“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG) layihələri üzrə aparılan müvafiq işlər zamanı Goranboy rayonunun Borsunlu kəndinin inzibati ərazisinə daxil Kərpiclitəpə adlı yerdə (CQBKG-nin 247-ci kilometrliyində) tarixi əhəmiyyətli abidə aşkar edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, transmilli karbohidrogen nəqli layihələrinə arxeoloji tədqiqatların aparılması üçün cəlb edilmiş və abidəni aşkarlamış AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərindən ibarət xüsusi qrupa İnstitutun “Arxeoloji xidmət” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı rəhbərlik edir. Çöl-tədqiqat işlərinin rəhbəri, İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun başçılığı altında isə Kərpiclitəpə sahəsi üzrə qazıntılar aparılmaqdadır.
Kərpiclitəpə abidəsi Borsunlu kəndindən təxminən 1,5 km cənub-şərqdə yerləşir. Ötən il aparılmış qazıntılar zamanı 2 tikinti horizontu qeydə alınıb. 1-ci horizontda əsasən çay daşlarından hörülmüş divar qalıqları, gildən hazırlanmış təndirlər və qızdırıcı sobalar, 2 quraşdırma təndirləri, həmçinin su quyusu aşkar edilib:
"2-ci horizont daha maraqlı tapıntılar vermişdir. Burada şərti olaraq “qəsr” adlandırılan böyük bir tikilinin bir hissəsi, kərpic və keramika bişirildiyi böyük bir soba, çoxsaylı bütöv və quraşdırılma təndirlər, ocaqlar, su və təsərrüfat quyuları aşkar edildi. “Qəsr”in divarları bişmiş kərpicdən və çay daşından, soba isə, çiy kərpicdən hörülüb. Qazıntılar zamanı külli miqdarda şirli və şirsiz saxsı qablar və onların fraqmentləri, müxtəlif heyvan sümükləri, mis sikkələr, şüşə qab və qolbaq fraqmentləri, gil və pasta muncuqlar, dəmir və sümükdən hazırlanmış məmulatların detalları və az miqdarda daş əmək alətləri aşkar edilib. Aşkar edilmiş tikili qalıqları, saxsı qablar və numizmatik materiallar bu abidənin orta əsrlərin inkişafı dövrünə, daha dəqiq desək, X-cu əsrin sonları - XIII-cü əsrin əvvəllərinə aid olduğunu göstərir. Aşkar edilmiş tikili qalıqları, burada tətbiq olunan memarlıq üslubları, olduqca nəfis hazırlanmış keramika nümunələrinin bolluğu, külli miqdarda sikkələrin tapılması və s. abidənin öz dövründə mühüm siyasi əhəmiyyətə malik yaşayış mərkəzi olduğunu göstərir. Ehtimala görə, bu yaşayış mərkəzində həyat Çingiz xan istilaları ilə əlaqədar kəsilib".
Qeyd edək ki, 2017-ci il 14 dekabr tarixində Cənubi Qafqaz Boru Kəməri Şirkətinin texniki operatoru olan BP şirkəti və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi aşkar edilmiş Kərpiclitəpə abidəsinin tam təhlil edilməsi üzrə əməkdaşlıq üçün Qarşılıqlı Anlaşma Memorandumu imzalamışlar. Ərazidə 500 kv.m sahəni əhatə edən arxeoloji qazıntılar aparılacaq. Qarşıdakı iki ay ərzində aparılacaq arxeoloji tədqiqatlar Kərpiclitəpə abidəsinin qala, qəsr və ya xanəgah olması barədə mövcud əsas ehtimallardan birini təsdiqləyə bilər.