Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatı yayılıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bəyanatda deyilir:
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezident Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçirdilər.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa, Endrü Şefer - Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişik də qatılıb".
Bəyanatda qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib:
"Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".