Yerevanda müxalif millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” hərəkatının Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsində yenidən hakimiyyət başına qayıtmasına qarşı kütləvi aksiyalar davam edir.
Paşinyan ölkədə “məxməri inqilab”ın başlandığını bəyan edib.
Etiraz aksiyaları “Addım at, yox de Serjə” şüarı altında keçir. Bu gün, hər cümə axşamı olduğu kimi, hökumətin iclası keçirilməli idi və bu, Serj Sarkisyanın baş nazir vəzifəsində ilk hökumət iclası olmalıydı.
Lakin etiraz iştirakçıları nazirləri iş yerlərinə buraxmamaq üçün hökumət binalarını əhatəyə alıb.
Daha əvvəl nazirlik binaları ətrafına çəkilmiş polis dəstələri aksiya iştirakçılarını yaxına buraxmadılar, fəalları həbs etdilər.
Polisin məlumatına görə, həbs olunan gənclərin sayı 122-yə çatır.
Daha sonra hökumət iclasının axşam saat 5-də keçiriləcəyi məlum oldu.
Bu vaxta nazirliklər azsaylı polis qüvvələri ilə mühasirəyə alınıb, etirazçılar yaxınlıqda gözə dəymir.
Nikol Paşinyanın təşəbbüsü ilə etirazçılar yerevanlıları axşam mitinqinə gəlmək çağırışları ilə şəhərdə məlumatlandırma yürüşü başladılar.
Onların rastına çıxan bir çox sürücü, etirazçıları siqnallarla qarşılayırdılar. Etirazçılar yürüşü sürücülərə ünvanlanan “Serjə qarşısan, siqnal ver” çağırışı ilə davam etdirirlər.//bbc