Strategiya.az xəbər verir ki, bu sözləri Editor.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva gənclər arasında kitaba olan marağın azalmasından danışarkən belə deyib.
Onun sözlərinə görə, bir müddət mütaliə sahəsində vəziyyət daha da pisləşsə də, son illər kitaba olan maraq artıb: “Bu gün gənclər bir neçə istiqamətdən mütaliə etmək imkanı qazanıblar. Onlar həm internet, həm də çap variantında kitab oxumaq, öz biliklərini artırmaq imkanlarına malikdirlər. Kitabı nəinki gənc, bütün yaşlarda oxumaq lazımdır. Hesab edirəm ki, kitaba olan marağı artırmaq üçün ilk növbədə cəmiyyətdə marrifləndirmə işləri aparılmalıdır. Uşaq bağçalarında, orta məktəblərdə bədii qiraət dərnəkləri təşkil olunmalı, xüsusən uşaq və yeniyetmələr arasında kitaba sevgi aşılanmalıdır. Bu yolla biz gələcək perspektivdə daha çox kitab oxunmasını təmin edə, kitaba olan marağı artıra bilərik. Digər tərəfdən təkcə konkret informasiya daşıyıcısı olan kitabları deyil, əsasən ədəbi əsərləri oxumalıyıq. Bu kitaba marağı stimullaşdırmaqla yanaşı, gənclərin natiqlik qabiliyyətinin formalaşmasına və ən nəhayət dilimizin zənginləşməsinə gətirib çıxarar”.