Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 146-cı km-də, Vəlvələ çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpü əsaslı şəkildə bərpa olunaraq vətəndaşların istifadəsinə verilib.
Bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib.
1972-ci ildə inşa olunmuş körpüdə bərpa işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.
Bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən 120 metr uzunluğunda olan körpünün 7 aşırımında olan mövcud 49 tir yenisi ilə əvəz edilib və dayaqları köynəyə alınıb möhkəmləndirilərək armo-betonla betonlanıb.
Aparılan bərpa işləri zamanı körpünün eni genişləndirilərək 8 metrdən 10.5 metrə çatdırılıb. Körpünün hər iki tərəfində piyadaların normal və təhlükəsiz hərəkəti üçün 1.2 metr enində yeni piyada səkiləri qurulub. Səkilərlə təhlükəsiz hərəkəti təmin etmək məqsədi ilə körpünün hərəkət hissəsi və səkilərin arasına xüsusi təkərqaytaran dəmir-beton maneələr qoyulub, körpünün kənarlarına isə yeni mühəccərlər və körpünün giriş hissələrinə əlavə olaraq əyrixətli dəmir tirlər quraşdırılıb.
Daha sonra körpünün üstünə yeni asfalt-beton örtük döşənib, üfiqi nişanlanma xətləri çəkilib, yeni yol nişanları qoyulub. Aparılmış bərpa işlərindən sonra körpünün yükgötürmə qabiliyyəti əvvəlki 60 tondan 100 tona çatdırılıb. Artıq körpü tam olaraq müasir norma və standartlara cavab verir.
Xatırladaq ki, körpü uzun müddət istismar olunduğundan və ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Körpünün aşırımlarında çatlar və dağılmalar yaranmışdı. Dərhal əraziyə “Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvə və texnikaları cəlb olunaraq körpünün bərpasına başlanılıb və qısa müddət ərzində bu işlər yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.