Strategiya.az milli.az-a istinadən xəbər verir ki, uçan keçid “Grand park” istirahət-yaşayış kompleksinin olub. Kompleksdən bildirilib ki, həmin keçid hələ istifadəyə verilməmişdi.
Saytın “Keçidin giriş-çıxışı niyə küçəyə yox, kompleksə açılırdı” sualına isə “Bu suallarınızı yol təsərrüfatı ilə məşğul olanlara verin. İndi məşğuluq, sabah görüşüb söhbət edərik”, -deyə cavab verilib.
Sayt keçidin uçması ilə bağlı aparılan istintaqla da maraqlanıb. Səbayel Rayon Polis İdarəsinin işi araşdıran müstəntiqi Qüdrət Əliyev bildirib ki, hələlik cinayət işi faktla bağlı başlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə iş başlanıb və araşdırılır. İstintaqın gedişində keçidin qanuni və ya qanunsuz tikilməsi ilə bağlı məsələlər də araşdırıla bilər.
Saytın keçidin hansı səbəbdən ümumi deyil, bir kompleks üçün tikilməsi ilə bağlı “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevə ünvanlamaq istədiyi sualları isə cavabsız qalıb. Daha dəqiq desək, qurum rəsmisi dəfələrlə edilən zəngləri cavabsız qoyub.