Əli Həsənov informasiya təhlükəsizliyi siyasətindən yazdı

14:39 / 31.03.2014

Əli Həsənov

Tarix elmləri doktoru, professor

Strategiya.az saytı "Geostrategiya" jurnalına istinadən Prezident Administrasiyasının İctimai Siyasi Şöbəsinin müdiri, professor Əli Həsənovun məqaləsini diqqətinizə çatdırır

 

AZƏRBAYCAN RESPUBLİKASINDA İNFORMASİYA FƏALİYYƏTİ VƏ TƏHLÜKƏSİZLİYİ SİYASƏTİ


XXI əsrin əvvəllərindən dünyada cərəyan edən əsas geosiyasi proseslərin idarə edilməsi, beynəlxalq münasibətlərin tənzimlənməsi, ölkələrin milli təhlükəsizliyinin təmin olunması və s. məsələlərdə ənənəvi hərbi-geostrateji, coğrafi-ərazi, iqtisadi, siyasi, sosial və s. problemlərlə yanaşı, dövlətlərin informasiya fəaliyyəti və təhlükəsizliyi məsələsi də  ciddi müzakirə olunur.  Qloballaşmanın vüsət aldığı, virtual informasiya məkanının günü-gündən genişləndiyi, milli informasiya mühitininin pozulduğu, milli dəyərlərin meyarlarının və sədlərinin “universallaşdığı”  müasir dünyada beynəlxalq və yerli ictimai rəyin idarə olunması, siyasi proseslərin məqsədli yönləndirilməsi günü-gündən aktuallaşır.  Transmilli informasiya siyasəti və milli sərhədləri asanlıqla aşan beynəlxalq  təbliğat fəaliyyəti ayrı-ayrı ölkələrin  imicinə, daxili həyatlarına, milli  cəmiyyətlərinin  vəziyyətinə  ciddi təsir göstərir.

Hər bir ölkənin informasiya  məkanı və informasiya mühiti,  informasiya ehtiyatları və texnologiyaları cəmiyyətin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafının  səviyyəsini və dinamikasını müəyyənləşdirir. Geosiyasi ədəbiyyatda “informasiya mühiti” beynəlxalq  və yerli sistemyaradıcı  amil olmaqla bərabər, bəlli məkanlarda  siyasi, iqtisadi, müdafiə, sosial-mənəvi və digər sahələrə müdaxilə edərək, milli təhlükəsizlik sisteminə ciddi təsir göstərən vasitə kimi də dəyərləndirilir.  Beynəlxalq və milli idarəetmə qərarlarının səmərəliliyi toplanmış informasiyanın həcmi, onun işlənmə və istifadə sürəti ilə müəyyənləşir. Beynəlxalq, regional və milli münasibətlərin, daxili və xarici sosial-iqtisadi proseslərin idarə olunmasında informasiya siyasəti və təhlükəsizliyinin əhəmiyyəti getdikcə artır. 

Müstəqilliyinə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin  əsas problemlərindən biri  ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və  təhlükəsizliyinin təminatı,  milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olmuşdur.  1990-cı illərin əvvəllərində bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri informasiya müdaxiləsi,  ideoloji  təbliğat  fəaliyyəti Azərbaycan ərazisində əhalinin  bəzi sosial və  milli-etnik təbəqələrində ciddi anti-milli və anti-dövlət meyli formalaşdırmış, müstəqil dövlətin əsaslarına, vətəndaş həmrəyliyi və birliyinə təhlükə yaratmışdı. Xarici dairələr bununla kifayətlənməyərək  Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə  təsir göstərmək məqsədilə çoxsaylı dini, ideoloji, informasiya və təbliğat şaxələri  yaratmış və  öz məqsədləri üçün istifadə etmişlər. Belə təxribatçı hərəkətlər  ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətin cəmiyyət üzərindəki nəzarətinin itirilməsinə və  daxili anarxiyanın yaranmasına yönəlmişdi.

Bundan başqa, həmin dövrdə Azərbaycanın daxili informasiya sistemləri, o cümlədən, informasiya yaratma, ötürmə, ümumiləşdirmə və təhliletmə  vasitələri, şəbəkə və xətləri ya iflic olmuş,  ya da  bütövlükdə xarici ölkələrin nəzarəti altına keçmişdi.  Xüsusən, nəzərə alınsa ki, o dövrün bütün informasiya texnologiyaları -  telefon, peyk rabitəsi, internet, o cümlədən informasiya ötürmə sistemləri, milli təhlükəsizlik və müdafiə nazirliklərinin istifadə etdiyi digər informasiya vasitələri  bütövlükdə xarici ölkələrin və  beynəlxalq informasiya güclərinin nəzarəti altında idi, bu halda  ölkənin informasiya təhlükəsizliyi sahəsindəki problemləri və boşluqları təsəvvür etmək o qədər də çətin olmaz.  

         Bütün bunlar və digər proseslər 90-cı illərin birinci yarısında Azərbaycan hakimiyyəti qarşısında məxsusi informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin formalaşdırılması, milli informasiya fəaliyyətinin vahid strategiyasının hazırlanması və həyata keçirilməsi kimi təxirəsalınmaz vəzifələr qoyurdu. 1993-cü ildən başlayaraq prezident Heydər Əliyevin rəhbərliyi altında özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri,  ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti həyata keçirilməyə başlandı. Dövlətin  informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri, prioritetləri və resursları müəyyən edildi, nəzəri və praktiki əsasları yaradıldı, sonrakı  dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və dövlət həyatının bütün sahələrində tətbiq olunmağa başlandı. Demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas tələbi kimi söz və məlumat azadlığının  təminatı, demokratik və siyasi plüralistik kütləvi informasiya vasitələrinin (KİV) yaradılması, iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi, beynəlxalq rəqabətədavamlılığının artırılması,   informasiya fəaliyyətinin hüquqi-normativ əsaslarının yenidən qurulması və s. bu siyasətin əsas prioritetlərinə çevrildi. Azərbaycan hakimiyyəti bu istiqamətdə bir çox beynəlxalq təşkilatlarla və inkişaf etmiş demokratik ölkələrlə əməkdaşlıq edərək respublikada azad informasiya mühiti formalaşdırdı,  ölkənin informasiya təhlükəsizliyinin təminatı mexanizmlərini bərqərar etdi.

         Keçən iyirmi ildə Azərbaycanda milli informasiya siyasəti və təhlükəsizliyi sahəsində müəyyən qanunlar, konsepsiyalar, doktrinalar, xüsusi dövlət proqramları və s. sənədlər qəbul edilib, coxsaylı praktiki addımlar atılıb və işlər görülüb.

 

      Azərbaycanın dövlət informasiya siyasətinin əsasları: müstəqil  kütləvi informasiya vasitələrinin  formalaşdırılması siyasəti və informasiya-kommunikasiya texnologiyalarının inkişafı

Azərbaycanda söz və informasiya azadlığının bərqərar olmasının, azad informasiya mühitinin və müstəqil  kütləvi informasiya vasitələrinin yaradılması siyasətinin banisi ummilli lider Heydər Əliyevdir. Məhz onun prezidentliyi dövründə ölkədə  azad, müstəqil, beynəlxalq rəqabətədavamlı, demokratik mili kütləvi informasiya vasitələrinin formalaşması və hərtərəfli inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü siyasət  həyata keçirilməyə başlanmışdır. Heydər Əliyevin rəhbərliyi altında ölkədə plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kəsin məlumat almaq və yaymaq hüququ, KİV üzərində hər hansı senzuranın yolverilməzliyi birmənalı formada təsbit edilmişdir. Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaradılmışdır. Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilmişdir.(1) Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın gələcək plüralistik informasiya siyasətinin həyata keçirlməsini şərtləndirmiş və sürətləndirmişdir.  Fərmanda nəzərdə tutulan digər tədbirlər müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etmiş, ölkənin informasiya siyasətini dolğunlaşdırmışdır. Bunun ardınca dövlət informasiya siyasətinin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilmişdir. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin l Qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən müstəqil Mətbuat Şurası yaranmışdır.

     Azərbaycanın müasir informasiya təminatı və təhlükəsizliyi siyasəti hüquqi, təşkilati-texniki və iqtisadi metodlarla təmin olunur. Hüquqi metodlar  informasiya sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktların, informasiya təminatı və təhlükəsizliyi ilə bağlı  normativ metodiki sənədlərin işlənib hazırlanması və qəbulunu  nəzərdə tutur. Təşkilati-texniki metodlara   informasiya-telekommunikasiya sistemlərinin  normal fəaliyyətinə təhlükə yaradan texniki qurğuların,  proqramların aşkarlanması və s. daxildir. İqtisadi metodlar isə informasiya təminatı və təhlükəsizliyinin təmin olunması sahəsində iqtisadi tədbirlərin görülməsi və onların maliyyələşdirilməsi ilə əlaqədardır.

       1999-cu ilin dekabrında İnsan Haqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyasının  əsas tələblərinə uyğunlaşdırılmış “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının yeni demokratik Qanunu qəbul olunmuşdur.(2)  2001-ci il dekabrın 28-də Milli Məclisin yeni redaksiyada qəbul etdiyi  həmin Qanun, mütəxəssislərin fikrinə görə, bütün demokratik tələblərə- söz və məlumat azadlığına, KİV-lərin və jurnalistlərin müstəqilliyinə və sərbəst fəaliyyətinə tam təminat verir.

       2002-ci ildə Avropa Şurası ilə əməkdaşlıq şəraitində beynəlxalq standartlara tam cavab verən “Televiziya və radio yayımı haqqında” Qanun işlənib hazırlanmış və qəbul edilmişdir.(3)  Bunun ardınca, 2003-cü ildə elektron KİV sahəsində fəaliyyətin demokratik normalara uyğun qurulmasını təmin edəcək, TV və Radio sahəsində fəaliyyəti tənzimləyən müstəqil dövlət orqanı- Milli Televiziya və Radio Şurası yaradılmışdır.  Şura öz fəaliyyətində yalnız qanuna tabedir.

         2004-c ü ildə “İctimai Televiziya və radio yayımı haqqında” yeni qanun layihəsi işlənib hazırlanmış və qəbul edilmişdir.(4) Xüsusi qeyd olunmalıdır ki, qanunun hazırlanmasında Avropa Şurasının ekspertləri bilavasitə iştirak etmiş və əksər prinsipial müddəalar onlarla razılaşdırılmışdır.

        2004-cü ilin sentyabrından etibarən “Dövlət sirri haqqında” Qanun qüvvəyə minmiş, bir müddət sonra isə  Azərbaycan Prezidenti bu kateqoriyaya aid məlumatlar siyahısını  təsdiq etmişdir. Bu, əsasən, hərbi sahəyə, dövlətin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə dair məlumatlardır.  Jurnalistlərin informasiya almaq azadlığının tam reallaşdırılması üçün 2005-ci il sentyabrın 30-da Azərbaycan Prezidentinin Sərəncamı ilə “İnformasiya əldə etmək haqqında”  yeni Qanun təsdiq olunmuşdur.(5) Qanun layihəsinin hazırlanmasına həm əsas jurnalist təşkilatları, həm də Avropa Şurasının ekspertləri cəlb olunmuşdur. Nəticədə qanun yerli və xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş və hazırda Avropa məkanında ən mütərəqqi qanunvericilik aktlarından hesab olunur. “İnformasiya əldə etmək haqqında” Qanun qəbul edildikdən sonra dövlət orqanlarında ictimaiyyətlə əlaqələr idarələrinin və mətbuat xidmətlərinin formalaşdırılmasına başlanmışdır. Qanunla müəyyən edilmiş bütün informasiya sahibləri, mərkəzi və yerli hakmyyət qurumları  olara məxsus internet  informasiya resusları yaradaraq jurnalistlərin xidmətnə təqdim etmişlər. Hazırda həmin resursların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

       Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, qərarların qəbulu və idarəçilikdə ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.(5) Sənəddə İnformasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi,  dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində, vergi nəzarəti və yoxlamaları prosesində, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması, açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.

        Müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edilmiş, müvafiq fərman və sərəncamlar imzalanmışdır. 1998-ci ilin sonunda KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə ölkə prezdentinin Sərəcamı ilə qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edilmişdir. Vergi Məcəlləsində KİV-lərin inkişafının stimullaşdırılması, onların maliyyə durumunun yaxşılaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi üçün sərfəli güzəştlər nəzərdə tutulmuşdur.  Azərbaycan Respublikası Prezidentinin 2001-ci il iyulun 20-də imzaladığı “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Fərmanla ölkəyə gətirilən qəzet kağızına gömrük rüsumları ləğv olunmuş, qəzetlərə uzunmüddətli və güzəştli kreditlər verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2002-ci il tarixli Sərəncamı ilə Sahibkarlığa Kömək Milli Fondundan KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün 600 min manat  vəsait ayrılmışdır. 2003-cü il yanvarın 9-da Azərbaycan Prezidentinin Sərəncamı ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə dondurulmuş, 2006-cı ilin martında isə onların 450 min ABŞ dolları həcmində borcunun dövlət büdcəsi hesabına ödənilməsi qərara alınmışdır.

       Qeyd edilməlidir ki, 2000-ci ildən Azərbaycan milli mətbuatının yubileyləri dövlət səviyyəsində qeyd olunur.  2005 və 2010-cu illərdə yüzlərlə jurnalist fəxri adlar və dövlət mükafatları ilə təltif olunmuşlar. Hər il ölkənin aparıcı qəzet redaksiyaları və informasiya agentliklərinə dövlət tərəfindən birdəfəlik maliyyə yardımı ayrılır.

         2008-ci il iyulun 30-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edilmişdir.(6) Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-in rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir.

        2009-cu il aprelin 3-də Konsepsiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. (7) Fondun əsas vəzifəsi söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi üçün Konsepsiyada nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi, habelə KİV-lərin proqram, layihə və digər tədbirlərini maliyyələşdirməkdir. Fond müstəqil orqandır, onun fəaliyyətinə vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu Müşahidə Şurası nəzarət edir. 2009-cu ildən sonrakı dövrdə KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Fonda 15 milyon manatdan artıq vəsait ayrılmışdır.

         Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının tikilməsi məqsədilə xüsusi vəsait ayrılmışdır. 2013-cü il iyulun 22-də jurnalistlər üçün tikilmiş binanın açılış mərasimi keçirilmiş və 156 KİV əməkdaşına  yeni mənzillər paylanmışdır. Elə həmin gün Azərbaycan Prezidenti “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə  tədbirlər haqqında” Sərəncam imzalamış və jurnalistlər üçün yeni- 240 mənzilli binanın tikintisinə vəsait ayirmışdır.

        Bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşmışdır. Dövlət KİV-lərin müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait yaratmışdır. Azərbaycan dövləti hesab edir ki, kütləvi informasiya vasitələri vətəndaş cəmiyyətinin dinamik inkişafında mühüm təsirə malik güclü vasitədir. Kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə, Azərbaycan Respublikası MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-ə yaxın KİV müvafiq dövlət orqanında uçota götürülmüş və ya qeydiyyatdan keçmişdir. Təsis edilən KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnal çıxır. Azərbaycanda 20-yə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.

        1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 10 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Elə həmin il ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti  təsis edilmiş və fəaliyyətə başlamışdır. İctimai Televiziyanın maddi-texniki təminatı və real  olaraq fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli  qərarına əsasən ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanmışdır. 2014-cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçidin başa çatacağı gözlənilir.

        Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə müstəqilik illərində mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artmışdır. Hazırda 23 mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir.

          Qeyd etmək lazımdır ki, Azərbaycanda söz və informasiya azadlığının təmin olunması, müstəqil KİV-lərin inkişafı və beynəlxalq rəqabətədavamlılığının artırılması, medianın maddi texniki bazasının gücləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlığının artırılması və s. sahələrdə həyata keçirilən dövlət siyasəti tezliklə öz müsbət nəticələrini göstərmişdir. Belə ki, 2009-cu ildən bəri jurnalistlərin insanları böhtan və təhqir etmə maddəsi ilə və ümumən yaradıcılıq fəaliyyəti ilə bağlı həbsə alınması faktı qeydə alınmamışdır. Hazırkı şərait Azərbaycanda “diffamasiya haqqında” yeni qanun layihəsinin müzakirəyə çıxarılması və qəbul olunmasını, jurnalistlərin fəaliyyətinin daha da asanlaşdırılması və təhlükəsizliyinin  dolğun təmin olunmasını gündəmə gətirmişdir. Ölkə rəsmiləri və mətbuat ictimaiyyəti hazırda inkişaf etmiş demokratik dövlətlərin  bu sahədəki təcrübəsini öyrənərək, Azərbaycanda tətbiqi üzərində birgə fəaliyyət göstərir.

 Yeni minilliyin başlanğıcından dünyanın müxtəlif ölkələrində, xüsusən də inkişaf etmiş dövlətlərdə İKT-nin inkişfı, qabaqcıl inkişaf texnologiyaları və innovativ iqtisadi münasibətlərə əsaslanan informasiya cəmiyyətinin yaradılması istiqamətində transmilli fəaliyyət bir qədər də güclənmişdir. Bu fəaliyyət yeni minilliyin əsas inkişaf tələbləri və çağırışları kimi BMT-nin müvafiq Sammitinin qərarlarında da öz əksini tapmışdır. Son on ildə Azərbaycanda da ölkənin sabit və dinamik inkişafı, cəmiyyətin sosial-iqtisadi problemlərinin həlli, söz və mətbuat azadlığının təmin edilməsi, milli KİV-in maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq rəqabətədavamlılığının artırılması məqsədilə  İKT və rabitə sektorunun inkişafına mühüm əhəmiyyət verilir. İKT-nin inkişafı siyasəti hazırda Azərbaycan dövlətinin fəalyyətində   mühüm yer tutur. Cəmi bir necə ildə bu sahə üzrə həm milli qanunvericilik, həm də praktiki  fəaliyyət xeyli gücləndirilmiş və ciddi nəticələr əldə edilmişdir. Ölkə üzrə informasiya cəmiyyətinin,  yeni texnoloji və innovativ biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması dövlət tərəfindən dəstəklənir. Respublikada informasiya təhlükəsizliyinin təmin olunması  və informasiya texnologiyalarının inkişafı ilə bağlı milli  qanunvericilik bazası xeyli təkmilləşdirilmişdir. “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”,  “Elektron sənəd və elektron imza haqqında”,  “İnformasiya əldə etmək  haqqında”,  ”Telekommunikasiya haqqında”,   “Dövlət sirri haqqında” və s. qanunların qəbul edilməsi bunun əyani sübutudur.(7)

       Bunlardan əlavə, Azərbaycan Prezidenti tərəfindən “Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 – 2012-ci illər)”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”,  “Azərbaycan  Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət  Proqramı” və s. mühüm sənədlər də  təsdiq olunmuşdur. Strategiya çərçivəsində “Elektron Azərbaycan - 2005-2008-ci illər” və “Elektron Azərbaycan - 2010-2012-ci illər”  dövlət proqramları qəbul olunmuş və icra edilmişdir.(7)

Son llərdə Azərbaycanda İKT-nin sürətli inkişafı ölkə çərçivəsində internetin imkanlarının genişlənməsinə şərait yaratmış və müasir internet şəbəkəsi formalaşmışdır. İKT-nin inkişafı yönündə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir  ki, 2008-ci ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan  İKT sahəsindəki inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yeri tutmuşdur. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet is­ti­fa­də­çi­lə­ri­nin sa­yı əhalinin 70%-ni təşkil edir. Mili internet provayderinin sayı 40-a çatmışdır. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşmışdır ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir.  5 ildə internet trafikinin giriş-çıxış həcmi  40 dəfə yüksəlmiş və hazırda 200 GB-dən çoxdur. İnternet xidmətlərindən istifadə haqları region ölkələrindəki tariflərlə uyğunlaşdırılmışdır. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalmışdır. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılmışdır. Bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyona yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon Facebook istifadəçisi, vardır. “AZ” domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 minə çatmışdır. Ölkədə 300-ə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir və onların sayı durmadan artır.

2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı(7) imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə "www.e-gov.az" vahid elektron hökumət portalı yaradılmışdır. Nazirlər Kabinetinin 2012-ci il 22 oktyabr tarixli qərarı ilə dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin növləri hazırda 417-yə çatdırılmışdır. Bununla yanaşı dövlət orqanları əhaliyə 300-ə yaxın elektron xidməti göstərir.

Azərbaycanda İKT  sahəsi son illərdə sürətlə inkişaf edir. Bu illər ərzində İKT-yə ümumi investisiya qoyuluşunun həcmi təxminən 3 milyard ABŞ dolları təşkil etmişdir. Ölkə ərazisində uzunluğu 1161 kilometr olan Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel magistralı çəkilmişdir. Bu şəbəkə daxili ehtiyatlar hesabına daha da genişləndirilmiş, ölkənin digər bölgələri magistral xəttə qoşulmuş və şimal sərhədinə qədər optik xəttin tikintisi təmin edilmişdir.

Azərbaycanda hazırda radio-televiziya proqramlarının peykdən yayımını təmin edən (TV-UP-Link) peyk rabitə stansiyaları ilə yanaşı, xarici ölkələrlə rabitənin təşkili, məlumatların ötürülməsi və qəbulu, internet şəbəkələrinin və daxili korporativ şəbəkələrin yaradılması məqsədilə müxtəlif peyklər üzərindən peyk rabitə kanalları (daşıyıcılar) vasitəsilə bir neçə peyklə  işləyən yerüstü stansiyalar  qurulub istifadə edilir. Əhaliyə, o cümlədən ölkə xaricində yaşayan azərbaycanlılara informasiya çatdırmaq üçün İKT-nin imkanlarından geniş istifadə olunur. AzTV, İTV və digər milli  televiziya kanalları,  televiziya və radio proqramları AZƏRSPACE-1 ilə yanaşı, iki digər peyk üzərindən də Asiya, Avropa və bütün dünya ölkələrinə yayımlanır.

 Müasir informasiya cəmiyyətinin yaradılmasına, söz və məlumat azadlığının  təminatına,  İKT-nin  inkişafı və milli informasiya təhlükəsizliyi sahəsində görülən ciddi işlərə  baxmayaraq,   Azərbaycan bir çox göstəricilərə görə hələ də  ümumdünya səviyyəsindən  geri qalır.  Odur ki, ölkədə rabitə və informasiya texnologiyalarının, eyni zamanda “İKT-nin inkişafı üzrə Milli Strategiya”nın qarşısında dayanan vəzifələrin tam yerinə yetirilməsi tələb olunur.

Cəmiyyət həyatının İKT-nin müasir tələbləri çərçivəsində inkişafı, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və şəffaflığının artırılması, yeni-yeni milli informasiya ehtiyatlarının yaradılması və təhlükəsizliyinin təmin edlməsi, müasir elmi biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması, informasiya təhlükəsizliyi  və azadlığının müdafiəsi, qlobal informasiya fəzasında inteqrasiyanın genişləndirilməsi ölkədə informasiya cəmiyyətinə keçidi təmin edəcək fəaliyyətin tərkib hissələridir.

Azərbaycan dövlətinin 2013-cü ildə özünün AZƏRSPACE-1 video-informasiya ötürücü peykini  yerüstü  orbitə  çıxarması  və regionda Rusiya, Türkiyə ilə birlikdə kosmik ölkəyə çevrilməsi  onun həm informasiya fəaliyyəti və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamış, həm də ölkəyə İKT sahəsində yaxın gələcəkdə böyük uğurlar qazandırmağa şərait yaratmışdır.

Göründüyü kimi, müstəqillik illərində Azərbaycan Respublikasında yeni informasiya fəaliyyətinin təşkili, fikir, söz və məlumat azadlığı sahəsində qazanılmış uğurlar milli dövlət quruculuğu siyasətinin və əldə olunmuş demokratik nailiyyətlərin mühüm tərkib hissəsi olmuşdur. Azərbaycan hökuməti bundan sonra da demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.

İnformasiya təhlükəsizliyi siyasəti

Qeyd etmək lazımdır ki, informasiya təhlükəsizliyinə xarici və daxili təhdidlər, onların qarşısının alınması metodları və s. kimi məsələlər milli təhlükəsizliyin bütün sahələri üçün əsasən ümumi xarakter daşıyır. Lakin bu sahələrin (iqtisadi, siyasi, hərbi, sərhəd və s.)  hər biri  özünəməxsus xüsusiyyətlərə  malik olduğundan. Mütəxəssislərin fikrinə görə, onların təhlükəsizliyinin  təmin olunması metodları  bir-birindən fərqlənir.

Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri yuxarıda adı çəkilən bir çox qanunlarala yanaşı ümumi formada Milli Təhlükəsizlik Konsepsiyasında və Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik haqqında” qanununda  da öz əksini tapmışdır. Milli Təhlükəsizlik Konsepsiyasında ölkənin informasiya təhlükəsizliyinə təhdidlər ümumi və qısa formada öz əksini tapmışdır. Konsepsiyada qeyd olunur ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.(8)

Konsepsiyada Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması məqsədilə ölkədə informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem və informasiya infrastrukturunun inkişaf etdirilməsi və möhkəmləndirilməsi zərurəti qeyd olunur. Bundan başqa, dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və mühüm məlumatların toplanması təklif edilir.

 Sənəddə ümumi formada ölkənin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin uzlaşdırılması və səmərəliliyinin artırılması zərurəti, habelə məxfi informasiyanın mühafizə olunmasının koordinasiyasının milli təhlükəsizlik sektorunun  əsas məsələlərdən biri olduğu vurğulanır və qeyd edilir ki, Azərbaycan bundan sonra da öz milli kəşfiyyat və əks-kəşfiyyat qabiliyyətini artıracaq, dövlət sirrinə aid edilmiş məlumatların mühafizəsi ilə bağlı fəaliyyətini davam etdirəcəkdir.(8)

İnformasiya təhlükəsizliyi siyasəti  "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunda da ümumi formada öz əksini tapmışdır. Qanunda  Azərbaycan Respublikasının informasiya sahəsində əsas milli maraqları aşağıdakı sahələr üzrə təsnif olunur:

  • məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi;
  • informasiya ehtiyatlarının qorunması və inkişaf etdirilməsi;
  • informasiya məkanının formalaşdırılması və onun qorunmasının təmin edilməsi;
  • dünya rabitə və informasiya sisteminə daxil olma.(9)

Qanunun 15-ci  maddəsində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsas sahələri  qismində iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələr qeyd olunur.(9)

        Azərbaycanın informasiya təhlükəsizliyi sahəsindəki əsas təhdidlər “Milli təhlükəsizlik haqqında” Qanunda aşağıdakı kimi təsnif olunur:

  • informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya    məkanına daxil olmağa maneələrin mövcudluğu;
  • informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;
  • dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;
  • digər ölkələr tərəfindən Azərbaycana informasiya təcavüzü, beynəlxalq   aləmdə ölkə  həqiqətlərinin təhrif edilməsi;
  • informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər və s. daxil edilmişdir.(9)

        Göründüyü kimi, Milli Təhlükəsizlik Konsepsiyası və Milli Təhlükəsizlik haqqında Qanunda  informasiya təhlükəsizliyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi milli təhlükəsizliyi fonunda təsnif olunur. İnformasiya təhükəsizliyi ilə bağlı sadalanan təhdidlər də bir qədər ümumi xarakter daşıyır və ölkənin siyasi, iqtisadi, müdafiə, sosial-milli, elm, texnika, mənəvi-əxlaqi və digər sahələr üzrə konkret  informasiya təhlükəsizliyi tələblərinə toxunmur. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, Azərbaycanda da bu sahə üzrə ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ciddi ehtiyac vardır. Həmin Konsepsiyada milli informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin  hüquqi əsasları müəyyənləşdirilməli, sistemli formada dövlətin informasiya mühitinin təhlükəsizliyinə təhdidlər öyrənilməli, qruplaşdırılmalı və sistemləşdirilməli, təhdidlərin doğura biləcəyi konkret nəticələr proqnozlaşdırılmalı və bu sahə üzrə dövlət qurumlarının praktiki fəaliyyətin effektivliyi ciddi şəkildə təmin edilməlidir. Ümumiyyətlə, mütəxəssislərin fikrinə görə, hər bir ölkədə  informasiya təhlükəsizliyinə təhdidlərin vaxtında müəyyənləşdirilməsi  və qarşısının alınması  milli təhlükəsizliyin bütövlükdə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. İnformasiya təhlükəsizliyinə təhdidlərin vaxtında müəyyənləşdirilməməsi siyasi, iqtisadi, müdafiə və digər sahələrdə milli maraqlara ciddi zərbə vurulmasına, cəmiyyətin xaos və qarşıdurmalara sürüklənməsinə, idarəetmə sisteminin iflic olmasına və  mənəvi-əxlaqi dəyərlərin aşınmasına gətirib çıxara bilər.

Azərbaycanın informasiya təhlükəsizliyi mühitinin mövcud vəziyyətinin təhlili göstərir ki, şəxsiyyət, dövlət və cəmiyyətin həyati əhəmiyyətli bütün maraqlarının  daha yüksək və təkmil səviyyədə qorunması hazırda həm də ölkənin informasiya təhlükəsizliyi siyasətinin əsas məqsədi kimi çıxış etməli, onun dinamik inkişaf səviyyəsinin tələblərinə cavab verməli, milli informasiya resurslarının reyestri yenidən aparılmalı və təkmilləşdirilməli, informasiya təhlükəsizliyinin meyarları və metodları hərtərəfli işlənilməlidir. Mütəxəssislərin fikrinə görə müasir dünyada hər bir ölkənin informasiya təhlükəsizliyinin təmin olunması ilk növbədə bu istiqamətdə yürüdülən dövlət siyasətinin prioritet istiqamətlərinin dəqiq müəyyənləşdirilməsindən, informasiya təhlükəsizliyi mühitinin dəqiq, obyektiv, elmi baxımdan düzgün qiymətləndirilməsindən və bu sahədə səmərəli fəaliyyətin təşkil olunmasından asılıdır. Bu baxımdan, hazırda Azərbaycanın  informasiya təhlükəsizliyi  mühitinə təsir edən əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və onların ayrıca olaraq İnformasiya Təhlükəsizliyi Konsepsiyasında öz əksini tapması vacibdir.

Milli İnformasiya təhlükəsizliyi Konsepsiyasında   həm də beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial-iqtisadi həyatda  baş verən  proseslərin dövlətin informasiya təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr öz əksini tapmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş illik toplantısında dünya ölkələrinin müasir informasiya-kommunikasiya siyasətinin xarakterik xüsusiyyətlərini, planetimizdə günü-gündən genişlənən  internet resurslarının, transmilli mətbuat-informasiya sistemlərinin beynəlxalq ictimai rəyin formalaşmasındakı mühüm rolunu, dünyada virtual informasiya əlaqələrinin bütün milli sərhədləri aşması tendensiyasını və s. məsələləri nəzərə alaraq, müasir dövrdə hər bir  ölkənin milli təhlükəsizliyinin əsas istiqamətlərindən biri kimi informasiya təhlükəsizliyinin rolunu xüsusi qeyd etmiş, bu sahədə Azərbaycanda görülməsi vacib olan işlər haqqında danışmışdır.  O qeyd etmişdir ki, biz informasiya əsrində, internet və digər informasiya texnologiyalarının inkişafı dövründə yaşayırıq. Azərbaycanda siyasi plüralizm hökm sürür, azad mətbuat,  internet və informasiya orqanları fəaliyyət göstərir, əhalinin 50 faizindən çoxu internetdən istifadə edir. İndi hər bir kəndə, hər bir yaşayış məntəqəsinə genişzolaqlı internet şəbəkəsinin çəkilməsi planlaşdırılır. Lakin, təəssüf ki, qlobal informasiya məkanında internetdən, informasiya vasitələrindən,  transmilli mətbuatdan bəzən insanların informasiya ehtiyacını ödəməklə yanaşı,   həm də xüsusi təxribat vasitəsi kimi istifadə edirlər, ayrı-ayrı xalqlara, dövlətlərə və insanlara qarşı böhtan kampaniyası aparırlar. Bu təxribatlar, məqsədyönlü kompaniyalar bəzi hallarda açıq, bəzi hallarda  gizli aparılır. Əlbəttə, belə şəraitdə ölkələrin informasiya təhlükəsizliyi məsələləri çox aktuallaşır. (10, s.4)    

Azərbaycanın informasiya təhlükəsizliyi siyasətinə toxunan ölkə başçısı vurğulamışdır ki, hazırda bizə qarşı dünyada sistemli informasiya müharibəsi aparan qüvvələr mövcutdur. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycanla bağlı böhtan xarakterli yazılar dərc edirlər. Təbii ki, bu, əlaqələndirilmiş bir antiazərbaycan siyasətidir. Bu işdə  ilk növbədə, erməni lobbisinin fəallığını qeyd etmək lazımdır, onlar  mütəmadi olaraq Azərbaycanın milli-mədəni dəyərlərini, real inkişafını və həqiqətlərini inkar edərək, onu geridə qalmış, antidemokratik, antixristian ölkə kimi dünyaya təqdim etməyə çalışır. (10, s.4)    

Ölkə başçısının fikirlərindən göründüyü kimi, informasiya təhlükəsizliyi Konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçiriləcək informasiya  siyasətinin əsas istiqamətləri və bu sahədə qarşıda duran vəzifələr ayrıca əks etdirilməlidir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, hazırda Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir. Erməni diasporu müxtəlif ölkələrin informasiya vasitələrində Azərbaycanın dünyada gündən-günə artan nüfuzuna, siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi uğurlarına kölgə salmağa çalışır. Bu məsələdə ermənipərəst xarici və daxili siyasi  dairələr xüsusi aktivlik nümayiş etdirir. Ermənilərin və onlara himayədarlıq edən siyasi dairələrin əsas məqsədi nəyin bahasına olursa-olsun beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi fikir formalaşdırmaqdır. (10, s.4)    

Müasir informasiya təhlükəsizliyi sahəsində ölkənin milli maraqlarından irəli gələn bir çox vəzifələrə toxunan Azərbaycan Prezidenti, bütün ölkə rəsmilərini və vətəndaşlarını, dünya azərbaycanlılarını  erməni lobbisi ilə informasiya mübarizəsinə daim hazır olmağa səsləmişdir. Onun fikrinə görə son illər bu sahədə vəziyyət xeyli dərəcədə bizim xeyrimizə dəyişmişdir. Azərbaycanın diaspor qurumları, qeyri-hökumət təşkilatları, xaricdəki səfirliklərimiz, ölkə ictimaiyyəti bu işə öz dəstəyini göstərir. Azərbaycanı dəstəkləyən insanların xarici mətbuat və informasiya vasitələrinə çıxış imkanları və mövqeləri getdikcə güclənir. Ancaq hələ ki, erməni lobbisi Avropada və başqa dünya dövlətlərində, xüsusən böyük ölkələrdə kifayət qədər güclü və təsirlidir. Onlar onilliklər, yüzilliklər boyu bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərmiş, ciddi şəkildə təşkilatlanmış, çox aqressiv və mənfi bir şəbəkə yaratmışlar. Azərbaycana qarşı əksər mənfi informasiyaların təkanverici qüvvəsi məhz erməni lobbisidir. (10, s.4)    

Müstəqillik qazanandan sonra ermənilər xarici ölkələrdə mövcud olan diasporalarının  imkanlarından istifadə edərək Azərbaycana qarşı informasiya mübarizəsi aparan böyük bir şəbəkə yaradıblar. Bu şəbəkənin əhatə və təsir dairəsi kifayət qədər genişdir. Bura müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında çalışan, bəzən öz mənşəyini gizlədərək başqa familiyalarla çıxış edən erməni əsilli jurnalistlər, diasporanın təsiri altında olan xarici mətbuat orqaları, informasiya vasitələri, teleradio kompaniyaları və s. daxildir. Onların Azərbaycan  fəaliyyəti məqsədyönlüdür və koordinasiya edilir. Bundan başqa, Azərbaycan əleyhinə dünyada informasiya mübarizəsi aparan digər qüvvələr də mövcuddur ki, bunlar da əsasən erməni lobbisinin təsiri altında olan, onların  pulu ilə maliyyələşən bəzi xarici ölkələrin qeyri-hökumət təşkilatları,  tanınmış mədəniyyət və ictimai-siyasi xadimləri və s. qüvvələrdən ibarətdir. Onların çoxu açıq şəkildə, bir qismi isə gizli formada erməniləri dəstəkləyir, qondarma “Dağlıq Qarabağ respublikası”nın yaşaması və tandılmasına səy göstərir, dünyada antiazərbaycan təbliğatı aparır. Dünyada Antiazərbaycan təbliğatının qidalandığı üçüncü mənbə son illərdə bəzi ölkələrdə vüsət almış islamofobiya meyilləri hesab oluna bilər. Bu hal müasir dünyanın hazırda müşahidə olunan ən mənfi reallıqlarından biridir və Azərbaycan da bir islam ölkəsi kimi bu reallıqdan ciddi əziyyət çəkir. Dünyada islamofobiya meyilləri gücləndikcə müsəlman ölkələrinə münasibət də mənfi istiqamət dəyişir. Hazırda ayrı-ayrı ölkələrdə islamofobiya xəstəliyinə yoluxmuş siyasətçilərin sayı günü-gündən artır və onlar müsəlman ölkələrinə qarşı ciddi bir qüvvəyə çevrilir. Həmin qüvvələr öz  müsbət inkişaf tendensiyaları ilə seçilən, müasirliyi, müstəqil siyasəti və s. ilə fərqlənən Azərbaycan kimi müsəlman ölkələrinə qarşı təsirli kampaniya aparırlar. Azərbaycana qarşı informasiya müharibəsi aparan dördüncü qrupa isə sadəcə olaraq Azərbaycanın müstəqil siyasətini qəbul etməyən insanlar, təşkilatlar və ölkələr daxildir. Bu qrupun təmsilçiləri elə hesab edir ki, Azərbaycan kimi kiçik ölkələr müstəqil siyasət yürütməməli, kiminsə “qanadının altına” keçməlidir.  Prezident İlham Əliyev bununla bağlı qeyd etmişdir ki, Azərbaycanın müstəqil siyasətini qəbul etməyən həmin qüvvələr  çalışırlar ki, fərqli-fərqli imkanlardan, informasiya texnologiyalarından və s. istifadə edib  ölkəmizə qarşı təxribat etsinlər, dünya ictimaiyyətinə müxtəlif yalan, böhtan xarakterli məlumatlar ötürsünlər. Əlbəttə, Azərbaycanın müstəqil siyasəti, hər bir beynəlxalq məsələ ilə bağlı ortaya qoyduğu qəti mövqe dünya birliyndə bizim etimadımızı artırır. BMT Təhlükəsizlik Şurasına seçilməsi Azərbaycanın xarici siyasətinin böyük təntənəsi və zəfəridir. Dünyanın 155 ölkəsinin dəstəyini qazanmaq, bizim müstəqil siyasətimizə, müstəqil dövlətimizə böyük inam və etimadın göstəricisidir. Azərbaycan öz müstəqil yolu ilə gedir.

 Ölkə başçısı bildirmişdir ki, Azərbaycana qarşı informasiya təxribatları, əfsuslar olsun  təkcə bu faktlarla məhdudlaşmır. Elə qüvvələr vardır ki, bölgədə vəziyyəti qarışdırmaq, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Bu işdə də informasiya təxribatlarından istifadə edilir. Biz bütün qonşularla, - Ermənistan təbii ki, istisna olmaqla, - normal, yaxşı dostluq münasibətləri yaratmışıq. Azərbaycan heç vaxt başqa ölkələrin qarşıdurma planlarında iştirak etmir və etməyəcəkdir. Mən bunu hələ prezidentlik dövrümün əvvəlində də demişəm. Azərbaycan qarşıdurma arenasına çevrilməyəcəkdir. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı istifadə edilsin. Belə olan halda yenə gəlir informasiya təxribatı məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarda bu istiqamətdə çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, olmayan hadisələr, proseslər haqqında yalan rəy formalaşdırmağa çalışırlar.(10, s.4)    

Mütəxəssislərin fikrinə görə, Ermənistanın hərbi Doktrinası, milli təhlükəsizlik  Strategiyası  və digər rəsmi sənədlərində  milli təhlükəsizik, o cümlədən informasiya təhlükəsizliyi siyasəti ilə bağlı məsələlər Ermənistan və qondarma “Dağlıq  Qarabağ Respublikası”nın maraqları kontekstində izah edilir. Bu sənədlərdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın milli maraqları çərçivəsində həll edilməsi    Ermənistanın milli təhlükəsizliyinin əsas vəzifəsi kimi göstərilir. Buna görə də Azərbaycanın informasiya təhlükəsizliyi Konsepsiyasında Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti ilə bağlı beynəlxalq ictimai rəyin formalaşdırılması və ermənilərin saxta iddialarının ifşası,  antiAzərbaycan təbliğatının neytrallaşdırılması istiqamətində effektiv siyasətin  məqsəd və vəzifələri düzgün müəyyənləşdirilməlidir.     

Müasir dövrdə hər bir ölkədə olduğu kimi, Azərbaycanın da informasiya  təhlükəsizliyində  ölkənin  hava-kosmik və  peyk informasiya vasitələrinə kənar müdaxilələrin, yerli ictimai rəyi idarə etməyə yönələn pozucu təbliğat kampaniyalarının qarşısının alınması mühüm yer tutur.  Mütəxəssislərin fikrinə görə, hazırda Azərbaycanın milli informasiya təhlükəsizliyi sisteminin yaradılması bu istiqamətdə qarşıda dayanan əsas vəzifələrdən biridir. Xüsusən virtual məkanda ölkənin tarixi, mədəniyyəti, iqtisadi və siyasi sistemi, mövcud vəziyyəti və milli təhlükəsizliyi sahəsindəki problemləri, ərazilərinin Ermənistan tərəfindən işğala məruz qalmasını, Dağlıq Qarabağ həqiqətlərini və s. dünya ictimaiyyətinə çatdıran çoxsaylı  yerli və xarici məlumat mənbələrinin, veb-saytların və digər elektron informasiya vasitələrinin izlənilməsi, öyrənilməsi və idarə edilməsi günün ən aktual və həllini gözləyən məsələsi hesab edilir. Nəzərə alınsa ki, Ermənistan hökuməti özünün bütün   daxili potensialını, o cümlədən dünya erməni diasporunun maddi və ideoloji resurslarını, intellektual vasitələrini məqsədəyönlü şəkildə  anti-azərbaycan təbliğatına yönəldib, o zaman qlobal və virtual informasiya məkanında ölkənin  ideoloji və informasiya təhlükəsizliyi sahəsindəki mübarizəsinin əhəmiyyətini anlamaq cətin olmaz.

 Azərbaycanın informasiya təhlükəsizliyi siyasətinin əsas vəzifələrindən biri həm özünün, həm də tərəfdaş region dövlətlərinin,  transmilli informasiya vasitələrinin imkanlarından maksimum bəhrələnərək,  beynəlxalq ictimaiyyətə çıxış kanalları  və  təsir mexanizmləri  yaratmaqdan ibarətdir.  Mütəxəssislərin fikrinə görə, hazırda ABŞ və digər böyük dövlətlərin mövcud informasiya-kommunikasiya texnologiyaları onlara bütün dünya ərazilərinə geosiyasi, hərbi-strateji və informasiya  nəzarəti etmək imkanı verir. Yaxud transmilli peyk, kompüter və informasiya texnologiyaları, mobil telefon şəbəkələri  həm beynəlxalq  ictimaiyyətin, həm də bilavasitə dövlətlərin əhalisinin lazımi istiqamətə yönəldilməsi və idarə edilməsinin həlledici amilinə çevrilmişdir. Əlbəttə, Azərbaycan tipli dövlətlər dünya informasiya məkanında lazım olan səviyyədə iştirak etmək imkanlarına  malik deyildir. Lakin hər bir müstəqil dövlət kimi, Azərbaycanın da milli informasiya siyasətinin formalaşdırılması, ölkənin informasiya  məkanının   kənar qüvvələrin təsirindən və müdaxiləsindən  maksimum qorunması, milli  informasiya maraqlarının təmin edilməsi, dünyanın qlobal və virtual  informasiya  məkanına müxtəlif yollar tapılması, dünya ictimai rəyinə təsir imkanları yaradılması günün vacib vəzifələri sırasına daxildir.  Azərbaycanın informasiya təhlükəsizliyinin təmin edilməsi, rəsmi dairələrin və mütəxəssislərin fikrinə görə, bütün ölkə səviyyəsində, vahid konsepsiya və fəaliyyət proqramı əsasında həyata keçirilməli, dövlətin daxili və xarici informasiya siyasəti, təbliğat və ideoloji  işi sistemli formada və  bir mərkəzdən idarə edilməlidir.

İnformasiya təhlükəsizliyinin təmin olunmasında hazırda  dünyanın böyük dövlətləri kosmik-peyk informasiya və nəzarət mexanizmlərindən geniş istifadə edir, onların vasitəsilə dünya ölkələrinə,  o cümlədən geosiyasi əhəmiyyət kəsb edən “açar” ərazilərə nəzarətin bütün metod və vasitələrini tətbiq etməyə çalışırlar. Əlbəttə, Azərbaycan o dövlətlərdən deyil ki, dünya ölkələrinin ərazilərinə və strateji hədəflərə kosmik nəzarət həyata keçirsin, hərbi-strateji və  peyk-informasiya nəzarətinin müasir texniki imkanlarına malik olsun.  Lakin Azərbaycan hərbi-strateji tərəfdaşları vasitəsi ilə  milli təhlükəsizliyinin  təmin olunması üçün  regional əhəmiyyətli  lazımi informasiya texnologiyalarından öz  məqsədləri üçün istifadə edə  bilər.

Müasir dünya geosiyasətində informasiya və təbliğatın  beynəlxalq ictimai rəyə təsir imkanlarından geniş  danışılır.  Hazırda bir ölkənin başqa dövlətin ərazisində mövcud informasiya sistemlərini nəzarət altına alması  və yaxud  idarə etməsi  yalnız  onun hərbi və milli təhlükəsizlik məsələlərinə təsirlə  yekunlaşmır. Bu, həm də yerli ictimai rəyin kənar təsirlərə məruz qalmasına və idarə edilməsinə,  ölkənin idarəçilik sisteminin pozulmasına və iflic olmasına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, xarici texnologiyanın mövcud gücü ilə hazırda ayrı-ayrı ölkələrin daxili idarəçilik sistemləri arasındakı rabitə  əlaqələrini nəinki kəsmək və pozmaq,   hətta bu sistemə girərək, dezinformasiya yaymaq yolu ilə onların fəaliyyətini yönəltmək və sarsıtmaq mümkündür. Dünyada bəzən ayrı-ayrı qurumlar müasir   informasiya kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək, beynəlxalq internet şəbəkələrində, bu və ya digər ölkələrin ərazilərində və  “etibarlı mənbə”  adı altında xüsusi dezinformasiya yayır,  dövlət qurumlarını,  vətəndaşları və bütövlükdə ictimaiyyəti çaşdıran məqsədli  fəaliyyət həyata keçirirlər. Bu da həmin ölkələrin daxili sabitliyini, idarəetmə orqanlarının ahəngdar fəaliyyətini pozur ki, nəticədə milli təhlükəsizliyə xarici müdaxilə üçün əlverişli şərait yaranır. Məsələn, bu gün bəzi Qərb dairələrinin elektron kəşfiyyat və xüsusi əməliyyatlar yolu ilə bir çox Şimali Afrika və ərəb dövlətlərində həyata keçirdiyi, dövlətlərin öz vətəndaşları və cəmiyyətləri üzərindəki nəzarətini zəiflətməyə yönəlmiş müəyyən addımları 1992-1995-ci illərdə və digər dövrlərdə müxtəlif qüvvələr tərəfindən  Azərbaycanda da həyata keçirilmişdir.  Azərbaycanın o dövrkü informasiya və təbliğat  vəziyyətinin təhlili göstərir ki, dövlətin informasiya təhlükəsizliyi, demək olar, tamamilə xarici amillərin təsiri altında idi. Milli teleradio və mətbuat vasitələrinin  fəaliyyəti zəif olduğundan və bütün  ölkə ərazisini əhatə edə bilmədiyindən, o zaman ictimai rəyin  formalaşmasında  və idarə edilməsində  Rusiya,  Türkiyə və  İranın,   habelə beynəlxalq transmilli KİV-lərin rolu açıq-aşkar üstünlük təşkil edirdi.

Beləliklə, göründüyü kimi, Azərbaycan Respublikasının milli təhlükəsizliyi bu gün də ümumölkə səviyyəsində hərtərəfli informasiya təhlükəsizliyinin təmin olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Odur ki, fikrimizcə ölkənin gələcək İnformasiya Təhlükəsizliyi Konsepsiyasında müasir qlobal dünyanın çağırışları, Azərbaycanın sabit, təhlükəsiz və dinamik inkişaf səviyyəsini əks etdirən effektli informasiya  təhlükəsizliyi siyasəti və fəaliyyəti öz əksini tapacaq , dövlətin informasiya təhlükəsizliyi siyasətinin əsasları  sistemləşdiriləcək, hakimiyyət orqanlarının mövcud sahədəki fəaliyyət istiqamətləri dəqiqləşəcək və qarşıda duran vəzifələr müəyyən olunacaqdır.

Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi sahəsindəki əsas vəzifələrin yerinə yetirilməsi, milli informasiya resurslarının qorunması və təhdidlərin qarşısının alınması, bu sahədə effektli tədbirlərin gücləndirilməsi məqsədilə son zamanlar dövlət səviyyəsində ciddi fəaliyyət başlanmışdır. Bu tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında 26 sentyabr 2012-ci il tarixli və “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında 5 mart 2013-cü il tarixli  Fərmanlarını qeyd etmək olar.(11)

         “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında Fərmanla ölkə başçısı  Azərbaycanda informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin bazasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaratmış və onun əsas fəaliyyət prinsiplərini təsdiq etmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında Fərmanda isə  kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici  mərkəzin  yaradılmasını təmin edilmişdir.

Adlarından da göründüyü kimi, həm Agentlik, həm də Mərkəz əlaqəli şəkildə

  • Azərbaycanda kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiya edilməsini;
  •  informasiya sistemlərinin və şəbəkələrinin, kompyuter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumların, qanunsuz müdaxilələrin, ziyanverici proqramların toplanması, təhlil edilməsi və zərərsizləşdirilməsini;
  •  mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanın həyata keçirilməsini, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini;
  •  elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatların hazırlamasını, onlara tövsiyələrin verilməsini, metodiki dəstəyin göstərilməsini təmin edir;
  •  ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə milli internet operatoru ilə birlikdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsini;
  •  kibertəhlükəsizlik üzrə hazırlığı təmin etmək məqsədi ilə ölkədə fəaliyyət göstərən digər aidiyyəti qurumlarla qarşılıqlı əlaqənin təmin edilməsini öz üzərinə götürür.(12)

       Bundan başqa, 10 fevral 2014-cü ildə   Respublika Prezidentinin sərəncamı ilə “Azərbaycanda 2014-2018-ci illərdə dövlət sirrinin qorunması sisteminin inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Sərəncamda informasiya sahəsində dövlət sirlərinin və informasiya resurslarının qorunmasının koordinasiyası Milli Təhlükəsizlik nazirliyinə həvalə edilmişdir.(13)

 

     

QEYDLƏR:

  1. “Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında”  Azərbaycan Respublikası Prezidentinin Fərmanı http://www.e-qanun.az
  2. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu  http://www.e-qanun.az        
  3. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu http://e-qanun.az
  4. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu http://e-qanun.az
  5. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu   http://e-qanun.az
  6. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası http://e-qanun.az
  7. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı http://e-qanun.az
  8. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası // http://e-qanun.az
  9. http://www.mns.gov.az/nslawcp1_az.htm
  10.  “Azərbaycan” qəzeti,  № 82, 17 aprel 2012-ci il.s.4.
  11. http://president.az
  12. http://www.cert.az/
  13.  «Azərbaycan» qəzeti, 11 fevral 2014 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM