Zəka məşəli

10:56 / 25.10.2018

Reyhan Mirzəzadə

Publisist-politoloq

Dünyaşöhrətli dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun anadan olmasının 190 illiyi münasibətilə

         “Tolstoy bütün xalqların, bütün əsrlərin sevimli yazıçısı olaraq qalacaqdır”.

                  A.Fadeyev

 

“Yazıçı həyatı yaxşı bilməlidir, yazıçı bütün bəşəriyyətə xas olan şeyləri bilməli və üstəlik ona, yəni bəşəriyyətə  məlum olmayan şeyləri də bilməlidir”.

                                                                              Lev Nikolayeviç Tolstoy

 

         “Ona baxanda sən də insan olduğun üçün xoş duyğular hiss edirsən, düşünürsən ki, insan da Lev Tolstoy ola bilərmiş”.

 

                                                                                                A.P.Çexov

 

         “Bütün dünya, bütün Yer üzü ona baxır: Çindən, Hindistandan, Amerikadan – hər yerdən ona doğru canlı, titrək tellər uzanmışdır, onun qəlbi hamı üçündür, həm də əbədilikdir”.

                                                                                                    M.Qorki

 

         “L.N.Tolstoydan  çox şey öyrənmək olar, onun sənəti plastik sənətdir, təsvirlərindəki əyanilik valehedicidir.Onu oxuyanda mən heç nəyi özümdən əlavə etmirəm, sadəcə olaraq heyranlığımı bildirirəm, onun yaratdığı obrazlar sanki canlı bir insan kimi gözlərimin qarşısında dayanır, sən ona hətta barmaqla toxunmaq istəyirsən. Bax, əsl sənətkarlıq budur”.

 

                                                                                                  M.Qorki

 

         “Tolstoy yaradıcılıq rəngarəngliyi, əlvanlığı ilə böyük bəşəri zəkanın ecazkarlığını nümayiş etdirən bir sənət bahadırıdır.Tolstoyu  oxumağa girişəndə  elə bilirsən ki, çox əsrarlı bir zəka ümmanına düşürsən!”

 

                                                                                                  S.Rəhimov

        

  “Demək olar ki, bəlkə Yer üzündə indiyədək heç bir kəs yazıçılıqda qraf Tolstoy kimi hörmət və şöhrət qazanmayıb”.

                                                                                              M.S.Ordubadi

 

  “Sadəlik, xeyirxahlıq və həqiqət olmayan yerdə dahilik yoxdur”.

 

                                                                                            L.N.Tolstoy

 

         “Əgər sizin mərhum əriniz 83 ilə qədər yaşamışsa, bunun üçün bütün Rusiya  sizə, sizin yorulmaz qayğılarınıza və ona atəşin məhəbbətinizə borcludur...”.

 

         (A.Q.Dostoyevskayanın 1910-cu il noyabrın 20-də S.A.Tolstoyaya göndərdiyi məktubundan).

    Ədəbiyyat və incəsənət insan tərbiyəsində, əxlaqının saflaşmasında, onun mənəvi və əqli inkişafında çox kəskin, tutarlı silahdır. Ağıllı, mənalı fikir, söz insan qəlbinə tez yol tapır, onda böyük humanist hisslər yaradır. Dərin ictimai məzmuna, zəngin ədəbi ənənəyə malik olan rus ədəbiyyatı da öz inkişafı tarixində bir sıra qüdrətli ədəbi simalar yetişdirmişdir.Bu xalqın yetirdiyi Puşkin, Qoqol, Lermontov, Belinski, Gertsen, Dobrolyubov, Çernışevski, Çexov, Nekrasov, Saltıkov – Şedrin, Qorki, Mayakovski kimi sənətkarların  əsərləri rus torpağının hüdudlarını aşmış, çox-çox uzaq ölkələrdə, diyarlarda  yayılmışdır. Azadlıq, səadət, bərabərlik sevən xalqlar həmin sənətkarların yaratdıqları söz incilərindən mənəvi qida  almış, faydalanmış, bu gün də bu ədəbi ənənə dərin sevgi ilə davam etməkdədir.

         Rus ədəbiyyatı klassiklərinin sırasında dahilik ünvanı qazanmış Lev Nikolayeviç Tolstoyun adı böyük iftixar və məhəbbətlə çəkilir. Bu nəhəng söz ustasının, insanşünasın, xarakterşünasın, dilşünasın yaratdığı əsərlərin bir çoxu təkcə rus xalqının deyil, dünyanın bütün mədəni və tərəqqipərvər xalqlarının sərvəti olmuşdur. Hələ sağlığında dünya şöhrəti qazanmış sənətkar öz ölməz əsərləri ilə insanlara azadlıq və xoşbəxtlik arzulamış, zülmə, haqsızlığa, qeyri- bərabərsizliyə, insan hüquqlarının tapdanmasına, onların alçaldılıb təhqir edilməsinə dözməmiş və ədalətsiz ictimai quruluşun dəyişdirilməsini istəmişdir. Bu cəhətdən Tolstoy yaradıcılığını rus ictimai mühitindən, rus ədəbiyyatının bəşəri ənənələrindən, xalq həyatından ayrılıqda təsəvvür etmək mümkün deyil.

         Rus zadəgan ailəsindən çıxmış Lev Nikolayeviç Tolstoyun böyüklüyü ondadır ki, o cəmiyyətdəki kəskin ziddiyyətləri, ictimai bəlaları, bərabərsizliyi görür, rus çinovniklərinin, zadəganlarının mənəvi pozğunluğuna, harınlığına, rüşvətxorluğuna, həmçinin ehtiyac, məhrumiyyət içərisində yaşayan sadə rus kəndlisinin məşəqqət və fəlakətlərinə, məhrumiyyətlərinə biganə qala bilmirdi. Ədib rus xalqının həyatını, məişətini, onun ehtiyaclarını, həmçinin istək və arzularını, başlıcası isə inqilabi mübarizəsini çox aydın görür, onları öz əsərlərində olduğu kimi canlandırırdı. Buna görə də xəlqilik ruhu ilə qidalanmış, böyük ehtiras və istedadla yazılmış həmin əsərlər rus xalqının malı olmuş, başqa xalqlar tərəfindən də sevilmiş və sevilməkdədir.

         Tolstoy insanlığın mənasını xalqa, bəşəriyyətə xidmətdə görürdü. Buna görə də Azərbaycanın görkəmli yazıçı və ictimai xadimi Cəlil Məmmədquluzadə haqlı olaraq onu “insanlıq aləminə xidmət edən dahi sənətkar” kimi qiymətləndirmişdi.

         L.N.Tolstoy təkcə rus xalqının mədəni inkişafında deyil, bütün dünya ədəbiyyatının tərəqqisində böyük rol oynamışdır. Onun misilsiz dərəcədə qiymətli əsərləri, parlaq bədii surətləri  əsr yarımdan artıqdır ki, bəşəriyyətə xidmət edir, oxucularda yüksək ideallar və duyğular oyadır, onları zülmə və ədalətsizləyə qarşı mübarizəyə çağırır.

         Tolstoy öz yaradıcılığını əsasən rus xalqının həyatına həsr etsə də, onun əsərləri bütün Yer üzünün, Şərqin və Qərbin mütərəqqi adamlarını maraqlandırmaqdadır. Bunun səbəbi odur ki, dahi ədib öz əsərlərində dövrün mühüm məsələlərini, geniş xalq kütlələrini düşündürən zəruri məsələləri müzakirəyə qoymuşdur.

         L.Tolstoyun yaradıcılığı XIX əsrin ikinci yarısını və XX əsrin əvvəllərini əhatə edir. Rusiyada azadlıq hərəkatının yeni mərhələsini təşkil edən bu dövr rus milli şüurunun yüksəlməsi dövrü idi. Xüsusən Krım müharibəsində çarizmin zəifliyi və tarixi bacarıqsızlığı, rus xalqının isə qəhrəmanlığı aydın bir şəkildə aşkara çıxdıqdan sonra Rusiyada ictimai yüksəliş özünü daha aydın göstərməkdə idi. Bu dövrdə Rusiyada əsas ictimai-siyasi məsələ milyonlarla zəhmətkeş kəndlilərin mülkədar zülmündən, təhkimçilik üsulundan azad olması məsələsi idi. Bu, o qədər ciddi məsələ idi ki, dövrün bütün ictimai təbəqələrini narahat edir və yalnız siyasi dairələrin işinə yox, ölkənin ictimai həyatının hər bir sahəsinə, mədəniyyətə, ədəbiyyata, mətbuata da təsir göstərirdi. Azadlıq hərəkatının hansı yola getməsi üstündəki mübarizə ölkədə ictimai fikri bir –birinə zidd iki cəbhəyə ayırmışdı. Bunlardan biri inqilabçı demokratlar, digəri isə liberal dvoryanlar cəbhəsi idi.

         Rus xalqının böyük oğlu, dünya ədəbiyyatının dahisi Lev Nikolayeviç Tolstoyun adı və həyatı füsunkar təbiətə və gözəlliyə malik olan Yasnaya Polyana kəndi ilə əbədi və qırılmaz tellərlə bağlıdır.

Tula şəhərinin yaxınlığında yerləşən Yasnaya Polyana tolstoylar nəslinin malikanəsidir.Lakin Lev Nikolayeviçə qədər bu ad həmin dövrdə quberniyalarda belə tanınmırdı.Lev Nikolayeviç öz dühası ilə onu nəinki Rusiyada, hətta bütün dünyada tanıtdı. İndi dünyanın bütün millətləri, xalqları, hətta etnik qrupları Tolstoy deyəndə Yasnaya Polyananı düşünür, Yasnaya Polyana deyəndə onların gözü önündə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, korifey sənətkarı Lev Nikolayeviç Tolstoy canlanır. Çünki o, 82 illik ömrünün 60 ilini burada keçirmişdir.

Lev Nikolayeviç istər Moskvada, Peterburqda, istərsə də xarici ölkələrdə  olanda həmişə Yasnaya Polyananı düşünmüş, tezliklə onun ana qoynuna qayıtmağa tələsmişdi.Tolstoy nəinki Yasnaya Polyananı sevmiş, o, hətta öz malikanəsinin çiçəklənməsinə, tərəqqi etməsinə ciddi səy göstərmiş, əlindən gələni əsirgəməmişdi.O, burada kənd uşaqları üçün məktəb açmış (bu barədə bir qədər sonra geniş bəhs edəcəyəm), onlar üçün əlifba kitabı tərtib etmişdi.

Lev Nikolayeviç kəndlilərə daim rəğbət bəsləmiş, onlara hörmət etmiş və qayğılarına qalmışdı.Buna görə də nəinki Yasnaya Polyanada yaşayan kəndlilər, hətta Rusiyanın ucqar guşələrində ömür sürən zəhmət adamları Tolstoyu böyük bir yazıçı, humanist bir insan kimi qiymətləndirmiş, axışıb onun yanına gəlmiş, ondan kömək və  ağıllı məsləhətlər almışlar.

Tolstoy zehni və fiziki əməyə qəlbən bağlı olan adam idi. O, ağır zehni fəaliyyətdən sonra sevimli Yasnaya Polyananın könülaçan guşələrinə seyrə çıxar, bəzən Delir adlı atına minib xeyli gəzərdi.

Yasnaya Polyanada elə bir yer tapılmaz ki, Lev Nikolayeviçin ora ayağı dəyməsin. O, burada ağac əkər, kərənti ilə ot biçər, güllərə, çiçəklərə qulluq edər, yeni tinglər salardı. “Yoloçki”  Tolstoyun əli ilə salınmış axırıncı meşədir. Bu meşə  1890-1895-ci illərdə salınmışdır. Bura Lev Nikolayeviçin sevimli yerlərindən biri olmuşdur. Bu meşədəki küknar ağaclarının arasında ağcaqayın ağaclarından düzəldilmiş bir skamya var. Onu 1907-ci ildə Lev Nikolayeviçin  arvadı Sofiya Andreyevna qoydurmuşdur.Bu skamya Tolstoyun sevimlisinə çevrilmişdir. O, tez-tez onun üstündə oturar, düşünər və istirahət edərdi.Skamyadan bir qədər aralıda su kəhrizi vardır.Hər gün buradan malikanəyə su gətirilərdi.Bəzən Tolstoy özü kəhrizin yanına gələr və malikanəyə su aparardı...

Bu cümlələr fikirlərimdə bitər-bitməz  təbiətin həmin təkrarsız məkanını ziyarət edən Azərbaycanın unudulmaz şairi Xəlil Rzanın “Yasnaya Polyana lövhələri”ndəki misraları ruhumu daha da şövqləndirir:

 

Baxıram keçdiyim cığırlara ki,

Bəlkə bu cığırdan gəlib keçmiş o.

Mənim görmədiyim min gözəlliyi

Sərraf gözlərilə görüb seçmiş o.

Xəzəllər sapsarı, xəzəllər gözəl...

O, qızıl payızı necə sevərmiş.

Bağlardan keçəndə tökülən xəzəl

Onun qələminə qızıl səpərmiş.

 

Bu mavi səmalar -sanki bir dəniz...

Necə hüdudsuzdur, necə ləkəsiz.

Göylər ki, bu qədər təmizdir, təmiz,

Ona yaraşır.

 

O, sevdi insana dost təbiəti,

Təbiət boydaydı öz təbiəti,

Bu böyük, bu geniş rus təbiəti,

Ona yaraşır...

 

Lev Nikolayeviçin yaşadığı ikimərtəbəli evdə onun iş otağı, yataq otağı, qonaq otağı, uşaqlarının və ömür-gün yoldaşının otaqları vardır. Buradakı otağında Tolstoy illərlə işləmiş, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” və  s. adlı dünya ədəbiyyatının nadir incilər xəzinəsinə daxil olmuş çoxsaylı əsərlərini yazmışdır. Dahi öz əsərlərində Yasnaya Polyanada və ətraf kəndlərdə olan göllərin, çayların adlarını, hətta kəndlilərin soyadını işlətmişdir, onları olduğu kimi təsvir etmişdir.Yasnaya Polyanadakı və buraya yaxın olan kəndlərdəki bir çox yerlər Tolstoyun ölməz əsərlərinin səhifələrində nəqş olunmuşdur.

Tolstoyun sağlığında Yasnaya Polyana rus və dünya mədəniyyətinin görkəmli nümayəndələri, yazıçılar, rəssamlar, bəstəkarlar, alimlər, fəhlələr, kəndlilər, ictimai xadimlər tez-tez gələrdilər.Çexov, Qorki, Turgenev və Korolenko, Repin və Meçnikov, Taneyev və Kramskoy, Stasov və bir çox başqaları dəfələrlə bu kənddə olmuşlar.

Yasnaya Polyana Yer kürəsinin bütün beş qitəsi ilə sıx əlaqə saxlayırdı.Hər yerdə Tolstoyun adını əzbər bilir, onun bədii əsərlərini sevə-sevə oxuyurdular. Dünyanın bütün ölkələrinin şəhər və kəndlərində Tolstoyun dostları var idi. Hər yerdən Yasnaya Polyanaya qonaq gəlir, məktublar göndərilirdi.

1921-ci ildə kənd milli muzey şəklini və adını aldıqdan sonra gələnlərin sayı daha da artmışdı. Tolstoy burada ömür sürərkən 50 mindən artıq məktub almışdı.Tolstoyun bütün dünyadakı vətənpərvər adamlarla dostcasına  məktublaşması rus mədəniyyəti tarixində diqqətəlayiq hadisə idi. Bu məktublarda dərin vətənpərvərlik hissi duyulur, dostluq və qardaşlığa  çağırış  sədalanırdı...

Tolstoy Yasnaya Polyanada dəfn edilmişdir. Qəbrin üstündə nə xaç, nə də heykəl var. Kiçik bir təpəni xatırladan məzar yazda və yayda əl-əlvan çiçəklərlə örtülür, qışda isə onu qar basır. Xəlil Rza “Onun məzarı”nı belə təsvir edir:

 

O, adi məzardır, bəzək-düzəksiz,

Üstündə balaca bir gül təpəsi.

Fəqət, görmək üçün onu bir anlıq,

Gəlir Yer üzünün neçə qitəsi!

 

Burda nə bir heykəl, nə abidə var,

Nə bir xaç nişanı, nə də baş daşı.

Üstünə açılmış əngin səmalar,

Yanında sərvlər durmuş yanaşı.

 

Qoy ötüb sovuşsun milyon-milyon il,

Məzarı yaşadan qüdrət gör nədir;

Onun doxsan cildi – doxsan dağ kimi

Bu qəbrə ömürlük bir abidədir...

 

Lev Nikolayeviç Tolstoy 190 il əvvəl, 1828-ci ilin 9 sentyabr günündə canından artıq  sevdiyi bu əsrarəngiz Yasnaya Polyanada anadan olmuşdur. Ədibin atası podpolkovnik qraf  Nikolay İliç Tolstoy 1812-ci il Vətən müharibəsi iştirakçılarından idi.Hərbi xidmətdən istefa verəndən sonra Nikolay İliç özündən yaşca xeyli böyük, lakin çox zəngin olan Mariya Nikolayevna Volkonskaya ilə evlənmişdi.

Mariya Nikolayevnanın ərinə bəxş etdiyi cehizlər sırasında Yasnaya Polyana da var idi. Bu kənd həmin dövrün tipik bir dvoryan ocağı idi.Bu malikanəni hələ 18-ci əsrin axırlarında Mariyanın, öz dövrünün ziyalı aristokratlarından olan atası knyaz Nikolay Volkonski tikdirmişdi.

Mariya Nikolayevna zəmanəsinin ziyalı qadınlarından olub gözəl ədəbi zövqə malik idi. Son dərəcə zəkalı, ağıllı olan bu xanım rus dilindən başqa, dörd əcnəbi dildə  yazıb-oxumağı bacarırdı.

Balaca Lev iki yaşına yenicə qədəm qoyan zaman anası vəfat edir. Hələ kiçik yaşlarından Tolstoyun tərbiyəsilə xüsusi mürəbbiələr məşğul olur.Lakin təbiətə və sadə xalqa yaxınlıq onun şüurunda daha dərin izlər qoyur.Balaca Lev əksər vaxtını üç qardaşı ilə birlikdə təbiətin ağuşunda keçirir.Hələ kiçik yaşlarında ikən Lev təbiətin gözəlliklərini, ecazkarlığını həssas bir qəlblə duyur, onun boyalarını həvəslə öyrənir. Füsunkar rus təbiəti onu məftun edir.

Gənclik illərindən etibarən Lev kəndlilərin vəziyyəti ilə yaxından tanış olur.Tolstoy sadə  kənd adamlarının adət-ənənələrini, həyat tərzini, nəğmələrini və dilinin incə xüsusiyyətlərini öyrənir.

Sonralar Tolstoy mənsub olduğu mülkədar sinfinin görüşlərindən tamamilə ayrılıb kəndli kütlələri tərəfinə keçir. Bu xüsusda ədib özü əsərlərinin birində yazır: “Mən bizi əhatə edən mühitin həyatından üz döndərdim. Bu, həqiqi həyat deyil, olsa-olsa, həyataoxşar bir şeydir.Bildim ki, o, köhnəlmiş, çürümüş şərait ki, biz yaşayırıq, bizi həyatın əsl mənasını anlamaqdan məhrum edir. Başa düşdüm ki, həyatın əsl mənasını anlamaq, dərk etmək üçün mən gərək onu bizdə, biz parazitlərin həyatında – xüsusi həyatda yox, sadə, zəhmətkeş xalqın həyatında axtaram; həyatın mənasını o adamların həyatında axtaram ki, onlar həyatı yaradır və özləri də ona məna verirlər. Mənim ətrafımda olan bu sadə, zəhmətkeş xalq rus xalqından ibarət idi və mən həyatın əsl mənasını dərk etmək üçün bu xalqın həyatına və onun bu həyata verdiyi mənaya müraciət etdim”.

1837-ci ildə Lev Nikolayeviçin ailəsi Moskvaya köçür. Səfər ərəfəsində atası Nikolay İliç Tulada vəfat edir. Nikolay İliçin bacısı, yəni Levin bibisi  Aleksandra İliniçna Osten-Sogen  uşaqları öz himayəsi altına alır. 1841-ci ilə qədər uşaqlar gah Yasnaya Polyanada, gah da Moskvada yaşayırlar. Osten-Sogen 1841-ci ildə dünyasını dəyişir.Uşaqlar daha sonra qrafın ikinci bacısı Pelageya İliniçna Yuşkeyevanın qəyyumluğuna keçir. Onun əri Kazanda qubernator idi. Odur ki, 13 yaşlı Lev Kazana gəlməli olur.

1844-cü ildə 16 yaşlı Lev Kazan Universiteti fəlsəfə fakültəsinin türk-ərəb ədəbiyyatı üzrə Şərq şöbəsinə qəbul olunur. Bir ildən sonra hüquq fakültəsinə keçir.Tolstoy hüquq elmləri ilə çox maraqlanır. Hətta üçüncü kursda ikən o, professor Meyerin tapşırığına əsasən II Yekaterina dövrünün qanunları ilə fransız  filosofu, yazıçısı Şarl de  Monteskyönün  “Qanunların ruhu” adlı məşhur əsərinin müqayisəsinə  dair tələbə işi  yazır. Lakin universitetdə  dvoryan gənclərin mühiti onu darıxdırmağa  başlayır və Lev 1847-ci ildə universiteti  tərk edib Yasnaya Polyanaya qayıdır.

Ata-anasından qalan irs qardaşlar arasında bölünərkən bir neçə kənd, o cümlədən Yasnaya Polyana və bir neçə yüz təhkimçi kəndli Tolstoya  çatır.

Tolstoy 1847-1857-ci illər arasında Rusiyanı, Qafqazı, Krımı və Avropanı gəzdikdən, daha doğrusu, on illik gərgin bədii və ideya axtarışlarından sonra “Lütseri ” hekayəsini yazaraq belə qənaətə gəlir ki, zülmü müqavimətlə yox eləmək olmaz, bərabərliyin, səadətin rəhni ümumbəşəri məhəbbətdədir, haqsızlığa, ədalətsizliyə səbirlə dözməkdə, təvəkküldədir. Tolstoya görə, guya bu təvəkkül fəlsəfəsi, şəxsi-əxlaqi təmizlənmə, insanların bir –birinə insani münasibəti, məhəbbəti bəşəriyyəti düşdüyü vəziyyətdən xilas edə bilər. Bundan sonra böyük mütəfəkkir bütün axtarışlarını bu istiqamətdə aparır və nəticələrini bu “kəşfi ” ilə bağlayırdı.

Ədibin ən yaxın dostlarından olan A.P.Çexov “zülmə müqavimət göstərməmək” təlmini nəzərdə tutub deyirdi ki, Tolstoyun fəlsəfəsi həyata tətbiq ediləsi fəlsəfə deyildir... İnsanlar təhqirə təhqirlə cavab verməlidirlər, başqa cür ola bilməz. Şəxsiyyətin müqəddəs hüquqları uğrunda mübarizə hər  yerdə  olmalıdır. Belə bir mübarizənin olmaması qeyri-əxlaqidir.

         Tolstoyu  dahi sənətkar, “qüdrətli şəxsiyyət” adlandıran  M.Qorki, eyni zamanda məsləhət görürdü ki, müasir oxucu bu nəhəng söz ustasını sevə-sevə  öyrənərkən, onun “passivizmi təbliğ etməsinin nəticə etibarı ilə mühafizəkar mahiyyət daşıdığını və  zərərli olduğunu” da unutmasın.

         Tolstoy  haqqında  yazan  azərbaycanlı müəlliflərin  bir qismi Tolstoyu çox  yüksək  qiymətləndirsələr də, onun fəlsəfi-əxlaqi görüşlərini şəxsi bir iş, şəxsi bir görüş kimi izah edirdilər. Məsələn, Azərbaycan ədibi, filosofu və ədəbiyyat  tənqidçisi Əli bəy Hüseynzadə 1906-cı ildə yazdığı  “Tolstoyçuluq nədir?”  və  “Tolstoy” sərlövhəli məqalələrində Tolstoyu rus xalqının  yetişdirdiyi böyük ədəbi şəxsiyyət kimi qiymətləndirib yazırdı :  “Hazırkı  əsr bəşəriyyətin bir mühüm üzvü olan rus millətinin kamal dövrüdür. Çünki meyvələrin bolluğu və yaxşılığı bir ağacın yetkinləşdiyinə  dəlalət etdiyi kimi, bu gün də elm, incəsənət və ədəbiyyatın inkişafı, nəfisliyi rusların hüsni-kəmalə yetişdiklərinə dəlil və sübutdur... Bu gün Rusiyada yetişmiş olan bir çox alimlər, filosoflar və  ədiblər zümrəsinə bütün Avropa və  Amerika qibtə  edir... Tolstoy yalnız Rusiyanın deyil, bəlkə bütün cahanın ən böyük ədiblərindən biridir...”. 

Tolstoya dünya şöhrəti gətirən, onu geniş oxucu kütlələrinə sevdirən ən mühüm keyfiyyətlərdən biri ədibin göstərdiyi böyük yaradıcılıq cəsarətidir. Onun böyükhəcmli epik əsərlərindən tutmuş ən kiçik hekayə və məqalələrinə  qədər bütün əsərlərində dərin və geniş mövzu dairəsi ilə rastlaşırıq. Onun heç bir əsərində yalnız bir məsələ, məhdud kiçik problem həll olunmur, çünki ədibin həyata baxış dairəsinin özü çox genişdir, dərindir, mürəkkəbdir, buna görə də onun bədii əsərlərində həyat bütün əlvanlığı, şaxələri , ziddiyyətləri ilə canlanır, qüdrətli ədib bizə varlığın bütün əzəmətini, həyatın hər üzünü, insan qəlbinin ən dərin və çətin duyğu yollarını, arzu və istəklərini, hisslərin çarpışmasını, psixoloji və mənəvi aləmin rəngarəng hallarını göstərir və inandırır ki, həyat belədir, pisdirmi, yaxşıdırmı – amma belədir! Bu həyat döyüşdür, mübarizədir, insanın, cəmiyyətin addımbaaddım irəliyə hərəkətidir.

Dərin müşahidəçilik, insanın daxili aləminin psixoloji analizi ilə məşğul olmaq, daxili və psixoloji monoloqlar vermək, bir hissdən, fikirdən, başqa bir hissə, fikrə dramatik keçidlər təşkil etmək, insan qəlbinin gizli nöqtələrini işıqlandırmaq üçün çalışmaq, qüvvətli xarakterlər yaratmaq, varlığın parlaq lövhələrini çəkmək – bütün bunlar Lev Nikolayeviç Tolstoyun bədii yaradıcılıq qüdrətini müəyyənləşdirən amillərdəndir.

         Həyat həqiqətini olduğu kimi, obyektivliyi pozmadan təqdim etmək, hadisələrdə  və xarakterlərdəki ziddiyyətlərin dərinliyinə enə bilmək, Qərb aləminin dialektikasını göstərə bilmək istedadıTolstoyun realist sənətinə bütün dünya ədəbiyyatında şöhrət qazandırmışdır. Elə buna görə də dünyanın bir çox görkəmli ədibləri, sənətkarları Tolstoy haqqında mülahizələrində bu qüdrətli sənətkarın yaradıcılığındakı həyat həqiqətlərinə və  bədii reallığa yüksək qiymət vermiş, onu özlərinə nümunəvi müəllim hesab etmişlər.Tolstoyun öz  zəmanəsindəki müasir cəmiyyəti tənqid və ifşası görkəmli irland yazıçı və dramaturqu, ictimai xadimi, ədəbiyyat üzrə Nobel mükafatçısı Bernard  Şounun diqqətini xüsusilə  cəlb etmiş və  o, yazmışdır ki, “bizim müasir cəmiyyəti mühakimə və ittiham edərkən Tolstoyun dedikləri ədalətdən də ədalətlidir ”.

Lev Tolstoy gəncliyin cəmiyyətdə böyük qüvvə olduğunu, bütün nəcib vətənpərvərlik və yaradıcılıq hisslərinin ilk növbədə gəncliyə  xas olduğunu, onun simasında  təcəssüm  etdiyini dərindən başa düşərək, öz qiymətli əsərlərində  bir sıra qabaqcıl, tərəqqipərvər gənclərin surətini yaratmışdır. “Hərb və sülh” romanının epiloqunda Tolstoyu ən məhşur gənc qəhrəmanlarından biri olan Pyer Bezuxov çar mütləqiyyətinin qanlı mürtəce siyasətini ifşa edərək sonsuz bir qəzəb hissi ilə deyir: “Kimdə gənclik qüvvəsi və  namus varsa, onu məhv edirlər”.

Lev Tolstoy gənc və namuslu qüvvələri məhv edən çarizmin əksinə olaraq, gənc nəslə böyük ümidlər bəsləyirdi.Onun coşqun pedaqoji fəaliyyəti məhz bu ümidlərlə əlaqədar idi. Gənclərin qayğısını çəkərkən Tolstoy öz xalqının, öz vətəninin gələcəyini düşünürdü. Çünki Rusiya gələcəyin ölkəsi idi. Bunu başa düşmək üçün rus xalqı həssas sənətkar olan, xalqın ruhunu dərindən duyan Lev Tolstoyun bədii əsərlərindən qidalanmalı idi...

Tolstoy 1851-ci ildə Qafqazda zabit rütbəsində qulluq edən qardaşı Nikolay Nikolayeviçin tövsiyəsi ilə orduya daxil olur. Şimali Qafqazda Terekin sol sahilində yerləşən Storoqolodkovsk stanitsasına gəlib knyaz A.İ.Boryatinskinin komandanlığı altında olan topçu briqadasında yunker vəzifəsini  tutub, çeçenlərlə mübarizədə fərqləndiyinə  görə proporşik rütbəsi alır. İlk qələm təcrübəsi hesab olunan “Ötən günlərin əhvalatı” hekayəsindən sonra Tolstoy, Qafqazda bədii yaradıcılıqla məşğul olmağa da vaxt tapır.

Qafqazda olarkən dağlıların, həmçinin Qafqaza köçürülən kazakların həyatı ilə  yaxından tanış olan L.Tolstoy, sonralar özünün məşhur “Kazaklar”, “Qafqaz əsiri”, “Hacı Murad” və  başqa əsərlərini yazr. Qafqaz Tolstoyda  yeni-yeni  təəssüratlar yaradır, ona yeni mövzular verir. Eyni zamanda başqa görkəmli rus yazıçıları kimi, Tolstoyun da ədəbi taleyi həmişəlik  Qafqazla bağlanır. Tolstoy burada ədəbi yaradıçılığa, ona şöhrət qazandıran ölməz əsərlərini yazmağa başlayır, özünün avtobioqrafik  trilogiyasına  daxil olan  “Uşaqlıq”  və  “İlk gənclik”, həmçinin başqa  əsərlərini Qafqazda yazır və Nekrasovun  “Sovremennik” jurnalında dərc etdirir.

         Avtobioqrafik  trilogiya üzərində L.Tolstoy altı il, 1851-1856- illərdə işləmişdir. Birinci hissə “Uşaqlıq” bir ilə yazılsa da, yalnız əlyazmasının dördüncü  redaktəsindən sonra müəllifi təmin edə bilmiş və 1852-ci ildə “Sovremennik”ə  göndərilmişdi. İkinci hissə  “İlk gənclik” üzərində Tolstoy 1852-ci ilin noyabrından 1854-cü ilin yanvarına qədər işləmişdir. “Gənclik ” adlanan  üçüncü  hissə isə 1855-ci ilin martından başlayaraq, 1856-cı ilin sentyabrına  qədər yazılmışdır. Sonuncu hissələrin  hər ikisini L.Tolstoy üç dəfə  düzəldib redaktə  etmiş, sonra çapa göndərmişdi.

1854-cü ildə hərbçi Tolstoyun yeri Rumıniyada dayanan Dunay ordusuna dəyişdirilir. Az sonra Krım cəbhəsinə - Sevastopola göndərilir, fransızlara qarşı şəhərin müdafiəsində topçu komandiri kimi döyüşür. Gənc yazıçı burada – hərb alovları içərisində  Sevastopolun qəhrəmanlıqla  müdafiəsinə həsr etdiyi rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini olduqca düzgün, real təsvir edən “Sevastopol hekayələri”ni – “Sevastopol dekabrda”, “Sevastopol mayda” hekayələrini, “Sevastopol avqustda” hekayəsinin bir hissəsini yazır.

L.Tolstoy özü şəxsən rus qoşunlarının qəhrəmanlıqlarının şahidi olur. Qeyd etdiyim kimi, hələ ilk qələm  təcrübələrindən başlayaraq Tolstoy yaradıcılığının  ən əsas prinsipi həyat həqiqətlərini düzgün söyləmək olmuşdur. Bu da Tolstoyun incəsənətə, ədəbiyyata olan tələbində, ümumiyyətlə, bütün ədəbi yaradıcılığında  əsas meyar olmuşdur. Bu xüsusda özünün “Sevastopol may ayında ” adlı hekayəsinin  axırında Tolstoy yazır ki, mənim hekayəmin qəhrəmanı – bütün  qəlbimlə  sevdiyim, bütün gözəlliyi  ilə göstərməyə  çalışdığım, həmişə  gözəl olmuş,  indi gözəl olan və gələcəkdə  də gözəl olacaq həqiqətdir”.

Lev Nikolayeviç Sevastopolu müdafiə edən rus döyüşçülərinin qəhrəmanlıq və rəşadətini, onlarda vətənpərvərlik  hissinin nə qədər güclü olduğunu qələmə  alarkən bütün sənətkarlıq  qüdrətini işlətmiş və  elə bədii lövhələr  yaratmışdı r ki, onlar bir dəfə oxunduqdan sonra əbədi olaraq insanın  təsəvvüründə  nəqş salır, uzun müddət unudulmur. Sadə rus əsgərinin  qəhrəmanlığından  heyrətə  gələn Tolstoy, o zaman öz qardaşına göndərdiyi  bir məktubda yazırdı: “Ordudakı ruh yüksəkliyini heç bir sözlə təsvir  etmək olmaz. Qədim Yunanıstandan sonra hələ tarixdə bu qədər qəhrəmanlıq olmamışdır. Kornilov ordunu nəzərdən keçirərkən  “Salam, uşaqlar!” demək əvəzinə,  “Ölmək lazımdır, uşaqlar, ölərsinizmi?”- deyir, bütün qoşun əhli isə  “Ölərik, zati aliləri, urra!” - deyə qışqırır. Onların bu cavabı gəlişigözəl deyilmiş  söz deyildir, onların hər birisinin sifətindən aydın görünür ki, heç biri zarafat etmir və bu sözü doğrudan deyirlər. Indiyə qədər 22 min nəfər öz vədini yerinə yetirmişdir”.

         Tolstoy  “Sevastopol hekayələri”ndə rus döyüşçülərinin mübarizə əzmini  və  qəhrəmanlığını qürurla tərənnüm etmişdir. Əsər o zaman rus ədəbiyyatında ən qabaqcıl yazıçılar tərəfindən yüksək qiymətləndirilmişdi. Nekrasov bu hekayələri  “həqiqəti dərindən göstərən” əsər adlandırmış, Çernışevski  isə bu hekayələri Tolstoyun gələcəkdə rus ədəbiyyatına daha  böyük və dəyərli bədii əsərlər verəcəyini sübut edən bir ədəbi hadisə hesab etmişdi. Bu, doğrudan da belə idi. “Sevastopol hekayələri” əslində Tolstoyun  “Hərb və sülh” epopeyasının proloqu hesab edilə bilər, çünki rus xalqının vətənpərvərliyi bu hekayələrdə böyük bir sənətkarlıqla təsvir olunmuşdur.

         Lev Nikolayeviç Yasnaya Polyanada xalq məktəbini quranda saysız-hesabsız  kitablar oxumuş və hətta  məxsusi olaraq Almaniya, İsveçrə, İngiltərəyə  yollanmış, bir çox günlərini Londonun Kensinqton muzeyində keçirmiş, pedaqogika  sahəsində  Avropanın elmi fikirləri ilə yaxından tanış olmuşdu.  

Y. Kərimovun qeyd etdiyi kimi, 1859-cu ilin payızında Rusiyanın ucqar Yasnaya Polyana kəndində səs yayılır ki, kəndli uşaqlarının pulsuz oxumaları üçün məktəb açılır. Bu ona görə böyük təəccüb doğurur ki, təhkimçilik hüququ hökm sürən ölkədə kəndli uşaqları üçün bircə dövlət məktəbi yox idi. Azsaylı məktəblərdə məmurların və varlı kəndlilərin uçaqları oxuyurdu. Bununla belə, xalqda təhsilə meyl güclü idi. Valideynlər din xadimlərinə və ya əsgərlikdən tərxis olunmuş şəxslərə  müraciət  edirdilər ki, övladlarına savad öyrətsinlər. Onlar üç il ərzində beş-altı uşağa pulla savad öyrədirdilər. Tolstoyun məktəbində isə təhsil pulsuz idi. Bu, kəndliləri ehtiyyatlı olmağa vadar edirdi. Onlar bu işin yaxşı nəticə verəcəyinə inanmır, məkətəbə etibar etmirdilər. Bununla belə, müəllimin bədən cəzası verməməsi, başqalarından fərqli iş görməsi tədricən onlarda inam yaratdı.

Yasnaya Polyana məktəbində şagirdlər istədikləri yerdə (skamya, stol, pəncərənin kandarı) əyləşir, bəziləri hətta skamyada uzanırdılar. Hər kəs maraqlandığı şeylər haqqında istədiyini müəllimdən soruşa bilərdi. Müəllim icazə verirdi ki, uşaq yoldaşının dəftərinə baxsın, onunla məsləhətləşsin. Tolstoy ev tapşırığı vermirdi. Heç kəs kitab, dəftər daşımırdı. Onu dünən öyrəndikləri və qarşıdakı dərs narahat etmirdi. Dərsə gecikənlərə töhmət verilmirdi. Hamı çalışırdı ki, dərsə gecikməsin. Tam azadlıq Tolstoy pedaqoji sisteminin əsası idi. Əgər müəllim sinifdə qayda-qanun yaratmaq üçün güc göstərirsə, deməli, pedaqoji incəsənətə tam yiyələnməyib.

Şagirdlərin qeyri-adi nailiyyətləri qısa müddətdə məktəbə şöhrət gətirdi. 30, hətta 50 kilometrlik kəndlərdən uşaqları bu məktəbə gətirənlər də oldu. 1860-cı ildə məktəbdə 50 oğlan və qız təhsil alırdı. Onların içərisində bir neçə yaşlı da var idi.

“...Məktəbə girəndə və orada bir dəstə cır-cındırlı, kirli, arıq, lakin parlaq gözlü, mələk sifətli  uşaqları gördükdə canıma qorxu  düşür, suda boğulan  adamlar görürəmmiş kimi dəhşətə gəlirəm. Aman Allah! Mən bunları sudan necə xilas edim, hansını əvvəl çəkim, hansını sonra! Ən qiymətli bir şey, uşaqların gözlərində çox aydın görünən həmin mənəvi varlıq məhv olub gedir! Xalq içərisində  boğulan puşkinləri, ostroqradskiləri, filaretovları, lomonosovları xilas etmək üçün mən xalqı maarifləndirmək istəyirəm. Belələri ilə hər bir məktəb doludur. İşim  yaxşı gedir, çox yaxşı gedir .Mən, bir iş gördüyümü hiss edirəm, buna görə də gözlədiyimdən daha böyük bir sürətlə irəliyə hərəkət edirəm”-deyə, Tolstoy yazırdı.

Yasnaya Polyana məktəbi nə öyrədirdi? Oxumaq, yazmaq, kalliqrafiya bacarığı, qrammatika, müqəddəs tarix, riyaziyyat, nəğmə, rəsm, rəsmxət. Sonralar Rusiyanın tarixi haqqında hekayələr, təbiət elmləri haqqında söhbətlər əlavə edildi. Yasnaya Polyana məktəbində dörd müəllim çalışırdı.Lev Nikolayeviç özü də pedaqoji işlə məşğul idi.

Məktəbə,  xalq maarifinə elmi və metodik kömək göstərmək məqsədilə 1862-ci ildə Lev Nikolayeviçin təşəbbüsü ilə “Yasnaya Polyana” adlı pedaqoji jurnal nəşr olunmağa başlanılır. Burada pedaqoji işə nəzəri və praktik məsələlərə dair yazılar verilirdi.

Maarifpərvər yazıçı 1872-ci ildə “Əlifba” dərsliyi üzərində işini başa çatdırıb  onu nəşr etdirir. Bu vəsait ibtidai sinif şagirdlərinə və müəllimlərə onun çox qiymətli töhfəsi idi.

“Əlifba” dörd kitabda nəşr olunmuşdu. Birinci kitabda əlifbanın hərfləri, sonra hecaları, sözləri və ayrı-ayrı cümlələri, oxumaq üçün tapşırıqlar verilirdi.  “Əlifba”nın hər bir kitabında təbiətşünaslıq və s. üzrə  təmsil, nağıl, hekayə formasında çoxlu material toplanmışdı.

Tolstoy hekayə və nağılları bilavasitə ya özü yazır, ya da digər müəlliflərin (Ezop, V.Hüqo, və b) əsərləri əsasında işləyirdi. Şagirdlərin diqqəti ilk növbədə 3-4 cümlədən ibarət olan kiçik təmsil  və hekayələrə cəlb edilirdi ( Məsələn, “Şir dərisində olan eşşək”, “Toyuq və qaranquş” və s) sonra isə hekayələr  tədricən həm süjet, həm də həcm etibarilə mürəkkəbləşdirilirdi.

“Əlifba”dakı (əsasən birinci kitabda) kiçik hekayələrin demək olar ki, yarısı kəndli mövzusundan alınmışdı. Kitab kəndlilərin ağır, əziyyətli lakin şərəfli  əməyindən,  yaşayışından, fəaliyyətindən, dərdindən-sərindən bəhs edən hekayələrlə bitirdi. “Semyon dayı meşədə başına gələnlər barədə necə danışdı”, “Balaca Flip”,  “İnək” və s.belə hekayələrdən idi.

Tolstoyun  təbiət elmləri  mövzusunda yazdığı hekayələr uşaqları ətraf aləmlə tanış etmək məqsədi daşıyırdı. “Maqnit”, “Rütubət”, “Kristallar”, “Zərərli hava”, “Külək nədən olur”, “Günəş istilik deməkdir”, “Bayquş və dovşan”, “Almalar”, “Meşə gilası” hekayələrində o, fizika, kimya, zoologiya və botanikaya dair elmi biliklər verirdi. Həmin biliklər aşağıdakı qaydada çatdırılırdı. Əvvəlcə şagirdlər konkret əşyalar, hadisə və faktlarla tanış olur, sonra isə məntiqi cəhətcə materialın təhlilindən irəli gələn nəticələr və ümumiləşdirmələri dərk edirdilər. Həmin təhlili müəllif özü aparırdı.  Hekayələrdə öz əksini tapmış məlumatları uşaqlar heç də mexaniki surətdə əzbərləmir, əksinə, şüurlu şəkildə mənimsəyirdilər.

“Əlifba”nın hər bir kitabının axırıncı səhifələrində hesaba dair məsələ və misallar verilirdi. Kitablar ibtiadi məktəblərdə dərs aparan müəllimlər üçün hazırlanmış metodik göstərişlərlə bitirdi.

Görkəmli ədib 1874-cü ilin sonlarında “Yeni əlifba” üzərində işləməyə başladı. O, burada savad təliminə dair materialı elə formada verməyə çalışırdı ki, müəllimlərə məlum olan bütün metodlara uyğun gəlsin. “Yeni əlifba” 1875-ci ildə bir kitabda nəşr olundu.

Oxu zamanı əsas çətinliyin sözlərin uzunluğunda olduğunu nəzərə alan Tolstoy,  “Yeni Əlifba”nı  elə tərtib etmişdi ki, birinci hissəyə daxil olan sözlər yalnız iki hecadan və altı hərfdən ibarət idi. İkinci hissəyə üçhecalı, üçüncü hissəyə isə dörd və beşhecalı sözlər daxi idi.

Maarifpərvər yazıçı elə sadə və anlaşıqlı hekayə, təmsil və nağıllar seçmişdi ki, həmin nümunələr söylənilərkən uşaqlara qaranlıq qalan məsələlər olmur və onlar əlavə suallarla müəllimə müraciət etmirdilər.

Əlifbanın ən böyük məziyyəti ondan ibarət idi ki, o, son dərəcə aydın və anlaşıqlı dildə yazılmışdı. Dilin ifadəliliyi, yığcamlıq, konkretlik onu səciyyələndirən başlıca xüsusiyyət idi. Materialların ardıcıllığı, bir-birini tamamlaması qaydası o qədər yaxşı gözlənilmişdi ki, uşaqlar tez bir zamanda oxu  texnikasına yiyələnirdilər. “Yeni əlifba” 30 dəfəyədək nəşr olunub istifadə edilmiş, həmin dövrün qabaqcıl məktəbləri arasında böyük rəğbət  qazanmışdı. Bütün bunlarla yanaşı, “Yeni əlifba”dakı hekayələrin  bir çoxunda yazıçının dini-mənəvi baxışları öz əksini tapmışdı.

Gənc nəslin təlim-tərbiyəsində 1875-ci ildə nəşr olunmuş “Oxu kitabı” az rol oynamamışdı.Proqramın yüngül və müxtəlifcəhətli olmasına baxmayaraq, uşaqların  həmin kursu tam keçmələri üçün onların etibarını və məhəbbətini qazanmaq lazım idi. Məktəbə davamiyyətin sərbəst olduğu şəaitdə müvəffəqiyyətin əldə edilməsi təəccüb doğururdu.

Tolstoy özünün şagirdlərlə qarşılıqlı münasibətinin əsasına dostluq, bərabərlik, hörmət hisslərini qoymuşdu. Dərsdən sonra onlarla parka və ya meşəyə gəzinti təşkil edər, zarafatlaşar, qışda dağda sürüşər, axşamlar uşaqları evlərinə aparardı.

Uşaqları həyata hazırlamaq məqsədilə torpağının bir qismini səkkiz bərabər hissəyə ayırıb, onların ixtiyarına vermişdi. Oğlanların hərəsi öz hissəsinə noxud, qarabaşaq, kök, turp əkir, məhsulunu da özü götürürdü.

Tolstoyun fikrincə, uşağın özünün oxuması üçün o, oxumağı, təhsil almağı sevməlidir. “Müvəffəqiyyətli təlim üçün məcburiyyət deyil, şagirddə maraq oyatmaq lazımdır” -belə pedaqoji təlim o dövr üçün çox mütərəqqi idi. Tolstoy deyirdi ki, uşaqlara təlim sevincini hiss etmək sevinci verilməlidir. Azad tərbiyənin tərəfdarı olan Tolstoy belə hesab edirdi ki, müəllimlə uşaq arasında münasibət qarşılıqlı məhəbbət və hörmətə əsaslanmalıdır. “Müəllimlə şagird arasında ən yaxşı münasibət təbiilikdir”.

Sinifdə təlim üçün əlverişli şəraitin olması üçün:

Şagirdin oxuduğu yerdə adət etmədiyi əşyalar olmamalıdır.

Şagird müəllimdən və yoldaşlarından utanmamalıdır.

Şagird anlamadığı, pis oxuduğu üçün qorxmamalıdır.

Şagirdin əqli yalnız o zaman fəaliyyət göstərə bilər ki, o xarici təəssüratla sıxıntı keçirməsin. Beyin yorulmasın. Hələ şagird yorulmamış onu sərbəst buraxmaq yaxşıdır.

Dərs  şagirdlərin  güclərinə müvaqfiq olmalı, həddən ağır yüngül və ya  ağır olmamalıdır. Dərs həddən artıq çətin olduqda, şagird tapşırıqlarını  yerinə  yetirmək  ümidini itirəcək, başqa işlə məşğul olacaq və ya səy də göstərməyəcəkdir . Dərs yüngül olsa, yenə eyni nəticə alınacaq. Uşağa  elə iş verilməlidir ki, o hər bir dərsi elmə, irəliyə doğru bir addım kimi hiss etsin.

Tolstoy yazırdı: “Şagirdə mümkün qədər çox məlumat verin və onu elmin bütün sahələri üzərində müşahidəyə cəlb edin, lakin ona nəticələr, təriflər, hər cür terminləri mümkün qədər az verin. Tərif, qayda adları o zaman təqdim edilməlidir ki, şagird kifayət qədər məlumata yiyələnir, özü ümumi qaydanı yoxlaya bilir. O zaman ümumi nəticə çətinlik törətmir, əksinə, işi asanlaşdırır. Çox vaxt məlum əşya və hadisə haqqında müəllimin izahı həddən artıq uzun, maraqsız olduqda, uşaqlar üçün anlaşılmır”.

 1862-ci ildə Lev Nikolayeviç Moskvanın tanınmış həkimlərdən birinin qızı, güclü duyğularla sevdiyi Sonya Andreyevna Berslə evlənir.

Toydan  bir az əvvəl Lev Nikolayeviç  gündəliyinə yazır: “Mən vurulmuşam. İnanmazdım ki, sevə bilərəm. Mən divanəyəm, əgər belə davam edərsə, özümü vuracağam…”.

 Ədibin özünün “Xatirələr” əsərində dediyi kimi, onun xoşbəxt, təmiz ailə həyatı başlayır. Onun ədəbi həyatı kimi ailə həyatı da etirafdan, tövbədən  başlayır, evlənmə ərəfəsində öz gündəliyini oxumaq üçün gənc nişanlısına verir.  Gündəlik tutan şəxslər bilirlər ki,  ona daha çox böhranlı vəziyyətlərdə və ya  peşmançılıq dəqiqələrində üz tuturlar – tanış haldır.  Özü də bu onun – məhz həqiqətə pərəstiş edən Tolstoyun  gündəlikləri idi…

Reaksiya   gündəliyə müvafiq olmuşdu: “Onun bütün keçmişi mənim üçün nə qədər müdhişdir, - deyə Sofya Andreyevna öz gündəliyində yazırdı, - mənə elə gəlir ki, onunla heç vaxt barışmayacağam… Minlərcə fərqli,  yaxşı və  pis duyğularla bütöv bir  ömür heç vaxt mənə məxsus ola bilməz... Onun bir Tanrı bilir kimə və nəyə həsr etdiyi gəncliyi  də mənə məxsus olmayacaq…”. 

 Ailədə 13 övlad dünyaya gəlir və sonradan taleyin amansız hökmü ilə onların beşi vəfat edir.

Tolstoy ailə tərbiyyəsi haqqında insanlara, xüsusilə gənclərə bir sıra dəyərli məsləhətlər vermişdir. Yüksək zəka və dərin təfəkkür sahibi olan filosof -yazıçıya görə, ailənin bütün quruluşu sağlam olduqda, ailə tərbiyəsi düzgün ola bilər.  Buna görə də valideynin həyat nümunəsi ən qüvvətli bir təsirdir.  Valideynlər uşağa mümkün qədər mülayim və ədalətli münasibət göstərməlidirlər.  Tolstoy uşaqlara  fiziki tərbiyəvermənin ciddi tərəfdarı idi.  Açıq havada oynamaq, idmanla məşğul olmaq Tolstoyun sağlamlıq üçün məsləhət gördüyü tədirlər idi.

Tolstoya görə, ailə uşağın zehninin zənginləşməsinə, onun dərin bilik almasına kömək göstərməli,  ətraf mühitə onda maraq oyatmaq üçün təbiət hadisələrinə aid kitabların  mütaliəsini təşkil etməlidir. Tolstoy ailədə əxlaqi tərbiyəyə müstəsna əhəmiyyət vermişdir. Bunun üçün də o, düzgün, gözəl nümunələr göstərməyi, əxlaqi söhbətlər keçirməyi, uşağın yaşına müvafiq kitabların oxunması və onun ətrafında müzakirə və s. kimi vasitələri məsləhət görürdü.

Tolstoy ailədə əmək tərbiyəsinin qızğın tərəfdarı olmuşdur. Yazıçı deyirdi ki, uşaqları  əməyi sevməyə sövq etmək lazımdır, qoy uşaqlar zibil atsınlar, su gətirsinlər, qab yusunlar, evi yığışdırsınlar, paltarlarını, ayaqqabılarını təmizləsinlər, süfrə salsınlar, çilingərliyi, dülgərliyi, dərziliyi bilsinlər, həyatda aciz olmamaq üçün bu peşələrə əvvəlcədən yiyələnsinlər. Bəzi ailələrdə uşaqlar bu işlərdən boyun qaçıra bilərlər. Belə hallarda uşaqlar təbii nəticələr metodu ilə cəzalandırılmalıdırlar.

Tolstoy musiqini, nəğməni, təbiətin füsunkarlıqlarını, insanların hərəkətlərində və münasibətlərində mənəvi gözəllikləri yüksək qiymətləndirir və  sevirdi.  Buna görə də Tolstoy ailənin bədii tərbiyyəyə diqqət verməsini lazım bilirdi. O, musiqini, nəğməni və s.uşaqlara öyrətməyi valideynlərin və məktəbin mühüm vəzifəsi hesab edirdi. Tolstoy valideynləri mümkün qədər uşaqlarla bir evdə olmağa, onların marağını öyrənməyə, inkişaflarını izləməyə, fərdi xüsusiyyətlərini fərqləndirməyə çalışırdı.

Tolstoy  insanlara yalnız məsləhət verməklə kifayətlənmirdi. Onun özü də həmişə fiziki hərəkətlərlə məşğul olur, piyada gəzir, at çapır, fiziki işlə, fiziki əməklə məşğul olurdu.

Stefan Tsveyq L.N.Tolstoyun həyatından maraqlı məlumatlar verərək yazmışdır: “...80 yaşlı Tolstoy hər gün öz əzələlərini gimnastika hərəkərləri ilə məşq etdirir, 82 yaşında ikən o, atı 20 verst çapdıqdan sonra inadlıq etdikdə onu qamçılayıb tələsdirir... Onun ayaqları ağır ovçu çəkməsində palçıq yerdə cəsarətlə addımlayır. Qoca çağında onun əlləri heç vaxt titrəmir. Ağlı yaxşı, sarsılmaz halda qalır, danışığı əvvəlki qaydadadır. Onun iti hafizəsi heç bir təfsilatı unutmur. Onun yaradıcı, gümrah, canlı, parlak zəkası heç bir vaxt istirahət etmir, mürgüləmir... Hiss orqanları həmişə qavramağa hazırdır...”.

Lev Nikolayeviçi tanıyanların və görənlərin dediklərinə görə, 70 yaşında ikən o, Yasnaya Polyanaya qonaq olan gənclərə konki yürüşlərində  qalib  gəlmişdi.Tolstoy sağlamlığın, fiziki hazırlığın  əhəmiyyəti haqqında  deyirdi: “Hərəkətsiz  və cismanı əməksiz oturaq əqli iş - kədərdir. Mən bircə gün belə gəzməsəm, əllərim, ayaqlarımla işləməsəm, axşam heç bir şeyə yaramıram; oxuya, yaza bilmirəm, hətta başqalarını diqqətlə dinləyə bilmirəm, başım gicəllənir, gözlərim qaralır, gecəni isə yuxusuz  keçirirəm”.

1862-ci ildə rus xalqı fransız ordusunun darmadağın edilib Rusiyanın sərhədlərindən tamamilə qovulmasının 50 illiyini qeyd edənədək 1812-ci il hadisələri haqqında, Kutuzov və onun keçirdiyi döyüş əməliyyatı barədə bir sıra  tədqiqatlar  yazılıb  çap olunsa da, həmin tədqiqatların heç birində rus xalqının  Vətən müharibəsindəki tarixi qəhrəmanlığı, döyüş şücaəti özünün həqiqi və dolğun əksini tapmamışdı. Ən başlıca cəhət isə bu idi ki, qarşıda  müharibədə rus xalqının oynadığı tarixi rolu, bu hadisələrdə rus xalqının əsas  qəhrəman olduğunu bütün ləyaqəti ilə qələmə almaq vəzifəsi dayanmışdı  və öz həllini gözləyirdi. Bu tarixi vəzifəni Lev Tolstoy öz üzərinə götürdü və rus xalqının qəhrəmanlıq epopeyası olan “Hərb və sülh” əsərini yaradaraq dünya ədəbiyyatına ən qiymətli bir incini təqdim etdi. M. Qorki bu romanı “XIX əsrdə dünya ədəbiyyatının ən böyük əsəri” hesab edirdi.

“Hərb və sülh” dünya ədəbiyyatının dahiyanə əsərlərindəndir. 1812-ci il  Vətən müharibəsində işğalçı Napoleon ordularına qarşı mübarizədə rus xalqı böyük tarixi qəhrəmanlıq göstərdi, rus vətənpərvərliyinin qüdrəti bütün dünya xalqlarını heyran qoydu.

         “Hərb və sülh” rus xalqının qüvvəsinə, qəhrəmanlığına və döyüş əzminə bəslənən böyük vətəndaşlıq inamının bədii ifadəsi idi. Xatırlatmaq istərdim ki, “Hərb və sülh”də rus-fransız müharibəsinin iki mərhələsi təsvir edilmişdir: 1805-1807-ci illər müharibəsi və rus milli xarakterini, rus xalqının coşqun  vətənpərvərlik  hissini parlaq şəkildə təcəssüm etdirən 1812-ci il Vətən müharibəsi.

1805-1807-ci illər müharibəsinə əsasən rus çarının Avropa işlərinə qarışması səbəb  olmuşdu.Tolstoyun nəzərində bu müharibə ədalətsiz müharibə  olmaqla bərabər, həmin vaxtlarda  rus xarici siyasət ivə diplomatiyasının  ciddi  səhvi idi. Əsl həqiqət də belə idi. Avstriya ilə müttəfiq  olub Napoleona qarşı vuruşan və müharibə şəraitində Kutuzovu baş  komandanlıqdan uzaqlaşdırıb komandanlığı öz öhdəsinə  götürən I Aleksandr  bu vuruşlarda  məğlub  edilmiş, minlərlə döyüşçüsünü, soldat və zabitlərini  itirəndən sonra Napoleonla barışığa  girmişdi. I Aleksandr Napoleonu, Napoleon da I Aleksandrı ordenlə təltif etmiş, bununla da böyük qanlar bahasına başa gələn rus-fransız müharibəsinin birinci mərhələsi  bitmişdi.

 “Hərb və sülh” romanı Tolstoy realizminin şah əsəridir” – deyənlər tamamilə haqlıdır.  Ədib istər yaratdığı insan surətlərini və istərsə də tarixi şəraiti  elə böyük bir ustalıqla  əks etdirmişdir ki, həmişə və hər yerdə oxucuları öz dahiyanə sənətinə heyran etməkdədir.

         “Hərb  və  sülh” romanında  Tolstoyun ən böyük müvəffəqiyyəti  rus xalqının  qüdrətini  dərin bir etimad və vətənpərvərlik hissi ilə təsvir etməsidir. Ana torpağını Napaleonun qəsbkar ordularından xilas etmək üçün ayağa qalxan rus xalqının qüdrətinə, onun apardığı müharibənin xilaskarlıq müharibəsi, ədalətli müharibə olmasına dərindən inanan Tolstoy, xalqın  vətənpərvərliyini  hərtərəfli, geniş bir şəkildə əks etdirə bilmişdir.

         Rus xalqının vətənpərvərliyi müxtəlif şəkillərdə gözümüzün qabağından gəlib keçir: tacir Ferapontov fransızlar Smolenskə girən kimi, düşmənə bir şey çatmasın deyə, öz dükanını yandırır: Karp və Vlas adlı iki kəndli otlarını yandırır, amma baha qiymətə də olsa, fransızlara  satmırlar; əvvəllər  Napaleonun şöhrətinə rəğbət bəsləyən knyaz Andrey Bolkonski düşmənin  Moskvaya  yaxınlaşdığını gördükdə, vətənpərvərlik hissi ilə deyir: “Fransızlar mənim evimi dağıtdılar, indi də Moskvanı dağıtmağa  gəlirlər, onlar məni hər an təhqir etmişlər və təhqir etməkdədirlər. Onlar mənim düşmənlərimdir. Məncə, onlar canidirlər. Timoxin də, bütün ordu da bu fikirdədir. Onları edam etmək lazımdır”. Knyajna Mariya fransızların hakimiyyəti  altında  qala biləcəyini düşündükdə, dəhşətə gəlir.

         Tolstoyun  əsas qəhrəmanlarından olan Pyer Bezuxov öz həyatında çox mürəkkəb bir inkişaf yolu keçir. Şöhrətpərəst knyaz Kuragin güclə öz qızı Eleni bu varlı oğlana verir. Əxlaqsız  Elenlə  Pyer yaşaya  bilmir. Pyer Avropada  cərəyan edən siyasi cərəyanlarla, masonluqla, fəlsəfə ilə maraqlanır, həyatın mənasını, özünün vətəndaşlıq vəzifəsini axtarır. Pyer ancaq  müharibə zamanı sadə rus soldatlarına  yaxınlaşdıqdan, onlarla yaxından  tanış olduqdan sonra  axtardığın ı tapır, o, başa düşür ki, həyatın əsas mənası xalqa xidmət etməkdədir.

         1812-ci il Vətən müharibəsində işğalçı Napoleon ordularına qarşı mübarizədə rus xalqı böyük böyük tarixi qəhrəmanlıq göstərdi, rus vətənpərvərliyinin qüdrəti bütün dünya xalqlarını heyran qoydu.

 Rus xalqının öz azadlığı və istiqlaliyyəti uğrunda yadelli işğalçılara qarşı apardığı  qəhrəmanlıq mübarizəsindən bəhs edən “Hərb və sülh” romanı üzərində Lev Nikolayeviç 6 ildən artıq (1863-1869-cu illərdə) işləmişdir. Burada epik təsvirlərin  genişliyi, əzəməti, insanların mənəvi həyatı, mübarizəsi heyrətamiz dərəcədə bütün aydınlığı, dərinliyi ilə göstərilmişdir.

Tolstoy rus xalqının ən yaxşı keyfiyyətlərini, vətənpərvərlik duyğusunu, xalqın mənəvi qüdrətini Kutuzovun obrazında canlandırır.Yazıçı onu sadə, humanist insan, ağıllı və uzaqgörən sərkərdə kimi təsvir edir. Xalqla bağlılıq, xalqa olan inam və etiqad Kutuzovun başlıca  keyfiyyətlərindəndir. Bu keyfiyyətlərinə görə xalq onu özünün başçısı, xalq müharibəsinin sərkərdəsi seçir, taleyini ona tapşırır. Ordu ilə xalq düşmənə qarşı vahid cəbhədə vuruşur.

Kutuzov hadisələrin inkişafını düzgün dərk edən, real qiymətləndirən, öz qərarlarında xalqın iradəsini ifadə edən bir sərkərdədir. Hərbi strateq olaraq Kutuzov yüksək məharət sahibidir.O, döyüş şəraitində baş verən hər bir hadisəni, hər bir yeni vəziyyəti diqqətlə izləyir, gecələr səhərə qədər hərbi planlar haqqında düşünür. Hadisələrin gələcəyini  əvvəlcədən aydın görməsi  Kutuzovun başlıca  xüsusiyyətidir. Müdrik sərkərdə partizan hərəkatının  böyük rolunu yüksək qiymətləndirir və onu müdafiə edib qüvvətləndirməyə  çalışır. Sadə rus soldatları Kutuzovu özlərinin ən yaxın, doğma adamı, rəhbəri, dostu, atası hesab edirlər.

Romanda  Tolstoy hər şeydən əvvəl rus xalqında işğalçılar üzərində qəti qələbəni təmin edən vətənpərvərlik ruhunun necə yarandığını və qüvvətləndiyini göstərmişdir.

Düşmən rus torpağına daxil olarkən rus ordusunun döyüş qüdrəti birə min  qat artır. Hər bur rus hərbçisi yaxşı bilir ki, o, öz doğma  Ana vətənini müdafiə  edir. Hamı “Ya qələbə, ya ölüm!”- deyə, döyüşə  atılır. Rus ordusu ağır  itkilər verdiyinə  baxmayaraq, onun döyüş ruhu gündən-günə yüksəlir Bu yüksək ruh onun işğalçı fransız  orduları üzərində qəti qələbə qazanmasını təmin edir.Tolstoy göstərir ki, rus xalqı, rus ordusu qələbə çalır, ona görə ki, o, işğalçılıq, qəsbkarlıq  müharibəsi deyil, ədalətli müharibə  aparır, buna görə də bu müharibə hər bir rus adamı üçün müqəddəs Vətən müharibəsinə çevrilir.

Vətən müharibəsinin xüsusiyyətlərindən bəhs edərkən Tolstoy demişdir: “1812-ci il müharibəsində vətənin ölüm-dirim məsələsi həll olunurdu. O zaman bütün ruslarda ümumi bir məslək vardı- fransızları Rusiyadan qovmaq və onların ordularını məhv etmək. Xalqın bircə məqsədi vardı: öz vətənini işğalçılardan təmizləmək”.

“Hərb və sülh” epopeyası başdan ayağa qədər rus həyatıdır.Fitrətən mütəfəkkir yazıçı olan Tolstoy yaratdığı nəhəng əsərlərdə rus xalqının vətənpərvərliyini, zəngin mənəvi aləmini böyük inandırıcılıqla əks etdirmişdir.Bunun başlıca səbəbi böyük yazıçının insan təbiətinə, həyat həqiqətinə, rus xalqına dərindən bələd olması, qəlbin əsrarlı duyğularını hiss etməyə qadir olması idi. “Hərb və sülh”də rus xalqının öz milli istiqlaliyyəti uğrunda mübarizəsi, habelə xalqın yenizlməzliyi diqqət mərkəzində dayanmışdır. 1812-ci il müharibəsi barədə heç bir məlumatı olmayan oxucu belə “Hərb və sülh”ün ilk səhifələrindən məyyən edir ki, bu döyüşdə rus ordusu fransız ordusunu məğlubiyyətə uğradacaqdır.

1812-ci il müharibəsində iki ordu qarşı-qarşıya dayanmışdı.Onlardan biri müxtəlif millətlərdən düzəldilmiş və istilaçının iradəsini yerinə yetirərək rus torpağına soxulub Rusiyanı əsarət altına almaq məqsədilə  ədalətsiz, işğalçı müharibə  aparan Napoleon ordusu, ikincisi isə xalqın iradəsini yerinə  yetirərərək  vətənpərvərlik hissi ilə coşub-daşan, xalqla birlikdə öz milli istiqlaliyyətini, müstəqil yaşamaq hüququnu müdafiə edən ədalətli, azadlıq müharibəsi aparan rus ordusu idi.

Müharibədə  bir-birinə  zidd ideyanın ilhamçısı olan iki sərkərdə qarşı-qarşıya  dayanmışdı. Bunlardan biri işğalçı müharibənin qanlı ruhunu təcəssüm  etdirən, xalqları əzmək və  əsarət altına almaq yolu ilə dünya ağalığına  can atan Napoleon, ikincisi  isə  xalqın  qüdrətini, onun iradəsini və  hisslərini  təcəssüm etdirən, öz qoşunlarını xalqın böyük məqsədləri uğrunda, vətəni müdafiə etmək uğrunda döyüşlərə  aparan Kutuzov idi.

Tolstoy yazırdı: “Xalq müharibəsinin dəyənəyi öz qorxunc və əzəmətli gücü ilə yuxarı qalxmışdı və heç kəsin zövqünü, qayda-qanununu soruşmadan fransızları o qədər döyəclədi ki, axırda onların bütün hərbi səfəri məhv oldu”.

Təsadüfi deyildir ki, əsərdə partizan dəstələrinin fəaliyyətinə geniş yer verilmişdir.Tolstoy, komandir Denisovu, təcrübəli kapitan Timoxini,  Doloxovun partizan dəstələrini, sadə rus kəndlisi partizan Tixon Şerbatovun igidliyini, digər sadə kəndlilər Karp və Vlası, knyaz Andrey Volkonskini, Pyer Bezuxovu, Nataşanı, Mariya Bolkonskayanı, kapitan Tuşini  böyük məhəbbətlə təsvir edir. Bunların əksinə, Napoleon, I Aleksandr, Rostonçin, Arakçeyev, Vasili Kuraqin kimilərini nifrətlə təsvir edir.Çünki onlar xalqa düşmən olan, ümumi mənfəəti üçün deyil, yalnız öz şəxsi mənfəətləri üçün çalışan azğın şöhrətpərəstlərdir.

559 surət olan bu romanda Tolstoy kəndli kütlələrinin təsvirinə də xüsusi fəsillər həsr etmişdir.

Tolstoy Borodino vuruşmasını bir qabiliyyət kimi, rus xalqının misilsiz hərbi rəşadəti kimi qiymətləndirərərək o zamankı rəsmi tarix elmi ilə ciddi mübahisəyə girişir. O zaman tarixçilər Borodinonu məğlubiyyət  hesab edir və  bunu əsaslandırmaq üçün rus qoşunlarının vuruşmadan sonra geri çəkildiklərini  göstərirdilər. Borodinonu çar və onun əyanları da belə qiymətləndirmişdilər. Almanəsilli general Ferdinand Fyodoroviç Vintsenherode  çar Aleksandra yazmışdı: “Nə deyirlər desinlər, vuruşmanın nəticələri kifayət qədər sübut edir ki, bu vuruşma uduzulmuşdur”.

Lakin xalq özünü məğlub olmuş hesab etmirdi.Borodino vuruşmasının bütün iştirakçıları  bu  tarixi vuruşmanın qalibiyyətlə  nəticələndiyini qətiyyətlə bilirdilər. Feldmarşal bu vuruşmada qələbə çaldığı barədə məlumat vermişdi. Hər bir rus uşağı, hər bir məktəbli bilirdi ki, Borodino vuruşması rus silahının şöhrətidir və bu vuruşmada ruslar qalib gəlmişlər.

Lev Nikolayeviç Moskvanın yanmasının səbəbləri məsələsində də burjua  tarixçiləri ilə mübahisəyə girişmişdi. Burjua tarixçiləri deyirdilər ki, guya  paytaxtı Napoleona qarşı mübarizədə “yandırılmış torpaq” taktikası tətbiq edən ruslar yandırmışlar. Tolstoy isə yazırdı: “Moskvanı əhali yandırmışdır, bu düzdür, lakin şəhərdə qalan əhali deyil, şəhərdən çıxıb gedənlər yandırmışlar.Düşmən tərəfindən tutulmuş Moskva  yalnız bu səbəbə görə  Berlin, Vyana və başqa şəhərlər kimi salamat qalmadı ki, onun əhalisi fransızlara duz-çörək və darvaza açarları təqdim etməyib, paytaxtdan çıxıb getmişdi”.

Moskvanın əhali tərəfindən tərk edilməsinə və yandırılmasına Tolstoy yadellilərin  əsarəti altına düşmək istəməyən və düşməyən rus xalqının yenilməz  əzəmətini əks etdirən bir hadisə kimi baxırdı. “Onlar buna görə çıxıb  gedirdilər ki, rus adamları üçün belə bir sual ola bilməzdi: fransızların idarəsi altında Moskvada yaşamaq yaxşı olacaq, ya pis olacaq? Fransızların idarəsi altında qalmaq olmazdı; bu, hər şeydən pis idi”.

Rusiya  məhz öz xalqının bu əzəməti və sarsılmaz qüdrəti sayəsində “məğlubedilməz” Napoleon ordusunu darmadağın edib ümumdünya şöhrəti qazandı.

Bir çox sənədlər göstərirdi ki, Napoleon ordusu nəinki Moskvadan geri çəkildikdən sonra, hətta Moskvaya doğru hərəkət etdiyi zaman belə, Rusiyanın şəhərlərini və kəndlərini dağıdır, qarət edir və yandırırdı.

Bəzi tarixçilər Napoleonun yaramaz hərəkətlərini onun böyük bir şəxsiyyət olması ilə doğrultmaq istəyirdilər. Lev Nikolayeviç  belə tarixçilərlə mübahisə  edərək göstərirdi ki, şəxsiyyətin böyüklüyü onun fəaliyyətinin xarakterindən, yəni nəyə doğru yönəldilmiş olduğundan, qarşısına qoyduğu məqsəddən, onun təbiətində və əməllərində olan “yaxşı və pis” cəhətlərin ölçüsündən  asılıdır. Xalqları əsarət altına almaq yolu ilə dünya ağalığına can atan , təkcə ayrı-ayrı adamları deyil, bütöv xalqları da öz oyununda piyada şahmat fiqurası hesab edən adam Tolstoyun etiqadına görə böyük şəxsiyyət ola bilməz, çünki sadəlik, xeyirxahlıq və həqiqət olmayan yerdə böyüklük ola bilməz.

Qüdrətli yazıçı Napoleonun bütün dünyanı fəth etmək və öz idarəsi altında dünya imperiyası yaratmaq kimi utopik xülyasını ifşa və rüsvay edir, göstərirdi ki, Napoleon mahiyyət etibarı ilə miskin və məhdud düşüncəli bir adamdır; tarixi hadisələrin rəhbəri rolunu oynamaq istədiyi halda, bu hadisələrin nə mənasını, nə də qanunlarını başa düşmür.

Rus dahisi Napoleonun fırıldaqçı niyyətlərini göstərərək, onun fəaliyyətinin xalqlara zidd, deməli, son dərəcə ədəbsiz olduğunu nəzərə alaraq, onda dahilik əvəzinə, misli-bərabəri olmayan axmaqlıq və rəzillik görürdü. Tolstoy yazırdı: “Bizim öz xəcalətimizi gizlətmək üçün onun dahiliyini təsdiq etməyə Allaha şükür, əsasımız yoxdur. Biz qurban verib, hadisələrə sadə və düz baxmaq hüququnu almışıq və bu hüquqdan keçməyəcəyik”.

Məşhur rus romançısı  Turgenev məktublarından birində “Hərb və sülh” romanını tərifləyərək yazmışdı: “Tolstoyun romanı – qəribə bir şeydir... Məişət, təsvir, müharibə, hər şey əladır; bizdə Tolstoy kimi sənətkar yoxdur ”.

Tolstoy, yazıçının  hələ  öz sağlığında dünya dillərinə tərcümə olunmağa başlanılmış, Avropanın bir çox yazıçıları ondan öyrənmiş, onun təsiri  altında  olmuş  və böyük ədibin yaradıcılığına da yüksək qiymət vermişlər. Hələ 1879-cu ildə “Hərb və sülh” fransız dilinə tərcümə olunub nəşr ediləndə, məşhur fransız yazıçısı Q.Flober romanın birinci iki cildini oxuduqdan sonra yazmışdı: “Nə böyük sənətkardır, nə böyük psixoloqdur! Birinci iki cild heyranedicidir”.

Fransız yazıçısı Gi de Mopassan: “Bax, belə yazmaq lazımdır.Bu bizim üçün, bizim gənclər üçün kəşfdir, bütün yeni bir aləmdir” – deyib, Tolstoy realizminə heyranlığını bildirmişdi. Teodor Drayzer qeyd etmişdi ki, o, gəncliyində Tolstoy kimi yazıçı olmaq arzusu ilə yaşamışdır ki, dünya Tolstoyun səsinə qilaq asdığı kimi, onun da səsinə qulaq assın.

“Hərb və sülh”ü həbsdə ikən tərcümə  edən Nazim Hikmət, Tolstoyu “sənətkarların  sənətkarı” adlandırmışdır.

         Təkcə Fransada 1866-cı ildən 1935 – ci ilə qədər Tolstoyun əsərlərinin 366 tərcüməsi nəşr olunmuşdur.

         Ingilis yazıçısı Con Qolsuorsi “Hərb və sülh” romanı haqqında yazmışdır: “Əgər ədəbiyyat həvəskarlarının  “Dünyada ən böyük roman hansıdır?”sualına cavab vermək üçün anket doldurmaq lazım gəlsəydi, mən  “Hərb və sülh” romanını seçərdim”.

         40 il əvvəl, 1948-ci il sentyabrin 8-də  böyük dühanın anadan olmasının 150 illiyi münasibətilə Moskvada, Böyük Teatrda keçirilən təntənəli mərasimdə Hindistanın Milli Ədəbiyyat Akademiyasının prezidenti Umaşankar Coşi çıxışında demişdi: “Mən məktəbli olduğum zaman əlimə bir kitab keçdi.Həmin kitab belə adlanırdı: “Mahatma Tolstoy”- “Tolstoy böyük qəlbli insandır”. Hindistanda Tolstoyu çox vaxt Mahatma adlandırırlar. Özünü Tolstoyun sədaqətli şagirdi hesab edən Qandi, ilk dəfə olaraq Tolstoyu belə adlandırmışdı.

         “Hərb və sülh” romanından söz düşdükdə, hindlilər Hindistanın böyük epik poeması olan, müharibədən bəhs edən, lakin məşhur “sülh kitabı”nı da əhatə edən “Mahabharata”nı xatırlayırlar.

         Tolstoy müharibənin reallığını ilk dəfə hiss etdikdə, ona nifrət bəsləmişdi. O, müharibə əleyhinə özünə xas olan aydın təfəkkür və cəsarətlə  çıxmaya bilməzdi, birinci dünya müharibəsinin başlanmasına hələ xeyli qalmış o, bu cür hərəkət etdi.Tolstoy Birinci Dünya müharibəsinin şahidi olmadı. Barışmaz, həqiqət axtaran böyük yazıçı hər cür yalandan, saxtakarlıqdan  və  ədalətsizlikdən xilas olmağa çalışdı. O, inanırdı ki, bəşəriyyət insanlara hədsiz məhəbbətlə dolu olan bir həyata gəlib çatacaqdır”.

 

     Ardı var.



Strategiya.az

Xəbərlər
13.11.2018

Futbolçular və azarkeşlər hakimin çənəsini sındırdılar

13.11.2018

Gündüz saatlarında hava yağmursuz keçəcək

13.11.2018

"Azərişıq": Qış aylarında elektrik enerjisi ilə təchizatda heç bir problem olmayacaq 

13.11.2018

Tramp Təhlükəsizlik nazirini istefaya göndərir

13.11.2018

Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

13.11.2018

Cəbhə xəttində monitorinq keçiriləcək

13.11.2018

Gürcüstandan Azərbaycana 61 mobil telefonun qanunsuz keçirilməsinin qarşısı alınıb

13.11.2018

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

13.11.2018

“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib

13.11.2018

Şəhid vərəsələrinə ödəmələrin verilməsinə başlanıldı

13.11.2018

Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar

13.11.2018

Alleqri A Seriyasının ən yaxşısıdır - 4-cü dəfə

13.11.2018

Salyanda ağır qəza: ölən və yaralananlar var

13.11.2018

Dollarla bağlı mühüm proqnozlar

13.11.2018

Ukrayna və ABŞ arasında strateji enerji dialoqunun başlanmasına dair razılıq əldə edilib

13.11.2018

Ronaldo hamını qabaqladı - 88 zərbə ilə

13.11.2018

Noyabrın 13-də xarici valyutaların manata qarşı məzənnələri

13.11.2018

Ağcabədidə 3 otaqlı yaşayış olan tikili yanıb

13.11.2018

Atəşkəs 24 dəfə pozulub

13.11.2018

Sürücülərin nəzərinə: Müddət bitir

13.11.2018

Nəzmiyyə Brumendfard: Azərbaycanda qripə qarşı pulsuz peyvəndin edilməsi məqsədəuyğun sayılmır

13.11.2018

Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

13.11.2018

Moskvada ermənilərlə azərbaycanlılar arasında qarşıdurma baş verib

13.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Fövqəladə və səlahiyyətli səfirin vəzifəsindən geri çağırılması ilə bağlı

13.11.2018

Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

13.11.2018

Dövlət İmtahan Mərkəzi hazırlıq kurslarına başlayır -kursda iştirak haqqı da məlumdur - VİDEO

13.11.2018

Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

13.11.2018

Şəkidə yanğın

13.11.2018

Terrorçuların dəhşətli təcavüz olayları - QANDONDURAN İFADƏLƏR

12.11.2018

Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb

12.11.2018

Kürdəmir rayonunda bədbəxt hadisə 

12.11.2018

Qazaxda maskalı şəxs qadının evinə basqın etdi 

12.11.2018

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

12.11.2018

Əvvəlkindən çox fərqlənir

12.11.2018

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak ediblər

12.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12.11.2018

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb

12.11.2018

“Vikipediya”da Milli Qəhrəman Rövşən Əliyev haqqında ingilis dilində məqalə yaradılıb

12.11.2018

Nazirlik: Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

12.11.2018

DİN-dən sosial şəbəkələrdə saxta səhifə yaradanlara xəbərdarlıq

12.11.2018

Əliyar Ağayev UEFA kursunda

12.11.2018

ABŞ-ın pilotsuz təyyarələri Pakistanda 2 mindən çox mülki şəxsin ölümünə səbəb olub

12.11.2018

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

12.11.2018

“Cinçıxarma”da iştirak edənlərin ŞOK ETİRAFLARI: “40 dəfə çubuqla vurub müalicə edirdi, dözməyib öldü” – VİDEO

12.11.2018

83 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

12.11.2018

Bu “moyka”lar cərimələnəcək – VİDEO

12.11.2018

Qəbələdə dağdan yıxılan şəxsin meyiti tapılıb

12.11.2018

“Aşağı liqaya düşəcəyimizə inanmıram” - Mourinyo

12.11.2018

Ötən gün ərzində 89 cinayət faktı qeydə alınıb

12.11.2018

FHN: Lənkəranda 4 kənd yağış suları ilə dolub, 63 nəfər təxliyə edilib