İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak etmişdir.
Xarici işlər naziri Elmar MƏMMƏDYAROV müşavirəni açaraq dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə iştirakçıları.
Bildiyiniz kimi, diplomatik xidmət orqanları rəhbərlərinin növbəti beşinci müşavirəsi Azərbaycan Respublikasında diplomatik xidmətin 95 illiyi kimi əlamətdar bir vaxtda keçirilir.
Müstəqilliyimiz bərpa olunduqdan sonra digər sahələrdə olduğu kimi, diplomatiyamız da əldə etdiyi uğurlara görə ümummilli lider Heydər Əliyevə borcludur. Böyük dövlət xadiminin hakimiyyətə qayıdışı ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Bu gün müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi imkanlarımızın və hərbi qüdrətimizin artırılması, sosial rifahımızın yaxşılaşdırılmasına yönəlmiş xarici siyasət strategiyamız Sizin, cənab Prezident, müəyyən etdiyiniz kursa uyğun olaraq çevik və qətiyyətlə həyata keçirilməkdədir.
Möhtərəm cənab Prezident, diplomatik xidmət orqanları rəhbərlərinin 2012-ci ildə keçirilmiş dördüncü müşavirəsindən sonrakı müddət ərzində Xarici İşlər Nazirliyi sisteminin fəaliyyəti barədə məlumat vermək istərdim.
Son iki il ərzində ölkəmizin İsveçrə Konfederasiyasında, Avstraliya İttifaqında və Vyetnam Sosialist Respublikasında yeni səfirlikləri, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulluğu, Kolumbiya və Uruqvayda isə təmsilçilik ofisləri açılmışdır. Azərbaycanda isə Əfqanıstan İslam Respublikasının, Sudan Respublikasının, Kolumbiya Respublikasının, İsveç Krallığının, İspaniya Krallığının və Malayziyanın səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluq və nümayəndəlikləri fəaliyyətə başlamışdır. Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.
Son müşavirə zamanı verdiyiniz tapşırıqların icrası ilə əlaqədar bildirmək istərdim ki, keçən dövr ərzində də xarici siyasətimizin prioritet istiqamətlərindən olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Xarici İşlər Nazirliyinin fəaliyyətinin əsasını təşkil etmişdir. Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəliyimizdə duran əsas məsələ olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün münaqişənin həlli üzrə aparılan danışıqların predmeti olmadığı birmənalı olaraq bütün görüşlərdə tərəf-müqabillərimizin diqqətinə çatdırılmışdır. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş soydaşlarımızın geri qayıtması üçün zəruri diplomatik və hüquqi əsasların yaradılması istiqamətində aparılan işlər daha da genişləndirilmişdir. Azərbaycan xalqının XX əsrdə yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması və anılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, bu günə qədər Amerika Birləşmiş Ştatlarının 15 ştatında, Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentlərində Xocalı soyqırımı rəsmən tanınmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmiş, o cümlədən ölkəmiz bu dövlətlər tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilmişdir.
Eyni zamanda, Azərbaycanın səyləri ilə BMT-nin “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”sı çərçivəsində Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının Espoo Konvensiyası üzrə öhdəliyini pozduğuna dair qərar qəbul edilmiş və Konvensiyanın implementasiya komitəsinə məsələnin nəzarətdə saxlanılması, eləcə də aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat verilmişdir. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinin icrası ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı qaldırılmış iddia əsassız hesab edilərək Azərbaycan tərəfinin öhdəliklərini pozmadığı haqqında Espoo Konvensiyası üzrə yekun qərar qəbul edilmişdir.
Xarici İşlər Nazirliyi bundan sonra da Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması və radikal erməni lobbisinə qarşı təsirli əks-hücumun təşkili istiqamətlərində fəaliyyətini daha da gücləndirəcəkdir.
Möhtərəm cənab Prezident.
Hörmətli müşavirə iştirakçıları.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən ikiillik fəaliyyəti dövründə dünyada təhlükəsizliyin və sülhün bərqərar olması, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak etmişdir. Bu iki il ərzində Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr, eləcə də yüksək səviyyəli tədbirlər təşkil etmişdir. 2012-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul edilmişdir. 2013-cü ilin oktyabrından etibarən BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası təşkil edilmişdir. Azərbaycanın Təhlükəsizlik Şurasında fəaliyyəti müddətində dörd qətnamə, o cümlədən Afrika və Yaxın Şərqlə bağlı bir sıra sənədlər qəbul olunmuşdur. Afrikadakı Böyük Göllər bölgəsinə regional səfərlər təşkil edilmiş və Afrika Birliyinin BMT Təhlükəsizlik Şurası ilə birgə tədbirləri həyata keçirilmişdir.
BMT Təhlükəsizlik Şurası ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirmişdir. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.
İkitərəfli əsasda həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın qonşu dost dövlətlərlə əməkdaşlığı daha da dərinləşmiş, Uzaq Şərq, Cənub və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri inkişaf etmiş, Latın Amerikası və Afrika regionlarında tərəfdaşlarının sayı artmışdır.
Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) beynəlxalq humanitar və yardım proqramlarına, eləcə də davamlı inkişafa xidmət edən layihələrinin sayını artırmışdır. Xarici tələbələr üçün təqaüd proqramı çərçivəsində Fələstin, Sent Vinsent və Qrenadindən olan tələbələr Azərbaycanın ali məktəblərində təhsil almışlar. Anqola, Əlcəzair, Çad, Kamerun, Fil Dişi Sahili, Liviya, Mavritaniya, Misir, Nigeriya, Sudan, Kolumbiya, Vyetnam, Oman, Küveyt və sair dövlətlərin mütəxəssisləri üçün neft-qaz istehsalı üzrə ixtisasartırma kursları təşkil edilmişdir. Əfqanıstanda elektron hökumətin yaradılması layihəsinə töhfə verilmiş, Fələstinə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Etimad Fonduna, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fonduna, BMT-nin Vyana ofisinin dəstəklənməsi layihəsinə, BMT-nin İnsan Alveri Qurbanlarına Könüllü Yardım Fonduna, Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Fonduna maliyyə və texniki yardımlar edilmişdir. Panama, Qvineya-Bisau, Filippin, Serbiya, Bosniya və Herseqovinada baş vermiş təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün humanitar və maliyyə yardımları göstərilmişdir. Bütün bu fəaliyyətlər, heç şübhəsiz, Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuzunun artırılmasına və mövqeyinin möhkəmləndirilməsinə xidmət etməkdədir.
Keçən dövr ərzində Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Diplomatik Akademiyası əsasında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan “ADA” Universiteti yaradılmışdır. Universitetdə həyata keçirilən təlim və tədris proqramları daha da genişləndirilmiş, dünyanın aparıcı ali təhsil və tədqiqat müəssisələri ilə əlaqələri, təcrübə və tələbə mübadilə proqramları artırılmışdır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsidir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə səfərlərinin asanlaşdırılması və konsulluq sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində aparılmış işlər nəticəsində bir sıra ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalanmışdır.
Möhtərəm cənab Prezident, əmin ola bilərsiniz ki, yüksək dövlət qayğısı ilə əhatə olunmuş diplomatik xidmət orqanlarının əməkdaşları Sizin tərəfinizdən müəyyən olunmuş və dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması məqsədi daşıyan xarici siyasət kursunun həyata keçirilməsində bundan sonra da öz səy və bacarıqlarını əsirgəməyəcəklər.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Dövlətimizin başçısı müşavirədə nitq söylədi.
Prezident İlham Əliyevin
nitqi
- Hörmətli səfirlər, xanımlar və cənablar.
Bugünkü müşavirənin çox böyük əhəmiyyəti vardır. Müşavirə iki ildən bir keçirilir, xarici siyasətimizin müxtəlif aspektləri müzakirə edilir və yeni istiqamətlər müəyyənləşdirilir. Bir sözlə, hesab edirəm ki, bu, çox uğurlu formatdır və bizə imkan verir ki, xarici siyasətimizi ardıcıl şəkildə aparaq.
Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək.
Ona görə, son illərdə həm siyasi, həm iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilibdir. Azərbaycan özünü təmin edən ölkədir.
Yəni, bu daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə idi. Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğurumuzdur. Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti – 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir, bizə inanmışdır və bilirəm ki, bu inama görə peşman olmamışdır. Çünki biz bəyan etdiyimiz kimi, iki il ərzində BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etmişik. Bu gün də müdafiə edirik və hər zaman müdafiə edəcəyik.
Bir sözlə, beynəlxalq imicimiz çox müsbətdir. Bunun müxtəlif amilləri vardır. Bir daha demək istəyirəm ki, ilk növbədə, ölkəmizin uğurlu inkişafı, prinsipial mövqeyi, ədaləti, hüququ hər şeydən üstün tutmağımız, eyni zamanda, əlbəttə ki, bizim diplomatik orqanların uğurlu fəaliyyəti də burada çox mühüm rol oynamışdır. Buna görə mən Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarını təbrik etmək istəyirəm. Azərbaycanın çox uğurlu xarici siyasəti vardır və əminəm ki, gələcək illərdə ölkəmizin artan gücü və nüfuzu hesabına biz beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcəyik.
Xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Əfsuslar olsun ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmamışdır. Əlbəttə ki, müxtəlif bəyanatlar səslənmişdir, müxtəlif səylər göstərilmişdir. Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər etmişlər. Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir.
Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik.
Son illər ərzində Ermənistanın bu mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın. Əlbəttə ki, məsələnin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur.
Yəni, bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqlarla hesablaşmalıyıq. Ona görə bizim ordu quruculuğu ilə bağlı ardıcıl siyasətimiz bu gün bir daha göstərir ki, nə qədər düzgün və nə qədər vaxtında atılan addımlar idi. Bu gün biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Sadəcə olaraq hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll edilsin. Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər.
Hesab edirəm ki, son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallıq bizim artan iqtisadi və hərbi gücümüzlə əlaqəli olan məsələdir. Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik. Bu gün güc amili, bir daha demək istəyirəm ki, həlledici rol oynayır. Biz daha da güclü olmalıyıq, oluruq. İqtisadi, siyasi və hərbi potensialımız kifayət qədər güclüdür və danışıqlarda bu amil müsbət rolunu oynayacaqdır.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.
Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq.
Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər yaratmışlar. Bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq üçün kiçik həcmli broşürlər də buraxılmalıdır. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyi birlikdə belə broşürlər hazırlamalıdırlar ki, müxtəlif dillərdə nəşr edilsin və xarici ictimaiyyətə çatdırılsın. O cümlədən İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktları da geniş auditoriyaya məlum deyildi. Bu məsələni mən birinci dəfə qaldıranda, bu, bəziləri üçün, necə deyərlər, bir yenilik kimi görünürdü. Ancaq bu, reallıqdır, bunu hazırda Azərbaycanda hər kəs bilir və imkan düşdükcə biz bunu beynəlxalq konfranslarda, forumlarda, tədbirlərdə daim qeyd etməliyik. Çünki bu, tarixi həqiqətdir.
Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi. Bir sözlə, həm tarixi, həm hüquqi tərəf bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Siz bunu yaxşı bilirsiniz. Digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişlər. Yəni, bu, artıq çox möhkəm hüquqi zəmindir. Düzdür, bu, hələ ki, real nəticəyə çevrilməmişdir. Ancaq bu tarixi və hüquqi zəmin vardır. Belə olan halda təbii ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyildir. Əlbəttə ki, Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikasını” müstəqil qurum kimi tanımayacaqdır. Orada keçirilən qanunsuz referendumlar dünya birliyi tərəfindən tanınmayıb və tanınmayacaqdır. Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaqdır. Başqa variant yoxdur! Mən bunu bir daha bəyan etmək istəyirəm. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir! Biz sadəcə olaraq istəyirik ki, bunu nə qədər mümkündürsə tez edək. Ancaq edəcəyik.
Onu da qeyd etməliyəm ki, əlbəttə, bu münaqişədən xalqımız, qaçqınlar və köçkünlər əziyyət çəkir. Ancaq biz məsələni köklü şəkildə həll etməliyik. Yəni, məsələnin yarımçıq şəkildə həll edilməsi, sadəcə, bir mərhələ ola bilər və təbii ki, mərhələli həll üstünlük təşkil edir və edəcəkdir. Ancaq biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar. Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır. Siz diplomatlar yaxşı bilirsiniz və biz bu məsələni öyrənmişik - dünyada, Avropada nə qədər muxtariyyətlər vardır. Orada bütün məsələlər çox gözəl tənzimlənir. Bizim məsələdə də bu yanaşma üstünlük təşkil etməlidir.
Əlbəttə ki, gələcəkdə xalqımız bütün tarixi torpaqlara qayıdacaq, qayıtmalıdır. Mən əminəm ki, o gün gələcəkdir. Çünki bu gün ölkəmizin siyasi çəkisi, iqtisadi potensialı və demoqrafik vəziyyətimiz belə deməyə əsas verir. Bizim əhalimiz artır, artacaq, Ermənistan əhalisi azalır və azalacaqdır. Bizim Ermənistanı müəyyən dərəcədə təcrid edilmiş vəziyyətdə saxlamağımız bax, bu məqsədi güdür. Biz onları bütün iqtisadi və enerji layihələrindən təcrid etmişik və buna görə tənqid olunmuşuq. Bu gün də tənqid olunuruq, siz də bunu yaxşı bilirsiniz. Ancaq biz öz məqsədimizə çatmalıyıq. Tənqid əsaslıdırsa, biz əlbəttə ki, bu tənqidi qəbul edə bilərik. Ancaq əsassız tənqidi biz heç vaxt nəzərə ala bilmərik. Ona görə Ermənistan bundan sonra da təcrid edilmiş vəziyyətdə qalacaqdır. Belə olan halda çox kiçik daxili bazarı və ixrac imkanları sıfıra bərabər olduğu üçün əlbəttə ki, Ermənistanın inkişaf potensialı yoxdur. Bunun səbəbidir ki, ildən-ilə oradan miqrasiya artır və onların rəsmi statistikasına görə bu ilin birinci rübündə 40 min erməni ölkəni tərk edib. Amma real rəqəmlər ondan da böyükdür. Bu, il ərzində 100 mini keçəcəkdir. Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır, diaspordur və bəzi ölkələrin Ermənistana xüsusi münasibətidir. Bunu da siz yaxşı bilirsiniz ki, burada bu amil də öz rolunu oynayır.
Ancaq dünyada gedən proseslərin inkişafı onu göstərir ki, biz hər il, hər ay öz məqsədimizə yaxınlaşırıq və məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır. Budur bizim əsas vəzifəmiz və bu məqsədə çatmaq üçün nəinki diplomatlar, bütün cəmiyyət öz səylərini birləşdirməlidir, birləşdiribdir. Bu, bizim milli məsələmizdir. Azərbaycanda bundan vacib məsələ yoxdur və bu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq.
Bizim xarici siyasətimizlə bağlı olan əsas istiqamətlər müəyyən edilib. Mən bir neçə məsələ haqqında fikirlərimi bildirmək istəyirəm. Çünki əlbəttə ki, bizim xarici siyasətimiz əsaslıdır və strateji xətt seçilibdir, davam edir. Ancaq əlbəttə ki, vaxtaşırı bu məsələlərə aydınlıq gətirmək lazımdır, prioritetlər düzgün müəyyən edilməlidir və belə olan halda bizim xarici siyasətimiz daha da uğurlu olacaqdır. Qonşularla münasibətlərimiz çox müsbətdir. Hesab edirəm ki, biz bu münasibətləri bundan sonra da inkişaf etdirməliyik. Bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim çox sağlam münasibətlərimiz vardır. Bu münasibətlər bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində qurulubdur. Artıq bütün qonşularla münasibətlərimiz ikitərəfli maraqları təmin edir. Belə də olmalıdır. Biz bu bölgədə, bu coğrafiyada yaşayırıq. Ona görə qonşu ölkələrlə sağlam, mehriban qonşuluq münasibətləri hər bir ölkə, o cümlədən Azərbaycan üçün önəmlidir. Mən çox şadam ki, bizim bütün qonşularla çox gözəl bərabərhüquqlu və əsaslı münasibətlərimiz vardır. Burada həm siyasi, həm iqtisadi komponent mövcuddur. Əlbəttə ki, tarixi, mədəni əlaqələr də öz rolunu oynayır və hesab edirəm ki, biz gələcək illərdə qonşularımızla münasibətlərimizi daha da möhkəmləndirəcəyik. Çünki biz də istəyirik ki, hər yerdə inkişaf, hər yerdə sülh olsun və əlbəttə ki, qonşuluğumuzda da vəziyyət daim sabit olsun. Çünki Azərbaycanın indiki reallıqları bundan ibarətdir ki, ölkədə daxili təhlükə mənbəyi yoxdur. Heç bir narahatedici məqam da yoxdur. Azərbaycanın sürətli inkişafı, sabitliyin qorunması, xalqla iqtidar arasındakı birlik, xarici və daxili siyasətlə bağlı uğurlarımız, bax, belə vəziyyəti yaradıbdır. Daxili təhlükə mənbəyi yoxdur.
Ona görə biz, əlbəttə, istəyirik ki, ətrafda da təhlükə mənbəyi olmasın. Biz qonşularımızla bu istiqamətdə ikitərəfli və çoxtərəfli formatda çalışırıq, işləyirik. Hesab edirəm ki, gələcək illərdə də bu, prioritet olaraq qalmalıdır. Eyni zamanda, son illərdə yenə də bizim təşəbbüsümüzlə üçtərəfli formatlar da müəyyən edilmişdir. Onu da qeyd etməliyəm ki, bu, Azərbaycanın təşəbbüsüdür və bu gün belə formatlar vardır. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları vardır. Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində görüşlər keçirilir. Artıq prezidentlər səviyyəsində də bir görüş keçirilmişdir. Bunun da çox böyük faydası vardır. Burada əlbəttə ki, həm siyasi və iqtisadi, həm də enerji məsələləri müzakirə edilir. Bu, çox uğurlu bir əməkdaşlıq formatıdır. Deyə bilərəm ki, bu formatın çox gözəl nəticələri vardır. Belə görüşlərin keçirilməsi özlüyündə çox müsbət əlamətdir. Çünki burada regional əməkdaşlıq daha da möhkəmlənir. Biz isə həmişə çalışmışıq ki, regional əməkdaşlıq güclənsin. Hər bir ölkə, o cümlədən Azərbaycan regional əməkdaşlıq hesabına öz maraqlarını daha dolğun şəkildə təmin edə bilər. Ona görə, bax belə təşəbbüslər əlbəttə ki, uğur gətirəndə bu, bizi sevindirir. Çünki bizim xarici siyasətimiz yerində durmur. Biz daim axtarışda olmalıyıq, daim yeni əməkdaşlıq formaları haqqında fikirləşməliyik, təşəbbüs göstərməliyik ki, Azərbaycanın xarici siyasəti daha da uğurlu olsun.
Biz əlbəttə ki, ikitərəfli formata üstünlük veririk. Biz bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraqlar üzərində qurulan münasibətlərin tərəfdarıyıq. Buna nail ola bilmişik. Əlbəttə ki, ikitərəfli format ən uğurlu formatdır.
Müsəlman ölkələri ilə əlaqələrimiz çox möhkəmdir. Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim inkişafda olmalıdır. Burada əlbəttə ki, müxtəlif variantlar mümkündür. Siyasi əlaqələr təbii ki, çox yüksək səviyyədədir. Hesab edirəm ki, biz iqtisadi sahədə fəaliyyəti gərək bir az artıraq. Buna imkan vardır. Hesab edirəm ki, Azərbaycan investisiyalarını müsəlman ölkələrinə qoymaqla biz iqtisadi sahədə də vəziyyəti yaxşılaşdıra bilərik.
Avropa ölkələri bizim ənənəvi tərəfdaşlarımızdır. Burada da ikitərəfli format hesab edirəm ki, bizim maraqlarımıza cavab verir. Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz vardır. Mənim Avropa ölkələrinə səfərlərim, Avropanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu əyani şəkildə göstərir. Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Bizim ixrac məhsullarımız daha çox Avropa məkanına göndərilir.
Əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanlar vardır. Burada da münasibətlər qarşılıqlı maraqlar üzərində qurulubdur. Biz Avropaya daha yaxın olmaqla Azərbaycanda siyasi islahatları dərinləşdiririk. Bu, bizim üçün çox önəmlidir. Biz Avropanın bu sahədəki müsbət təcrübəsini öyrənirik və götürürük. Çünki bu, ölkəmizin uğurlu inkişafı üçün lazımdır.
Eyni zamanda, Avropa texnologiyaları bizə lazımdır. Biz bu gün ölkəmizi sürətlə inkişaf etdiririk. Müasirləşmə, sənayeləşmə prosesləri gedir. Nəinki Bakıda, hər bir yerdə çox böyük inkişaf vardır. Ona görə, yeni texnologiyalar olmadan bu inkişafa nail olmaq mümkün deyildir. Düzdür bu texnologiyaları bizə heç kim pulsuz vermir. Biz bunları alırıq və heç bir problem yoxdur. İndi bizə texnologiyaları satmaq istəyən şirkətlərin sayı o qədərdir ki, burada heç bir çətinlik yoxdur. Ancaq hesab edirəm ki, bu məsələ də ikitərəfli formatda öz yerini tutmalıdır. Xüsusilə nəzərə alsaq ki, Avropanın bəzi ölkələrində iqtisadi və maliyyə böhranının fəsadları hələ aradan qalxmayıbdır, əlbəttə, Avropa şirkətlərinin Azərbaycanda fəaliyyət göstərmələri onlar üçün də böyük maraq doğurur.
Azərbaycanda infrastruktur, neft-qaz layihələri həyata keçirilir. Bildiyiniz kimi, yaxın illərdə on milyardlarla dollar sərmayə qoyulacaqdır. Burada əlbəttə ki, Avropa şirkətləri fəal iştirak edəcəkdir. Hesab edirəm ki, bizim Avropa ölkələrində fəaliyyət göstərən diplomatlar üçün bax, bu iqtisadi maraqlar ön planda olmalıdır. Çünki bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada heç bir böhran, heç bir çətinlik, heç bir asılılıq yoxdur. Əksinə, bizim artan iqtisadi gücümüz, maliyyə potensialımız imkan verir ki, nəinki ölkə daxilində, Avropada da investisiyalar qoyaq.
Əlbəttə ki, son illərdə Asiya ölkələri ilə bizim əməkdaşlığımız çox sürətlə inkişaf edir və mən bunu çox müsbət qiymətləndirirəm. Çünki biz müstəqilliyimizi əldə etdikdə, əlbəttə ki, xarici siyasətimiz ilk illərdə özünü sanki bizə olan marağın cavabı kimi göstərirdi. Yəni, kim Azərbaycana maraq göstərirdi, biz onlarla daha çox əlaqələr qururduq. Təbii ki, ilk belə maraq göstərən Avropa ölkələri - Qərb ölkələri olmuşdur. Xüsusilə neft-qaz sektoruna olan maraq da orada əsas rol oynamışdır. Biz də təbii ki, münasibətlərimizi ilk növbədə o ölkələrlə qurduq.
Ümumiyyətlə, ilk illərdə belə bir təsəvvür var idi ki, bizim əsas tərəfdaşlarımız Qərb dünyasıdır. Əlbəttə ki, biz indi təxminən 23 ildir müstəqillik şəraitində yaşayırıq və indi bizim üçün dünyada heç bir sirr yoxdur. Ona görə müstəqilliyin ilk illərində Asiya ölkələri ilə münasibətlərimiz bir müddət o qədər də yüksək səviyyədə olmamışdır. Ancaq bu gün bu, bizi tam qane edən səviyyədədir.
Mənim səfərlərim, Asiya ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət bax, bu gün bu münasibətləri təcəssüm etdirir. Asiya ölkələri ilə siyasi və iqtisadi əməkdaşlıq aparmaq üçün çox böyük potensial vardır. Azərbaycana da çox böyük maraq vardır. Bu, həm ölkənin potensialı, eyni zamanda, bayaq qeyd etdiyim məsələ - müstəqil siyasət ilə əlaqədardır.
Çünki bu gün dünyada tam şəkildə müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyildir. Bəzi hallarda bu müstəqil siyasət adı altında birtərəfli və radikal siyasət aparılır. Biz bunun da tərəfdarı deyilik. Biz heç bir ölkə ilə qarşıdurma siyasəti aparmaq niyyətində deyilik. Yəni, bu, bizim maraqlarımıza cavab vermir. Biz hər bir qarşıdurmaya hazırıq. Lazım gəldikdə sözümüzü deyirik, maraqlarımızı müdafiə edirik. Ancaq özümüz buna heç bir ehtiyac duymuruq. Biz, əksinə, bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik və buna nail olmuşuq. Ancaq milli maraqlarımızın hesabına yox, - əsas məsələ bundadır, - bərabərhüquqlu münasibətlərin hesabına.
Ona görə, müstəqil siyasətimiz və beynəlxalq məsələlərlə bağlı göstərdiyimiz prinsipiallıq Asiya ölkələrinin bizə olan rəğbətini artırır. Biz əlbəttə ki, bundan sonra da bu istiqamətdə fəal işləyəcəyik.
Beynəlxalq təşkilatlarla əməkdaşlığımız artıq uzun illərdir ki, aparılır. Hesab edirəm ki, Azərbaycan beynəlxalq təşkilatlarda çox uğurlu siyasət aparır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bunu əyani şəkildə göstərir. BMT-də bizim fəaliyyətimiz əlbəttə ki, prioritet təşkil edir. Çünki BMT yeganə təşkilatdır ki, bütün dünya ölkələri orada cəmləşir və əslində, beynəlxalq ictimaiyyət deyəndə ilk növbədə BMT nəzərə alınmalıdır.
Əfsuslar olsun ki, son vaxtlar kütləvi informasiya vasitələrində “beynəlxalq ictimaiyyət” sözü çox işlədilir və bu söz bir qrup ölkələri nəzərdə tutur. Ancaq beynəlxalq ictimaiyyət BMT-dir və beynəlxalq ictimaiyyət Azərbaycanı dəstəkləyir, öz dəstəyini göstərmişdir. Ona görə indi bizim böyük, əvəzolunmaz təcrübəmiz vardır və biz BMT-də səylərimizi genişləndirməliyik. BMT-də ikitərəfli əlaqələri xüsusilə o ölkələrlə ki, münasibətlərimiz lazımi səviyyədə deyil, biz onlarla bu əlaqələri möhkəmləndirə bilərik və bunu edəcəyik.
Biz digər beynəlxalq təşkilatlarda, ATƏT-də əlbəttə ki, çox fəal iştirak edirik. Əfsuslar olsun ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deyə, heç bir nəticə hasil edə bilməyib. Sadəcə olaraq iyirmi ildən artıqdır ki, məsələ nə hərb, nə sülh vəziyyətindədir. Baxmayaraq ki, ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyası göndərmişdir. Onlar da məruzə hazırlamışlar, sonra çalışmışlar ki, bu məsələni tarazlaşdırsınlar. Bunu necə tarazlaşdırmaq olar? Bizim torpaqlarımız işğal edilib, daş-daş üstə qalmayıb. Bütün şəhərlər, məscidlər, tarixi abidələr, qəbirlər dağıdılıb və burada hansısa bir tarazlaşdırılmış məruzədən söhbət gedə bilər?! Əlbəttə ki, bu, riyakarlıqdır, dözülməz bir yanaşmadır. Amma buna baxmayaraq, - yəni, həqiqətləri də tam şəkildə inkar edə bilmirlər, - bu missiyaların hesab edirəm ki, müsbət nəticələri olmuşdur.
Bu yaxınlarda Bakıda ATƏT Parlament Assambleyasının toplantısı keçirilmişdir. Biz bu kürsüdən də öz sözümüzü dedik və deyəcəyik. Çünki biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi daim ifadə edirik və edəcəyik. Çünki bir daha demək istəyirəm ki, bizimlə məntiqi nöqteyi-nəzərdən mübahisə etmək mümkün deyildir. Çünki biz həqiqəti deyirik və bu həqiqət bəzilərinin xoşuna gəlmir. Bu, onların işidir. Amma biz həqiqəti deyirik. Biz istər Qarabağ məsələsi ilə, istər digər məsələlərlə, istər daxildəki vəziyyətlə, ümumiyyətcə dünyada gedən proseslərlə bağlı həqiqəti deyirik. Həqiqəti inkar etmək mümkün deyildir. Ona görə də ATƏT-də əlbəttə ki, bizim fəaliyyətimiz bundan sonra da çox fəal olacaqdır.
Mən İslam Əməkdaşlıq Təşkilatı haqqında danışdım. Hesab edirəm ki, bizim bu təşkilatda fəaliyyətimiz çox uğurludur. Çünki İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial qətnamələr qəbul etmişdir. Mən hesab edirəm ki, biz bu təşkilat çərçivəsində və müsəlman ölkələri ilə ikitərəfli formatda Qarabağ həqiqətlərini daha dolğun şəkildə onların diqqətinə çatdırmalıyıq. Əlbəttə ki, bunu bilirlər və bilməsələr bu qətnamələr qəbul olunmaz. Ancaq biz nəyi görürük? Ermənistan çalışır ki, müsəlman ölkələri ilə ikitərəfli münasibətləri qursun, ya da möhkəmləndirsin. Burada bəzi hallarda məlumat qıtlığı bu imkanları onlar üçün yaradır. Ancaq hesab edirəm ki, bütün müsəlman ölkələrinin vəzifəli şəxsləri ermənilərin Dağlıq Qarabağda və ətraf yerlərdə məscidləri dağıtdıqlarını bilsələr inanmıram, Ermənistan bu münasibətləri qurmaqda uğur qazansın.
Ona görə, yenə də hesab edirəm ki, Azərbaycanın dağıdılmış abidələri, dini abidələri barədə şəkillərdən və məlumatlardan ibarət 5-10 səhifəlik müxtəlif formada broşürlər, kitabçalar, jurnallar dərc edilməlidir. Bunlar hər bir xarici idarəyə, hər bir ölkənin Xarici İşlər Nazirliyinə, mətbuat orqanlarına, beyin mərkəzlərinə göndərilməlidir bilsinlər ki, məscidləri dağıdan ölkə müsəlman ölkələri ilə necə uğurlu əməkdaşlıq edə bilər?! Ermənistan isə əlbəttə ki, bu həqiqətləri gizlətmək, danmaq istəyir, biz isə imkan verməməliyik. Ona görə, - burada əlbəttə ki, diplomatik səylər öz yerində, - eyni zamanda, güclü təbliğat qurulmalıdır. Əslində qurulur, müsbət nəticələri vardır. Sadəcə olaraq, istəyirəm ki, daha da müsbət olsun.
Bizim digər beynəlxalq təşkilatlar ilə də əlaqələrimiz uğurludur. Biz indi Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edirik. Bu yaxınlarda Strasburqda olarkən sədrliklə bağlı öz prioritetlərimizi ifadə etdim, təkrar etmək istəmirəm. Eyni zamanda, ümumiyyətlə bu təşkilat çərçivəsində fəaliyyətimizlə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması vardır və uzun illərdir fəaliyyət göstərir. Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcəkdir. Görün nə qədər rasist, ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar vardır və heç kim bunu dana, inkar edə bilməz.
Onların arxasında dayanan erməni lobbisidir. Çünki siz yaxşı bilirsiniz ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. Onların nümayəndələri əlbəttə ki, mediada, başqa ölkələrin hökumətlərində, ictimai qurumlarda vardır. Onlar möhkəm kök salmışlar və Azərbaycanı bir nömrəli hədəf seçmişlər, çalışırlar ki, bizi hər tərəfdən vursunlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər. Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini bunda görür?! Ona görə, erməni lobbisi, eyni zamanda, Azərbaycana qarşı qərəzli mövqedə olan deputatlar əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasında vardır. Biz onların cavabını vermişik. Hələ mən orada nümayəndə heyətinin rəhbəri olan zaman onların cavabını vermişəm. Bu dəfə də cavablarını vermişəm. Çünki yenə də deyirəm, bizimlə məntiq üzərində mübahisə aparmaq mümkün deyildir. Yalan danışmaq olar, ancaq biz orada olanda o yalanın üstünü açırıq, çünki yalan yalandır. Yenə də deyirəm, tənqid əsaslıdırsa, biz bunu alqışlayırıq və bu, bizə kömək göstərir. Ancaq əsassız tənqid sadəcə olaraq ölkəmizə qarayaxma cəhdidir.
Ancaq, eyni zamanda, hesab edirəm ki, bizim Avropa Şurasında uğurlu fəaliyyətimiz vəziyyəti tamamilə dəyişdiribdir. Çünki keçən ilin yanvar ayında Azərbaycana qarşı hazırlanan qərəzli məruzə iflasa uğradı. O məruzəni təqdim edən deputat demək olar ki, tamamilə biabır olmuşdur. Avropa Şurası Parlament Assambleyası o əsassız, qərəzli, yalan üzərində yazılmış məruzəni rədd etdi. Bu, bizim böyük qələbəmizdir. Ona görə, biz Avropa Şurasında bundan sonra da fəal işləyəcəyik. Bilirəm ki, son vaxtlar bizə qarşı aparılan kampaniyalar, qarayaxma cəhdləri, qara piar kampaniyaları Azərbaycan ictimaiyyətini, əlbəttə, həm incidir, həm də ki, müəyyən dərəcədə narahat edir. Mənə gələn məlumatlar və suallar ondan ibarətdir ki, nə üçün biz bu qədər ədalətsizliyə cavab verməməliyik?! Biz cavab veririk.
Nə üçün biz yenə də Avropa siyasətimizi prioritet kimi hələ ki, xarici siyasət prioritetləri sırasında saxlayırıq?! Mən həmişə deyirəm ki, biz öz hədəfimizə doğru getməliyik və gedirik. Əgər biz oradan-buradan ayağımıza dolaşmaq istəyənlərə fikir versək hesab edirəm ki, bu, düzgün olmaz. Çünki mahiyyət etibarilə bu gün bizim Avropa ölkələri ilə çox möhkəm və sağlam ikitərəfli münasibətlərimiz vardır. Mənim Avropa ölkələrinə çoxsaylı səfərlərim, Avropa dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu göstərir. Mən sizə açıq deyə bilərəm ki, ikitərəfli səfərlər zamanı, Avropa liderləri ilə ikitərəfli görüşlər əsnasında bax, bu 11 il ərzində bir dəfə də olmayıb ki, Azərbaycana qarşı hansısa bir hörmətsizlik və yaxud işimizə qarışma cəhdi görüm. Heç vaxt. Burada özünü müxalifət və yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq istəyirlər. Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri tərəfindən mənə bir söz deyilməyib. Bu gün mən bunu ilk dəfə deyirəm. Əlbəttə beynəlxalq təşkilatlar deməlidir. Yəni, bunların siyasi həyat tərzi belədir. Biz bunu sadəcə olaraq bilməliyik.
Əlbəttə ki, hər bir əsassız ittihama görə biz cavab verməliyik və artıqlaması ilə veririk. Bizim diplomatlarımız da çalışdıqları ölkələrdə həmişə bunu izləməlidirlər və mətbuata, hansısa bir qeyri-hökumət təşkilatının əsassız ittihamına cavab verməlidirlər. Ancaq yenə də deyirəm, bu məsələ bizi ümumi hədəfdən döndərməməlidir. Bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməyimizdir. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpasıdır, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində gözəl həyatının təmin edilməsidir. Biz bu hədəfə doğru gedirik. Biz hər bir istiqamət üzrə hədəfə doğru gedirik. Bizim daxili siyasət, iqtisadi siyasət, sosial siyasət, ordu quruculuğu siyasəti, xarici siyasət ilə bağlı düşünülmüş konseptual yanaşmaya söykənən siyasətimiz vardır. Bizim uğurlarımızın səbəbi bundan ibarətdir. Bir çox hallarda xarici qonaqlar məndən soruşurlar ki, Azərbaycanın uğurları nə ilə bağlıdır? Bunu mən necə izah edim? Bunu izah etmək üçün gərək 10 ilin tarixini biz yenidən nəzərdən keçirək. Yəni, bu, ardıcıl siyasətin nəticəsidir.
Ona görə, hesab edirəm ki, biz bütün ikitərəfli formatlarda və beynəlxalq təşkilatlarda fəaliyyətimizi sadəcə olaraq daha da fəallaşdırmalıyıq. Öz sözümüzü deməliyik, deyirik. Bərabərhüquqlu münasibətlərin təmin edilməsi hesab edirəm ki, Azərbaycanın artan gücü hesabına mümkün olmuşdur.
Əlbəttə ki, diaspor təşkilatları ilə bizim səfirliklərimiz fəal əlaqədə olmalıdırlar. Bilirəm ki, bu, belədir. Əvvəlki illərdə müəyyən ziddiyyətlər olmuşdur. Diaspor nümayəndələri ilə keçirilən görüşlərimdə də, ondan sonra keçirilən qurultayda da dəfələrlə demişəm ki, diaspor təşkilatları səfirliklərlə bir yerdə olmalıdırlar. Çünki səfirlik Azərbaycanın xarici siyasətini aparan qurumdur. Diaspor təşkilatları səfirliklər ətrafında birləşməlidirlər. Öz aralarında mübahisə aparmamalıdırlar və öz fəaliyyəti ilə ölkəyə zərbə vurmamalıdırlar.
Əlbəttə, hesab edirəm ki, bizim dövlət siyasətimiz burada öz nəticəsini göstərmişdir və bilirəm ki, indi əksər hallarda diaspor təşkilatları səfirliklərlə bir yerdə işləyirlər, çalışırlar, tədbirlər keçirirlər. Hesab edirəm ki, bu, bizim gücümüzü artırır, eyni zamanda, diaspor nümayəndələri də özlərini daha rahat hiss edirlər. Çünki bilirlər ki, möhkəm, güclü Azərbaycan dövləti onların arxasında dayanıb. Onlar da bilirlər ki, Azərbaycan dövləti öz vətəndaşlarını daim müdafiə edir və edəcəkdir. Bir çox hadisələr bunu artıq göstərmişdir.
Bizim artan iqtisadi imkanlarımız əlbəttə ki, xarici siyasətə də müsbət təsir göstərir. Bir daha demək istəyirəm ki, bu gün xaricdə investisiyalara çox böyük ehtiyac vardır. Siz də yaxşı bilirsiniz ki, bəzi Avropa ölkələrinin böhrandan çıxmaq üçün əsas siyasət istiqamətləri investisiyaları çoxaltmaqdır. Amma nəyin hesabına? Əgər daxili resurs yoxdursa, nəyin hesabına investisiyaları yönəltmək mümkündür? Ancaq xarici investisiyaların hesabına. Xarici investorların əksəriyyəti, - hər halda bizim təcrübəmiz onu göstərir, - Qərb ölkələridir. Orada indi böhran yaşanır. Ona görə investisiya imkanları olan ölkələrə indi çox böyük maraq vardır. Azərbaycan da o ölkələrdəndir. Ona görə hesab edirəm ki, bizim iqtisadi diplomatiyamız da çox fəal olmalıdır. Mən burada bir neçə istiqamət görürəm. İlk növbədə Azərbaycan investisiyalarını xarici ölkələrə yönəltmək. Əslində bu, bu gün siyasətimizin tərkib hissəsidir. Çünki iqtisadi qanunlar vardır. Biz bundan sonra ölkə iqtisadiyyatına kütləvi həcmdə investisiyalar qoya bilmərik. Çünki bu, inflyasiyanı sürətləndirə, digər xoşagəlməz proseslərə gətirib çıxara bilər. Biz investisiyanı tənzimləyici həcmdə qoyuruq. Maliyyə resurslarımız da vardır. Ona görə biz indi xarici bazarlara, - o ölkələrə ki, onlarla bizim yaxşı münasibətlərimiz vardır, - öz investisiyalarımızla çıxırıq. Bax, bu da çox önəmlidir.
Ona görə, hesab edirəm ki, burada İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Dövlət Neft Fondu, Xarici İşlər Nazirliyi birlikdə çalışmalıdırlar. Biz xaricə qoyulan investisiya portfelini, əlbəttə ki, təsdiq edirik. Azərbaycan şirkətlərini xarici bazarlara çıxarmaq üçün bizim səfirliklər çalışırlar. Keçən müşavirədə də mən qarşıya bu vəzifəni qoymuşam. Son vaxtlar xaricdə Azərbaycan şirkətlərinin sayı da, onların fəaliyyəti də artır.
Enerji diplomatiyamız - bu da əlbəttə ki, çox önəmli məsələdir. Çünki bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq mümkün deyildir. Azərbaycan enerji təhlükəsizliyini tam şəkildə təmin edib və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Son vaxtlar imzalanan sazişlər bizim imkanlarımızı böyük dərəcədə artıracaq və Azərbaycanı dünya üçün, Avropa üçün daha da önəmli ölkəyə çevirəcəkdir. “Şahdəniz-2”, TANAP, TAP layihələri Avropanın ən böyük infrastruktur layihələridir. Azərbaycan liderliyi öz üzərinə götürüb. Bu layihələrin icrası nəticəsində biz böyük bazara çıxış əldə edəcəyik. Avropa məkanı da yeni qaz mənbəyinə çıxış əldə edəcəkdir. Yeni qaz mənbəyi - ən önəmlisi budur, yeni marşrut yox, yeni qaz mənbəyi. Avropa üçün bu gün yeni qaz mənbəyi, sadəcə olaraq, Azərbaycandır. Başqa yeni mənbə yoxdur və yaxın zamanlarda olmayacaqdır.
Ona görə bu məsələ ilə bağlı, - eyni zamanda, bu layihələrin icrası zamanı onlarla, yüzlərlə xarici şirkət çalışacaq, - kontraktlar imzalanacaqdır. Artıq bir çox kontraktlar imzalanmışdır və bu kontraktlar o şirkətlər üçün böyük gəlir mənbəyidir. Burada da hesab edirəm ki, əlbəttə, bütün bu məsələlər açıq tender yolu ilə həll ediləcəkdir. Ancaq yenə də Azərbaycan bu layihələrin lideri, təşəbbüskarı kimi öz sözünü deyə bilər və deyəcəkdir. Burada da hesab edirəm ki, həm iqtisadi parametrlər, eyni zamanda, bizim ikitərəfli əlaqələr də nəzərə alınmalıdır. Ona görə biz bu layihələrin icrası nəticəsində bir neçə hədəfə çatacağıq. Əminəm ki, bu böyük layihələri vaxtında icra edəcəyik.
Bir daha demək istəyirəm ki, Azərbaycan prinsipial, ardıcıl xarici siyasət aparır. Müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaqdır. Azərbaycanın diplomatik korpusu uğurla fəaliyyət göstərir. Sizin fəaliyyətinizdən mən bütövlükdə razıyam. Əlbəttə ki, müxtəlif nöqsanlar, çatışmazlıqlar ola bilər. Ancaq bütövlükdə Azərbaycan diplomatiyası inkişaf dövrü yaşayır. Mən sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
/AzərTAc/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM