Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, onlardan biri 8.3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yolunudur.
Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilib. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilib, kənarlarına isə səki daşları düzülüb.
Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilib. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılıb.Hazırda yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılır. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt örtük salınır.
Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırlması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradır.
Sözügedən ərazidə müasir yol infrastrukturunun yaradılaraq vətəndaşların istifadəyə verilməsi iyul ayı ərzində nəzərdə tutulub.