Virtualaz.org saytı xəbər verir ki, hadisə iyunun 10-da baş verib. Naməlum şəxslər Moskvanın mərkəzində arvadının və oğlunun yanında Mirsobir Həmidkarıyevi oğurlayıblar.
Özbəkistanda Həmidkarıyev müğənni və aktyor Farrux Saipovun administratoru və prodüseri kimi tanınır. Farrux Saipov Özbəkistan prezidentinin qızı, ötən ilin payızından atasının qəzəbinə tuş gələn və hazırda ev dustağı olan Gülnarə Kərimovanın məşuqu olub.
Xəbərdə bildirilir ki, vaxtilə F.Saipovanın G.Kərimova ilə münasibətləri korlanandan sonra müğənninin dostları repressiyalara məruz qalıb. Onları ekstremizmdə ittiham ediblər.
F.Saipovun özünə isə efir qadağası qoyublar. Onun prodüseri Moskvaya qaçmağa imkan tapıb və Rusiyadan siyasi sığınacaq alıb. Mirsobir Həmidkarıyevin qohumları onun oğurlanmasına görə Özbəkistan hakimiyyətini günahkar hesab edirlər.
“O, Moskvada heç kimə lazım deyildi, Özbəkistana lazım idi” - deyə prodüserin dostlarından biri adının açıqlanmaması şərti ilə LifeNews-a bildirib.
Həmin mənbə deyib ki, Farrux Saipovla Gülnarə Kərimova arasında qalmaqaldan sonra Mirsobir Həmidkarıyev Moskvada gizlənirdi və ötən il onu oğurlamağa cəhd etmişdilər. Lakin cəhd baş tutmamışdı. İndi isə Mirsobiri başına maska keçirərək günün günorta çağı oğurlayıblar.
Digər mühüm detal budur ki, oğurlanmazdan əvvəl Mirsobir Həmidkarıyev LifeNews kanalına müsahibə verərək Gülnarə Kərimova ilə onun keçmiş məşuqu arasında qalmaqallı sevgi münasibətlərin detallarını açıqlamağa hazırlaşırmış.
Ehtimal olunur ki, onu məhz bu detalların açıqlanmasına imkan verməmək üçün oğurlayıblar.
Xatırladaq ki, G.Kərimovanın bütün biznesi əlindən alınıb, şirkətləri bağlanıb, yaxın ətrafına daxil olan adamlar həbs olunub. Atası və atasının mühafizəçiləri onu dəfələrlə döyüblər. Hazırda G.Kərimovanın yeniyetmə qızı ilə Daşkənddə ev dustağı kimi saxlanıldığı məlumdur. Bu yaxınlarda o, ev dustaqlığından BBC-yə müraciət göndərməyə imkan tapmışdı.
Xəbər verdiyimiz kimi, Özbəkistan prezidentinin qızı ilə bağlı qalmaqallı xəbərlərə və təhlillərə tez-tez yer verən haqqin.az saytına bu ölkədə giriş məhdudlaşdırılıb.