Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikasında 11 aprel 2018-ci il tarixdə keçirilmiş Prezident seçkilərinin daha demokratik və şəfaf keçirilməsi, seçki praktikasının təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə 4000 müşahidəçi ilə seçkinin monitorinqi təşkil edib. Bu işin təşkili prosesində regionlarda AVCİYA təlimçilərinin iştirakı ilə 45-dən artıq seminarlar keçirilib, “Müşahidəçilər üçün yaddaş” kitabçaları nəşr olunub.
Assosiasiya 06 aprel 2018-ci il tarixdə “Uzunmüddətli Müşahidənin Aralıq Hesabatı”nı ictimaiyyətə təqdim edib. (Hesabatlar və digər nəşrlərlə www.avciya.az saytında tanış olmaq olar.)
Seçki ərəfəsi AVCİYA Seçki Qərargahının nümayəndələri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərin uzunmüddətli müşahidəsini həyata keçirərək, fikir mübadiləsi aparıblar.
Seçki günüAVCİYA müşahidəçiləri tərəfindən məntəqlərdə üç mərhələdə müşahidə həyata keçirilib. Səsvermə başlamamışdan əvvəlki dövrün müşahidəsi həyata keçirilib, heç bir qanun pozuntusu aşkarlanmayıb. Təbliğat və təşviqatın səsverməyə 24 saat qalmış dayandırılmasına məntəqlərdə əməl edilib. Səsvermə prosesi başlamamışdan bülletenlərin müşahidəçilər qarşısnda sayılması, qutuların bütün mətəqlərdə möhürlənməsi həyata keçirilmiş, bu işlərdə gecikmə halları baş verməyib. Məntəqlərdə səs vermə zamanı seçicilərin barmaqlarına mürəkkəbin vurulması nəticəsində seçicilərin təkrar səsverməsi kimi halların qarşısı alınıb. Seçicilərin səs verdikdən sonra məntəqəni tərk etməməsi hallarına rast gəlinməyib. Polis seçki günü qanuna müvafiq olaraq asayışı qorumuş, məntəqələrdə heç bir ciddi qanun pozuntusu baş verməməyib.
Səsvermə prosesi vaxtında, saat 19-00-da, qanuna uyğun olaraq başa çatıb. Səslərin sayılması prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilib, müşahidəçilərin bu prosesi izləməsinə tam şərait yaradılıb. Səslərin sayılmasından sonra müşahidəçilərə protokolların sürətləri maneəsiz olaraq verilib. Müşahidəçilər səsvermə bülletenlərinin seçki dairələrinə aparılmasını da müşahidə etmişlər.
Seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə (saat 10-00, 12-00, 15-00, 17-00 və 19-00-da) AVCİYA Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanıb, ictimaiyyətə təqdim edilib. Bundan başqa assosiasiya seçki günü saat 21-00 seçkinin nəticələri ilə bağlı özünün ilkin məlumatını ictimaiyyətə bildirib.
Seçki günü ölkə üzrə seçici fəallığı yüksək olmuş, bəzi məntəqələrdə bir sıra cüzi texniki çatışmazlıqlar istisna olmaqla elə bir ciddi qanun pozuntusu qeydə alınmamışdır. Seçki günü qeydə alınmış cüzi texniki çatışmazlıqlar cox az sayda məntəqələri əhatə etmiş və seçkinin nəticələrinə təsir etmək gücündə olmamışdır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 11 aprel 2018-ci il tarixdə keçirilmiş Prezident seçkilərini Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq demokratik, şəffaf və ədalətli keçdiyini, ictimai-siyasi mühitinin əvvəlki illərlə müqayisədə daha sabit, təhlükəsiz və konstruktiv olduğunu bildirir. Assosiasiya Prezident seçkilərinin Azərbaycan Respublikasının dövlət müstəqiliyinin, dövlət təhlükəsisliyinin daha da güclənməsi, insan haqlarının müdafiəsi, vətəndaşların rifahının daha da yüksəlməsi, vətəndaş cəmiyyətinin daha da inkişafında mühüm mərəhələ olduğunu bəyan edir.