Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin əziz xatirəsinə

09:00 / 19.09.2018

Reyhan Mirzəzadə

Publisist-politoloq

DAVAMI

Çernyayevski  şagirdlərinə Vətən məhəbbəti , əməkçi xalqa şərəflə xidmət  göstərmək üçün mətin iradə, çətin anlarda hər cür tərəddüd və  vahiməyə üstün gəlmək əzmi aşılayırdı. “Pərvanə” nin bir epizodunda o, şagirdləri Cəlilə və Nərimanova müraciətlə deyir: “Kişilik onda deyil ki, çətinliyə  rast  gələndə tərəddüd göstərməyəsən. Kişilik odur ki, saglam şüur və  iradə ilə bu tərəddüdü aradan qaldırasan! Mənim özümün həyatda o qədər tərəddüd etdiyim dəqiqələr olub ki! Ancaq o cür dəqiqələrdə zəhmətkeş kəndli olan atamın sözləri yadıma düşüb. Elə çətinlik yoxdur ki, insan onun öhdəsindən gələ bilməsin! Sizin Füzuli adlı böyük şairiniz olub. O, bilirsiniz  nə deyib? O, deyib ki, “Hər dərd ki, var- var onun dərmanı. Bidərdlərin yoxdur dərmanı!”

          Çernyayevski öz xeyirxah maarifçilik fəaliyyətində , inqilabi-demokratik  əqidəsi uğrunda mübarizədə ciddi maneələrə rast gəlirdi, çarizmin  sadiq nökərləri  və  köhnəpərəstlər ona ciddi müqavimət  göstərirdilər. “Pərvanə” nin cox səciyyəvi epizodlarından birində  M.İbrahimov Aleksey Osipoviçin və onun kimi qabaqcıl demokrat olan  Səfərəli müəllimin belə bir məmurla mübahisəsini təsvir edir:

“Bəli,  ağalar, hara getsəniz, rus kəndlisinin həyatı belə acınacaqlıdır! Bütün  bunlardan xəbəri olan, kəndlinin  ağır həyatına ürəyi yanan hər bir insaf  sahibi  Şamaxı və ya Mərəzə kəndlisinin  “pintiliyi”,  “ natəmizliyi “ barədə  hay-küy qaldırmaz , insana layiq olan yaxşı və  sağlam yaşayış şəraitinin  nədən ibarət olduğunu bütün kəndlilərə, bütün dövlət qulluqçularına  anlatmağı özünə vicdani vəzifə bilər!..

        Eynəkli qonaq ucadan güldü:

         -İndi  mənə aydın olur ki, cənab Çernyayevski niyə kəndbəkənd gəzib pinti  kəndli balalarını bura yığır...Yəqin  bu fikirdədir ki, onları bir-bir oxutmaqla  vəziyyəti düzəldəcək!

          -Hər halda mən inanıram ki, bu, yaxşı yoldur. Maarif çırağı kəndlinin öz əlinə verilsə, heç zaman sönməz, getdikcə  şölələnər, bu gün bir ev, sabah iki ev işıqlanar  və  beləliklə  də on il, iyirmi il sonra zülmət içində olan kəndlərimizdə işıqlı evlərin sayı artar....

      -Yaxşı xəyaldır! - deyib qonaq istezalı gülüşlə  Səfərəli müəllimə baxdı.

-Bütün böyük əməllər xəyaldan başlayır! – Səfərəli müəllim sözə qarışdı. – Maarif işığı kəndə yayılmasa, ölkə düzəlməz, aclıq və səfalətdən  heç vaxt qurtara bilmərik...

-Sizinki xəyal deyil , fantastikadır! – deyib qonaq Səfərəli müəllimə baxdı. – Mən bilmirəm necə bir günəş lazımdır ki, onun işıqları müsəlman kəndlərini bürümüş mövhumat, cəhalət, fanatizm dumanını yara bilsin!

- O dumanı da yarmaq mümkündür! – Aleksey  Osipoviç  Səfərəli müəllimi müdafiə etdi. – Aydın bir həqiqət var ki, məktəblər xalq üçün olmalıdır. Bu isə geniş təhsil, çoxlu məktəblər tələb edir. Azərbaycan kəndlərində  məktəblər  açılsa,  o dumanlar dağılmağa başlar”.

    “Pərvanə” də Aleksey Osipoviçin keyfiyyətlərini  yaxşı əks etdirən epizodlardan biri böyük müəllimin sinifdə  yazı işi aparmasıdır. Bəzi şagirdlər xüsusi mülkiyyətçilik və meşşanlıq  mühitinin  təsiri altında səadət anlayışını xırda maddi nemətlərlə  bağlayır, məhdud xüdpəsənd arzularla yaşayırlar. Çernyayevski onların yazılarını təhlil edərkən cox məqsədyönlü izahat verir:  “Axı heç bir adam ancaq özü üçün əlləşməklə  səadətə çata bilməz . Səadət elə şeydir ki, həmişə bizim başqaları ilə ünsiyyətimizi  tələb  edir. Deməli, tək mənim üçün səadət yoxdur. Səadət hamımız üçündür. Bir sözlə, fərdin xöşbəxtliyinin birinci şərti ümumin xöşbəxtliyidir. Bunu əqli ilə başa düşən, yaxud ürəyi ilə hiss edən adamlar qarşılarına daha ali məqsədlər qoyurlar”.

      Məhz Aleksey Osipoviçin gördüyü tərbiyə işi sayəsində Qori seminariyasının  divarları  arasında Nərimanov kimi yüksək amallı vətənpərvər  gənclər yetişir. Böyük pedaqoq sevimli şagirdi Nəriman Nərimanovun  “Gələcək həyatım və arzularım” mövzusunda yazısını iftixarla  təhlil  edir, onun ürək sözlərindən duyur, başa düşür ki, münbit torpağa  min əzabla səpdiyi toxumlar gözəl bəhrə verəcəkdir. Nərimanov yazı işində üzünü əziz müəlliminə tutaraq inamla deyir: “Seminariya bizim vücudumuzda bundan da vacib və  əhəmiyyətli olan və  proqramlarda  yazılmamış  məğrur bir ruh oyatmışdır. Bu, azadlıq ruhudur! İnsani ləyaqət duyğusudur! Azadlıq olmayan yerdə maarif və mədəniyyət  çırağı da şölələnə bilməz. Buna görə mən də özümə müqəddəs borc bilirəm ki, hara getsəm, xalqın balalarına savad və bilik verməklə  bərabər, onların azadlıq ruhunu da gücləndirim”.

    “Dəli Kür” romanında elin  “Rus Əhməd” adlandırdığı poçtalyon surəti var. Bu fədakar maarifçi və inqilabçı kəndli uşaqları başına yığıb,  onlara təmənnasız savad öyrədir, bilik verir. Aleksey Osipoviç onunla tanış  olduqdan sonra heyrətlə deyir: “Siz nə qədər böyük iş gördüyünüzü  bilirsinizmi?... Bizim hərəmiz bircə adam savadlandırsaq, böyük iş görmüş olarıq” .

        İ. Şıxlı Çernyayevskinin  sadə və nəcib insanlara səmimi münasibətini, onun təşkilatçılıq istedadını, böyük pedaqoqun Əhmədlə əlaqələrində  cox inandırıcı göstərir. Aleksey Osipoviç Qori seminariyasına  şagird  toplayarkən  Əhmədi də səfərbər edir, onun köməyindən istifadə edir.

       İ. Şıxlı görkəmli rus pedaqoqunun şəxsi keyfiyyətlərini, qayğılarını, ailə həyatını təsvir edir. Həyatda olduğu kimi, romanın səhifələrində də o sadədir, açıq və genişürəklidir. Arvadı Vera da yoxsul malakan ailəsində  doğulubdur və  Aleksey Osipoviç hələ ilk gənclik çağlarından onu tez- tez ot biçinində görərmiş. Vera romanda Aleksey Osipoviçin əməl və məslək yoldaşı kimi , qayğıkeş sirdaşı kimi canlandırılır. Övladsızlıq  dərdi  Aleksey Osipoviçi sıxanda o, tələbələrini düşünüb nəinki  təskinlik tapır, hətta iftixarla öz - özünə deyir: “Mən nahaq kədərlənirəm. Övladsızlıqdan  şikayət  etməyə haqqım  yoxdur. Bəs tələbələrim?  Məgər onlar mənim övladlarım deyilmi?”

        İ.Şıxlı Qoridə təhsil almağa gələn kəndli uşaqların qarşılanmasını təsvir  edərkən Aleksey Osipoviçin hiss və həyəcanını, nələr düşündüyünü cox inandırıcı göstərir: “O, uşaqları bir-bir gözdən keçirdi. Ayaqlarındakı çarığa, yamaqlı paltarlarına  baxdı. Onların ürkək baxışlarının  arxasında gizlənən həvəs və marağı gördü. Ani olaraq,  “Görəsən bunlardan gələcəkdə nə olacaq?” – deyə xəyalından keçirdi”.

        Seminariyanın məzunu N.Nərimanov da “Nadanlıq” əsərində avamlığa, cəhalətə qarşı mübarizə aparan gənc kənd müəliminin obrazını yaratmışdır. Bu müəllimin necə çətin, ağır şəraitdə Azərbaycan xalqının savadlanmasına  çalışdığını  göstərmişdir. Nərimanov burada özünün və özü kimi Qori seminariyasını bitirmiş  yüzlərlə  namuslu xalq müəlliminin obrazını canlandırmış, bütün ziyalı kütlələrini bu nadanlıqla mübarizəyə çağırmışdır.

F. Köçərli xatirələrinin birində yazırdı ki, seminariyanın Azərbaycan şöbəsində  ən yaxşı nə vardırsa,  A.O. Çernyayevskinin  adı ilə bağlıdır.

Köçərlinin fikirlərində böyük həqiqət vardı. Çernyayevski bütün varlığı ilə  seminariyanın  Azərbaycan şöbəsinin və  azərbaycanlı balalarının hərtərəfli  inkişaf  etməsinə  çalışırdı .O, hətta bu şöbəni Azərbaycan qəzalarının birinə köçürmək və yeni müəllimlər seminariyası açmaq təklifini  irəli sürmüşdü. Azərbaycan şöbəsinin məsələsi seminariyanın pedaqoji şurasında dəfələrlə müzakirə edilmişdi. Şuranın üzvləri başda D.Semyonov və  A. Çernyayevski olmaqla  iki cəbhəyə bölünmüşdülər. Semyonov öz tərəfdarları ilə birlikdə şöbənin Qoridə qalmasını, Çernyayevski və həmfikirləri  isə onun Azərbaycana köçürülməsi və müstəqil seminariyaya çevrilməsi fikrini müdafiə edirdilər.

Çernyayevski deyirdi ki, azərbaycanlıların təhsili məsələsi tamamilə yeni işdir, ona görə də bu problem hərtərəfli müzakirə edilməlidir. Aleksey Osipoviç yazırdı: “Mən belə bir əqidəyə gəlmişəm ki, müsəlmanların (yəni azərbaycanlıların - R.Mirzəzadə) maariflənməsi üçün tatar şöbəsini (yəni Azərbaycan şöbəsini – R.Mirzəzadə) ayrıca bir tədris müəssisəsinə çevirmək və onu müsəlman əhalisinin yaşayış ərazisinin ortasında açmaq faydalı və zəruri olardı”.

Artıq seminariyanın həyatında çətin günlər başlayır. D.D.Semyonovdan sonra seminariyanın direktoru təyin olunmuş Streletski çarın  əlaltısı olan ən qəddar şovinistlərdən biri, maarif sahəsində təqib və təzyiqlər siyasəti yürüdən bir adam idi. O, xəlvəti də olsa, müntəzəm surətdə  Azərbaycan şöbəsinin inkişafına mane olur, şöbənin inspektoru Çernyayevskinin səlahiyyətini məhdudlaşdırır və onun mütərəqqi tədbirlərinə mane olurdu.

Qori seminariyasının  Azərbaycan şöbəsində və şöbənin nəzdində olan ibtidai məktəbdə təlim - tərbiyə işini böyük bacarıqla təşkil edən nəcib və  xeyirxah  məqsədli Çernyayevski, xüsusi Azərbaycan müəllimlər məktəbinin  nizamnaməsini və ştatının layihəsini də hazırlayıb Qafqaz Tədris Dairəsinin popeçitelinə təqdim  etmişdi. Çernyayevskinin başçılığı ilə Azərbaycan şöbəsi müəllimlərinin həmin şöbənin ayrıca Azərbaycan Müəllimlər Seminariyasına çevirmək uğrunda təşəbbüsü və mübarizəsi müvəffəqiyyətsizliyə  uğrasa da, bu mübarizə müəyyən fasilələrlə daha 34 il davam etdi. 1918-ci ilin sentyabrında F.Köçərli şöbəni Qoridən Qazaxa köçürdü və o, müstəqil müəllim seminariyasına çevrildi.

Qoridən uzaqlaşdırılan Çernyayevski  azərbaycanlılar üçün qəzet açmaq fikrinə düşür.Onun Azərbaycan sevgisindən cana doyan çar höküməti bu  rus oğlunun yoluna növbəti maneələr çıxarır. Amma Aleksey Osipovç geri çəkilmir. İl yarımlıq mübarizədən sonra qəti şəkildə fikrini əks etdirən məktubunu yazaraq Zaqafqaziya Baş Mətbuat İşləri İdarəsinə yollayır:
        “Zaqafqaziya müsəlmanlarını, azərbaycanlıları rus dövlət və ictimai həyatı, elmi ilə tanış etmək, bu yolla Rusiya haqqında əsl təsəvvür yaratmaq, özgə mənşəli bir xalqın Rusiya ilə münasibətlərini daha da aydınlaşdırmaq arzusu ilə mən türk dilinin Azərbaycan ləhcəsində “Fikir” – “Мысл” adlı qəzet nəşr etmək istəyirəm.
O qəzeti həftədə bir dəfə illik haqqı üç manat olmaqla Tiflis şəhərində ilkin senzura altında çap etməklə bir nömrəli Orbeliani küçəsindəki mətbəədə buraxmaq istərdim.

A.O.Çernyayevski
         22 iyul 1893-cü il”.

         Bir il beş aydan sonra nəhayət, Çernyayevskiyə son və qəti cavab verilir: “Jurnalist təhsili olmadığı üçün yetkisi yoxdur”.
         Dekabr ayına təsadüf edən cavabdan bir neçə gün sonra Aleksey Osipoviç infarktdan dünyasını dəyişir və onun qəzet açmaq arzusu da elə fikir olaraq  saf, geniş qəlbi ilə birlikdə dəfn edilir. Böyük və unudulmaz pedaqoqun dəfn mərasimində seminariyanın Azərbaycan şöbəsinin çoxsaylı məzun və seminaristləri  iştirak edir və həmişə Azərbaycan xalqının qəlbində əbədi məhəbbətlə yaşayacaq sevimli müəllimlərini sonsuz kədər və  göz yaşları ilə son mənzilə yola salırlar...

Yaxşı müəllim nə deməkdir? Hər şeydən öncə uşaqları sevən, onlarla ünsiyyətdən fərəh  duyan, hər bir uşağın yaxşı adam olacağına inanan, uşaqlarla dostluq etməyi bacaran, uşağın fərəhinə və kədərinə şərik olan, uşağın qəlbini oxuyan, özünün də bir vaxt uşaq olduğunu heç vaxt unutmayan adamdır.

Yaxşı  müəllim – bu, ikincisi,  tədris etdiyi fənnin təməlində dayanmış elmə yaxşı bələd olan, ona vurğun kəsilən, onun üfüqlərində ən yeni kəşflərdən, tədqiqatlardan, nailiyyətlərdən xəbərdar olan adamdır.

Deyilənlərə  əlavə olaraq, elmin problemlərinə  etinasız qalmayan,  müstəqil araşdırma qabiliyyəti olan müəllim  məktəbin fəxrinə çevrilir. Yaxşı müəllim  orta məktəb proqramının nəzərdə tutduğundan dəfələrlə çox bilir. Tədris fənni onun üçün elmin yalnız əlifbasıdır.  Dərin biliklər, yaxşı görüş dairəsi, elmi problemlərə maraq – bütün bunlar  müəllim  üçün  ona görə zəruridir ki,  yetirmələrinin qarşısında biliklərin, fənnin, tədris prosesinin cazibə  qüvvəsini  təqdim bilsin.

 Şagirdi müəllimdə ağıllı, düşüncəli, biliklərə vurğun adam görməlidir. Müəllimin bilikləri nə qədər dərindirsə, görüş dairəsi nə qədər genişdirsə, hərtərəfli elmi təhsili varsa, o, təkcə müəllim  deyil, həm də tərbiyəçidir. İbtidai sinif müəllimlərinin təkcə hərtərəfli təhsil deyil,  həm də hansısa müəyyən bir elmə, bilik sahəsinə özəl marağının olması vacibdir.

Yaxşı müəllim – bu, üçüncüsü,  psixologiyanı və pedaqogikanı bilən,  tərbiyə haqqında elmi bilmədən uşaqlarla işləməyin mümkün olmadığını anlayan və duyan adamdır.

Yaxşı müəllim – dördüncüsü,  bu və digər əmək fəaliyyətində  bacarıqları mükəmməl mənimsəmiş, öz işinin ustası olan adamdır. Yaxşı məktəbdə hər müəllimin hansısa bir əmək şövqü olur...

Bu cür yaxşı müəllimlərdən daha birini – Vasili Aleksandroviç Suxomlinskini yada salmamaq mümkün deyil.

“Hər uşaq bir dünyadır – tamamilə özəl, nadir” -  Suxomlinski  bizim dəfələrlə  eşitdiyimiz sözləri yazır. Aydın məsələdir ki, bu belədir, bunda bir həqiqət var – hər uşağın  doğrudan da özünəxas təbiəti var, nadirdir.  Lakin bu sözün ağıl və ürəklə başa düşülməsi arasında nə qədər böyük uçurum var!  Kürsüdən onu təkrarlamaq asan və bu həqiqəti dərk etmək  və onu canlı, əlüstü hərəkət üçün qəbul etmək nə qədər çətindir!  Lakin yalnız onun üçün hər bir uşağın  gerçəkdən bənzərsiz aləm olduğu adam, yalnız belə bir adam  uşaqla incə mənəvi münasibətlər qurmağa, onu anlamağa, duymağa qabildir;  yalnız o, tərbiyə etməyə qabildir. “Mən dərindən əminəm ki,  daha dəqiq tərif  bu  şəkildə ola bilərdi: tərbiyə prosesi  tərbiyəçinin və tərbiyə  olunanların mənəvi həyatının vəhdətində - onların ideallarının, hədəflərinin, maraqlarının, düşüncələrinin, yaşantılarının vəhdətində ifadə olunur” – deyə Suxomlinski yazırdı.

Suxomlinskini  nə qədər çox oxuyursan, o qədər dərindən  anlayırsan ki,  onun bütün kitabları və məqalələri bir fikri birləşdirir: insanın harmonik tərbiyəsi və inkişafı üçün ağılla seçilmiş harmonik vasitələrdən istifadə  etmək gərəkdir.

Uşaqlıq  - insan həyatının ən mühüm dövrüdür,  gələcək həyata hazırlıq deyil, indiki, parlaq, özünəxas, bənzərsiz həyatdır. Və uşaqlığın necə keçdiyi, uşaqlıq illərində onun əlindən kimin tutduğu, ətraf aləmdən onun ağlına və qəlbinə nələrin daxil olduğu –bu günkü uşağın  gələcəkdə necə adam olacağı bunlardan həlledici dərəcədə asılıdır.

Uşaqlıq -  dünyanın gündəlik kəşfidir. Gərəkdir ki, bu kəşflər hər şeydən öncə insanın və Ana vətənin dərki olsun. Uşağın ağlına və qəlbinə əsl insan gözəlliyi, Vətənin böyüklüyü və əzəməti, heç nə ilə müqayisə olunmayan gözəlliyi daxil olsun...

Vasili  Aleksandroviç  Suxomlinski 28 sentyabr 1918-ci ildə Pavlışa yaxınlığında  (Ukraynanın Kremençuq şəhərindən bir  qədər aralıdır) Omelnik kəndində doğulub, 2 sentyabr  1970-ci ildə - yeni dərs ili başlananda vəfat etmişdir.  Onun son işi – yeni tədris ili üçün məktəbin illik planı olub; onun sonuncu şagirdləri  özünün yaratdığı “Fərəh məktəbi”ndə məşğul olduğu altıncılar idi;  sağlığında işıq üzü görən sonuncu məqaləsi “Pravda” səhifələrində dərc olunmuşdu.  Məqalə ölümündən bir gün öncə çıxmışdı.

Suxomlinskinin  atası  Aleksandr Yemelyanoviç  Suxomlinski kəndli, əkinçi, dülgər idi. Anası Oksana Avdeyevna evdar qadın olub, xırda dərziliklə  məşğul olur, sonralar kolxozda çalışmışdı. Ailənin dörd uşağının – üç oğul, bir qız – hamısı müəllim oldu.

Aclığın  tüğyan etdiyi 1933-cü ilin yayında  ana kiçik oğlu Vasilini Kremençuqa yola salırdı.  Yoluna bir neçə kartof lavaşı, qaxac ət parçası  qoymuş və iki stəkan qızardılmış soya vermişdi.  1933-cü ilin payızında yeni məhsuldan çörək gəldi. Sonralar Suxomlinski  yazırdı: “Anamın yeni taxıldan bişirdiyi ilk çörəyi  mənə verdiyi günü heç vaxt unutmaram.  Çörəyi  kənd istehlak cəmiyyətinin furqonçusu işləyən, hər həftə duz və ağ neft üçün  şəhərə gələn babam Matvey  gətirmişdi. Yumşaq, xoş qoxulu çörək kətan torbaya qoyulmuşdu.

Sonralar Matvey baba 16 yaşlı tələbəyə  hər həftə bir çörək gətirirdi;  institutdan verilən nahar talonu  elə olurdu  teatr biletinə dəyişdirilirdi. “Naharı satarsan – Ostrovskiyə baxarsan”.

Əvvəlcə Suxomlinski tibb texnikumunda oxumaq istəmişdi, lakin tezliklə buradan çıxıb, fəhlə fakültəsinə daxil olub, bu təhsil müəssisəsini vaxtından əvvəl  bitirib və pedaqoji instituta qəbul olunmuşdu.

Əyani şöbədə  Suxomlinski  cəmi iki il oxudu, 1937-ci ildə 17 yaşında doğma kəndin yaxınlığında ibtidai məktəb müəllimi oldu. Poltava Pedaqoji İnstitutunun  qiyabi şöbəsinə  dəyişildi və bu  təhsil ocağını 1939-cu ildə bitirdi. İş elə gətirmişdi ki, Poltava Pedaqoji İnstitutunu bitirənlərin siyahısına Makarenkodan sonra Suxomlinskinin də adı yazıldı.

Lakin onun amalı bu idi: “Bizim hər birimiz, bütün kişilər yadda möhkəm  saxlamalıdır:  mənim iki ixtisasım var – birinci müəllim, aqronom, mühəndis... ikincisi isə hamıda eynidir – Vətənin müdafiəçisi”.  Orduya əvvəlcə böyük qardaş, İvan Aleksandroviç  getdi. O, Türkmənistanda, sərhəddə xidmət etdi. Ardınca  Sergey Aleksandroviçi çağırdılar. O, fin müharibəsində iştirak etdi. Vasili Aleksandroviçi sonuncu çağırdılar. O, Moskva siyasi məktəbinə düşdü və müharibə başlananda siyasi rəhbər olaraq cəbhəyə yollandı.

Müharibə illərində Vasili Aleksandroviçin nələr yaşadığı və  nə kimi çətinliklər gördüyü barədə danışmaq demək  olar mümkünsüzdür – o,  həyatının bu zaman kəsimi barədə çox az yazıb. Deməliyik ki, ümumiyyətlə öz çətinlikləri haqqında və onları necə aşdığı haqqında  heç vaxt nəsə yazmayıb.  Düşünmək olar ki, hər şey onun üçün asan keçib. Amma anlamalıyıq ki, qarşımızda xarakter dayanıb.   Suxomlinski başına gələn çətinliklər barədə ona görə danışmırdı ki,  özünün onların öhdəsindən gəlməsinə vərdiş etmişdi  və  onlardan  geniş danışmağı qətiyyən xoşlamazdı.  Görünür, belə hesab edirdi ki, bunlar şikayətlənmək kimi anlaşıla bilər.  O heç vaxt diqqəti bir insan olaraq özünə cəlb etməyə çalışmayıb. O, sadəcə öz işləri ilə məşğul idi. Suxomlinski özünü ağır xəstə hiss edəndə  öz həmkarlarından sadəcə onu xahiş etmişdi ki, müəllimlər otağında onun xəstəliyi barədə danışılmasın.

Cəbhədə Vasili Aleksandroviç  ağır yaralanmışdı. Mərmi qəlpəsi həmişəlik onun sinəsində qalmışdı. Uva hospitalından çıxanda (Udmurtiyada ) cəbhəyə göndərilməsini xahiş edir, lakin komissiya onu hətta xidmətə məhdud dərəcədə yararlı saymır. Onu Uva orta məktəbinə direktor təyin edirlər. Doğma yerlər azad olunan kimi vətənə qayıdır və rayon maarif şöbəsinə müdir təyin olunur.

Lakin artıq 1947-ci ildə Suxomlinski geriyə, məktəbə qaytarılmasını xahiş edir. Onun istəyi təmin olunur və o, ölkədə ən yüksək pedaqoji postlardan birini – Pavlışa  orta məktəbinin direktoru  vəzifəsini tutur. Əməkdar müəllim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ PEA –nın müxbir üzvü olan Suxomlinski ömrünün sonuna qədər bu məktəbə rəhbərlik edir. Əvvəllər  bu, adi, sıravi bir məktəb idi, üstəlik də müharibə illərində  demək olar dağıdılmışdı; onu məşhurlaşdıran isə məhz Suxomlinski  olur.

Görkəmli  müəllim-novator Vasili Aleksandroviç Suxomlinski pedaqogika və özünün müəllimlik təcrübəsinə dair 30-dan artıq kitab, 500-dən artıq məqalə, 1200 hekayə və nağıl yazmışdır. Onun “Ürəyimi uşaqlara verirəm” adlı kitabı Dövlət Mükafatına layiq görülmüşdür.

Suxomlinskinin  pedaqoji fəaliyyətində, onun əsərlərində, o qədər maraqlı məqamlar, tövsiylər var ki, bu barədə təhlil verməyə lüzum görmürəm, çünki əsl təhlil elə bu xatirələrin öz içindədir.

“Müəllimə 100 məsləhət” kitabından:

Müəllimi və şagirdi mənəvi baxımdan bir-birinə bağlayan  onlarca, yüzlərcə tellər – insan qəlbinə aparıb çıxaran cığırlardır, bunlar  müəllim və şagirdin dostluğunun, yoldaşlığının olduqca mühüm şərtləridir. Biz buna çalışırıq ki,  müəllim və şagirdləri mənəvi ümumilik birləşdirsin, bununla yanaşı unutmuruq ki,  pedaqoq  - öyrədən və sinif rəhbəridir.

Heç bir tədris müəssisəində, heç bir kitabın əsasında uşaqları necə sevməyi öyrənmək olmaz, bu qabiliyyət insanın ictimai həyatda iştirakı,  onun digər insanlarla qarşılıqı münasibəti prosesində inkişaf edir. Öz təbiəti etibarilə pedaqoji əmək – uşaqlarla gündəlik ünsiyyət – insana məhəbbəti, ona inamı dərinləşdirir. Pedaqoji fəaliyyətə qəlbən bağlılıq məktəbdə,  bu fəaliyyət prosesində inkişaf edir.

Yalnız yaxşı tərbiyəçi yaxşı  müəllim  ola bilir... Tərbiyə işində iştirak etmədən bütün pedaqoji mədəniyyət, pedaqoqun bütün bilikləri lüzumsuz yükdür.

Mən hər zaman müəllimləri inandırmağa çalışmışam ki,  əgər sən şagirdi yalnış öz sinif stolunun arxasından baxıb görürsənsə, əgər o sənin yanına yalnız çağırılanda gəlirsə, əgər onun səninlə bütün söhbəti yalnız sənin suallarına cavablardırsa, psixologiyadan heç bir bilik sənə kömək etməz. Uşaqla dost kimi, həmfikir kimi görüşmək,  qələbə sevincini və uğursuzluğun məyusluğunu onunla birlikdə yaşamaq  gərəkdir.

Pedaqoji işimin elə ilk illərindən mənə aydın oldu ki, əsl məktəb – uşaqların yalnız bilik və bacarıqlara yiyələndikləri yer deyildir. Oxumaq – çox vacibdir, lakin uşağın mənəvi həyatının yeganə sferası deyildir.  Bizim hamımızın tədris-tərbiyə prosesi deyə adlandırdığımız  işlərə yaxından göz yetirdikcə,  daha çox əmin olurdum ki, əsl məktəb – bu, uşaq kollektivinin çoxtərəfli mənəvi həyatıdır, burada tərbiyəçi və tərbiyə olunan çoxlu sayda maraqlar və həvəslər ilə bir aradadır.

Oxumaq - bu anlayışın geniş mənasında tərbiyə adlandırdığımız gülün yalnız bir ləçəyidir. Gülün gözəlliyini yaradan çoxlu ləçəklər arasında  baş, əsas ləçək olmadığı kimi,  tərbiyədə də əsas və birinci dərəcəlilər yoxdur. Tərbiyəçi üçün hər şey – dərs də, uşaqların dərsdənkənar  müxtəlif istiqamətli maraqlarının  inkişafı da, tərbiyəolunanların kollektivdə qarşılıqlı münasibətləri də əsasdır.

Əgər məndən soruşsalar ki, bizm işimizdə çətin olan nədir, cavab verərdim: uşaqla onun atası və anası barədə danışmaq. Burada cüzi yöndəmsizlik, yersizlik, yanlışlıq, qeyri-dəqiqlik  ağır nəticələrə gətirib çıxara bilər.

... Elə hallar olur ki, uşağın qarşısında sanki  iti bıçaq oynadılır: onu dəhşət bürüyüb, onda hər şey donuq haldadır. Belə bir duyğu ailədə qarşılıqlı münasibətlərin pisləşdiyi dəqiqələrdə yaşanır, uşaq bunu ört-basdır etməyə, gizlətməyə çalışır. 

Bax buna görə atalara demək istərdim: bilin və yadda saxlayın – uşaqlara sizin düşkünlüyünüz  onların öz şəxsi uğursuzluqları  qədər ağır təsir edir, sizin yaxşı halınızı öz fərəhləri, sevincləri kimi qavrayırlar. Uşağın insani məhəbbətini qoruyun, onda insana inamı möhkəmlədin.

“Ürəyimi uşaqlara verirəm” kitabından:

“Məktəbdə işin birinci günündən mən  çalışırdım ki, uşaqların əlinə bir dənə də olsun pis kitab düşməsin, uşaqlar milli və ümumbəşəri mədəniyyətin  qızıl fonduna daxil olmuş maraqlı əsərlər aləmində yaşasınlar. Bu, olduqca mühüm vəzifədir : insan bütün ömrü boyu 2000 – dən artıq kitab oxuya bilməz – deməli, uşaqlıq və ilk gənclik illərində oxumaq üşün düşüncəli surətdə material seçmək lazımdır. Qoy uşaq az oxusun, lakin hər bir kitab qoy onun qəlbində və şüurunda dərin iz buraxsın, ona dəfələrlə qayıdaraq, yeni – yeni mənəvi sərvətlər aşkar etsin. Burada çox mühümdür ki, uşaq ifadəli oxudan həzz alsın. Sözün gücü  və  gözəlliyi onun səslənməsində aşkar olur, ona görə də çox mühümdür ki, sözün emosional boyasının hiss olunması eşitmə və qavramaqdan – ifadəli oxudan gəlsin.

         Artıq birinci sinifdə bizim uşaq kitabxanamız yarandı. Bu kitabxana 4 şöbədən ibarət idi. Birinci şöbə hekayələrdir;  onlar mənim fikrimcə, uşaqların  əxlaqi,  əqli  və  estetik tərbiyəsi üçün ən böyük əhəmiyyətə malikdir. (hər kitabdan biz 15 nüsxə alırdıq ki, qiraət dərsində hər partaya onlardan biri verilsin). Bu şöbə ibtidai məktəbdə 4 təlim ili üçün nəzərdə tutulmuşdu. Burada dərin insani hissləri təcəssüm edən uşaqlara anlaşıqlı dildə parlaq bədii obrazları təqdim edən hekayələr toplanmışdı. Həmin hekayələr bunlardır: L.Tolstoy – “Köpək balığı”, “Sıçrayış”, “Qafqaz  əsiri”; P. Yerşov – “Qozbel at”; M. Kotsyubinski –  “Yolka”; V. Jukovski -  “Yatmış gözəl”, “Odissey  sikloplar  mağarasında”; D. Mamin - Sibiryak – “Ovçu Yemelya”, “Studenayada  qışlama”,  “Dövlətli  və  Yeryomka”, “Övladlığa  götürülmüş”, “Ala  boyun ”;  H. Anderson - “Düyməcik”,  “Çirkin  ördək balası”, “Kralın yeni  paltarı”;  V.Hüqo – “Kozetta”, “Qavroş” (“Səfillər”dən); Qrimm qardaşları -  “Genzel və Qretel”, “Tənbəl Hans”, “Üç xoşbəxt”;  A. Puşkin  “ Çar  Soltan haqqında  nağıl”,  “Ölmüş  şahzadə qız haqqında nağıl”, “Stansiya  nəzarətçisi”,  “Ançar”,  “Məhbus”,  “Dayə”,  “Quşcuğaz”,  “Qış axşamı”;  Yanuş Korçak – “Yenidən  balaca olsam”; V. Korolenko- “Zirzəmi uşaqları” ;  N.Nekrasov -  “Kəndli uşaqları”,  “Yakov dayı”, “Mazay baba və dovşanlar”; İ.Turgenev – “Bildirçin”;  D.Qriqoroviç –  “Elastik oğlan”; V. Qarşin -  “Siqnal”;  A. Kuprin –  “Sığırçınlar”;  K. Stanyukoviç –  “Maksimka”, “Dayə”,  “Qaçış”;   A. Çexov-  “Kaştanka”,  “Qaşqa”,  “Vanka”,  “Qaçqın”, “Oğlanlar”,  “Buqələmun”;  Q. Senkeviç -  “Musiqiçi  Yanko”; Cek London- “Kiş  haqqında  dastan”;  Mark Tven  “Tom  Soyerin  macəraları”;  M. Qorki “Pepe”,  “Parmalı uşaqlar”,  “ Yevseykanın  başına gələn əhvalat”, “İlyanın uşaqlığı”,  “Səhər”;  A. Qaydar -  “Çuk və Qek”,  “Uzaq ölkələr”, “Timur və onun komandası”; A.Teslenko – “Məktəbli” ;  Panas Mirnı – “Morozenko”; İ. Franko –  “Qritsevin  məktəb elmi”,  “Karandaş”;  D.Bedzik –  “Oleq Koşevoyun  uşaqlığı”; V. Katayev –  “Alay oğlu”; A. Qolovko – “Pilipko”, “Qırmızı yaylıq”.

         Bu əsərlərin oxunması uşaqlar üçün nəinki dünyanın dərk edilməsi, nəinki möhkəm vərdiş və bacarıqlar tərbiyə edilməsinə kömək edən təmrinlər idi, həm də emosional - əxlaqi tərbiyə məktəbi idi. Hər bir kitab uşaqların qəlbində dərin iz qoyurdu.

           Mən çalışırdım ki, hər bir uşaq tədricən şəxsi kitabxanasını yaratsın, mütaliə uşaqların ən mühüm mənəvi tələbatı olsun. Uşaqların ibtidai sinifdə təliminin elə ilk 2 ilində mən hər ailədə şəxsi kitabxana yaradılmasına nail oldum. Bəzi ailələrdə 500-dən çox, digərlərində isə az kitab var idi, lakin kitab sərvəti hər bir evdə aydan – aya artırdı. Əgər bir ay ərzində ailə kitabxanası bir dənə də olsun kitabla zənginləşmirdisə, mən bunu həyəcanlandırıcı hal hesab edirdim.

         Özünütərbiyə, fərdi mənəvi həyat kitabdan başlayır. Tərbiyə prosesində  elə məqam vardır ki, həmişə öz yetişdirməsinin əlindən qayğı ilə tutub aparan tərbiyəçi bu zaman onun əlini buraxmağı və bu sözləri deməyi mümkün hesab edir: “Özün get, yaşamağı öyrən”. Belə addımı atmağı qət etmək üçün böyük pedaqoji müdriklik lazımdır. Adamı mənəvi cəhətdən müstəqil həyata hazırlamaq üçün, onu kitablar aləminə daxil etmək lazımdır. Kitab hər bir şagird üçün dost, tərbiyəçi və müdrik müəllim olmalıdır. Mən mühüm tərbiyəvi vəzifəni onda görürdüm ki, hər bir oğlan, hər bir qız ibtidai məktəbi bitirərkən kitabla tək qalmağa – düşüncələrə və fikirləşməyə  cəhd etsin. Kitabla tək qalmaq tənhalıq deyil. Bu, fikirlərin, hisslərin, əqidələrin, görüşlərin özünütərbiyəsinin bağlanğıcıdır. Bu özünütərbiyə yalnız o şərtlə mümkündür ki, kitab uşağın həyatına mənəvi tələbat kimi daxil olsun. Fərdi söhbətlərdə mən oğlanı və qızı hansı kitabın maraqlandırdığını, uşağın kitabda hansı suallara cavab axtardığını aydınlaşdırırdım, - bütün bunları bilmək mənə ona görə lazım idi ki, ağıllı məsləhət verim, uşaqlara öz kitabları ilə görüşməkdə kömək edim...

İncəlik, mehribanlıq, istiqanlılıq, səmimilik – mən musiqi ilə məhz həmin hissləri oyatmağa çalışırdım, bu musiqi  qəlbin dərinliyinə çox gözəl toxunaraq , insanda olan ən qiymətli şeyi – insanlara məhəbbəti, gözəlliyi  yaratmaq və təsdiq etməyə hazırlığı kəşf edir. Musiqi gənc ürəklərdə  səmimi, incə hiss, həssas nəvaziş oyadır, bu musiqi təbiətin, qadına məhəbbətin, heyranlığın, heyrətin, ehtiramın incə gözəlliyini aşkar edir. Hər dəfə musiqi melodiyasında sözlə deyilməsi mümkün olmayan bu sehirli, cazibədar gözəllik ifadə edilən zaman mən hiss edirdim ki, mənim oğlanlarımın  və qızlarımın ürəkləri sözə, baxışa, çağırışa, xahişə tez inanan, həddən artıq həssas olur – insanın insana elə incə toxunması meydana  gəlir ki, bunda münasibətlərin həssaslığı, səmimiliyi ifadə edilir.

 Mən dərindən inanıram ki, musiqinin gözəlliyi fikrin qüdrətli mənbəyidir. Musiqi melodiyasının təsiri altında uşağın təsəvvüründə yaranan parlaq obrazlar  sanki fikrin çoxlu çaylarını vahid məcraya yönəldərək, həmin fikri canlandırır. Uşaqlar təxəyyülün yaratdığını, onların hiss etdiyini sözlərlə təsvir etmək istəyirlər. Əqli inkişafı ləng olan uşaqlar üçün musiqini dinləmək həqiqətən qüdrətli fikir mənbəyi idi. Mən çalışırdım ki, uşaqlar musiqi əsərini dinlədikdən sonra, təəssüratlarını sərbəst ifadə etsinlər.

         Qoy uşaq bir ay ərzində bir yeni melodiya eşitsin, lakin bu melodiya onun üçün bütün ömrü boyu mənəvi zövq mənbəyi olar. Mən uşaqların həddən artıq musiqi ilə, yeni – yeni əsərlərlə usanmasından, bu əsərlərin sadəcə olaraq əyləndirməsindən, ürəkdə heç bir iz qoymamasından ehtiyat edirdim.

         Yuxarıda göstərilənlərdən başqa, mənim şagirdlərim dörd il ərzində bu əsərləri də dinləmişlər: M.Qlinka – “Ruslan və Lyudmila ” operasından    “Çernomorun marşı”; Ş. Quno – “Faust ” operasından marş; E.Qriq- “Norveç  rəqsi”  və  “Kobold”; P. Çaykovski – “Otlar yaşıllaşır”, “Şelkunçik” baletindən  “Balaca  çobanların rəqsi”  və  “Pəri Drajenin rəqsi”, “Ağac əsgərciklərin  marşı”,  “Qədim  fransız  mahnısı”, “Kuklanın xəstəliyi”, “İtalyan  mahnısı”, “Uşaq mahnısı”, “Kamarinskaya”,  “Sonalar gölü” baletindən “Balaca sonaların rəqsi”;  N.Rimski - Korsakov – “Çar Soltan haqqında  nağıl” operasından “Arının uçuşu”, “Üç möcüzə”parçası; R. Şuman – “Şən kəndli”; E.Qriq-  “Elflərin rəqsi”; F. Şubert – “Ekosezlər”; İ. Dunayevski – “Sığırçınlar uçub  gəldilər”; K. Stetsenko-  “Tülkü, Pişik və  Xoruz” operasından parça; N. Lısenko - “Qış və Yaz” operasından parça; L. Bethoven - “Baybak”, İsveçrə mahnısı,  “Ququ quşu”, Polşa mahnısı “Quşların  oxuması”; Ukrayna  xalq mahnıları, Rus xalq mahnısı “Tarlada  qayın ağacı” və s.

Uşağın mənəvi dünyasını tədrisə, oxumağa sığışdırmaq olmaz. Əgər biz çalışsaq ki, uşağın bütün ruhu dərslər üzərində kilidlənsin, bu halda onun həyatı dözülməz şəkil alacaq. O, təkcə məktəbli olmaq deyil, həm də ilk öncə çoxtərəfli maraqları, istəkləri, hədəfləri olan insana çevrilməlidir.

 Əməyin fərəhi qüdrətli tərbiyəvi qüvvədir. Uşaqlıq illərində hər bir uşaq bu nəcib hissi dərindən keçirməlidir.

         Məktəb həyatının ilk payızı. Böyük məktəblilər sahədə bizim üçün onlarca kvadratmetr yer ayırmışlar. Biz torpağı yumşaltdıq- kənd uşağı bu əməyə adət etmişdir. Uşaqlara deyirəm: “Burada biz payızlıq buğda əkərik, taxılı yığıb, üyüdərik. Bu bizim ilk taxılımız olacaq”. Uşaqlar taxılın nə olduğunu yaxşı bilirlər və öz ata – anaları kimi işləməyə çalışırlar; eyni zamanda bizim başladığımız işdə nə isə romantik bir şey var, oyun elementi vardır.

         Ilk taxıl haqqında arzu ruhlandırır, çətinlikləri aradan qaldırmağa kömək edir. Çətinlik isə az deyil: uşaqlar balaca zənbillərdə çürüntü daşıyır, onu torpaqla qarışdırır, buğda  cərgələri üçün arxcıqlar qazır, toxumları bir – bir seçirlər. Səpin əsl bayrama çevrilir. Uşaqlara  əməkdən ruhlanırlar. Zəminin taxılı səpilmişdir, lakin heç kim evə getmir. Xəyala dalmaq istəyirik, ağacın  altında otururuq və mən qızıl buğda dənəsi haqqında nağıl danışıram. Nağıl haqqında, həm də o haqda düşünürəm ki, əmək uşaqlıq illərində  mənim yetirmələrim üçün təkcə uşaq sevinci deyil, həm də vətəndaşın ilk sevinci olur. Qoy əmək vasitəsilə uşaq, geniş cığırla getdiyi kimi ictimai həyata daxil olsun, insanları və özünü dərk etsin, vətəndaşlıq vüqarının ilk hissini keçirsin. Mən heç vaxt unutmurdum ki, əmək asan iş olmamalıdır. Kamillik adlanan çox mühüm proses uşaqların fiziki və mənəvi qüvvələrinin gərginliyi ölçüsü ilə təyin edilir. Uşaq əmək sayəsində yaşlılaşır. Bu çətinlik ölçüsünü tapmaq, onu elə təyin etmək lazımdır ki, əmək uşaq əməyi olsun, eyni zamanda uşaq tədricən uşaq olmasın. Çoxillik təcrübə inandırmışdır: bu tərbiyəvi məqsədə o zaman naqil olunur ki, uşaq əməyində böyüklərin məhsuldar fəaliyyətinin ən mühüm elementi olur – maddi nəticə alınır. O, kollektiv üzvlərinin münasibətlərinə daxil edilir.

         Buğdanın cücərtiləri meydana çıxana qədər uşaqlar həyəcanlanırlar: bizim zəmi tezliklə yaşıllaşacaqmı? Cücərtilər görünəndə isə oğlanlar və qızlar hər səhər qaçırdılar görsünlər: yaşıl gövdəciklər tezmi boy atır? Qışda biz zəmiyə qar tökürdük ki, buğdaya isti olsun. Yazda uşaqlar cücərtilərin bütöv xalı kimi torpağı necə örtdüyünü, buğdanın necə sünbülləndiyini müşahidə edərək şən həyəcan keçirirdilər. Uşaqlar hər bir sünbülün taleyi üçün narahat olurdular.

         Biçin səpindən daha fərəhli bayram idi. Uşaqlar məktəbə bayramsayağı geyinmiş halda gəlirdilər. Hər bir şagird buğdanı ehtiyatla kəsir, ondan kiçik dərz bağlayırdı. Yenə əmək bayramı – taxıl döyümü gəldi. Taxılı bir dəninə qədər yığıb kisəyə tökdük. Andrey baba buğdanı üyütdü, ağ un gətirdi. Biz Tinanın anasından bizim üçün çörək bişirməyi xahiş etdik. Uşaqlar ona kömək edirdilər, qızlar odun verirdilər. Budur, 4 böyük ağ kömbə - bizim əməyimiz, bizim qayğı və həyəcanlarımız. İftixar hissi uşaqların qəlbini həyəcanlandırır.

         Çoxdan gözlənilən  gün – ilk çörək bayramı gəldi. Uşaqlar Andrey babanı, bütün valideynləri bayrama dəvət etdilər. Çəkili ağ süfrələri sərdilər, qızlar ətirli çörək tikələrini düzdülər, Andrey baba nimçələrdə bal qoydu. Valideynlər çörək yeyir, uşaqları tərifləyir, əməklərinə görə təşəkkür edirdilər.

         Həmin gün uşaqların hafizəsində ömürlük qaldı. Bayramda əmək və insan ləyaqəti haqqında gurultulu sözlər deyilmədi. Bayramda uşaqları həyəcanlandıran başlıca cəhət iftixar hissi idi: biz taxıl yetişdirmişdik, biz valideynlərə sevinc gətirmişdik. Öz əməyi üçün insan iftixarı isə əxlaqi saflığın və nəcibliyin ən mühüm mənbəyidir.

         Bizim ilk çörək bayramımız başqa sinif kollektivlərinin diqqətini cəlb etdi. Hər sinfin şagirdləri öz taxılını yetişdirmək istəyirdilər. Uşaqlar sinif rəhbərlərinə rahatlıq vermirdilər: nə üçün başqalarında çörək bayramı var, bizdə yoxdur?

         Bu hadisə pedaqoji kollektivdə çoxlu düşüncələrə səbəb oldu. Hamı gördü ki, ən sadə iş – torpağın becərilməsi, ona gübrə verilməsi, uşaqlar üçün meşəyə gəzməyə getmək, maraqlı kitabın oxunması kimi  arzuedilən ola bilər. Müəllimlər deyirdilər ki, sanki heç bir vəhclə bir işlə maraqlandırıla bilməyən tənbəllər bu işdə tanınmaz olmuşdular. Onlar işləmək istədilər. Biz düşündük : “Nə olmuşdur?” Hamımız bu fikrə gəldik ki, başlıca cəhət hisslərdir, nəcib məqsəddən ruhlanmaqdır. Əməksevərlik birinci növbədə uşaqlaqrın emosional həyat sahəsidir. Uşaq o zaman işləməyə can atır ki, əmək ona fərəh versin. Əməyin fərəhi nə qədər dərindirsə, uşaqlar öz şərəflərini bir o qədər əziz tuturlar, fəaliyyətdə özlərini – öz səylərini, öz adlarını bir o qədər əyani görürlər. Əməyin fərəhi qüdrətli tərbiyəvi qüvvədir; onun sayəsində uşaq özünü kollektivin üzvü kimi dərk edir. Bu o demək deyildir ki, əmək əyləncəyə çevrilir. Əmək gərginlik və inadkarlıq tələb edir. Lakin biz unutmamalıyıq ki, qarşılarında dünyanın yenicə açıldığı uşaqlarla  işləyirik...

         Volodyanın ailəsində bədəbxtlik baş vermişdi. Onun anası suvaqçı işləyirdi. O, işə hər gün avtobusla gedirdi. Yazın buzlu çağında avtobus yük avtomobili ilə toqquşmuş və Volodyanın anası ağır yaralanmışdı. Həkimlər deyirdilər ki, o, bütün ömrü boyu əlil qalacaq. Elə bu zaman onun babası ağır xəstələndi və öldü. O, Volodyanın düzgün həyat yolu ilə getməsi üçün çox iş görmüşdü.

         Kolyanın ailəsinə başqa cür kədər daxil olmuşdu. Oğurlanmış şeyləri saxladığına görə onun atasını həbs etmiş və 2 il həbs cəzasına məhkum etmişdilər. Ailədə əxlaqi şərait təmiz olsa da, lakin baş verən hadisə uşağı sarsıtmaya bilməzdi.

         Mən uşaqları qarşılayarkən, hər gün diqqətlə onların üzünə baxırdım. Uşağın kədərli gözləri – mürəkkəb tərbiyə prosesində bundan çətin nə ola bilər? Əgər uşağın qəlbində kədər varsa, o, sanki sinifdə  oturmamışdır. O, tarım çəkilmiş sim kimidir: ehtiyatsız toxunsan – incidəcəksən. Hər bir uşaq, kədəri  özünəməxsus şəkildə keçirir: birini əzizləyirsən – yüngülləşir, digərinə  nəvazişli söz yeni əzab verir. Belə hallarda pedaqoji ustalıq hər şeydən əvvəl insani müdriklikdən ibarətdir: ağrılı ürəyi qorumağı bacar, şagirdə yeni kədər vermə, onun qəlbinin yaralarına toxunma. Kədərin sarsıtdığı, həyəcanlanmış uşaq, əlbəttə, əvvəlki kimi oxuya bilməz; kədər onun təfəkküründə iz buraxır. Müəllim üçün ən başlıca cəhət, hər şeydən əvvəl, uşağın kədərini, qəmini, iztirablarını görməkdir, uşaq qəlbini görmək və hiss etməkdir. Pedaqoji ustalığın əsası müəllimin uşağın dərdinə necə münasibət bəsləməsindən, onun uşaq qəlbini başa düşməyə və hiss etməyə necə qabil olmasından ibarətdir.

         Kədər keçirən uşağı cavab vermək üçün çağrmaq olmaz, ondan hövsələ və səy tələb etmək olmaz. Nə hadisə baş verdiyini soruşmaq olmaz – bu barədə danışmaq uşaq üçün asan deyil. Əgər uşaqlar müəllimə etibar edirlərsə, müəllim onların dostudursa, uşaq danışılması mümkün olanı danışar. Əgər susursa – ağrılı uşaq qəlbinə toxunma... Tərbiyədə ən çətin şey hiss etməyi öyrətməkdir. Həm də uşaq nə qədər böyükdürsə, obrazlı deyilərsə, insan qəlbinin elə incə tellərinə toxunmaq müəllim üçün çətindir ki, bunların səslənməsi nəcib hisslərə çevrilir.

         Uşağa hiss etməyi, yaxın adamın gözlərində onun mənəvi aləmini görməyi öyrətmək üçün tərbiyəçi, uşaqların hisslərini, birinci növbədə isə iztirablı hisslərini qorumağı bacarmalıdır. Yaşlı adamın və uşağın emosional - əxlaqi münasibətlərində yaşlı adamın “ay bala, sən öz kədərini şişirdirsən” kimi düşüncəsiz fikirlərlə kədərli hissləri dağıtmaq cəhdindən eybəcər bir şey yoxdur.

         Hər şeydən əvvəl, uşaq qəlbinin istəyini başa düşmək lazımdır. Bunu hər hansı xüsusi priyomlarla öyrənmək mümkün deyil. Buna yalnız pedaqoqun yüksək emosional - əxlaqi mədəniyyəti sayəsində nail olunur. Uşaq kədəri hansı mənbələrdən qidalanırsa – qidalansın, onda həmişə nə isə ümumi cəhət olur: qəmgin, kədərli gözlər; bu gözlərdə uşağa məxsus olmayan fikirlilik, laqeydlik, qüssə, tənhalıq adamı heyrətə salır. Bədbəxtlik keçirmiş uşaq yoldaşlarının oyun və əyləncələrini görmür; heç nə onu kədərli fikirlərdən yayındıra bilmir. Uşağa ən incə və xeyirxah kömək, çox şəxsi, gizli olan cəhətə toxunmadan, onun dərdinə şərik olmaqdır. Kobud müdaxilə qəzəb doğura bilər, məyus olmamaq, ruhdan düşməmək, özünü ələ almaq kimi məsləhətlər isə, əgər bunların arxasında əsil insani hisslər yoxdursa, uşaqlar tərəfindən yersiz boşboğazlıq kimi qəbul olunur.

         Mən çalışırdım ki, mənim bütün yetişdirmələrim ürəkdən nəcib hərəkətlər etsinlər – öz yoldaşlarına, yaxud ümumiyyətlə, başqa adamlara kömək etsinlər və dərin razılıq hissi keçirsinlər. Görünür, adama yaxşılıq etməyi öyrətmək və bununla bərabər, birbaşa məsləhətlərdən (bunu belə et) qaçmaq əxlaq tərbiyəsində ən çətin şeylərdən biridir. Bəs əməli işdə necə etməli? Görünür, başlıca cəhət uşaqda daxili qüvvələri inkişaf etdirməkdir (bunların sayəsində adam yaxşılıq etməyə bilməz), yəni dərdə şərik  olmağı öyrətməkdir. Lakin bunu necə etməli? Ona necə nail olmaq lazımdır ki, uşaqlar başqasının kədərini görərkən, fikrən özlərini onun yerinə qoysunlar, parlaq fikir parlaq hiss oyatsın, balaca uşağın şəxsiyyəti həyatında iztirab olan adamın şəxsiyyəti ilə qovuşsun, uşaq, kədər hissi keçirmiş adamda özünü görsün və özünü hiss etsin?..

         “Vətəndaşın doğulması” kitabından:

Mən getdikcə daha çox inanırdım ki, yeniyetmənin əxlaqi siması insanın uşaqlıq illərində necə tərbiyə olunmasından, anadan olandan 10 – 11 yaşına kimi onun qəlbinə nə qoyulduğundan asılıdır. Öz təbiətinə görə uşaqlıq yaşı valideynlərə və tərbiyəçilərə yeniyetmələrin verdiyi çətinlikləri verə bilməz. Yeniyetmə, obrazlı deyilərsə, bir çiçəkdir; onun gözəlliyi bitkiyə qulluq edilməsindən asılıdır. Çiçəyin gözəlliyi üçün o, açılmağa başlamazdan xeyli əvvəl qayğı göstərmək lazımdır.

Uşaq heç vaxt cinayətkar olmur, heç vaxt şüurlu şəkildə cinayət etmir (patoloji hallar xüsusi öyrənilmə tələb edir), lakin mən məhz ona görə mümkün qədər çox iş görməyə çalışmışam ki, məni şagirdim yeniyetmə olarkən cinayət etməyi özünə rəva görməsin. Tərbiyə işində xüsusi yaradılmış, nəzərdə tutulmuş, “qurulmuş” çoxlu insani münasibətlər olmuşdur; bu münasibətlərdən məqsəd şagirdlərin qəlbində ən qiymətli sərvət olan insana hörmət yaratmaqdır, insanın uşaqlıqdan başqa insana dost, yoldaş, qardaş olmasıdır.

Hər bir adam – özü üçün ən həssas, ən zəruri həkimdir. Mən uşaqları, yeniyetmələri, gənc oğlan və qızları tərbiyə edərkən bu həqiqətə dərindən inandım. Papiros çəkmək kimi pis adətin yeniyetmələr arasında necə dərin kök saldığı məlumdur. Papiros çəkmək ürək – damar sisteminə, beyinə, həzm orqanlarına çox böyük  ziyan vurur. Papiros çəkmək hipofiz və qalxanvari vəzilərin fəaliyyətinin gücləndiyi dövrdə xüsusilə qorxunc  bəladır; bununla əlaqədar olaraq sinir sisteminin həyəcanlanması və qıcıqlanması artır.

         Mən məhz papiros çəkməyin bir çox yeniyetmələr üçün elə son damcı olduğuna inandım ki, bu damcı sinir oyanması kasasını dolduraraq pis, ləyaqətsiz  hərəkətlərə  gətirib çıxarır. Nikotin sinir sistemini zəhərləyərək, artıq yeniyetməlik illərində baş beyin yarımkürələri qabığının ayrı – ayrı hüceyrə qruplarını sıradan çıxarır. Yeniyetməlikdən papiros çəkən adam artıq 40 yaşında beyin sklerozunun ilk simptomlarını hiss edir. Yeniyetmələrə  xəbərdarlıq etməyə çalışaraq, mən bu vərdişin fəlakətli nəticələrindən danışırdım. Ona nail oldum ki, mənim şagirdlərimdən heç biri məktəb illərində papiros çəkmədi. Başlıca rolu məhz o oynadı ki, hər kəs özü üçün həkim idi – pis meyllərlə mübarizə edirdi.

         Mənim xüsusi qayğım o olmuşdur ki, fiziki üsullarla – qayışla, yumruqla, şapalaqla  “tərbiyə”  nəticəsində uşaq qəlbi kobudlaşmasın, qəzəblənməsin, soyuq, laqeyd və qəddar olmasın. Mən valideynləri həmişə inandırmağa çalışmışam ki, fiziki cəza nəinki valideynlərin zəifliyinin, çaş – başlığının , gücsüzlüyünün, həm də son dərəcə pedaqoji mədəniyyətsizliyinin  göstəricisidir. Qayış və yumruq uşaq qəlbində incəlik və həssaslığı öldürür, primitiv inkstiktləri bərqərar edir, insanın əxlaqını pozur, onu yaltaqlıq , yalan zəhəri ilə bihuş edir. Qayışla tərbiyə almış uşaqlar qəddar, zalım adamlar olurlar. Öz məktəb yoldaşına yalnız o şəxs əl qaldırır ki, o özü kobud tərbiyənin  “gözəlliklərini”  hiss etmiş və hiss etməkdədir. Yeniyetmələrin cinayətləri və qanun pozğunluqları da xeyli dərəcədə  “yumruq tərbiyəsi”nin nəticəsidir.

          Tərbiyədə  qayış və yumruq... Bizə, pedaqoqlara eyib və ar olsun, - ona görə eyib və ar olsun ki,məktəbə, insanpərvərliyin, xeyirxahlığın və həqiqətin bu müqəddəs məkanına uşaq çox vaxt getməyə qorxur, çünki bilir: müəllim onun pis davranışı və ya müvəffəqiyyətsizliyi haqqında atasına danışacaq və atası isə onu döyəcəkdir. Bu, mücərrəd sxem deyil, acı həqiqətdir; bu haqda analar, hətta uşaqların özləri öz məktublarında tez – tez yazırlar. “Sizin oğlunuz oxumaq istəmir, tədbir görün” sözlərini məktəblinin  gündəliyinə yazmaqla müəllim, əslində şagirdin çantasına qamçı qoyur ki, bununla da ata öz oğlunu döyür. Belə təsəvvür edək: mürəkkəb cərrahiyə əməliyyatı gedir, müdrik cərrah açıq yaranın üzərinə əyilmişdir – birdən cərrahiyyə otağına kəməri arxasında balta olan qəssab soxulur, baltanı götürüb yaraya sancır. Qayış və yumruq da tərbiyədə, bax, belə iyrənc baltadır.

         Uşaq, vuran adama nifrət edir. O, çox incəliklə başa düşür və hiss edir ki, atanın əlini onu  vurmağa  müəllim yönəldir. O, ataya və müəllimə,

məktəbə və kitaba nifrət etməyə başlayır.

Əgər müəllim uşağın dostuna çevrilirsə, əgər bu dostluq nəcib duyğulardan işıqlanırsa,  nəsə aydın, şüurlu məqsədlər güdürsə,  uşağın qəlbində heç bir zaman şər yuva sala bilməz. Əgər məktəblərdə şübhəli davranan, yolunu çaşmış, etibarı itirmiş, bəzən isə pis xasiyyətli uşaqlar varsa,  bu yalnız ona görədir ki, müəllimlər onları tanıyıb bilməyiblər,  onların qəlbinə yol tapmağı, onlara yoldaş olmağı  bacarmayıblar. Uşaqla arada dostluq olmadan, onlarla mənəvi ümumilik olmadan  tərbiyəni zil qaranlıqda dolaşmaqla müqayisə etmək olar.

         Əxlaq normalarına mən xüsusi söhbətlər həsr edirdim, onların mahiyyətini elə emosional çalarda açmağa çalışırdım ki, düzgün, yaxşı davranışa meyl vətəndaşlığın ilk məktəbi olsun. Yeniyetmələrə izah etmək istədiyim  əxlaq mədəniyyətinin əlifbası kimi ən mühüm əxlaq mədəniyyətinin əlifbası kimi ən mühüm əxlaq normaları bunlardır:

         1. Siz adamlar arasında yaşayırsınız. Sizin hər davranışınız, sizin hər arzunuz adamlarda əks olunur. Bilməlisiniz ki, sizin istədiyinizlə mümkün olan şey arasında sərhəd mövcuddur. Sizin arzularınız sizə yaxın olanların sevinci, yaxud göz yaşlarıdır. Öz davranışınızı şüurla yoxlayın: öz davranışınızla  adamlara bəla, pislik, narahatlıq yetirmirsiniz ki? Elə eləyin ki, ətrafınızdakı adamlar üçün yaxşı olsun. Yeniyetmələ bu əxlaqi  öyüd – nəsihətin mahiyyətini izah edərək, mən adamlar arasında necə davranmağı göstərirəm. Fikirləşin, özünüzə xoş bir şey edərkən adamlara heç bir pislik yetirmirsiniz ki? Budur, məktəb xiyabanında yasəmən çiçəkləmişdir. Siz çiçəkli budağı qırmaq istəyirsiniz. Lakin əgər hər kəs öz arzusunu yerinə yetirsə, çiçəkləyən kol çılpaq budaqlara dönər. Adamları sevindirən bir şey qalmaz, öz davranışınızla  onlardan gözəlliyi oğurlamış olarsınız.

         Əgər bu öyüd – nəsihətlər kollektivin gündəlik həyatında əxlaqi münasibətlər mədəniyyəti ilə möhkəmləndirilirsə, insanda elə mənəvi qüvvələr yaranır ki, bunlar arzuları məhdudlaşdırır və arzuların şıltaqlığa çevrilməsinə yol vermir.

          2. ...Mən yeniyetmələrə deyirəm: “Sizin rahat, işıqlı, təmiz sinfiniz, tədris kabinetləriniz, idman zalınız, əyani vəsaitiniz vardır. Bütün bunları sizin  üçün adamlar yaratmışlar. Buna görə təşəkkür etməyi bacarın. Sübh çağının sakitliyində, siz hələ yataqda yatarkən, sağıcılar artıq çoxdan fermada işləyirlər: peyini təmizləyir, inək sağırlar – sizin üçün isti, təzə süd hazırlayırlar. Bayırda  amansız şaxtadır, traktorçu isə çölə inəklər üçün yem gətirməyə gedir ki, sizin sabaha və o birisi günə də südünüz olsun. Aşpaz məktəb  mətbəxində peçi yandırır – səhər yeməyi hazırlayır. Ocaqçı mərkəzi  qızdırıcı qazanlarının altında odu yandırır ki, siz sinfə gələndə batareyalar isti olsun. Sizə səxavətlə hər şey verirlər, lakin sizdən də gözləyirlər. Sizin, artıq adamlara yaxşılıq etmək üçün kifayət qədər qüvvəniz vardır ”.

           Adamlara minnətdarlıq hissi – məsuliyyət, borc, vətəndaşlıq ləyaqəti hissinin doğma bacısıdır. Əxlaqi tərbiyəliliyin əsası insanın öz vicdanının əmri ilə adamlara xeyirxahlıq etməyə hazır olmasından ibarətdir.

         Budur, heyvandarlıq fermasının binası, budur heyvanların istirahət yeri. Burada alma ağacları əkək, qoy bu guşə sizin ana və bacılarınız üçün gözəllik guşəsi olsun. Bu iş yeniyetmələrə  çoxlu sevinc  gətirir, çünki o, nəcib  fikirlə ruhlandırılmışdır. Sonra yeniyetmələr adamlar üçün başqa işə keçirlər – beləliklə, onlar əxlaq mədəniyyəti cığırı ilə  gedirlər. Onların hissləri  nəcibləşir, onların qəlbində, yaşlı nəslin verdiyi hər şeyə minnətdarlıq  hissi  möhkəmlənir. İnsanın mənəvi aləminə uşaqlıq və yeniyetməlik illərində adamlara yaxşılıq etmək,- yaxşılığa  yaxşılıqla  cavab vermək adəti daxil olur. Əgər bu adət artıq uşaqlıq və yeniyetməlik illərində əldə edilmişsə, gənclik illərində adam başqa adamlara yaxşılıq etmədən yaşaya bilmir. O, hər şeydən əvvəl, özünü əxlaqca ona görə yetkin hiss edir ki, gənclik vaxtında daxil olan zaman yaradıcılıq sevincini, cəmiyyət üçün əmək sevincini artıq bir neçə dəfə keçirmişdir.

         3 ... Həyatın bütün rifah və sevincini yaradan əməkdir və yalnız əməkdir. Xalq öyrədir: işləməyən dişləməz. Tənbəl, müftəxor – bu, əməksevər arıların yığdığı balı yeyən erkək arıdır. Dərs – sizin ilk əməyinizdir. Məktəbə getmək – işə getmək deməkdir. Yeniyetmələrin şüurunda əməyə xalq baxışlarını möhkəmlətmək üçün biz kiçik yaşlarından onların hər birində işləmək vərdişi tərbiyə edirik. Məktəbdə tənbəlliyə, işsiz oturmağa, pintiliyə dözmək mühiti müdafiə olunur. Balaca avara – bu, müftəxorluğun və tüfeyliliyin davamlı kökcüyüdür və  əgər insan yaşlı müftəxor  olarsa, uşaqlıqdan və yeniyetməlik illərindən yer eləmiş bu kökü qoparmaq çox çətinidir.

         4. Adamlara xeyirxah və diqqətli olun. Zəiflərə  və müdafiəsizlərə kömək edin. Adamlara pislik etməyin. Yoldaşınıza bədbəxtlik üz verdikdə kömək edin. Ana və ataya hörmət edin, ehtiram edin: onlar sizə həyat veriblər, onlar sizi tərbiyə edirlər, onlar istəyirlər ki, siz cəmiyyətin namuslu vətəndaşları olasınız, təmiz ürəkli, aydın ağıllı, xeyirxah ruhlu, qızıl əllərə malik olasınız. İnsanpərvərlik, insana həssaslıq, onun köməyinə gəlməyə hazır olmaq – insanlığın, ləyaqətliliyin bu elementar əlamətləri hər bir şagirdin  nailiyyəti, şəxsi əxlaqi sərvəti olmalıdır.

         Ağır  xəstəliyin  yorğan – döşəyə saldığı və uşaqlıq sevincindən məhrum etdiyi, məktəb yaşı çatmayan balaca əlil – Petrik haqqında öz şagirdlərimə  danışarkən, mən istəyirdim ki, hər bir oğlan, hər bir qız özünü xəstənin yerində təsəvvür etsin. Başqasının dərdinə şərik olmaq elə bundan başlanır. Biz oğlana baş çəkirdik, ona oyuncaqlar, kitablar aparırdıq. Petrik həssas idi, ətraf aləmi çox tez və diqqətlə qavrayırdı. Əvvəlcə  o, ehtiyat edirdi, bizə nə isə inamsızlıqla yanaşırdı, lakin yeniyetmələrin səmimiliyi və onların xeyirxah niyyətləri uşaq ürəyindəki buzu əritdi. O, oğlanları və qızları gözləyirdi, özünün uşaqlıq fərəhi və sirlərindən; pəncərəsi üstündə yuva qurmuş qaranquşdan, bir çox sevinci ilə  bağlı olan şəkilli kitabçadan, səhər tezdən başına düşən günəşin parlaq şüalarından danışırdı. Uşaq fantaziyası aləmi, yaradıcılığı mənim şagirdlərimə  yaxın və əziz idi, ona görə də onlar balaca adamın qayğı və həyəcanını bütün qəlbləri ilə hiss edirdilər. Səmimi dostluq yarandı. Biz Petrikə  böyük bir albom gətirdik; bizim hər birimiz oğlan üçün müəyyən bir şəkil çəkmişdi. Petiklə birlikdə biz həmin şəkillərə nağıl düzəltmişdik.

         Xəstə oğlanla mənəvi ünsiyyət emosional tərbiyənin özünəməxsus məktəbi oldu. Artıq, Petriklə ilk görüşlər gənc ürəklərdə dərin rəğbət oyatmışdı: yeniyetmələr həyəcan keçirirdilər ki, hər sağlam adama müəssər olan çox şeylər haqqında oğlanın təsəvvürü yoxdur. Tanya meşə toranlığı haqqında  danışarkən, Petrik onu suallara tutdu: “Ağacdələn necədir? Meşə necə səslənir? Otun üzərində günəşin parlaq şüaları necə oynayır? Meşə sərinliyi necədir? Yapalaq günün harada keçirir? Çaylar necə qıjıldayır?” Uşaqlar həyəcanlanmışdılar. Onlar oğlanın meşəyə gedə bilməməsi, onun gözəlliyini görə bilməməsi, meşə sakitliyini və ahəngini dinləyə bilməməsi üçün bütün qəlbləri ilə kədərlənirdilər.

         Tolya dedi: “Biz səni meşəyə apararıq”. Petrik meşəyə təyin olunmuş yürüş gününü səbirsizliklə gözləyirdi. Məktəblilər rezin təkərləri olan kiçik uşaq arabası tapdılar, oğlanı ora mindirdilər, meşəyə  apardılar. Həmin dəqiqələrdə xeyir iş görmək arzusu bütün gənc ürəkləri bürümüşdü. Hər kəs  hədsiz və gözəl aləmdə Petrikə nə isə göstərmək istəyirdi. Onu günəşli talaya  gətirdilər. Oğlan ağacdələni gördü, birinci dəfə olaraq meşənin səsini eşitdi, meşə sərinliyini hiss etdi...

         Dünyanı vətəndaş gözü ilə görmək qabiliyyəti – təlim və tərbiyənin  vəhdətinin asılı olduğu problemlərdən biridir. Vətənimizin keçmişi  və  indiki dövrünün öyrənildiyi bütün dərslərdə mən, vətən – doğma evdir; Vətənin səadəti – mənim şəxsi səadətimdir; ağır imtahan illərində  Vətənin kədəri – mənim kədərimdir kimi hisslər oyatmağa çalışırdım. Vətənimizin  tarixində  xalqımızı şöhrətləndirən  çoxlu parlaq, qəhrəmanlıq səhifələri vardır. Mən gənc vətəndaşların şüurunda əcdadlarının şöhrəti və şərəfinin varisləri olduqları fikrini möhkəmlədərək parlaq və qəhrəmanlığa dair nə varsa, onların hamısı üçün iftixar hissi oyadırdım. Lakin Vətənin tarixində qəmgin və ağır səhifələr də vardır. Mən çalışırdım ki, bu səhifələr gənc qəlblərdə  ağrı hissi oyatsın.

         Əqli tərbiyədə dünyanı bədii vasitələrlə dərk etmək xüsusi yer tutur. Ədəbiyyat  dərslərində fikrin güclü müttəfiqi – təəssürat, ətraf mühit hadisələrinin emosional qavrayışı fəaliyyətə başlayır. Ədəbiyyat – isanşünaslıqdır  və eyni zamanda özünüdərketmənin, özünütərbiyənin, özünütəsdiqin ən incə vasitələrindən biridir.Ədəbiyyat , əgər insanın hər şeylə  maraqlanan nəzərləri özünə tərəf çevrilməmişsə, əgər insan mənəvi – estetik ideal nöqteyi – nəzərindən özünə qiymət vermirsə, tərbiyəedici qüvvə olmaqdan qalır.

         Bütün yeniyetmələrin görkəmli şəxslərin həyatı haqqında kitablarla dolu dolaba olan yolu tanımalarını mən nə qədər istəyirdim! Burada mən düzlüyü, həqiqəti, öz əqidələrini danmaqdansa, ölməyi üstün tutan mərd, mənəvi cəhətdən mətin adamlar – Kampanella və Aleksandr Ulyanov, Yulius Fuçik və Sergey Lazo, Musa Cəlil və general Karbışev, Yanuş Korçak və Nikos Beloyannis haqqında kitablar – yeniyetmələrin özünütərbiyəsi  üçün ensiklopediyadır. Nə qədər ki, yeniyetmə qarşısında yüksək ideallara sədaqətin yandırdığı parlaq atəş, bir çox nəsillər üçün yol göstərən ulduz olmuş atəş alovlanmayıb, o özünü həqiqi şəkildə görə bilməz.

İnsanın əsl ölməzliyi – Vətənə hədsiz məhəbbətdədir. Mən bizim həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı, Qara dəniz dənizçisi Aleksey Kalyujnı haqqında oğlanlara və qızlara bir neçə dəfə danışmışdım. Aleksey Kalyujnı Sevastopol uğrunda döyüşdə ölümcül yaralanmış və ölərkən öz valideynlərinə, gənclərə, gələcək nəsillərə məktub yazmışdı. Qəhrəmanın məzarına həkk edilmiş həmin məktubun sözlərini oxudum, öz taleləri və Vətənin taleyi üzərində düşünməyə çağırdım. Hekayətim düşüncələr mübadiləsinə həmişə dərin maraq və arzu oyadırdı. Oğlanlar və qızlar Aleksandr Matrosov, Nikolay Qastello və onların igidliklərini təkrar edənlər haqqında hekayələri də belə maraqla dinləyirdilər. Aleksandr Matrosovun igidliyi haqqında hekayədən sonra Tolyanın  sözlərini heç vaxt unutmayacam : “Əsil insan Vətənsiz bir gün də yaşaya bilməz. Vətən bizim hər birimizi əsl insan edir”.

         Qızlar cinsi yetişkənlik dövrünə daxil olduqları zaman, təcrübəli pedaqoq A. İ. Suxomlinskayanın onlarla apardığı söhbətlərdə ilk planda belə bir fikir dururdu: mən, sabahkı ana olan qızam. Təbiət və cəmiyyət mənim üzərimə yüksək vəzifə - uşaqlarda özümü və sevdiyim adamı təkrar etmək, bəşəriyyətin yaratdığı yaxşı nə varsa, onu uşaqlara vermək vəzifəsi qoymuşdur. Mən müdrik, ciddi və olduqca ehtiyatlı olmalıyam. Mən məğrur, əlçatmaz olmalıyam; mən kişidən – mənim uşaqlarımın atasından yüz dəfə müdrik olmalıyam, çünki insan nəslinin davam etdirilməsi, bəşəriyyətin mənəvi zənginliklərinin saxlanması və artırılması işində təbiət mənim üzərimə ona nisbətən müqaysəyəgəlməz dərəcədə böyük məsuliyyət qoymuşdur.

         Analıq vüqarı tərbiyəsinin son məqsədi: qız, qadın, müəyyən dərəcədə gəncin, kişinin, gələcək atanın tərbyəçisi olmalıdır. Analıq vüqarı hissi qızın qəlbində yalnız o zaman bərqərar olur ki, onda adamların vüqarı üçün də mənəvi zənginliklər olur. Məğrur, müdrik, əlçatmaz olmaq üçün o, insanın fəxr etdiyi keyfiyyətlərə şəxsi ləyaqətə, həyatın yüksək məqsədini dərk etməyə, yaradıcılıq qabiliyyətinə, istedada malik olmalıdır.

         Varya yeddinci sinifi bitirməzdən bir az əvvəl on səkkiz yaşlı cavan fəhlə ilə tanış olmuşdu. Bir dəfə Varya onunla bağda oturmuşdu. Söhbət nə isə baş tutmurdu, qız gördü ki, onunla danışılası bir şey yoxdur. Birdən o, qızı  qucaqloayıb  öpməyə başladı. Varya bu hərəkətin gözlənilməzliyindən o qədər təəccübləndi ki, ilk dəqiqədə özünü itirdi və hərəkətsiz oturdu. Oğlan bunu intim, fiziki yaxınlığa razılıq kimi başa düşdü. Qız ona cingiltili şillə ilə cavab verdi. Sonra Varya göz yaşları ilə anasına danışırdı:

         “Mən ədəbiyyat, musiqi haqqında söhbətə başlamaq istəyirdim, lakin o, ya susurdu, ya da elə şey danışırdı ki, mən utanırdım. Rəssamlıqdan danışmağa başladım, onun üçün maraqlı bir şey tapmaq istəyirdim, lakin o elə cahil idi kii, məni gülmək tutdu. Mən düşündüm: gənclər texnika ilə maraqlanırlar. Kvant generatorlarından danışdım – bizdə uşaqlar elə hey bundan danışırlar – ancaq ondan bir söz eşitmədim... Sonra isə öpüşməyə girişdi... Mən onu vuranda isə istehza ilə dedi: “Özünü elə göstərirsən ki, əlçatmazsan? Siz hamınız beləsiniz... Elə bilirsən sənin şeirlər və başqa şeylər haqqında ağıllı söhbətlər üçün gəldiyinə inanıram?..” O vaxta kimi isə  xoşuma gəlirdi, təvazökar görünürdü. Onun dinməzliyi mənə utancaqlıq kimi gəlirdi. O isə sadəcə cahil imiş. İndi mən onun haqqında nifrətsiz düşünə bilmirəm. Gözəldir və  axmaqdır... ”.

 

        

         Məktəbdə  anaya pərəstiş - insan həyatı və gözəlliyinin mənbəyi olan qadına yüksək, təmiz münasibət ruhu – hakim olmalıdır.

         Mən çalışmışam ki, hər bir şagirdim ana üçün sevinc və səadət, sakitlik və xoşbəxtlik yaradaraq, mümkün qədər çox fiziki və mənəvi qüvvə sərf etsin.

         Mənim  “Analıq gözəlliyi” müntəxəbatından ibtidai siniflərdə danışdığım bir nağıl budur:

Yeddi qız

         Ananın yeddi qızı var idi. Bir dəfə ana uzaqda yaşayan oğlunun yanına getdi. Evə yalnız bir həftədən sonra qayıtdı. Ana evə girəndə qızlar bir – birinin dalınca onun üçün necə darıxdıqlarından danışdılar.

         Birinci qız dedi: - Mən sənin üçün xaşxaş günəş şüası üçün darıxan kimi darıxırdım.

         Ikinci qız dedi: - Mən səni quru torpaq bir damcı su gözləyən kimi gözləyirdim.

         Üçüncü qız dedi: - Mən sənin üçün bir quş balası anası üçün ağlayan kimi ağlayırdım.

         Dördüncü qız pıçıldadı : - Mənə sənsiz  arı çiçəksiz olan kimi çətin idi.

         Beşinci qız dedi: - Sən mənim yuxuma qızılgülün yuxusuna bir damcı şeh girən kimi girmişdin.

         Altıncı qız dedi : - Mən səni albalı bağı bülbülü gözləyən kimi gözləyirdim.

          Yeddinci qız isə heç nə demədi. O, ananın ayaqqabılarını çıxardı və ayaqlarını yumaq üçün tasda su gətirdi...

Vasili  Aleksandroviçin  qadın və ana mövzusunda öz doğma övladları - qızı Olqaya və oğluna yazdığı məktubların özləri belə böyük bir məktəb tərbiyəsidir:

Əziz qızım!

Təkrarlamaqdan yorulmaram:  sevgidə qadın  hakim və  amirdir.  Qadın əsl  kişini tərbiyə edən  başlıca qüvvət, qüdrətdir. Min dəfələrlə əmin olmuşam ki,  qadının mərdanəliyi, cəsurluğu  mənəvi zənginlik, nəciblik, gözəllik yaradır, kişiyə sədaqətin, vəfanın təməlidir. Məndən soruşacaqsan: nə yolla sevgidə hakim və  amir olmaq, sevgidə müdrikliyə və mərdanəliyə nə yolla yüksəlmək olar?

Qız uşağı, yetkin qız, qadın  özünə belə bir həqiqəti təlqin etməlidir ki,  sevmək – məsuliyyət deməkdir. Və sevgidə səadət – seçdiyin insana görə çox böyük məsuliyyət hissindədir. Mən  onu tərbiyənin çox mühüm qanunu hesab edirəm ki, məktəbdə və  ailədə  başqa bir insanın rifahına, səadətinə, sevinc və fərəhinə, taleyinə və həyatına görə məsuliyyət atmosferi hakim olsun.  Hələ balacaykən  anlasın və bütün qəlbi ilə hiss etsin: hər bir addımı, hər bir hərəkəti onun yanında olan: yoldaşının, atasının, anasının, müəlliminin, heç tanımadığı “yad” bir adamın mənəvi həyatında əks olunur, əks-səda verir. Özünü dinc və bəxtiyar bir adam kimi yalnız o zaman hiss etsin ki,  başqa bir insana zərər vurmur, onu incitmir, xətrinə dəymir, narahat etmir.  İndicə məktəbin astanasından içəri ayaq basmış balaca uşaq da, yeniyetmə də, gənc də rahat yata bilməsinlər ki, ehtiyatsızlıq üzündən, yaxud yersiz bir sözlə kiminsə  xətrinə dəyiblər. Əziz qızım, bax bu sevgi üçün  özündə güc tərbiyəsi adlandırdığım haldır.

İnsanda bu gücü başqa birisi – mənəvi baxımdan daha güclü və zəngin,  qəlbən daha səxavətli adam tərbiyə etməlidir. Lakin hər bir kəs eləcə də özü özünün tərbiyəçisi olmalıdır. Ağıl və mərdanəliklə yalnız o kəs sevə bilir ki, özünü yanındakı adamı duymağa məcbur etməyi, onun qəlbinin çox incə hərəkətlərinə reaksiya verməyi bacarır. Yalnız emosional baxımdan həssas, incə, istiqanlı, xoşxasiyyət adam  şərə qarşı gerçək anlamda tələbkar, barışmaz,  yelbeyinliyə,  mənəvi-psixoloji köləliyə və alçaqlığıa qarşı amansız ola bilər.

İnsanın insana görə məsuliyyət ruhu -  bu, məktəb həyatının bütöv bir  sferasıdır, nə vaxtsa sənə bu barədə yazaram...

Əziz qızcığazım!

Kiçik məsuliyyətsizliyin böyük məsuliyyətsizlik doğurduğunu görəndə ağrıdan ürəyim parçalanır.Yadda saxla ki,  sevgi – son nəticədə uşaqlardır. Utancaq vurğun baxış, qucaqlaşma, öpüşlər – yeni həyatın yaradılmasında ilk addımdır.  Uşağın xoşbəxtliyi, sənin və sənin yaxınlarının taleyi  öz sevgində öz səadətini  necə təsəvvür etdiyindən, nəyi aradığından və nəyi tapdığından  asılıdır. 

Tutqun payız günü, yağış damcılayır. Yeddi yaşlı Kolya avtobazanın darvazası ağzında dayanıb. Niyə buraya gəlib? Onun anasından başqa heç kəsi yoxdur. Anasından və adamlardan öyrənib ki, atası burada, avtobazada sürücü işləyir. Mərhəmətli adamlar bir dəfə göstəriblər: bax o kişini görürsənmi – sənin atandır. Oğlan atasının sifət cizgilərini yadda saxlayıb və indi sadəcə bir daha onun üzünə baxmaq istəyir.  Haradasa Kolyanın qəlbinin dərinliklərində ümid işartısı közərir ki,  bəlkə atası maşını saxladı, ona yaxınlaşdı və soruşdu: “Hə, necəsən, oğul?”Bəlkə də kabinəyə oturtdu – bu fikir ağlına gələndə onun uşaq qəlbi döyünür... Lakin atası maşını dayandırmadan ötüb keçir. Kolya fikir verib ki, onu tanıyıb, lakin özünü görməməzliyə vurub... Evə dönən uşaq qəlbində ağrı və qəzəb, hiddət və qeyz aparır. O, balaca oğlan bu dünyada heç nəyə inanmır. Bu dünyada onun üçün müqəddəs heç nə yoxdur. Bilirsənmi, qızım,  bu – uşağın qəlbindəki kin və hiddət cəmiyyət üçün necə böyük fəlakətdir?  Özünü biləndə: mən heç kəsə gərək deyiləm, mən bu dünyaya təsadüfən gəlmişəm, anamın başının bəlası və ona cəza olaraq göndərilmişəm, deyə acı düşüncələri yaşamış balaca adamı tərbiyə etmək necə əziyyətli işdir... Əgər  bunun kimi bədbəxt oğulları və qızları olacaqsa,  bizim cəmiyyət xoşbəxt sayıla bilməz. Elə şeylər var ki, heç nə ilə əvəzlənmir, onların yeri heç nə ilə doldurulmur.

İnsani məhəbbət – yüksək insani mədəniyyətdir. İnsanın necə sevdiyinə əsasən onun necə adam olduğu barədə səhvsiz nəticə çıxarmaq olar. Ona görə ki, cəmiyyətimizin gələcəyinə görə, onun mənəvi dayaqlarına görə məsuliyyət  özünü məhəbbətdə daha parlaq şəkildə büruzə verir.

Gün aydın, əziz oğlum!

Sən qızdakı qadınlığa hörmət etməyi öyrətməyimi xahiş edirsən, xahiş edirsən izah edəm ki, qadınlıq nə deməkdir. Çox şadam ki, bu səni düşünməyə məcbur edib. Yadda saxla ki, qadına münasibət  mənəviyyat ölçüsüdür...Qadına münasibətdə ədəbsizlik – hər münasibətdə ədəbsizlik, qanacaqsızlıqdır. Qadınlıq  - bu, insan gözəlliyinin ən yüksək ifadəsidir, bu gözəllikdə  -  yeni həyatın doğuluşu, inkişaf, çiçəklənmə var. Həyatın daşıyıcısı və yaradıcısı olmaqla, qadın  insanlığın gələcəyinə yüksək əxlaqi münasibəti hər şeydən daha dərin təcəssüm etdirir.  Ruhun və bədənin gözəlliyinin birləşməsi olaraq  gerçək qadınlıq  sadə xalqda doğulmuşdur. Xalq gözəllikdən başqa, qadınlıq barədə təsəvvürlərinə kişi tərəfindən hörmət və qayğıya mənəvi haqq olaraq qadın zəifliyi haqqında fikri də daxil etmişdir.

Qadın gözəlliyi  getdikcə insan gözəlliyinin  hökmranına çevrilməkdədir. Əgər qadın yeni həyatın yaranmasındakı xüsusi rolunu anlayır və qiymətləndirirsə, o, gözəl olmaya bilməz.  Gözəçarpan zahiri gözəlliyi olmayan,  lakin  öz cazibədarlığı ilə məhz qadın zərifliyinə, qadın lətafətinə malik olduqlarına görə  adamı valeh edən  nə qədər  qızlar var. Öncə bu qadın  gözəlliyini görməyi və qiymətləndirməyi bacar.

Qadın zərifliyi, qadın lətafəti -  bu, mənəvi təmizliyin və nəcibliyin,  yüksək insani ləyaqətin ən ali təcəssümüdür. Bu cizgilər hər şeyə saf münasibətdə üzə çıxır ki, bu da onun kişi ilə mənəvi-estetik münasibətləri ilə bağlıdır...

Analıq vaxtının başlanması ilə qadınlıq özünün bütün gücü və gözəlliyi ilə çiçəklənir. Yadda saxla ki,  kişinin əxlaqiliyi nə qədər yüksəkdirsə,  onunla münasibətlərdə qadın  öz  qadınlığından  ailədə öz mənəvi nüfuzunu gücləndirmək üçün  ağılla istifadə etməklə, daha çox söz sahibidir.  Yaxşı ailədə qadın-ana  ümumiyyətlə  mənəvi rəhbər və hakimdir və  ər-ata onun iradəsinə nə qədər çox tabe olursa, bu, uşaqların tərbiyəsi üçün o qədər yaxşıdır. Bu, necə deyərlər, həmişəlik sənin qulağında qalsın.

Qadınlıq -  qadının mənəvi qüvvəsi,  təkcə uşaqları deyil, həm də bizi - ərini, oğlunu tərbiyə edən qüvvədir. Sən bunu bizim ailənin timsalında  yaxşı görür və anlayırsan. Əgər anan olmasaydı, siz, uşaqlar,  xeyirə və şərə bu qədər həssas, insansevər,  canıyanan olmazdınız.

Təbiət və insanlığın inkişafının tarixi prosesi  kişi ilə müqayisədə qadına  daha incə, daha zərif iş həvalə etmişdir.  Bunda təəccüblü heç nə yoxdur ki,  qadındakı fiziki zəiflik bizim xoşumuza gəlir.  Lakin bu cizgi o vaxt müsbət çalar kəsb edir ki,  fiziki zəiflik böyük mənəvi qüvvə ilə uzlaşır.

         Gün aydın, əziz oğlum!

Anan xəstələnib. Üç gündür yataqdadır. Həftənin əvvəlindən ayaqlarındakı ağrıdan şikayətlənirdi,  sonra yerindən qalxa bilmədi. Onun xəstəliyini yüngülləşdirmək üçün Olya ilə əlimizdən gələni edirik. Həkim deyir ki, bu, gənclik illərində yaşadığı çətinliklərin nəticəsidir. Anan isə çoxlu ağır günlər görüb. Bizim gənclik illərimizdə Vətənimiz yoxsul idi...  Biz, tələbələr hər il üç ay tarlada işləməli olurduq, iş isə indiki kimi deyildi. İndi demək olar hər işi maşın görür, o zaman isə əməyin bütün ağırlığı qol qüvvəsinin öhdəsinə düşürdü. Bir dəfə qış idi, bir ay kartof yığmalı olduq – donmuş torpaqdan məhsulu  dəmir linglə çıxarırdıq. Bax o vaxt anan bərk soyuqlamışdı...

Lütfən,  elə bu dəqiqə ona məktub yaz. Sənin hər bir sözün ona bu saat  olduqca qiymətlidir.

Ana... Çocuqluq və yeniyetməlik illərində nə iləsə - lap azacıq olsa da – anamın qanını qaraltdığımı, ona yuxusuz gecə gətirdiyimi, saçına bir ağarmış tel də əlavə etdiyimi xatırlayanda ,  bu saatın özündə  bərk ağrıyıram...  Bu gün olmuş kimi, erkən payız axşamını  yaxşı xatırlayıram, üfüqlər qaralmışdı, şimşək çaxır, Poltavaya, instituta getməyə hazırlaşıram.  Öz balaca çemodanımı götürdüm və stansiyaya yollandım. Anam bu vaxt evdə yox idi,  bağçada məşğul idi. Mənim stansiyaya yollandığımı görəndə ana qəmginliyinin canlı təcəssümü kimi heykəl kimi dayandı. Anamın sözləri qulağıma çatır: “Əynini geyin, görmürsən yağış gəlir...”  Bir köynəkdə yola davam edirəm, dünya vecimə deyil, amma stansiyaya qədər yeddi kilometr olar. .. Gedirəm və anamın sözləri hələ də qulağımdadır: “Əynini geyin, görmürsən yağış gəlir...”  Bu sözlərdə nə qədər ələm, kədər vardı...  Bu cümlə ilə çox söz demək istəmişdi:  oğlum, nə üçün sağollaşmırsan,  nə üçün məni qucaqlamadın, öpmədin; nədən inciksən; doğma anana qarşı ürəyində inciklik saxlama...

O vaxtdan bəri otuz ildən çox keçib, indi anamın yaşı yetmişi ötüb,  yaşlı adamın bəxtiyar olacağı dərəcədə rahat yaşayır – və onun sözləri indiyədək mənim qulaqlarımdadır: “Əynini geyin, görmürsən yağış gəlir...”   həmin an çocuqluq və erkən gənclik illərimin dərinliklərinə duğru uzaqlaşdıqca, o qədər kəskinliklə, o qədər aydınlıqla xatırlanır, o qədər dərindən vicdan əzabı çəkirəm. Saçlarım tamam ağarıb,   anamın qarşısında hələ də özümü uşaq yerində görürəm, yaşım artdıqca özümü o qədər çox dərəcədə uşaq hiss edirəm.

Qadın-ana – həyatın ilk yaradıcısıdır. Heç vaxt unutma oğlum, o sənə həyat verib, səni döşlərindən əmizdirib, qarşında dünyanın və ana dilinin gözəlliyini   sərgiləyib, xeyir və şər, şərəf və şərəfsizlik  haqqında ilk anlayışları sənin ruhuna hopdurub. Qadın-ana – dünyada gözəl nə varsa onun yaradıcısıdır,  ona görə ki, o – İnsanın yaradıcısıdır. Anasını unudan gerçək mənada vətənsevər ola bilməz.

Yadda saxla ki, anaların bütün fikir və düşüncələri, qayğıları və həyəcanları -  uşaqları barədə, onların taleyi barədədir. Uşaqların ürəklərində və əməllərində xeyirə köklənmə - onun bəxtəvərliyi,  şərə köklənmə - onun müsibətidir.

Yadda saxla ki, hər hansı qadın – ana və ya gələcək anadır. Uşaqlarına ən sadiq atanın yaşaya bilməyəcəyi hisslər ona xasdır. Bütün insan nəslinə görə məsuliyyətini, o, özünəməxsus  dərinliklə, özünəməxsus gözəlliklə yaşayır. Ana olmaq qadını gözəl və müdrik qadına çevirir. Qadın ana olduğu zamandan etibarən  onun hissləri yüksək, ondan başqa heç kəsə əliyetər olmayan,  saf, təmiz  məna daşıyır. Ərin bir parçası - əgər o buna layiqdirsə, - uşaqlarında təcəssümünü tapır. Dünyada ən uca gözəllik – qadın zərifliyi, qadın lətafəti  çiçək açır. Əgər siz, gənclər, qadın zərifliyinin, qadın lətafətinin bütün dərinliyini, bütün böyüklüyünü, bütün tabeedici qüvvəsini anlayıb hiss etsəydiniz – siz öz fikir və düşüncələrinizdə, əməllərinizdə yüz qat nəcib, yüz qat saf və təmiz olardınız.

 Qadın-ana üçün bütün insanlar, o cümlədən ər, müəyyən dərəcədə öz doğma uşağına çevrilir. Bu, qadınlığın -   hər bir insanda onun daxili mənəvi aləmini, onun sevincini və kədərini  duymağın ən yüksək təzahürüdür. Bu keyfiyyət, görünür, irsən qızlara  ötürülür və onların hələ ana olmazdan öncəki davranışlarında özünü göstərir. Qızda qadınlığı qiymətləndirməyi  bacar,  onda gələcək ananı görməyi bacar. Təbiət və cəmiyyət ona  dünyada ən böyük yaradıcılığı səni olduğun kimi, olduğundan da yaxşı təkrarlamağı, sənin ürək döyüntülərini və  şüur qığılcımını gələcəyə daşımağı, uşaqlarda özünün və sənin gözəlliyini bir araya gətirməyi həvalə etmişdir.  Onun əməyi səninki ilə müqayisədə xeyli mürəkkəbdir.  Onun sağlamlığını, gözəlliyini və həyatını qoru.  Onun gözəlliyində  - bütün insan nəslinin gözəlliyi öz təcəssümünü tapmışdır. Qızı təhqir etmək, ona yamanlıq etmək ona görə olmaz ki, o qızdır. Qızı təhqir etməklə, öz ananı və bütün anaları təhqir etmiş olursan. Sənin qadına münasibətin -  sənin qəlbinin, ruhunun güzgüsüdür.

Sənə möhkəm can sağlığı və ruhən gümrahlıq arzu edirəm. Səni bərk-bərk qucaqlayır və öpürəm.  

  Sənin atan.

 

Təəssüf ki, Azərbaycanda maarif, məktəb və pedaqoji fikir tarixində orta əsrlərə aid dövr hələ qənaətbəxş səviyyədə tədqiq edilmədiyindən həmin dövrlərdə səmərəli fəaliyyət göstərmiş və daim xalqın xidmətində olmuş bir sıra maarifpərvər ziyalımızın və pedaqoji fikrimizin görkəmli nümayəndəsinin həyatı və yaradıcılığı müasir oxucularımıza lazımi səviyyədə çatdırılmamışdır. Azərbaycanda pedaqoji fikrin inkişafı tarixində digər pedaqoqlar kimi, Məhəmməd Hinduşah Naxçıvaninin də özünəməxsus xidmətləri olmuşdur. Əvvəllər pedaqoji ədəbiyyatda Naxçivaninin yalnız bircə dəfə adı çəkilmiş, haqqında isə heç bir məlumat verilməmişdir.

Məhəmməd Hinduşah Naxçıvaninin tərcümeyi-halı barədə şərqşünas-alim  Vladimir Qustavoviç Tizenqauzen tərəfindən Vena, Paris və Leyden əlyazmalarından istifadə edərək verdiyi məlumatlarda, Avstriya tarixçi-şərqşünası, diplomatı, şərq ədəbiyyatı tərcüməçisi Yozef baron fon Hammer-Purqştalın, fransızəsilli holland islamşünası Reynxart Dozinin, H. Dudanın və başqa şəqrşünas alimlərin qeydlərində və Azərbaycan alimləri, akademik, 1944-1950-ci illərdə Tarix İnstitutunun, 1958-ci ildə isə Şərqşünaslıq İnstitutunun direktoru olmuş Əbdülkərim Əlizadənin Məhəmməd ibn Hinduşah Naxçivaninin “Dəsturul katib fi təyinil-məratib” kimi monumental əsərinin elmi-tənqidi mətninə yazdığı “Müqəddimə”də və professor İ.Mollayevin yazılarında rast gəlinir.

Məhəmməd Hinduşah Naxçıvani  XIII əsrin sonunda Naxçıvanda ziyalı ailəsində anadan olub. Onun atası öz dövrünün ən görkəmli alimlərindən biri olan Mövlana Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah sahib Naxçivanidir.

Əsərlərindən məlum olur ki, Məhəmməd Naxçıvani dövrünün ədəbiyyatını, təbabətini, coğrafiyasını, tarixini, hüquq elmini, riyaziyyatını, astronomiyasını, fəlsəfəsini, poetikasını, tərbiyə elmini əsaslı şəkildə bilmiş, özünəqədərki yunan, roma, Şərq filosoflarını təkmil öyrənərək, onların mütərəqqi cəhətlərini mənimsəyərək davam etdirmişdir. Onun “Sihahül-fürs”, “Sihahül-əcəm” kimi əsərləri və lüğətləri göstərir ki,Naxçıvani XIV əsrdə Azərbaycan dilinin inkişafında da müstəsna rol oynayıb və Azərbaycan dilinin zəngin tarixini araşdırmaq sahəsində də böyük xidmətlər göstərib.Bir sıra mənbələrdən aydın olur ki, Naxçıvani dövrünün məşhur alimi, tarixçisi, ictimai xadimi, ədibi, şairi olduğuna görə yalnız Şərq aləmində deyil, Qərbi Avropada da böyük şöhrət qazanmışdır. Onun İstanbul Milli Kitabxanasında mühafizə olunan “Dəsturlül-katib fi  təyinil-məratib” adlı əsərinin əlyazmalarının müxtəlif surətləri bir daha təsdiq edir ki, Naxçıvani dünya şöhrəti qazanmış bir alim, ziyalı olmuşdur. Onun bu əsərindən orta əsr mədrəsələrində uzun müddət tarix, ədəbiyyat və “elmülbəyan” fənlərinin tədrisində  dərslik kimi istifadə olunmuşdur.

Naxçıvani istiqlal və tərəqqinin əsasını ədalət və elmdə görürdü. Naxçıvaniyə görə, kim olursa-olsun, əvvəlcə iradəyə və kamala sahib olmalıdır. Naxçıvaninin “Dəsturlar”ı sözün həqiqi mənasında mənəvi, tərbiyəvi, etik-əxlaqi, ictimai-siyasi əhəmiyyət kəsb edən qiymətli sənət abidələridir. Bu mənəvi sərvərlərin içində elmi, ədəbi, ictimai, siyasi məsələlərə  dair dəyərli, məntiqli  fikirlər, mülahizələr o qədər zəngin və əhəmiyyətlidir ki, onları ayrıca tədqiq edib oxuculara çatdırmaq həm vacib, həm də xeyirxah bir işdir. Onun ədalət, hörmət, ehtiram, vətənə məhəbbət, xalqı sevmək, xalqlara hörmət və yardım, dostluq, yoldaşlıq, doğruçuluq, səmimiyyət, ləyaqət, ailə tərbiyəsi, gözəl davranış, övlad tərbiyəsi, valideyn nüfuzu, hökmdarın, şahların davranışı, rəiyyətə münasibət, xeyirxahlıq və s. bu kimi mənəvi məsələlər barədə xeyli şərhlər, hekayətlər vardır.

O,  rəiyyət övladlarını tərəqqi və inkişafa nail olmaq üçün oxumağa, bilik almağa, zəka və əql sahibi olmağa səsləyirdi. Qüdrətli alim dövrünün bütün hadisələrinə açıq nəzərlə baxan bir şəxsiyyət idi. Alim müxtəlif peşə sahibləri haqqında ətraflı danışaraq, dövrünün kamil şəxslərini ölkənin fəxri, tərəqqisi adlandırırdı. Müdrik insan olan Naxçıvani bütün rəzalətlərin; soyğunların, talanların, qırğınların, nahaq tökülən qanların və s. dəhşətlərin kökünü axtarır və belə bir nəticəyə gəlirdi ki, bütün bunlar istər şahların, istərsə hökmdarların, istərsə də rəiyyətin kütlüyündən, bekarçılığından, dinə, elmə, biliyə sahib olmamasından irəli gəlir.

M.Naxçıvani yeri gəldikcə uşaqların oxuması, təlimi və tədrisi haqqında danışsa da, çox vaxt üzünü hökmdarlara, vəzirlərə, vəkillərə tutaraq, yaşlıların təlimlənməsinə xüsusi diqqət verməyi əsas götürürdü.Onun fikrincə, ata-anasını, bacı-qardaşını, qohumunu bilikli görən uşaqda istər-istəməz  tədris və təlimə maraq oyanacaqdır. Elə bu fikirləri  M.Naxçıvanini  orta əsrlərdə yaşlıların pedaqogikasının banisi kimi qiymətləndirir. (Bu anda V.A.Suxomlinskinin məşhur “Родительская педагогика” (“Valideyn pedaqogikası”) adlı kitabını xatırlayıram).

Naxçıvaninin fikirləri içərisində məktəb, tədris müəssisələri haqqında mülahizələri də çox maraqlıdır. Alim bütün müsbət insani keyfiyyətlərin mənbəyini ata və anaların pak əməyində, düz ürəyində, rəiyyətə, vətənə və dinə olan etiqadında axtarırdı ki, bu da orta əsrlər üçün çox səciyyəvi idi.

Naxçıvani öz əsərlərində tərəqqini yaradan şəxsiyyətlər içərisində üstünlüyü müəllimlərə, mürəbbilərə və mütəkəllimlərə verirdi. Onun fikrincə, hər hansı bir elmi, sənəti, peşəni öyrədən şəxs bilməlidir ki, yalnız özü üçün deyil, həm də vətənin, rəiyyətin işıqlı gələcəyini təmin etməlidir.Naxçıvani belə adamlara bütün qanunları, insan fəaliyyəti sahəsində baş verən bütün məsələləri, hadisələri bilməyi, özü də əsaslı bilməyi məsləhət görürdü. O, yalnız  “hakimləri” deyil, “məhkumları” da bunları bilməyə səsləyirdi.Yalnız belə olduqda, vətənə, cəmiyyətə  xeyir verəcək adamların yetişməsinə böyük ümid bəsləyirdi. Hesab edirdi ki, bunlardan biri qüsurlu olarsa, həm dövlət, həm də vilayət qüsur içərisində olacaqdır.O, müəllimdən həm sənət, həm də ixtisası barədə təkmil olmağı tələb edir, bunu müəllimin əsas vəzifəsi sayırdı. Müəllimdən öz dövrünə görə təkmil bilik, böyük şöhrət, məlarət sahibi olmaq kimi keyfiyyətlər tələb edən Naxçıvani, hamını da onlardan ibrət götürməyə səsləyirdi. Alim müəllimi ədalətli, bilikli, ibrət mənbəyi kimi qələmə verir, müəllimdən də üzərinə düşən vəzifəni əql və idrakla yerinə yetirməyi tələb edirdi.

Naxçıvani müəllimi yol göstərən, nəsihət verən, rəiyyəti istiqamətləndirməyi bacaran ulu şəxsiyyət kimi qələmə verir və onun əməyindən çox şey asılı olduğunu söyləyirdi. Ümumiyyətlə, Naxçıvani yaradıcılığında müəllim əvəzsiz bir şəxsiyyət, xalqa yol göstərən bir “nurani ata” kimi təqdim olunmuşdur.

Naxçıvani dövrünün şahlarını, uluslarını, əmirlərini, hökmdarlarını, naib və sahibi-divanlarını ədalətli olmağa, rəiyyəti qiymətləndirməyə,  iqtisadi və ictimai hadisələri gərginləşdirməyə deyil, yoluna qoymağa səsləyərək, qılınc və qalxandan, hərb və müharibatdan əl çəkməyə səsləyirdi. O, istəyirdi ki, yalnız  Azərbaycanda deyil, “cəmi iqlimlərdə əmin-amanlıq, anlaşma, bir-birini başadüşmə” hökm sürsün.

Naxçıvani bütün şahları, hökmdarları bir-biri ilə “beynəlcəhəti”, “iqlimlər arasında dostluğ”u  möhkəmlətməyə səsləyir və bir-birindən qarət, işğalı deyil, elmi, iqtisadiyyatı, ticarəti, təsərrüfatı öyrənməyi təklif edirdi.

Mən qürur hissi keçirirəm ki, hələ XIII əsrdə yaşamış Azərbaycanın böyük pedaqoq-alimi Naxçıvaninin mənəvi və pedaqoji ziyası ilə qüdrətli rus mütəfəkkir –pedaqoqları Uşinski, Çernyayevski, sovet pedaqoqu Suxomlinskinin dünyəvi baxışlarında bir-birinə doğma olan bir ülfət vardır. Demək, Uşinskinin, Çernyayevskinin, Suxomlinskinin pedaqoji və insanpərvərlik ideyalarının təlimi əsrlərin sınağından çıxmışdır.

Bir məsələni də xüsusi qeyd etmək istərdim ki, həm də böyük  ədib, şair, ictimai-siyasi xadim olan Naxçıvaninin yaradıcılığında  “Rus - Azərbaycan” ticarət əlaqələrindən də ətraflı söhbət açılır, “Kətani-Rusi”nin Azərbaycanda böyük şöhrət qazanması barədə maraqlı məlumatlar əksini tapır.

Naxçıvaninin  “Rus- Azərbaycan” ticarət əlaqələrindən bəhs etməsi hər iki xalqın orta əsrlərdən bəri davam edən dostluq əlaqələrinin canlı sübutudur. Qüdrətli şairimiz Nizami Gəncəvi XII əsrdə özünün “Yeddi gözəl” poemasında rus gözəlini şövqlə təsvir və vəsf etmişsə, Məhəmməd Naxçıvani də XIII əsrdə Rus - Azərbaycan istər mədəni, istərsə də ticarət əlaqələrinin dünya xalqlarının tərəqqisinə böyük təsir göstərdiyindən ətraflı bəhs etmişdir.

Bir neçə gündən sonra dünya ictimaiyyətinin  nümayəndələri V.A.Suxomlinskinin anadan olmasının 100 illiyini böyük ehtiramla qeyd edəcək. Qüdrətli insanların yaşı yüz illikləri ötdükcə, bu yaşın təqvimdəki illəri uzaqlaşdıqca, onlar xalqların qəlbinə bir o qədər yaxınlaşır. Onlara yüz illər bundan əvvəl də ehtiyac olub, yüz illər bundan sonra da ehtiyac olacaq. Çünki ONLAR əvəzsizdir, yeri görünəndir. Bu, gözəl fikirdir: “Müəllim bəşəriyyətin xilaskarıdır”. Öz xilaskarına isə bəşəriyyət hər zaman borcludur, qərinələr, əsrlər ötsə belə...

 


Etiket:

Strategiya.az

Xəbərlər
13.11.2018

Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiyanın Baş naziri Peter Pelleqrininin geniş tərkibdə görüşü

13.11.2018

Prezident İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə pay bölgüsü sazişini təsdiqləyib

13.11.2018

General KƏRİM KƏRİMOV fenomeninin sirri-FOTOLAR

13.11.2018

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə görüşüb

13.11.2018

İş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib

13.11.2018

Nursultan Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

13.11.2018

Qazaxda balıq tutarkən cərəyan vurması nəticəsində öldülər

13.11.2018

"KTMT çərçivəsində müttəfiq dövlətlər bu kimi ifadələrin işlədilməsinə həssaslıqla yanaşmalıdır"

13.11.2018

Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb

13.11.2018

Gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb

13.11.2018

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yayıb

13.11.2018

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

13.11.2018

Çörək insanda bu ÇATIŞMAZLIĞI YARADIR - Məşhur alimdən ŞOK XƏBƏRDARLIQ

13.11.2018

Daha bir məşhur futbolçu karyerasını bitirdi

13.11.2018

Sosial şəbəkələrdən istifadə edənlərin NƏZƏRİNƏ! Hesabınız oğurlana bilər – VİDEO 

13.11.2018

Bakıda akrobatika gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək azərbaycanlı idmançıların podium məşqləri başlayıb

13.11.2018

Yasamalda tələblərə uyğun olmayan ət kəsimi qurğuları sökülüb

13.11.2018

“Artıq neçəncidir bilmirəm” – 40 dəfə peşman oldum deyən oğrunun NÖVBƏTİ ƏMƏLİ – VİDEO

13.11.2018

Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib

13.11.2018

Qəzza sektoruna hava hücumu nəticəsində beş fələstinli həlak olub

13.11.2018

2040-cı ildə OPEC-in qlobal neft hasilatındakı payı 45 faizə çatacaq

13.11.2018

Cəlilabadda əkin sahəsində narkotik vasitələr aşkarlanıb

13.11.2018

Fasilədə aş yedi, komandadan qovuldu - "Beşiktaş"da maraqlı olay

13.11.2018

Azərbaycana narkotik vasitələr keçirmək istəyən Rusiya vətəndaşı saxlanılıb

13.11.2018

Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

13.11.2018

"Samur" gömrük postunda avtomobilin yanacaq çənində külli miqdarda siqaret aşkarlandı 

13.11.2018

Azərbaycan ordusunun komanda-qərargah hərb oyunları davam edir

13.11.2018

Cənub Qaz Dəhlizinin seqmenti olan layihələrin icra vəziyyəti açıqlanıb

13.11.2018

FHN: Məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğın zamanı on nəfər xilas edilib

13.11.2018

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, yaralananlar var

13.11.2018

Sabah hava necə olacaq? 

13.11.2018

Gəncədə qazıntılar zamanı silah-sursat tapılıb

13.11.2018

Azərbaycanda axtarışda olan şəxs Türkiyədə saxlanılaraq ekstradisiya edilib

13.11.2018

Bərdədə avtomobil iki piyadanı vurub, biri ölüb

13.11.2018

SWIFT İran Mərkəzi Bankını öz sistemindən kənarlaşdırdı

13.11.2018

Futbolçular və azarkeşlər hakimin çənəsini sındırdılar

13.11.2018

Gündüz saatlarında hava yağmursuz keçəcək

13.11.2018

"Azərişıq": Qış aylarında elektrik enerjisi ilə təchizatda heç bir problem olmayacaq 

13.11.2018

Tramp Təhlükəsizlik nazirini istefaya göndərir

13.11.2018

Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

13.11.2018

Cəbhə xəttində monitorinq keçiriləcək

13.11.2018

Gürcüstandan Azərbaycana 61 mobil telefonun qanunsuz keçirilməsinin qarşısı alınıb

13.11.2018

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

13.11.2018

“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib

13.11.2018

Şəhid vərəsələrinə ödəmələrin verilməsinə başlanıldı

13.11.2018

Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar

13.11.2018

Alleqri A Seriyasının ən yaxşısıdır - 4-cü dəfə

13.11.2018

Salyanda ağır qəza: ölən və yaralananlar var

13.11.2018

Dollarla bağlı mühüm proqnozlar

13.11.2018

Ukrayna və ABŞ arasında strateji enerji dialoqunun başlanmasına dair razılıq əldə edilib