Qafqazda erməni dövlətinin yaranması (I hissə )

12:33 / 29.09.2017

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının

«Tarix» kafedrasının müdiri,

əməkdar müəllim.


Qafqazın XIX yüzilliyin əvvəllərində xarici dövlətlərin rəqabət və müharibə meydanına çevrilməsi Rusiya imperiyasının birbaşa hərbi müdaxiləsi ilə müşayiət olundu. Dini və etnik amillərdən ənənəvi vasitə kimi istifadə olunması bu prosesdə də istisna deyildi. Xəzər hövzəsini ələ keçirmək, cənubda sərhədlərini genişləndirmək əzmində olan Rusiya geniş müsəlman əhatəsində xristian amilindən, xristian etnik azlığından yararlandı. İmperator sarayı ilə iddialı əlaqələr təcrübəsi olan ermənilər də bu fürsətdə aktiv xidmət göstərib, yönəldici rol oynadılar. İşğalını həmin dövr üçün maksimal coğrafi hüdudlarda yekunlaşdırmaq məcburiyyətində qalan Rusiya tutduğu yeni ərazilərdə möhkəmlənmək siyasəti yürüdürdü. Kütləvi köçürmə, inzibati ərazi müəyyənləşdirilməsi bölgənin etnik inkişaf prosesini kəskin təsirə məruz qoydu. İşğal ərazilərinə əksəriyyəti İran və Osmanlı torpaqlarından köçürülən ermənilər yerləşdirilirdi. Ermənilərin köçürülmə işlərinə, yerləşdirilmə məntəqələrinin təyinatına məhz ermənilərin başçılıq etməsinə baxmayaraq Rusiya imperiyasının cənub ucqarında, müsəlman dövlətləri ilə sərhəddə əhalisinin 95%-nin müsəlman olduğu İrəvan torpağının müsəlman vilayəti kimi qalması etibarlı təminat deyildi. 1804-1813-cü illər Rusiya-İran müharibəsinin ilk döyüşünün İrəvan, Eçmiədzin (Üçmüəzzin) yaxınlığında baş verdiyinin və 1826-1828-ci illər 2-ci Rusiya-İran müharibəsinin Şimali Azərbaycanda son döyüşünün yenə də İrəvan qalası uğrunda olduğunu nəzərə alsaq, onda Rusiya imperiyasının ciddi əhəmiyyət verdiyi strateji ərazinin- İrəvan qalasının alınması şərəfinə Qafqazdakı rus ordusunun baş komandanı İ.F.Paskeviçə çar fərmanı ilə «Erivanski» adı əlavəsinin verilməsinin mənası aydın olur. General Türkmənçay müqaviləsi (1828, 10 fevral) bağlanandan az sonra ermənilər üçün lütfkarlıqla «başlıca olaraq İrəvan, Naxçıvan vilayətlərində və qismən Qarabağda yerləşdirilsin, bir sıra müsəlman kəndləri dindaşlarının ən çox məskunlaşdığı yerlərə köçürülsün» göstərişini verir. Köçürmələr nəticəsində bölgənin uğradığı demoqrafik dəyişikliyi, getdikcə sayca çoxaldılan erməni kütləsinin sonradan özünü yerli sayması və bütün etnoqrafik mənzərənin mənbə göstəricilərini kənara qoyub, sırf məntiqi sual qoyaq: əgər İrəvan erməni torpağı idisə, I Pyotr dövründən Rusiyada real nicat dayağı görən ermənilər niyə ilk gündən döyüşsüz, müqavimətsiz qalanı ruslara təslim etmədilər. Axı məhz onlar rus süngüsünün təntənəsini səbirsizliklə gözləyirdilər. Yalnız 23 il sonra qalanın cüzi erməni əhalisi fürsət tapıb müsəlman çoxluğuna xəyanət edərək ruslara qala darvazasını açmış və bütün sonrakı uğurları üçün yardımçı, sonra isə aparıcı rol oynamışlar. Kahin H.Şahxatunyanın tərtib etdiyi siyahıda xronoloji ardıcıllıqla 49 azərbaycanlı hakimin 1441-ci ildən 1828-ci ilədək idarə etdiyi İrəvan xanlığı Rusiyaya ilhaq edildikdən sonra çar I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanına əsasən, İrəvan və Naxçıvan xanlıqları ərazisində «Erməni vilayəti» yaradıldı. Bununla Osmanlı imperiyası ilə Rusiya işğalı altında olan digər müsəlman torpaqları arasında «xristian zolağı» gerçəkləşdi.

İrəvan və Naxçıvan əyalətlərindən ibarət «Erməni vilayəti»nin yaradılması ilə ermənilərin Cənubi Qafqazda ərazi bazası təmin edildi. Bununla belə çar hökuməti əraziyə erməniləri kütləvi yerləşdirməsinə baxmayaraq yenə də yerli müsəlman (azərbaycanlı) əhalinin üstünlüyü faktorunu nəzərə almaq məcburiyyətində qaldı. Vilayət idarəçiliyində 2 asessordan (iclasçıdan) biri azərbaycanlı, digəri erməni icmasından idi. Əgər kütləvi köçürmə ərəfəsində bölgə əhalisinin 76,24%-ni müsəlmanlar (azərbaycanlılar), 23,45%-ni ermənilər təşkil edirdisə, 1829-32-ci illərdə tədqiqatçı İ.İ.Şopenin rəsmən həyata keçirdiyi siyahıyaalmaya görə burada əhalinin 49,71%-i müsəlmanlar (azərbaycanlılar), 15,29%-i köçürməyədək yaşayan ermənilər, 21,62%-i İrandan, 13,17%-i Türkiyə ərazisindən köçürülmüş ermənilər idi.Yəni «Erməni vilayəti» adlandırılan əraziyə 1829-32-ci illər göstəricisinə görə İran və Türkiyədən köçürülmüş ermənilər əhalinin 34,79%-ni təşkil edirdi (1, c.1, s.317).

Qafqaz müsəlmanlarının əzəli tarixi-coğrafi yaşayış məskənləri Rusiya hökuməti tərəfindən tətbiq edilən, mütəmadi dəyişdirilən və etnosiyası məqsəd güdən yerli idarəçilik formalarına tabe edilirdi. 1840-cı il 10 aprel tarixli «Zaqafqaziya diyarının idarəsi üçün təsisatlar» qanunu ilə Azərbaycan torpaqlarının Rusiya imperiyası tərkibində növbəti bölüşdürülməsi həyata keçdi. «Erməni vilayəti»nin ləğv edilməsilə, İrəvan və Naxçıvan əyalətləri qəzalara çevrildi, Gürcü-İmeret quberniyasına tabe edildi. 1849-cu il iyunun 9-da keçmiş «Erməni vilayəti» və Aleksandropol (Gümrü) qəzası əsasında İrəvan quberniyası yaradıldı. İnzibati ərazi bölgüsünə görə İrəvan quberniyası İrəvan, Eçmiədzin, Aleksandropol, Novobayazid, Şərur-Dərələyəz, Naxçıvan, Sürməli qəzalarından ibarət idi (1, c.2, s.53). Quberniya əhalisinin etnik tərkibini ermənilərin xeyrinə dəyişmək siyasəti XX yüzilliyin əvvəlləri də daxil olmaqla ardıcıl həyata keçirilmişdir. Buna baxmayaraq quberniyada azərbaycanlı əhalinin xüsusi çəkisi həmişə yüksək olmuşdur. Azərbaycanlı əhaliyə qarşı törədilən davamlı sıxışdırmalar, deportasiya, zorakılıqlar, qırğınlar onların İrəvan əhalisinin etnik tərkibində əsas yer tutmasının qarşısını ala bilməmişdir. 1917-ci il Qafqaz təqviminin məlumatına görə İrəvan quberniyasında azərbaycanlıların sayı 33,35% (1, c.2, s.53) idi. Həmin məlumata görə İrəvan qəzasında isə nisbət göstəricisində azərbaycanlılar üstünlük təşkil edirdi: 48,1% azərbaycanlılar; 45,21% ermənilər (1, c.2, s.51).

Birinci dünya müharibəsi dövründə İrəvan quberniyasının qəzalarında ehtiyat hissələr və könüllü dəstələr yerləşdirilmişdi. Rusiyanın Osmanlı dövləti ilə cəbhə meydanında ermənilər aktiv hərəkət xətti seçmiş, strateji planlarını reallaşdırmaq yönündə geniş müstəvidə (siyasi, ideoloji, hərbi və s.) ciddi-cəhdlə səy göstərirdilər. Müharibədən erməni dövlətinin «doğulacağı»na şübhə etməyən erməni rəhbərləri Rusiya imperiyasına böyük ümid bəsləyirdilər: «Heç bir konkret qarantiyamız olmadan inanırdıq ki, çar hökuməti sədaqətimizin, səy və köməyimizin haqqı, mükafatı kimi, bizə Qafqazda öz müqəddəratımızı təyin etmək üçün nəsə verəcək». Ermənilərin Qafqazda dövlət yaratmaq iddiası O.Kaçaznuninin ifadəsindən göründüyü kimi yalnız xidmət haqqı məzmunu daşıyırdı. Cənubi Qafqazı işğal zamanı Valaxiya və Moldova knyazlıqları statusunda bir erməni knyazlığı yaratmaq əzmi gündəmdə olsa da, hətta II Nikolay hakimiyyəti də erməni xəyalını həqiqət etmədi. 1915-18-ci illərdə İran və Türkiyədən gətirilmiş ermənilər azərbaycanlı kəndlərində məskunlaşdırılmışdı.

Mütləqiyyət rejiminin devrilməsi ilə İrəvan quberniyasında yaradılan yerli idarəetmə qurumlarında daşnaklar üstünlüyü ələ aldılar. Sentyabrın sonlarında Tiflisdə çağırılan «Erməni milli müşavirəsi»ndə erməni milli şurası təşkil edildi. İrəvan quberniyasının mərkəzində və qəzalarında da erməni milli şuralarının təşkil olunmasına başlandı. Quberniyada Müsəlman Milli Şurası da fəaliyyət göstərirdi. Sonralar Zaqafqaziya Seymi Müsəlman fraksiyasının üzvü olmuş Mir Hidayət Seyidov İrəvan quberniyası Müsəlman Milli Şurasının sədri idi.

İmperiyanın dağılması şəraitində Rusiya müsəlmanları milli-məhəlli muxtariyyət idarəçiliyinə üstünlük verdilər. Bu zaman «Azərbaycan muxtariyyəti artıq siyasi bir proqram şəklində meydana atıldı»  (M.-Ə.Rəsulzadə). «Azərbaycan muxtariyyəti»nin əhatə edəcəyi əraziyə aydınlıq gətirən M.-Ə.Rəsulzadə 1917-ci ilin dekabrında yazırdı: «Bu gün Azərbaycan muxtariyyətindən bəhs olunuyorsa həmən İrəvan, Gəncə və Bakü quberniyaları ilə sair Zaqafqaziya uyezd və mahallarından bəhs olunuyor deməkdir» (10). Bu muxtariyyətin qarşısını almaq məqsədilə adı çəkilən bütün quberniyaların ərazilərində erməni siyasi-hərbi qüvvələrinin müsəlman əhaliyə qarşı amansız zorakılığı, qanlı əməlləri davamlı prosesə çevrildi. Qafqaz cəbhəsindən rus hərbi hissələrinin geri çağırılması daşnakların mövqeyini daha da gücləndirdi. İrəvan quberniyasında azərbaycanlılara qanlı divan tutuldu. Quberniyadan Rusiya Müəssislər Məclisinə seçkilərdə daşnaklar və sazişçilərin üstünlüyü təmin edildi. Artıq Zaqafqaziya Seymində ermənilər cənubi Qafqazı təmsil edən 3-cü etnik qüvvə kimi mövqe sahibi idilər. Osmanlı dövlətinə münasibətdə düşmən mövqeyində dayanan ermənilərin Bakıda, sonradan qəzalarda törətdikləri müsəlman qırğınlarının İrəvan quberniyasında da amansız şəkil aldığı Seymin Müsəlman fraksiyasında müzakirə mövzusu olmuşdur. 1918-ci il aprelin 10-da Seymin müsəlman fraksiyalarının bircə iclası M.-H.Seyidovun məruzəsi ilə açılmışdır. Məruzəçi bildirmişdir ki, 2 ay əvvəl İrəvan quberniyasında sistemli şəkildə başlamış qırğın fasiləsiz davam edir və yenicə alınmış teleqramlardan bəlli olur ki, son günlər daha da kəskinləşmişdir. Erməni hərbi hissələri tərəfindən müsəlmanların qırılmasından başlıca məqsədin erməni qaçqınları üçün ərazini təmizləyib erməni muxtariyyətinə kompakt tam ərazi yaradılmasının olduğu göstərilirdi (14, s.94). Digər çıxış edənlər taleyin ümidinə qalmış 80 min müsəlman qaçqına konkret yardım tədbirləri axtarmağa çalışmışlar. 5 bənddən ibarət tələblə hökumətə sorğu ilə müraciət etmək, İrəvan quberniyasındakı müsəlmanların həyatını, mal-mülkünü mühafizə etmək məsələsini qəti şəkildə hökumət başçısı Çxenkeli ilə danışmaq qəraqa alındı. Müsəlmanlara yardım göstərmək üçün xüsusi komissiyanın göndərilməsi, müsəlman qaçqınların öz yerlərinə qaytarılması, təcili ərzaq yardımı göstərilməsi, azğın erməni hərbi hissələrini ləğv etmək, vəziyyəti və qaçqınların sayını araşdırıb müvafiq əlavə pul ayrılması tələblərə daxil idi (14, s.95). Bu məsələlərin müzakirəsi Osmanlı hökuməti ilə Zaqafqaziya Seymi nümayəndələri arasında Trabzonda danışıqların getdiyi dövrə təsadüf edir. Seym Brest-Litovsk müqaviləsinin Qafqaza aid maddələrini qəbul etmədiyindən Trabzon konfransında (14 mart-14 aprel 1918-ci il) danışıqlar uğursuzluqla nəticələndi.

Danışıqlarda ermənilərin ərazi muxtariyyəti iddiası da müzakirə olunmuşdur. Gürcülər Batum limanının onlarda qalması şərtilə erməniləri ərazi muxtariyyəti iddiasından çəkindirməyə, ermənilər isə Osmanlı ərazisindən qaçmış ermənilərin öz yerlərinə qaytarılması və onlara muxtariyyət verilməsi şərtilə Batum məsələsində gürcülərə təzyiq göstərəcəklərini vəd edirdilər. İstər Trabzon, istərsə də Batum (11 may - 4 iyun 1918-ci il) konfransları gedişatında ermənilər iddialı ərazilərdə etnik təmizləmə siyasəti yürüdürdülər. Qars vilayətində erməni hərbi hissələri və silahlı qaçqınları irəliləyən türk qoşunları qarşısında geri çəkilərkən yollarında müsəlman kəndlərini yer üzündən silir, oddan-qılıncdan keçirirdilər. Seymin müsəlman fraksiyalarının aprelin 15-dəki birgə iclasında A.X.Qantəmirovun məlumatına görə 82-dən çox müsəlman kəndi təsvirəgəlməz talana məruz qalmış, bütün Qars vilayəti nəhəng qəbiristanlığı xatırladır (14, s.96).

Seymin müsəlman fraksiyasının 1 may tarixli iclası Trabzon sülh konfransının üzvü M.-H.Hacınskinin məruzəsinə həsr olunmuşdu (14, s.97-100). Cənubi Qafqazın siyasi quruluşu ilə bağlı Ənvər Paşanın mövqeyini aydınlaşdıran məruzəçi bildirmişdir ki, üç əsas hissələr: Azərbaycan, Gürcüstan və Ermənistanın ümumi federasiya təşkil edərək Türkiyə ilə sıx ittifaqda olması nəzərdə tutulmuşdur. Müştərək qurum baş tutmazsa, müstəqil Azərbaycan variantı da müzakirə olunmuşdur. Ermənistanın müstəqilliyinə münasibət bildirmiş Ənvər Paşa erməni xalqının ingilis-rus siyasəti naminə türklər əleyhinə fitnə-fəsadlarını dayandırarsa Türkiyənin müstəqil erməni dövlətinin təşkili əleyhinə olmadığını söyləmişdir (14, s.100).

Sonrakı müzakirələr zamanı da Gürcüstan, Ermənistan və Azərbaycanın Şimali Qafqazla birlikdə konfederasiyası ideyası hərtərəfli dəstəklənmişdir (14, s.101).

Seymin müsəlman üzvləri son iclaslarında Gürcüstanın müstəqilliyi bəyan ediləcəyi təqdirdə Azərbaycanın da müvafiq addım atacağı qərarına gəlmişdilər (14, s.114).

Qafqazda erməni dövlətinin yaradılması beynəlxalq qarşıdurma münasibətləri müstəvisində gerçəkliyini tapan məsələ olmuşdur. Brest-Litovsk müqaviləsi ilə geri aldığı ərazilərə Cənubi Qafqaz Seymi ilə müharibədə hərb yolu ilə sahib olan Osmanlı dövlətinin Batum danışıqlarında mövqeyi daha da sərtləşdi. Batum konfransının ilk iclasında Osmanlı dövləti 14-21 aprel 1918-ci il tarixində Cənubi Qafqaz Seymi ilə aparılmış müharibənin nəticələrindən çıxış edərək yeni tələblər irəli sürmüşdü: Tiflis quberniyasının Ahısqa və Axalkələk qəzaları; İrəvan quberniyasının Aleksandropol (Gümrü) və Sürməli qəzaları, Eçmiədzin qəzasının Sərdarabad hissəsi, İrəvan qəzasının cənub və cənub-qərb hissəsini təşkil edən Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla Naxçıvan qəzası,həmçinin Qars-Aleksandropol-Culfa dəmir yolu. Osmanlı dövlətinin bu tələbləri Seymin nümayəndə heyətində fikir ayrılığını dərinləşdirdi, “mövqelərin qütbləşməsi, xarici güclərə meyllənmənin qüvvətlənməsi baş verdi” (1, c.1, s.246). Elə bu səbəbdən, iki həftədən artıq vaxt keçməsinə baxmayaraq Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşə təqdim etdiyi ultimatuma cavab almamışdı. Seymin gürcü nümayəndələri Almaniyanın himayəsində ayrıca dövlət yaratmağı qərara aldılar. Gürcü fraksiyası Batumda Almaniya nümayəndəliyi ilə gizli danışıqlar aparırdı.  Batumda və Tiflisdə cərəyan edən hadisələr haqqında məlumatlı olan sədr-əzəm Tələt paşa Xəlil bəy Menteşəyə göndərdiyi 25 may tarixli teleqramında bildirirdi: “Son şifrənizi Məclis-i Umumidə oxuduq və uzun-uzadı müzakirə etdik. Son ərz etdiyim şəkildə ittifaq hasil oldu. Yəni, dərhal ultimatum vermək və qəbul etmədikləri təkliflərimizi qüvvə ilə qəbul etdirmək.
Əgər gürcülər ayrı və müstəqil bir hökumət təşkil edərlərsə, ayrıca müzakirə edərik. Şimali və Cənubi Qafqaz müsəlmanlarının ayrıca müstəqil bir hökumət təşkil etməsi, dərəcəyi-istiqlal və irtibatlarının təyini sonradan düşünülür.Gürcülərlə müsəlmanların erməni məsələsi həll edildikdən sonra birləşmələri imkanı vardır. Zat-ı dövlətləri indidən bu cəhətə çalışa bilərsiniz…”Elə həmin gün Tələt paşa tərəfindən Xəlil bəyə göndərilən növbəti teleqramda deyilirdi: “Gürcülərlə və müsəlmanlarla ayrı-ayrı dostluq müqavilələri bağlamaq daha üstün tutulur. Sonradan ordumuz intizamı təmin və hökuməti təşkil etmək üçün gedər. Və hökumət təşəkkül etdikdən sonra Dövlət-i Aliyyə ilə münasibətini təyin edərik”.(11) Tələt paşa erməni dövlətinin yaradılmasının gələcəkdə Türkiyə üçün yarada biləcəyi problemləri öncədən görürdü və elə buna görə də erməni dövlətinin yaradılmasına imkan vermək istəmirdi:  “…Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcəkdir. İran və Amerikada olan bütün ermənilər orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla əcəmlərlə birlikdə bizim əleyhimizə hərəkət edəcəklər. Bu səbəbdən mümkün olsa, çibanı kökündən təmizləmək ən xeyirli iş olacaqdır. Bu mümkün olmadığı təqdirdə Ermənistanın çox zəif və yaşamayacaq şəkildə təşəkkül etməsi zəruridir…”.(11)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM