Noyabrın 8-də “Rəsmi Qəbullar Sarayı”nda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Trend-in məlumatına görə, Çukurova Bələdiyyələr Birliyi mərkəzi Adana şəhərində olan Adana, Mersin, Hatay və Osmaniye vilayətlərinin böyükşəhər, diyar, şəhər, qəsəbə, kənd bələdiyyələrinin üzv olduğu regional birlikdir.
Görüşdə Ə.Həsənov bildirib ki, Azərbaycan və Türkiyə ortaq milli-mənəvi dəyərlərə, tarixi köklərə malik iki qardaş dövlətdir. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət – iki dövlətik” ifadəsi Azərbaycan-Türkiyə münasibətlərinin fəlsəfəsini müəyyən edən fikirlərdir.
Ə.Həsənov qeyd edib ki, müasir dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Ərdoğanın birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr daha da güclənib və strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan və Türkiyə arasında qarşılıqlı etimad əlaqələrinin daha da inkişaf etdirilməsində Türkiyənin müvafiq dövlət qurumları və yerli özünü idarəetmə orqanları ilə ölkəmizin yerli icra orqanları arasında əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Bu mənada qarşılıqlı səfərlərin təşkili olduqca vacibdir.
Azərbaycanın Türkiyədəki diaspor təşkilatlarının səmərəli fəaliyyətində yerli bələdiyyələrin dəstəyini xüsusi qeyd edən Prezidentin köməkçisi mütəmadi qaydada keçirilən sərgilərin, konsert proqramlarının, elmi-praktiki konfransların və digər tədbirlərin Azərbaycanda da böyük həvəslə izlənildiyini diqqətə çatdırıb.
Bildirilib ki, Türkiyədə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə olan məhəbbət və böyük hörmət hissi bələdiyyələrin fəaliyyətində də özünü büruzə verir. Adana vilayətinin Ceyhan şəhərində Heydər Əliyev adına park və abidə kompleksinin ucalması, mövcud parklardan birinə ümummilli liderin adının verilməsi ilə bağlı Adana Böyükşəhər Bələdiyyəsinin qərar qəbul etməsi, Heydər Əliyevin adına Universitetin yaradılmasının planlaşdırılması, Mersin vilayətinin Tarsus şəhərində və Hatay vilayətinin Payas rayonunda Heydər Əliyev adına park salınması və s. bunu bir daha təsdiq edir. Bundan başqa, Türkiyə bələdiyyələrinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanla bağlı abidələr ucaldılıb, parklar salınıb, muzeylər yaradılıb və digər işlər görülüb.
Qeyd olunub ki, Azərbaycanla Türkiyənin müxtəlif şəhərləri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulması yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda Gəncə şəhəri ilə İzmir, Qars, Bursa, Ordu, Ankara, Elağız, Eskişehir, Sumqayıt şəhəri ilə Ceyhan, Bakının Xətai rayonu ilə Tarsus, Nəsimi rayonu ilə İzmit, Şəki şəhəri ilə Meram, Mingəçevir şəhəri ilə Gölbaşı, Şamaxı və Şərur şəhərləri ilə İğdır qardaşlaşmış şəhərlərdir.
Ə.Həsənov əlavə edib ki, Azərbaycan və Türkiyənin bələdiyyə orqanları arasındakı münasibətlər müxtəlif konfranslar və sərgilər çərçivəsində də inkişaf edir. Təqdirəlayiq haldır ki, Türkiyə bələdiyyələri bu cür tədbirləri yalnız öz ərazilərində deyil, hətta xarici dövlətlərdə keçirmək təşəbbüsü ilə çıxış edirlər.
Diqqətə çatdırılıb ki, 1918-ci ildə Azərbaycanda erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşlərdə şəhid olmuş türk əsgərlərinin müxtəlif şəhərlərdəki məzarları üzərində xatirə abidələri yenidən tikilmiş və yaxud təmir olunub. Hər il sentyabrın 15-də türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anım mərasimləri keçirilir.
Adana Böyükşəhər Bələdiyyəsinin və Çukurova Bələdiyyələr Birliyinin sədri Hüseyn Sözlü Azərbaycana səfərinin məqsədinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə baş çəkmək olduğunu söyləyib.
O qeyd edib ki, Türkiyə Prezidenti Azərbaycanla münasibətlərə xüsusi önəm verir: "Biz Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək istəyirik. İqtisadi əməkdaşlığı və mədəni əlaqələri daha yüksək səviyyəyə qaldırmalıyıq".
H.Sözlü əlavə edib ki, Dağlıq Qarabağ Azərbaycan qədər Türkiyənin də məsələsidir: "Biz hər zaman Azərbaycan xalqının yanındayıq. Dağlıq Qarabağ məsələsinin Türkiyə qədər digər qardaş türkdilli ölkələrin - Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın da məsələsi olmasını istərdik".
Görüşün sonunda Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Adana Böyükşəhər Bələdiyyəsinin və Çukurova Bələdiyyələr Birliyinin sədri H.Sözlü, Hatay Böyükşəhər Bələdiyyəsinin sədri Lütfü Savaş və Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Bürhanəddin Kocamaza mükafatlar təqdim olunub.