Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə

13:22 / 18.09.2018

Reyhan Mirzəzadə

Publisist-politoloq

  Çoxsaylı ölkələrdə yeni tədris ilinin başlanmsı münasibəti ilə 

 Sentyabrın 28-də görkəmli sovet pedaqoqu V.A.Suxomlinskinin   anadan olmasının 100 illiyi qeyd olunacaq.

 

“Beyinləri səfərbər etməli! İdeyaları işıqlandırmalı... bax, budur bizim məramımız... Xüdpəsəndliyi kənara ataq, gələcək nəsillər üçün çalışaq...” 

                                                                                     K.D.Uşinski

 “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq  Ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər - əlamət qalmaz”.

                                                                                    K.D.Uşinski

 

“Əgər tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu xoşbəxtlik üçün tərbiyə etməli, bəlkə də əmək həyatına hazırlamalıdır. Əmək insanın yer üzündə əldə edə biləcəyi və onun adına yeganə layiq olan xoşbəxtlikdir.Əmək bəşəriyyət tarixinin lap əvvəlindən Yer üzündə solğun işıq saçan müqəddəs şamdır, onu söndürsəniz, Yer üzü zülmətə çevrilər”.

                                                                                  K.D.Uşinski

 

“Azərbaycanlılardan görkəmli maarif və mədəniyyət xadimləri daha çox yetişəcək. Onlar ana dillərində dərsliklər yazacaqlar. Bu xalqın zəngin ədəbiyyatından, tarixindən cild-cild əsərlər hazırlayacaqlar. Bu gün mənim elədiklərim o zaman çox cüzi görünəcək. Mən bunu hər bir azərbaycanlı seminaristin simasında görürəm. İftixar edirəm ki, “Vətən dili” kitabını müsəlman balaları üçün mən tərtib etmişəm”.

                                                                             A.O.Çernyayevski

 

           “Xalq məktəbi təkcə təhsil verməməli, həm də tərbiyə etməlidir.Onun bütün təlim işi tərbiyəedici olmalıdır”.

                                                                                       A.O.Çernyayevski

        

         “Hər bir pedaqoq yalnız müəllim deyil, həm də tərbiyəçidir. Müəllimin və yeniyetmələr kollektivinin mənəvi ümumiliyi sayəsində təlim prosesi bilik verməklə qurtarmır, çoxcəhətli münasibətlərə çevrilir. Biz müəllimlərdən hər birimizi  yeniyetmələrlə ümumi intellektual, əxlaqi, estetik, ictimai-siyasi mənafe  əlaqələndirirdi. Dərs – hər şeyi bilmək və əxlaqi əqidə məşəlini yandıran ilk qığılcımdır”.

                                                                                         V.A.Suxomlinski

 

         “Məktəb yalnız o zaman əsl mədəniyyət ocağı olur ki, orada dörd pərəstiş olur: Vətənə pərəstiş, insana pərəstiş, kitaba pərəstiş və doğma sözə pərəstiş”.

                                                                                          V.A.Suxomlinski

               

         Vaxtı ilə  Azərbaycanda nəşr olunan və maarifçilik ideologiyasının böyük carçısı olan “Füyuzat” jurnalında belə bir dəyərli fikir də əksini tapmışdı: “Mənəvi tərbiyəsini düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır”. Yazımın başlığında adını çəkdiyim bu üç təhsil və tərbiyə fədailərinin simasında yad edəcəyim və bir məqalədə hamısından danışmaq mümkün olmayan  mütərəqqi pedaqoqların hamısı öz millətləri, xalqları ilə bərabər, bütün bəşəriyyətin həqiqi mənliyə sahib olması yolunda özünəməxsus, heç zaman unudulmayan xidmətlər göstərmişlər.

         Hələ 1930-cu illərdə qüdrətli hind yazıçısı, şairi, mütəfəkkiri, rəssamı, bəstəkarı, dünyanın tanınmış filosofu, Şərqdə ədəbiyyat üzrə ilk Nobel mükafatçısı Robindranat Taqor Rusiyanı gəzdikdən sonra qələmə aldığı “Rusiya haqqında məktublar” əsərində yazırdı: “...Təhsil bizim bütün çətinliklərimizin aradan qaldırılması üçün ən yaxşı vasitədir.İndiyədək bəşəriyyətin böyük bir qisminin təhsil almağa imkanı olmamışdır. Hindistana gəldikdə isə o, bu imkanlardan demək olar ki,tamam məhrum olmuşdur.Rusiyada təhsili bütün ölkədə yaymaq üçün heyranedici bir enerji ilə göstərilən cəhd təəccüb doğurur. Həm də burada iş təkcə adamların miqdarında deyil, təhsilin dərinliyində və vüsətindədir...

         Mən Rusiyada, demək olar ki, tamam yalın yerdə xalq təhsilinin çox böyük bir ölçü tapdığını eşitdikdə fikirləşdim ki, əgər mənim zəif və taqətsiz bədənim sınaq qarşısında davam gətirməzsə belə, mən yenə də getməliyəm.Onlar anlamışlar ki, zəiflərə qüvvə vermək üçün yeganə üsul – təhsildir...Burada təhsilin yayılması işində gördüyüm tükənməz enerji, cəsarət, bacarıq və fədakarlıqdan məndə bir qətrə olsaydı, özümü xoşbəxt sayardım”.

         Ölməz Taqorun bu sözləri məni duyğulandırır və Rusiyanın təhsil tarixinə kiçicik bir ziyarət etməyə sövq edir.

         

Qeyd edm ki, Rusiyada təhsil hələ I Pyotrun vaxtından başlayaraq ilk dəfə dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edirdi. Çünki bu Pyotr islahatlarının gerçəkləşməsi üçün olduqca vacib idi. Elə I Pyotrun vaxtında da Rusiyada ilk dəfə ümumi və xüsusi məktəblər açılmışdı. 1701-ci ildə Moskvada riyaziyyat və naviqasiya elmləri üzrə Naviqasiya məktəbi fəaliyyətə başladı. Bu, ilk kübar tədris müəssisəsi idi. Şagirdlər burada hesab, riyaziyyat, həndəsə, triqonometriya, astronomiya, naviqasiya biliklərinə yiyələnirdilər. 1786-cı ildə xalq məktəblərinin nizamnaməsi tərtib olundu. Bu, təhsil sahəsində Rusiyada ilk qanunverici sənəd idi.İlk dəfə olaraq vahid dərs planları, sinif-dərs sistemi təşkil olundu. 1708-1710-cu illərdə Kirill əlifbasını xeyli asanlaşdıran şrift islahatı aparıldı. Xalq məktəbləri üçün F. Prokopoviçin  “Əlifba”sı, L. Maqnitskinin  “Riyaziyyat”ı, M. Smotritskinin “Qrammatika”sı nəşr olundu.

Artıq  XIX əsrin ikinci yarısında baş verən ictimai-siyasi canlanma, təhkimçilik hüququnun ləğvi, 60-70-ci illərdəki liberal islahatlar, sənayedə kapitalın inkişafı rus mədəniyyətinin tərəqqisi üçün də əlverişli şərait yaradırdı. Kütlələrin maariflənməsi gündəlik ehtiyaca çevrilirdi. Əsrin ortalarında əhalinin yalnız 6 faizi savadlı idi. Lakin istər orta, istərsə də ali məktəblərdə oxuyanların 80 faizini dvoryanlar təşkil edirdi. Həmin dövrdə Rusiyada  savadlı, mükəmməl bilikli, yüksək dünyagörüşlü pedaqoqlar fəaliyyət göstərirdi. Alim - pedaqoq Konstantin Dmitriyeviç Uşinski  Rusiyada  xalq məktəbi və elmi pedaqogikanın banisi oldu. Onun adı dünyanın məşhur pedaqoqu Komenski ilə yanaşı çəkilirdi.

İki banisin – Uşinskinin və Komenskinin fikir, düşüncə və pedaqoji dünyagörüşündə üst-üstə düşən və bir-birinə yaxın olan məqamlar çoxdur.

Dünya pedaqogika elminin banisi, XVII əsrin görkəmli maarifçi filosofu, humanist çex pedaqoqu, ictimai xadim Yan Amos Komenskinin baxışlarında  ziddiyyətlər mövcud olsa da, o, fəaliyyət prinsiplərində realizmə daha çox üstünlük vermişdir. O, əfsanələri deyil, real varlığı, həyat üçün faydalı olan həqiqi bilikləri öyrənməyə üstünlük vermişdir. Komenski nikbin ruhlu bir filosof- pedaqoq olub, insana, onun qüdrətinə, gözəl meyl və arzularına inanırdı.Onun fikrincə, hamı həqiqi insan olmaq üçün doğulmuşdur, bunun üçün də hər kəs mütləq təhsil almalıdır.

Komenskinin düşüncələrinə görə, insan yalnız tərbiyə sayəsində insan olur.O, istedadsız və tənbəl uşaqların çox az olduğunu, bu istedadsızlığı tərbiyə vasitəsilə aradan qaldırmağın mümkün olduğunu söyləyirdi.Tərbiyənin böyük gücünə və imkanlarına inam hissi Komenskinin maarifçilik mədəniyyətinə və pedaqogika tarixinə gətirdiyi yeni fikir idi.O, orta əsrin bir çox ənənələrini rədd etmiş, tərbiyənin yeni təbii qanunlarını axtarmışdır. Komenski tarixdə ilk dəfə olaraq fərdi təlimin əleyhinə çıxmış, dərs-sinif sistemini, birgə təlimin zəruriliyini sübut etməyə çalışmışdır.Komenskinin dünyagörüşündə tərbiyə məsələləri xüsusi yer tutmuşdur.Onun fikrincə, tərbiyə insanları əhatə edən hadisələri, xarici aləmi dərk etdirməli, insanın nə etməli olduğunu öyrətməlidir. Görkəmli filosof qeyd edirdi ki, əxlaq tərbiyəsi əsasən təlim prosesində verilməlidir.Təhsil, elm insanı nəticə etibarı ilə müdrik etməli, onu mənəvi-əxlaqi cəhətdən yüksəltməli, mərd və alicənab etməlidir.Komenski müəllimlik sənətini yüksək qiymətləndirmiş, müəllimlik işini dünyada ən şərəfli və ləyaqətli bir peşə hesab etmişdir.

Onu da qeyd edim ki, Komenskinin “Dünyanın dolaşıq yolları”, “Dillərin açıq qapısı” , “Böyük didaktika”, “Fizika”, “Didaktika”, “Təbii üsulun qanunları”, “Ümumi hikmətlərin müjdəçisi”, “İşığın yolu”, “Təbii istedadların mədəniyyəti haqqında”, “Dirilmiş forsi”, “Analıq məktəbi” və s. əsərləri dünya şöhrəti qazanmışdır. “Bəşəri əməllərin islah edilməsinə dair ümumi tövsiyə” əsərində  Komenski insan cəmiyyətinin islahının planını vermişdir. 1658-ci ildə məşhur filosof  “Rəsmlərdə əşyalar aləmi” adlı ilk şəkilli tədris kitabını, dərsliyi yaratmışdır.

Uşinski özünün “Rodnoye slovo” kitab-dərsliyini Komenskinin pedaqoji fikirləri əsasında tərtib etmişdir.

İlk rus professional pedaqoq-nəzəriyyəçisi, pedaqoq-filosof Konstantin Dmitriyeviç Uşinskinin yaradıcılığı rus pedaqogikasının  öz başlanğıcını götürdüyü qiymətli mənbə hesab olunur.Təsadüfi deyildir ki, müasirləri  onu  “rus pedaqogikasının atası” adlandırmışlar.

Uşinski bir pedaqoq kimi universaldır. O, yaxşı tərbiyə nəzəriyyəçisi olduğu kimi də didakt, metodist, psixoloq, pedaqogika tarixçisi, öz elminin ideoloqu, ensiklopedik biliyə malik görkəmli mütəfəkkirdir.

Konstantin Dmitriyeviç Uşinski  18 fevral 1824-cü ildə (bir çox mənbələr Uşinskinin 1823-cü ildə anadan olduğunu qeyd edir) Tulada çox da varlı  olmayan əsilzadə ailəsində doğulmuşdur.  Onun atası  Dmitri Qriqoryeviç Uşinski  öz zəmanəsi üçün savadlı, 1812-ci il Vətən müharibəsinin iştirakçısı, Borodino döyüşündə fərqlənmiş bir adam idi.  İstefaya çıxandan sonra Dmitri Qriqoryeviç Tula, Poltava, Peterburq,  Voloqda, Novqorod-Severskdə  müxtəlif  mülki  vəzifələrdə işləmişdi.

 Müasirlərindən  birinin  şahidliyinə görə,  Uşinskilər evi  kölgəli cökə və  palıd ağacları ilə əhatəyə alınmış geniş həyəti, xidməti yerləşgələri, meyvə  bağı ilə varlı-hallı ağa malikanəsi görünüşündə idi. Lakin bizim günlərədək qalmış fotoşəkillərdə Uşinskilərin Novqorod-Severskidəki evi xeyli sadə  görkəmdədir.

Qonaq-qaralı ev idi, atasının iş yoldaşları  tez-tez onlarda olardılar. Hələ  uşaq yaşında olan  Uşinski  qonaq otağındakı divanın  bir küncündə özünə yer edərək,  atasının on ikinci il hadisələri haqqında, rus qoşunlarının və partizanların  Napoleona qarşı  apardıqları döyüşlər  haqqında, Moskva haqqında söhbətlərini dinləməyi  sevərdi.

Gələcəyin böyük pedaqoqunun ilkin tərbiyəsinə və tədrisinə anası Lyubov Stepanovna rəhbərlik edirdi.  O, erkən vəfat etmişdi, onda heç oğlunun on iki yaşı yox idi. Anası haqqında Konstantin qəlbində insanı kövrəldən xatirələri hifz edirdi. Anasının sayəsində Uşinskilər evində doğma ailə ocağının rahatlığı və istisi vardı.  Lyubov Stepanovna  uşaq təbiətindən gələn hər şeylə maraqlanmaq və hər şeyi bilmək həvəsinə  qayğı ilə yanaşmağı  və onu inkişaf etdirməyi bacarırdı. Uşaq ailədə ibtidai bilikləri elə bir həcmdə mənimsəyə bilmişdi  ki,  birbaşa gimnaziyanın üçüncü sinfinə daxil olmağı bacarmışdı (gimnaziyanın üçüncü sinfi müasir məktəbin təqribən altıncı sinfinə bərabər  tutulur).

Gimnaziya evdən dörd verst aralı idi. Konstantin  Uşinski  öz xatirələrində Novqorod-Seversk  gimnaziyasının  zahiri görünüşünü və ondakı şəraiti  belə təsvir edir: “Bərbad vəziyyətdə olan, boyaq vurulmuş fligeli,  üstündə  aramsız  səsləndirilən zəngin yelləndiyi  budkası ilə uzun, alçaq, uçub-tökülən, hisdən qapqara qaralmış bina ətrafda yaşayan mülkədarların fikrincə, elm məbədindən daha çox araq zavoduna  bənzəyirdi:  çərçivələri köhnəlmiş pəncərə əsim-əsim əsir,  çürümüş, üstünə mürəkkəb tökülmüş, dabanlıq mismarlarının didim-didim etdiyi döşəmə cırıldayır və taxtaları yerindən oynayır,  aralanmış qapı tayları çətinliklə örtülür,  özünün ilkin rəngini tam itirmiş, uzun və köhnə - köşgül  partalar  gimnazistlərin bir çox nəsilləri tərəfindən  cızıq-cızıq edilmiş və yazılarla doldurulmuşdu.  Bu partalara daha nələr yazılmamışdı!  Müəllimlərin portretləri, çoxlu müdrik kəlamlar,  dərsliklərdən öz yaddaşına etibar etməyən şagirdin köçürdüyü saysız-hesabsız parçalar...  Aşağı siniflərdə  hava o qədər boğunuq olurdu ki,  işə  təzəlikcə başlayan, gimnaziyanın ab-havasına hələ uyğunlaşmamış müəllim  dərsə başlamazdan əvvəl xeyli vaxt üz-gözünü  bürüşdürür, boğazını arıtlayırdı”.

XIX yüzilin 30-cu illərində  gimnaziyada təhsil almaq az adama nəsib  olmurdu. Bu orta ümumtəhsil tədris müəssisələrində  yalnız əsilzadələrin,  varlı sənayeçilər və tacirlərin uşaqları oxuya bilirdilər.  Ətraf cəmiyyətdə olduğu kimi, gimnaziyalarda yüksək sosial mövqe və zənginliyin qarşısında  baş  əymək, hər kəsin yerini bilməsi, yaltaqlıq, ikiüzlülük, müəllimlərə və təhsilə ümumi etinasızlıq  “çiçəklənirdi”.  Gimnaziyaların çoxunda  əzbərçilik, qeyri-şüuri  intizam üzərində qurulmuş tərbiyə üsulunun əzici atmosferi hakim idi. Təlim-tədrisə  ağır bir mükəlləfiyyət kimi baxırdılar, lakin bunsuz ötüşmək olmazdı: gimnaziyanı bitirmək haqqlnda attestat gənclərə  gələcək  xidməti karyera üçün gərək idi.

Novqorod-Seversk  gimnaziyası  onunla  eyni vaxtda fəaliyyət göstərən əksər məktəblərdən bir  çox xüsusiyyətinə  görə fərqlənirdi. Onda demokratizm  və yoldaşlıq, elmə ehtiramlı münasibət və  biliklərə təmənnasız  canatma  hakim idi ki, bu da  gimnaziya müəllimləri tərəfindən müəyyən  olunurdu.

Novqorod-Seversk  gimnaziyasının bu fərqini  Konstantin Uşinski də, sonralar Rusiyanın bir çox digər məktəbləri, eləcə də Avropa ölkələrinin məktəbləri ilə tanış ola bildikdə  qeyd edirdi.  “Mənə elə tədris müəssisələrini  görmək də nəsib oldu ki, - deyə o yazırdı, - burada  ... elmə  həqarətli  münasibət  şagirdlər üçün lovğalıq, gopçuluq  predmeti idi, burada on beş yaşlı oğlan sinfin tarix və ya coğrafiya dərsliyinin arxasında  rütbəni, gələcəkdə tutacağı mövqeni görür və xidmətdən götürəcəyi faydaları hesablayırdı;  elə məktəblər də vardı ki, hələ rusca  pis oxuyan oğlanlar, artıq riyazi dəqiqliklə  öz atalarıının, əmi - dayılarının və xala-bibilərinin rütbələrini və  əsl-nəcabətlərini  sadalayırdılar və burada bir şagird  digərinə  dərindən götür-qoy etdikdən sonra əl verirdi”.

         Uşinski  və əksər gimnazistlərin sevimli müəllimi İlya Fyodoroviç Timkovski  idi. Moskva  Universitetinin məzunu olan bu müəllim professor olduqdan sonra, 1812-ci ilə qədər universitetdə tarixdən,  dünya ədəbiyyatından, Rusiya hüququndan mühazirələər oxumuşdu. Hüquq və fəlsəfə  doktoru olan Timkovski səhhəti ilə əlaqədar olaraq universitetdən çıxmış və Novqorod-Seversk  yaxınlığındakı malikanəsində yaşayırdı. Kostyanın (Konstantinin) şagirdliyinin ilk illərində Timkovski gimnaziyanın direktoru idi.

Gimnaziyanın heç bir təntənəli hadisəsini İlya Fyodoroviçsiz təsəvvürə gətirmək mümkün deyildi. O, akt zalında elmin böyük humanist missiyası haqqında, biliklərin cəmiyyətin mənəvi tərəqqisində rolu haqqında, idrakın ruha bəxş etdiyi fərəh haqqında  ürəklərdə iz buraxan fikirlər söylərdi. Gimnaziya İlya Fyodoroviç Timkovskiyə  bir də bununla borclu idi ki, onun divarları arasında  elmə ayrı bir hörmət - ehtiram münasibəti hökm sürürdü.

Tarix müəllimi Mixail Qriqoryeviç Yerofeyev gimnazistlərin ümumi sevimlisi idi. Onun gimnaziyanın siniflərinə gətirdiyi biliklər  dövlət proqramı çərçivəsindən  çox-çox kənara çıxırdı. Elmin vurğunu olan Yerofeyev bu sevgini öz şagirdlərinə də sirayət etdirmişdi. O, xronologiyanın və faktların mexaniki əzbərlənməsinin əleyhdarı idi.

Təəssüf ki, gimnazistlərin sevimli müəllimləri gimnaziyanı tərk etməli olmuşdular. Aydın məsələdir ki, bu, onların öz iradələri ilə deyildi. Professor, hüquq və fəlsəfə doktoru Timkovski 1838-ci ilin payızında Kiyev Təhsil Dairəsinin  müdiri fon Bradke tərəfindən işdən azad olundu, onun yerinə isə keçmiş ştab-lekar Botorovski təyin edildi. Tarix müəllimi Yerofeyevin də başına bu iş gəldi. Sözünü açıq deyən və dürüst, müstəqil xarakterli,  demokratik düşüncəli bir adam olan Yerofeyev, gəlmə qrafinyanın  uşaqlarına  ev təhsili verməkdən boyun qaçırmış və bunun üstündə gimnaziyadan azad olunmuşdu.

 Uşinskinin taleyində gimnaziyanın özünəməxsus həyatı beləcə sona yetmişdi.

Gimnaziyadan sonra 1840-cı ildə Uşinski Moskva Universitetinin hüqüq fakültəsinə daxil oldu.1854-cü ildə Konstantin Dmitriyeviç Peterburq yaxınlığındakı Qatçina yetimlər müəssisəsinə ana dili müəllimi və az sonra inspektor təyin olundu.Burada müəssisənin keçmiş rəhbəri Quqelin zəngin pedaqoji kitabxanası ilə tanış oldu, kitabxanada olan bütün görkəmli dünya pedaqoqlarının  əsərlərini dərindən öyrəndi. Həmin illərdə Uşinskinin bir neçə mühüm pedaqoji əsəri; “Pedaqoji ədəbiyyatın faydası haqqında”, “İctimai tərbiyədə xəlqilik haqqında”, “Məktəbin üç ünsürü” və s. əsərləri çap olundu.

1859-cu ildə Uşinski Smolnı Nəcib Qızlar İnstitutunun qapalı qız orta məktəbinə inspektor təyin olundu. Pedaqogika ilə bağlı müxtəlif məqalələri jurnallarda ardıcıl çap olunmadq davam edirdi.

Bürokratik dəftərxanalarda xalqı daha yaxşı  “maarifləndirməli” olan  müxtəlif layihələrin düzülüb-qoşulduğu bir vaxtda Uşinski bu kabinet layihələrini  səmərəsiz və boş şeylər adlandırmış və  xalq təhsilini xalqın özünə  tapşırmağı tələb etmişdi.  “Xalqı öyrətmək gərəkdir, lakin xalqdan  öyrənmək daha vacibdir.Unutmayaq ki, əgər biz sadə xalqa çox şeyi, yəni bizim özümüzün ondan öyrəndiyimiz çox şeyləri  öyrətmək istəyiriksə,  - deyə Uşinski  yazırdı, -    bu xalq  dərinliyini indiyədək ölçə bilmədiyimiz  həmin dərin dili yaradıb; bu sadə xalq  əcnəbilərdən yamsıladığımız anlaşılmaz  danışıqdan bizi xilas edən poeziyanı yaradıb;  bütün ədəbiyyatımızı  xalqın mənbələrindən  yeniləndirmiş və ona bu xalqın adına layiq şəkil vermişik;  bu sadə xalq, nəhayət, kölgəsinə  sığındığımız bu böyük dövləti yaradıb”.

Uşinski  deyirdi ki,  rus məktəbləri rus məzmununda olmalıdır. Rusiyada xalqın köklü maraqlarına cavab verən məktəb yaradılmalıdır.  Bu məktəb kəndlinin əməyini asanlaşdırmalı və onu məhsuldar etməli,  onun üçün faydalı olan biliklər təqdim etməli və xalqın ağlını inkişaf etdirməlidir.

Uşinskinin işləyib hazırladığı  təhsil və tərbiyənin xəlqiliyi ideyası  -  onun ardıcıl demokratizminin və vətənsevərliyinin , onun yüksək vətəndaşlığının, onun  xalqın yaradıcı qüvvəsinə və  öz vətəninin böyük gələcəyinə inamının parlaq sübutudur.

Müəllimi heç bir kitab və dərsliklə,  təlimin heç bir ən yeni vasitələri ilə əvəz etmək olmaz, çünki  biliklə yanaşı, o, uşaqlara  öz ruhunun, ürəyinin bir parçasını verir,  onların mənəvi inkişafını yönləndirir.  Əsl müəllim tədris prosesində  “bəşəriyyətin mənəvi inkişafının  ölümsüz hissəciyi  və canlı orqanı kimi anlamağa  məcbur etməklə, insanda var  olan ən qiymətli cəhəti göstərməyə” can atır.

Müəllimin fəaliyyəti barədə düşünərkən Uşinski  bu nəticəyə gəlmişdi ki, heç də hər adam müəllim ola bilməz.  Bunun üçün müəllim olmaq istəyi yetərsizdir,  üstəlik müəyyən keyfiyyətlərə sahib olmalısan.

Hələ tələbəlik illərində Uşinski  öz gündəliyində  yazmışdı: “Vətənimə mümkün qədər çox fayda vermək – həyatımın tək hədəfi budur və  özümün bütün qabiliyyətimi ora yönəltməliyəm”.  Öz andına sadiq qalan böyük pedaqoq - demokrat bütün qalan həyatını Vətəninə, xalqına, onun maariflənməsi uğrunda mübarizəyə həsr edib.

Uşinskinin adı  təkcə rus deyil, həm də dünya pedaqoji fikir tarixində özəl yer tutur. Onun tərəfindən nəzəriyyəni təlim və tərbiyə praktikası ilə birləşdirən pedaqoji sistem,  peaqogikanın problemlərini xəlqilik prinsipi əsasında inkişaf etdirən sistem işlənib hazırlanmışdır. Uşinskinin dostu və həmfikri L.N.Modzalevski  onun barəsində belə deməyə tam əsası vardı: “Eynilə Lomonosov – bizim xalq  alimi, Suvorov -  bizim xalq sərkərdəsi, Puşkin – bizim xalq şairi, Qlinka -  bizim xalq bəstəkarı olan kimi, Uşinski  də - bizim xalq pedaqoqudur”.

XIX yüzilin sonlarında  həm rus, həm də Rusiyanın digər xalqlarının mütərəqqi pedaqoji fikri və məktəb praktikasının bütün inkişafı  bilavasitə Uşinski ideyalarının təsiri altında  cərəyan edirdi. Onun yaratdığı orijinal tərbiyə  nəzəriyyəsi klassik rus pedaqogikasının ən yaxşı cizgilərini -  Vətənə alovlu məhəbbəti, yüksək humanizm və demokratizmi,  insan ləyaqətinə hörməti özündə  təcəssüm etdirirdi.

Uşinski  pedaqogikanı həyatın geniş üfüqlərinə çıxardı və haqlı olaraq  ümumi təhsilin, məktəbin zəruri və mühüm pilləsi olaraq fiziki, əqli və əxlaqi cəhətdən inkişaf etdirən  xalq məktəblərinin yaradıcısı hesab olunur. Uşinskinin pedaqoji ideyaları,  ibtidai məktəblər üçün dərslikləri,  müəllimlər üçün metodiki vəsaitləri Rusiyada xalq təhsilinin inkişafında  çox böyük rol oynamışdır. Onun “Uşaq aləmi”  və  “Ana sözü” dərsliklərinin  pedaqoji və metodiki dəyəri  o dərəcədə yüksək idi ki,  rus xalqının bir neçə nəsli onlarla savadlanmışdı,  indinin özündə də ibtidai məktəblər üçün  çağdaş dərsliklərə daxil edilən hekayələri isə  ayrıca nəşr olunmaqdadır.

Uşinski dərk edirdi ki, onun pedaqoji ideyalarından bir çoxu  yalnız gələcəkdə, ağıl əsasında təşkil olunmuş cəmiyyətdə həyata keçirilə bilər və o, bütün varlığı ilə inanırdı ki,  belə bir cəmiyyətdə tərbiyə işinə layiqli yer ayrılacaqdır: “Heç bir şey, - deyə Uşinski yazırdı, -  bizim buna dərin inamımızı  sarsıda  bilməz ki,  vaxt gələcək, ola bilsin bu o qədər də tez olmasın,  bizim gələcək nəsillərimiz heyrət içərisində xatırlayacaqlar ki, tərbiyə  işinə  uzun zaman laqeyd qalmışıq və  bu laqeydlikdən nə qədər ziyan çəkmişik”.

Uşinski  bütün varlığı ilə inanırdı ki,  hər hansı bir dövlətin inkişafı  xalqın  təhsil dərəcəsindən asılıdır,  təhsil isə öz növbəsində  dövlətin idarəetmə  tərzinə öz  təsirini göstərir.  “Məhz  indi, - təhkimçilik hüququnun ləğvindən sonra yazırdı,  - yaxşı qurulmuş məktəbin və yaxşı hazırlaşdırılmış  müəllimin  Rusiyaya  hər zamankından daha vacib olduğu vaxt  gəlib  çatıb, özü də çox sayda, lap çox sayda məktəb gərəkdir: əks təqdirdə  kəndlilərin azadlığı da,  açıq məhkəmə icraatı da  verə biləcəyi faydanı verməyəcəkdir...”.

Tərbiyədə  xalq, xəlqilik ideyası  Uşinskinin bütün pedaqoji sisteminə hopmuşdur.  O, qarşıya  çox böyük insani məqsəd  - xalqın rifahı və onun maariflənməsini  qoyub. İnsana qayğı, onun hərtərəfli inkişafı -  alimin pedaqoji  əsərlərinin başlıca istiqamətidir. İnsanı elə tərbiyə etmək gərəkdir ki, ağlı da yaxşı  olsun, ürəyi də.  Əgər tərbiyə elmi cəhətdən əsaslandırılıbsa,  əgər insan elmi biliklərə sahibdirsə,  bütün bunları etmək tamamilə mümkündür.  Elm insanın inkişafına və formalaşmasına çox böyük təsir göstərir, lakin  elmin tərbiyəvi təsiri  yalnız o vaxt həqiqi olacaq ki,  təkcə  ağla deyil,  bütün xalqların ən yaxşı yazıçıları vasitəsilə ruha və duyğulara da təsirini göstərmiş olsun. 

“İctimai təcrübədə xəlqilik haqqında”, “Məktəbin üç elementi”, “Əmək onun psixi və tərbiyəvi mənasında”, “Xalq məktəbləri haqqında məsələlər” və bir sıra digər  məqalələrində Uşinski  tərbiyədə və təhsildə xəlqilik prinsipini  mütləqiyyət və təhkimçiliklə bağlı olan  rəsmi “xəlqiliyə” qarşı qoyaraq, onu maarifçi demokrat mövqeyindən əsaslandırır. Onun xəlqilik ideyası təhsil məsələsinə yeni, demokratik yanaşmanı əks etdirir:

“Xalq – tarixin yaradıcısıır.  Nə qədər istedadlı olur olsun, ayrıca bir fərd  xalqdan yüksəkdə dayana  bilməz. İctimai tərbiyə və təhsilin təməlində xəlqilik ideyası dayanmalıdır.  Lakin xalq bir bütöv deyil, - deyə Uşinski   sübut edirdi, -  və tərbiyə də fərqli sosial qruplar üçün eyni deyildir. Məsələn, sadə xalqın hesabına yaşayan aristokratların və digər sərvət sahiblərinin  aldıqları tərbiyə onları nəinki xalqa yaxınlaşdırır, əksinə, onları xalqdan uzaqlaşdırır.  Aşağı təbəqənin tərbiyəsi isə xalqın özü tərəfindən yaradılıb, böyük gücə  və qeyri-adi həyatiliyə malikdir. Bu, xalqın tarixi inkişaf prosesində heç vaxt qurumayan  qaynar  bulaqdır.

Xalqın özü tərəfindən yaradılmış və xalqa söykənən tərbiyə  mücərrəd ideyalara əsaslanan və ya digər xalqlardan iqtibas olunmuş  ən yaxşı sistemlərdə olmayan tərbiyəvi  qüvvəyə  sahibdir, - deyə o yazırdı. Gerçək mənada xalq təhsilinin təşkili üçün xalqın özünə üz tutmaq gərəkdir, lakin bunun  üçün onun ehtiyaclarını, maddi - mənəvi istəklərini və tələblərini bilmək gərəkdir. Yalnız xalq məktəbi  geniş kütlələrin biliklərə olan tələbatını oyada bilər. İnsanda xəlqiliyi möhkəmlədən və inkişaf etdirən ictimai tərbiyə  eyni zamanda onun ağlını və idrakını da inkişaf etdirir, ümumilikdə  xalqın  idrakının inkişafına rəvac verir;  o, xalqın xarakterinin gizlinlərinə  işıq saçır və cəmiyyətin dilinə, onun ədəbiyyatına, onun qanunlarına, bir sözlə, onun bütün  tarixi inkişafına güclü və müsbət təsir göstərir. Təhsil və tərbiyənin təməlində dayanan əsl xəlqilik  humanist tərbiyəni həyata keçirməyə imkan yaradır”.

Xalq oxumaq arzusunda deyil; öz uşaqlarını oxutmaq istəmir - iddiasını Uşinski hiddətlə darmadağın etmişdi. “Unutmaq olmaz ki,- deyə o, yazırdı,  xalq qaranlıqda qalıb, avamdır, aclıq içərisindədir,  ac adam isə məktəb hayında olmaz.  Xalqa əsl insani həyat şəraiti, sərbəstlik və yaradıcılıqla çalışmaq imkanı yaratmaq gərəkdir  və  xalq insan həyatında biliyin  dəyərini, rolunu, təhsilin insan həyatındakı yerini anlayacaqdır. Yalnız sərbəst yaradıcı əmək insanı əqlən və əxlaqi baxımdan yüksəldə bilər.

Uşinskinin dinə münasibəti  birmənalı deyil və ziddiyyətlidir. Bir tərəfdən,  o, məktəbin kilsədən ayrılması mövqeyində qətidir, hesab edir ki, hər hansı faktik elm, başqa bir elmi isə tanımırıq,  hər hansı dinin fövqündədir, çünki  inanca deyil, faktlara əsaslanır. Digər tərəfdən, “Uşaq aləmi” və “Ana sözü”nün müəllifi özünün dərslik kitablarında  dini məzmunlu məqalələrə və hekayələrə yer verir. Tarixi səbəblər üzündən Uşinski,  zəmanəyə uyğun hərəkət etməklə, əxlaqın sinfi mahiyyətini anlamamaqla, ümumbəşəri əxlaqın formalaşmasında  dinin müəyyən rolunu qəbul edirdi. Lakin  əxlaqi tərbiyə problemləri onun əsərlərində  ictimai və antropoloji  problemlər kimi həllini tapır,  din isə onun anlayışında -  yüksək əxlaqi və mənəvi təmizliyin sinonimidir.

“Məktəbdə düzgün qurulmuş tərbiyə sistemi, sağlam mühit, ailə  təkcə müsbət əxlaqi keyfiyyətlər formalaşdırmaqla qalmayıb, həm də özünütərbiyə  üçün şərait yaradır, ağlı, kamilliyə  canatmanı inkişaf etdirir, insanı  idrakın sönüklüyündən və ağlın məhdudluğundan irəli gələn səfeh təkəbbürdən, təşəxxüsdən xilas edir. Adam nə qədər çox bilirsə, təkəbbürü  o qədər az olur. Hər bir insan yüksək kamilliyə  qovuşmaq üçün doğulub, lakin bunun üçün o, təhsilli, tərbiyəli, əməksevər və sərbəst olmalıdır.

Pedaqoji istedadın olmaya da bilər - Uşinski  deyirdi, lakin öz peşəni sevməyin, tapşırılan işə görə  xalq qarşısında məsuliyyət daşımağın  gərəkdir. Müəllim işləyən hər bir kəsin öz vəzifəsini vicdanla və şüurla  yerinə yetirməsi və  insanın mənəvi tərəfdən tərbiyəsinə girişməklə,   ondan asılı olan bütün vasitələrdən istifadə etməsi lazımdır ki, insan öz həyatının fəaliyyət  sahəsi ilə mümkün qədər yaxından tanış ola bilsin”.

1861-ci ildə yazılmış “Müəllimlər seminariyası layihəsi” məqaləsində  pedaqoq-demokrat  qeyd edirdi ki, rus xalq maarifi işində ən önəmli çatışmazlıq -  öz vəzifəsinin icrası üçün xüsusi olaraq hazırlanmış yaxşı müəllimlərin  olmamasıdır. Bu çatışmazlıq xüsusən də  tədrisin birinci mərhələsində, yəni  gimnaziyaların, qəza və məhəllə məktəblərinin ibtidai siniflərində hiss olunur.

Fəqət müəllimləri necə və kimlərdən hazırlaşdırmalı?  Hökümət bütün rəhbərliyin ruhanilərə məxsus olduğu kilsə-prixod məktəblərinin açılmasına üstünlük verirdi. Qətiyyətlə  belə bir sistemə qarşı çıxan Uşinski  təkid edirdi ki,  xalq məktəbi üçün  xalqın arasından çıxmış və onun maraqları ilə yaşayan təhsilli, xüsusi olaraq bu iş üçün hazırlanmış müəllim gərəkdir.

Uşinski məktəbəqədər hazırlıq sinifləri üçün “Vətən dili”, “Uşaq aləmi” kitablarını yazarkən Komenski ilə bərabər, XVII əsr ingilis pedaqoq-filosofu  Con Lokk və XIX əsr İsveçrə pedaqoq-humanisti İohann Henrix Pestalotsi kimi  məşhur pedaqoqların irsinə sadiq qalmışdır. Uşinski sonralar yazırdı ki, şagirdlər üçün  “Vətən dili”  kitabını yazarkən təkcə məktəbi deyil, həm də ailəni nəzərdə tutub. Bu kitablar rus xalq məktəbinə böyük təsir edib və bu günə qədər də rus pedaqogikasında ən yaxşı vəsait hesab olunur. “İnsan tərbiyə predmeti kimi, pedaqoji antropologiya” kitabında Uşinski Aristoteldən  başlamış XIX əsrin ortalarına qədər pedaqoji fikirlərin təhlilini verir. İsveçrədə  səfərdə olan Uşinski, yerli məktəblər və ali müəllimlik müəssisələrini  dərindən öyrənir. “İsveçrədən məktublar” silsiləsindən olan 7 məktub Uşinskinin elmi - pedaqoji fəaliyyətində  xüsusi  yer  tutur. Xaricdə yazdığı bu məktublarla Konstantin Dmitriyeviç öz bədxahlarına göstərirdi ki, o, sınmayıb, əvvəlki kimi səmərəli fəaliyyətini davam etdirir və öz baxışlarını müdafiə  etməyə hazırdır. “İndi elə vaxt yetişib ki, Rusiyaya daha çox məktəb, yaxşı  təhsil görmüş müəllimlər lazımdır”,- deyə pedaqoq- alim yazırdı. İbtidai məktəblər üçün novator vəsaitlər üzərində işləyən Uşinski, 1864-cü ildə  bayaq qeyd etdiyim “Ana sözü” kitabını nəşr etdirir. Bu kitab Rusiya pedaqoqlarına  işlək ibtidai təhsil sistemi bəxş edir. Onun daha sonra çap olunan “Əlifba”  kitabı ibtidai təhsili tam əhatə edir.  İsveçrədən qayıdan Uşinski, xəstəliyi ucbatından Kiyevdə  yaşayır  və  həkimlərin tövsiyəsi ilə Krımda müalicə  olunur. O, 1870-ci il dekabrın 22-də Odessada ağ ciyərin xroniki iltihabı xəstəliyindən vəfat edir.

Uşinski  pedaqoq  qarşısında  “öyrənməyi öyrətmək” və şagirdə həyatda öz yolunu tapmağa kömək etmək vəzifəsini qoyurdu. Böyük pedaqoq deyirdi:

- Heç vaxt uşağa yerinə yetirilməsi mümkün olmayanı vəd etməyin və heç vaxt onu aldatmayın.

- Yalnız şəxsiyyət şəxsiyyəti müəyyən edə və onu inkişaf etdirə bilər, yalnız xarakterlə xarakter yaratmaq olar.

- Öz biliyini yalnız biliksizliyinə  açıq gözlə baxmaqla genişləndirmək olar.

- Həyatda məqsəd insan ləyaqətinin və insan xoşbəxtliyinin əsasıdır.

- Əgər pedaqogika insanı bütün münasibətlərdə tərbiyələndirmək istəyirsə, onda insanı həm də bütün münasibətlərdə öyrənməlidir.

- Əgər tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onda insanı xoşbəxtliyə deyil, həyatda əməyə hazırlamalıdır.

- Şagirdin müstəqil düşünən başı hər cür faydalı təlimin yeganə möhkəm əsasıdır.

- Tərbiyənin ən vacib hissəsi insan xarakterinin yaranmasıdır.

 

Konstantin Uşinski pedaqoji prosesdə müəllimin rolunu yüksək qiymətləndirirdi: “Müəllim nə qədər ki, oxuyur, öyrənir, o, yaşayır, oxumağı dayandırdıqda,  ondakı müəllimlik ölür”. Uşinski Rusiyada çox haqlı olaraq pedaqogika  elminin və xalq məktəblərinin banisi hesab olunur. Onun tərtib etdiyi  “Vətən dili” və  “Uşaq aləmi” dərsliklərindən Rusiyada bütöv bir nəsil faydalanmışdır.

Uşinskinin pedaqoji sistemində  “Ana dili” məsələsi  mərkəzi yer tutur. Bu məsələ onun xəlqilik ideyası ilə sıx bağlıdır. O, ana dilini əsas fənn kimi tədris planına daxil etməyi vacib bilir və inandırırdı ki, dildə çoxlu dərin fəlsəfi  zəka, həqiqətən şairanə hisslər, gözəl, heyrətamiz zövq, qüvvətli surətdə  bir yerə cəmlənmiş fikrin izləri, təbiət hadisələrinin ən incə dəyişikliklərinə  qeyri – adi həssaslıq, çoxlu müşahidəçilik, ən ciddi məntiq vardır. Dilin xalqın mənəvi həyatı olduğunu qeyd edən pedaqoq yazırdı ki,  xalqın dili onun mənəvi həyatının heç bir vaxt  solmayan və daim təzədən çiçəklənən, tarix sərhədlərindən çox uzaqlarda başlanmış boyasıdır. Dildə bütün xalq və onun bütün vətəni canlanmış olur.

İnkişafın, idrakın və özünüdərkin ən yaxşı vasitəsi – Ana  dilidir. Bax, buna görə Uşinski vurğulayırdı  ki, təhsilin başlıca mənbəyi ana dili olmalıdır. Alim dərindən inanırdı ki,  dil xalq tərəfindən yaradılıb, hər söz – onun  davamlı əməyinin və şüurlu fəaliyyətinin nəticəsidir.  Və bu inam ciddi elmi  əsasa malik idi. Dil təkcə ünsiyyət vasitəsi deyildir,  o, insan həyatının bütün zənginliyini və müxtəlifliyini əks etdirir. Dilin məntiqi – insan həyatının ideal formada ifadə olunan məntiqidir.  İdeyalar, anlayışlar, insanların bir-birinə, ətraf aləmə münasibəti,  müxtəlif insani emosiyalar dil vasitəsilə verilir. “Xalqın dili – heç vaxt önəmini itirməyən və  onun tarixin sərhədlərini aşan  bütün mənəvi həyatında əbədiyyən təravətli qalan prinsipdir...  Bütün xalq və onun bütün vətəni  dildə mənəviləşir...  Dil xalqın yaşamış olan, yaşayan və gələcək nəsillərini  bir böyük, tarixən  canlı bütöv şəklində birləşdirən  canlı  və qırılmaz bağdır”, – deyə Uşinski  “Ana sözü” məqaləsində ilhamla yazırdı. Hər yeni nəsil dili və təfəkkürün inkişafını  indiyədək  üst-üstə yığılmış  təcrübə  əsasında davam etdirir. Dil ilə birlikdə o,  öncəki nəsillərin yaratdığı mənəvi dəyərləri də mənimsəyir.

Uşinskinin bütün pedaqoji sistemində ana dilinə özəl yer və özəl rol ayrılır. Ana dilinin öyrənilməsi təkcə  şagirdlərin təfəkkürünün inkişaf vasitəsi deyil,  bütün ətraf həyat dil ilə dərk olunur, dil -  məktəb tədrisinin bütün fənlərinin öyrənilmə əsası, əməyə, həyata hazırlaşma şərtidir.

Tərbiyədə  və təhsildə gerçık xəlqilik dildə ifadə olunur və təzahür edir. “Ana dilinin öyrənilməsi ilə biz uşağı  xalqın ruhuna qovuşdurur, onun çoxəsrlik həyatının yaradılmasının,  bütün qüvvənin, bütün şeiriyyətin  fəvvarə  vurduğu yeganə canlı bulağın üstünə gətiririk”, - deyə Uşinski yazırdı.

Dil və təfəkkür bir-birilə üzvi şəkildə bağlıdır.  Dili təfəkkürün inkişafından  ayrılıqda  inkişaf  etdirmək mümkün deyildir

Ana dili  tədrisdə xüsusi funksiyanı yerinə yetirir, onsuz  həyatı dərk etmək mümkün deyil, biliklərin heç bir sahəsini öyrənmək mümkün deyildir. Dil fikri oyadır, məntiqi təfəkkürü inkişaf etdirir,  o -  heyrət doğuran pedaqoqdur: “Doğma dili mənimsəyərkən, uşaq təkcə sözləri, onların hallanmasını və şəkil dəyişikliyini deyil, sonsuz sayda anlayışları,  predmetlərə  baxışları,  çoxlu sayda fikirləri, hissləri, bədii obrazları, məntiqi və dilin fəlsəfəsini də mənimsəmiş olur – və asanlıqla və tez bir zamanda, iki-üç ilin ərzində  mənimsəyir,  o qədər ki,  iyirmi illik  çalışma  və metodik tədrislə bunun yarısını mənimsəyə bilməzdi. Ana dili – bu dərəcədə  böyük  xalq pedaqoqudur!”

Azərbaycanin maarifpərvər ziyalısı Həsən bəy Zərdabi də Ana dilini xalqın  varlığı, yaşaması  və  tərəqqisi üçün qüdrətli vasitə, müstəsna təsir gücünə malik amil sayaraq deyirdi: “Bir millətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir millətin varlığına, isbati - vücud etməsinə səbəb onun dilidir”.

Uşinskinin pedaqoji irsindən Azərbaycanda istifadə  olunması əsasən aşağıdakı kimi təsnif edilə bilər:

1.Təlimin mərkəzinə ana dilinin qoyulması.

2.Təlimdə xəlqilik ideyası.

3. Təlim üsullarından istifadə edilməsi.

4. Dərsliklər tərtibi

5. Müəllim kadrlarının hazırlanması və s.

Azərbaycanın görkəmli maarifçilərindən Aleksey Osipoviç Çernyayevski, Rəşid bəy Əfəndiyev,  Mahmud bəy Mahmudbəyov, Üzeyir  Hacıbəyli, Nəriman Nərimanov, Abdulla Şaiq, Fəfhad Ağazadə, Səməd bəy Acalov, Cəlil Məmmədquluzadə, Sultan Məcid Qənizadə və başqaları  Uşinski  irsindən  istifadə  edərək “Vətən dili”,  “Uşaq bağçası ”, “İkinci il”,  “Əlifba ” və  s. dərslikləri  tərtib  etmiş, ayrı- ayrı əsərlərində  Uşinskinin  pedaqoji sistemindəki əsas ideyaları – təlimdə xəlqilik, təlim  üsullarından düzgün istifadə  edilməsi, dərsliklərin tərtibi və  s. təbliğ  etmişlər. Onlar Uşinskinin adını əsərlərində hörmətlə çəkmişlər.

Uşinski  tərbiyə  sistemində  xəlqilik məsələsini dərindən təhlil edərək belə bir qərara gəlirdi ki, nəinki həyatda, hətta nəzəriyyədə də bütün xalqlar üçün ümumi olan vahid tərbiyə sistemi yoxdur. Hər xalqın özünəməxsus milli tərbiyə sistemi vardır... Buna görə də Konstantin Dmitriyeviç uşaq və gənclərdə xalq içərisindən çıxmış böyük  şəxsiyyətlərə  dərin hörmət tərbiyə etməyi, vətənpərvərlik hissini inkişaf etdirməyi lazım bilirdi. Eyni zamanda başqa  xalqların  tərbiyə  sahəsindəki qabaqcıl  təcrübəsini  öyrənməyi məqsədəuyğun  sayırdı.

Uşinskinin nəşr etdiyi əsərlər içərisində daha çox populyar olanları onun ibtidai məktəblər üçün yazmış olduğu və milyon nüsxələrlə yayılmış olan dərs kitabları idi: “Uşaq dünyası” – 43 dəfə nəşr edilmiş; “Ana sözü” – 137 dəfə çap olunmuşdur. “Pedaqoji antropologiya” adlı əsər çox şöhrət  tapmış populyar əsərdir. Bu əsər 14 dəfə çap edilmişdir. İnqilabdan əvvəlki Rusiyada  elmi kitablar bu qədər çox nəşr olunmazdı. Uşinskinin vaxtı ilə jurnallarda dərc etmiş olduğu pedaqoji məqalələri onun ölümündən sonra toplanmış və iki cilddə çap edilmişdir. Birinci cild 1875-ci və 1905- ci illərdə  çıxmışdır. Ikinci cild isə 1908-ci və 1912 – ci illərdə nəşr olunmuşdur. Uşinskinin dərs kitablarında olan bir çox məqalələr həm inqilabdan əvvəl, həm də inqilabdan sonra uşaqlar üçün yazılmış kitablara daxil  edilmişdi. Uşinskinin uşaqlara məxsus bəzi məqalələri  (məsələn, “Düzəndə köynək necə yetişdi”) tədris  pedaqoji dövlət nəşriyyatı tərəfindən bir neçə dəfə nəşr edilmişdir.

Uşinski ibtidai təlim üçün pedaqogika və psixologiyanı  bilməyin əhəmiyyətini aydın dərk edib yazırdı ki, şagirdlərin yaşı nə qədər az olduqca, tərbiyəçidən bir o qədər çox bilik tələb olunur. Şagirdlərin yaşı artdıqca, bu tələb artmır, əksinə, azalır. Pedaqogikanın bünövrəsi çox geniş, zirvəsi dardır. İbtidai tədrisin didaktikası cildləri doldura bilər, universitetdə mühazirə oxumağın didaktikası isə iki sözlə ifadə oluna bilər: öz fənnini yaxşı bil və onu aydın şərh et.

Hələ orta məktəbin ibtidai sinfində oxuduğum zaman Konstantin Dmitriyeviçin  uşaqlara  aid yazdığı nağıl və hekayələri həm sevə-sevə, həm də təkrar-təkrar mütaliə edirdim.Görkəmli filosof-pedaqoqun yüksək yazıçılıq məharəti ilə qələmə aldığı kiçikhəcmli, eyni zamanda dərin fəlsəfi və həyati məzmunlu əsərləri məni valeh edirdi. Vaxtilə kirill əlifbası ilə nəşr olunan bu kitablar indi də şəxsi kitabxanamda şərəfli yer tutur. Lakin çox arzulayıram ki, Uşinskinin azyaşlı oxucular üçün yazdığı bütün dadlı-duzlu əsərləri yeni latın əlifbamızla nəşr edilib, pöhrələnən nəslin balaca kitabsevərlərinə  təqdim edilsin. Düşünürəm ki, bu qiymətli xəzinənin dəyərli sərvətləri balalarımıza sevinc bəxş edən, onların könlünü oxşayan, hələ uşaq ikən məntiqli düşünməyə sövq edən layiqli hədiyyə olacaq.İndi isə bir qədər Uşinskinin saf, həssas uşaq aləminə qovuşaq:

Uşaq gözlüyü

         Bir oğlan atasına dedi:

-Atacan, mənə də bir gözlük al; mən də sənin kimi kitab oxumaq istəyirəm.

Atası cavab verdi:

-Yaxşı, sənə gözlük alaram, amma uşaq gözlüyü.

Belə deyib atası oğluna əlifba kitabı aldı.

 

                                     Başını dik tutan kimdir

 

Oğlan atasından soruşdu:

-Ay dədə, bir de görüm, nədəndir ki, bəzi sünbüllər başlarını yerə əyiblər, bəziləri dimdik tutublar?

Atası cavab verdi:

-O sünbülün ki, içi dənlə doludur, başını yerə əyir; o sünbül ki, boşdur, başını dik tutur.

 

                  Qaz və durna

         Bir qaz göldə üzə- üzə ucadan öz – özü ilə danışıb deyirdi:

         -Doğrudan mən də qəribə quşam! Həm yer üzündə gəzirəm, həm suda üzürəm, həm də göydə uçuram: dünyada heç mənim kimi başqa bir quş yoxdur!

         Durna qazın bu sözlərini eşidib, ona dedi:

         -Ay qaz, sən doğrudan da axmaq quşsan! Heç sən balıq kimi üzə bilərsənmi, maral kimi qaça bilərsənmi, ya da qaranquş kimi uça bilərsənmi? Çox şeyi pis bilməkdənsə, bir şeyi yaxşı bilmək yaxşıdır.

 

                 Dovşan və kirpi

         Tükləri pambıq kimi ağappaq, ipək kimi yumyumşaq bir dovşan kirpiyə dedi:

         -Ay kirpi qardaş, sənin paltarın niyə belə çirkin, özü də tikanlıdır?

Kirpi ona belə cavab verdi:

         -Düzdür, elədir, amma mənim bu tikanlarım məni itin və qurdun dişlərindən qoruyur. Sənin o qəşəng dərin də səni belə qoruyurmu?

         Dovşan ona cavab verməyib ancaq bir “ah” çəkdi.

 

                     Xeyir verməsə hər kəs, özü də xeyir görməz

Qrişacan! Karandaşını bir dəqiqəlik mənə ver.

Qrişa cavabında dedi:

     -Özünə karandaş gətir; mənimki özümə lazımdır.

     -Qrişa, kömək elə kitabları çantama yığım

Qrişa cavabında dedi:

      -Kitablar sənindir, özün yığ da.

Görəsən yoldaşları Qrişanı sevirdilərmi?

 

                                 Külək və günəş

Bir dəfə Günəş və sərt şimal Küləyi bəhs etdilər ki, onlardan hansı güclüdür. Onlar xeyli bəhs etdikdən sonra bu qərara gəldilər ki, elə bu vaxt böyük yoldan keçən bir atlı üzərində öz güclərini sınasınlar.

Külək dedi: “İndi görərsən, mən var gücümlə onun üstünə cumub , plaşını bir anda əynindən çıxaracam”.

Külək belə deyib, var gücü ilə əsdi. Amma Külək nə qədər bərk güc vurdusa , yolçu öz plaşına o qədər bərk büründü: o, hava xarablaşdığına görə deyindi, amma yoluna davam edib getdi. Külək acığa düşüb, gücünü daha da artırdı, yazıq yolçunun başına yağış və qar yağdırdı; yolçu Küləyi yamanlaya – yamanlaya, plaşının qollarını da geyindi, kəmərini də bağladı. Onda Külək özü də başa düşdü ki, plaşı çıxara bilməyəcək. Günəş öz rəqibinin  gücsüzlüyünü görüb gülümsündü, buludların arasından boylandı, Yeri qızdırıb qurutdu, həm də soyuqdan donmuş yazıq yolçunu da isindirdi. Yolçu Günəşin şüalarının istisini duyub dirçəldi. Günəşi alqışladı, plaşını özü əynindən çıxarıb bükdü və yəhərə bağladı.

Mülayim Günəş sərt Küləyə dedi: “Görürsənmi, yumşaqlıq və mehribanlıqla sərtlikdən xeyli çox iş görmək olar”.

 

                                               Meşə və çay

         Bir çay qalın meşənin alaqaranlığında bataqlıq və yosunların arası ilə axaraq acı-acı şikayətlənir, deyirdi ki, meşə onun qabağını kəsib, aydın göy üzünü, ətrafındakı uzaq yerləri görməyə qoymur. Parlaq gün işığını, oynaq küləyi ona yaxın buraxmır.

         -Bircə  adamlar gəlib bu zəhlətökən meşəni qıraydılar, - deyə çay şırıltı ilə axırdı.

Meşə ona mülayim – mülayim belə cavab verirdi:

-Ay mənim balam, sən hələ kiçiksən; başa düşmürsən ki, mənim kölgəm səni günəşin və küləyin qurutmasından qoruyur. Əgər mən olmasaydım, sənin azacıq suların çoxdan quruyardı. Bir qədər gözlə, əvvəlcə mənim kölgəmdə güclən, suyunu artır, onda axıb açıq düzənliyə gedərsən, daha xırdaca bir çeşmə yox, güclü bir çay olarsan. Onda parlaq günəşin və aydın göyün əksi sənin sularına düşər. Güclü küləklərlə oynayarsan, onda bunlar sənə heç bir zərər verə bilməz.

 

                                              Baba

Baba lap qocalıb əldən düşmüşdü. O, çox pis görür, pis eşidirdi; qocalıqdan əli – ayağı titrəyirdi: qaşığı ağzına aparanda şorbanı dağıdırdı.

Onun bu hərəkətləri oğulun və gəlinin xoşuna gəlmədi: atanı daha özləri ilə birlikdə yemək stolu arxasında oturtmadılar, heç kəs görməsin deyə, sobanın arxa tərəfində ona yer düzəltdilər, yeməyi də saxsı qabda elə orda verdilər. Qocanın əlləri titrədi, saxsı qab əlindən düşüb sındı. Oğulla  gəlin əvvəlkindən də artıq qəzəbləndilər: ataya xörəyi köhnə taxta qabda verdilər.

Qocanın kiçik bir nəvəsi vardı. Bir dəfə o, döşəmədə əyləşib  taxta parçalarından nə isə düzəldirdi.

Anası ondan soruşdu:

-Oğlum, sən nə düzəldirsən?

-Qab düzəldirəm,- deyə balaca cavab verdi.- Atamla sən qocalanda, bu taxta qabda sizə yemək verəcəyəm.

Ata ilə ana bir –birinə baxıb utandıqlarından qızardılar. O vaxtdan bəri babanı daha sobanın dalında gizlətmədilər, ona taxta qabda yemək vermədilər.

Atalar yaxşı deyib: nə tökərsən aşına, o çıxar qaşığına.

Qocaya hörmət elə, sən də qocalacaqsan...

 

...Sonralar Məhəmmməd Ağa Şaxtaxtılı, Firidin bəyKöçərli, Paşa Məmmədov, Mahmud bəy  Mahmudbəyov, Abdulla Şaiq, Hacı Əbülqasım Axundzadə, Mir  Abbas Mir  Abbaszadə, Abdullabəy Azadbəyli, Harunbəy Sultanov və başqalarının  müxtəlif  adlar altında tərtib etdikləri əlifba və digər qiraət kitablarının  quruluşunda  da Uşinskinin bu və ya başqa şəkildə  təsiri hiss olunurdu. Lakin Çernyayevski və Rəşid bəydən başlayaraq Azərbaycan pedaqoqları və maarif xadimləri nə Uşinskini, nə də başqa bir pedaqoqu kor - koranə təqlid etmədilər. Onlar öz dərsliklərini Uşinskinin Azərbaycan xalqının həyat və məişətinə daha uyğun olan hekayələri, bədii parçaları əsasında işlədilər.

Uşinski ibtidai siniflərdə bütün fənlərin bir müəllim tərəfindən tədris olunmasını faydalı hesab edirdi. Hazırda bəzi müəllimlər, hətta metodistlər ibtidai siniflərdə hər şeyi əyləncə, oyun üzərində qurmaq fikrini irəli sürürlər. Uşinski  uşaqlara  oxuyub - yazmağı oynaya - oynaya öyrətməyin mümkünlüyünü  göstərir, lakin bunun zərərli olduğunu da qeyd edirdi. O, təlimi ilk gündən oyundan fərqləndirmək, onu uşaq üçün ciddi vəzifə etmək məsələsini irəli sürür və bildirirdi: “Təlimdə hər şey əyləncəli ola bilməz. Cansıxıcı şeylər də var və olmalıdır. Siz uşaqları həyata hazırlayırsınız. Həyatda isə heç də bütün vəzifələr əyləncəli deyil. Ona görə də uşaqlara əyləncəli olmayan şeyləri də öyrətmək lazımdır.

Uşinski şagirdlərin ev tapşırığı ilə həddindən artıq yüklənməsinin zərərindən bəhs edərək, ibtidai siniflərdə, xüsusilə I sinifdə şagirdlərin bütün dərslərini sinifdə müəllimin nəzarəti və rəhbərliyi altında öyrənməli olduqlarını göstərirdi. Böyük pedaqoqun bu tələbi müəllimin qarşısında uşaqlarla intensiv işləmək kimi ciddi vəzifə qoyurdu.

Dərsin hər bir dəqiqəsindən səmərəli istifadə olunması, lazımsız söhbətlərə yer verilməməsi haqqında müasir pedaqoji ədəbiyyatda rast gəldiyimiz  fikirlər hələ o zaman Uşinski tərəfindən çox gözəl ifadə olunmuşdu. Uşinskiyə görə, ibtidai sinfi  bitirən şagird rabitəli və səliqəli danışmağı, səlist oxumağı, oxuduğunu (əgər məzmunca gücünə müvafiqdirsə) başa düşməyi, dörd hesab əməli qaydaları çərçivəsində şifahi və yazılı hesablamağı, 20-30 şeiri əzbərdən oxumağı, elə o qədər də hekayənin məzmununu nağıl etməyi, sürətlə, səliqəli, aydın, gözəl yazmağı, kiçik fikri ciddi orfoqrafik səhvə yol vermədən yazmağı, başlıca durğu işarələrini qoymağı, heç olmasa dördbucaqlının köməyi ilə öz evinin, küçəsinin, şəhərinin və ya kəndinin xəritəsini tərtib etməyi, onu oxumağı bacarmalıdır...

Bir qədər əvvəl Uşinskinin pedaqoji sistemində Ana dili məsələsinin mərkəzi yer tutduğundan bəhs etdim.

Məlumdur ki, Azərbaycanda doğma ana dilində məktəblər rəsmi hökumət dairələri tərəfindən deyil, ayrı-ayrı maarifpərvər ziyalıların təşəbbüsü ilə yaradılmışdır. Hələ 1827-ci ildə Qafqazın Tbilisi, Qori, Kutaisi, Nuxa, Bakı, Şuşa və Quba şəhərlərində qəza məktəblərinin açılması barədə Qafqaz və Həştərxan quberniyalarının baş rəisi general-marşal Paskeviçin əmri var idi. (Daha sonra Gəncədə, Naxçıvanda və Şamaxıda da rusdilli qəza məktəbləri açıldı, 1876-cı ildən etibarən qəza məktəbləri “şəhər məktəbləri” adlandırıldı – R.Mirzəzadə).Bu əmrdə deyilirdi ki, həmin şəhərlərdə açılacaq məktəblərə yuxarı və aşağı siniflər üçün cəmi iki müəllim təyin edilsin. Gürcülər və ermənilər olan yerlərdə şəriət dərsi, gürcü və erməni dilləri, müsəlman əyalətlərində isə tatar, (yəni Azərbaycan) və rus dilləri keçirilsin. Lakin bu fərman bütövlükdə həyata keçirilə bilmədi. Çünki azərbaycanlılar üçün nəzərdə tutulan məktəblərdə şəriət dərsi keçirilmədiyindən camaat öz uşaqlarını bu məktəblərə buraxmırdılar. Buna görə də məktəblərdə oxuyan uşaqların hamısı çar məmurlarının uşaqları idi. Həmin ildə Bakıda cəmi 29 nəfər şagird varmış. Bunlardan 11 nəfəri bəy, dvoryan, knyaz uşaqları, 11 nəfəri isə tacir və ya digər mənsəb sahiblərinin uşaqları idi. Azərbaycanlıların olduqca az sayda təhsil aldıqları qəza məktəblərində, məsələn, Nuxada Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Şuşada Firidun bəy Köçərli, Həsənəli Qaradaği və digər bölgələrin qəza məktəblərində də qabaqcıl adamlarımız rusca təhsil almışdılar.

İnqilaba qədər milli məktəblər üçün müəllim kadrları hazırlayan Zaqafqaziya – Qori Müəllimlər Seminariyası Azərbaycan mədəniyyəti tarixində böyük rol oynadı. Qoridən əvvəl ilk müəllimlər seminariyası 1871-ci ildə Kubanda fəaliyyətə başlamışdı. Qori Müəllimlər Seminariyasının əvvəlcə  üç şöbəsi; rus, gürcü və erməni şöbələri var idi. Azərbaycan kəndlərində  təşkil edilən və yaradılması nəzərdə tutulan məktəblərin müəllim kadrlarına olan ehtiyacı ödəmək üçün ayrıca bir seminariyanın və ya  şöbənin olması həyati zərurət idi. 1879-cu il sentyabrın 3-də Qori Müəllimlər  Seminariyasının  nəzdində Azərbaycan şöbəsi fəaliyyətə başladı.

Seminariyanı açmaqda çar hökuməti öz mənafeyinə, taxt-tacına sadiq olacaq ziyalılar hazırlamaq məqsədini güdməyinə baxmayaraq, mütərəqqi  rus ziyalılarının qabaqcıl fikirlərindən bəhrələnmiş seminariya müdavimləri  Azərbaycanın ilk maarif qaranquşları olmuş, ucqar kənd və şəhərlərdə, yaşayış məskənlərində yorulmadan çalışmış, avamlığa, cəhalətə qarşı barışmaz mübarizə aparmışlar. Seminaristlərdən İsmayıl Mustafayev  “Mənim kənd müəllimi olmağım” adlı yazısında çar rejimini qaranlıq gecəyə, bir ovuc istismarçının milyonlarla insanı acınacaqlı, dəhşətli cəhənnəmə  saldığı vəziyyətdən çıxış yolu axtaran xalqı isə zülmətdə yolunu azmış karvana bənzədir. İ.Mustafayev bu bəlaların yeganə xilasını karvanın ümidi olan göydəki ulduzlarda – maarif və mədəniyyətin  inkişafında görürdü.

Zaqafqaziya Müəllimlər Seminariyası Uşinskinin  “Müəllim seminariyasının  layihəsi” əsasında  fəaliyyətə  başlamışdı. Uşinski öz layihəsini irəli sürərkən müəllimin mədəni səviyyəsini yüksəltməkdə, onu inkişaf etdirməkdə həlledici və mühüm rolunu görürdü. O, nəinki seminariya açmaq, hətta pedaqoji fakültələrin də yaranmasını vacib hesab edirdi. Pedaqoji hərəkat zamanı xalqın maarifə olan böyük ehtiyac və həvəsini görən Uşinski yazırdı ki, yaxşı məktəblər indi hava, su kimi lazımdır. İndi xalq oxumağın zəruriliyini dərk etmişdir. Lakin müəllim yoxdur və yoxdur...

O, bu layihədə hazırlıqlı müəllimlər yetişdirmək zəruriyyətini, seminariyaların  qapalı müəssisə  olmasını, uşaqların bu seminariyaya müəyyən  hazırlıqla  gəlməsini və ciddiyyətlə  seçilməsini, seminariya həyatının  sadə, lakin intizamlı  olmasını, burada təlimin son dərəcə dərin olmasını, seminariyaların  şəhərə yaxın məsafədə kənd yerlərində açılmasını  məsləhət  görmüşdü. Zaqafqaziya Müəllimlər Seminariyasının açılmasında da bu tələblər nəzərə alınmış və seminariya  o zaman inqilabi qüvvələrin toplaşdığı Bakı və Tiflisdə deyil, məhz Qori şəhərində açılmışdı.

Azərbaycanda və ümumən Zaqafqaziyada  pedaqoji fikrin inkişafı tarixində  görkəmli yer  tutan tanınmış simalardan biri də Aleksey Osipoviç Çernyayevskidir. Böyük rus  pedaqoqu Uşinskinin ideyalarının Azərbaycanda ilk təbliğatçılarından  biri olan Çernyayevski,  azərbaycanlı uşaqların  ana dilində və rus dilində ibtidai təhsilinin elmi cəhətdən əsaslandırılan  metodikasını işləyib hazırlamışdı. Uşinskinin pedaqoji təlimi- uşaqların  təlim və tərbiyəsinə dair ən yaxşı insanpərvərlik ideyalarının təcəssümü  olan bu təlim Çernyayevskini daha çox cəlb edirdi.

A. O.Çernyayevski 1840-cı ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərinin yaxınlığındakı Mərəzə kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. (bəzi mənbələr onun Həştərxanda doğulduğunu və az sonra ailəsi ilə bərabər Şamaxıya köçdüyünü qeyd olunur – R.Mirzəzadə). Atası Osip və anası Mariya olduqca mehriban, sadə, işgüzar və zəhmətkeş adamlar idi. Onlar öz övladlarını da eyni ruhda tərbiyə  edirdilər. Bu gözəl, səmimi ailə Şamaxıya qəlbən vurğun idi, qoynunda yaşadığı əziz məkana, onun yerli insanlarına ehtiramla, sədaqətlə yanaşırdı.Şamaxı neçə-neçə rus, malakan ailəsi kimi Çernyayevskiləri də doğma balası kimi bağrına basmışdı.

Karaçay-balkar xalqının övladı, görkəmli sovet şairəsi Həlimət Bayramukovanın sonralar qələmə aldığı  “Azərbaycan dəftəri” silsiləsindən  olan “Şamaxı heyrəti” adlı şeirininin hər bir kəlməsi  sanki elə vaxtı ilə Çernyayevskilər ailəsinin qəlbinin, ruhunun çeşməsindən süzülmüşdü:

Şirin nəğmə kimi qalxdın, ucaldın,

Elədin hüsnünə məftun məni sən.

Yasəmən qolunu boynuma saldın,

Doğma balan kimi öpdün məni sən.

 

Şirvan – duyğuların qatar doğumu,

Burda ürəklərin qapısı açıq.

Qərib olduğumu, yad olduğumu

Deyən düşündümmü burda azacıq.

 

Lalədən od alıb hər qarış torpaq,

Şirvan özü boyda laləzar imiş!

Tər yanaq-bir qönçə, büllur göz- bulaq,

Sənin hər gözəlin növbahar imiş!

 

Şamaxı – mayası şeirin, sənətin,

Yatır torpağında min odlu sinə.

Burda şeir yazmaq çətindən çətin:

Neçə şair ruhu göz olur sənə.

 

Öz daş yuxusundan oyandı Sabir,

Yenə həkim oldu sözü, söhbəti.

Şairlər axışdı yanına bir-bir,

Sabir – Şamaxının dünya şöhrəti!

 

Möhtəşəm məbədlər, bu ulu dağlar

Gözümə, könlümə göy qurşağındır.

Dünyalar dolanan səyyar xəyalım

Bu gün Şamaxıda Şirvan şahıdır.

Aleksey Osipoviç  təhsil müddəti 4 il olan Şamaxı qəza məktəbinə daxil olur. Fitri istedadı, məktəb kitabxanasında olan az miqdarda kitabları daim təkrar-təkrar oxuması, gözəl xətlə yazması sayəsində o, tez bir zamanda şagirdlər arasında yaxşı cəhətləri ilə fərqlənməyə başlayır.Lakin maddi sıxıntılar ucbatından məktəbi bitirə bilmir. Lakin o, ruhdan düşmür, çoxlu mütaliə  edir, öz üzərində çalışıb  biliyini  artırır, Azərbaycan dilini öyrənir. 1857-ci ildə Şamaxı  poçtunda əmək fəaliyyətinə başlayır. O, 10 ilə yaxın Türyançay, Axtı və Mərəzə kəndlərində poçt idarəsinin stansiya nəzarətçisi vəzifəsində çalışır, son dərəcə yoxsulluq içində yaşayan məzlum xalqın həyatı ilə yaxından tanış olur.

Azərbaycanlılar arasında böyüyən, onların dilini öyrənən, həyat tərzinə, adət - ənənələrinə bələd olan Aleksey, istedad və qabiliyyəti sayəsində bir məmur kimi də yüksələ bilərdi, lakin məmurluq onu heç cür özünə cəlb etmirdi. Müəllim olmaq, yoxsul kəndlilərə savad öyrətmək və bu yolla onların güzəranlarını yaxşılaşdırmaq arzusu ilə yaşayırdı.

O, çox mütaliə edir, pedaqoji ədəbiyyatı xüsusi olaraq öyrənir, səylə çalışaraq biliyini artırırdı.

Mərəzə kəndində kənd məktəbi açmaq məsələsi həll edilən zaman poçt stansiyası nəzarətçisi Çernyayevski heç olmasa pedaqoji təhsilli bir müəllim tapılanadək kəndli uşaqlarına savad öyrətmək haqqında kənd camaatının xahişinə tərəddüd etmədən razılıq verir.1866-cı ilin noyabr ayında Şamaxı qəzasının Mərəzə kəndində ilk kənd məktəbini açır. Çernyayevskinin  açdığı bu məktəbdə oğlan və qızlar, ruslar və  azərbaycanlılar, kəndli balaları və bəy uşaqları pulsuz təhsil alırlar. Uşaqların sayı getdikcə artır, qəza məktəblərində oxuyanların sayına nisbətən Mərəzə məktəbində şagirdlərin sayı xeyli çox olur. 81 nəfər şagird oxuyan bu məktəbin üç şöbəsi vardı.

 Dünyanın  mütərəqqi  pedaqoji ideyalarına bələd olan Çernyayevski zəhmətkeş  kəndlilərin  həyat şəraitini, məişətini maarifçi gözü ilə müşahidə və  təhlil edərkən bu qənaətə gəlirdi ki, ehtiyac, yoxsulluq kəndli məişətinin  bir çox  bəlalarından biridir. Buna görə də məktəblər tamamilə pulsuz olmalı, kəndli balalarına dərsliklər pulsuz verilməlidir. Əks halda bütün kəndli uşaqlarının təhsil almasını təmin etmək mümkün olmayacaq.

Bir maarifçi kimi Çernyayevski inanırdı ki, xalqın gücü onun bilikli, savadlı, təhsilli olmasındadır.İstedadlı pedaqoq bilirdi ki, insanların, xalqın rifahı onun bilik və təhsil səviyyəsindən, təfəkkür və  şüurluluğundan asılıdır. O, çox sevdiyi Azərbaycan xalqını savadlı, elmli görmək istəyirdi. Buna görə də pedaqoq dünyəvi məktəblərin qızğın tərəfdarı idi. 1867-ci ildə  “Qafqaz” qəzetinə göndərdiyi  “Şamaxı qəzasında kənd məktəblərinin quruluşu haqqında bir neçə söz” adlı məqaləsində Çernyayevski yazırdı: “Gənc  nəsli kobud mövhumatdan və çaşqıntılardan qorumaq vacibdir”.

Çernyayevski proqramla məhdudlaşmadan şagirdlərə  təbiət, tarix, coğrafiya, qrammatika və hesab fənlərindən geniş məlumat verirdi. O,  tərbiyələndirici  təlimin tərəfdarı idi. Aleksey Osipoviç  “Yerli məktəblər haqqında məsələyə dair” adlı məqaləsində yazırdı ki, xalq məktəbi nəinki öyrətməlidir, həm də tərbiyə etməlidir, orada bütün təlim tərbiyələndirici xarakter daşımalıdır.

Qafqaz tədris dairəsinin müdiri Yanuariy Mixayloviç Neverov 1867-ci ildə Mərəzə məktəbinə gəlir və məktəbin işini yüksək qiymətləndirir. Sonralar Neverov yazır ki, bir çox dövlət məktəblərinə nisbətən bu məktəbdə vəziyyətin müqayisəyə gəlməyən bir dərəcədə yaxşı olduğunu görmüşdür. Müdir qeyd etmişdir ki, heç bir elmi, xüsusən də pedaqoji təhsili olmayan, lakin hər şeyi öyrənməyə çalışan və fitri istedadı ilə fərqlənən Çernyayevski onun üçün tamamilə yeni olan bu sahədə diqqətəlayiq müvəffəqiyyətlər qazanmışdır. Səbəbi də odur ki, o, vəzifə xatirinə deyil, daxili marağı üzündən, tamamilə təmənnasız bir şəkildə yalnız çox sevdiyinə görə bu işə könül bağlamışdır.

1868-ci ildə Aleksey Osipoviç  iki ay müddətinə Tiflis şəhərindəki Aleksandr müəllimlər məktəbinə ezam olunur. Burada o, təkcə həmin məktəbin müəllimlərinin dərslərini deyil, Nikolay ibtidai məktəbi müəllimlərinin dərslərini də həvəslə dinləyir, xalq məktəblərinin təşkili nəzəriyyə  və təcrübəsi ilə tanış olur.Çernyayevski xüsusi imtahandan çıxdıqdan sonra tədris idarəsi üzrə xidmətə təsdiq edilir.

1872-ci ildə Moskva Universiteti nəzdindəki təbiətşünaslıq, antropologiya və etnoqrafiya həvəskarları cəmiyyəti tərəfindən Moskvada keçirilən politexnik sərgiyə  dəvəti  məmnuniyyətlə qəbul edən Çernyayevski, mühazirə kursunu dinləmək üçün sərginin nəzdində xalq maarifinə  dair fəaliyyət göstərən pedaqoji şöbəyə göndərilir.

Aleksey  Osipoviç  təqribən 10 il Zaqafqaziyanın müxtəlif şəhərlərində ibtidai məktəb müəllimi, daha sonra bəzi xalq məktəbləri müdiriyyətlərində məsul işdə çalışır.

1879-cu ildə Mirzə Fətəli Axunzadənin təşəbbüsü ilə Zaqafqaziya Müəllimlər Seminariyasında  Azərbaycan şöbəsinin açılması ilə əlaqədar  Çernyayevski oraya dəvət olunur və  böyük pedaqoq Uşinskinin dostu, seminariya direktoru  Dmitri Dmitriyeviç Semyonovun zəmanəti ilə  Azərbaycan şöbəsinin  inspektoru təyin olunur. Seminariyanın Əsasnaməsində  tələb olunduğuna görə, Azərbaycan şöbəsini idarə edən şəxs – inspektor xristian olmalı idi. Buna görə də şöbənin ilk inspektoru Çernyayevski  olur.

 Azərbaycan şöbəsinin təlim-tərbiyə fəaliyyətinə 14 il ərzində rəhbərlik etdiyi dövrdə onun müəllimlik istedadı daha parlaq şəkildə özünü göstərir.

Qori seminariyasının Azərbaycan şöbəsinə şagird toplamaq məqsədi ilə  Çernyayevski dəfələrlə Bakıya, Gəncəyə, Naxçıvana, İrəvana, Qarabağa, Nuxaya, Şamaxıya və digər bölgə və kəndlərə getmişdi. Həmin dövrdə nəqliyyat vasitələrinin son dərəcə məhdud olması, ruhanilərin məktəbə mənfi münasibət bəsləməsi, valideynlərdən bir qisminin təhsilin faydasına  inamsızlığı, onların maddi ehtiyacları və s. çoxsaylı qayğıları nəzərə alsaq, Qori seminariyasında təhsil almaq üçün Azərbaycanda uşaq toplamağın nə qədər çətin, əzab - əziyyətli iş olduğunu təsəvvür etmək mümkündür. Seminariya üçün pedaqoji təcrübə bazası yaratmaq məsələsi də  asan deyildi. Qoridə azərbaycanlıların yaşamadığı və orada Azərbaycan məktəbləri olmadığı bir şəraitdə müdavimlərin pedaqoji təcrübəsini  təşkil etmək çətin idi. Lakin Çernyayevski seminariyanın  Azərbaycan şöbəsinin yanında ana dilində ibtidai məktəb açmaqla çox vacib və çətin olan bu problemi də həll etdi.

Azərbaycan  şöbəsinin  ibtidai məktəbində rus dili və hesabın öyrədilməsinə  digər fənlərdən daha çox yer verilirdi; yəni rus dili və hesab birinci  dərəcəli, ana –dili, mahnı, rəsm, coğrafiya, təbiət  ikinci dərəcəli fənlər  sayılırdı.

         Qiraət  Uşinskinin  “Vətən dili” kitabının birinci hissəsindən keçirilirdi. Qiraət  üçün istifadə olunan materiala kitabdan başqa, bir də lövhədə yazılmış şeirlər və məqalələr də daxil edilirdi.

          Seminariyanın ibtidai məktəbində 3 il müddətində  təlimin bünövrəsi əsaslı  surətdə  qoyulurdu. Məktəbdə gəzintiyə getmək, meşədə gül dərmək, çöldə oynamaq, bağda və bostanda işləmək, ağaclara  qulluq  etmək və s. kimi sinifdənkənar işlər də aparılırdı. Bunlar uşaqlarda  sağlam əhval – ruhiyyə  yaratmaqla, şagirdlərin bilik həcmini artırır, onlarda  estetik hiss, təbiətə  sevgi və s. yaradırdı.

         Məktəbdə  uşaqlarla  tərbiyəvi mövzuda söhbətlərin də məqamı az olmurdu. Lakin bəzən onlarla  hakim quruluşa  tabe olmağa, monarxiyaya  sadiq  qalmağa  sövq edən  söhbətlər  aparılsa da, digər maraqlı söhbətlər  uşaqlarda  anaya,  ataya, qardaşa, bacıya, yoldaşa,  gücsüzlərə, həyatın incitdiyi  şəxslərə  sevgi hissi, habelə heyvanlara  qarşı mərhəmət  duyğuları doğurur  və  inkişaf etdirirdi.

Sonralar böyük dövlət və ictimai xadim kimi fəaliyyət göstərən N.Nərimanovun şəxsiyyətinin təşəkkülündə  Aleksey  Osipoviçin böyük rolu və  zəhməti olmuşdur. Məhz bu insanpərvər müəllimin köməyi sayəsində 1882-ci ildə Nəriman Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin nəzdindəki ibtidai məktəbə qəbul olunmuşdur. Seminariyada təhsil aldığı 8 il ərzində Nəriman öz müəllimlərindən çox şey öyrəndi. Onda vətən və xalq qarşısında yüksək borc hissi kimi mənəvi keyfiyyətlər tərbiyələndi.

Çernyayevski böyük həvəs və qayğıkeşliklə azərbaycanlı balalarını təhsilə cəlb edir, onlarla bir ata, valideyn  kimi görüşürdü. Pedaqoq yaxşı bilirdi ki, azərbaycanlı uşaqların bəziləri rus dilini  bilmədiklərindən təlimdə geri qala bilərlər, bu da onlarda ruh düşkünlüyü yaradar.Buna görə də Çernyayevski  tez-tez  azərbaycanlı seminaristlərlə görüşür, onlarda təlimə maraq oyadır, lazım gəldikdə zəruri məsələlərlə şəxsən özü məşğul olurdu. O, insanlarda müsbət cəhətləri axtarır, həmin müsbət cəhətlərə istinadən mənfi cəhətləri aradan qaldırırdı.

Bir dəfə Aleksey Osipoviç seminaristlər növbəti dərsə hazırlaşarkən məşğələ  otağına daxil olur. O, Nəriman Nərimanovun rus dilində çətinliklərlə  qarşılaşdığını, iztirab keçirdiyini görüb, qayğı və həssaslıqla ona yaxınlaşıb deyir: “Görürəm, çətinlik çəkirsən”.

Nəriman tutulmuş halda cavab verir: “Çox çətindir, Aleksey Osipoviç! Deyəsən, rus dilində mən hamıdan zəifəm”.

Səmimi, insanpərvər və təcrübəli müəllim Nərimanın səsindəki kədərdən mənəvi əzab çəkdiyini duyub dərhal ata nəvazişi ilə onu ruhlandırır: “Adam özünə qarşı bu qədər amansız olmaz, oğlum! Bəs nə üçün o biri dərsləri demirsən? Sən ki, təbiət, coğrafiya, hesab, tarix və başqa  dərslərdə  hamıdan irəlidəsən?! Buna görə də müəllimlərin səndən çox razıdır. Çətinlikdən qorxmaq lazım deyil”.

Zaqafqaziya Müəllimlər Seminariyasının  Azərbaycan şöbəsinə ilk dəfə qəbul edilən 32 nəfərdən 24 nəfərini (növbəti illəri daxil etsək, 47 nəfərdən 33 nəfərini) ayrı-ayrı bölgələrdən Çernyayevski  tərəfindən seçilib  gətirilmişdi. Bu gənclərin hamısı (növbəti mərhələlərdə qəbul olunan azərbaycanlı balaları ilə birgə) sonradan Azərbaycan mədəniyyətinin, maarif və təhsilinin inkişafında çox böyük rol oynayan ziyalılar oldular.

Hələ çox gənc yaşlarında Firidun bəy Köçərli adi bir təsadüf nəticəsində Çernyayevski ilə rastlaşır. Firidun bəy atasının yeganə oğlu olmasına baxmayaraq, Aleksey Osipoviç Firidun bəyin atasından onu Gürcüstana, Qori şəhərinə təhsil almaq üçün aparmağa razılıq alır.

Cəlil Məmmədquluzadə hələ uşaq ikən, 7-8 yaşlarında olarkən atası onu mollaxanaya göndərir. Mollaxanadan ayrılan Cəlil, Naxçıvandakı üçsinifli şəhər məktəbində rus dilində oxumağa üstünlük verir. Çernyayevski Naxçıvana tələbə toplamağa gedərkən Cəlil Məmmədquluzadəni də özü ilə birlikdə  Qoriyə aparır. (Cəlil 1883-cü ildə seminariyaya daxil olub, 1887-ci ildə buranı müvəffəqiyyətlə bitirir və Uluxanlı kənd məktəbinə müəllim təyin olunur).

Çernyayevskinin  pedaqoji  və maarifçilik fəaliyyətində diqqəti cəlb edən ən mühüm xidmətlərindən biri də dərslik və dərs vəsaitləri hazırlamasıdır. Pedaqoq Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində  fəaliyyətə  başlayarkən  azərbaycanlı uşaqlar üçün sövti üsulla  tərtib edilmiş dərslik yox idi. Mövcud məktəblərdə fars və ərəb dillərində tərtib olunmuş kitablardan pərakəndə qaydada, həm də müəllimlərin  özlərinin istədikləri kimi istifadə edirdilər. Bu çətinliyin aradan qaldırılması da Çernyayevskiyə  nəsib olmuşdu. O, qısa müddətdə ərəb əlifbasını öyrənib təcrübədə yoxladıqdan sonra 1882-ci ildə “Vətən dili” əlifba  dərslik-kitabını  və onu öyrətmək üçün  “Üsul kitabı”nı yazdı. Aleksey Osipoviçin  “Vətən dili” dərsliyi sövti üsulla, yəni səs üsulu ilə yazılmış ilk Azərbaycan dili dərsliyi idi. Bununla, Çernyayevski Azərbaycan dilinin bütün müsəlman şərqində misli olmayan tədris metodikasını yaratmışdı. Həmin il görkəmli pedaqoq  “Vətən dili. Müsəlman əlifbasını öyrədən müəllim üçün metodiki vəsait” adlı dərs vəsaiti də tərtib etmişdi. Uşaqların davranışına müsbət təsir göstərmək  və  onlara mənəvi keyfiyyətlər aşılamaq məqsədilə  Çernyayevski əlifba kitabında Azərbaycan folklorundan, nəsihətamiz hekayələrdən geniş istifadə  edirdi.

Aleksey  Osipoviç  öz dərsliklərini hazırlayarkən  yerli materiallardan, xüsusilə  Seyid Əzim Şirvaninin üç dəftərdən ibarət tərtib edib ona göndərdiyi  dərsliyin  mətnlərindən də yararlanmışdı. O, qüdrətli Uşinskinin  pedaqoji  irsinə  yaradıcı münasibət bəsləmiş, onun didaktik təliminə  əsasən  savad təliminə  səs metodunu tətbiq etmişdi.1883-cü ildə yazılan və  Azərbaycan məktəbləri üçün rus dili üzrə tədris-metodiki ədəbiyyat kimi nəzərdə tutulan “Rus dili” dərsliyinə  mövzunu daha yaxşı qavramaq üçün 100 şəkil də daxil etmişdi.

Yaş xüsusiyyətlərini nəzərə almaq Çernyayevski dərsliklərinin əsas prinsiplərindən biri idi. Aşağı sinif şagirdlərinin yaş xüsusiyyətləri  “Vətən dili”  və  “Rus dili” dərsliklərinə  salınan mətnlərin həm adlarında, həm də  mövzularında nəzərə alınırdı. Mətnlərin əksəriyyəti müsahibə şəkilndə idi və onlara uşaqları maraqlandıran, cəzb edən qoşa adlar verilirdi. Məsələn, “Vətən dili” dərsliyində  “At və xış”, “Qurd və çoban”, “Qarğa və sağsağan”, “Axsaq və kor”, “Çoban və güzgü”, “Şir və siçan”, “Uşaq və ilan” və digər adlı mətnlər buna misal ola bilər. Dərsliklərdəki mətnlər bir qayda olaraq yığcam, kiçikhəcmli idi. Onların həcmi getdikcə  artırdı.

Aleksey Osipoviç  vicdanlı, namuslu, zəhmərkeş pedaqoq idi. Sadə xalqın və uşaqların danışdığı Azərbaycan dilini yaxşı bilirdi. Azərbaycan xalq məsəllərini heç kim öz danışığında onun qədər yerli-yerində işlətmirdi. Ana dilində savad öyrətmək üçün öz dərsliyini tərtib edərkən də o, bir pedaqoq kimi faydalı material seçməyi və bu materialı canlı uşaq dilində düzəldib təqdim etməyi bacarırdı.

F. Köçərli  Çernyayevskinin  “Vətən dili” dərsliyini yüksək qiymətləndirərək demişdi: “Bizim əqidəmizə görə Uşinskinin  “Rodnoye slovo” dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malikdirsə, Çernyayevskinin  “Vətən dili” dərsliyi də azərbaycanlılar üçün elə bir əhəmiyyətə malikdir”.

Çernyayevskinin  nəzəriyyəçi pedaqoq kimi yetişməsinin səbəblərindən biri onun dünya klassik pedaqoji fikri ilə yaxından tanış olması idi. Eyni zamanda o, məşhur pedaqoq, metodist, Qori seminariyasının direktoru  D.D.Semyonovun rəhbərliyi altında işləmişdi. Semyonov isə dünya pedaqoji fikrinin nəhəng simalarından biri olan Uşinskinin alovlu tərəfdarı və ardıcıllarından idi. İkincisi, Çernyayevski  Y. Komenskinin, H.Pestalotsinin, A.Disterverqin və  bir çox  digər mütərəqqi pedaqoqların fikirlərinə yaxından bələd olaraq, onların mövqelərini bir sıra məsələlərdə müdafiə edirdi.

Aleksey Osipoviçin elmi və pedaqoji fəaliyyəti təkcə  azərbaycanlı seminaristlərin  yetişdirilməsi və tərbiyəsi ilə məhdudlaşmırdı. Xüsusilə “Vətən dili” dərsliyi onun pedaqoji işinin və təlim metodunun İrəvan, Təbriz və  başqa şəhərlərdə də yayılmasına imkan verirdi. F. Köçərli öz məqaləsində  “Vətən dili”nin böyük əhəmiyyətindən bəhs edərkən maraqlı bir nümunə gətirirdi: “İranlı Axund Molla Əli İrəvanda nümunəvi məktəb açmışdır. O, Çernyayevskinin  “Vətən dili” kitabını fars dilinə  tərcümə edərək onun əsasında  sövti üsulla dərs keçirdi. O, indi də həmin dərslikdən Təbrizdə  istifadə  edir. Aldığım məlumata görə, onun məktəbi təbrizlilərin böyük  hörmətini qazanmışdır. Həmin məktəbin timsalında  artıq bir çox məktəblər açılmışdır”.

 Çernyayevski  birinci  “Vətən dili” dərsliyindən 6 il sonra Səfərəli bəy Vəlibəyovla  birlikdə  “Vətən dili” dərsliyinin ikinci hissəsini yazıb 1888-ci ildə Tiflisdə  nəşr etdirir.

O, seminariyanın Azərbaycan şöbəsinə başçılıq etməklə bərabər, eyni  zamanda seminariyanın nəzdindəki Azərbaycan ibtidai məktəbində məzunların əməli məşğələlərinə rəhbərlik edir, metodika, məktəbşünaslıq, ana  dili dərsi deyirdi. Şöbədə tərbiyə işini bacarıqla  təşkil etmişdi və seminariya  tələbələrinin hərtərəfli inkişafına  xüsusi diqqət yetirirdi. Aleksey Osipoviç  tələbələrin  asudə vaxtdan səmərəli istifadə etmələri üçün emalatxanalar yaratmışdı. İstedadlı və bacarıqlı pedaqoq gənclər üçün kitabxana  yaratmışdı, cildçilik, dülgərçilik, bağçılıq, bostançılıq, baramaçılıq, arıçılıq məşğələləri  üçün torpaq sahəsi ayrılmasına nail olmuş, meteoroloji stansiya  açdırmışdı. Mərkəzi  geofizika  rəsədxanasının salnamələrində bu meteoroloji  stansiya  qabaqcıllar sırasında qeyd edilmişdir. Onun rəhbərliyi sayəsində  seminariya 1889-cu ildə ipəkçilik üzrə  Qızıl Medalla, seminariyanın  metereoloji stansiyası isə  Gümüş Medalla təltif edilmişdi. Seminariya tələbələrinin estetik qabiliyyətini inkişaf etdirmək  məqsədilə  musiqi  və dram dərnəkləri yaratmış, 23 nəfər azərbaycanlını seminariyanın musiqi kollektivlərinə cəlb etmişdi. Çernyayevski burada  M.F.Axunzadənin pyeslərini tamaşaya qoyur, əbədi gecələr, konfranslar keçirir, tələbələrə  qabaqcıl dünyagörüşü aşılayırdı.

Çernyayevski bütün şagirdlərə, əsasən istedadlı, fərdi qabiliyyətli, ədəbi yaradıcılıq meyli  olan şagirdlərə  xüsusi həsssalıq və diqqətlə yanaşırdı. Sonralar görkəmli yazıçı və jurnalist, Şərq aləmində geniş şöhrət qazanmış  “Molla Nəsrəddin” satirik jurnalının naşiri C .Məmmədquluzadənin ədəbi və aktyorluq qabiliyyətini də ilk dəfə Çernyayevski kəşf etmişdi. C.Məmmədquluzadənin ömür-gün yoldaşı Həmidə  xanımın xatirələrindən məlum olur ki, seminariyanın Azərbaycan şöbəsində  onun inspektorunun təşəbbüsü ilə tez-tez həvəskar tamaşalar göstərilərdi, inspektor bu tamaşalar üçün ssenari yazılmasına çox vaxt qadın rollarında çıxış edən Cəlili daha çox cəlb edərdi. Həmidə xanım yazırdı: “Seminaristlər onları öz doğma uşaqları kimi oxudub tərbiyələndirmiş Çernyayevskinin və arvadının şəkillərini ən əziz yadigar kimi saxlayırdılar”.

Seminariyada birgə keçirilən təntənəli gecə və  tədbirlərdən əlavə,  təkcə  azərbaycanlılara  xas olan mərasimlər də təşkil edilirdi. Tələbələrlə  aparılan sinifdənkənar  tədbirlərin  siyahısında qeyd edilirdi ki, martın 10- da (22-də) müsəlmanların Novruz  bayramı günündə Azərbaycan  şöbəsində  əbədi-bədii  gecə keçirilmişdir. Təntənəli gecədə seminariyanın bütün tələbələri, müəllim və  onların ailə üzvləri iştirak etmişlər.

           Qori şəhərində olan başqa təlim-tədris  müəssisələrinin (şəhər məktəbi, oğlanlar gimnaziyası,  Anastas qadın gimnaziyası və s.) kollektivləri  ilə  də seminariyada birgə gecələr  keçirilirdi. Anastas qadın gimnaziyası  ilə birlikdə  keçirilmiş  tədbirlər  daha diqqətəlayiqdi.

         Seminariyanın  qabaqcıl  pedaqoqlarını tərbiyə prosesində oğlan və qızlar  arasındakı qarşılıqlı münasibət daim maraqlandırırdı. Qızlarla oğlanların  ayrılıqda  təhsil  alması onların arasında qarşılıqlı münasibətin düzgün  tərbiyə  edilməsinə  imkan vermirdi. Seminaristlərin şüurunda qadına  qarşı  kök salmış müsbət olmayan münasibət  qadın gimnaziyası ilə birlikdə keçirilən gecələr  sayəsində  yavaş – yavaş silinirdi, onlarda qadına hörmət  hissi  oyanırdı. Belə  gecələr  qadının  cəmiyyətdəki mövqeyini  başa  düşməkdə  gələcək müəllimlərə kömək  edirdi, onları gələcək fəaliyyətlərində  qadının  ağır  vəziyyətini aradan qaldırmaq uğrunda  mübarizəyə  ruhlandırırdı. Buna görə də təəccüblü deyildi ki, seminariyanın  yetişdirmələrindən  Nəriman Nərimanov, Rəşid bəy Əfəndiyev, Süleyman  Sani Axundov, Cəlil Məmmədquluzadə, Əhmədağa Mustafayev, Məmməd Qarayev və başqaları qadınların hüquq bərabərliyi fikrinin  carçıları  olmuşlar , öz yaradıcılıq fəaliyyətlərində  və  əməli işlərində  daim  qadınların hüquqlarının  müdafiəçisi  kimi çıxış  etmişlər, Onlar Azərbaycanda  çar  cəlladlarının  özbaşınalığı  hökm  sürdüyü  zaman nəinki  şəhərlərdə, hətta kəndlərdə belə ilk qadın məktəblərinin açılmasının  təşəbbüsçüləri  olmuşlar.

Seminariyanın məzunları gənc nəsli avamlığa, cəhalətə qarşı mübarizə aparmaq və Uşinski ideyaları üzərində yeni məktəblər, qız məktəbləri  açmaq, yeni dərslik, uşaq ədəbiyyatı yaratmaq, jurnal nəşr etmək, əlifba islahatı aparmaq kimi müqəddəs vətəndaşlıq borcu yerinə yetirməyin yollarını hələ seminariya partaları arxasında öyrənmişdilər. Bu yollar doğma məzunları mənəviyyat və sədaqət zirvəsinə ucaltmışdı. O zirvədən isə  sanki məzunların əqidə himninə çevrilmiş bu kəlmələr sədalanırdı: “Seminariya! Gəncliyimin ən gözəl çağlarını səndə keçirtdim və mən buna  heyfslənmirəm. Sən bizim xalqımızın  gözünə işıq oldun, onu mədrəsələrdən  işıqlı ocaqlara  çıxartdın, həsir  üstə durmaqdan dizlərinin qapaqları döyənək olan uşaqlara  yazığın gəldi, hazırlıq kursları açdın.  Mən səndə  Derjavini, Karamzini, Çernışevskini, Puşkini, Tolstoyu, Lermontovu, Krılovu, Turgenevi  oxudum, onlardan öyrəndim.Tolstoyun məktəbi və dərsliyi  marağımı artırdı. Nə olaydı, ömür aman verəydi, öyrəndiklərimi  xalqıma  çatdıraydım. Onlar biləydi ki, Yer üzündə Qori kimi gözəl bir şəhər və orada ağaclar arasında heç vaxt  uyumaq bilməyən, həmişə işığı gələn yaraşıqlı bir ürfan ocağı var. Bu, Qori seminariyasıdır”.           Dünyaya Puşkin və Lermontov,Tolstoy və Turgenev, Qorki və Mayakovski, Blok və Yesenin kimi dahi söz ustaları, Lomonosov və Piroqov, Mendeleyev və  Siolkovski kimi dahi alimlər vermiş böyük rus xalqının tərəqqipərvər, inqilabçı xadimləri bütün millətlərin əməkçilərinə rəğbət bəsləmiş, onların həyatını, mənəvi aləmini işıqlandırmaq üçün əllərindən gələni əsirgəməmişlər.

          Aleksey Osipoviçi  cənub səmasının qızmar günəşi altında, tozlu və kəsəkli yollarda, gah faytonda, gah furqonda Azərbaycan torpağını qarış-qarış gəzməyə, Qori seminariyası üçün şagird axtarmağa məcbur edən nə idi? Həmin bu böyük rəğbət, ali insanpərvərlik və beynəlmiləlçilik hissi, yüksək ictimai amallar!

         Məşhur sovet yazıçısı İlya Moiseyeviç Dubinski-Muxadze N.Nərimanovun həyat və fəaliyyətinə həsr etdiyi kitabında Çernyayevskinin obrazını yaratmışdır. Əsərdə  Aleksey Osipoviç  var qüvvəsi ilə, böyük həvəs və şövqlə işləyən müəllim kimi, Azərbaycan xalqının bir çox istedadlı oğullarını aşkara çıxaran vüqarlı bir insan kimi təsvir edilir.

Azərbaycan bədii ədəbiyyatında Çernyayevski surəti böyük sevgi və ehtiramla yaradılmışdır. C. Məmmədovun qeydlərində yaddaqalan məqamlar çoxdur.

         Çernyayevski  haqqında xeyli məqalə, tədqiqat əsəri yazılmışdır. Lakin böyük pedaqoq savadsızlıq və  cəhalət hökm sürən o zamankı  mühitdə təsəvvür edə bilməzdi ki, yeni əsrin ortalarında görkəmli Azərbaycan yazıçıları  öz  məşhur romanlarında onun bədii surətini yaradacaqlar. Sosialist  Əməyi Qəhrəmanı, Xalq yazıçısı Mirzə İbrahimovun  “Pərvanə” roman - epopeyasında, İsmayıl  Şıxlının  “Dəli Kür” romanında Aleksey Osipoviç  Çernyayevskiyə  həsr  olunmuş səhifələr Azərbaycan xalqının böyük rus xalqına, onun ən yaxşı oğullarına məhəbbət və minnətdarlığını parlaq ifadə edir. Hər iki əsərdə Çernyayevski rus xalqının ən gözəl mənəvi keyfiyyətlərini öz varlığında toplamış parlaq bir obraz kimi canlandırılır. M.İbrahimov  yazir: “Çernyayevski kasıb kəndli daxmasından Qori seminariyasına müəllimlərə  də, tələbələrə də xoş gələn bir xüsusiyyət gətirmişdi: oraq çalmaqdan əli qabar-qabar olmuş zəhmətkeş insana məxsus sadəlik və ürək açıqlığı! O, hamı ilə eyni dərəcədə mülayim və mehriban davranırdı, hamıya qarşı sadə və səmimi idi. Buna görə də ən qapalı adamlar belə bir – iki görüşdən sonra ürəyini ona açar, dərdini deməkdən çəkinməzdi. Çernyayevski bu dərdə əlac edə bilməsə də, elə mülayim və yanıqlı bir ürəklə qulaq asar, elə səmimi sözlər tapıb deyərdi ki, ürəyini  açan adam yüngülləşmiş olardı. Tələbələr və ibtidai məktəb şagirdləri isə ona yaxın adamları kimi müraciət edər, rast gəldikləri və heç kəsə  aça bilmədikləri çətinlikləri ona  açardılar. Xüsusilə kasıb ailələrdən, cəmiyyətin  aşağı təbəqələrindən gəlmiş uşaqlar onu ruhən, qəlbən özlərinə  doğma və hami bilərdilər”.

         “Pərvanə”  və  “Dəli Kür”dən aydın olur ki, Aleksey Osipoviç  çar höküməti üçün yerli məmurlar hazırlamaqdan başqa ayrı bir məqsəd güdməyən müəllimlərdən fərqli olaraq, Azərbaycan xalqının  gələcəyini düşünür , əməkçi kəndlilər içərisindən inqilabçı – demokratlar, mübariz , maarifçilər  tərbiyələndirmək  arzusu ilə yaşayır  və  çalışır. Əgər belə olmasaydi  o, Azərbaycan dilini və xalqımızın adət - ənələrini kamıl öyrənməzdi, Azərbaycan uşaqları üçün xüsusi  “Vətən dili” dərsliyini yazmazdı. “Dəli Kür” romanında Çernyayevski  açıq deyir: “Çara və hökümətə  yerli məmurlar lazımdır. Amma biz daha uzaqlara baxmalıyıq.Yeni  yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik”.

ARDI VAR...

 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM