ANS TV-nin araşdırması zamanı məlum olub ki, mübahisə restoranın aşbazı olan Şamaxı sakini, 36 yaşlı Xəlilov Ramin Rasim oğlu ilə obyektin administratoru, Kürdəmir sakini 46 yaşlı Həsənov Füzuli Şamil oğlu arasında olub. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Onlar mətbəxdən götürdükləri bıçaqla bir-birlərinə bir neçə dəfə ağır xəsarətlər yetiriblər.
Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi Hüseyn Mənsimovun sözlərinə görə, hər iki yaralı hadisə şahidlərinin köməkliyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.
İşçilər arasında mübahisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.
Virtualaz.org xatırladır ki, bu olayla bağlı ilk xəbər yayılanda bildirilmişdi ki, həmin olayın baş verdiyi restoranın yerləşdiyi bazar Kürdəmirdən seçilmiş millət vəkili Fərhad Qəribova məxsusdur.
F.Qəribov isə baş vermiş qanlı hadisə ilə bağlı verdiyi açıqlamada hadisədən xəbərsiz olduğunu söyləmişdi. Fərhad Qəribov onu da əlavə etmişdi ki, olayın baş verdiyi restoran ona yox, oğluna məxsusdur.