- Türkan xanım, hansı amil sizdə incəsənətə maraq oyatdı?
- Mən uşaqlıq illərimdən film həvəskarı olmuşam. Xüsusən də döyüş filmlərini çox sevirdim. Bəlkə, buna görədir ki, indi aktrisayam.
- Çəkildiyiniz ilk serial hansı oldu?
- İlk dəfə rejissor Muğamat Əzizovun dəvəti ilə “Toy gecəsi” serialında çəkildim. Bu serialdan sonra isə “Qız yükü”nə dəvət aldım. Sözügedən serialın iki bölümündə iştirak etdim.
- Həmin serialın son bölümündə çəkildiyiniz yataq səhnəsi ilə mətbuat nümayəndələrinin dilindən düşmədiniz və bu, birmənalı qarşılanmadı. Buna münasibətiniz necə oldu?
- Təklif gəldi və düşünmədən qəbul etdim. Mən aktrisayamsa, istənilən rolu oynamağı bacarmalıyam. Belə şeylərdə tam komplekssizəm. Hətta bu yaxınlarda yeni bir təklif almışam. Çılpaq fotosessiyam olacaq. Belə şeylər məni qorxutmur.
- “Qız yükü”nüzü çəkə bildiniz?
- Xeyr, bu mənim üçün çox ağır oldu.
- Ailəlisiniz?
- Ailəli olub ayrılmışam. Bu evlilik cəmi iki ay davam etdi.
- Niyə belə az?
- Alınmadı. Valideynlərimin istəyi ilə ailə qurmuşdum. Onlar məni sənətdən uzaqlaşdırmaq üçün ərə verdilər. Lakin mən sənətsiz nəfəs ala bilməzdim. Ona görə də ayrılmağa qərar verdim. Hətta bu evlilikdən qabaq da nişanlı idim. Toyuma iki gün qalmış nişanı qaytardım.
- İndi sevgiliniz yoxdur?
- Hazırda ürəyim tamamilə boşdur. Mən bir az surətpərəst insanam. İstədiyim kimi bir insana rast gəlməmişəm hələ.
- Bütün bu olanlara valideynlərinizin münasibəti necə oldu?
- Hal-hazırda onlardan ayrı yaşayıram. Çəkildiyim yataq səhnəsinə görə atam mənimlə danışmır. Hərdən zəng edib səsini eşidirəm.
- Qapını çırpıb getdiniz, yoxsa örtüb?..
- Örtüb getdim. Buna məcbur idim.
- Geriyə qayıtmaq istəyirsiniz?
- Bu mümkün deyil axı. Mən artıq öz qərarımı vermişəm. Yaşım az olsa da, heç bir aktrisanın etmədiklərini edib onlardan bir addım qabağa keçməyi qarşıma məqsəd qoymuşam.
- İllər keçəcək... Bəlkə, haçansa peşman olacaqsınız...
- Düşünürəm ki, peşman olmaram. Çünki elədiyim heç nəyə görə peşmançılıq hissi duymamışam bu vaxta qədər.
- Bir sözlə desək, sənətə görə özünüzü tənhalığa “sürgün” etmisiniz...
- Bu sözlə, tamamilə razıyam.
- Çox maraqlıdır, bu yaşda ailədən, qohumlardan imtina edib sənətin arxasınca qaçmaq sizə bu qədər vacib idi? Bəlkə, şöhrət və pul qazanmaq eşqi sizi buna sövq etdi?
- Hər halda, bir aktrisa kimi məşhurlaşmaq arzumdur. Ancaq sırf maddiyyat üçün bunları etmirəm.
- Yataq səhnəsinə görə nə qədər qonorar aldınız?
- Bunu açıqlamaq istəmirəm. Yalnız bunu deyə bilərəm ki, çəkildiyim başqa səhnələrə nisbətən artıq oldu.
- Ümumiyyətlə, qazancınız sizi qane edir?
- Bir o qədər də yox.
- Amma nəzərə alsaq ki, sizin kompleksiniz yoxdur və istənilən açıq-saçıq səhnəyə çəkilə bilərsiniz, onda sizin qazanmaq şansınız digər aktrisalara nisbətən çoxdur.
- Ola bilər ki, elədir. Çünki mən bundan sonra istənilən yataq səhnəsinə çəkilməyə hazıram. Hətta xarici ölkədən pornoya çəkilməyə dair təklif gəlsə də, qəbul edərəm.
- Türkan Əliyevanın həyat “obrazı” necədir?
- Həyatda çox mülayim biriyəm. Deyib-gülməyi, əylənməyi çox sevirəm. Pozitiv bir insanam.