İyunun 18-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının beşinci gününün ilk oyunu və “F” qrupunun ikinci görüşü keçirilib.
“Nijni Novqorod” stadionunda İsveç millisi Cənubi Koreya yığması ilə üz-üzə qəlib.
İsveç millisinin start heyətində Robin Ulsen, Makayel Lustiq, Andreas Qransvist, Ludviq Auqustinsson, Sebastyan Larsson, Albin Ekdal, Markus Berq, Emil Forsberq, Viktor Klasson, Pontus Yansson, Yula Toyvonen meydana çıxıblar.
Cənubi Koreya yığmasının ilk onbirliyində isə Co Xen U, Li Yen, Pak Cu Xo, Son Xın Min, Kim Sin Uk, Xvan Xi Cxan, Ku Dja Cxol, Ki Son Yen, Li Dje Son, Kim Yen Qvon və Cxan Xen Su yer alıblar.
Komandaların qarşılıqlı səylərinə baxmayaraq, ilk hissə qolsuz heç-heçə ilə başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində hücumların sayını daha da artıran İsveç yığması istəyinə nail olub. Oyunun 65-ci dəqiqəsində çempionatda ikinci dəfə olaraq videonəzarət sistemindən (VAR) istifadə edilib. Cənubi koreyalıların müdafiəçilərinin cərimə meydançasında isveçli Sebastyan Larssonun qarşısını alması ilə əlaqədar yaranan mübahisəli epizod VAR sistemi sayəsində qaydalardan kənar müdaxilə kimi qiymətləndirilib. Nəticədə referi Cənubu Koreya yığmasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Komandanın kapitanı Andreas Qransvist zərbəni dəqiq yerinə yetirərək hesabı açıb – 1:0. Qalan dəqiqələrdə hər iki yığmanın səylərinə baxmayaraq hesab dəyişməyib.
Beləliklə, İsveç yığması Cənubi Koreya millisi üzərində 1:0 hesablı çətin qələbə qazanaraq vacib 3 xalı aktivinə yaza bilib.
Xatirladaq ki, “F” qrupunun digər qarşılaşması iyunun 17-də keçirilib. Həmin görüşdə dördqat dünya çempionu Almaniya millisi Meksika yığmasına gözlənilmədən məğlub olub. Birinci turdan sonra “F” qrupuna hərəyə 3 xal toplayan Meksika və İsveç millisi başçılıq edirlər. Aktivlərində sıfır xal olan Cənubi Koreya və Almaniya millisi üçüncü və dördüncü yerləri bölüşürlər.
Qeyd edək ki, bu komandalar beynəlxalq turnirlərdə 1948-ci il Yay Olimpiya Oyunlarında üz-üzə gəliblər. Həmin görüşdə İsveç 12:0 hesabı ilə qələbə qazanıb. Son illərdə keçirilən üç yoldaşlıq görüşünün birində isveçlilər qalib gəlib, iki oyun heç-heçə yekunlaşıb.
Avropalılar 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi ediblər. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958), iki dəfə üçüncü yeri tutub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).
Bundan əvvəl 9 dəfə dünya çempionatlarında yer alan Cənubi Koreya yalnız bir dəfə qrupdan çıxa bilib. Cənubi koreyalılar 2002-ci ildə Yaponiya ilə birlikdə ev sahibliyi etdikləri dünya çempionatında yarımfinala qədər irəliləyiblər. Yarımfinalda Almaniya yığmasına məğlub olan ev sahibləri üçüncü yer uğrunda görüşdə Türkiyə millisinə uduzublar. Həmin oyunda Hakan Şükürün qapıdan keçirdiyi top (11-ci saniyə) dünya çempionatlarında vurulan ən erkən qol kimi tarixə düşüb.