Nikolay Qavriloviç Çernışevski: “Nə etməli?”  (2-ci Hissə)

10:08 / 02.10.2019

Reyhan Mirzəzadə

Publisist-politoloq

N.Q.Çernışevski  Amerika  zəncilərini, Asiya və Afrika xalqlarını “aşağı irqdən olan”, “hərəkətsiz  xalqlar” kimi qələmə verən burjua sosioloqları və antropoloqlarını  köləlik tərəfdarlarına, müstəmləkəçilərə satılan avantüristlər adlandırırdı. Amerikada köləliyi yenidən bərpa etməyə çalışan, zənciləri aşağı irq sayıb insan yerinə qoymayan plantatorların çirkin, alçaq niyyətlərini və  onlara nökərçilik edən “alimlərin” “aşağı irqlər müstəqil olaraq özlərini idarə etmək qabiliyyətindən məhrumdurlar, gərək həmişə onların üzərində ağ irqdən olan avropalılar hökmranlıq etsinlər” kimi uydurmalarını ifşa edirdi. Elmi dəlillərlə isbat edirdi ki, istedadsız xalq yoxdur. Bu və ya başqa bir xalqın maarif, mədəniyyət, əqli inkişafda geri qalmasına  səbəb siyasi -ictimai quruluşdur, şovinizm, hakim millətçilik, müstəmləkə  əsarətidir.

         Ümumiyyətlə, ictimai elmlərdə yalana, uydurmaya qarşı Çernışevski çox amansız idi. O, deyirdi: “Əgər qədimdə təbiət elmlərinin zəif inkişaf etməsi nəticəsində bir nəfər səhv edib balinanı sadəcə balıq və ya yarasanı quş adlandırsaydı, bundan heç kəs əzab çəkməzdi. Lakin ictimai elmlərdə buraxılan hər kiçik səhv və yalan insanlıq üçün, cəmiyyət üçün böyük təhlükələr doğurmuşdur. Məsələn, əgər biri belə fərziyyə irəli sürsə ki, eyş-işrət yaxşıdır, xoşdur, zəhmət isə pisdir, bu bir neçə kəlmədən ibarət olan yalan hakim bir fikir halına keçərsə, cəmiyyətdə zülmün, istismarın, ədalətsizliyin dərin kök salması üçün kifayət edər”.

         İnsanpərvər alim hər cür ədalətsiz, işğalçı müharibələr əleyhinə çıxır, belə müharibələri “milli mədəniyyətləri alt – üst edən taun” adlandırıb yazırdı: “Sivilizasiyanı alçaldan ən adi faktlardan biri ölkənin yadellilər tərəfindən viran edilməsi, xarabazara döndərilməsidir”. Tarixdən danışanda  belə müharibələrə İran- yunan müharibələrini, romalıların apardıqları işğalçılıq müharibəsini, ərəb, monqol, Teymur istilasını, Napoleonun dünya ağalığı iddiasını; müasir dövrdən danışanda ingilislərin Hindistanda apardıqları qəsbkarlıq müharibəsini misal gətirib deyirdi: “İngilislərin Hindistanda apardıqları işğalçılıq müharibəsi hind xalqının bədbəxtliyinə səbəb olur. Bu ədalətsiz müharibə ancaq bir ovuc britaniyalı ağaların xeyri üçündür”.

         Haqlı olaraq Çernışevski belə hesab edirdi ki, müstəmləkə zülmü yalnız müstəmləkə halına salınmış ölkələrin zəhmətkeşləri üçün deyil, “qalib” millətlərin  zəhmətkeşləri üçün də fəlakətdir. Müstəmləkəçilik - ancaq millətin  varlılarının daha da varlanması üçündür. “Hər hansı millətin varlılarının mənafeyi isə o millətin zəhmətkeşləri üçün zərərlidir ”, “Zəhmətkeşlər üçün bütün ədalətsiz müharibələr dağıdıcı, təxribatçıdır, onlar üçün ancaq o müharibə faydalıdır ki, düşməni vətən torpaqları sərhəddindən qovub çıxarsın”.

Çernışevski ərazisinin hər bir hissəsində xalqlar arasında düşmənçiliyi qızışdıran  Avstriya mütləqiyyətinin yarıtmaz siyasətini pisləməkdən çəkinmirdi. O, İngiltərənin Hindistanda və İrlandiyada yeritdiyi zülmkar  müstəmləkə siyasətini kəskin tənqid edirdi.İşğalçılıq müharibələrini – 1860-cı ildə İngiltərənin Çində, III Napoleonun Hind-Çində apardıqları müharibələri qəti surətdə pisləyirdi.

Nikolay Qavriloviç Çernışevski qətiyyətlə milli zülmün aradan qaldırılmasını tələb edir, bütün xalqlara öz müqəddəratını azad həll etmək hüququ verilməsini müdafiə edirdi. O, Çin, Hindistan, İtaliya, Avstriya xalqlarının milli azadlıq hərəkatını alqışlayır və ona tərəfdar çıxırdı. Onu da qeyd edirdi ki, zorakılıq olmadan, müharibə olmadan heç bir xalq, heç bir yadelli zülmdən azad olmur.

Çernışevski müxtəlif xalqların mədəniyyətinin özünəməxsusluğunu, tarixi xüsusiyyətlərini, adət-ənənələrini nəzərə almağı, hər bir xalqın milli mənafeyinə, milli dəyərlərinə, milli ləyaqətinə hörmət etməyi sövq və tələb edirdi. Milli məhdudluq və milli eqoizmi pisləyən inqilabçı-filosof yazırdı: “Ümumi bəşəri mənafe ayrıca bir millətin mənafeyindən yüksəkdir... Bir millət öz xeyri naminə ümumi bəşəri mənafeyi tapdaladığı hallarda həmişə bunun nəticəsi yalnız mənafeyi pozulan tərəf üçün deyil, eyni zamanda bundan faydalanmaq istəyən tərəf üçün də zərərli olur”.

         Nikolay Qavriloviç müxtəlif millətlərin zəhmətkeş kütlələrinin sosial və milli mənafelərinin birliyini düşünməklə dərk edirdi ki, Rusiyanın bütün xalqlarını dəhşətli zülm və əsarətdən xilas etmədən rus xalqının özünün də azadlığı mümkün ola bilməyəcəkdir.

         Rusiyada demokratik fikir və əqidə sahibləri çarizmin mürtəce müstəmləkə siyasətini ifşa etməklə bərabər, Rusiya xalqlarının milli azadlıq hərəkatına böyük rəğbət bəsləyir, onları ümumi düşmənə - çarizmə, çar mütləqiyyətinə qarşı birgə mübarizəyə səsləyirdilər. Onlar Rusiyanın əzilən xalqlarının həyat tərzini, məişətini öyrənir, bu xalqların mədəniyyətində, tarixində işıqlı və mütərəqqi nə varsa, hamısını hörmət, hərarət və ruh yüksəkliyi ilə müdafiə və təqdir edirdilər.

         Çernışevski kəndliləri birləşməyə, qüvvələrini toplayıb inqilabi çıxışlara hazır olmağa və göstəriş gözləməyə çağırır, özbaşına, qeyri-mütəşəkkil çıxışların zərərli olduğunu, heç bir nəticə verməyəcəyini qeyd edirdi.

         İnqilabçı demokratlar kəndli kütlələrinin mütəşəkkil inqilabi çıxışları ilə yeni Rusiya yaratmaq istəyirdilər. Lakin Çernışevski və onun silahdaşları buna fürsət tapmadılar...

         “Zemlya i vole” inqilabi təşkilatının da ilhamçısı və məsləhətçisi olan Nikolay Qavriloviçin daim artan nüfuzundan çar hökuməti təşvişə düşürdü. Hələ Saratov gimnaziyasında ikən onun inqilabi işindən şübhələnən çar xəfiyyə idarəsi hər vasitə ilə Çernışevskini həbs etmək istəyirdi. 1862-ci ildə Peterburq yanğını faciəsini bəhanə edən jandarm, azadfikirli təfəkkür sahiblərini daha sərt təqib etməyə başladı. “Sovremennik”  8 ay dərc olunmadı. Həmin il iyul ayının 7-də jandarm rəisi polkovnik Rakeyev pristav və bir zabitlə Çernışevskinin evinə hücum etdi. Çar nökərləri böyük inqilabçı-demokratı  “London təbliğatçıları ilə əlaqə üstündə” həbs etdilər.

         V. Poqudinin “N.Q.Çernışevski (Petropavlovsk qalasının məhbusu)” kitabından:

“...7 iyul 1862-ci ildə Bolşaya Moskovskaya küçəsindəki mənzilə jandarm podpolkovniki Rakeyev daxil oldu. Qonaq otağında Çernışevski və onun dostları: “Sovremennik”in əməkdaşı Antonoviç və doktor Bokov əyləşmişdilər.

-         Mən cənab Çernışevskini  görə bilərəmmi? – deyə zabit soruşdu.

-         Sizin qulluğunuzdayam, - deyə Çernışevski  masanın arxasından qalxdı.

-         Mən sizinlə təklikdə danışmalıyam.

-         Bu halda lütfən mənim kabinetimə buyurun, -  deyə mənzilin sahibi təklif etdi və iti addımlarla qonaq otağından çıxdı.Zabit onun arxasından çata bilmədi, özünü itirdi, çaşqınlıq içində qaldı (güman edillir ki, Çernışevski  onun bu çaşqınlığından istifadə edərək mühüm sənədləri məhv edə bilmişdi).

Getməyə hazırlaşan Antonoviç və Bokov  mənzilin sahibi ilə sağollaşmaqdan ötrü kabinetə daxil oldular. Sonralar Antonoviç yazırdı ki,  zahirən adama  elə gəlirdi heç nə qarşıdakı həbsdən xəbər vermir: “Nikolay Qavriloviç və Rakeyev masanın qabağında  əyləşmişdilər... Biz daxil olanda Nikolay Qavriloviç belə bir ifadə işlətdi: “Xeyr, ailəm malikanədə deyil, Saratovdadır...”. “Sağlıqla qalın, Nikolay Qavriloviç” – mən dedim. “Məgər artıq gedirsiniz? - deyə o, dilləndi, məni gözləmirsiniz?”.   Mən getməliyəm - deyə cavabıma zarafatyana tonda: “Elədirsə, onda görüşənədək” –  əlini yüksəyə qaldırıb sürətlə mənim əlimə endirdi.

Bu söhbətdən bir neçə saat sonra Nikolay Çernışevski mühüm dövlət həbsxanası olan Petropavlovsk qalasının Alekseyev ravelininə  (istehkamına -R.Mirzəzadə) salınır. Bir müddət sonra N.Serno - Solovyoviç və P.Vetoşnikov da oraya gətirilirlər.

Həbsdən az sonra çar qardaşı Konstantinə yazır: “Mənim yola düşdüyüm gün... bir neçə həbs işini görməliydim, məsələn, Serno-Solovyoviç və Çernışevskinin həbsləri... ümidvaram ki, biz nəhayət, bütün şər işlərin mənbəyini tapmışıq”.

Bu xəbərə Konstantin belə cavab verir: “Serno-Solovyoviç və özəlliklə də Çernışevskinin həbs olunduqları xəbərinə çox şadam.  Çoxdan onlarla məsələni çürütmək lazım idi”.

Bu “məsələni çürütmək” istəyi Çernışevskinin istintaqından başlamış hökmün elan olunmasına qədərki prosesdən qırmızı xətt kimi keçirdi”.

Axtarış vaxtı evindən heç bir sübutedici dəlil tapılmadı.Yeganə “dəlil” 25 rubla tutulmuş “şahid” əbləh və əyyaş Yakovlevin uydurmaları oldu. Onun böhtanları “əsasında” Nikolay Qavriloviçi  Petropavlovsk qalasındakı zindana saldılar.

İstintaq il yarım çəkdi. Çernışevskini cəzalandırmaq üçün heç bir bəhanə tapılmırdı. Bu haqsılığa etiraz əlaməti olaraq Nikolay Qavriloviç 9 gün aclıq elan etdi. Bu da nəticəsiz qaldı. Bu il yarım ərzində Çernışevski yalnız  arvadı Olqa Sokratovna ilə görüşə icazə ala bilmişdi.

Təqribən iki il zindanda qaldıqdan sonra, 1864-cü ildə barəsində hökm çıxarılaraq Çernışevski 14 illik katorqaya və əbədilik Sibirə sürgün olunmaq cəzasına məhkum edildi. Çarizmin, hakim təbəqələrin və şəxsən çar II Aleksandrın Çernışevskiyə nifəti o qədər güclü idi ki, bu ağır cəza da onların kinli ürəyini soyutmadı: böyük mütəfəkkiri katorqaya göndərmədilər, lakin onu rəsmi olaraq vətəndaşlıq edamına (“mülkü edam”a) məhkum etdilər.

Azadlığa çıxması uğrunda  Çernışevski  sakitlik, inam və mərdanəliklə mübarizə aparırdı. Lakin onun səyləri əbəs idi: ona məhkəmə qurulmamışdı, ona sadəcə divan tutulurdu. İttihamçılar və hakimlər dəlillərin əsaslılığının az da olsa qayğısına qalmırdılar. Bütün iş əvvəldən sonadək saxta, jandarm idarəsinin əli ilə uydurulmuş olsa da, bu, çarizmin nökərlərinin, adı ilə Rusiyanın qürur duyduğu son dərəcə istedadlı yazıçılara, inqilabçı-demokratlara, filosoflara amansızlıqla divan tutmağına mane olmurdu. Mədənlərdə 14 il katorqa işi və sonrasında həmişəlik Sibirdə məskunlaşma -  Senatın, sonra Dövlət Şurasında təsdiqlənən hökmü belə idi.

Başıtaclı jandarm II Aleksandr “mərhəmət göstərərək” hökmə belə bir dərkənar qoydu: “Belə də olsun, lakin katorqa işlərinin müddəti yarıyadək azaldılsın”.

Bu biabırçı prosesin finalı mayın 19-da Mıtnin meydanında oynanıldı. Şahidlərin təsvirlərinə görə bu, belə olmuşdu:

Tutqun, çisginli bir səhər  meydanı soldatlar, jandarmlar, qorodovoylar doldurmağa başladılar. Meydanın ortasında hündür olmayan qara kürsülük, onun da üzərində dəmir zəncir bağlanmış dirək ucalırdı. Kürsülüyün ətrafında soldatlar düzüldülər. Onlardan 30-40 m arxada atlı jandarmlar, onlardan arxada isə qorodovoylar yer aldılar. Onlar çoxsaylı yığnağı geriyə sıxışdırdılar.

Çernışevskini karetada gətirdilər. Jandarmların müşayiəti ilə o, kürsülüyün üstünə qalxdı. Məmur iti danışıqla hökmün mətnini elan etdi. Hökm oxunub qurtardıqdan sonra  cəllad Çernışevskini dirəyin yanına gətirdi, onun əllərini zəncirin halqalarına saldı.  Məhkum on beş dəqiqə bu vəziyyətdə qaldı. Onun sifəti bir az ağarmış olsa da, sakit idi.

Cəllad bunun ardınca Çernışevskini zəncirdən açdı, onu kürsülüyün ortasına gətirdi, kəskin bir hərəkətlə şapkasını başından qapıb yerə atdı. Məhkumu diz üstə çökdürdülər, cəllad onun başının üstündə qılınc sındırdı və onun parçalarını müxtəlif tərəflərə atdı.

Çernışevski ayağa durdu, şapkasını başına qoydu, jandarm onun qolundan tutub eşafotdan (edam kürsüsündən – R.Mİrzəzadə) endirdi. İnsan yığnağı hərəkətə gəldi, kimsə Çernışevskiyə gül dəstəsi atdı, səslər eşidildi: “Əlvida, Çernışevski!”. Bu qabaqçıl düşüncəli Peterburqun öz sevimlisi, öz mənəvi rəhbəri ilə vidalaşması idi.

Jandarmlar o dəqiqə özlərini insan yığnağına vurdular, kimlərisə yaxalayıb bir kənara çəkib apardılar. Məhkumun mindirildiyi, jandarmların əhatəyə aldığı kareta yerindən tərpəndi və bir göz qırpımında görünməz oldu.  Çernışevskinin Sibirə uzun yolu buradan başlandı. 28 illik sürgündən sonra Çernışevskiyə vətəni Saratova qayıtmağa icazə verildi...”

O müdhiş hadisə digər mənbədə belə təsvir olunur: “Həmin ilin may ayının 19-da Mıtnin meydanında Çernışevskini dəmir zəncirlə dirəyə bağladılar, boynuna üzərində “dövlət canisi” yazılmış qara lövhə salındı və başının üstündə qılınc sındırıldı. Edamın icra edildiyi meydana yüzlərlə xeyirxah insanlar toplaşmışdı. Onlar əllərindəki gül-çiçək dəstələrini Çernışevski tərəfə ataraq, ona xeyir-dua verib vidalaşırdılar”.

Yenə bu barədə oxuyuruq: “May ayının 19-da böyük mütəfəkkiri nüfuzdan salmaq üçün bədnam “Vətəndaşliq cəzası” (“Qrajdanskaya kazn”) təşrifatı təşkil edildi. Çernışevskinin ayaqları, qolları zəncirli halda şalbana bağladıb diz çökməyə məcbur etdilər.İki cəllad onun başının üstündə qılınc sındırdı. Bu vəziyyətdə 15 dəqiqə hökm oxundu...”

Çarizm  Çernışevskiyə  amansız divan tutdu. O, deyildiyi kimi, ömrünün yarısına  qədərini – nə az, nə çox, təqribən 28 ilini həbsxanada, katorqada  və  sürgündə keçirtdi.İstər  mülki edam zamanı, istərsə də zindan, katorqa və sürgündə olarkən Çernışevski çox böyük bir iradə, mətanət, təmkin nümayiş etdirdi, cəlladlar qarşısında  əyilmədi. Zindanın soyuq, nəmli divarları arasında qalan cəsur inqilabçı qələmi yerə qoymadı.

Hətta katorqada olduğu zaman ona dedilər ki, çara ərizə yazıb bağışlanmasını xahiş etsin. Lakin Çernışevski bu təklifi rədd etdi. O, hökumət dairələri tərəfindən hazırlanmış  xahişin layihəsini oxuyub çarın nümayəndəsi Vinnikova dedi: “Təşəkkür edirəm.Lakin görürsünüzmü, axı mən nə üçün bağışlanmağımı xahiş etməliyəm?Bu, vacib məsələdir... mənə elə gəlir ki, mənim sürgün edilməyimə səbəb ancaq mənim beynimlə jandarm şefi Şuvalovun beyninin müxtəlif qurulmasıdır, - bundan ötrü isə məgər bağışlanmağı xahiş etmək olarmı?Xahiş etməkdən mən qəti surətdə imtina edirəm”.

O, axıra qədər başını dik tutaraq inqilabi mübarizədən əl çəkmədi, əksinə, öz azadlıq ideyaları yolunda müstəsna bir mətinlik, cəsarət və qəhrəmanlıq göstərdi. Ömrünün son anlarına qədər xalqını, onun taleyini düşündü və sevimli xalqının xoşbəxtliyi yolunda heç bir çətinlik və cəzadan qorxmadı.

V.Zevin görək nə yazır: “Çernışevski Sibirdə də çar mütləqiyyəti üçün təhlükəli idi. Onun katorqa vaxtının 1871-ci ildə bitməsinə baxmayaraq, ona Sibirdə  sərbəst şəkildə yaşamaq hüququ verilməmişdi.Bundan əlavə, 1871-ci ilin dekabrında Çernışevski daha uzaqlara, Yakut vilayətindəki Vilyuyska göndərilmişdi və buradakı şərait Kadaydakı katorqa şəraitindən də bərbad idi.

         Çernışevskinin Vilyuyska sürgün edilməsi böyük inqilabçını cismən məhv etmək üçün çar hökumətinin əvvəlcədən hazırladığı planın icrası idi.Yakutskdan 710 verstlikdə yerləşən Vilyuyks bataqlıq bir yerdə idi.Orada cəmi  400 nəfər adam yaşayırdı.Vilyuyskda   40 ev vardı və bunlardan üçdə birinə qədəri yakut daxmaları idi.Yakutskdan Vilyuyska poçt ayda iki dəfə gəlirdi. Altı aya qədər davam edən qış sərt və şaxtalı keçirdi.

Çernışevski həbsxanaya, rütubətli və qaranlıq bir kameraya salınmışdı. Ona çox pis yemək verilirdi, revmatizm və sınqa xəstəliyinə tutulan Çernışevskiyə heç bir tibbi yardım göstərilmirdi. Kadaydakı katorqada Çernışevski, başqa siyasi sürgünlərlə görüşə bildiyi halda, Vilyuyskda o, tamamilə tək saxlanılırdı.Çernışevskiyə daim göz qoymaq üçün jandarm zabiti və iki nəfər kazak uryadniki təyin edilmişdi, hətta gecələr də onlar Nikolay Qavriloviçin yatdığı otağa girməli idilər.Çernışevskinin məktubları diqqətlə nəzərdən keçirilirdi və onun öz qohumlarına yazdığı bir çox məktublar buraxılmamışdı.Ona kitabdan, mürəkkəb və kağızdan istifadə etməyə icazə verilmişdi, lakin onu həmişə axtarırdılar və ədəbi əsərləri alırdılar.

Mübariz inqilabçılar Çernışevskinin taleyi ilə barışa bilmirdi. Onlardan bir qismi nə olursa - olsun, Çernışevskini azad etmək üçün cəsarətli təşəbbüslər etmək fikrinə düşür, bəziləri isə bu yolda konkret addımlar atırdılar. Rusiyanın bəzi şəhərlərində Çernışevskiyə qaçmaq üçün vəsait çatdırmaq məqsədi ilə pul yığırdılar. 1864-cü ildə Çernışevskinin qaçmasını təşkil etmək məsələsi Pesterevə tapşırılmışdı. 1868-ci ildə Peterburq gizli tələbə dərnəklərindən birinin üzvləri olan V.Kuntuşev və N.Katin-Yartsevin Çernışevskini azad etmək cəhdi səmərəsiz oldu.

1871-ci ilin əvvəlində I İnternosionalın Baş Şurasının üzvü German Lopatin Çernışevskini azad etmək üçün daha yeni bir təşəbbüs etdi. Dahi inqilabçının qaçmasını təşkil etmək üçün Lopatin Londondan Sibirə yola düşdü. Lopatinin təşəbbüsü baş tutmayıb, o, həbsə alınsa da, oradan qaçmağa nail oldu və Çernışevskinin  “Müqəddimə” əsərinin əlyazmasını Londona gətirdi.Tezliklə İnternosionalın Baş Şurasının tapşırığı ilə Çernışevskinin qaçmasını təşkil etmək üçün Sibirə “Torpaq və azadlığ”ın sabiq üzvü olan etnoqraf Rovinski göndərildi. Lakin bu təşəbbüs də müvəffəqiyyətsiz  oldu.

1875-ci ildə inqilabçı İppolit Nikitiç Mışkinin Nikolay Qavriloviçin qaçmasını təşkil etmək təşəbbüsündən sonra, hökumət dairələri tərəfindən məhbusun sıxışdırılması daha da gücləndi. Mışkin jandarm zabiti paltarı geyinib onu qaçırmalı idi. Bu təşəbbüs də baş tutmadı və Mışkin həbsə alındı.Çernışevskiyə  diqqətlə  göz qoyurdular və onun hər bir addımını izləyirdilər. Qaçmaq çox çətin idi. Qışda bu yerləri tutan buz, yayda isə yüz kilometrlərlə  uzanan dərin bataqlıqlar Vilyuyskda qalan məhbusun qaçmasına yol vermirdi...

1883 - cü ilin oktyabrında inqilabi hərəkatın təzyiqi ilə III Aleksandr Çernışevskini polis nəzarəti altında Sibirdən Həştərxana köçürməyə məcbur olur və görkəmli ədib gizli yolla Həştərxana gətirilir. Bu, əslində sürgünün davamı demək olur. Sərt şaxtalı Vilyuyskidən sonra isti və küləkli Həştərxanın iqlimi Nikolay Qavriloviçin Sibirdə onsuz da zərbə alan səhhətinə olduqca pis təsir etməyə başlayır.

Burada da xəstə Çernışevskiyə dözülməsi mümkün olmayan ağır bir şərait yaradılır. Casuslar onu izləyir, nəzarət altında saxlanılması üçün xüsusi bir qayda hazırlanır. Onun ailəsi də eyni zamanda ağır maddi vəzyyətlə  çarpışır. Olqa Sokratovna öz məktublarının birində yazır: “Evdə bircə qəpik də pul yoxdur. Borc almalı adam yoxdur”.

Çernışevskinin əzabları həm də bunda idi ki, o, mənəvi cəhətdən də təklənmiş, siyasi cəhətcə ona tamamilə yad olan ünsürlərlə əhatə edilmişdi. Buna görə də o, özünü Robinzonla müqayisə edirdi.Olqa Sokratovna deyirdi: “Biz ... burada diri-diri dəfn edilmişik”.

Bu yazımda artıq dəfələrlə adını çəkdiyim və həbsxanada “dünyaya gələn”  “Nə etməli?” romanı əsrin ictimai-siyasi və inqilabi mübarizəsində son dərəcə böyük rol oynamışdı. Rusiyada çap maşını yaranan tarixdən bəri heç bir çap əsəri Çernışevskinin  “Nə etməli” romanı qədər müvəffəqiyyət qazanmamışdı.

Tarixdə izi qalmış bir faktı da söyləmək istəyirəm.1904-cü ildə Lenin “Nə etməli?” romanını oxuması ilə əlaqədar olaraq belə bir xatirə söyləmişdi: Çernışevskinin əsəri çox mürəkkəb bir əsərdir, fikirlə doludur, onu ilk gənclik illərində başa düşmək və qiymətləndirmək mümkün deyildir. Mən deyəsən, onu 14 yaşında oxumağa təşəbbüs etmişdim. Lakin bu, heç bir şeyə yaramayan, səthi bir mütaliə idi. Qardaşımın qətlindən sonra Çernışevskinin  “Nə etməli?” romanının onun ən sevimli əsərlərindən biri olduğunu bildiyim üçün mən onu həqiqi mənada oxumağa başladım və onun üstündə bir neçə gün deyil, bir neçə ay dayandım. Yalnız bu vaxt mən onun dərinliyini başa düşdüm. Bu elə bir əsərdir ki, bütün həyatı boyu adama qüvvə verir... Mən “Nə etməli?” romanını bir yayda  beş dəfə mütaliə etdim və hər dəfə bu əsərdə məni həyəcana gətirən yeni fikirlər tapdım”.

“Nə etməli?”nin dərc olunmasına münasibət bildirən istedadlı publisist, ədəbiyyat tənqidçisi, tərcüməçi, inqilabçı - demokrat Dmitri İvanoviç Pisarev yazırdı: “Bu romanın ləyaqəti və çatışmazlıqları tək ona məxsusdur; qalan rus romanlarına o yalnız  öz zahiri formasına görə bənzəyir...Roman güclü ağlın işi ilə yaranıb; ona dərin təfəkkür möhürü vurulub. Həyat təzahürlərinə diqqət  yetirməyi bacarmaqla, müəllif onları ümumiləşdirməyi və mənalandırmağı da bacarır. Onun  çox güclü məntiqi birbaşa yolla onu ayrı-ayrı təzahürlərdən yüksək nəzəri kombinasiyalara aparır, bununla da hər hansı yeni və güclü fikrə yararsız sözlərlə cavab verən dəyərsiz köhnəpərəstləri ümidsizliyə düçar edir”.

“Nə etməli?” romanının populyarlığı çox böyük oldu. Bu barədə Çernışevskinin dostları da, düşmənləri də yekdilliklə danışırdılar. “Həmin dövrün  rus gəncliyi üçün” - deyə tanınmış rus inqilabçısı, tarixçi – filosofu Pyotr Alekseyeviç Kropotkin deyirdi,  “Nə etməli?” romanı bir növ vəhy və proqram kimi qəbul olundu. “Turgenevin heç bir povesti, Tolstoyun və ya hansısa başqa bir yazıçının heç bir əsəri  Çernışevskinin bu əsəri ilə müqayisədə rus gəncliyinə geniş və dərin təsir göstərmədi. Bu əsər rus gəncləri üçün özünəməxsus bayrağa çevrildi”.

“Nə etməli?” müəllifinin adı Qərbi Avropa ədəbiyyatlarının öncül xadimlərinin arasında da məşhurlaşmışdı. Digər yazıçılar kimi, görkəmli fransız yazıçısı Emil Zolya  öz yaradıcılıq işlərində  Çernışevskinin əsərlərinə müraciət etmişdi.

Bolqar ədəbiyyatının klassiki alovlu, vətənpərvər inqilabçı Xristo Botevin dünyagörüşü   Çernışevski materializminin, onun demokratik və  sosialist baxışlarının təsiri altında formalaşmışdı.Böyük bolqar yazıçı-realisti İvan Vazovun dilində Rusiyanın Çernışevski  kimi dahi oğullarına dərin hörmət hissi ifadə olunmuşdu.

 Əsərdə yazıçını məşğul edən yeni adamlardır. Məhz buna görə də romanın adı altında mötərizədə “yeni adamlar haqqındakı söhbətlərdən” sözləri yazılmışdır. Yazıçının bu qeydi əsərin qayəsini və ideya istiqamətini müəyyən edir.

         “Nə etməli?” romanında təsvir olunan yeni adamların arasında ən çox nəzəri cəlb edən Vera Pavlovna, Lopuxov, Kirsanov və Raxmetovun obrazlarıdır. Cərəyan edən hadisələr Vera Pavlovnanın ailə həyatı ilə bağlıdır. Bu qızın  həyat yolu və inkişafı əsərin mərkəzində durur. Vera Pavlovna kübar ailədə tərbiyə almışdır, təhsilli və gözüaçıqdır. Yazıçı həyatda yaranan yeniliyi, yeni insanın meydana gəlməsini və inkişafını Vera Pavlovnanın obrazında ümumiləşdirmişdir. Bütün dvoryan qızları kimi, Vera Pavlovna da gününü məclislərdə, teatrlarda və başqa əyləncə yerlərində keçirir. Lakin bu cür həyat onu bezdirir. Çünki Vera Pavlovnanın şüurunda və mənəviyyatında çox qəribə fikirlər və hisslər baş qaldırmışdır. Bu duyğu və düşüncələr onu sakit buraxmır. Vera Pavlovna hiss edir ki, yaşadığı evdə, rəqs etdiyi məclisdə, iştirak etdiyi ziyafətdə bir yeksənəklik, ətalət hökm sürür. Bu həyatın havası boğucu və ağırdır. Vera Pavlovna atası evindəki həyatı “zirzəmi həyatı”na bənzədir və var qüvvəsilə bu çirkli  “zirzəmidən” işıqlı və təmiz bir havaya çıxmağa can atır. Lakin o, hər tərəfdən buxovlanmışdır. Ailə istibdadı, süni adət və ənənə, mənasız dəbdəbə onu addım atmağa, hərəkət etməyə qoymur. Vera Pavlovnanın həyatı faciəyə çevriir. O, öz ağlı ilə yaşamaq istəyir, onda sərbəst düşünməyə, azad yaşamağa güclü bir meyl vardır. Çox zülmkar və məhdud bir dvoryan qadını olan Anna Petrovna, qızı Vera Pavlovnanı pula, şöhrətə satmaq, qızının həyatı ilə alver etmək istəyir. Lakin Vera ölməyi satılmaqdan, könülsüz ərə getməkdən üstün tutur. Yazıçı bu ailənin içərisində - ata, qız və ana arasındakı mübarizədə ümumiyyətlə, cəmiyyət daxilindəki yeni düşüncə və hisslərlə mühafizəkar görüşlər arasındakı barışmaz mübarizəni göstərmişdir.

Dmitri Sergeyeviç Lopuxov və Aleksandr Matveyeviç Kirsanov aşağı təbəqədən çıxmış gənclərdir. Lopuxov, ailəsini güclə dolandıran Ryazan meşşanlarından birinin, Kirsanov kasıb bir qəza məhkəməsi katibinin oğludur. Atalarının onları oxutmağa  imkanı məhdud olduğundan, hər ikisi orta və ali təhsil ala bilmək üçün 15, 16 yaşlarından həm oxumalı, həm də işləməli, xüsusi evlərdə dərs deməli, götürəiş üsulu ilə idarələrdə sənədlərin üzünü  köçürməli və tərcümə etməli olmuşlar. Hər iki dost, müəllifin dediyi kimi, “həyatda öz sinəsi ilə özünə yol açan” gənclərdəndir. İndi ikisi də Peterburqda Tibb Akademiyasında oxuyur, təbabətin nəzəri məsələləri ilə ciddi məşğul olur, doktorluq dissertasiyası hazırlayır, professor olmaq, kafedra tutmaq arzusu ilə yaşayırlar. Məqsədləri həm özlərini bir yana çıxarmaq, maddi cəhətdən təmin olunmaq, həm də “hələ çox zəif olan tibb elminə yenilik gətirmək”, bununla da insanlığa, xalqa, vətənə bir xidmət göstərməkdir. Lakin onlar sadəcə “kabinet alimi” olmaq istəmirlər, əməlpərvər ictimai xadim olmağa hazırlaşırlar, bu məqsədlə də öz ixtisaslarına aid elmlərlə yanaşı, fəlsəfə, tarix, sosiologiya, etika, estetika və s. humanitar elmlər və sənətlərlə də ciddi maraqlanırlar; məşhur filosofların, tarixçilərin, yazıçıların əsərləri onların stolüstü kitablarıdır. Rus cəmiyyətinin hazırki vəziyyəti və gələcəyi, zəhmətkeş xalq kütlələrinin əsarətdən, yoxsulluqdan xilas olması yolları, cəmiyyətin sosialistcəsinə yenidən qurulması problemləri, ziyalılar və xalq, yeni ailə, əxlaq məsələləri, qadın azadlığı və s. onları düşündürən mühüm məsələlərdəndir

Vera Pavlovna zamanın yetişdirdiyi ağıllı rus qızlarından, “Şimalın ilk qaranquşlarından” biridir. Hələ Lopuxov və Kirsanovla tanışlıqdan əvvəl Vera Pavlovna da, romantik ruhda  olsa da, müstəqil düşünmək qabiliyyəti, azad yaşamaq arzuları görünür. Vera, onu zərurətlə barışmağa, mühitə uyğunlaşmaya çağıran Jüliyə deyir: “Mən nə ağalıq etmək, nə də tabe olmaq istəmirəm. Mən başqalarının  fikrinə baxmaq istəmirəm, çünki o mənə lazım deyildir. Mən sərvətə alışmamışam, mənim ona ehtiyacım yoxdur... Mən heç kəsdən asılı olmaq istəmirəm. Mən öz istədiyim kimi yaşamaq istəyirəm... mən azad olmaq istəyirəm”.

         Vera - “ Mən başqalarının fikrinə baxmaq istəmirəm”,- dedikdə, firavan yaşamaq xatirinə bütün gözəl əxlaqi ideyaları tapdalamış olan sələmçi anası Mariya Alekseyevnanı, öz insani ləyaqətini, mənliyini, heysiyyətini ayaqlar altına atan, xaraktersiz, ideyasız atası Pavel Konstantinoviçi, sənəti təcrübəsiz qızları yoldan çıxarmaqdan ibarət olan, qudurğan, əxlaqsız  Mixail Storeşnikovu, iki il Parisdə küçə qadını olan miskin  Julini, belə miskin qadınların dalınca sürünən “iylənmiş, qurumuş palçıqdan törəmiş” zabit Serji nəzərdə tutur.

         Insanların ən bədbəxti olan anası Mariya özü Veraya deyir : “Yalnız namussuzlar və əzazil adamlar bu dünyada xoşbəxt yaşaya bilirlər”. Vera xoşbəxt yaşamağı bu mənada  başa düşməyi rəzalət, alçaqlıq hesab edir. Onun fikrincə, anasının etdiyi kimi, başqalarını soymaq və aldatmaqla özü üçün səadət axtarmaq insanlığa ləkədir. 17 yaşlı Veroçka belə düşünür. Bununla belə, Verada, elə içərisində yaşadığı həmin mühitin əxlaq normalarının təsirinin nəticəsi olaraq, bir zəif cəhət də vardır. Bu da yersiz, lüzumsuz mərhəmət hissidir; Veranın, məsələn, nifrət etdiyi və həqiqətən nifrətə layiq olan Storeşnikova yazığı gəlir. Belə hesab edir ki, ləyaqətsiz adamların xatirinə öz səadətindən əl çəkmək, düşməninə mərhəmət göstərmək də onun insani borcudur. Halbuki belə bir mərhəmət hissi mənasız mistikadan başqa bir şey deyildir.

“Nə etməli?” romanı əslində təhkimçi-burjua quruluşuna qarşı ittiham aktıdır. Romanda böyük bir sənətkarlıq və realist qələmlə təsvir olunan Mariya Alekseyevnanın simasında Çernışevski çarizm mühitinin insanı nə qədər alçaltdığını göstərir. Mariya özü-özlüyündə pis adam deyil, yazıçı cəmiyyətdə ondan da çirkin, ondan da iyrənc, murdar adamlar olduğunu qeyd edir. Mariya Alekseyevnanı həris, alçaq, yalançı və riyakar edən düşdüyü şərait və mühitdir.Bu mühit və şərait dəyişsə, Mariya Alekseyevnadan çox fəal, çalışqan və xalq, cəmiyyət üçün xeyirli bir vətəndaş yetişə bilər.

         Vera Pavlovna sağlam duyğulara əsaslanan yeni bir ailə həyatı istəyir, onu duyan, başa düşən bir adam axtarır. Belə bir adam tapılır. Bu, “yeni və xüsusi adamlardan” biri tələbə Lopuxovdur. O, Vera Pavlovnaya o zaman rast gəlir ki, artıq Vera Pavlovna intihar etməyi qət etmişdir. Lopuxov yenidən onu həyata qaytarır, dirildir və “zirzəmidən ”xilas edir.

         Lopuxovla tanış olandan, onun gətirdiyi kitabları oxuyandan sonra Veranın gözü açılır.Bu ağıllı gənc Veraya həm şəxsi səadətin, həm də ictimai faydalı insan olmağın yollarını başa salır.Köhnə fikirli ailələrin pozulmuş, zəhərli havasında boğulmaqda olan Vera, azadlığın nə qədər böyük nemət olduğunu Lapuxovun təsiri ilə daha dərindən və düzgün başa düşür.

         Lopuxov – “Kim yenidən tərbiyə olunmuşsa, o başqalarına kömək etməlidir”, prinsipi ilə hərəkət edərək, Veraya yaxın bir dost kimi kömək etməyi, bu ağıllı qızı “qaranlıq zirzəmilərdən” xilas etməyi özünə vətəndaşlıq borcu hesab edir. Bu yolda Lopuxov öz şəxsi səadətindən belə əl çəkir. Tibb Akademiyasından çıxır, professor olmaq, kafedra tutmaq arzusunu bir kənara qoyur. Müəllifin dediyi kimi, Lopuxov təkcə Veranın deyil, ümumiyyətlə başqalarının xeyrinə çalışmaq məqsədi ilə hər hansı həyati fayda və şöhrətdən əl çəkməyi şüurlu və qəti surətdə qərara alır... O özünün ən yaxşı faydasını bu cür fəaliyyətin ona verdiyi ləzzətdə tapır.

         Vera Pavlovna və Lopuxovun sevgisi, onların ailə həyatı yeni qaydalara  əsaslanır. Lopuxov Vera Pavlovnaya arvad kimi yox, dost, məsləkdaş, həmfikir bir insan kimi baxır. Onun nəzərində bu sadə qızı “zizəmidən” xilas etmək hələ onu xoşbəxt etmək deyildir. Səadət tamamilə başqa  şeydədir. Yalnız təmiz ürək və ağılla başlayan həyat - əsl həyatdır, bunların qurtardığı yerdə insanlıq da qurtarır.

Çernışevski  özü deyirdi: “Ən gözəl həyat ağlın və qəlbin həyatıdır”. Lopuxov bu qənaətə gəlir ki, Vera Pavlovnanın şüurunu aktivləşdirmək lazımdır. Onunla özü arasında məfkurəvi yaxınlıq, ictimai birlik olmalıdır. Elə olmalıdır ki, Lopuxovun mübarizə və işində ən yaxın köməkçisi Vera Pavlovna olsun. Lopuxov buna nail olur və bu adi dvoryan qızı çox ayıq, ağıllı, cəsarətli və mübariz bir insana çevrilir. Lakin Lopuxov bu məsələdə ifrata varır. O, Vera Pavlovnanın yalnız şüuru, fəaliyyəti ilə maraqlanır, qəlbini, hisslərini isə unudur. Bununla da ikinci faciə başlanır. Nə qədər ki, Vera Pavlovna “zülmətdə” idi, xeyirxah fikirli, yaxşı adam görmürdü. Lopuxovla tanışlıqdan sonra o, hiss etdi ki, həyatda yaxşı və gözəl insanlar var. Lakin Lopuxovla yaşadıqdan və daha da inkişaf etdikdən sonra Vera Pavlovna  duyur ki, həyatda Lopuxovun özündən də yaxşı adamlar vardır. Elə adamlar ki, Lopuxovda olmayan keyfiyyət və sifətlər həmin adamlarda vardır. Belə adamlardan biri Vera Pavlovna ilə tanış olur və onun mənəviyyatında  dəyişiklik yaranır. Bu adam Kirsanovdur. Lopuxovdan fərqli olaraq, Kirsanov həssasdır, zahirdə çox ciddi və rəsmi görünsə də, əslində yumşaq rəftarlı, açıqürəklidir. Vera Pavlovna hiss edir ki, Lopuxov bir insan, dost və ər kimi nə qədər nəcib, qayğıkeş və mədəni olsa da, Kirsanovun xarakteri qarşısında zəifdir. Çünki Kirsanovda ağıl və hünərlə yanaşı, duymaq bacarığı və həssaslıq daha qüvvətlidir. Məhz buna görə də Vera Pavlovna iki dostdan ən yaxşısını, Kirsanovu yüksək tutur və sevir.

         Yazıçı yeni nəslin bu üç nümayəndəsi ilə birlikdə Raxmetovu da təsvir edir. Raxmetov “Nə etməli?” romanında təsvir edilən ən işıqlı bir obrazdır. Yazıçı  onun haqqında deyir: “Bəli, onlar pis adam deyildirlər. Onlar azdır, lakin bütün insanların həyatını çiçəkləndirən onlardır. Onlarsız bu həyat çürüyərdi, turşuyardı...”

         Digər üç obrazdan fərqli olaraq, Raxmetov daha məhəbbətlə təsvir olunmuşdur. Raxmetov mütləqiyyət Rusiyasında yaranan inqilabçılar nəslinin ən tipik və qabaqcıl nümayəndəsidir. Raxmetov sözün həqiqi mənasında  “xüsusi adamdır”. Onun şəxsi qayəsinin arxasında yalnız xalqın azadlığı məsələsi durur. Romanda Raxmetovun fəaliyyətinə az yer verilsə də , yazıçı mütləqiyyət quruluşuna və haqsızlıq dünyasına qarşı mübarizə  edən əsl inqilabçıları Raxmetovun surətində ümumiləşdirmişdir.

          “Proloq” Çernışevskinin bədii yaradıcılığında, ümumiyyətlə, irsində mühüm yer tutur.“Nə etməli?”dən sonra yazıçı “Proloq” əsərini yazmışdır. “Proloq” trilogiyanın  ikinci kitabıdır. Birinci kitab “Köhnə zamanlar” adlanırdı. Sürgün illərində yazılan bu əsər bizə gəlib çatmamışdır. Çernışevskinin  katorqa  yoldaşlarının  xatirələrindən aydın olur ki, “Köhnə zamanlar” romanında yazıçı Krım müharibəsi ərəfəsində rus cəmiyyətinin əyalət həyatını, kəndli problemlərini təsvir etmişdi.

         Romanda təhkimçilik hüququnun ləğvi islahatının hazırlanması və keçirilməsi ilə əlaqədar olaraq müxtəlif ictimai qüvvələr arasında gedən mübarizə təsvir olunmuşdur. Burada əsas münaqişə liberallarla inqilabçı- demokratlar arasında cərəyan edir. Çernışevski əsərdə həm çar hakimləri və mühafizəkar mülkədarları, həm də liberal burjua xadimlərini kəskin satira atəşinə tutmuş, bədnam kəndli islahatının həqiqi mahiyyətini açıb göstərmişdi. “Proloq”da Çernışevski rus liberazminin tənqidinə xüsusi diqqət yetirmiş, onları boşboğaz, satqın, ikiüzlü adamlar, xalq düşmənləri kimi təqdim etmişdi.

         “Proloq” romanı “Proloqun proloqu” və “Levitsinin gündəliyi” adlı hissələrdən ibarətdir. Əsər ilk dəfə Rusiyada 1906-cı ildə çap olunmuşdur. Romanda başqa adlarla verilən inqilabçıların  demək olar ki, hamısı Çernışevskinin bilavasitə tanıdığı və onunla birlikdə inqilabçılar cəbhəsində irtica ilə barışmaz məfkurə mübarizəsi aparan tarixi şəxsiyyətlər idi. Belə ki, romanın baş qəhrəmanı Volqin – Çernışevskinin özünü, Volqinin “doğma şəhərdə” evləndiyi ağıllı qız Lidiya Vasilyevna – Olqa Sokratovnanı, böyük gələcəyi olan və gündəliklərində “Mən inqilabçı-demokrat və sosialistəm” sözlərini yazan tələbə Levitski – Dobrolyubovu, Sokolovski – Çernışevskinin yaxın dostu, inqilabçı polyak S.İ.Sirakovskini; inqilabçılara rəğbət bəsləyən gənc alim Nivelzin-Gertsendən çox təsirlənmiş- alim V.F.Luçini təmsil edirdi.

         Çernışevski əsərini çox əlamətdar, dərin ictimai – siyasi mənası olan bir sonluqla qurtarır. Qatı mülkədar İlantesevin evində qonaqlıq təşkil olunmuşdur. Burada təhkimçi mülkədar və liberal partiyalarının nümayəndələri toplanmışdır. Onlar birlikdə tam hazırlanmış kəndli islahatı layihəsini böyük bir təntənə və sevinc hissi ilə qeyd edirlər. Bu qonaqlıqda tanınmış Peterburq jurnalisti Volqin də - Çernışevski də iştirak edir. O, otağın bir küncündə çox qəmgin və qüssəli oturmuşdur. Volqin qonaqlar arasında özünü tək və yad hiss edir. Onu dərin kədər və qəzəb hissi bürümüşdür. Kəndli islahatının, liberalların həqiqi mahiyyətini dərk edən Volqin dərin düşüncəyə qapılaraq öz –özünə deyir: “Yazıq millət, yazıq millət! Kölələr milləti,  başdan ayağa hamı kölədir ”. Bu sözlərlə Çernışevski çar üsul- idarəsinə, hakim mülkədar- liberal təbəqələrə öz dərin nifrətini açıq bildirir, eyni zamanda geniş zəhmətkeş kütlələrində inqilabi şüurun olmamasından acı-acı şikayətlənirdi.  

         Çernışevskinin ailə, əxlaq məsələlərinə baxışını öyrənmək üçün onun “Bir qızın əhvalatı” povesti də səciyyəvidir. Mövzusu 50-ci illərin ailə həyatından götürülmüş bu əsərdə ədib oxucunu bir tərəfdən yuxarı, varlı ailələrdə  tüfeyli  həyat tərzinin acınacaqlı nəticələri ilə tanış edir. M.Cəfərin təhlili ilə tanış olaq:

         Kasıb ailədən olan 17 yaşlı oxumuş qız Liza şəxsi həyat müşahidələrinin və oxuduğu məzmunlu kitabların təsiri ilə belə bir düzgün nəticəyə gəlir ki, varlılar, tüfeylilər mühitində təmiz, xoşbəxt ailə və əsil məhəbbət yoxdur. Bu mühitin gənclərinin çoxunun məhəbbəti saxtadır. Liza özü kimi yoxsul ailədən olan ağıllı, namuslu, təvazökar bir gənclə mütəqabil məhəbbət əsasında ailə qurmaq arzusu ilə yaşayır. Elə buna görə də, xoşlamadığı üç nişanlını ardıcıl rədd edir. Mərhəmətli ata-anası istəkli qızlarının ürəyinə dəymək, ona təzyiq göstərmək istəmirlər. Qardaşı, üniversitet tələbəsi Qrişa da bacısının arzusunu bəyənir. Lakin illər keçir, Liza 24 yaşına çatır, arzu edilən nişanlı isə hələ də gəlib çıxmır. Ortalıqda cehiz olmadığına görə, hətta arzuedilməz nişanlılar da artıq görünmürlər. Bu arada Lizada qardaşının vasitəsi ilə təsadüfən dvoryan ailəsindən olan 30 yaşlı bədbəxt bir adamla – Pyotr Laçınov ilə tanış olur. Laçınov mülkədar atasından qalan var- dövləti içkiyə, qumara qoymuş, universiteti birtəhər qurtarsa da, heç bir sənətə yiyələnə bilməmiş, “artıq adam ” halına düşmüş, içkiyə alışmış, iradəsini itirmişdir. Laçınov tamamilə boş, ağılsız adam da deyildir, pis yola düşdüyünü, heç bir xeyrə yaramadığını bilir, etiraf edir. Şəxsi həyatı, hərəkətləri mənasız olsa da, düşünəndə, danışanda öz vəziyyətini və özü kimi artıq adam halına düşmüş dvoryan gənclərinin vəziyyətini və bu halın səbəblərini çox düzgün izah edir: “Bizlər cəmiyyət üçün işləmirik, - deyir,- sapsız iynə kimi bir şeyik. Bizim iynəmizdə sap yoxdur ”. Laçınov mənsub olduğu “yüksək cəmiyyət ”dən narazıdır, bilir ki, onu və onun kimi bir çoxlarını belə bədbəxt adam halına salan həmin cəmiyyətin pozulmuş əxlaqıdır. O, bu cəmiyyətə nifrət edir, ancaq inana bilmir ki, cəmiyyət dəyişə bilər. “Cəmiyyəti dəyişmək olmaz,-deyir,-Fransada 60 illik vuruşmadan sonra yenə heç bir dəyişiklik yoxdur. Orada da əvvəlki kimi mövhumat hökm sürür, xalq acdır, alçaqlar pul toplayır, varlanır, inzibatçılar özbaşına hakimiyyət sürür, kütlə köləlik göstərir ”.

         Laçınovun bu ağıllı sözləri və Lizaya təmiz, səmimi, dostcasına olan münasibəti qızı özünə cəlb edir. Kamallı Lizanın bu bədbəxt insana yazığı gəlir, ona acıması hissi də qəribə, romantik bir məhəbbətə çevrilir. Liza bədbinlik, ümidsizlik girdabına düşən və buna görə də içkiyə qurşanan bədbəxti öz məhəbbəti ilə xilas etmək, həyata qaytarmaq niyyətinə düşür. Lakin bu təşəbbüs heç bir fayda vermir. Laçınov dərin kədərlə bildirir ki, o, Liza kimi ağıllı, əxlaqlı bir qızın məhəbbətinə layiq deyildir və ümumiyyətlə, o, yaşamağa  haqqı olmayan bir adamdır. Laçınov Lizaya deyir ki, mənim kimi adamlar mənim millətimə lazım deyildir . O, Lizaya özünəlayiq, ağıllı,  əxlaqlı bir nişanlı tapmasını məsləhət görüb, intihar etmək məqdsədi ilə yola düşərək, Peterburqa gedir. Burada özünü zəhərləməzdən əvvəl Lizanın qardaşı tələbə Qrişanı tapıb ona bir xeyli pul verir ki, öz adı ilə bacısına göndərsin, guya bu pulu Qrişa yazdığı romanlara görə almışdır. “Qoy bu məbləğ Lizanın cehizi olsun, bəlkə bu cehizə görə namuslu bir adam tapılıb o ağıllı qızla evləndi” - deyir.

         Laçınovun özünü zəhərləməsi xəbəri Lizaya çox sarsıdıcı təsir bağışlayır, başqasını sevib könül verə bilmir. İllər keçir,  yaşı ötür, təbiətin qanunu öz gücünü göstərir, vaxtında  ərə gedə bilməyən, ailə, uşaq sahibi ola bilməyən Liza, ağır əsəb xəstəliyinə düçar olur, əriyib çöpə dönür, 24-25 yaşından başlayan gərgin psixoloji  xəstəliyi  55 yaşına çatanda  daha faciəli şəkil alır, yoxsulluq, saxta  ailə, əxlaq normaları, cəmiyyətin bütün yaramazlıqları bu gözəl varlığın  sevincini, həyat eşqini, səadət və sağlamlığını əbədilik olaraq əlindən alır...

         Hadisəyə böyük bir mütəfəkkir, sosioloq, psixoloq, moralist kimi yanaşan müəllif, sanki oxucuya belə bir qəzəbli sualla müraciət edir:

         Kimdir  əsas müqəssir ? – Şübhəsiz ki, cəmiyyət quruluşu !!!

         Bəs “Nə etməli?”- Cəmiyyət inqilabi yolla dəyişdirilməli, yenidən qurulmalıdır, yalnız inqilabi yolla !!!

         Çernışevskinin bütün əsərlərinin son siyasi və əxlaqi nəticəsi belə idi...

5 ildən artıq sürən Həştərxana sürgününün də öz əzab-əziyyətləri, zülümləri vardı. Ona şəhərdən kənara çıxmağa icazə verilmirdi. Mətbuatda  öz imzası ilə yazı çap etdirmək mümkün deyildi. Bəs nə etməli? Fiziki cəhətdən olduqca zəifləməsinə baxmayaraq, Nikolay Qavriloviç yenə də inqilabi fikirlərini hansı vasitə ilə olursa-olsun, xalqa çatdırmaq üçün çarpışırdı. Digər tərəfdən isə ailəni də düşünmək, onu dolandırmaq lazım idi. Belə bir vəziyyətdə o, tərcümə işləri ilə məşğul olmağa üstünlük verdi.İngilis təbiətşünası V. Karpenterin “Təbiətdə energiya” kitabının, alman tarixçisi və filoloqu Qeorq Veberin “Ümumi tarix” əsərinin tərcüməsi ilə məşğul oldu.

Çernışevskinin  Həştərxanda ikən yazılıb nəşr olunan “İnsan beyninin xarakteri”, “Həyat uğrunda mübarizənin xeyriyyəçi nəzəriyyəsi” və s. əsərlərlə bərabər, əziz övladı kimi sevdiyi və bütün həyatı boyu unutmadığı Nikolay Aleksandroviç Dobrolyubovun həyatı haqqında qələmə aldığı məqaləsi də oxucularının qəlbini fəth etmişdi. Şərq mövzusu isə yenə onu özünə çəkirdi. Şərq xalqlarının tarixi, mədəniyyəti onu maraqlandırmaqda davam edirdi. Götürək onun oğullarına ünvanladığı məktubunu, burada o,  köhnə fars əfsanələrindən bir poemanın planını və mahnılar əsasında onun özünün düşünüb qoşduğu birinci əfsanənin məzmununu mükəmməl şəkildə ifadə edir. “Gülnarə” adı daha çox xoşuna gəlir. Denzil Elliotun “Əl-Şəms əl-Leylanamə” poemasının girişini (İran həyatından “Günəş və Gecə” poemasının başlanğıcı)  tərcümə edir.

Çernışevski 1887-ci ilin yayında alman, fransız, latın və Şərq dillərində: farsca, tatarca, ermənicə və ərəbcə çoxli qiymətli elmi əsərlərin olduğu Həştərxan Gimnaziyası kitabxanasında məşğul olur. Nikolay Qavriloviçi burada daha çox Roma və Şərqin qədim keçmişi maraqlandırır. 

Bu barədə H. Babayev “Dərin köklər”ində yazır: (Bakı, 1964-cü il, rus dilində):

“Şərqlə, Qafqazla Çernışevski çoxdan maraqlanırdı. Hələ 1842-ci ildə  Saratov  ruhani qəza-prixod məktəbində tatar dili fənnindən “çalışqan və yaxşı müvəffəqiyyətlər” qiyməti almışdı. Onun “İki tatar nəsihəti” adlı kitabı vardı.  Peterburq Universitetinin tələbəsi ikən, 1846-cı ildə  Şərqə dair yeni kitablar oxuyurdu. Bu kitablar arasında “İran müntəxəbatı” (üçüncü hissə, 1826 və ya 1833-cü illər nəşri), “Ərəb müntəxəbatı” (Moskva, 1824), ərəb yazıçısı Əhməd ben Ərəbişin 1824-cü ildə A.Boldırev tərəfindən tatar dilində nəşr edilmiş “Bir kölənin macəraları” povesti də vardı.

Peterburq Universitetində Çernışevski  azərbaycanlı Mirzə Kazım bəy ilə yaxınlaşır və dostlaşır.  O vaxtlar əvvəl Kazan Universitetində (1845-1849), daha sonra Peterburq Universitetində (1849-cu ildən 1872-ci ilə qədər) İran ədəbiyyatı kafedrasının müdiri vəzifəsini tutan Mirzə Kazım bəy  böyük şərqşünas,  bir sıra məzmunlu elmi əsərlərin müəllifi kimi tanınırdı.

 Peterburq Universitetində professor Mirzə Kazım bəy ilə tələbə Çernışevski arasında görünür, yaxşı qarşılıqlı münasibət yaranmışdı. Özünün 1850-ci il gündəliyində Çernışevski  yazıb: “Oraya (imtahana) Kazım bəy ilə getdim və onunla bir az danışdım. Araşdırıcıların dəfələrlə misal gətirdikləri bu xəsisliklə ifadə olunmuş məlumatdan başqa Çernışevskinin gündəliklərində onun barəsində heç nə yoxdur. Fikrə getməli oluruq:  onlar “bir az” nə barədə danışıblar? Bəlkə möcüzələr diyarı Şərq barəsində?  Gümanlara baş vurmayaq. Elm faktları sevir. Hər halda, bu kiçik məlumat o illərdə  Çernışevski və Kazım bəy arasında mövcud olmuş müəyyən bir xoş münasibətdən söz açır.

O vaxtlar  Çernışevski  getdikcə daha tez-tez Qafqazla  maraqlanmağa başlayır. Kiyevdə 1853-cü ildə alman dilində “Şairlər külliyyatı” işıq üzü görür. Bu müntəxəbatda Neykrix “bütün zamanların və xalqların ən kamil poeziya əsərlərindən seçmələr təcrübəsinə” baş vurur.

Elə həmin ildə “Oteçestvennıe zapiski” jurnalının 7-ci sayında Çernışevski  “Şairlər külliyyatı”nı saf-çürük edən məxsusi resenziya ilə çıxış edir.Bu, Çernışevskinin rus jurnalistikasındakı fəaliyyətinə yol açan ilk resenziyalarından biridir. Neykrixin tərtib etdiyi kitabın çatışmazlıqlarına  keçən Çernışevski  yazır:

“Farslar” və “Ərəblər”  bölməsində  o (doktor Neykirx), Zənd-Avesta haqqında kəlmə demir – bağışlanmaz diqqətsizlikdir. Hətta cənab Smaraqdovun “Tarix”ində  söz gedən “Müəlləqatlar” haqqında  da bir kəlmə yoxdur”. Mətbuatda ilk addımlarını atan tənqidçi bunun ardınca qeyd edir ki, amma “Dichterkanon” kimi bu qədər qısa siyahı tanınmayan adlarsız asanlıqla ötüşə bilərdi. Bu kimi “tanınmayan adlar” arasında, o, məlumatsızlıq üzündən yanlış olaraq Şərqin çox böyük humanisti, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını çəkir.Onun “Yeddi gözəl” poemasından bir parça da “Şairlər külliyyatında”  yer alırdı.

Çernışevskini Şərq mövzuları özünə çəkir.Şərq xalqlarının tarixi, mədəniyyəti onu maraqlandırmaqda davam edir. Götürək onun oğullarına ünvanladığı məktubunu, burada o,  köhnə fars əfsanələrindən bir poemanın planını və mahnılar əsasında onun özünün düşünüb qoşduğu birinci əfsanənin məzmununu mükəmməl şəkildə ifadə edir. “Gülnarə” adı daha çox xoşuna gəlmişdi.Çernışevski  1875-ci ildə Denzil Elliotun “Əl-Şəms əl-Leylanamə” poemasının girişini (İran həyatından “Günəş və Gecə” poemasının başlanğıcı)  tərcümə etmişdir. Çernışevski 1887-ci ilin yayında alman, fransız, latın və Şərq dillərində: farsca, tatarca, ermənicə və ərəbcə ...çoxlu qiymətli elmi əsərlərin olduğu Həştərxan Gimnaziyası kitabxanasında məşğul olurdu.Nikolay Qavriloviçi burada daha çox Roma və Şərqin qədim keçmişi maraqlandırırdı. 

 “Rus İmperator Coğrafiya Cəmiyyəti Qafqaz Şöbəsinin məqalələri”nin 1855-ci ildə işıq üzü görən III Kitabına da  Çernışevski məxsusi olaraq resenziya həsr edir. Bu toplu kitabçasında çap olunmuş üç məqalədən biri Rossun talışlar haqqında məzmunlu yazısı idi. Bu  yazı Çernışevskinın diqqətini cəlb etmişdi. “Cənab Rossun talışlar haqqında məqaləsi - deyə o, yazır, - artıq dediyimiz kimi, mükəmməl ixtisas mahiyyəti daşıyır.Onların indiyədək tamamilə naməlum qalan ləhcələrinin qrammatikası və lüğəti fars dilinin dialektlərini öyrənən adamlar üçün çox maraqlı olacaq və hind-Avropa dillərinin müqayisəli qrammatikası ilə məşğul olan filoloqlar üçün hətta bir neçə maraq doğuran faktlar təqdim edir. Qismən Lənkəran qəzasının cənub səmtində, qismən də İranın bitişik bölgələrində yaşayan talışlar, burada təqdim olunan örnəklərə əsasən mühakimə yürüdülsə, fars dilinin özündə artıq yoxa çıxmış kifayət qədər çox köhnə formaların və sözlərin qorunub saxlanmış olduğu dialektində danışırlar...”

Nikolay Çernışevskinin “Seçilmiş pedaqoji əsərləri”ndə Şərq mövzusu xüsusi yer alıb (Moskva, 1953-cü il): “Hind poeziyası haqqında mühakimə yürüdə bildiyimizcə, bu poeziya dini istiqamətə malikdir və xalq arasında dünyaya və insana fəlsəfi-dini panteist baxışların kök salmasına son dərəcə güclü  rəvac verməli idi. Sanskrit dilindəki dramlarda da, epopeyalarda da bu ruh vardır və fövqəladə dərəcədə dərin və olduqca poetik bir şəkildə inkişaf edir. Qədim dövrlərdə onların təsir dərəcəsi haqqında bu fakta görə mühakimə yürüdə bilərik ki, indinin özündə hələ də dini poemaların (xüsusən də mənə elə gəlir ki, Ramayananın) tamaşaları ilə birləşdirilmiş qiraət yüz minlərlə xalqı səhralara cəlb edir və bu çox böyük sayda xalq kütləsi Ramayana hekayəsinin haraya köçdüyünə  baxaraq, həftələr boyunca Hindistan meşələrində, vadilərində sərgərdan dolaşırlar (hadisələr meşədə baş verəndə qiraət və Ramayananı meşədə təsəvvür etmək üçün meşəyə yollanır; hadisə Qanq çayında cərəyan edəndə Qanq sahilinə yollanırlar və s.) Əlbəttə, bu zaman Ramayanada təlqin olunan dini-fəlsəfi inanc və hissetmə xalqda son dərəcə güclü bir şəkildə özünü göstərməlidir. Əgər desək ki, həm Məhəməddiyyə dininin, həm də xristianlığın Hindistanda özünə ardıcıllar tapa bilmədiyinin, hindlilərin brahma təliminə bu dərəcədə sadiq olduqlarının ən başlıca səbəblərindən biri bu dini təsəvvürdür, çox ehtimal ki, yanlışa yol vermiş olmarıq. Yalnız bir səbəb var ki, bu, hind misteriyalarından daha güclü bir tərzdə təsir edir – bu, xalqın ruhunda dərin kök salmış kasta bölgüsüdür, nəticə etibariə hindlilər həm Quranın, həm də İncilin öyrətdiyi Tanrı qarşısında bərabərlik və insanların qardaşlığı haqqında təlimi heç cür anlaya bilmirlər.

Yəhudilərin də poeziyasında bizə bəlli olduğu dərəcədə hər şey dini istiqamət daşıyır.  Biz psalmalar və dini-lirik poeziyanın digər əsərlərinin yəhudi xalqında dini hisslərin inkişafında fövqəladə dərəcədə güclü təsirinin olduğu və bunun davam  etdiyi haqqında çox danışmağa gərək olduğunu düşünmürük. Peyğəmbərlər də şairlər və özəlliklə də onlardan bəziləri, məsələn, İsaiya və İyeremiya  böyük şairlər adlandırılmalıdır. Biz bilmirik, peyğəmbərlərin kitablarının şeir formasında və ya nəsrlə yazılmış olduğunu birdəfəlik həll etməkdən ötrü  bizdə vəzn adlandırılanın yəhudi poeziyasında müvafiq anlayış üzrə poetik formaların bütün şəkil dəyişiklikləri son zamanlar yaxşıca öyrənilmişdirmi? Əvvəllər bunu yəqin ki, deyə bilərdilər. Lakin hər halda bu, önəmli deyil:  bütün peyğəmbərlər az və ya çox dərəcədə şair idilər, İsaiya isə, məsələn,  hər zaman bizə bəlli olan ən böyük şairlərdən biri olaraq qalacaqdır. Onun gələcəkdən  xəbər vermələrinin, özəlliklə də missiyanın zühur edəcəyi və yəhudi padşahlığının bərpa olunacağı  haqda öncəgörmələrinin yəhudilərə çox böyük təsiri, onların böyük qisminin bu peyğəmbərliyin  əleyhinə üsyan qaldırdıqları romalılar tərəfindən qılıncdan keçirildiyi zamanadək  yanlış anlaşıldığının fanatizmə qədər coşdurduğu barədə danışmağa ehtiyac yoxdur; onların İsa-Məsihin miladına yaxın çağın yəhudilərinin  anladıqları şəklində onların vətənpərvərliyi üçün  hədsiz dərəcədə ürəyəyatımlılığı və şirnikdiriciliyindən  asılı olmayaraq, bu peyğəmbərliyin valehedici yazılışının, ondakı alovlu poetik hisslərin də rolu qeyd olunmalıdır: və biz, əgər peyğəmbərlərin kitablarını yaxşı tərcümədən oxusaq, odlu şeiriyyətin təsirinə uymaya bilmirik. Lakin yəhudiləri  romalılara qarşı üsyan qaldırmağa məcbur edən,  hər bir yəhudinin həyatına dərindən nüfuz etmiş milliyyət duyğusunun özü də  öz mənşəyinə görə dinə borcludur: bu duyğunu o doğurmuş, ona dəstək olmuş və dəstək olmaqdadır. Heç kəc şübhə etməz ki, din öz poetik tərəfi ilə insana hər şeydən daha qüvvətli təsir edir. 

Eynilə Quran da, əlbəttə, öz poetik tərəfi ilə müsəlman xalqlarına qüvvətli təsirə malikdir. Məhəmmədi də biz dünyada var olmuş ən böyük şairlərdən biri kimi etiraf etməliyik: Tanrının əzəmət və qüdrətini  Quranda  necə də alovlu-poetik bir tərzdə tərənnüm edir! Məhəmməd təliminin sürətlə yayılmasını inancda müsəlmanları fərqləndirən qeyri-adi möhkəmliyin, çoxarvadlılığa icazə verilməsinin və axirət dünyasının təsvir olunduğu həssas boyaların ayağına yazmaq  əbəsdir: çoxarvadlılığı Şərqə Məhəmməd gətirməyib və müsəlmanlığın bu məsələdə dünyəvi adamın gözündə digər Şərq dinləri qarşısında heç bir üstünlüyü yoxdur; bu kimi və ya daha yüksək təhsil səviyyəsində olan bütün xalqlar onu özləri üçün eynilə belə bir hissiyyat şəklində, hətta mümkün olduqca daha hissiyyatlı bir şəkildə təsəvvür edirdilər: nə Valqalla, nə də Yelisey çölü cismani həzzlərdə Məhəmməd cənnətindən geri qalır. Axirət dünyasına bu kimi baxışlardan yalnız aydın dərk olunan panteist istiqamət xilas etmişdir (ona görə də brahmanizm və  buddizm  təlimində gələcək həyatda cismani olan heç nə yoxdur). Və bu yenə də müsəlmanlığa üz tutmağa və ona bu şəkildə bərk bağlanmağa məcbur edə bilməmişdir. Əgər gerçəkdən də  cənnətdə cismani həzzlər müsəlmanlığın yayılmasının və sarsılmazlığının başlıca səbəbi olsaydı  belə, onda bu ümidi bu dərəcədə sarsılmazlığa, şəksizliyə yüksəltmək doğrudanmı poetik dühanın gücü olmadan mümkün idi? Burada sübut təqdim etmək olmaz, gələcək həyat barədə vəzlərlə təlqin olunan  inancın gücü yalnız və yalnız  təsvirin parlaqlıq və canlılıq dərəcəsi ilə ölçülməlidir. Əksinə, insan cismaniliyi üçün Məhəmmədiyyə  dini çox böyük əlverişsizliyə malik idi, şərabı yasaq edirdi – bu özəlliklə də isti ölkələr üçün əla bir qayda idi, lakin biz Nestorda Vladimirin müsəlman missionerlərə  cavabını xatırlamalıyıq ki, anlaya bilək – müsəlmanlığın sırf cismani qayələri  bu dini qəbul etmiş xalqların  böyük qismi üçün  heç də cəlbedici deyil, o tam  cismanilikdən  mənəviliyə doğru çox böyük addım idi;  mənə elə gəlir indi hamı razılaşar ki, Şərq sivilizasiyası, bəli, ciddi desək, İspaniya və Səlib yürüşləri vasitəsilə - Qərb sivilizasiyası da Məhəmmədiyyə dininə fövqəladə dərəcədə çox borcludur. Doğrudanmı Məhəmmədin bu qədər ciddi şəkildə buyurduğu, kimliyindən asılı olmayaraq  müsəlmanlar tərəfindən əməl olunan  xeyriyyəçilik vəzi cismanilik üçün əslində bu qədər şirnikdiricidir? Yəni Məhəmmədilik heç də ona görə qəbul olunmayıb və öz ardıcıllarıının qəlbində möhkəm şəkildə kök atmayıb ki, onlara cismani ləzzətlər vəd edir, - heç də belə deyil, ona görə ki, poeziya öz qarşısıalınmaz qüvvəsi ilə Məhəmməd dühasına onun təlim etdiyi yüksək, o dərəcədə yüksək ki, onun ardıcıllarında sırf ilahiyyat baxımından hətta öz ilkin yüksəkliyində duruş gətirə bilməyən bir dinə saf deizm libası geyindirdi.  Onun poetik baxımdan doğrudan da böyük bir əsər olduğuna əminlik hasil etməkdən ötrü  Qurandan bir neçə səhifə oxumaq kifayətdir. Ən azından ondan Puşkinin etdiyi tərcümələrdə parçaları xatırlayaq – bu hələ ikinci əldən çevirmələrdir, amma onda nə qədər istilik, alov var”.

Qeyd etdiyim kimi, Çernışevski hələ kiçik yaşlarından tatar dilində danışa və  ərəb əlifbası ilə yaza bilirdi. Sonralar Çernışevski tatar dilini  yaxşı öyrənmişdi. O, hətta bu dil üzərində tədqiqat işləri də aparmışdı. Məsələn, onun şəxsi arxivində əlyazması şəklində bir əsəri indiyədək qorunur. Buradan məlum olur ki, Çernışevski “Saratov quberniyasında əsli tatar dilindən alınmış topoqrafik adların icmalı” ilə də məşgul olub. Alimin bu dilə belə maraq göstərməsinin bir çox ümumi və xüsusi səbəbi vardı.

         Birincisi, kiçik yaşlarından uşağın ətrafında tatar balaları çox idi və o, bu dillə danışıqları hər yerdə eşidirdi. Çernışevskinin atası da dediyim kimi, tatar və  ərəb dillərini bilirdi. Oğlunu bu dili öyrənməyə həvəsləndirən birinci növbədə ata özü olmuşdu. Eyni zamanda görkəmli rus şərqşünası, İslam dininin məşhur tədqiqatçısı, Quranın ərəb dilindən rus dilinə ilk nəşrinin  tərcüməçisi, seminariya müəllimi, professor Qordiy Semyonoviç Sablukov tatar və ərəb dillərindən Nikolaya dərs demişdi.

         Nikolayın Şərq dillərini öyrənməyə o qədər dərin marağı vardı ki, o, ələ düşən hər cür imkanlardan istifadə etməyə çalışırdı. Məsələn, 12 yaşı hələ tamam olmamış ikən o, bir gün küçədə portağal satan bir iranlı ilə şərtləşir ki, o buna fars, bu da ona rus dilini öyrətsin. “Müəllim” hər iki dili zəif bilirdi. Onların dərsləri belə keçirmiş; “müəllim” ona bir şeyin adını fars dilində, Çernışevski isə rusca deyirmiş. Təbii ki, Çernışevski kimi bacarıqlı və bilik həvəskarı olan bir gənc üçün bu, çox az idi. Odur ki, Çernışevski Peterburq Universitetinə daxil olmaq ərəfəsində yenə də fars dilini öyrənirmiş. Lakin bu dəfə onun müəllimi iranlı bir tacir olmuşdur. O, Nijni Novqorod yarmarkasına gələrkən Saratovda da bir qədər qalar və bu müddət ərzində Çernışevskinin nənəsinin evində otaq kirayə edərmiş.

         Bu “müəllimin” əli ilə yazılmış bir çox kağız  Çernışevskinin arxivində indi də saxlanılır. Kağızlarla tanışlıq göstərir ki, tacir də bir o qədər savadlı deyilmiş. Buna görə də onun yazılarında qrammatikaya dair bir şey yoxdur. Yazıların çoxu alver işlərinə aid olan vəsiqələrin nümunələrindən ibarətdir. Bundan əlavə, həmin yazıların arasında İranın XVIII əsr tarixinə aid naməlum kitabdan böyük bir parça, Hafiz və Sədinin bir-iki şeri vardır.

         Çernışevski ərəb-fars dili ilə bərabər, qədim yəhudi dilini də öyrənirdi.  Bu dillər  ruhani seminariyasında ayrıca fənn olaraq tədris olunurdu. Bundan başqa, Çernışevski artıq yazımın əvvəllində bəhs etdiyim kimi, latın, yunan, alman, fransız və ingilis dillərini də yaxşı öyrənmişdi. Çernışevskinin arxivində saxlanılan çoxlu əlyazması ilə tanışlıqdan məlum olmuşdur ki, alim Azərbaycan dilini tatar dilindən sonra   öyrənirmiş, buna görə də onun Azərbaycan dilinə dair qeydləri tatar dilinə aid yazılarının sonunda təqdim olunmuşdur. Çernışevski həmin vaxtlar ərəb əlifbasını artıq öyrənmişdi. O, Azərbaycan dilində də bu əlifba ilə yazmağı və  oxumağı bacarırdı.

         Yazılan mətnlər Azərbaycan dilindədir (Azərbaycan dili ilə tatar dilinin arasında nə qədər fərq olduğunu burada isbat etməyə  ehtiyac yoxdur). Məsələn, Çernışevski Füzuli dövrünün (XVI əsr) şairlərindən olan Heyrətinin  qəzəlindən “Pişəsi aşiqlərin azadəlikdir daima” misrasını gətirir və onun rusca tərcüməsini verir. Nikolay Qavriloviç başqa şeirlərdən də Azərbaycan dilində mətnlər təqdim edir.Tatar dili ilə məşğul olduqda Çernışevski Sablyukovun, Qiqanovun və başqalarının qrammatika kitablarından, Azərbaycan dilini öyrəndikdə isə  Mirzə Kazım bəyin kitabından  istifadə edirdi.

Çernışevskinin fars dili müəlliminin - tacirin Bakı və Şamaxı ilə əlaqəsi vardı. Həmin müəllimin yazılarında bu iki şəhərin adları dəfələrlə qeyd olunmuşdur. Şübhəsiz ki, gənc Çernışevskiyə  azərbaycanlılar haqqında ilk məlumatı da bu adam vermişdir.

         Bu tacir- müəllim kim idi?

         Fars diinə aid yazılarında Çernışevski onun Nijni Novqorod yarmarkasındakı ünvanını qeyd edərək adını da göstərmişdir: “ Abdull Abramoviç  Mazandaranski”. Əlbəttə, lazım olan hallarda Çernışevski ona məktublar da yazırmış. O, müəlliminin adını bir qədər ruslaşdırılmış şəkildə yazmışdır. Bu ad isə əslində belə idi: “Abdulla İbrahimzadə Mazəndərani”.

            Çernışevski böyük klassikimiz Mirzə Şəfi Vazehin əsərləri ilə  tanış idi. Onu da deyim ki, Rusiyada Mirzə Şəfi poeziyası ilə ilk maraqlanan, şairin şeirlərini rus dilinə tərcümə edib “Sovremennik” və “Russkoe slovo” jurnallarında çap etdirən elə Çernışevskinin yaxın dostu, məsləkdaşı, inqilabçı-demokrat Mixail Larionoviç Mixaylov olmuşdur. Çernışevski və rus ictimai fikrinin digər nümayəndələri Azərbaycan xalqının mənəvi həyatına səmərəli təsir göstərmiş, rus və Azərbaycan mədəniyyətlərinin qarşılıqlı şəkildə  zənginləşməsində, ədəbiyyatlarımız arasında dostluq, qarşılıqlı əlaqələrin  möhkəmlənmsəində böyük rol oynamışlar. XIX əsr mədəniyyətinin  görkəmli xadimləri olan Qasım bəy Zakirin, Mirzə Kazım bəyin, Mirzə Fətəli Axundovun, Seyid Əzim Şirvaninin, Həsən bəy Zərdabinin və digər korifeylərimizin yaradıcılığı mütərəqqi rus mədəniyyəti ilə, o cümlədən Nikolay Qavriloviç Çernışevskinin zəngin dünyagörüşü ilə sıx əlaqədə inkişaf etmişdi.

Çernışevskinin adı XIX əsrdə Azərbaycanda demokratik mədəniyyətin yaranması və materialist fəlsəfənin yayılması ilə də sıx bağlıdır. Onun inqilabi fikirləri, materialist görüşləri Azərbaycanda ictimai fikrin inkişafına  müsbət təsir bağışlamışdır. Azərbaycanın qabaqcıl alimləri, yazıçı və ziyalıları, söz sahibləri rus inqilabçı - demokratlarının fikirləri ilə yaxından tanış olmuş, onları böyük məhəbbətlə sevmiş, əsərlərini maraqla oxumuş, ölməz ideya və düşüncələrindən, gözəl ənənələrindən və mübarizə üsullarından öyrənmişlər. Xalqımızın mübariz və vətənpərvər oğlu  Məşədi Əzizbəyov bu anlamda demişdir ki, epiqrafda qeyd etdiyim kimi, “Əgər mənim anam qoca Səlminazdırsa, mən Çernışevskinin  “Nə etməli?” romanını özümə ikinci ana hesab edirəm. Bunlar məni tərbiyə edib böyüdüblər”.

 “Nə etməli” romanını Azərbaycan dilinə bütöv şəkildə 1952-ci ildə görkəmli yazıçımız  Mirzə İbrahimov tərcümə etmişdir.

Çernışevskinin oxucularımıza az məlum olan əsərlərindən Petropavlovsk qalasında ikən yazdığı “Çingiz xan” hekayəsi ilk dəfə Bakıda rus dilində çap olunmuşdur.

1857-ci ildə hidlilərin ingilis zülmünə qarşı bütün dünyanın diqqətini cəlb edən qəzəbli üsyanı zamanı rus inqilabçı-demokratları Şərq, xüsusilə Hindistanla daha çox məşğul olmuşdular. Həmin  ildə gənc Dobrolyubov Hindistanda İngiltərə müstəmləkəçilərinin vəhşiliyini ifşa etmək və hind xalqının işğalçılara qarşı apardığı tarixi mübarizəsini qiymətləndirmək məqsədi ilə “Ost – hindin tarixi və müasir vəziyyətinə baxış” adlı əsərini yazmışdı.Dobrolyubov bu məqalədə Hindistanın işğalı tarixindən geniş bəhs edərək belə bir nəticəyə gəlmişdi ki, Hindistan gərək Hindistan üçün olsun və hindlilərin özü tərəfindən idarə edilsin. Nəinki İngiltərə tərəfindən ingilislər üçün olsun.

Həmin ildə Çernışevski də siyasi iqtisad elminə aid yazdığı bir əsərində igilislərin hindlilərə qarşı apardığı ədalətsiz müharibənin tənqidinə geniş yer vermişdi. Böyük alim – mütəfəkkir bu əsərində qeyd edirdi ki, ingilislərin Hindistanda apardıqları işğalçılıq müharibəsi hind xalqının bədbəxtliyinə səbəb olur. Bu ədalətsiz müharibə ancaq bir ovuc britaniyalı ağaların xeyri üçündür.

Görkəmli Azərbaycan filosofu, yazıçı-dramaturqu  Mirzə Fətəli Axundov da öz fəlsəfi məktublarında yazırdı ki, ingilis hind xalqını xar və zəlil edibdir. Hind xalqı puç əqidələr sahibidir. Riyaziyyatla məşğul olmaq, nəfsi həps-nəfs etmək, yeddi il sərasər samit oturmaq, əlini başına qoyub hərəkətsiz dayanmaq, təriqətçilik , cinlərə, firiştələrə inanmaq, dünyadan əl çəkmək, tez ölməyə tələsmək, adamların diri ikən birdən-birə qeyb olmasına inanmaq, fırıldaqçı ruhaniləri müqəddəs bilmək, onlara rəzil bəndəlik etmək və heyvanlara sitayiş etmək kimi mövhumat hindlilərin içərisində hələ də görünür və müqəddəs bir əməl sayılır.

Fəlsəfi məktubları diqqətlə oxuyanlar bilirlər ki, bu ölməz əsərdə Kəmalüddövlə eyni zamanda müəllifin yaratdığı azadfikirli bir hindli surətidir. Bu da təsadüfi sayıla bilməz ki, Axundovun Hindistanda yaşayan dostları, sirdaşları olmuşdur.Heç şübhəsiz ki, Kəmalüddövlə bir surət olaraq Axundovun hindlilərin gənc inqilabçı-demokratlar nəslinin yaranması və tərbiyə edilməsi haqqındakı yüksək fikirlərini və arzularını əks etdirmişdir.

Axundovun “Kəmalüddövlə məktubları”nda Hind şahzadəsi Kəmalüddövlə ilə fars şahzadəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Burada yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, “Kəmalüddövlə məktubları” bəşəriyyətə  xidmət etmək, Şərq xalqlarını dini xürafatdan, zalımların  əsarət zəncirindən azad etmək üçün zülmə və  əsarətə qarşı mübarizə  silahına çevrilir. Axundovun Şərq despotizminə, feodal qanun-qaydalarına, istibdad və mütləqiyyətə qarşı apardığı mübarizəsi Çernışevskinin çarizm və mütləqiyyət quruluşuna, cəhalət və geriliyə qarşı apardıqları mübarizə ilə sıx surətdə tamamlanırdı.

Axundov da Hindistanda Britaniya ağalığını kəskin tənqid edib yazmışdır: “Külli – cahaniyana məlumdur ki, ingilis Hindistan əhalisi ilə nə qism rəftar edir.Məgər sivilizasion tapan ingilis Hindistan əhli ilə despotdan yaxşı müamilə edir? Onlara nisbətən min mərtəbə yenə despota rəhmət”.

Bütün bunlar göstərir ki, böyük mütəfəkkirimiz  Axundov da rus inqilabçı-demokratları kimi xalqların əsarətdə  və cəhalətdə yaşamasına dözə bilməmiş, o cümlədən hind xalqı üçün azadlıq, qurtuluş arzu etmişdir.

Rusiyalı müasirləri kimi, Axundov da bütün Asiya və Afrikanın məhkum xalqlarının, müstəmləkə və yarımmüstəmləkə xalqlarının azadlığı, istiqlaliyyəti, maariflənməsi, mədəniləşməsi və müasirləşməsi haqqında düşünürdü.

İranda və Türkiyədə yaşayan xalqların da vəziyyəti Axundovun diqqətindən yayınmırdı. O, İran zəhmətkeşlərindən danışarkən deyirdi ki, İran xalqı fitrətən təbii əql nemətindən, zəkadan və zati qabiliyyətdən məhrum deyildir, nəhayət, polad cövhəri pas altında itmişdir.

Axundovun əsərlərində Şərq məsələsi bütün Şərq xalqlarının despotizm, asiyaçılıq üsuli-idarəsindən azad olması, müasirləşməsi məsələsi kimi qoyulurdu.

M.F. Axundovu görkəmli rus müasirlərinə yaxınlaşdıran mühüm bir cəhət də onun o zamankı Şərqə aid inqilabi çağırışları idi. Axundovun təbliğ etdiyi inqilab burjua-demokratik inqilabı məzmununda olmuşdur.Məhz bu məzmunda inqilabi çağırış onun bütün fəlsəfi, siyasi, publisist əsərlərinin əsas mahiyyətini, ruhunu təşkil etmişdir. Axundov o zamankı Şərq üçün zəruri olan inqilabı necə başa düşdüyünü şərh edərək yazırdı:

“Revolyusiya ibarətdir ondan ki, xalq padşah və despotun və zalimin qanunsuz rəftarından təngə gəlib şurişə ittifaq edib, onu dəf edələr və özlərinin asayiş və səadəti üçün qanun vəz edələr”.

Axundovun fikrincə, bu inqilab Şərq xalqlarını, o cümlədən Azərbaycanı həm mənəvi, həm də cismani əsarətdən azad edəcəkdi.O, yazırdı: “Tam azadlıq iki növ azadlıqdan ibarətdir: biri ruhani azadlığıdır, o biri cismani azadlıq. Bizim ruhani azadlığımızı İslam dininin rəhbərləri əlimizdən almış, bizi bütün ruhani işlərdə tamamilə alçaq bir qul kimi öz əmr və nəhylərinə tabe etmişlər...Bizim cismani azadlığımızı isə despot hökmdarlar əlimizdən almış, bizi bu dünya həyatında tamamilə öz buyuruqlarına məhkum edib, bizi öz nəfslərinin istəklərinə görə cürbəcür ağır yüklərin və təkliflərin həmmalı etmişlər”.

Axundov Şərq üçün elə bir cəmiyyət quruluşu arzu edirdi ki, orada hamı dövlət işlərində iştirak edə bilməli, hamının üzünə mədəniyyətin qapıları açıq olmalı, hamı işləməli, öz əlinin əməyi ilə yaşamalı, zəhmət azad olmalı, xalq- vətən səadətinin düşməni olan hakimlərin, dərəbəylərin, ruhanilərin müftəxorluğuna və özbaşınalığına son qoyulmalı, onları rədd etməlidir. Elə bir cəmiyyət quruluşu ki, orada birinci növbədə füqəra zülmdən xilas olsun...

Nikolay Qavriloviç Tiflis yazıçılarının əsərlərindən ibarət “Zurna” adlı Zaqafqaziya  ədəbi almanaxı haqqında bir resenziya yazmışdır. Almanaxın həmin nömrəsində Mirzə Fətəli Axundovun Molla Pənah Vaqifin yaradıcılığından rus dilinə tərcümə etdiyi ilk şeirlər dərc edilib. Qeyd edim ki, Axundovun özü bu almanaxda təmsil olunan müəlliflərdən biri olub. Çernışevski almanaxın müəllifləri haqqında yazarkən Mirzə Fətəlinin də adını çəkib. Nikolay Qavriloviç yazıb: “Bunların əsərləri tamamilə təqdirəlayiqdir, bunlar hələ rüşeymlər və gələcəkdə daha yaxşı inkişaf etmək üçün rəhndirlər... Tiflis yazıçılarının şeirləri ümumiyyətlə, səlis və aydın, nəsr əsərləri isə ümumiyyətlə, təmiz və düzgün bir dildə yazılmışdır”.

Çernışevskinin fikrincə, həyatı əks etdirmək – sənətin mahiyyətini təşkil edən ümumi, xarakteristik əlamətdir; çox zaman sənət əsərlərinin başqa bir əhəmiyyəti də vardır ki, bu da həyatı izah etməkdən ibarətdir; çox zaman onlar həyat hadisələri haqqında hökm vermək əhəmiyyətinə də malikdirlər.

Axundovun dram əsərlərinin məqsədi təkcə “Həyatı əks etdirmək” deyil, onlar həm də “Həyat hadisələri haqqında hökm vermək əhəmiyyətinə” malik idi.

Axundovun ədəbiyyatdakı yeni istiqaməti “naturalist” adlandırması da çox səciyyəvidir. Görünür bu da rus klassik ədəbiyyatının ifşaedici-realist Qoqol istiqamətini naturalist məktəb adlandıran Çernışevskidən gəlirdi.

Çernışevski kimi Axundov da daim yeniləşən, inkişafda olan həyat həqiqətini incəsənətin əsası hesab edirdi. Axundov öz komediyalarında mülkədarları, hökumət məmurlarını, ruhaniləri və yenicə yaranmaqda olan burjuaziyanı ifşa edirdi.Lakin Axundov əsərlərinin satirik istiqaməti ilə yanaşı, onların başqa bir mühüm xarakterik cəhətini –cəmiyyətin demək olar ki, bütün təbəqələrinin həyatının dürüst təsvirini verməsini də qeyd etmək lazımdır.Xalqın taleyi, onu azadlıq və tərəqqinin işıqlı yoluna çıxarmaq qayğısı  Axundovu rus inqilabçı demokratlarına xeyli yaxınlaşdırırdı.

İndi isə xalqımızın mədəni sərvətlərindən biri olan “Koroğlu” eposunun Avropaya “qanadlanması” və Çernışevskinin buna xüsusi münasibəti barədə.

         “Koroğlu”  rus dilində 1856-cı ilin iyun ayında Tiflisdə nəşr olunmuşdu. Eposun o zamanlar ən mükəmməl nəşri sayılan bu kitabı polyakəsilli rus yazıçı-etnoqrafı Aleksandr Xodzko çapa hazırlamışdı.

         Xodzko Rusiyanın İrandakı səfiri olmuşdu. Xalq yaradıcılığı nümunələrini toplamaq, xalqın milli adət-ənənələrini öyrənmk işinə xüsusi diqqət yetirən yazıçı-diplomat Cənubi Azərbaycanda xalq aşıqlarının dilindən “Koroğlu” eposunu toplamış və ingilis dilinə tərcümə edərək 1842-ci ildə Londonda nəşr etdirmişdi. Sonralar epos alman və fransız dillərinə də tərcümə edilmiş və bütün Avropada məşhurlaşmışdı. Həmin kitab 1856-cı ildə S.S.Penn tərəfindən rus dilinə tərcümə edilərək, əvvəlcə “Kavkaz” qəzetində, sonra isə ayrıca kitab şəklində çap olunmuşdu.

         Təbii ki, bu kitab “Koroğlu”nun ilk nəşri olmaq etibarı ilə bir sıra üstünlüklərə malik idi. Demək olar ki, dastanın əsas qolları burada toplanmışdı. Epos 13 hissəyə bölünmüşdü; bu hissələr kitabda indiki kimi “səfərlər” deyil, sadəcə “məclis” adlandırılmışdı, başqa xüsusi adlar verilməmişdi. Qoşmalar da səthi tərcümə ilə nəsr şəklində getmişdi.Kitabın sonuna aşıqların Koroğlu qoşmalarını oxuduğu xalq havalarından bir neçəsinin poştları əlavə edilmişdi. Müəllif nəşrə yazılan müqəddimədə Koroğlunun kim olması, xalq arasında onun böyük nüfuzu, ümumiyyətlə, epos haqqında bir sıra mülahizələr söyləmişdi.

Xodzko “Koroğlu”nun xalq arasında geniş yayılmasından, sevilməsindən bəhs edərək, dastanı oxuyan aşıqlar haqqında da məlumat vermişdi. Müəlif yazırdı ki, “Koroğlu” dastanını söyləyən aşıqlar saysız-hesabsızdır. Bunlara hər bir kənddə, hər bir şəhərdə təsadüf etmək mümkündür. O, dastanın bütün qollarını mükəmməl bir şəkildə bilən və dastanı xalq arasında söyləyən xüsusi aşıqlar toplusu olduğunu və bunların “Koroğluxan” adlandığını qeyd edirdi. Müəllif göstərirdi ki, “Koroğluxan”ların vəzifəsi öz qəhrəmanı haqqında “məclislər”in hamısını əzbərdən bilmək və Koroğlunun sevimli çalğı aləti olan çunqur, yaxud sitarənin müşaiyəti ilə söyləyib oxumağı bacarmaqdı.Bu aşıqların gözəl hafizəsi var. Onlar hər hansı bir tələb qarşısında yorulmadan və duruxmadan öz qəhrəmanının bütün sərgüzəştlərini nəql etməyə hazırdırlar.

 Xodzko, “Koroğlu”nu ifa edən xalq aşıqlarının istedadından heyrətə gəldiyini xüsusi qeyd edirdi. Müəllif müqəddimənin mühüm bir hissəsini “Koroğlu” eposu ilə Firdovsi “Şahnaməsi”nin müqayisəsinə həsr edirdi. Nəşrin redaksiyasının eposun tərcüməsi  ilə bağlı təqdim etdiyi  qeydlərdə isə Koroğlunun Şərqdə olan şöhrətinin Homerin Yunanıstandakı şöhrətindən artıq olduğu bildirilirdi.

Lakin bütün bunlarla birlikdə  A.Xodzko eposun ideya istiqamətini müəyyənləşdirə bilməmiş, eposu xalqımızın tarixindən, mübarizəsindən təcrid edilmiş şəkildə götürdüyündən qəhrəmanların mübarizəsinin nədən ibarət olduğunu, nə ilə bağlandığını aydınlaşdırmamışdı. Bu onunla bağlı idi ki, Xodzkonun yaşadığı ictimai şərait, burjua etnoqraflarının xalq yaradıcılığına o dövrdə bəslədiyi münasibət buna imkan vermirdi.

“Koroğlu” rus dilində nəşr olunandan sonra Çernışevski eposa gözəl bir resenziya yazdı. Resenziya “Sovremennik” jurnalında dərc olundu. Məqalədə Koroğlunun tarixi şəxsiyyət olması, Koroğlu kəlməsinin mənası, Koroğlunun səfərləri, onun Qafqazda və İranda məşhurluğu, Azərbaycanın Səlmas vadisində Çənlibel qalasının qalıqları haqqında bəhs edilir. O, Koroğlunu qaçaq və yaxud quldur kimi qələmə verən burjua şərqşünaslarının bütün mülahizələrini rədd etdi, Koroğlunu öz xalqının azadlığı uğrunda mübarizə aparan milli xalq qəhrəmanı kimi görüb, eposu xalqın azadlıq hərəkatı, işğalçı və istismarçılara qarşı mübarizəsi ilə əlaqələndirdi. Çernışevskiyə  görə, Koroğlu qaçaq, yaxud qaçqın deyildi, Koroğlu müxtəlif poetik nağılların qəhrəmanıdır. Onun simasında xalq, sadə kəndlilər öz milli azadlıq arzularının təcəssümünü görürdü. Nikolay Qavriloviç  yazırdı: “Şimali İranın köçəri həyat sürən tatar (yəni Azərbaycan - R.Mirzəzadə) tayfaları onun romantik həyatı haqqında da xatirələri xüsusi bir məhəbbətlə qoruyub saxlayırlar. Koroğlu onların milli qəhrəmanı, eyni zamanda onların milli şairidir. Onun hərbi mahnıları Şərqdə yüksək qiymətləndirilir”.

Çernışevski Koroğlunun ən qiymətli, ən yaxın köməkçisi olan sevimli Qıratı haqqında  bəhs etməyi unutmurdu: “Koroğlu öz gözəl atını bütün zənginliklərdən üstün tutur; onun heç bir şücaəti atsız olmamışdır.Qırat onu dəfələrlə ən təhlükəli, hətta ümidsiz vəziyyətdən xilas etmişdir.Koroğlu öz sevimli atını itirərkən ağlayaraq dediyi elegiya ən yeni Şərq poeziyasının ən yaxşı bəzəklərindən biri hesab edilir. Qıratsız heç bir şücaət ola bilməz, onun ölümündən sonra onun sahibi də yaşaya bilməz”. Bu sözlər Qıratın əhəmiyyətinin  Koroğlu üçün nə qədər düzgün, nə qədər canlı olaraq qiymətləndirilməsini əks edirdi.

Nikolay Qavriloviç “Koroğlu” eposunun rus dilinə tərcümə olunmasını mühüm bir hadisə kimi qiymətləndirir, belə bir təşəbbüsün davam etdirilməsini  arzulayırdı. Sonra o, tərcüməçi  C.C.Pennin məhsuldar əməyini alqışlayırdı. Məqaləsinin sonunda Çernışevski  “Koroğlu”nun beşinci məclisindən bir parçanı nümunə kimi təqdim edirdi. Burada deyilirdi ki, Sultan Muradın qızı Nigar Koroglunu şan-şöhrətli bilərək Bəlli Əhməd vasitəsilə Koroğluya  məktub göndərmişdir. Məktubda Nigar özünün İstanbuldan Çənlibelə qaçırılmasını Koroğludan xahiş edir və öz sözlərinin həqiqi olmasını sübut etmək üçün öz medalyonunu ona verir. Koroğlu Nigarın məktubunu aldıqdan sonra onun yanına gəlir.

Resenziyada Koroğlu ilə Nigarın ilk görüş səhnəsi də həssaslıqla əksini tapmışdır.

Çernışevski xalq poeziyasını, xalq yaradıcılığını xüsusi bir məhəbbətlə sevir və qiymətləndirirdi. Böyük inqilabçı-demokratın xalqın, xüsusilə milli-azadlıq hərəkatı, yadelli işğalçılara qarşı vətən müharibəsini poetikləşdirən şifahi yaradıcılıq nümunələrinə rəğbəti daha dərin olmuşdur. O, görkəmli tarixi şəxsiyyətlər və xalq qəhrəmanlarından Minin, Pojarski, Uşakov, Con Braun, Li-Tszi-Çen, Qaribaldi, Georgi, Çernı və b.haqqında da məqalə və resenziyalar yazmışdır. Bunlar vasitəsilə Nikolay Qavriloviç  qəhrəman və xalqın bir-birinə olan münasibətlərinin xarakteri haqqında inqilabçı-demokrat fikrini daha da inkişaf etdirmişdi. Ona görə də Azərbaycan xalqının  istək və arzularının bədii ifadəsi olan “Koroğlu” dastanının Çernışevsknin diqqətini cəlb etməsi təbii bir hal idi. Qeyd edim ki,  eposun Çernışevski resenziyası mətbuat aləmində dastan haqqında ilk qiymətli bir elmi rəy idi...

Uzun əzablı illərlə Sibirdə, Həştərxanda nəzarət altında saxlandıqdan sonra Nikolay Qavriloviç Çernışevski yalnız  həyatının son vaxtlarında, ölümündən bir az əvvəl Saratova qayıtmaq icazəsi ala bilir. Doğma şəhərə qayıdandan 5 ay sonra, 1889-cu il oktyabrın 29 - da (köhnə təqvimlə 17-də) qüdrətli rus mütəfəkkiri, dahisi, alimi, filosofu, yazıçısı, pulbisisti, yeni inqilabçı nəslin tərbiyəçisi əbədi olaraq gözlərini yumur...

Xalqlarının  ictimai fikir təmsilçilərinin Çernışevskini nə dərəcədə yüksək qiymətləndirdikləri  haqda onların rus dahisi barəsindəki  fikirləri  söz açır. İnqilabi-demokratik yönlü Ukrayna şairi və yazıçısı Pavel Arsenyeviç Qrabovski Çernışevskini  “böyük məşəl,  təəccübə və təqlidə layiq sarsılmaz  məntiq adamı” adlandırmışdı. Çernışevski, - Qrabovski   deyirdi, - dünya şüurudur (yəni dünya miqyaslı mütəfəkkirdir).Tarixi faktlar təkzibedilməz şəkildə sübut edir ki,  XIX yüzilin ikinci yarısında  doğma ölkəsinin sərhədlərini aşmaqla, Çernışevskinin inqilabi təlimi, onun yaradıcılığı  dünyanın bir çox ölkələrində  etiraf olunmuşdur.

Məşhur gürcü şairi,  dünyagörüşünün XIX yüzilin 60-cı illərində  öncül rus fikrinin təsiri altında formalaşdığı Akaki Sereteli Çernışevskinin fəaliyyətini nəticə etibarilə bütün Rusiyanın hərəkətə gəldiyi  bir sıra proseslərdəki  inqilabiləşdirici rolunu ayrıca qeyd etmişdir. Mətbuatda tanınmış qazax alimi, tarixçisi, səyyah və etnoqrafı Çokan Vəlixanovun Çernışevski  haqqında onların görüşünün təsiri altında söylədiyi fikirlər yer almışdır: “Bu Çernışevski  nə gözəl insandır və  qeyri-rusların həyatını nə qədər yaxşı bilir; onunla söhbətimizdən sonra  məndə  belə bir fikir möhkəmləndi ki, Rusiyasız itib-batarıq... Çernışevski – bizim dostumuzdur”. 

Xarici ölkə oxucularının  Çernışevski ilə tanışedilmə proseslərinə  rus inqilabi mühacirəti və onunla sıx bağlı olan xadimlər: V.İ.Bartenev, Y.Q.Barteneva, A.İ.Gertsen, N.F.Danielson, A.V.Korvin-Krukovskaya, S.M.Kravçinski, N.Y.Nikoladze, P.L.Lavrov, Q.A.Lopatin, L.İ.Meçnikov, N.P.Oqaryov, Y.E.Paprits, A.A.Serno-Solovyoviç, V.N.Smirnov, A.A.Sleptsov, A.N.Tveritinov, A.D.Trusov, Y.L.Tomanovskaya (Dmitriyeva), N.İ.Utin, M.K.Elpidin və b. böyük töhfə vermişlər.

Azərbaycan yazıçısı Mehdi Hüseynin “Səhər” romanında Çernışevskinin obrazı özünəməxsus fərdi xarakterilə, ustalıqla canlandırılmışdır.

Bu gün ölməz Çernışevskinin nəsillərə yadigar qalan minlərlə müdrik fikirləri vardır. Bu fəlsəfi fikirlərin hər biri bəşəri təfəkkür xəzinəsinin ən qiymətli mənəvi inciləri, böyük həyat dərsliyinin hər gün oxunan səhifələridir. Gəlin onlardan kiçik bir qismini də olsa, canlı varlıq kimi yad edək:

 

“İnsandan ali heç nə yoxdur”.

“Sevgidə o adam xoşbəxtdir ki, məhəbbətdən ağlı işıqlanır, qollarına qüvvət gəlir”.

“Sevginin doğurduğu ləzzətlərin heç biri baxışlardan alınan zövq qədər incə deyildir”.

 

“Öz millətinə sevgi adamların öhdəsinə  onun üçün faydalı təsir göstərmiş xalqlara  minnətdar olmaq vəzifəsi qoyur”.

 

“Azadlıq olmadan səadət yoxdur”.

 

“İnsanların ağlı və iradəsi ittifaq halında olanda möhkəmlənir”.

 

“Millətin ən mühüm sərmayəsi – xalqın mənəvi keyfiyyətləridir”.

 

“Millətin ruhu nə kitabla, nə jurnalla, nə qəzetlə oyanır – o, hadisələrlə oyanır”.

 

“Böyük adamlar az qala ona görə böyük olurlar ki, dəmiri isti-isti döyməyə tələsirlər;  şərait iş üçün əlverişli olanda vaxtı itirməməyi bacarırlar”.

“İradəli və ağıllı adam möhkəm əqidəyə malik olmaya bilməz.Yalnız küt və ya  vicdansız adamlar əqidəsiz ola bilərlər”.

 

“Hökumətin müdrikliyi həm xalq üçün, həm də hökumətin özü üçün  böyük xoşbəxtlikdir”.

 

“Dövlət adamı yalnız o vaxt faydalı olur ki, onun hərəkət tərzi şəraitə uyğundur. Kim belə bir şəraitdə nə etməli olduğunu anlamırsa, yaxud zəruri olan işi görmək istəmirsə, o yaxşısı budur, belə bir vəziyyətdə dayanıb qalmasın, yaxşısı budur, bu yeri başqalarına tərk etsin, qoy kənara çəkilsin və gözləsin ki, başqaları, nəcabətdə geri qalmasa da, saflıqda ondan aşağıda duran zamanın tələbatını təmin etsin; onun qabil olmadığı işlər onun əlləri ilə görüləndə, vəziyyət təmizliyə və sabitliyə qovuşanda – qoy yalnız bu vaxt hakimiyyəti qəbul etsin və onun gördüyü işlərə öz həlimliyini, yumşaqlığını və adamlara öz etimadını əlavə etsin. Əgər siz öz çəkmələrinizi palçığa batırmaq istəmirsinizsə, üst-başları çirkli dalandarlar küçəni təmizləməyincə, boğucu  toz bərk əsən küləklə natəmizliyə çevrildikdə,  evdə oturun. Bu təmizlik müddəti təmizkar adamların gəzintisi üçün münasib deyil: təmizkarlığı səkiləri qaydaya salmaq üçün gərək olan işlərin icrasına etinasızlığadək qalxmayan  adamlara yalnız mane olacaqlar”.

 

“Qəyyumluq altında olmağı istəməyən qadın özünü elə tutmağı bacarmalıdır ki, heç kəs onun qarşısında həddini aşmaq cəsarətində ola bilməsin”.

“O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, orada mən yoxam”.

 

“Ana – müqəddəs varlıqdır.Bu, mənəvi baxımdan ona görə belədir ki, ananın uşaqlarına olan hissləri  atanın hisslərindən tamam fərqlidir”.

 

“Ananın öz uşaqlarına təbiətdən gələn güclü sevgisi olur və onun ciyərparalarına olan sevgisi uşağın həyatında özü özünü doyuzdurmaq və düşməndən özü özünü qorumaq qabiliyyəti olmadıqca qüvvədə qalır”.

 

“Ədəbiyyat cəmiyyətin özünüifadəsidir”.

“Elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluq və bayağılıqdan xilas edir”.

 

“Siyasi ədəbiyyat - ədəbiyyatın ali növüdür və yazıçı  ən əvvəl bugün və keçmiş zaman haqqında öz sözü olan adam olmalıdır”.

 

“Şekspir nə üçün çox böyük şairdir? Ona görə ki, onda  başqa şairlərlə müqayisədə həyat həqiqəti çox, xəyali elementlər azdır”.

 

“Xəlqi poeziya yalnız enerjili, saf,  qaynar həyatı aşıb-daşan, səmimi, ləyaqətli və əsil-nəcabətli xalqlarda inkişaf edir”.

 

Oktyabrın 29-da Nikolay Qavriloviç Çernışevskinin əbədiyyətə qovuşmasının 130-cu ildönümü qeyd ediləcək və şübhəsiz ki, hər bir mütərəqqi xalq bu unudulmayan tarixə öz töhfəsini əsirgəməyəcək. Hələ uşaqlıqdan irsini sevə-sevə oxuduğum Çernışevski haqqında yazmaq arzumsa çoxdan qəlbimə yol tapmışdı. Düşünürəm ki, “Nə etməli?”nin güclü məfkurəvi tərbiyəsindən faydalanan Əzizbəyovun bu əsəri doğma anası Səlminazdan sonra ikinci anası hesab etməsində haqqı böyükdür. Bir varlıq ki, Vətən naminə, xalq naminə, çörək naminə, azadlıq, bərabərlik, qardaşlıq, sülh, əmin-amanlıq naminə, körpələrin, məzlumların ümidli sabahı naminə böyük əqidəli mübarizəni, kişiliyi, qəhrəmanlığı təcəssüm edirsə, onun tək ayrı-ayrı simaların deyil, bütün bəşəriyyətin anası olmağa haqqı böyükdür. Qoy Nikolay Qavriloviç Çernışevski kimi dahi atalar, nəsilləri tərbiyələndirən “Nə etməli?” kimi “müqəddəs analar” xalqların, millətlərin, İNSANLIĞIN qəlbində əbədi yaşasın!

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM