Geosiyasi oyunlarda asimmetrik mübarizənin yeni aləti – həmşinlilər

11:47 / 18.10.2017

Yeni minillik cəmiyyətin adi həyatından tutmuş dövlətlərarası münasibətlərədək bütün sahələrdə uzun bir tarixi dövr üçün xarakterik olan əlaqələrdən fərqli, ənənəvi olmayan mübarizə formalarının yaranması ilə səciyyələnir. Bu yeni yanaşma dövlətlər arasında asimmetrik mübarizəni, bəzənsə hibrid müharibəsi adlandırdığımız forma və metodların ortaya çıxmasını şərtləndirmişdir. Artıq hər hansı bir dövlətə hücum üçün hərbi texnika və ordu mütləq şərt deyil. Hibrid müharibəsi adlandırılan yeni anlayış dövlətləri daxildən sarsıda bilmək və ya informasiya təzyiqi nəticəsində hədəfə çatmaq məqsədi daşıyır. Bu mənada dövlətlərin daxili sabitliyini pozmağa yönəlmiş asimmetrik mübarizə metodları hətta birbaşa hərbi işğaldan daha təhlükəlidir. Müasir dövrümüzdə nüvə silahının yaratdığı təhlükədən ehtiyatlanan böyük dövlətlərin arsenalında asimmetrik mübarizə daha çox istifadə olunan silahdır. Buna görə də asimmetrik mübarizəni geosiyasi oyunların əsas komponenti adlandırmaq olar. Bu baxımdan daim böyük geosiyasi oyunçuların əlində alət olan ermənilərin bu yeni mübarizə metodlarına əl atmasını təsadüfi hesab etmək olmaz.

Maraqlıdır ki, ermənilərin asimmetrik mübarizə üsulları erməni cəmiyyətinin özünü qorxudan fobiyalar üzərində qurulmuşdur. Tarix boyunca müstəqil dövlətçilik ənənələri olmayan, müxtəlif dövlətlərin himayəsində yaşayan ermənilərin psixologiyasında bu faktor özünəməxsus rol oynamışdır. Belə ki, erməni cəmiyyətində ən mühüm fobiyalardan biri "məzlum xalq'' obrazı və bunun pərdə arxasında ''dənizdən-dənizə Böyük və Birləşmiş Ermənistan'' xülyasıdır. Müstəqil dövləti olmayan ermənilər arasında qriqoryanlıq – kilsə həlledici rol oynamışdır. Qriqoryan kilsəsi xristianlığın fərqli qolu kimi tarix boyunca erməni cəmiyyətini başqa xalqların tarixi torpaqları hesabına dövlət qurmağa təşviq etmişdir. Kilsənin bu təbliğatı erməni cəmiyyətini davamlı olaraq himayəsində yaşadıqları dövlətlərə qarşı xəyanətə təhrik etmişdir. Bunun üçün isə hətta terror belə məqbul vasitə hesab olunmuşdur. Buna görə də Ermənistanla bağlı dini terror və terrorçu dövlət anlayışlarının ortaya çıxması təsadüfi deyil. Müstəqil dövlətçiliyin olmaması erməni cəmiyyətində psixoloji təzyiq yaratmış və bu erməni xalqının taleyini uçuruma aparacaq bir fobiyaya səbəb olmuşdur.

Dünya erməniləri kilsənin təbliğ etdiyi "Böyük Ermənistan'' xülyasına nail olmaq üçün bir neçə əsrdir ki, davamlı gizli və açıq planlar həyata keçirir. Əgər XX əsrin əvvəllərinə qədər bu planlar böyük imperiyaların əlaltısı olaraq özlərinə müəyyən pay almağa yönəlmişdirsə, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında müstəqil dövlət olmaq üçün pay aldıqdan sonra müəyyən qədər transformasiya olundu. İlkin məqsəd olaraq başqasının torpaqlarında müstəqil dövlət qurduqdan sonra "Birləşmiş Ermənistan” planları ortaya qoyuldu. Ermənistanın Sovet dövründə ərazilərinin hüdudlarını genişləndirməsi yeni dövrdə Azərbaycan, Türkiyə və Gürcüstana qarşı ərazi iddiaları ilə davam etməkdədir. Yeni minillikdə isə ermənilər bu planlarına yeni metodlar əlavə edərək asimmetrik mübarizə vasitələrini işə salmışlar.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanovun "Müsəlman ermənilər'' kitabı bu asimmetrik mübarizənin yeni personajları – "müsəlman ermənilər''lə bağlı bütün planları zəngin faktlarla aşkara çıxaran bir tədqiqatdır. Müəllif ilk növbədə ermənilərin növbəti planlarının əsl mahiyyətini aşkar edir. Kitabda göstərilir ki, "ermənilərin iddialarına əsasən Türkiyədəki "türkləşmiş ermənilər'', "kürdləşmiş ermənilər'', "qaraçı ermənilər'', "həmşinlilər'', "gürcüləşmiş müsəlman ermənilər'', Suriya və İraqdakı "ərəbləşmiş ermənilər'', Azərbaycanda isə "türkləşmiş ermənilər'', "erməni tatlar'' kimi qondarma etnik qrupların mövcudluğuna dair "fakt''ların insan hüquqlarının müdafiəsi müstəvisinə gətirməsi və siyasi manipulyasiya vasitəsinə çevrilməsi "Birləşmiş Ermənistan'' ideyasının reallaşdırılması üçün əlavə imkanlar yaratmağa yönəlmişdir''.

Kitabda ermənilərin asimmetrik hücum kimi istifadə etdikləri "müsəlman ermənilər'' ideyasına qarşı "xristian türklər'' fikri ortaya qoyulur. Müəllif haqlı olaraq göstərir ki, "Ermənistan yaxşı dərk edir ki, "erməni'' konfessionimi altında ümumiləşdirilmiş, hay xalqının etnogenezinə, etnik mənsubiyyətinə dair miflərin üzərindən qalın xətt çəkə bilən bu amil onların bir çox iddialarını və mənimsəmə səylərini özlərinə qarşı çevirmək imkanlarına malikdir''. Bu bir faktdır ki, həmşinlilər adlı etnik-dini qrupun tarixi, mədəniyyəti indiyədək əhatəli öyrənilməmişdir. Azərbaycanda da əksər hallarda həmşinlilərə müsəlman erməni kimi baxılır. Bu mənada hazırkı tədqiqat Azərbaycanda həmşinlilərlə bağlı sistemli yanaşma olaraq atılan ilk addımlardan biridir və formalaşmış yanlış stereotipləri dağıtmağa yönəlmişdir .

Təəssüf ki, müşahidələrimizə əsasən qeyd etməliyik ki, Türkiyədə son dövrlər həmşinlilərlə bağlı daha çox "müsəlman erməni'' identikliyinə üstünlük verilir. Türkiyənin televiziya kanallarında həmşinlilərlə bağlı hazırlanan əksər sənədli televiziya proqramlarında erməni milli kimliyi əsas götürülür. Yaranan ideoloji boşluqdan isə ermənilər istifadə etməyə çalışırlar. Halbuki, bu fikir Türkiyədə yaşayan bir çox həmşinlilər tərəfindən dəstəklənmir. Misal üçün Türkiyədəki həmşinli dərnəklərinin 2015-ci ildə Ermənistanın və erməni diasporasının bölgədəki gizli separatçılıq fəaliyyətinə kəskin etirazını bildirməsi və bunu yaxında Ermənistanın Qara dəniz regionundan torpaq tələb etmə ehtimalları ilə əlaqələndirməsi geniş auditoriya üçün çox da məlum deyil. Halbuki həmşinli dərnəkləri birgə bəyanatlarında bildirirdilər ki, Ermənistan bu məqsədlə bölgədə özlərini etnik türk kimi identifikasiya edən gənclər arasında "ermənilərin etnik və dini birliyinin'' vacibliyinə dair təbliğat aparır, bu mövzuda konfranslar təşkil edir, bölgəyə xüsusi təşviqat qrupları göndərir, ən müxtəlif vasitələrlə həmşinli ziyalıları ələ almağa çalışırlar.

Türkiyədə böyük bir qrup həmşinli dərnəkləri həmşinlilərin erməni deyil, Anadoluya köç etmiş xristian qıpçaq və oğuz tayfalarının törəməsi olduğu inancındadırlar. Şərqi Anadoludakı (Artvin, Ərdahan, Qars və s.) xristian mədəni abidələrinin ermənilərə deyil, xristian türklərə məxsus olması məsələsi ortaya qoyulur. Lakin təəssüf ki, Qərbin müxtəlif fondlarının maliyyə dəstəyi, erməni diasporasının təhriki ilə həmşinlilərin bütün mədəni irsi erməniləşdirilməyə çalışılır. Həmşinlilərin istisnasız olaraq "zorən islamlaşdırılmış etnik erməni'' kimi tanıdılması cəhdləri Ermənistanın saxtalaşdırma təbliğatının növbəti cəhdidir. Bu saxtakarlıq cəhdləri isə əsasən erməniyönlü mətbuat tərəfindən geniş ictimaiyyətə çatdırıldığından birtərəfli fikir yaradılır. Təəssüf ki, Azərbaycanda da həmşinlilərin daha çox müsəlman erməni olması fikri üstünlük təşkil edir. Hazırkı tədqiqat işi bu mifi dağıtmaq gücündə olan dəyərli araşdırmadır. Türkiyədə xristian mədəni irsinin yalnız digər etniklərə məxsus olmadığını ortaya qoyan, xristian türklərin mədəni irsinin öyrənilməsi baxımından bu kitab dəyərli tədqiqat əsəridir.

Hazırkı tədqiqat Ermənistanın müsəlman erməni amilinin fəallaşdırmasının məqsədlərini aşkara çıxarmağa çalışmışdır. Kitabda ermənilərin asimmetrik hədəfləri dəqiq müəyyənləşdirilmişdir. Bu nəticəyə gəlinmişdir ki, müsəlman erməni faktoru həm beynəlxalq müstəvidə Türkiyəyə qarşı təzyiq predmeti kimi istifadə olunur. Həm də ölkə daxilində kriptoermənilərin sayını süni şəkildə artırmaqla ermənilərin "etnik azlıq” statusundan çıxarılmasına "etnik çoxluq'' kimi tanıdılmasına və gələcəkdə "erməni muxtariyyəti” üçün etnik və demoqrafik zəmin hazırlamağa yönəlmişdir.

Müəllif ermənilərin Azərbaycanda Dağlıq Qarabağda və Türkiyədə Şərqi Anadoluda məkrli planları ilə bağlı paralellər aparır. Haqlı olaraq qeyd edir ki, son 100 ildə Azərbaycan və Türkiyənin xarici düşmənlərinin nə tərkibi, nə də məqsədləri dəyişməmişdir. Buna görə də ermənilərin Dağlıq Qarabağda xəyanət planlarının sinxron ardıcıllığını Şərqi Anadoluya tətbiq edərək nəzəri cəhətdən atıla biləcək addımları müəyyənləşdirmək mümkündür. Ermənilərin əsas hədəflərindən olan "Qərbi Ermənistan Respublikası'' adlı uydurma xəyalları ətraflı tədqiq olunmuşdur. Bu məkrli iddia özü-özlüyündə Ermənistanın hər 3 qonşusuna Azərbaycan, Türkiyə və Gürcüstana qarşı birbaşa ərazi iddiaları deməkdir. Bu yerdə bir müddət əvvəl cari ilin sentyabrın 22-də Türkiyədən bir neçə jurnalist və siyasətçinin işğal altında olan Dağlıq Qarabağa səfərini xatırlatmaq istərdim. Türkiyədən bir nümayəndə heyətinin işğalçı rejimin "rəsmiləri'' ilə görüşünü təşkil edən də "Qərb erməniləri milli konqresi'' adlı qeyri-hökumət təşkilatı olmuşdur. Türkiyənin özünə ərazi iddiaları olan, "Qərbi Ermənistan'' layihəsinin müəllifləri Azərbaycanda da separatçılığı dəstəkləyirlər. Çox təəssüf ki, Türkiyədə bəzi şəxslər də onların əlində alət olurlar. Ancaq səfər edən şəxslərin kimliyinə nəzər saldıqda hazırkı kitabda onlardan bəzilərinin adları kriptoerməni olaraq tanınır. Bu isə gizli ermənilərin və onların əsl niyyətlərini müəyyən etmək baxımından tədqiqatın dəyərini bir daha artırır.

Kitabda Türkiyədə "Qərbi Ermənistan'' xülyasını dəstəkləyən və təşviq edən jurnalist və bloqerlərin Corc Sorosun maliyyələşdirməsi ilə bağlı faktlar ortaya qoyulur. Corc Sorosun Açıq Cəmiyyət Fondu Türkiyədə etnik və dini zəmində qarşıdurma yaranması, "Qərbi Ermənistan” xülyasının gündəlikdə saxlanılması istiqamətində müxtəlif qeyri-hökumət təşkilatlarını, universitetləri, ayrı-ayrı elm adamlarını maliyyələşdirir. Kitabda Sorosun maliyyə vəsaitinə arxalanaraq Türkiyəni daxildən parçalamaq istəyən qüvvələrin böyük bir şəbəkəsi fərqli sektorlar üzrə detallı olaraq açıqlanmışdır. Türkiyə təhsil sistemində Boğaziçi, Bilgi, Sabancı Universitetlərinin türk-erməni yaxınlaşması istiqamətində 2009-cu il protokollarından sonra davamlı tədbirlər keçirməsi məlumdur. Hər 3 universitetin Sorosun dəstəklədiyi təhsil müəssisələri olduğunu nəzərə aldıqda küləyin haradan əsdiyini müəyyənləşdirmək olar. Eləcə də, "Həpimiz erməniyiz'', "Türkiyənin ermənilərdən üzr istəməsi'' ideya və hərəkatının liderləri olan Taner Akçam, Baskın Oran, Murat Belge kimi aydınların Soros tərəfindən maliyyələşdirilməsi və kriptoerməni bağlılıqlarının olması təsadüfi deyil. Əslində Qərbin müxtəlif fondları tərəfindən Türkiyədə erməni kartından istifadə edilməsi təkcə günümüzə aid hadisə deyil. Hələ XIX əsrin sonları-XX əsrin əvvəllərində Qərbin protestant missionerləri tərəfindən bununla bağlı müxtəlif xəyanət planlarının olması məlumdur. Müasir dövrümüzdə isə dünya miqyasında mahir möhtəkirlərdən olan Corc Soros həmin məkrli planları davam etdirir. Onun kriptoermənilərə yönəlik siyasəti Türkiyədə ilk növbədə türklüyə qarşı meyllərin qızışdırılmasına, eyni zamanda qardaş ölkə olan Türkiyə və Azərbaycan arasında ictimai fikirdə mənfi məqamların alovlandırılmasına yönəlmişdir. Lakin bu məkrli planları fikirləşənlər hesablarında yanılıblar. Çünki qardaşlar arasında girmək olmaz. Hər iki ölkədə bu tip təxribatların və kriptoermənilərin fəaliyyətinin haradan qaynaqlandığı bütün səviyyələrdə bilinən faktlardır.

Türkiyədə iddia olunduğu kimi "zorən islamlaşdırılmış etnik erməni'' milli kimliyinin ortaya çıxarılması ilə bağlı layihələrin dəstəklənməsində Açıq Cəmiyyət İnstitutu ilə yanaşı alman siyasi fondları Fridrix Ebert, Fridrix Nauman fondlarının fəallığını da xüsusi qeyd etməliyik. Bütün bunlar asimmetrik hücumun sifarişçilərini də müəyyən etməyə imkan verir.

Hazırkı kitabda Ermənistanın və erməni diasporasının Azərbaycan və Türkiyəyə qarşı apardığı hibrid müharibəsi zəminində saxta (feyk) məlumatlara da xüsusi diqqət edilir. Məlum olduğu kimi hibrid müharibələri yalan məlumatların böyük əks-səda yaratmasına yönəlmiş bir mübarizə vasitəsidir. Bu baxımdan ermənilərin müsəlman ölkələrində özlərini məzlum xalq, islam mədəni irsinin təbliğatçıları kimi təqdim etməyə çalışmaları ilə bağlı yaydıqları dezinformasiya müəllifin diqqətini cəlb etmişdir. Bütün bu məqamlar Ermənistanın apardığı hibrid müharibə vasitəsi kimi ayrı-ayrı şəxs adları, təşkilatlar, onların sponsorları da daxil olmaqla böyük bir şəbəkəni göstərməklə ifşa olunmuşdur. Bu zaman İran, İraq, Suriya, Rusiya, Qırğızıstan, Gürcüstanı əhatə edən böyük bir coğrafiyadan konkret nümunələr əsasında faktlar ortaya qoyulmuşdur.

Müəllif hazırda Türkiyədə "erməni açılımı'' istiqamətində atılan bəzi addımlardan Ermənistanın ideoloji müstəvidə necə sui-istifadə etdiyini və Türkiyə əleyhinə siyasətin alt qatlarını açmağa çalışmışdır. Misal üçün Türkiyənin Van gölündə Ağtomar kilsəsini bərpa etməsindən ermənilərin necə faydalanmağını ortaya çıxara bilmişdir. Ermənilərin Ağtomar kilsəsini bilavasitə Eçmiədzinə tabe olan yeparxiya kimi görmək, Türkiyədəki qriqorian erməniləri Türkiyənin rəsmi dairələrinə yaxınlığı ilə tanınan İstanbul patriarxlığının nüfuz və təsir dairəsindən çıxarmaqla bağlı niyyətləri ideoloji müstəvidə açıqlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Qriqorian kilsəsinin Türkiyədəki məkrli planlarının ortaya çıxarılması tədqiqatın dəyərini daha da artırır.

Tədqiqatda erməni separatizminin gələcək xəritəsinin konturları da göstərilmişdir. Belə ki, müəllifin qənaətinə görə Dağlıq Qarabağdan sonra Gürcüstan ərazisində Abxaziya və Cavaxetiya, daha sonra isə Şimali Qafqazda ermənilərin və xristian həmşinlilərin sıx məskunlaşdığı Adıgey Respublikası növbəti hədəflərdir.

Kitabda ayrıca toxunulan mövzulardan biri də qıpçaq ermənilərdir. Müəllif xristian türklərin tarixin müxtəlif zamanlarında qriqorian kilsəsinin təsiri altına düşərək erməniləşməsi ilə bağlı prosesləri ciddi tədqiq etmişdir. Bir çox tanınmış rus və hətta erməni müəlliflərin "Krım erməniləri”nin və "Don erməni''lərinin əslində xristian dininə tapınan qıpçaqlar olması ilə bağlı əsərlərindən istinad gətirilmişdir. Kitabda haqlı olaraq bu mövqe səslənir ki, "əgər bölgədə xristian dininin daşıyıcıları etnik erməni olsaydılar, erməni dini kitablarının qıpçaq dilinə çevrilməsinə lüzum qalmazdı''. Qriqorianlıq erməni assimilyasiyasının dominant faktoru olmuşdur. Məhz bu məzhəb təkcə qıpçaq türklərinin deyil, yəhudi, qaraçı, assur, kürd, tat, udinlərin erməniləşməsində həlledici rol oynamışdır.

Müəllif Ermənistanın Türkiyə və Azərbaycana qarşı assimmetrik mübarizədə həmşinli və müsəlman erməni kartından istifadəsi ilə bağlı plan və niyyətlərinin əsl mahiyyətini açmağı bacarmışdır. Həmşinlilər, kriptoermənilər və müsəlman ermənilərdən Türkiyədə müəyyən konsolidə olunmuş vahid sosial baza yaratmaqla, Azərbaycanın isə işğal olunmuş ərazilərinə bu qrup insanları köçürməklə asimmetrik hücum planlarında istifadə olunmaqdadır. Dağlıq Qarabağ münaqişəsi ərəfəsində Qırğızıstandan həmşinlilərin Ermənistana köçürülməsi ilə bağlı planların olması isə bir daha göstərir ki, Ermənistanı bu asimmetrik müharibədə xaricdən bir çox qüvvələr dəstəkləyir. Əgər həmin vaxt Qırğızıstandan müsəlman həmşinliləri regiona köçürə bilsəydilər Ermənistan Azərbaycanla müharibə zamanı həm Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərə zərbə vurmağa çalışacaq, həm də münaqişə ilə bağlı islam ölkələrinin həmrəylik nümayiş etdirməsindən yayındırmaq üçün işğalçı ölkəyə əlavə divident verəcəkdi. Hazırkı tədqiqat göstərir ki, Ermənistan bu məkrli niyyətlərindən hələ də əl çəkməyib və özünün asimmetrik mübarizə strategiyasında dominant komponentlərdən biridir.

Beləliklə, Araz Qurbanovun oxucuların mühakiməsinə təqdim etdiyi kitab həssas və aktual bir mövzuya toxunub. Kitabda bir neçə istiqamətdə dəyərli araşdırma aparılmış və ermənilərin asimmetrik planlarının əsl mahiyyəti ortaya qoyulmuşdur. Tədqiqat həmşinlilərin istisnasız olaraq erməni qəbul edilməsinin yanlış olduğu qənaətinə gəlir. Bundan başqa Ermənistan Respublikasının və onun havadarlarının müsəlman erməni kartından istifadə strategiyalarını ifşa etməyə, kriptoermənilərin Türkiyədə oynadığı rola, "Qərbi Ermənistan'' xülyası ilə bağlı ermənilərlə Qərbin möhtəkir qurumları, xüsusən də Corc Sorosun işbirliyi kimi geniş ictimaiyyətə çox da məlum olmayan mövzulara işıq salınır. Tarixi aspektdən "müsəlman erməni'' kimliyinin "xristian türk'' qarşılığı verilir. Ermənilik anlayışının etnik deyil, dini kimlik olması tezisi ilə maraqlı faktlar ortaya qoyulur. Bütün bunlar Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı apardığı informasiya müharibəsi kontekstində dəyərli bir tədqiqatın ərsəyə gətirildiyini bir daha təsdiq edir. İnanırıq ki, erməni yalanlarının ifşa edilməsinə yönəlmiş bu tədqiqat qafqazşünasların, bu sahə ilə məşğul olan ekspertlərin və böyük oxucu kütləsinin təqdirini qazanacaq.

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Xarici siyasət məsələləri şöbəsinin müdir müavini


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM