarına qul etməkdən ibarətdir.

Qorki 1934-cü ildə yazdığı məqalədə deyirdi: “Bu gün bunlar yəhudilər əleyhinə mübarizə etməyi irəli sürür,- və bunu onlar artıq öz çirkin təcrübələrində də tətbiq edirlər, - sabah isə polyakların, çexlərin alman mədəniyyətinə nə qədər istedadlı adamlar verdiyini unudaraq, Momzenin, Treyçkenin slavyanlar haqqındakı utanmaz fikirlərini xatırlayaraq slavyanlar əleyhinə mübarizə aparmağı təbliğ edəcəklər...”

Maksim Qorkinin həyat və yaradıcılığında yəhudi məsələsi ayrıca yer tutur. Müasir dünya yəhudiliyi üçün Qorki ənənəvi olaraq – qeyri-yəhudi mənşəli sovet yazıçılarından ən hörmətlisi idi.

Həyatın devizlərindən biri olaraq Qorki  yəhudi müdriki və din müəllimi Hilleyin sözlərini qəbul edirdi: “Əgər mən özümə dayaq olmasam, kim mənə dayaq olar? Əgər mən yalnız özümə dayaq olacağamsa, onda mən nəyəm?”. Qorkinin etiqadınca, məhz bu sözlər həmin vaxtlar sosializmin kollektivçilik idealının mahiyyətini ifadə edirdi.

Yazıçı 1880-ci illərin “Talan” oçerkində (ilk dəfə 1901-ci ildə “Məhsulsuzluqdan zərər çəkmiş yəhudilərə kömək” toplusunda dərc edilib) Nijni Novqorodda şahidi olduğu yəhudi talanlarını qəzəb və hiddətlə təsvir, yəhudilərin mənzillərini darmadağın edənləri isə  “cahil və qəzəbli qüvvənin ifadəçiləri” kimi təqdim edirdi.

 1914-cü ildə Birinci Dünya müharibəsinin gedişində yəhudilər Rus-Alman cəbhəsi zonalarından kütləvi surətdə köçürüləndə, Qorkinin təşəbbüsü əsasında yəhudilərin həyatını öyrənmək üçün Rus Cəmiyyəti yaradılır və 1915-ci ildə yəhudiləri müdafiə məqsədi ilə “Qalxan” publisistik toplusu buraxılmağa başlanılır.  

Qorki yəhudilər barəsində bir neçə məqalə yazaraq, təkcə yəhudi xalqını ucaltmaqla qalmayıb, həm də bu xalqı “tarixin hərəkətvericisi” , “tarixi tərəqqinin mayası” elan edirdi. 

1906-cı ildə Nyu-Yorkda yəhudilərin mitinqində  çıxış edən Qorkinin söylədiyi nitq  sonralar “Yəhudilər haqqında” adı ilə ayrıca məqalə şəklində dərc olunur və “Bund” haqqında” məqaləsi, eləcə də “Talan” oçerki həmin il Qorkinin yəhudi məsələsinə həsr olunmuş və ayrıca çap olunan kitabını təşkil edir. 

Nyu-Yorkdakı nitqində Qorki demişdi:  “İnsanlığın tərəqqiyə, işığa doğru gedən bu ağır, yorucu yolun bütün mərhələlərində yəhudi canlı etirazçı, tədqiqatçı olaraq dayanıb.  O, hər zaman  bütün dünya üzərində qürurla və yüksəkdə dayanan,  bütün çirkinliklərə, insan həyatındakı bütün alçaqlıqlara qarşı, insanın insan üzərindəki bütün kobud zorakılıq aktlarına qarşı, mənəvi cəhalətin bütün ikrahoyadıcı  bayağılıqlarına qarşı heç vaxt zəifləməyən güclü etiraz  mayakı olub”.

İsraildə 1986-cı ildə rus dilində  nəşr edilən “Qorki və yəhudi məsələsi” toplusuna yazılan ön sözdə , tərtibçi-müəlliflər  Mixail (Melex) Aqurski və Marqarita Şklovskaya etiraf edirlər:  “Çətin ki, XIX yüzil rus mədəniyyət və ictimai xadimlərindən yəhudi problemləri, yəhudi mədəni dəyərləri, yəhudi tarixi, yəhudi xalqının siyasi və mənəvi axtarışları ilə Maksim Qorki qədər tanış olan adam tapılsın”... 

...Qorki hələ Hitlerin hakimiyyətə gəlməsindən əvvəl, 1932-ci ildə yazdığı “Saldat ideyaları” adlı məqaləsində faşizm ideyalarının mənbəyi və törənməsi məsələsini izah edirdi. Qorki sübut edirdi ki, “saldat ideyaları” bir o qədər də yeni deyildir. “Bunların kökünü Henrix Troyçkenin və Fridrix Nitşenin kitablarında görmək olar. Bu ideyaları ilk dəfə həyata keçirən Benito Mussolini olmuşdur. Mussolini faşizm haqqında “İtaliya ensiklopediyası” üçün yazdığı məqaləsində Nitsşenin bütün fikirlərindən istifadə  edərək insan fərdlərinin ictimai bərabərliyini və xalqların qardaşlığı ideyasını nifrətlə inkar edir... Mussolini müharibəni təbrik edir və tərifləyir”.

Bir vacib faktı da qeyd etmək isərdim ki, 1906 -1907, 1921-1922 və 1923 - cü illərdə Qorki Almaniyada olarkən alman ədəbiyyatı və incəsənətinin nümayəndələri ilə daha yaxından tanış olmağa imkan tapmışdı. 1928-ci ildə mütərəqqi alman cəmiyyəti Qorkinin 60 illiyini təntənə ilə qeyd etmişdi. Onlarca məşhur alman ədibi Qorkinin yaradıcılığının cahanşümul əhəmiyyətini təsdiqləmişdi.

M. Qorki Almaniyada faşizmin hakimiyyət başına gəlməsini qəzəblə qarşılamış və ömrünün sonuna kimi faşizm əleyhinə mübarizə aparmışdı. Böyük alman yazıçısı Henrix Mann etiraf edirdi ki, Qorkinin antifaşist fəaliyyətindən ruhlanan mütərəəqqi ədiblər, nəhayət, Alman Xalq Cəbhəsini və  “Antifaşist  Alman Yazıçıları İttifaqı”nı təşkil etdilər.

Böyük humanist ədib faşizm əleyhinə mübarizəyə qalxan mütərəqqi alman yazıçılarını rəğbətlə qarşılayır, onları irticadan və təqiblərdən müdafiə edirdi. 1928-ci ildə alman burjua hakim dairələri inqilabçı şair Y. Bexer əleyhinə guya dövlətə xəyanət üstündə yalançı bir ittiham qaldırmışdılar. Alovlu şairin  “Taclı cəsəd”, “Lüizit” kimi əsərlərində mürtəce hakim dairələr kəskin  şəkildə  ifşa olunmuşdu.Bütün Almaniyada fəhlə və ziyalılar nümayişlər təşkil  edib, Bexerin azad olunmasını tələb etdilər. Elə həmin gün  “İzvestiya” qəzetində  Qorkinin  “Bexerin mühakiməsinə qarşı etiraz” məqaləsi dərc olundu. Bütün mütərəqqi  Avropa yazıçıları Qorkinin çağırışına  cavab  verdilər. Qorkinin məktubu alman yazıçılarının Bexerin müdafiəsinə həsr olunmuş iclasında oxunmuşdu. Hakim dairələr təşvişə düşüb Bexerin işinə xitam verməyə məcbur olmuşdular.Qorki öz çağırışında Bexeri məhəbbət və nifrətdən ilham alan, qanlı müharibələri ifşa edən istedadlı və şərəfli bir yazıçı adlandırır, cinayətlər içində günaha batmış hakimləri riyakarlıqlarına  görə  damğalayırdı.

Qorki faşizm ideologiyasını guya fəlsəfi cəhətdən işləmiş A. Rozenberqin ancaq vəhşilərə yaraşan fikirlərini oxuduqdan sonra belə bir nəticə çıxarmışdı: “Bax, bu hərif faşizmin əsl məzmununu verir. Tamamilə aydındır ki, Avropanı, onun əməkçi xalqlarını dəli olmuş adamlar idarə edir. Elə bir cinayət yoxdur ki, bu adamlar bacarmasın. Elə bir insan qanı yoxdur ki, onlar onu tökməkdən qorxsunlar. Ancaq Höteni və Kantı, Şilleri və Fixteni, yüzlərcə böyük mütəfəkkirləri, şairləri, musiqişünasları və rəssamları “unutduqdan” və ya “məhv etdikdən” sonra belə bir dərəcəyə gəlib çıxmaq mümkündür”.

Qorki Avropanın mədəni xalqlarının gözü qarşısında öz çirkin əməllərini həyata keçirən faşistlərin bütün dünya xalqları tərəfindən cəzalandırılmadığna  görə heyrət edirdi.Qorki göstərirdi ki, faşizm yaşadıqca yetişən yeni nəsli daha çox zəhərləyəcək, öz köklərini daha çox möhkəmləndirməyə can atacaqdır. Qorki yazırdı: “Faşizm yeniyetmələrlə gəncləri tapançadan başqa köhnəlmiş millətçilik və irqçilik ideyaları ilə silahlandıraraq, gənclərdə ictimai həyasızlıq, canilik və quldurluq ehtirası tərbiyə  edir”.

M.Qorkinin cahanşümül bir əhəmiyyətə malik olan böyük yaradıcılıq məktəbi, əlbəttə, Azərbaycan ədəbiyyatında da öz faydalı təsirini göstərmişdir. Bizim ən görkəmli yazıçılarımız  Qorkini özlərinə həqiqi bir mənəvi ustad və müəllim kimi tanımışlar. Onun yaradıcılığı bizim ən qabaqcıl sənətkarlarımızı ilhamlandırmış və ruhlandırmışdır. Məsələn, Abbas Səhhət xalqımızın böyük rus mədəniyyəti və ədəbiyyatı ilə tanış edərkən Qorkinin məşhur  “Həyatın dibində” əsərindən bu parçanı coşqun bir ilhamla tərcümə etmişdir:

 

Gün ki, səhərlər çıxar, axşam batar,

Əksilməz zülməti zindanımın.

Sanma ki, bir ləhzə keşikçim yatar,

Fikri qalıb məndə nigəhbanımın.

Hər necə istərsən, elə çək keşik,

Arxayın  ol, mən buradan qaçmaram.

İstəyirəm  gərçi  mən azadəlik,

Zənciri amma bacarıb açmaram...

 

Təbii ki, bu, sadəcə bir tərdcümə deyildi. A.Səhhət böyük Qorkinin yaradıcılığından ilhamlanıb, onun vasitəsilə məhz öz qəlbinin çırpıntılarını, azadlığa həsrət olan Azərbaycan xalqının azadlıq arzularını ifadə etməyə imkan tapmışdır.

Cəfər Cabbarlının vətəni təmsil edən coşqun “Ana” şeirinin bu aşağıdakı misralarında  “Fırtına quşu” nəğməsinin əks-sədasını duymamaq mümkün deyildir:

 

Əs, ey külək, bağır ey bəhri-biəman, ləpələn!

Atıl  cəhanə sən, ey ildırım, alış, gurla!

Bunlar mənə əsər elərmi?

                            Yox, əsla!..

 

Fransız şairi və ədəbiyyatşünası, vaxtı ilə YUNESKO – nun ədəbiyyat bölməsinin rəhbəri olmuş Roje Kayyua Moskvada keçirilən  “ Bədii tərcümə nəzəriyyəsinin  aktual problemləri ” simpoziumunda çıxış edərkən qeyd etmişdi ki: “Fransada 100 ildən artıqdır ki, şeiri nəsrlə tərcümə etmək ənənəsi mövcuddur ”. Əlbəttə, bunu qeydsiz – şərtsiz məqbul hal hesab etmək çətindir. Lakin orijinalın məna xüsusiyyətlərini azacıq da olsa itirmək ehtimalına qarşı şeirin nəsrlə tərcümə edilməsi faktının özü çox maraqlıdır. Poetik tərcümədə mənanı qoruyub saxlamaq üzərində beləcə əsənlər görün nəsrin, dramaturgiyanın tərcüməsinə qarşı necə tələbkardırlar”.

Qorki yaradıcılığının bütün dünya ədəbiyyatına, o cümlədən Çin ədəbiyyatına böyük və faydalı təsiri olmuşdur. Demokratik çin yazıçıları Qorkidən çox şey öyrəndiklərini dəfələrlə qeyd etmişlər. Çinin məşhur ictimai xadimi, yazıçı Qo Mo – jo Qorkinin ədəbi təsirinin Çində daha geniş yer tutduğunu xüsusilə qeyd edib göstərirdi ki, böyük proletar yazıçı Çin xalqına  çoxdan məlumdur. Çin yazıçıları Qorki qarşısında səcdə edir, ondan öyrənir, onu sevirlər. Onun ədəbi publisistik məqalələri Çində çox yayılmışdır. Yazıçılar həm həyatı, həm də bədii yaradıcılığın sirrlərini Qorkidən öyrənirlər. “Qorkidən biz nəinki yazmağı və necə yazmağı öyrənirik, həm də ondan nə cür yaşamaq və mübarizə etməyi də öyrənirik ”.

M. Qorkinin anadan olmasının 100 illiyi ilə əlaqədar hind yazıçısı Əhməd  Abbasın “Dünya ədəbiyyatının incisi” adlı məqaləsində oxuyuruq: “...Qorkini Hindistanda tanımayan yoxdur.Onun müdrik, həmişə gülümsəyən və xeyirxah siması yazıçı və oxucularımıza da yaxşı məlumdur .Qorki yazıçılar yazıçısıdır.Onun əsərləri mütərəqqi hind yazıçılarının bütün bir nəsli üçün əsl dərslikdir.

Yazıçılarımız  Qorkini gözəl hekayələrinə, yaratdığı inci kimi gözəl obrazlara, səfillərin dərdinə qaldığına görə sevirlər.

Onun “Ana” romanındakı inqilabi coşqunluq yazıçılarımızı ruhlandırır. Nilovna obrazı qabaqcıl ideologiyanın təsiri altında, xalq içərisində yetişmiş adamlarla görüşlər nəticəsində Qorkinin yaratdığı unudulmaz qəhrəmanlıq obrazıdır. Əgər Qorki  “Ana” romanından başqa heç nə yaratmamış olsaydı belə, bu əsər ona əbədi şöhrət qazandırmış olardı.

Qorki  tərəqqipərvər hind yazıçılarının yaxın dostu, etibarlı həyat peyki və müdrik müəllimidir. Bütün böyük yazıçılar yüksək prinsipli adamlar olmuşlar. Lakin Qorki yüksək prinsipli yazıçı olmaqla yanaşı, həm də ictimai həyatda fəal iştirak etmişdir.

Öz vətəninin azadlığı uğrunda çarpışdıqları dövrdə həbsxanalara salınmış minlərlə hind vətənpərvərləri və inqilabçıları Qorkinin əsərlərini oxuyurdular.Qorknin hekayələri, romanları və yol qeydləri böyük estetik təsir bağışlamaqla yanaşı, həm də hind vətənpərvərlərini əməli mübarizəyə ruhlandırmışdır. Cavahirləl Nehru həbsxanada olarkən Qorkinin “Ana” romanını və hekayələrini oxumuşdu. O, 1933-cü ilin martında həbsxanadan qızına göndərdiyi məktubda Qorkini  “görkəmli rus yazıçılarından biri”  adlandırmışdı.

Hindistanın azadlığı uğrunda mübarizə illərində  Qorkinin “Ana” romanı ölkədə belə böyük ümumxalq məhəbbəti qazanmışdı. Bu roman bütün əsas hind dillərinə tərcümə edilmişdir. Ümumiyyətlə isə hind dillərinə Maksim Qorkinin 36 əsəri tərcümə olunmuşdur...”

Azərbaycanın görkəmli şairi Səməd Vurğun Qorkini böyük ehtiramla yada salırdı:

“Mən yoldaş Qorkini ilk dəfə olaraq 1934-cü ildə Moskvada Sovet Yazıçılarının birinci Ümumittifaq qurultayında gördüm. Sonralar isə bir neçə dəfə Yazıçılar İttifaqında görüşdük.

         Onun simasındakı sadə əzəmət köküs qəfəsində çarpan böyük bir qəlbi ifadə edirdi. Həyatın ən mürəkkəb və dolaşıq yollarını keçmiş olan Qorki,  tarixin böyük kitabını səhifə - səhifə oxumuş olduğundan biz onun idrak və kamalından dərs alardıq. Onun söhbətləri daima sadə və mənalı idi. Onun adi hərəkətlərində belə pirani xalq qocalarına məxsus sifətlər vardı.Yaşının ötkün olmasına və xəstəliyinə baxmayaraq, yenə də gözlərindəki parlaqlıq və canlı baxışlar onun – o sənət və hünər aşiqinin həyata olan tükənməz məhəbbətini ifadə edirdi. Ondakı böyük inam və iradə hər kəsi heyran qoyurdu. Onun qəlbi ipək kimi yumşaq olsa da, öz fikirlərini, əqidələrini möhkəm bir iradə və mətanətlə müdafiə edirdi. Bir sözlə desək, o, məslək adamı idi!

         Qorki bütün varlığı etibarı ilə alicənab bir rus idi. O, doğrudan da böyük bir xalqın  oğlu olduğundan onun təbiəti üfüqlər qədər geniş idi. Buna görə də o, bütün xalqların oğlu olmaq kimi uca bir rütbəyə qədər yüksəldi. Biz, milli ədəbiyyatların nümayəndələri Qorkini xüsusi bir eşq ilə sevirdik. O, bizim qarşımızda mahir bir sənətkar, qocaman bir ustad kimi dururdu...”.

         Azərbaycanın tanınmış şərqşünas - ərəbşünas alimi Aida xanım İmanquliyeva  özünün “Qorki və  ərəb şərqi”  məqaləsində böyük rus yazıçısının ərəb aləmindəki yüksək mövqe və nüfuzundan bəhs edib yazırdı: “Qorki yaradıcılığı ilə ərəb ədəbiyyatı arasında olan əlaqəni ilk dəfə öyrənib meydana çıxaran görkəmli sovet şərqşünası, akademik İ.Y.Kraçkovski olmuşdur. Qorki əsərlərinin ərəb ölkələrində nə dərəcədə yayıldığını dəqiq təyin etmək məqsədi ilə İ.Y.Kraçkovski bir sıra ərəb ölkələrinə, ilk növbədə Suriyaya, Misirə, Əlcəzairə, Livana məktublar göndərmiş və cavablar almışdı. Beyrutda, Dəməşqdə, Qahirədə çıxan “Əd-Duhur”,  “Ər-Taliə”, “Ər-Risalə”, “Əl-Hilal”, “Ruh əl - Əsr” qəzet və jurnallarının əməkdaşlarından, Misir kitabxanalarından mühüm əhəmiyyəti olan məktublar alınmışdı. Ərəb qəzet və jurnallarında Qorki haqqında dərc olunmuş materiallar kəsilib göndərilmişdi. Görkəmli ərəb yazıçısı Mahmud Teymur Qorki yaradıcılığı haqqında çox qiymətli materialların üzünü şəxsən köçürüb  Kraçkovskiyə  göndərmişdi...

Qorki əsərləri ərəb ölkələri içərisində Suriyada daha geniş yayılırdı. Suriyalı müəllim və jurnalist Səlim Kobeyn 1907-ci ildə Qorkinin 4 əsərini (“Həmişə öz bayrağını tutan şah”, “Respublika şahlarından biri”, “Gözəl Fransa”, “Yəhudilər haqqında”) ərəb dilinə tərcümə edib bir məcmuə halında nəşr etdirmişdi. Məcmuənin birinci səhifəsində Qorkniin portreti verilmişdi. Səlim Kobeyn Qorkini ərəb oxucularına rus inqilabının carçısı kimi  təqdim  etməyə çalışmışdı. Məcmuəyə  yazdığı müqəddimədə Səlim Kobeyn deyirdi: “M.Qorki azad fikirli yazıçı idi. O, Rusiyada mətbuat üzərində əsarətin gücləndiyi, təfəkkürün qadağan edildiyi, yazıçıların təqibinin  artdığı və onların əsərlərinin müsadirə edildiyi zamanda meydana gəlmişdir...Yazıçı mübarizə meydanına atıldı, özünü vətəninin və həmvətənlərinin xidmətinə həsr etdi...Maksim  Qorki yarı Şərq tipli adamdır. O, qələmini islahatlar mövzusuna, şahlar hökmranlığına qarşı mübarizəyə, istibdadın məhvinə, xalqının üzündən cəhalət pərdəsini açmağa həsr etmişdi. Mən belə düşünürəm ki, bizim Şərq xalqlarının Qorkinin nitqləri ilə tanış olmağa, bu nitqlərdən istiqamət almağa ehtiyacı vardır, çünki biz hamımız islahatlar aparmağa can atırıq; təhqir olunub sonra ayağa qalxmışıq, islahata ehtiyacı olan yer və bu islahatlara aparan yollar axtarmağa başlamışıq. Buna görə də Şərq birliyi məni məcbur etdi ki, dahi rus islahatçısının bir neçə məqaləsini tərcümə edib, ümumiyyətlə şərqlilərə, xüsusilə misirlilərə təqdim edim”.

...İraqın mütərəqqi, demokratik yazıçısı Müfid əl-Bağdadi yazır ki, yalnız İkinci Dünya müharibəsi zamanı İraq xalqı dünyanın ən mütərəqqi ədəbiyyatı ilə tanış olmaq, Puşkin, Qoqol, Tolstoy, Çexov, Qorki kimi dahi rus yazıçılarının əsərlərini oxumaq imkanı əldə etdi.

Nuri Səidin qanlı rejimi dövründə İraqa hər hansı bir xarici ölkədən, hətta digər ərəb ölkələrindən mütərəqqi ədəbiyyat gətirilməsi qadağan edilmişdi. Müfid əl-Bağdadinin dediyi kimi, əgər hökumət adamları kimin evindən M.Qorkinin, M.Şoloxovun, İ.Erenburqun əsərlərini tapsaydılar, həmin şəxs 6 ay həbs cəzasına məhkum edilirdi. Lakin bu təqiblərə və təzyiqlərə  baxmayaraq, İraq ziyalıları hər cür yolla olsa da çox sevdikləri rus yazıçılarının əsərlərini əldə edib oxuyur və qoruyurdular”.

Böyük  Qorkinin yaradıcılığını sevə - sevə  və  təkrar – təkrar mütaliə etdiyim  vaxtlarda  tanınmış bəstəkarımız  Fikrət  Əmirovun  50 il bundan əvvəl qələmə aldığı “Bəstəkar” adlı maraqlı bir yazısına  rast gəlmişdim: “Məndən soruşsalar ki, Maksim Qorki kim idi? Deyərdim:bəstəkar.

O, mahnı da yazıb, simfoniya da. Onun hekayə və şeirləri ən gözəl mahnı, roman və pyesləri isə ən gözəl simfoniyadır.

Qorki musiqisi dəniz kimi fırtınalıdır, dağlar kimi əzəmətlidir, göylər kimi genişdir.Nağıllar kimi əfsanəvidir, inasının özü kimi müqəddəs və həyatidir.

Biz bu gün iftixarla deyirik ki, yazmağı-yaratmağı Qorkidən öyrənmişik...

Qorki yolu nədir? Bu suala cavab almaq üçün birinci növbədə Qorkinin özünü dərindən oxumaq, öyrənmək lazımdır.Mən Qorkini ən uca bir dağa bənzədirəm. Bu dağ doğma torpağa bağlıdır, doğma torpaqdan yüksəlmişdir!

Qorki son dərəcə milli sənətkardır: bu əsl xəlqilik onu son dərəcə beynəlmiləl sənətkar etmişdir.

Qorki son dərəcə sadə sənətkardır: bu sadəlik ən mürəkkəb və ən çətin həyat məsələlərinin açarı olmuşdur.

Qorki son dərəcə əqidəli insandır: bu əqidə ona Herakl gücü vermiş, onu bütün insanların sevimlisinə çevirmişdir.

Qorkini oxuyarkən ürəkdən əmin olursan ki, onun yolu ölməzlik yoludur...

Qorkini  oxuyarkən  gözlərim qarşısında  ideal insan obrazı canlanır. Bəşərin  yoluna işıq saçan Dankonun ürəyi canlanır.

Qorkninin  hər kəlməsində xalqın ürək döyüntüsü vardır, hər cümləsi xalqın  arzusu ilə yoğrulmuşdur. Çünki sadə xalq böyük sənətkarın ən birinci və  ən baş universiteti olmuşdur. Qorki doğma xalqın qiymətini ən yüksək qiymət saymış, xalqa  yaxın  olmaqdan, gərəkili olmaqdan ən yüksək  zövq  almışdır.

Qorkini  oxuyarkən  Belinskinin  ölməz kəlamı yada düşür: “Öz vətəninə məxsus olmayan – insanlığa da məxsus deyildir”. Doğma vətənində  sevilən  Maksim  Qorki bütün insanlığa məxsus sənətkardır. Buna görə də o, ölməzdir. O, şairin  gözündə - şair, rəssamın gözündə -rəssam,  bəstəkarın  gözündə bəstəkardır. Buna görə də Maksim Qorkinin anadan olmasının yüz illiyini bu gün yer üzünün hər guşəsində dünya mədəniyyətinin  təntənəsi kimi qeyd edirlər. Bu təntənənin özü də bir simfoniyadır. Ustad Maksim Qorkiyə layiq simfoniya!”.

Bir qədər sonra  rəssam  Böyükağa Mirzəzadəyə məxsus  “Portret, peyzaj ustası” adlı yeni ruhlu bir yazı ilə tanış oldum: “M.Qorkinin əsərlərində  insan surətləri, dramatik səhnələr və təbiət təsvirləri böyük ustalıqla verilmişdir. Onun qəhrəmanları – duyan, düşünən, yaşayan, iztirab çəkən, sevinən insan kimi asanlıqla təsəvvürümüzdə canlanır. Ədibin hər hansı əsərini oxuduqda sanki surətlər birdən-birə canlı insana çevrilir, oxucunun həmsöhbəti, dostu, yaxud düşməni olurlar.

“Arxip baba və Lyonka” hekayəsini uşaqlıqda dönə-dönə böyük məhəbbətlə oxumuşam. Lyonkanın arzuları, xəyalları, bir parça çörək həsrəti, həyatın amansız zərbələrinə düçar olması, yaşamaq uğrunda apardığı mübarizə, faciəli taleyi necə də sənətkarlıqla təsvir edilmişdir.Çiyin sümükləri köhnə paltarını deşib çölə çıxan, aclıq və iztirabdan gözləri çuxura  düşən gündən qapqara yanan Lyonkanın canlı portreti heç zaman gözümün qarşısından getmir.

Eləcə  də  “Ana” romanındakı məhkəmə səhnəsi, ananın inqilabi fəaliyyətini  təsvir  edən ayrı- ayrı epizodlar, “Malva” hekayəsində dənizin təsviri, təbiət lövhələri rəssam üçün hazır materiallardır”.

Unudulmaz şairimiz Rəsul Rza “Ölümsüzlüyün təntənəsi”ndə yazır:

“...Qorki yaradıcılığını bir neçə kəlmə ilə xarakterizə etmək istəsən, məncə, məhəbbət, inam, nifrət və qəzəb sözlərini seçmək daha doğru olar.

Onun məhəbbəti sonsuz, aydın, yüksək bir məhəbbət idi. O, bu məhəbbətlə insanları sevir, insan fəlakətinə ürəkdən ağrıyır, insan arzu və əməllərinin cəsarətinə heyranlıqla baxır, bu məhəbbətlə dünyanın bütün nemətlərini yaradan sadə insanları, onların iş və mübarizəsini dərin bir maraqla izləyirdi. Bu məhəbbət hər şeyi əfv etməyə hazır, iztirablara acımaq, məhrumiyyətlər qabağında göz yaşı tökmək, kimdənsə, nədənsə mərhəmət ummaq kimi aciz bir məhəbbət deyildi. Qorki məhəbbətinin böyüklüyü  orasındadır ki, bu məhəbbət fəal, qaynar, lazım gələndə amansız bir məhəbbətdir...

Qorki insanlığın böyük gələcəyi naminə ayrı-ayrı insanların qəbahətlərinə, bəd əməllərinə, onların xırda hisslərindən doğan xudpəsəndliklərinə qarşı amansızdır. Bu nifrətdə də onun böyük və nəcib məhəbbəti bütün gözəllik və dərin mənası ilə özünü göstərir.Qorkinin qəzəbi məhəbbəti qədər, məhəbbəti qəzəbi qədər böyükdür.Onun üçün insan taleyinin işıqlı gələcəyə gedən yollarındakı hər cür maneələrə aman yoxdur.O, böyük bir humanist kimi insan cəmiyyətində yaramazlıqlar, ədalətsizliklər, çirkablar əleyhinə mübarizə aparırdı.

O, “Sürünmək üçün yarananlar qanadlana bilməz”- deyə nəmli kölgələrdə yaşamaq, mübarizənin fırtınalarından kənarda qalmaq, sürünə-sürünə ömür sürmək isəyənlərə - mütilik, acizlik fəlsəfəsinin qulu olanlar qüdrətli qələmi ilə zərbə vururdu.

...Qorkinin qəzəb və nifrəti də insana böyük məhəbbətindən doğurdu. Cek London haqlı olaraq yazır ki: “O, bir Ovod idi.Yuxiya getmiş insan vicdanlarını sancıb oyadırdı ki, onları insanlıq naminə vuruşa aparsın”.

...Düşünürəm, insan necə bir aləmdir ki, əsrlərlə bədii söz kəşfiyyatçıları onun qəlbinin dərinliklərini arayır, hər dəfə yeni hiss və duyğu, arzu və əməl, məhəbbət və nifrət, hərəkət və xarakter yataqları tapır, insanşünaslığın yeni-yeni səhifələrini zəngin lövhələrlə bəzəyirlər.

Qorkini diqqətlə oxuyub mütaliə edənlər, əsərlərinin səhifələrindəki, sətirlərindəki, kəlmələrindəki döyünən qəlbin hərarətini duyanlar görər ki, insan deyilən qəribə, mən deyərdim ki, ecazkar xilqətin hələ kəşf edilməmiş zənginlikləri, hələ açılmamış səhifələri, hələ həssas bir qulaqda dinlənib qurtarmamış melodiyaları, hələ görücü gözlərlə tamam əhatə olunmamış rəngarəng mənzərələri sonsuzdur...”.

Görkəmli yazıçımız  Mirzə İbrahimov Qorki yaradıcılığına həmişə yüksək qiymət vermiş, onu “ zəhmətkeş xalqların böyük nəğməkarı” adlandırmışdır. O, “Gələcək gün” romanını, özünün etiraf etdiyi kimi  “Ana” romanının təsiri altında yazmışdır. M.İbrahimov Azərbaycan ədəbiyyatında  Qorki  ənənələrindən danışarkən göstərmişdir: “XX əsr Azərbaycan ədəbiyyatında yaranan ən yaxşı əsərlərin meydana çıxmasına və inkişafına Qorki realizminin əhəmiyyətli dərəcədə təsiri olmuşdur. Elə görkəmli Azərbaycan yazıçısı olmamış və yoxdur ki, o, Qorkidən öyrənməmiş olsun”.

Maksim Qorkinin namizədliyi 5 dəfə ədəbiyyat üzrə Nobel mükafatına irəli sürülmüşdü; bu,  1918, 1923, iki dəfə 1928 və 1933-cü illərdə olmuşdu.

Yazıçının şəxsi həyatındakı bu məqamları isə heç də təsadüfdən axıra saxlamamışam:

1900-cü illərin hüdudunda Qorkinin həyatında  cəmiyyətdə  mövqeyi olan, gözəl və uğurlu bir qadın görünür. Qorki Sevastopolda A.P.Çexovun “Qağayı”sını göstərməkdən ötrü  qastrola gəlmiş Moskva Bədaye Teatrının tanınmış aktrisası moskvalı Mariya Andreyeva ilə tanış olur.“Məni onun gözəlliyi və istedadının  gücü əsir etdi” – deyə Andreyeva sonralar xatırlayır.

 Onların bu ilk görüşündə hər ikisinin 32 yaşı vardı.  Krım qastrollarından başlamaqla, yazıçı və aktrisa  tez-tez görüşürdülər. Dəvətli qonaqlar sırasında  Qorki də  Andreyeva və onun əri, mühüm vəzifə daşıyan dəmiryol məmuru Jelyabujskinin Teatralnı keçidindəki zəngin müxəlləfatlı 9 otaqlı mənzilində qəbul axşamlarına gəlirdi.

  Andreyeva Qorkidə onun  ilk pyesi olan “Həyatın dibində”ki Nataşa obrazı ilə böyük təəssürat oyatmışdı: “Gözü yaşla dolu gəldi, əlimi sıxdı, təşəkkür etdi. Onu ilk dəfə burada, səhnədə, hamının gözü qarşısında bərk-bərk qucaqladım və öpdüm”.

 Qorki öz dostlarının çevrəsində Mariya Fyodorovnanı “Xariqə İnsancıq”  adlandırırdı. Andreyevaya bəslədiyi hisslər Qorkinin təkamülündə  mühüm faktora çevrilmişdi.

1903-cü ildə Andreyeva qəti olaraq ailəsini tərk edir, kirayə mənzil tutur və Qorkinin vətəndaş nikahında olan arvadına və ədəbi katibəsinə çevrilir – bu, Böyük Sovet Ensiklopediyasında qeyd olunub.  Yeni bir ehtiraslı məhəbbətə mübtəla olan yazıçı, həmişəlik Nijni Novqorodu tərk edərək gah Moskvada, gah da Sankt-Peterburqda yaşamağa başlayır.    Ədəbi mühitdə özünü təsdiq etmiş yazıçı və ictimai xadim statusu  onun qarşısında yeni üfüqlər  açır.

Qorki və Andreyeva 1906-cı ildə ABŞ-da olanda  Qorkinin 5 yaşlı qızı Katya  avqustun 16-da qəfil meningitdən ölür. Qorki tərk etdiyi arvadına Amerikadan təskinedici məktub yazaraq, sağ qalmış oğlunu qorumasını tapşırır.

Ər-arvad qarşılıqlı razılaşma əsasında ayrılmağa qərar versələr də, Qorkinin Andreyeva ilə nikahsız münasibətləri 1919-cu ilə qədər davam edir, eyni zamanda yazıçının birinci arvadından boşanması rəsmən sənədləşdirilmir.  Y.P.Peşkova ömrünün sonunadək rəsmi şəkildə onun arvadı olaraq qalır .

Yeddiillik mühacirətdən sonra 28 may 1928-ci ildə İtaliyadan SSRİ-yə öz 60 illik yubileyinin bayram edilməsinə gələndə Qorki Moskvanın Tverskaya küçəsində,  o vaxtlar SSRİ-də yeganə leqal hüquq-müdafiə təşkilatı olmaqla, Siyasi Məhbuslara Yardım Komitəsinə başçılıq edən Yekaterina  Peşkovanın mənzilində qalır.

  1936-cı ilin iyununda Qorkinin dəfn mərasimində Yekaterina Pavlovna  onun qanuni, hamının etiraf etdiyi dul qadını kimi iştirak edir və Stalin ona şəxsən başsağlığı verir. 

1958-ci ildə “Görkəmli adamların həyatı” seriyasından 75 minlik tirajla ilk dəfə “Qorki” bioqrafiyası yaylmlanır. Müəllifi Qorkinin həyat və yaradıcılığının  tədqiqatçısı, onunla  daim ünsiyyətdə  olan yazıçı İlya Qruzdev olur. Lakin bu kitabda  bircə kəlmə də deyilmir ki, Andreyeva Qorkinin faktiki arvadı olub. Andreyeva yalnız bircə  yerdə -1905-ci ildə Riqada peritonitlə xəstələnmiş Moskva Bədaye Teatrının aktrisası olaraq  xatırlanır.  

 Andreyevanın Qorkinin həyatındakı həqiqi rolu barədə kütləvi oxucu ilk dəfə yalnız 1961-ci ildə Mariya Fyodorovnanın onları ABŞ səfərində müşayiət etmiş Nikolay Bureninin və onların səhnə həmkarları, inqilabi fəaliyyət yoldaşlarının xatirələri nəşr olunanda xəbər tutmuşdu. 

2005-ci ildə “Görkəmli adamların həyatı” seriyasından  yeni bir “Qorki” bioqrafiyası nəşr olunur. Müəllifi Pavel Basinski olan kitabda xəsisliklə olsa da, Mariya Andreyevanın yazıçının həyatındakı rolu işıqlandırılır, o da xatırladılır ki, onun iki arvadının arasındakı münasibətləri əsla münaqişə xarakterli olmayıb: məsələn, Y. Peşkova oğlu Maksimlə Kapri adasına Qorkiyə qonaq gəlir və  M. Andreyeva ilə sərbəst ünsiyyətdə olur.

 Qorkinin dəfn günü,  20 iyul 1936-cı ildə İttifaqlar Evinin Sütunlu salonunun qarşısında Y.P.Peşkova və M.F. Andreyeva cənazənin arxasınca bir sırada, çiyin-çiyinə irəliləyirlər...

 Aleksandr Aleksandroviç  Fadeyev dünya ədəbiyyatının parlaq simalarından biri olan Maksim  Qorkinin vəfatı günlərində Nikolay Alekseyeviç  Ostrovskiyə  yazdığı məktubunda Qorki əzəmətini belə ifadə etmişdi:

         “... Çox zaman olduğu kimi, bu insanın da əsil əzəməti ancaq ölümündən sonra göründü. Yalnız indi tamamilə başa düşürsən ki, dünyanın bütöv bir parçası getdi ”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM