MERDEKA-İNDONEZİYA DİLİNDƏ AZADLIQ DEMƏKDİR

10:19 / 12.08.2014

Reyhan Mirzəzadə

Publisist-politoloq

“BU ÖLKƏNİ DAHA YAXINDAN İZLƏMƏLİYİK, ÇÜNKİ ON İL SONRA İNDONEZİYA ÇOX FƏRQLİ BİR MÖVQEDƏ OLACAQ. UYUYAN DİV OYANACAQ.”

(Türkiyə jurnalistinin İndoneziya səfərindən sonra yazdıgı məqalədən)

Indoneziya adalar dövlətidir. Asiya ilə Avstraliya arasında, Sakit okeanla Hind okeanı arasında olan  3 min adadan ibarət böyük bir tagım adalarıdır. İndoneziya dünyada ən böyük  arxipelaqdır. 230 milyon nəfər  əhali sayına görə dünyada Çin, Hindistan və ABŞ-dan sonra dördüncü yeri tutur. Əhalinin 96 faizini dil,mədəniyyət və mənşəcə yaxın, 150-dən çox xalqdan ibarət olan indoneziyalılar təşkil edir. Ölkədə eyni zamanda indiyədək ibtidai icma formalarını saxlayan qəbilə və tayfalar, həmçinin çinlilər, ərəblər, Hindistan, Pakistan və banqladeşdəngəlmələr,hollandlar da yaşayır. Ümumiyyətlə,  İndoneziyada 300 etnik qrup mövcuddur, əhali 728 dildə danışır.

Indoneziya  dünya iqtisadiyyatı və siyasətinə birbaşa təsir göstərə bilən nəhəng 20-lik (G-20 kimi qeyd olunur)  ölkələr qrupuna daxildir və iqtidsadiyyatının sürətli artım tempinə görə bu qrupda Çindən sonra 2-ci yerdədir. Ölkənin ümumi daxili məhsulunun həcmi  1 trilyon ABŞ dollarından çoxdur. Dünya iqtisadiyyatı ədəbiyyatında İndoneziya, Malayziya, Sinqapur, iqtisadiyyatlarının sürətli inkişafına görə “pələng dövlətlər” adlandırılır. Mütəxəssislərin proqnozlarına görə, yaxın gələcəkdə  İndoneziyanın dünya iqtisadiyyatında rolu daha da artacaq,bu ölkə, iqtisadiyyatının artım tempinə və həcminə görə ilk 10-luqda yerini tutacaq.

İndoneziya fərqli millətlərin, dinlərin bir-birinə səmimi dostluq münasibəti, qarşılıqlı ehtiram göstərdiyi ölkələrdən biridir. Burada müxtəlif millətlərin dinini, mədəniyyətini və tarixini özündə birləşdirən saysız-hesabsız məbəd və abidələr vardır. Yazılı mənbələrdən məlum olurki,  İndoneziya ərazisində  mövcud olan ilk din buddizmdir. Buddizm dini bu ərazilərdə III-IV əsrlərdə meydana gəlib. Buddist abidələrinə İndoneziyanın demək olar bütün ərazilərində rast gəlmək olar. Buddizmin ilk yayıldıgı yer olan Bali adasında bir-birindən əzəmətli və heyranedici minlərlə buddist məbədləri mövcuddur. Bali adası bu mədəniyyət və memarlıq inciləri ilə o qədər zəngindir ki, deyilənə görə, burada hər evdə, magarada, bazarda və hətta benzindoldurma məntəqəsində belə məbədlərə rast gəlmək mümkündür.

V-VII əsrlərdə İndoneziya və Hindistan arasında ticarət və mədəni əlaqələrin inkişafından sonra İndoneziya ərazisində Hindistan mədəniyyəti və memarlıgı ilə bərabər, hinduizm dini də yayılmaga başlayıb. Hinduizm və Buddizm bir-birinə yaxın dinlər oldugu üçün bu dinlərə sitayiş edənlər eyni məbədlərdə görüşürdülər.

 İndoneziyada İslam dini XI-XIII əsrlərdə Malayziya və Hindistandan keçməklə yayılmaga başlayıb. XVI əsrdə xristianlıq meydana gəlib. Əvvəlcə portuqallar tərəfindən katoliklik yayılıb və katolik kilsələri tikilib. Sonralar hollandlar protestantlıgı yaymaga başlayıb və katolik kilsələr protestant kilsələri ilə əvəz olunub.Müxtəlif əsrlərdə dinlərin bir-birini əvəz etməsi ölkə ərazisində xeyli sayda məbədlərin tikilməsinə səbəb olub.Təkcə buddizmə aid 22 000 buddist məbədi tikilib.Bunlardan ən böyük və ən qədimi bütün dünyada məşhur olan Borobudur məbədidir. Məbəd Yava adasında paytaxt Cakarta şəhərindən 40 km şimal-şərqdə yerləşir.” Daglarda Budda məbədi “  adlanan bu möcüzəli tikili kvadrat şəklindədir.Kvadratın hər tərəfinin uzunlugu 120 metrdir. Ümumi ərazisi 55000 kv metrdir. Tikilidə 2 milyon daş bloklardan istifadə olunub. Məbədin içində Buddanın 504 heykəli, 1460 dini mövzuda işləmələr var. Məbədin zirvəsinə qalxmaq üçün səbrlə bir neçə km məsafə qət etmək lazımdır. Zirvəyə qalxan yol spiral şəklindədir. Alimlər məbədi təqribən VII-IX əsrlərə aid edir. Zaman-zaman ərazidə baş verən zəlzələ və vulkanlar tikiliyə ziyan vursa da, bərpa işləri aparılıb. İndi məbəd İndoneziyanın ən qiymətli sənət abidələrindən biri kimi dövlət tərəfindən qorunur. Eyni zamanda Borobudur məbədi YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib.

İndoneziyada YUNESKO-nun Ümumdünya irsi siyahısına düşən tarixi memarlıq abidələrindən biri də  buddizmin və hinduizmin ən böyük  nümunələrindən biri olan “Prambanan “ kompleksidir. Kompleks X əsrin əvvəlində tikilib. Yava adasının mərkəzində, Cakarta şəhərindən 18 km şərqdə, Borobudur və məşhur  çar sarayı olan Ratu Bokodan bir qədər aralıda yerləşir. 1918-1953-cü illərdə holland alimi tərəfindən bərpa edilib. Ratu Boko sarayını XVII əsrin sonunda portuqaliyalılar tikib.

Alimlərin və çoxsaylı turistlərin diqqət mərkəzində olan məşhur məbədlərdən biri də Lara Conqranq adlanır.Məbəd X əsrdə Mataram hökumətinin başçısı Caksa tərəfindən tikilib.Adının mənası “ Qamətli qız “ olan Lara Conqranq 47 metr hündürlükdədir və Şiva adlı Allahin şərəfinə tikilib.

Cənub-şərqi Asiyada ən böyük məscid olan İstiqlal məscidi Cakarta şəhərində yerləşir. Bu, İndoneziyanın Milli məscidi kimi çoxsaylı müsəlmanların əziz ziyarətgahıdır. Regionun ən böyük məscidi, eyni vaxtda 120 000 nəfər insanı qəbul edir. İstiqlal, İndoneziya azadlıgına nail olduqdan sonra xalqın Allaha bir daha məhəbbətinin və təşəkkürünün təzahürü kimi inşa edilib.İstiqlal sözü ərəb dilində azadlıq deməkdir. 1953-cü ildə İstiqlal məscidinin tikilməsi üçün komitə yaradılıb. Bir neçə memarın layihəsi təkilf olunub. Memar Fredrik Slabanın layihəsi məqsədəuygun hesab olunub. 1961-ci il 24 avqustda prezident Əhməd Sukarno tikintinin təməlini qoyub. Tikinti 17 ilə tamamlanıb. 1978-ci il fevralın 22-də İndoneziyanın növbəti prezidenti Suxarto Milli məscidin açılışında iştirak edib.

Indoneziya həm də çox maraqlı ölkədir. Ölkənin öz təqvimi vardır.İndoneziyalılar şən həyatı sevirlər. Onların təqvimlərində o qədər bayramlar mövcuddur ki, sanki ölkə hər gün bayram edir. İldə 230 gün bayram günüdür. Təkcə Kuninqan və Qalunqan adlı dini bayramlar 10 gün davam edir. Bayram günləri ailələr bir məkana yıgışıb Allaha dua edirlər ki, Tanrı ailələrindəki səadəti qorusun. Buna görə də bayrama səadət bayramı da deyilir.

İndoneziya təqvimində bir bayram da var ki, bu, 8 mart beynəlxalq qadınlar gününə çox yaxındır. Həmin gün,  21 aprel - Kartini günü İndoneziyada qadınlar bayramıdır.

 Raden Adjenq Kartini İndoneziyanın yazıçısı, ictimai-siyasi xadimi, qadın təhsili ideoloqu,ilk feminist qadını və Milli Qəhrəmanı olub. Yüksək ziyalı ailəsində dogulub, Qərb təhsili alıb. Qadınların maariflənməsinə çalışıb.Köhnə feodal qanunlarının, çoxarvadlılıgın,erkən nigahların əleyhinə gedib. Qadın hüquqlarının müdafiəçisi kimi məqsəd və amallarını yazdıgı “ Zülmətdən işıqlıga” adlı kitabında əks etdirib. Xanımın fəaliyyəti İndoneziyada milli hərəkatın simvollarından biri kimi qiymətləndirilib. Məktəblərə adı verilib.

Dost və qardaş ölkənin- İndoneziyanın siyasi tarixində bütün xalq üçün əziz olan bir gün  də var. Bu, 17 avqust- müstəqillik günüdür. Bu şanlı tarixə gedən yol olduqca çətin, iztirablı, eyni zamanda şərəfli və qürurlu yol olub. Bu yolda ölənlər də az olmayıb, həbsxanalarda zülümlərə düçar olanlar da, min cür dərd tapıb məhv olanlar da çox olub, amma İndoneziya düşmən qarşısında əyilməyib. Döyüşüb,mübarizə aparıb və qalib gəlib.

...Artıq XVI əsrdə İndoneziya müsəlman sülalələrinin başçılıq etdikləri kiçik dövlətlərə bölünür. Avropa müstəmləkəçilərinin ilk dəfə İndoneziyaya gəlməsi də həmin əsrə aid edilir. XVIII əsrdə hollandlar Yava adasının əsas bölgələrini, XIX əsrdə isə bütün İndoneziyanı işgal edir. XX əsrin əvvəlindən İndoneziyada mütəşəkkil milli azadlıq hərəkatı başlayır. 1908-ci ildə ilk milli təşkilat- Budi Utomo, 1911-ci ildə islam kütləvi-siyasi təşkilatı- Sariqat təşis edilir.

1939-cu ildə İndoneziyada milli şüurun güclənməsi nəticəsində ilk vahid milli cəbhə təşkilatı-İndoneziya Siyasi Birliyi təşkilatı yaranır. 1942-1945-ci illərdə İndoneziyanı Yaponiya qoşunları işgal edir. 1945-ci ilin 17 avqustunda milli azadlıq hərəkatının güclü mübarizliyi nəticəsində keçmiş müstəmləkə ərazisində azad,müstəqil dövlətin- İndoneziya Respublikasının yaranması elan olunur. O vaxtdan 17 avqust ölkədə milli bayram-müstəqillik günü kimi geniş qeyd olunur. Ölkənin ilk prezidenti Sukarno seçilir.

Əhməd Sukarno kasıb müəllim ailəsində dogulmuşdu. İndoneziyada mövcud olan bir neçə dildən əlavə, ingilis, fransız, alman və yapon dillərini də yaxşı bilirdi. 1927-ci ildə yaranan İndoneziya Milli Partiyasının banilərindən biri və partiyanın sədri olmuşdu. Xalq arasında  Bunq Karno, yəni qardaş Karno adı ilə məşhur idi. Müstəmləkəçiliyə,əsarətə qarşı mübarizədə iştirak etdiyinə görə 1929-1931-ci illərdə hollandiyalılar tərəfindən Bandunqda 2 il həbs cəzasına məhkum edilmişdi. 1932-ci ildə İndoneziya Milli Partiyasının əvəzində yaradılmış İndoneziya Partiyasına daxil olub onun sədri seçilmişdi. 1933-1942-ci illərdə 8 il Sumatra və Flores adalarında sürgün həyatı yaşamışdı. 1945-ci ildə İndoneziyanın istiqlaliyyətini bəyan edib onun ilk prezidenti seçildikdən sonra, 1963-cü ildə Əhməd Sukarnoya inqilabın böyük rəhbəri titulu verilmiş və o,ömürlük prezident elan olunmuşdu. Lakin 1965-ci il 30 sentyabr hadisələri nəticəsində ölkədə hərbi-bürokratik rejimin yaradılması ilə Sukarnonun siyasi fəaliyyəti məhdudlaşdırılmış və o, 1966-cı ildə hakimiyyətdən uzaqlaşdırılmışdı. Hakimiyyətdən uzaqlaşdıgı ildən ömrünün sonuna qədər ev dustagı idi. Onun ideologiyası  ölkədə qadagan olunsa da, 1970-ci ildən sonra ideologiya üstünlüyü ilə haqqa tapındı bu qadaga aradan götürüldü. Nəydi bu ideologiya? Gəlin, tarixi sənədlərə müraciət edək və arxivin səhifələrində bunu necə deyərlər, onun öz dilindən eşidək.

1956-cı ilin sentyabrın əvvəlində İndoneziyanın ilk prezidenti Əhməd Sukarno keçmiş SSRİ-yə rəsmi səfərə gələrkən ölkənin bir çox yerlərini gəzdi. Müsəlman xalqlı respublikalarda-Özbəkistanda və Azərbaycanda olarkən onun etdiyi çıxışlarda islami dogmalıq özünü aydın büruzə verirdi. O, deyirdi: ”Sizin aranızda çoxlu müsəlman oldugunuzu bildiyimə görə,mən sizə müsəlmancasına salam vermək istəyirəm. İndoneziyada ən müxtəlif dinlərə etiqad edən adamlar yaşayır,orada müsəlmanlar, xristianlar və büdpərəstliyə etiqad edən adamlar vardır, lakin İndoneziya xalqı özünü vahid bir xalq hiss edir və indoneziyalılar bir-birilərini İndoneziya dilində “Merdeka!”-deyə salamlayırlar. Bu söz isə İndoneziya dilində Azadlıq deməkdir.

Biz 350 il müstəmləkə əsarəti altında olmuşuq, 350 il bundan əvvəl birinci dəfə olaraq hollandiyalılar bizim ölkəmizə gəlmişlər. İndoneziyada milli mübarizə 1908-ci ildə başlanmışdır. Əvvəlcə kiçik bir hərəkat olan bu mübarizə tədriclə genişləndi və bütün İndoneziya xalqının,80 milyonluq indoneziyalıların hamısını bürüdü. 1945-ci il avqustun 17-də isə biz özümüzü müstəqil dövlət elan etdik, İndoneziya xalqını azad və müstəqil xalq elan etdik!

Indi məndən qabaq çıxış edən alim, bizim qəhrəmanlarımızdan Suopatinin və Kipokaqorun adını çəkdi. Bəli,dogrudan da onlar mübarizə aparmışlar. Onlar nəyin ugrunda mübarizə aparmışlar? Onlar ideya ugrunda mübarizə aparmışlar. Bir çoxları həbsxanalara göndərilmişdir. On minlərlə adam həbsxanalarda həlak olmuşdur, on minlərlə adam güllələnmişdir. Onlar nəyin xatirinə bu yol ilə getmişlər? Müəyyən ideyanın xatirinə.Biz də müəyyən ideya xatirinə inqilab etmişik. Bu ideya xatirinə İndoneziya Respublikası yaradılmış, İndoneziya xalqının istiqlaliyyəti elan edilmişdir. İndoneziya xalqının qəlbində yaşayan bu ideya hansı ideyadır? Bu, azadlıq, xoş güzəran, bərabərlik və bütün dünyada sülh ideyasıdır. Dövlət həyatında bu ideya məlum “ Pənça sila “ prinsiplərində ifadə edilmişdir. İki növ “ Pənça sila” vardır. İndoneziyada elan edilmiş “Pənça sila” prinsipləri vardır. Bunlar İndoneziya dövlətinin əsaslandıgı 5 prinsipdir.Bu prinsiplər aşagadakılardan ibarətdir.

1.Allaha etiqad etmək və bütün dinlərə hörmət etmək.

2.Vətənə məhəbbət.

3.Humanizm

4.Dövlətin istiqlaliyyəti və suverenlliyi.

5.İctimai xoş güzəran.

 

Bu “Pənça sila” prinsipləri  İndoneziya dövlətinin daxili prinsipləridir. Lakin bütün dünyada məşhur olan və 1955-ci ilin aprel ayında Asiya və Afrika ölkələrinin Bandunq konfransında elan edilmiş “Pənça sila”prinsipləri də vardır. Bu “Pənça sila”prinsipləri dövlətlərin dinc yanaşı yaşaması, qarşılıqlı faydaya və bərabərliyə əsaslanan əlaqələr yaradılması prinsipləridir

“Pənça sila”- 5 məlum prinsip ideyası müxtəlif ölkələrin dinc yanaşı yaşamasından, istiqlaliyyətindən və bir-birilərinə hörmət etməsindən bəhs edir. Biz qoca rəhbərlər bəlkə də bu ideyanın həyata keçiriləcəyi vaxta qədər yaşaya bilmədik, lakin gənclər bütün dünyada sülhü görəcəklər,bütün dünyada dostlugu görəcəklər, qarşılıqlı hörməti görəcəklər. Gənclər dünyanın bütün ölkələrinin dinc yanaşı yaşamasının şahidi olacaqlar. Biz həmişə  gənclərimizi öz ideyalarımızı inkişaf etdirməyə çagırmışıq.İndoneziya rəhbərlərinin daşıdıqları bu ideyaları İndoneziya gəncləri inkişaf etdirəcəklər. Biz öz mübarizəmizi İndoneziya gənclərinə tapşırırıq. Biz deyirik ki, biz qocalar bir yerə toplaşsaq, dagı yerindən qaldıra bilərik,lakin gənclərin hamısı bir yerə toplaşsalar,onlar bütün dünyanı dəyişdirə bilərlər. “Pənça sila” ideyası hazırda İndoneziya gənclərinin qəlbində yaşayır... Mən Şimalda, Cənubda, Qərbdə və Şərqdə yaşayan bütün adamlara müraciət edirəm. Mən dərisinin rəngindən, ag və ya qara, sarı və ya qəhvəyi olmasından asılı olmayaraq,bütün adamlara müraciət edərək deyirəm: gəlin dostlar,sülhün xeyri üçün hamımız birlikdə işləyək,hamımız birlikdə çalışaq. Mən bütün dünyanın adamlarına müraciət edərək, onları möhkəm sülhün həyata keçirilməsi ugrunda birlikdə çalışmaga və birlikdə mübarizə aparmaga çagırıram.”

Sentyabrın 6-da Sukarno Bakıya gəldi. Yada salmaq üçün qeyd etmək istərdim ki, o vaxtlar respublikamızın rəhbəri İmam Mustafayev idi. Təyyarə meydanında qonagı Respublika Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov və digər rəsmi şəxslər qarşıladılar.M.İbrahimov qonaqla görüşərkən dedi:” Bir neçə gün bundan əvvəl yolüstü burada oldugunuz zaman biz Sizi sevinclə ilk dəfə qarşılayıb salamlamaq səadətinə nail olmuşuq. İndi də hamımız,bütün xalqımız Sizə deyirik: “Əziz qardaşımız Karno, xoş gəlmişsiniz!.. 80 milyonluq İndoneziya xalqı Şərq xalqlarının milli-azadlıq hərəkatı tarixinə bir çox parlaq səhifələr yazmışdır. Müstəmləkəçiliyə qarşı, öz azadlıq və milli istiqlaliyyəti ugrunda İndoneziya xalqının qəhrəmancasına azadlıq mübarizəsi həmişə bizi heyran etmiş,qəlbimizdə ən yaxşı duygular oyatmışdır.

Əziz qardaşımız Karno, bu böyük mübarizədə şəxsən Sizin çox əmək sərf edib xidmət göstərməyiniz bizim üçün xüsusilə xoşdur...Öz xalqının azadlıgı yolunda yorulmaz mübarizə aparan,İndoneziya xalqının şanlı oglu, əziz dostumuz Karnoya səmimi salam!”

Prezident Sukarno cavabında M.İbrahimovun onu qardaşcasına, məhəbbət və hörmətlə salamlamasından razılıgını bildirib, Bakının ölkə həyatı üçün böyük əhəmiyyətə malik oldugunu bir daha qeyd edib, dedi : “Yenidən burada olmaq üçün mənə imkan verildiyinə görə, bir daha təşəkkür edirəm. Bakının müəssisələrinə getmək,şəhərinizin həyatı ilə tanış olmaq üçün mənə imkan verildiyinə görə təşəkkür edirəm... Mən Sizə 80 milyonluq İndoneziya xalqından salam gətirmişəm. Bu salamı qəbul edin və bilin ki, biz Sizə qardaşlıq və həmrəylik hissi bəsləyirik.”

Sentyabrın 7-də prezident Əhməd Sukarno Bakıdan yola düşərkən hava limanında şəhərimizdə olmasından son dərəcə məmnunlugunu, keçirilən görüşlərdən,gördüyü yerlərdən  xoş təəssüratlarını,istiqanlı xalqımızın səmimi münasibətlərindən yaranmış sevic dolu duygularını  bölüşüb sonda dedi: “Sizin sözləriniz,sizin bütün hərəkətləriniz  sizin  xalqınızın bizə-İndoneziya xalqına məhəbbətini nümayiş etdirdi.İndoneziya xalqı da sizin xalqınıza məhəbbət,dostluq və qardaşlıq duyguları bəsləyir. Məhz bu məhəbbət bizim möhkəm dostlugumuzun sarsılmaz əsasıdır. Mən sizdən ayrılgımız dəqiqədə demək istəyirəm ki,əminəm, biz sizinlə tez-tez görüşəcəyik,görüşlərimizi xatırlayacagıq, ümumi ideyalarımız haqqında, yeni cəmiyyət qurmaq ugrundakı mübarizə baxışlarımız haqqında düşünəcəyik.

Sizdən ayrılarkən bir fransız məsəli yadıma düşdü: “Ayrılıq əzabdır.” İndi mən dogrudan da belə bir əzab hiss edirəm...”

Bu fikirlərdə Sukarnonun  ümumbəşəri ideologiyası zənnimcə, əksini  aydın tapıb. Haqqa, ədalətə, humanizmə,saf mənəvi dəyərlərə,əsl islami prinsiplərə söykənən ideologiya!. Bax,elə ona görə də böyük Allah haqqı nahaqqa qurban vermədi. Çünki  Tanrı yalnız dürüst, təmiz, zəhmətkeş, halal bəndələrini  sevir. Sevir və ucaldır. Haqqın yolunda olan bəndə  şər qüvvələr tərəfindən  nə qədər pisliklərə, paxıllıqlara, xəyanətlərə məruz qalsa da,onlar unutmamalıdır ki, hər bir  pak, əməlisaleh bəndənin sahibi var, o Sahib hər kəsin içindəkilərini və əməllərini görür, özü də yaxşı görür. Görür və nəticə çıxarır. Hər kəs gec-tez öz layiqli payını böyük Yaradandan alır.

Sukarno  da Allahın sevimli bəndələrindən idi və o,hakimiyyətdən uzaqlaşdırılandan sonra heç kəsin aglına gəlməzdi ki, onun ölkəsinin məhz müstəqilliyindən sonra dünyaya gələn qız övladı vaxt gələcək atasının yerində, Prezident kürsüsündə əyləşəcək. Əyləşəcək və atasının vaxtı ilə gənclərə etibar etdiyi  Ana Vətən İndoneziyanın taleyini, arzularını, məqsədlərini, böyük hərflərlə yazılan ideologiyasını parlaq əməlləri ilə işıqlandıracaq.

Əhməd Sukarnonun qızı Meqavati, prezidentin Fatmavati adlı həyat yoldaşı ilə evliliyindən dünyaya gəlmişdi. O, Sukarnonun ilk qızı,ikinci övladı olub, uşaqlıgı ölkənin paytaxtı Cakarta şəhərindəki Prezident Sarayında keçmişdi. Qızcıgaz dünyaya gələndə yagış yagdıgından ona mənası yagış buludu olan Meqa, yaxud Meqavati adı verilmişdi.

Meqavati 19 yaşında olarkən atası Sukarnonun hakimiyyəti qeyd olundugu kimi, hərbi hakimiyyətlə əvəz edilir və ailəsi siyasətdən uzaqlaşdırılır. Əhməd Sukarno böyük siyasi və dövlət xadimi olsa da, maddi cəhətcə zəngin adam deyildi. O,ölkəyə rəhbərlik etdiyi dövrdə var-dövlət yıgmaq barədə düşünməmişdi. Odur ki,vəfat edəndən sonra ailəsinə cüzi miras qalmışdı. Ömrü boyu halal və təmiz mənəviyyat,saf əqidə sahibi olan Sukarnonun bu keyfiyyətləri qızına da keçmişdi.Sadəliyi,təvazökarlıgı və səmimiyyəti ilə seçilən xanım Diah Permata Meqavati Setiava Sukarnoputri  ölkədə yoxsul və kimsəsizlərin rəhbəri imicini qazanmışdı. Hələ 1979-cu ildə o,dostları ilə bərabər, bahalı mehmanxanalara xidmət edən gül-çiçək dükanı açmışdı və əldə etdiyi gəlirləri kasıb uşaqlara xərcləyirdi. Özünün və ailəsinin pula böyük ehtiyacı olduguna baxmayaraq, Meqavatinin ürəyi geniş, mənəviyyatı dərin, təfəkkürü zəngin idi. Bu  daxili varlılıq qazandıgı pulların çoxunu aclara, məzlumlara, xəstələrə sərf etməyə sövq edirdi.

Meqavati 40 yaşında siyasətə gəldi. Siyasətdəki konstruktiv rolu,uzaqgörənliyi onu 2001-ci ildə Prezident kürsüsünə ucaltdı.Atası Əhməd Sukarnonun 36 il öncə tərk etməyə məcbur edildiyi kresloya artıq qızı sahib olmuşdu.

Meqavati Sukarnoputri hakimiyyət başına gələrkən ölkədə xeyli problem vardı. Korrupsiya, rüşvət də öz yerində. Meqavatiyə görə xalq arasında “Korrupsiya bəlaları ilə çarpışan İndoneziyada təmiz bir ad meydana gəldi “ fikri geniş yayılmışdı. O,İndoneziyanın ilk qadın prezidenti idi. Çox keçmədi ki,xanım Meqavati ölkədə Meqa Ana kimi sevildi.

Diah Permata Meqavati Setiava Sukarnoputri 2004-cü ildə Dünyanın ən güclü 100 qadını siyahısında 8-ci yeri tuturdu. Onun adı müsəlman dünyasında ölkəyə rəhbərlik edən, Prezident və ya Baş nazir olan 5-ci qadın kimi tarixə yazıldı.

Mən Türkiyə jurnalistinin dediyi, yuxarıda qeyd etdiyim fikri ilə tam razıyam. İndoneziyanı görməsəm də, onun haqqında daim oxuyur, bu qardaş ölkənin həyatını imkanım daxilində diqqətdə saxlamaga çalışıram. Və şahidi oluram ki, həmin jurnalistin  məcazi mənada dediyi kimi, dogrudan da uyuyan div artıq oyanmaqdadır. Ölkənin Birinci Prezidentinin isə dedikləri sadəcə arxiv materialları deyil, Azərbaycan-İindoneziya dostluguna,qardaşlıgına olan məhəbbət  və güvənc dolu Birinci Xeyir-dua, Birinci tövsiyə, Birinci alqış və Birinci Ata nəsihətidir. Bu xeyir duanı və nəsihəti heç bir azərbaycanlı və heç bir indoneziyalı unutmamalıdır. Bu, bizlərə yadigar qalan böyük irsdir. Azərbaycan da suverenliyinə nail olandan sonra bu irsi yaşatmaq üçün Tanrı öz qapılarını üzümüzə açdı.

İndoneziya Azərbaycanın müstəqilliyini dərhal, 28 dekabr 1991-ci ildə tanıdı. İki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci ildə quruldu.

Son illərdə İndoneziya və Azərbaycan arasındakı münasibətlər daha da genişlənib. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard  ABŞ dolları təşkil edir. Beynəlxalq aləmdə İndoneziya hər zaman Azərbaycanın  milli maraqlarını, həqiqətlərini, ərazi bütövlüyünü  qətiyyətlə müdafiə edir, ona dəstək verir. Hər il bu dost ölkədə Xocalı soyqırımının anım günü qeyd edilir.Bu ilin fevralın 26-da İndoneziyanın 130 min məscidində Qarabag azanı səsləndirildi. Dünyanın ən böyük qeyri-hökumət təşkilatı, 80 milyon nəfər üzvü olan “Nahdlatul Ulama” müsəlman dini qurumunun sədri professor Aqil Siracın məlumatına görə, Qarabagı işgal edən və Xocalı soyqırımını törədən ermənilər həmin məscidlərin imamlarının xütbələrində lənətləndilər.

Əlaqələrimiz güclənməkdədir. Bu işdə hər birimizin üzərinə məsuliyyət düşür. Heç birimiz bu müqəddəs amala töhfəmizi əsirgəməməliyik. Bu istiqamətdə iki təqdirəlayiq faktı da qeyd etmək istərdim.

Heydər Əliyev elektron kitabxanasının İndoneziya dili üzrə tərcüməçisi professor Həbib Zərbəliyev 2008 və 2009-cu illərdə Malayziyanın Baş nazirinin təsis etdiyi mükafat ugrunda tələbələr arasında malay və İndoneziya dilləri üzrə keçirilmiş beynəlxalq müsabiqədə münsiflər heyətinin sədri olub. Həmyerlimiz 2008-ci ildə İndoneziya Prezidenti cənab Susilo Bambanq Yudhoyononun şəxsi dəvəti ilə Prezident sarayında keçirilmiş “İndoneziya Prezidentinin dostları” proqramında iştirak edib. Uzun illər İndoneziya mədəniyyətinin təbligi,Azərbaycanda İndoneziya dili və ədəbiyyatının tədrisi və tədqiqi sahəsində göstərdiyi xidmətlərinə görə Həbib Zərbəliyev İndoneziya Prezidenti tərəfindən iki dəfə  mükafata -“ Mədəniyyət sahəsində xidmətlərinə görə “ordeni və “Xidmətlərinə görə 1-ci dərəcəli Şərəf ordeninə layiq görülüb. Həmyerlimizin bu nailiyyətlərini bir daha alqışlayırıq. Bəs əsas məsələlərdən biri olan təhsil sahəsində nə kimi ugurumuz var?

İndonezyanın ali mıktəblərində 30-dan yuxarı azərbaycanlı tələbə  müxtəlif ixtisaslar üzrə təhsil alır. Ölkənin aparıcı təhsil ocaqlarından biri olan Padjadjaran Universitetində  ( İndoneziyanın tanınmış dövlət xadimlərinin bir çoxu  bu universiteti bitirib) Siyasi elmlər və beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alacaq ilk mütəxəssisimiz istedadlı gənc Elmar İsgəndərov olacaq. İnşallah. Elmar çox fəal, çalışqan oglandlr. İndoneziyada dövlət təqaüdü ilə təhsil alan, planetin müxtəlif ölkələrindən gəlmiş 800  tələbəni birləşdirən İndoneziya Beynəlxalq Tələbə Assosiasiyasının vitse-prezidenti seçilib. Qeyd edim ki, bu təşkilata rəhbərlərdən biri kimi  ilk dəfə  olaraq azərbaycanlı tələbə seçilir. Elmar eyni zamanda İndoneziyada Azərbaycanlı Tələbələr Assosiasiyasının sədridir. Arzu edərdim ki, İndoneziyada tələbələrimizin sayı daha da çox olsun,iki ölkə arasında gələcəyin qarantı olan tələbə mübadilələri daha geniş vüsət alsın.

Indoneziyadan bəhs edərkən onun müasir,ölkənin azadlıgı ugrunda mübariz həyat yolu keçən şair və yazıçılarını da yada salmaq istəyirəm. Anak Aqunk Panci Tisna, Əbdül Muis ( eyni zamanda İndoneziyanın Milli qəhrəmanıdır), Marah Rusli (“Müasir İndoneziya romanının atası”  adlandırılır), Xayril Ənvər,  daha sonrakı nəslin nümayəndələrindən Taufik İsmayıl, Sutarci Kalzum Bəhri, Əbdül Hadi Vici Muxtari və digərilərinin həm adları, həm ictimai-siyasi fəaliyyəti, həm də əsərləri ictimaiyyətimizə yaxşı məlumdur.

 Bu gün Indoneziyanın dövlətçilik prinsipləri öz tarixi prinsiplərini yaşatmaqla, Təkallahlılıq, Adil və müasir cəmiyyət, İndoneziyanın birliyi, Demokratiya,  Sosial ədalət kimi yüksək dəyərləri özündə cəmləşdirir. Bu dəyərlər, böyük tərəqqi yolu İndoneziyanı hələ çox zirvələrə qaldıracaq. Dost ölkənin hələ çox ugurlarının şahidi olacagıq. Bu məqaləni yazıb ərsəyə gətirdiyim vaxtlarda qardaş ölkədən şad xəbər aldıq. Orada keçirilən prezident seçkilərində cənab Coko Vidodo qalib gəlmişdi. Efirdə Azərbaycanın Prezidenti möhtərəm İlham Əliyevin İndoneziyanın yeni Prezidentinə təbrik məktubu oxunurdu. Məktubda belə bir cümlə vardı: “Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uygun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.”

Dinlədiyim bu hərarətli məktub qəlbimi daha da rövnəqləndirdi. Prezidentimizi əmin etmək istəyirəm ki, bu müqəddəs işdə bizlərin üzərinə hansı vəzifələr düşürsə, onu həyata keçirməkdə zəhmətimizi əsirgəməyəcəyik. Qoy hörmətli dövlət başçımızın dediyi kimi, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uygin olaraq, bundan sonra da  daim inkişaf etsin, daim genişlənsin!

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM