Heydər Əliyev və Azərbaycanın müstəqil dövlətçilik maraqları

11:07 / 28.01.2019

Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

Heydər Əliyevin həyat yolunun möhtəşəm salnaməsini vərəqləyərkən göz önündə Azərbaycan tarixinin çətin və şərəfli bir dövrünün dolğun mənzərəsi canlanır. Xalqımızın yetişdirdiyi bu dahi şəxsiyyətin bütün fəaliyyətinin Azərbaycanın inkişaf yolu ilə sıx vəhdət təşkil etdiyini bir daha aydın şəkildə görürük. Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli inkişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ-nin mövcud olduğu dövrdə də səsləndirdiyi fikirlərdə öz əksini tapmışdır.
İlk növbədə qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik etdiyi dövrdə əsas vəzifəsi mövcud quruluşu qorumaq, totalitar sovet rejiminin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olan bu qurumun işində müsbət meyillər özünü göstərməyə başladı. Əvvəla, qorxulu cəza aparatı kimi ad çıxarmış təhlükəsizlik orqanlarının cəmiyyət həyatına lüzumsuz müdaxilələrinin, azad fikirli ziyalıların təqib olunmasının qarşısı alındı. İkincisi, milli kadrların bu orqana işə götürülməsinə, onların vəzifədə irəli çəkilməsinə şərait yaradıldı. Ulu öndər sonralar da bu məsələni diqqət mərkəzində saxlayırdı. Ona görə də uzun müddət azərbaycanlıların azlıq təşkil etdiyi bu mühüm təşkilat 1967-1987-ci illərdə milli bir təhlükəsizlik strukturuna çevrildi.
O, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bununla da Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlanmışdır. Нeydər Əliyev ilk günlərdən respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyin əsaslı surətdə yaxşılaşdırılması, dövlət və əmək intizamının möhkəmləndirilməsi, kadrların məsuliyyətinin artırılması və korrupsiyaya qarşı mübarizənin yeni xəttini müəyyən etmişdir. Bu xətt sonrakı dövrdə daha da təkmilləşdirilmiş, respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına mənfi təsir göstərən meyillərin qarşısının alınması, sağlam mənəvi-psixoloji mühitin bərqərar olunması uğrunda fəaliyyət proqramına çevrilmişdir. Onun bilavasitə rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin səmərəliliyi bərpa edilmiş, yeni istehsal sahələrinin əsası qoyulmuşdur. Bu dövrdə neft-kimya, maşınqayırma, energetika, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başlamış, 400-ə yaxın yeni sənaye obyekti yaradılmışdır. 1969-cu ildə sənaye müəssisələrinin sayı 735 idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatmışdı.
Sənayenin inkişafı respublikada urbanizasiya prosesinin güclənməsinə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan) və digər sənaye əhəmiyyətli şəhərlərin əhalisinin artmasına gətirib çıxardı. Bu da öz növbəsində, həmin şəhərlərdə digər sahələrin, o cümlədən tikintinin, təhsil, səhiyyə və mədəniyyət infrastrukturunun inkişafına, əhalinin, xüsusilə də gənclərin məşğulluğun maksimum təmin olunmasına imkan yaratdı. Həmin illərdə sənaye müəssilərinin, tikinti və xidmət sahələrinin kadrlara olan tələbatını ödəmək məqsədilə, ali və orta ixtisas məktəblərinin maddi-texniki bazası gücləndirilir və təlim-tədris imkanları genişləndirilirdi. Kəndlərdən şəhərlərə işləməyə və oxumağa gələn gənclərin zəruri bilik və vərdişlərə, sənət və peşələrə yiyələnməsi, yaşayış şəraitinin təmin edilməsi məqsədilə Bakıda və digər şəhərlərdə yüzlərlə texniki-peşə məktəbləri açıldı, yataqxanalar tikildi, 8-ci kilometr, Əhmədli, Günəşli, Yeni Yasamal kimi böyük yaşayış massivləri və yeni mikrorayonlar salındı. Beləliklə, Heydər Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi sənayeləşmə, təhsil və məşğulluq siyasəti sayəsində paytaxt Bakının, habelə Sumqayıt və Mingəçevir şəhərlərinin əhalisinin milli tərkibi azərbaycanlıların xeyrinə dəyişdi.
Heydər Əliyev kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi, bu sahənin daha da ixtisaslaşdırılması, üzümçülük və şərabçılığın inkişaf etdirilməsi, emal müəssisələrinin, irriqasiya və meliorasiya obyektlərinin tikilməsini təmin edərək, o dövrdə aqrar sektorda məhsul istehsalını iki dəfədən çox artırmağa nail olmuşdu. Beləliklə, ölkənin sosial-iqtisadi həyatında sürətli tərəqqi baş vermiş, Azərbaycan geridə qalmış aqrar respublikadan özünü təmin edən qabaqcıl aqrar-sənaye respublikasına və mərkəzi büdcənin donoruna çevrilmiş, SSRİ miqyasında ilk üçlüyə yüksəlmişdi. Həmin illərdə respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə ixrac edilirdi. O dövrdə yaradılmış iqtisadi potensial müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatının yenidən qurulması üçün baza rolunu oynadı.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə (1969–1982-ci illər) elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə güclü təsir göstərmiş və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin hazırlamışdır.
Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda və keçmiş SSRİ-nin paytaxtı Moskvada Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmışdı. Həmin illərdə respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirilmiş, SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilmişdi. Heydər Əliyev azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə, respublikada hərbi təhsilin inkişafına xüsusi diqqət ayırırdı. O dövrdə hazırlanmış yüksək ixtisaslı kadrlar sonralar müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və təhlükəsizliyinə öz töhfələrini vermişlər.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesi sistemli xarakter almışdır. Onun cəsarətli addımları sayəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başlamışdır. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayan belə bir məktəbin açılması o dövrdə heç də asan məsələ deyildi. Moskvadakı şovinist dairələr Azərbaycanda hərbi təmayüllü orta məktəbin yaradılmasına müqavimət göstərir, Bakıya göndərilən komissiyaların məsələyə dair mənfi rəy verməsinə çalışırdılar. Lakin Heydər Əliyevin məntiqli əsaslandırmaları, qətiyyəti və müdrik siyasəti sayəsində bu cəhdlərin qarşısı alındı və bu məktəb fəaliyyətə başladı. Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdu. Həmin illərdə görülən tədbirlər və hazırlanmış hərbçi kadrlar müstəqillik dövründə Azərbaycanın ordu quruculuğuna layiqli töhfələr verdilər.
Heydər Əliyev Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəanın 1978-ci il Konstitusiyasına daxil edilməsinə nail olmuşdu. O, Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi və mədəni inkişafına daim diqqət göstərirdi. Heydər Əliyevin məsələlərə kompleks və həssaslıqla yanaşması, habelə çevik idarəçiliyi sayəsində respublikada sosial və milli-dini zəmində heç bir problem yaranmamış, sağlam ictimai-siyasi vəziyyət hökm sürmüşdür.
Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, həmin yüksək vəzifədə çalışdığı dövrdə 60-dan çox nazirlik, komitə və müxtəlif mərkəzi idarələrin fəaliyyətinə rəhbərliyi həyata keçirmişdi. Lakin 1987-ci ilin oktyabrında Sov. İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdi.
Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar Heydər Əliyev ertəsi gün Kreml rejiminin təqiblərinə və səhhətinin ağır olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək orada bəyanat vermiş, SSRİ hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmişdi. Mübariz mövqeyini qətiyyətlə davam etdirən Heydər Əliyev Dağlıq Qarabağda separatçıların qanunsuz əməlləri və yaranmış kəskin vəziyyətlə bağlı mərkəzin yürütdüyü ikiüzlü siyasətə etiraz edərək 1991-ci ilin iyulunda Kommunist Partiyasından çıxmışdı.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev siyasi hakimiyyətin təzyiq və təxribatları altında, iki gün sonra anadan olduğu Naxçıvana yollandı. 1990-cı ildən onun Naxçıvanda yaşaması, əhali ilə fəal təmasları, parlament seçkilərinə qatılması və qalib gəlməsi, respublika ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana üz tutması, Heydər Əliyevlə təmasa can atması, insanlarla günü-gündən genişlənən çoxsaylı və kütləvi görüşlər Azərbaycanda milli azadlıq hərəkatının vüsət almasına və daha da mütəşəkkilləşməsinə müsbət təsir göstərməyə başladı. Naxçıvan əhalisi ilk gündən görkəmli dövlət xadiminin gəlişini böyük sevinc hissi ilə qarşıladı. Azərbaycanın üzləşdiyi siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xalqı yalnız onun xilas edə biləcəyini nəzərə alaraq 1990-cı ildə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatlığına namizədliyini irəli sürdülər. Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR, 2 nömrəli Naxçıvan seçki dairəsindən isə Muxtar Respublika xalq deputatlığına namizəd göstərildi. 1990-cı ildə Nehrəm kənd seçiciləri ilə görüşündə Heydər Əliyev özünün seçki platforması ilə çıxış edərək ilk dəfə Azərbaycanın gələcək inkişafı ilə bağlı siyasi fikirlərini rəsmən bəyan etdi. O, Azərbaycanı tam müstəqil, azad, demokratik respublika kimi görmək istədiyini xüsusi vurğulayaraq, bu məqsədə gedən yolun xalqın milli iradəsindən, həmrəyliyi və vətəndaş birliyindən keçdiyini bəyan etdi. O öz çıxışında qeyd edirdi ki, indi hər şeydən əvvəl bütün siyasi qüvvələr vahid amal ətrafında birləşməli, Azərbaycanın gələcəyi naminə birgə mübarizə aparmalı, xalqımıza düşmənçilik edən qüvvələrə qarşı durmalı, rəhbərliklə xalqın yekdilliyi tam təmin olunmalıdır. Azərbaycanın milli müstəqilliyi və demokratik dövlət quruculuğu hərəkatı uğrunda mübarizə platforması ilə seçkilərə qatılan Heydər Əliyev hər iki dairədə xalqın yekdil dəstəyi ilə qalib gəldi.
1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasında deputatlar iclasın aparılmasını yekdilliklə görkəmli dövlət xadimi, 2 nömrəli seçki dairəsindən deputat seçilmiş Heydər Əliyevə tapşırdılar. Sessiyada Azərbaycanda gedən ictimai-siyasi proseslər, milli dövlət quruculuğu və suverenlik məsələləri geniş müzakirə olundu, tarixi əhəmiyyət kəsb edən bir sıra qərarlar verildi. Bu qərarların sırasında Naxçıvan Muxtar Respublikasının və Ali Sovetinin adından “sovet sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının rəsmi şəkildə dövlət bayrağı kimi qəbul olunması və s. var idi. Bundan başqa, Heydər Əliyevin təklifi ilə Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması və 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi təsis olunması haqqında vəsatət qaldırdı. Ali Məclisin qəbul etdiyi bu qərarlar Azərbaycanda milli-azadlıq hərəkatının vüsət alması və müstəqil dövlətçiliyin yaranması yönündə atılan mühüm tarixi addım oldu.
Beləliklə, Heydər Əliyev yenidən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamağa başladı, Azərbaycan xalqının milli-azadlıq hərəkatına əməli işi ilə ən çox töhfə verən bir liderə çevrildi. Heydər Əliyev siyasi fəaliyyətinin başlıca vektorunu milli dövlətçilik ideyasının əsas məqsədinə - müstəqil demokratik dövlət uğurunda mübarizəyə istiqamətləndirdi. Bu məqsədlə, bir qrup Azərbaycan ziyalısının və tanınmış elm və ictimai xadimin müraciətini qəbul edərək, 1992 ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaranmasına dəstək verdi və Naxçıvan şəhərində keçirilmiş təsis konfransında təşkilatın sədri seçildi.
Ümümiyyətlə, Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər (1991–1993) muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin mərhələsi idi. Heydər Əliyev, ilk növbədə, Naxçıvanı Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Blokada şəraitində yaşayan muxtar respublikanın ağır iqtisadi-sosial problemlərini həll etmək üçün qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaratdı. Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid körpüsü”, İranla yük və sərnişin daşınmasını genişləndirən Şahtaxtı-Poldəşt körpüsü inşa edildi və digər mühüm tədbirlər həyata keçirildi.
Bununla yanaşı, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən, eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş və Ali Sovetin sessiyalarında fəal iştirak etmişdi. O, Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991-ci il, fevral) çıxışında Vətənin ağır dövründə hər kəsi vətəndaşlıq borcunu vicdanla yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa, dağılmaqda olan Sovet İttifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlərin, siyasi və iqtisadi böhranın, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə çağırırdı. Heydər Əliyev Azərbaycan Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasında Moskvanın müttəfıq respublikaları yeni ittifaq müqaviləsinə sürükləyən siyasətinə qarşı çıxır və deputatları respublika rəhbərliyinin anti-müstəqillik əhval-ruhiyyəsini pisləməyə dəvət edirdi. Həmin dövrdə SSRİ-nin saxlanması məqsədilə keçirilən referendum Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda boykot edildi, sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi. Sovet İttifaqının saxlanılmasını təbliğ edən Kommunist Partiyasının Naxçıvandakı bütün strukturları ləğv edildi, Azərbaycan Ali Sovetinin 1991-ci il sentyabrın 8-nə təyin etdiyi prezident seçkilərinin muxtar respublikanın ərazisində keçirilməsi dayandırıldı.
Həmin dövrdə erməni millətçilərinin Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək cəhdlərinin ağır nəticələri, 20 Yanvar faciəsi və ondan sonra Azərbaycanda baş verən ictimai-siyasi proseslər, respublikanın kommunist rəhbərliyinin mövqeyi və s. Heydər Əliyevin siyasi fəaliyyətinin başlıca vektorunu milli dövlətçilik ideyasının əsas məqsədinə - müstəqil demokratik dövlət uğrunda mübarizəyə istiqamətləndirmişdi.
Hakimiyyət dairələrinin xəyanətkar və səriştəsiz idarəçiliyi nəticəsində 1993-cü ilin may-iyun aylarında ölkədə siyasi böhran son həddə çatdı, respublika vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Belə şəraitdə xalqın təkidi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, onun Azərbaycana rəhbərliyinin ikinci dövrü başladı. Heydər Əliyevin möhkəm iradəsi, idarəçilik məharəti və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı. Həmin gün Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Lider 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən növbəti prezident seçkilərində də böyük səs çoxluğu ilə (76,1 faiz) möhtəşəm qələbə qazandı.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, xarici əlaqələrində dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesi başlandı. Bəzi daxili və xarici qüvvələr tərəfindən hazırlanmış 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi planlarının, habelə şəxsən Heydər Əliyevə sui-qəsd və terror cəhdlərinin qarşısı qətiyyətlə alındı, silahlı yolla hakimiyyətə gəlmək iddialarına son qoyuldu, Azərbaycan dövlətçiliyinin iflası prosesi dayandırıldı, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. İşğalçı Ermənistan ilə müharibənin gedişində ciddi dönüşə nail olundu. Azərbaycan qoşunları Füzuli rayonu istiqamətində uğurlu əməliyyat keçirərək Horadiz qəsəbəsini və ətraf kəndləri işğalçılardan azad etdi. Beləliklə, erməni silahlı qüvvələrinin işğalı genişləndirmək planlarının qarşısı alındı, Ermənistan 1994-cü ilin mayında cəbhə xəttində atəşkəs elan edilməsinə və danışıqlar masasına qayıtmağa məcbur oldu.
Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələnə qədər orduda qeyri-sağlam mühit yaranmışdı. Azərbaycan Silahlı Qüvvələri yalnız kağız üzərində yaradılmış, düşmən torpaqlarımızın işğalını davam etdirdiyi halda ordu adına iddia edən silahlı dəstələr ayrı-ayrı insanların, qrupların maraqlarını qoruyurdu. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni bir mərhələnin təməli qoyuldu. 1994-cü il mayında cəbhə xəttində atəşkəsə nail olunduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı, orduya çağırış, fərarilik halları ilə bağlı problemlər həll edildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Eyni zamanda ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunvericilik bazası formalaşdırıldı, Silahlı Qüvvələrə effektiv dövlət nəzarəti mexanizmləri yaradıldı.
Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarının 20 faizindən çoxunun işğalı, 1 milyondan çox yerli sakinin didərgin salınaraq çadırlarda yaşaması və digər dövlət əhəmiyyətli məsələlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yaranmış problemlərin həlli sahəsində çox gərgin və genişmiqyaslı fəaliyyət göstərirdi. Heydər Əliyevin fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. BMT Təhlükəsizlik Şurasında, ATƏT-in Budapeşt (1994) və Lissabon (1996) sammitlərində, İƏT-in üzv dövlət başçılarının zirvə toplantılarında Ermənistanın işğalı pisləndi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədlər qəbul edildi.
Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin yeritdiyi yeni neft strategiyası nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyanın ən qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi haqqında müqavilə imzalandı. “Əsrin müqaviləsi” bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənilməsi ilə əlaqədar 30-dan çox saziş imzalandı ki, bu da Azərbaycana böyük həcmdə xarici sərmayənin qoyuluşuna imkan yaratdı. İlk beynəlxalq neft müqaviləsi çərçivəsində Bakı-Novorossiysk boru kəməri əsaslı təmir və bərpa olundu, Bakı-Supsa boru kəməri inşa edildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilməsi haqqında saziş imzalandı və onun təməli qoyuldu.
Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan öz geosiyasi, geoiqtisadi və mənəvi-mədəni potensialından səmərəli istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü yaratmağa çalışır və bununla da ölkənin gələcək dinamik inkişafı üçün əlverişli imkanlar açılırdı. Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli rəhbər şəxslərinin iştirakı ilə Bakıda İpək Yolu konfransı keçirilmiş, layihənin icraçı katibliyinin Azərbaycanın paytaxtında yerləşməsi haqqında qərar qəbul edilmişdir.
Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili, ölüm cəzasının ləğv olunması, mətbuatda senzuranın aradan qaldırılması, yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin yaradılması kimi köklü islahatlar məhz Heydər Əliyevin siyasi iradəsi və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur.
Heydər Əliyevin “İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanı insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Azərbaycan 1996-cı ilin iyununda Avropa Şurasında “xüsusi qonaq” statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.
Heydər Əliyev ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, Azərbaycan gəncliyinin inkişafı sahəsində böyük işlər görmüşdür. Ulu öndər 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalamış, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. 1996-cı il fevralın 2-də Heydər Əliyevin şəxsən iştirakı ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Bir il sonra 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ümummilli lider “2 fevral - Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda gənclər günü kimi təntənəli şəkildə qeyd olunur.1999-cu ildə Heydər Əliyev “Dövlət gənclər siyasəti haqqında” Fərman imzaladı. Sənəddə gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Bu istiqamətdə növbəti mühüm addım 2002-ci ildə ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi oldu.
Heydər Əliyev ölkə gənclərinin idmana həvəsləndirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakına və onların dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət ayırırdı. Azərbaycanın beynəlxalq olimpiya hərəkatına qoşulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan müstəqil dövlət kimi ilk dəfə yay olimpiya oyunlarına 1996-cı ildə qatılmışdır. Bu tarixi hadisənin reallaşdırılmasında Heydər Əliyevin böyük əməyi olmuşdur. Onun ABŞ-ın Atlanta şəhərində keçirilən Olimpiya Oyunlarına hazırlıq haqqında Sərəncamı, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olunaraq, bir gümüş medal qazandı. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisində komitənin yeni idarə heyəti formalaşdırıldı, İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. 2000-ci ildə Sidney Olimpiadasında Azərbaycan idmançıları tarixi nailiyyətə imza atdılar. Atletlərimiz 2 qızıl, 1 bürünc medal qazanaraq, ölkəmizi komanda hesabında 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü yerə yüksəltdilər. Ulu öndərin birbaşa qayğısı sayəsində idmanın kütləviliyinin artırılması, gənclərin idmanla daha ciddi məşğul olmasına əlverişli şəraitin yaradılması məqsədilə, ölkədə yeni idman qurğuları, o cümlədən Bakıda, Maştağada, Naxçıvanda, Gəncədə və Şəkidə Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verildi.
Heydər Əliyev dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlıların birlik və həmrəyliyinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. O, Azərbaycan Respublikasının Prezidenti kimi xarici dövlətlərə rəsmi səfərləri zamanı orada yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşlər keçirir, Azərbaycan diasporunun formalaşması və təşkilatlanması üçün ardıcıl və səmərəli tədbirlər görürdü. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Bakıda dünya azərbaycanlılarının ilk tarixi qurultayı keçirildi, Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edildi.
Dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən idi. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi. Bir müddət sonra – 2002-ci il iyulun 5-də ulu öndər “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir.
Heydər Əliyevin Azərbaycanda Latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciətləri və bir sıra digər sahələrdə coşqun fəaliyyəti milli-mədəni inkişafda və mənəvi birliyin möhkəmlənməsində böyük rol oynamışdır.
Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin dərindən öyrənilməsi və fəaliyyətinin obyektiv qiymətləndirilməsi məsələsinə xüsusi diqqət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin 80 və 85 illik yubileyləri ölkədə geniş qeyd olundu, Bakı şəhərində Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında qərar qəbul edildi.
Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində, fərqli ictimai-siyasi, iqtisadi, mədəni və ideoloji şəraitdə xalqına və Azərbaycana sədaqətlə xidmət göstərmiş, istedadını, bilik və bacarığını milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə sərf etmişdir.
Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini daim minnətdarlıqla xatırlayır. Unudulmaz liderimiz Heydər Əliyevin miras qoyduğu zəngin irs, ölməz ideyalar bu gün də yaşayır və bizi inamla gələcəyə aparır. Ulu Öndərin özünün də dediyi kimi, nə qədər ki Azərbaycan var, o da olacaqdır. Əminliklə demək olar ki, hazırda Azərbaycanın taleyi etibarlı əllərdədir. Ölkəmiz Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni salnaməsi yaranır.


ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001, 359 s.
2. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. I-XXXXVI kitablar. Bakı: Azərnəşr, 1997-2015-ci illər.
3. Əliyev İ.H. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, məruzələr, müraciətlər, fərmanlar /buraxılışa məsul: R.Ə.Mehdiyev/. I-XXXXXXXIV kitablar. Bakı, 2008-2018-ci illər.
4. Dünya Azərbaycanlılarının I Qurultayında Heydər Əliyevin nitqi - 2001-ci il 9-10 noyabr // Dünya Azərbaycanlılarının I Qurultayı. Bakı, 2002, s.25.
5. Mehdiyev R.Ə. Azərbaycan: qloballaşma dövrünün tələbləri: keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri. Bakı: XXI-YNE, 2005, 464 s.
6. Mehdiyev R.Ə. “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşdirmə xətti. Bakı: Şərq-Qərb, 2008, 216 s.
7. Mehdiyev R.Ə. Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən. Bakı: Şərq-Qərb, 2009, 240 s.
8. Mehdiyev R.Ə. Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi //”Azərbaycan” qəzeti, 26 may 2011-ci il.
9. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir /Əli Həsənov //Yeni Azərbaycan Partiyası 15 il yüksəliş yolunda.- Bakı, 2007.- S.33-43
10. Həsənov Ə.M. Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı: Zərdabi, 2016, 700 s.
11. Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Bakı: “Zərdabi LTD”, 2015, 1048 s.
12. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı: Azərbaycan, 2005, 752 s.
13. Xəlilov S.S. Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsi // Heydər Əliyev və Azərbaycan. Bakı, 2008, s.571.
14. Xəlilov S.S. Lider. Dövlət. Cəmiyyət. Bakı, 2001, s.87.
15. Vəliyeva S.M. Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi. Məsələnin qoyuluşuna dair. Bakı, 2002, 140 s.
16. Əhmədov E.İ. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011). Ensiklopedik nəşr. Bakı: 2012, 912 s.
17. http://www.heydar-aliyev.org
18. http://www.president.az
19. http://www.mehriban-aliyeva.org
20. http://www.meclis.gov.az
21. http://www.heydar-aliyev-foundation.org
22. http://www.aliyev-heritage.org
23. http://www.azerbaijan.az
24. http://www.azertag.az
25. http://www.preslib.az

Açar sözlər: Ümummilli lider, dövlət müstəqilliyi, milli dövlətçilik, dövlət quruculuğu, xarici siyasət

Key words: national leader, state independence, national statehood, state building, foreign policy

Ключевые слова: общенациональный лидер, государственная независимость, национальная государственность, государственное строительство, внешняя политика.

Ali HASANOV
Assistant to the President of the Republic of Azerbaijan
for Public and Political Issues,
Doctor of Science in History, Professor

Heydar Aliyev and Azerbaijan’s independent
statehood interests
SUMMARY
The article provides a thorough analysis of both periods of national leader Heydar Aliyev’s political power in Azerbaijan (1969-1982; 1993-2003). The article studies the concept of a powerful state, reflected in Heydar Aliyev’s state doctrine, as well as its economic, political, social and moral foundations.
The article points out that the work done to develop science, education and culture and restore the historical memory of the nation in the first period of Heydar Aliyev’s leadership (1969-1982) had a strong impact on national spiritual awakening, enrichment of the ideology of Azerbaijanism, and created a firm ground for the restoration of the independent statehood in the years to come.
The article also highlights the Nakhchivan period of Heydar Aliyev’s political activity, particularly what he did to ensure the political, socio-economic and cultural development of the Autonomous Republic during his tenure as chairman of the Supreme Assembly of the Nakhchivan Autonomous Republic (1991-1993). The article notes that Heydar Aliyev, first of all, rescued Nakhchivan from Armenia’s armed aggression and a threat of occupation and built economic relations with neighboring Turkey and Iran to address the difficult economic and social problems of the Autonomous Republic, which was living under conditions of blockade.
The article studies the period of Heydar Aliyev’s return to power in Azerbaijan in 1993, highlighting a turning point in the socio-political, socio-economic, cultural and foreign relations of the country and an independent state building process in accordance with international norms and principles. The article says that by pursuing a consistent policy in democratic, legal and secular state building areas, Heydar Aliyev laid a strong foundation for the development of all spheres as well as the establishment of fundamental principles of human rights and freedoms in the country. It also emphasizes that Heydar Aliyev is described as the founder of the new national doctrine - the ideology of Azerbaijanism - which takes into account the requirements of the modern era, foundations of statehood and national and ethnic environment.

Али Гасанов,
помощник Президента Азербайджанской Республики
по общественно-политическим вопросам,
доктор исторических наук, профессор

Гейдар Алиев и интересы независимой
государственности Азербайджана
РЕЗЮМЕ
В статье широко анализируются оба периода пребывания общенационального лидера Гейдара Алиева у политической власти в Азербайджане (1969-1982; 1993-2003). Одновременно исследуется понятие сильного государства, нашедшее отражение в учении о государстве Гейдара Алиева, и его экономические, политические, социальные и духовные устои.
В статье говорится, что работа, проделанная в первый период руководства Гейдара Алиева республикой (1969-1982 годы) в области развития науки, образования и культуры, возвращения народу его исторической памяти, оказала мощное влияние на пробуждение национального самосознания, наполнение содержанием идеологии азербайджанства и подготовила прочную основу для восстановления в будущем независимой государственности.
Кроме того, в статье исследуется нахчыванский период политической деятельности Гейдара Алиева, в особенности, работа, проделанная им в годы пребывания на посту председателя Верховного Меджлиса Нахчыванской Автономной Республики (1991-1993) для ускорения политического, социально-экономического и культурного развития автономной республики. Указано, что Гейдар Алиев, в первую очередь, спас Нахчыван от вооруженной агрессии и угрозы оккупации со стороны Армении и для решения тяжелых социально-экономических проблем автономной республики, находившейся в условиях блокады, наладил экономические связи с соседними Турцией и Ираном.
В статье особенно широко исследуются создание перелома в общественно-политической, социально-экономической, культурной жизни Азербайджана после возвращения Гейдара Алиева в 1993 году к руководству Азербайджаном, процесс строительства независимого государства в соответствии с международными нормами и принципами. Указано, что Гейдар Алиев, проводя последовательную политику в области строительства демократического, правового и светского государства, заложил прочную основу для развития всех отраслей, а также утверждения важнейших принципов прав и свобод человека в стране. В статье Гейдар Алиев также показан как основоположник нового национального учения – идеологии азербайджанства, учитывающей веление времени, основы государственности, национально-этнические условия.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018



Strategiya.az

Xəbərlər
19.09.2019

Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı: Yardım göstərilir

19.09.2019

Sərhəddə tutulan şəxs narkotiklə dolu çantanı çəpərin əks tərəfinə atdı

19.09.2019

Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib

19.09.2019

Hacı Əliyev barədə hakimlər son qərarını açıqladılar - RƏSMİ

19.09.2019

Əfqanıstanda aviazərbələr nəticəsində ən azı 30 dinc insan həlak olub

19.09.2019

Yasamalda ağac kəsənlər barəsində məlumatlar şəhər prokurorluğuna göndərilib

19.09.2019

Sabah 34 dərəcə isti olacaq

19.09.2019

Nazir: TANAP-la indiyədək 2,5 milyard kubmetrdən çox təbii qaz göndərilib

19.09.2019

İmişlidə özlərini çaya atmaq istəyən qadın və oğlu xilas edilib

19.09.2019

Millimizin mövqeyi açıqlandı - yeni reytinq

19.09.2019

ABŞ və Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumda İranı ittiham edir, sübut isə yoxdur

19.09.2019

Yediyimiz dönərlər: Leş yığanlar əti 50 qəpiyə alırlar – VİDEO

19.09.2019

Ermənistanda istefaya göndəriləcək nazirlərin adları açıqlandı

19.09.2019

Nazir müavini: Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir

19.09.2019

“Azeri Light”ın bir barreli 67,33 dollara satılır

19.09.2019

Xaçmazda dəyərindən ucuz təklif olunan qızıllar oğurluq imiş

19.09.2019

Hava meteohəssas insanlarda narahatlıq yarada bilər

19.09.2019

Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi

19.09.2019

"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə

19.09.2019

İran prezidenti BMT Baş Assambleyasında iştirak etməyə bilər - Vizası yoxdur

19.09.2019

Azərbaycana aksiz markasız alkoqollu içkilər gətirən şəxs ifşa olunub

19.09.2019

Əhməd Cavadın həyatı film oldu - VİDEO

19.09.2019

“İTBAŞI” romanının 2-ci hissəsi çapdan çıxdı

19.09.2019

Bu rayonlarda direktor yerləri boşdur

19.09.2019

Ukrayna bütün təmas xətti boyunca qoşunlarını geri çəkir

19.09.2019

"Qarabağ" "Sevilya"ya qarşı 

19.09.2019

Atəşkəs snayperlərlə pozuldu - 19 dəfə

19.09.2019

Azərbaycanda “Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

19.09.2019

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

19.09.2019

Sentyabrın 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.09.2019

Neft yenidən bahalaşıb

19.09.2019

Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir

19.09.2019

UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinici turu yekunlaşıb

19.09.2019

Bu ölkənin əhalisi son iki ildə 3 milyon nəfər azalıb

19.09.2019

Lənkəranda "Mercedes" "07" ilə toqquşdu, sürücü öldü

19.09.2019

Kürdəmirdə mağazadan 3 min manatlıq oğurluq edən şəxs saxlanılıb

19.09.2019

UEFA Çempionlar Liqasının birinci turunun ən yaxşı qolunun müəllifi kim olacaq?

19.09.2019

Xəzər dənizində zəlzələ olub

18.09.2019

 Mindən çox abonentin qaz təminatı dayandırılıb

18.09.2019

Prezidentin köməkçisi Əli Həsənov Türkiyənin ingilisdilli TRT WORLD kanalına müsahibə verib - Video

18.09.2019

Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

18.09.2019

Bakıda kirayə qalan 32 yaşlı qadın küçədə ürəyindən bıçaqlandı

18.09.2019

Elmar Məmmədyarov: Minsk Qrupunun üzvü kimi İtaliyanın Qarabağ münaqişəsini diqqətdə saxlaması vacibdir

18.09.2019

Polis inspektorunu təhqir edən sürücü həbs olunub

18.09.2019

"Deputatların əməkhaqqı artdı, amma pensiyada o artım olmadı. Bu məsələ həll ediləcək”

18.09.2019

Gələn ildən sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminin 10 faiz artırılması ehtimal edilir

18.09.2019

Müvəkkil Hüquq Mərkəzi maarifləndirilmə tədbirlərini yekunlaşdırıb

18.09.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18.09.2019

Dilqəm və Şahbazla bağlı RƏSMİ AÇIQLAMA

18.09.2019

Səfir: Fransa Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır