Virtualaz.org saytı yerli KİV-lərə və sosial şəbəkələrdə yer alan məlumatlara istinadən xəbər verir ki, Ermənistan ordusu bölmələrinin Naxçıvanın Culfa rayonunun Ləkətaq və Ərəfsə kəndlərini güclü atəşə tutublar.
Təmas xəttinin həmin istiqamətində erməni qüvvələrinin Azərbaycan ordusunun postlarından birini ələ keçirdiyi barədə xəbərlər yayılsa da Culfa sakinləri bu xəbəri təsdiqləmirlər.
Culfa sakinlərinin virtualaz.org saytına bildirdiyinə görə, ermənilər Ləkətaq və Ərəfsə kəndləri yaxınlığındakı neytral mövqedə, təpəlik ərazidə yeni post yerləşdiriblər. Azərbaycan ordusunun postlarından birinin ələ keçirildiyi, Ləkətaq kəndinin güclü atəşə tutulduğu və sakinlərin kəndi tərk etməyə məcbur olduqları haqda yayılan xəbərlər isə doğru deyil.
Yerli sakinlər Azərbaycan ordusunun həmin istiqamətdə itki verdiyini də təsdiqləmir. Bununla belə Naxçıvandakı mənbələr bildirir ki, hazırda Sədərək istiqamətində şiddətli atışmalar gedir.
Naxçıvandan olan jurnalist və hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev bizimyol.info-ya bildirib ki, Culfa rayonunda ermənilərlə təmas xəttində atışma olsa da heç bir kənd boşaldılmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS-in sorğusuna cavab olaraq bildiriblər ki, Naxçıvanın yüksəkliklərinin ermənilərin əlinə keçməsi haqda yayılan xəbərlər həqiqətə uyğun deyil: “Düşmən atəşkəs rejimini pozduqda cavab atəşi ilə susdurulur. Atəşkəs rejiminin pozulması haqqında gündəlik olaraq Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilir”.
Xatırladaq ki, ötən həftə Azərbaycan ordusunun snayeri Naxçıvan istiqamətində erməni ordusunun bir gündə iki hərbçisini məhv edib. Bu insidentdən sonra Ermənistanda qisas çağırışları səslənir.
Əvvəlcə müdafiə naziri Seyran Ohanyan insidentin “Azərbaycan üçün ciddi nəticələrinin ola biləcəyini” deyib. Daha sonra Ermənistan Müdafiə Nazirliyi ilə sıx əlaqələrini saxlayan istefada olan general Arkadi Ter-Tadevosyan “Azərbaycan tərəfinə hiss olunacaq zərbə” hazırlandığını bildirib.